Ermənilər bizim dili niyə öyrənirlər və ya biz erməni dilini öyrənməliyikmi?

11.11.2021

Bu yaxınlarda (oktyabr ayının ortalarında) “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndidən olan deputat Tural Gəncəliyev bildirdi ki, erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına töhfə vermək üçün Birlik tərəfindən erməni dili kursları təşkil ediləcək. 

Bu hadisədən heç bir ay keçməmiş Xankəndidə ilk Azərbaycanşünaslıq Mərkəzinin açılması ilə bağlı xəbər yayıldı. Erməni mediasına istinadla verilən xəbərdə qeyd edilirdi ki,  Karo Karapetyanın adına olan mərkəz lazımi texnika və avadanlıqla təmin edilib və Qarabağ Universitetinin binasında yerləşir. Azərbaycanşünaslıq Mərkəzi “Genesis Armenia” fondunun təşəbbüsü ilə yaradılıb. Təşəbbüs Karapetyanın xanımı və oğlu, o cümlədən fondun dəstəyi ilə ərsəyə gəlib. İlk mərhələdə burada Azərbaycan dili pulsuz öyrədiləcək. Layihənin hədəfi kimi isə Azərbaycan dilində danışmağı bacaran, “milli və dövləti maraqları” qoruyan kadrlar hazırlamaqdır. Xəbərdə o da qeyd edilib ki, mərkəzdə hazırlanan kadrlar Azərbaycana qarşı informasiya savaşında iştirak edəcəklər [5].

Belə bir məsəl var: “İşi bilənlər görür, az bilənlər tənqid edir, heç bilməyənlər isə qaralayır”. Bu iki hadisəni qeyd etməkdə məqsədimiz odur ki, bu mövzuya xüsusilə Vətən müharibəsindən keçən bir illik zamanın da verdiyi dərslərdən nəticə çıxararaq emosiyalara qapılaraq birtərəfli mövqedən deyil, daha geniş rakursdan baxmalıyıq. Məsələ ondadır ki, Ermənistanda Azərbaycan dilini bilənlərin kifayət qədər olduğu məlumdur. Söhbət təkcə Qarabağ ermənilərindən getmir, Azərbaycan dilinin Ermənistanda öyrənilməsindən gedir. Lakin Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan torpağında - Xankəndidə Azərbaycanşünaslıq Mərkəzinin açılması və bu mərkəzdə “milli və dövləti maraqları”nı qoruyan kadrların hazırlanacağı və Azərbaycana qarşı informasiya müharibəsində istifadə olunacağı barədə məlumatın qeyd olunması ermənilərin hələ də öz düşmən xislətlərini davam etdirdiklərini göstərir.

Qayıdaq öz sualımıza: Bəs bizə erməni dilini öyrənmək lazımdırmı?

Bu sualın cavabına yuxarıda qeyd olunun fikrin “az bilənlər” və “heç bilməyənlər” rakursundan yanaşmaq düzgün deyil. Çünki söhbət heç də erməni dilinin ölkə ərazisində kütləvi şəkildə tədrisindən getmir. Əsla! Lakin Azərbaycan dövlətinin, dövlətçiliyinin, milli və təhlükəsizlik maraqlarımızın, ərazi bütövlüyümüzün qorunması, ermənilərin media və sosial şəbəkələr üzərindən yürütdükləri bütün provakasiyaların, yalanların və təbliğatların qarşısının alınması üçün görüləcək bütün işlərdə yüksək ixtisaslı və erməni dilini mükəmməl bilən kadrlara ehtiyacımız var.

Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda yeni reallıqlar yaranıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu reallıqları Azərbaycan özü yaradıb. Bu reallıq, heç şübhəsiz, Azərbaycan dilinin də bu coğrafiyada əvvəlki dominantlığının bərpa olunmasını, funksionallığının artırılmasını zəruri edir.

Tarixi qeyd:

14 dekabr 1825-ci ildə Rusiya imperiyasının paytaxtı Peterburqda baş vermiş dövlət çevrilişində - dekabristlər üsyanında iştirak etmiş və  çar rejimi tərəfindən həbs edilərək Qafqaza sürgün edilmiş, uzun müddət Dərbənddə “İsgəndər bəy” adı ilə şöhrət tapmış məşhur rus yazıçı, tərcüməçi Aleksandr Bestujev-Marlinski də etiraf edirdi ki, Avropada fransız dili kimi, Asiyada da Azərbaycan dilini bilməklə, oranı başdan-başa gəzmək olar". Bu o vaxtlar idi ki, Azərbaycan türkcəsi bütün Qafqazı, o cümlədən Asiyanın bir çox regionlarını ecazkarlığı ilə öz cazibəsində saxlaya bilmişdi...

Azərbaycan türkcəsinin xüsusilə erməni dili üzərində böyük təsirinin olduğu nəinki yerli tədqiqatçılar, hətta erməni alimləri tərəfindən də dönə-dönə qeyd edilmişdir.

Erməni dilinə Azərbaycan türkcəsindən çoxsaylı sözlərin keçməsi ilə bu dilin xeyli zənginləşməsini Qərb ermənişünasları da qeyd ediblər. Erməni türkoloq Hraçya Acaryan  özünün 1902-ci ildə yazdığı və nəşr etdirdiyi “ Türk dilindən erməni dilinə keçən kəlmələr” kitabında türk dilindən erməni dilinə keçən 4000-ə qədər sözdən bəhs edib. 

Xüsusilə bu təsir özünü XVII əsrdən başlayaraq XX əsrin ortalarınadək dilin bütün yaruslarına, həmçinin şifahi xalq yaradıcılığına göstərmişdir: “Bütövlükdə XVII əsrdən XX əsrin ortalarınadək Anadoluda və Cənubi Qafqazda türk dilinin Anadolu və Azərbaycan ağzı ilə oxuyan 400-ə yaxın erməni aşağı müəyyən edilmişdir. Maraqlı cəhətlərdən biri isə həmin aşıqların dini-etnik mənsubiyyətidir. Onların arasında müsəlman və xristian ermənilərlə yanaşı, bu sənəti erməni etnik mədəniyyətinə gətirən və onu bu xalqa da sevdirən xristian (qriqorian) türklər də vardır” [6]. Erməni dilində şifahi xalq yaradıcılığı nümunələri yaradanlara “qusan” (“ozan” sözünün təhrif olunmuş formasıdır) deyilirdi. Lakin təkcə Cənubi Qafqazda deyil, Anadoluda, Qara dəniz bölgəsində də türkcə söz qoşan, dastanlar deyən erməni saz ustaları özlərini heç də “ozan” və ya “qusan” deyil, Azərbaycan türklərinə xas olan tərzdə “aşıq” və ya “aşuq” adlandırıblar. 

Əslən Qarsdan olan erməni publisisti və ədəbiyyatşünası Arşalüs Arşaruni (Çinaryan) türk dilinin, türk xalqlarının aşıq sənətinin erməni mədəniyyətinə təsiri haqqında yazırdı: “Azərbaycan dili erməni aşıqları və erməni xalqı üçün demək olar ki, doğma dil olmuşdur. Əks təqdirdə onlar tamaşaçıların rəğbətini qazana bilməzdilər və onların dili dinləyicilər üçün anlaşılmaz olardı. Erməni aşıqlarının Azərbaycan, erməni və hətta gürcü dillərində uğurlu şeir yazmaları haqqında danışmaq yersiz olardı. Erməni xalqı daima Azərbaycan folklorundan və Azərbaycan xalqının klassik ədəbi irsindən uğurla istifadə etmişdir, erməni xalqı bu ədəbiyyata və folklora həmişə məhəbbətlə yanaşmışdır” [8].

XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış erməni yazıçısı və pedaqoqu Qazaros Acayan isə bildirirdi: “Erməni xalqı və onun aşıqları türkcə danışmaqda heç bir çətinlik çəkmirlər, bu dil ermənilər üçün doğma kimidir... ona görə də biz türkcə oxuyuruq” [12]. Şair, publisist və filosof Mikael Nalbandyan isə “erməni aşıq sənətinin etnik mənsubiyyətinə” münasibət bildirərkən bunları vurğulamışdı: “Erməni aşıqlarını yalnız erməni ailələrində doğulduqlarına görə erməni hesab etmək olar... onlar hər zaman Azərbaycan ustadlarının yaradıcılığına söykəniblər… istifadə etdikləri musiqi alətləri – saz, səntur, kaman və ya kamança, bağlama türklərə məxsusdur”. 1872-ci ildə Gümrü şəhərində erməni aşığı Civaninin ailəsində dünyaya göz açmış sənətşünas alim, professor  Qaregin Levonyan açıq şəkildə etiraf etmişdir ki: “Erməni aşıqlarının həm özlərinə götürdükləri adların, həm də onların şeir və mahnılarının adlarının hamısı Azərbaycan dilindədir” [15].

Tədqiqatçılar qeyd edirlər ki, hazırda erməni folklorşünasların aşıq sənətinə həsr olunmuş əksər materiallarında onun “Ermənistanda, İranda, Gürcüstanda və bütün Yaxın Şərqdə geniş yayıldığı” bildirilir, lakin həqiqi vətəni olan Azərbaycanın və Türkiyənin adı çəkilmir [16]. XVIII əsrdə yaşamış ustad aşıq Sayat Nova bir vaxtlar “Azərbaycan türkləri və ermənilərin əzəli dostluğunun parlaq nümunəsi” kimi təqdim edilsə də, indi həm onun etnik kimliyi, həm də aşıq sənəti ermənilərin siyasi möhtəkirlik obyektinə çevrilmişdir [6].

Azərbaycan dilinin XVII-XX əsrlərdə geniş funksionallığa malik olması, erməni dilinə, mədəniyyətinə təsiri haqqında ermənilərin özlərinin bu cür etiraflarının sayını artırmaq da olar. Lakin onların tarixən də, bu gün dilimizi öyrənmələrinin əsas məqsədi təkcə dilimizin funksional imkanlarının genişliyi, ecazkarlığı deyil,  daha çox öz məkrli niyyətlərini həyata keçirməkdən irəli gəlir. Biz bunu həm Birinci, həm də İkinci Qarabağ müharibəsində müşahidə etdik. Xüsusilə informasiya müharibəsində əks tərəfin dilini bilmək bir sıra üstünlüklər qazandırır. Bəs bizdə erməni dilinin öyrənilməsi, ümumiyyətlə, ermənişünaslığın vəziyyəti hansı səviyyədədir? Əvvəlcə qonşu ölkələrə nəzər salaq.

Qonşu ölkələrdə ermənişünaslığın vəziyyəti

Dünyada, o cümlədən qonşu ölkələrdə xeyli sayda ermənişünaslıq mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər təsisçilərinin mənsubiyyətinə və mövcud olduqları ölkələrin siyasətlərinə görə fərqli siyasətlər ortaya qoyurlar. Bundan başqa, Türkiyədə, Rusiyada, Ukraynada və Gürcüstanda aparılan erməni araşdırmaları həm maliyyə qaynaqlarının istifadəsi, həm mövzu, həm də proqram seçimlərinə görə Avropa və ABŞ-dakılardan fərqlənir [4]. Onu da əlavə edək ki, Türkiyə, Rusiya və Gürcüstanda ermənişünaslıq mərkəzlərinin fəaliyyəti, o cümlədən erməni dilinin tədrisi son bir əsrdə daha da intensivləşib.

Türkiyədə ermənişünaslıq mərkəzlərinin yaranmasının iki əsrdən çox tarixi var. Ermənilərin yaratdıqları (məsələn, Hrant Dink Vəqfi, Bolis Erməni Araşdırmaları İnstitutu) mərkəzlərdən fərqli olaraq, Türkiyədə müxtəlif universitetlərin nəzdində və ya müstəqil fəaliyyyət göstərən bu cür mərkəzlər kifayət qədər təcrübəyə malikdir. Məsələn, 2001-ci illərdə Avrasiya Strateji Araşdırmalar Mərkəzinin nəzdində Erməni Araşdırmaları İnstitutu fəaliyyətə başlayıb. Bu mərkəz fəaliyyət istiqamətlərinə uyğun olaraq “Erməni araşdırmaları” jurnalını nəşr edir. Bu jurnal elmi araşdırma platforması olaraq, Ermənistan siyasəti, mədəniyyəti, dini və tarixi ilə əlaqədar tədqiqatları dərc etdirməklə yanaşı, siyasi həyatın gündəlik izlənilməsini də təmin edir, Ermənistan və erməni diasporunun fəaliyyətini daima diqqətdə saxlayır. Bu cür mərkəzlərin sayı Türkiyədə onlarladır.

Müqayisə üçün digər bir misal: Tbilisi Universitetində armenistika kafedrası (rəhbəri L.M.Meliksetbek) 1922-ci ildə açılıb. 1960-cı ildə yaradılmış Gürcüstan EA Şərqşünaslıq İnstitutunun fəaliyyətində də ermənişünaslıq əsas istiqamətlərdən idi [3].

Rusiyada ermənişünaslığın institutlaşması daha geniş yayılıb. Burada xüsusilə universitetlərin çətiri altında erməni tarixi və mədəniyyəti ilə bağlı bir çox mərkəz, proqram və kurslar fəaliyyət göstərir. Sankt-Peterburq və Moskva Dövlət universitetlərinə bağlı Asiya və Afrika Araşdırmaları mərkəzlərində erməni dili dərsləri keçirilir. Erməni araşdırmaları birbaşa Şərq Əlyazmaları İnstitutunda, Rusiya Elmlər Akademiyasında, Ural Federal Universitetində və Nijni Novqorod Universitetində şöbə və proqramlarla təmsil olunur. Bundan əlavə, Moskvadakı Erməni Pravoslav Kilsəsi Mərkəzi erməni dili, mədəniyyəti və tarixi sahələrində təhsil verir və kitabxana imkanlarına malikdir. Baş ofisi Nijni Novqorodda olan Erməni Birliyi, xüsusilə erməni dili və tarixi sahəsində maarifləndirici işlər həyata keçirir və s. [11].

Ermənistanda Azərbaycan dilinin tədrisi

Ermənistanda Azərbaycan dilinin tədrisi sovet dövrünə təsadüf edir. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi qeyd edir ki, “Ermənilərin ikinci ana dili uzun müddət türk dili olub. Sonralar onlar rus və başqa dillərə maraq göstərdilər, amma yüz il əvvəl əsas məqsədləri Azərbaycan dilini öyrənmək olub. Bu gün də onlarda Azərbaycan dili mərkəzlərinə maraq güclənib, bu, 44 günlük müharibədən sonra özünü daha güclü şəkildə göstərdi...” [1]. “1988-ci illərdə bəzi hadisələrdə erməninin dilini bilmədiyimiz üçün bizə qalib gəldilər. Bu hadisələrdən biri də Daşaltı əməliyyatıdır. Əgər həmin əməliyyatda uduzmasaydıq, səhəri gün Şuşanı itirməzdik. Şuşa həm də ona görə əldən getdi ki, biz erməni dilini bilmirdik. Erməninin Azərbaycan dilində bilən bir qrup dəstəsi radiasiya vasitəsilə içimizə daxil olub, bizi dinləməyə başlamışdı. Hazırkı vəziyyətdə erməni dilini bilməyimiz çox vacibdir. İstənilən müharibədə düşmənin dilini bilmədən ona qalib gəlmək mümkün deyil, bu, tarixi faktdır”.

Ermənistan hakimiyyəti, müvafiq dövlət strukturları Azərbaycan dilinin erməni vətəndaşlarına öyrədilməsində həmişə maraqlı olub. Əlbəttə, burada xoş niyyət axtarmaq düzgün olmaz. Çünki zaman da göstərdi ki, düşmənin bizim dilimizi öyrənməsinin arxasında müxtəlif məqsədlər dayanır. İrəvan Dövlət Universitetində Türk Araşdırmaları Bölməsi 1991-ci ildə yaradılıb. 2010-cu ildə isə türk (Osmanlı), Azərbaycan, qazax və digər türk xalqlarının ədəbiyyatını, mədəniyyətini və tarixini özündə birləşdirən Türkşünaslıq bölməsinə çevrilib [14].

2012 -ci ildə Ermənistanda ilk dəfə olaraq “Azərbaycan dili” dərsliyi nəşr olunub. Nəşr etmək təşəbbüsü İrəvan Dövlət Universitetinin Türk Araşdırmaları Bölməsinə aiddir. Universitetinin elmi şurası onu akademik səviyyədə təsdiqləyib. Bu gün bu dərsliyə böyük tələbat var, çünki Azərbaycan dilini öyrənmək istəyi hər gün artır. Azərbaycan dilini öyrənməyə maraq xüsusilə 2016-cı ildəki dörd günlük Aprel döyüşləri və 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra məqsədli şəkildə artıb.

Bundan başqa, İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində 2008-ci ildən Azərbaycan dili kursları açılıb. Başlanğıcda Azərbaycan dili Türkşünaslıq Bölməsində ikinci dil olaraq tədris edilirdi, son illər Azərbaycanşünaslıq proqramı çərçivəsində tətbiq edilir.

İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekan müavini Ruben Melkonyan qeyd edib ki: “Azərbaycanşünaslıq proqramı ilə maraqlananların sayı çoxdur. Bu proqramı Müdafiə Nazirliyi ilə birlikdə həyata keçirilir. Əvvəllər hətta müvafiq dərsliklər az olsa da, son beş ildə sırf təhsil xarakterli ixtisaslaşdırılmış dərsliklər meydana çıxıb. Kurs Azərbaycandakı milli azlıqların vəziyyətini öyrənməyi, onlara qarşı hansı siyasətin aparıldığını və ölkə daxilindəki vəziyyəti başa düşməyi əhatə edir ” [14].

Ölkəmizdə ermənişünaslığın vəziyyətinə hibrid (asimmetrik) müharibə kontekstindən baxış

Məlumdur ki, Azərbaycan 44 günlük Vətən müraribəsində əsasən hərbi əməliyyatlar taktikasından istifadə etsə də, hibrid (asimmetrik) müharibənin bütün formalarını məharətlə tətbiq etdi. Bu taktika və strategiyalardan hibrid müharibəsində ən önəm daşıyanı psixoloji təsir komponenti ilə gücləndirilən informasiya əməliyyatlarıdır. Başqa sözlə, II Qarabağ müharibəsinın hibrid xarakteri öz­lüyündə informasiya cəbhəsini də açdı. Həmin dövrdə bilavasitə Ali Baş Komandanın iştirakı ilə informasiya mühari­bəsinin əsas alətlərindən biri kimi seçilən bey­nəlxalq “aqressiv media” əsaslandırılmış fakt­larla neytrallaşdırıldı. Nəticə etibarilə düşmənin “böyük yalan sənəti”nə əsaslanan, xüsusilə sosial şəbəkələr üzərindən edilən kiberhücumları, informasiya əməliyyatları ciddi uğursuzluqlara düçar oldu. Sosial Tədqiqatlar Mərkəzinin 2020-ci ilin noyabr-dekabr aylarında ictimai rəy sorğusu əsasında hazırladığı “Vətən müharibəsi dövründə Ali Baş Komandanın fəaliyyəti ictimai rəydə” analitik hesabatında da əks olunduğu kimi,  respondentlərin əhəmiyyətli hissəsi (78.6%-i çox yaxşı və 16.8%-i qismən yaxşı olmaqla) əvvəlki dövrlərlə müqayisədə müharibə dövründə ölkəmizin beynəlxalq infor­masiya məkanındakı mövqeyini müsbət qiymət­ləndirmişdi. Respondentlərin 87.7%-i beynəlxalq infor­masiya məkanında mövqeyimizin güclü olma­sını Ali Baş Komandanın beynəlxalq media mənsublarına verdiyi intensiv müsahibələrdə müharibə və sülhü çərçivələmək bacarığı ilə əlaqələndirmişdi [10].

Atatürkün gözəl bir sözü var: “Müharibə aparan ölkələrdə  təkcə ordular döyüşmür, dil, mədəniyyət, iqtisadiyyat da döyüşür” [7]. Zəfərdən keçən bir illik zaman göstərir ki, informasiya əməliyyatları hibrid müharibənin bütün dövrlərində aktualdır. Postmüharibə dövründə Ermənistanın qeyri-müəyyən cəhdləri onu göstərir ki, 10 noyabr razılaşmasının bəzi müddəalarından yayınmaqla sülh müqaviləsini imzalamaq istəmir, ATƏT-in fəaliyyətini “diriltməyə” çalışmaqla Qarabağda yaşayan ermənilərə xüsusi status əldə etməyə çalışır. Bütün bunlar informasiya müharibəsinin xüsusilə siyasi-diplomatik sferada davam etdiyini göstərir.

Düşmənə qalib gəlməyin ən təsirli vasitələrindən biri də onu  öz silahı ilə məğlub etməkdir. Yəni burada əsas məqsəd onun dilini, tarixini, mədəniyyətini, ideologiyasını, identikliyini araşdırmaq və öyrənmək, həmçinin düşmən ölkənin dilində danışan mütəxəssislərə sahib olmaq, bu istiqamətdə strateji hədəfləri müəyyən etməkdir.

Bu baxımdan ermənilərin məkrli dövlət siyasətinin qarşısını almaq və tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq üçün Azərbaycanda ermənişünaslıq sahəsinin öyərənilməsi aktual bir məsələ kimi qarşıya çıxır. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda bu istiqamətdə fraqmentar addımlar atılsa da, bu sahədə boşluqlar, sistemsizlik müşahidə edilir. Ölkəmizdə ermənişünaslığın institutlaşması son illərə qədər diqqətdən kənarda qalmışdır.

Azərbaycanda ermənişünaslığın və erməni dilinin öyrənilməsinin vəziyyəti

Azərbaycan üçün olduqca strateji əhəmiyyət daşıyan ermənişünaslıq sahəsinin ölkəmizdə tədqiqi olduqca gəncdir və belə demək mümkündürsə, XX əsrin 80-ci illərindən bu sahə az-çox dərəcədə öyrənilməyə başlanılmışdır. Azərbaycan üçün nəinki elmi-idraki, hətta strateji əhəmiyyət kəsb edən bu problem indiyədək sistemli şəkildə xüsusi araşdırılmamış, müzakirə edilməmiş - bir sözlə, lazımi diqqətdən kənarda qalmışdır. Buna müvafiq olaraq, Azərbaycan ermənişünaslığı sahəsində qeyri-qənaətbəxş vəziyyət yaranmışdır.

Tədqiqatçılar bu qənaətdədirlər ki, ermənişünaslıq ümumi şəkildə ermənilərin tarixi, dili, folkloru, ədəbiyyatı, maddi və mənəvi mədəniyyəti haqqında elmlərin məcmusudur. Aparılan araşdırmalar göstərir ki, hər hansı konkret ölkədə (Rusiya, Fransa, ABŞ, Almaniya və b.) ermənişünaslıq ümumi cəhətləri ilə birgə, müəyyən spesifikaya malik olur. Lakin Azərbaycanda ermənişünaslıq sahəsinin tədqiqi bir qədər fərqli xüsusiyyətlər kəsb edir. Belə ki, bu gün Ermənistan adlandırılan torpaqların böyük bir hissəsinin tarixi Azərbaycan torpaqları olması, həmin torpaqlarda yaşayan Azərbaycan türklərinin taleyi, Azərbaycanın Qarabağ bölgəsində albanların deetnizasiyası, ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi, onların azərbaycanlılara qarşı soyqırımı siyasəti, Ermənistanda ideoloji məsələlər, erməni kilsəsinin fəaliyyəti və s. Azərbaycanda ermənişünaslığın hüdudlarını genişləndirir [3].

Azərbaycanda erməni dili üzrə mütəxəssislər 2008-ci ildən Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsində ("Ermənişünaslıq'' elmi-tədqiqat laboratoriyasında) və 2010-cu ildən Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq fakültəsində hazırlanır. 2016-cı ildə BDU-nun Qafqaz xalqları kafedrasının nəzdində ermənişünaslıq ixtisası üzər magistratura da açılıb.

2015-ci ilin sentyabr ayında Strateji Araşdırmalar Mərkəzinin sifarişi ilə müəllifi siyasi elmlər doktoru Hatəm Cabbarlı olan "Erməni dili" dərsliyi nəşr olunub [13].

29 aprel 2015-ci il tarixində AMEA-nın ümumi yığıncağının qərarına (№1/16) əsasən yaradılmış Qafqazşünaslıq İnstitutunda Ermənişünaslıq şöbəsi fəaliyyət göstərir. İnstitutun internet səhifəsində yerləşdirilmiş məlumatdan aydın olur ki, şöbənin tərkibi 4 nəfərdən ibarətdir (şöbə müdiri, 2 kiçik elmi işçi və böyük mütəxəssis). Bu şöbənin bu illər ərzindəki ən böyük nailiyyəti  “Ermənistan: daxili sosial-iqtisadi və siyasi şərait” və “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti (XIX əsr – XXI əsrin əvvəlləri)” adlı kollektiv tərəfindən yazılmış kitablardır. Birinci kitabda müxtəlif mənbələrdən istifadə edilərək Ermənistanın coğrafiyası və inzibati-ərazi quruluşu, daxili sosial-iqtisadi və siyasi şəraiti, siyasi sistemi, ordu və güc strukturları, demoqrafik vəziyyəti, təhsil və kütləvi informasiya vasitələri araşdırılmışdır [17]. 12 fəsildən ibarət olan ikici kitabda Gürcüstana ermənilərin məqsədyönlü şəkildə köçürülməsi, yarandığı dövrdən XXI əsrin əvvəllərinədək erməni təşkilatlarının fəaliyyətləri, onların Gürcüstan ərazisindəki tarixi, maddi-mədəni abidələri mənimsəmək, ərazi iddiaları cəhdləri  və b. məsələlər müxtəlif ölkələrin arxiv mənbələri, fakt və materialları əsasında tədqiq edilib. 

Bundan başqa, bu yaxınlarda Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Erməni Araşdırmaları və Təlim Mərkəzi” yaradılıb. BDU rektorunun əmri ilə Mərkəzə erməni dilini bilən İsmayıl Tanrıverdi direktor təyin edilib. Yeni yaradılan mərkəz birbaşa BDU rektorunun tabeliyində olan müstəqil bir qurumdur [1].

Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 24 noyabr 2017-ci il tarixli iclasının 155№-li Qərarı və UNEC rektorunun 296/3/2018 №-li əmrinə əsasən Ermənistan İqtisadiyyatının Araşdırılması Tədqiqat Mərkəzi yaradılıb [2]. Universitetin internet səhifəsində yerləşdirilmiş məlumatdan aydın olur ki, UNEC rektorunun 699/3/2019 №-li  əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Qələndər oğlu Mehdiyevə həvalə edilib. Mərkəzin digər əməkdaşları Tariyel Əkbər oğlu Babayev və Hatəm Qulu oğlu Cabbarlıdır.

AMEA Tarix İnstitutunda ayrıca ermənişünaslıq mərkəzi və ya şöbəsi yoxdur. Qarabağ tarixi, Azərbaycan xalqına qarşı soyqırımları tarixi, Qafqaz tarixi və başqa şöbələr fəaliyyət göstərir.

Bundan başqa, Azərbaycanda ermənidilli saytlar da mövcuddur: 1905.az, Armenia.az və Karabakhinfo.com və  s.

CBC kanalında, radioefirdə və http://cbc.az/arm/ saytında erməni dilində gündəlik xəbərlər yayımlanır.

Ümumiyyətlə, mütəxəssislər bu qənaətdədirlər ki, Azərbaycan ermənişünaslığının elmi tarixinin araşdırılması və elmi-metrik xarakteristikası aşağıdakı vəzifələrin irəli sürülməsini zəruri edir: 

  • Azərbaycan ermənişünaslığının müəyyən edilmiş anlayışına uyğun gələn əsərlərin biblioqrafiyasının hazırlanması;
  • həmin əsərlərin xronologiya üzrə say dinamikası (informasiya axını);
  • institutlaşması (tədqiqat mərkəzlərinin formalaşması);
  • əsas tədqiqat istiqamətləri və müvafiq əsərlərin təhlili;
  • dünya ermənişünaslığında Azərbaycan ermənişünaslığına istinad vəziyyəti və ya sitatçəkmə indeksi (citation index) [9].

Beləliklə, qarşıya qoyulan vəzifələr üzrə aparılan araşdırmalardan aydın olur ki, sözün əsl mənasında Azərbaycanda ermənişünaslığın bir institut kimi formalaşmasından danışmaq mümkün deyildir. Ermənistanın həyatın bütün sahələrində dövlətimizə qarşı düşmənçilik siyasəti həyata keçirdiyi bir dövrdə Azərbaycan ermənişünaslığının belə bir vəziyyəti qənaətbəxş hesab oluna bilməz və bu istiqamətdə köklü dəyişikliklərin edilməsi zəruridir. Ermənişünaslıq yalnız erməni dilinin bəzi ali məktəblərdə (BDU, ADU) tədrisi deyil. Yaxud 5-6 işçisi olan bir şöbə (AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsi) ilə bu dövlət əhəmiyyətli srtateji sahənin yüksək səviyyədə araşdırılması mümkün deyil. Bütün zəruri tələbləri nəzərə alaraq Azərbaycanda ermənişünaslığın modeli hazırlanmalıdır. Bundan başqa, bu dili öyrənən tələbələrin, müdavimlərin gələcəkdə perspektivləri də nəzərə alınmalıdır.

Sözardı...

Vətən müharibəsindən sonra işğaldan azad olunan Kəlbəcər və Laçına səfər edən Prezident İlham Əliyev bir daha vurğuladı ki, indiki Ermənistan ərazisində yerləşən bütün qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə  çağırılmalıdır: “Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri”. Zamanla əzəli torpaqlarımız olan İrəvana, Zəngəzura, Göyçə mahalına, Qarabağa minbir hiylə ilə, zorla yiyələnən ermənilər özlərinə saxta tarix uydurmaq üçün ilk növbədə qədim toponimlərimizə qənim kəsiliblər. Yer adlarımızı dəyişdirib uydurma erməni adları quraşdırıblar, bəzən isə riyakarcasına türk dilində mövcud olan yer adlarını ermənicəyə çeviriblər. Ermənilərin yurd yerlərimizə verdikləri saxta adlar hafizələrdən, kitablardan, xəritələrdən, tarixdən birdəfəlik silinməlidir. Çünki bu yurd yerlərinin hər birindən türk qoxusu gəlir.

Bu yaxınlarda Prezident İlham Əliyevin tövsiyəsi əsasında “Həqiqətin onomastikası. İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması” kitabı hazırlanaraq çap edilib. Bu kitab erməni vandalizminin və saxtakarlığının ən bariz nümunələrindən birinə  - indiki Ermənistan ərazisində tarixən yaşamış Azərbaycan türklərinin izlərini silmək üçün onlara məxsus 1600-dən çox toponimin kütləvi şəkildə dəyişdirilməsinə və saxtalaşdırılmasına, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə Yer üzündən tamamilə silinməsinə həsr olunub. Bu seriyadan digər bir nəşr isə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazılanaraq çapa təqdim edilib. Erməni dilini bilmək, bu dili bilən mütəxəssislərə malik olmaq həm tarixi mənbələrə əsaslanıb bu cür tədqiqatlar ərsəyə gətirmək, sosial şəbəkələr üzərindən erməni təbliğatına tutarlı faktlarla cavab vermək, həm də hərbi-siyasi məqsədlər üçün vacibdir.

Bu gün ordumuzun işğaldan azad etdiyi şəhərlərimizə, qəsəbələrimizə, kəndlərimizə öz həqiqi adları qaytarılır. Ordumuz və bayrağımızla yanaşı dilimizlə də bu ərazilərə qayıdırıq. Dilimizin Cənubi Qafqaz coğrafiyasındakı əvvəlki funksionallığı və nüfuzu da geri qaytarılmalıdır. Yolumuz Xankəndiyə, Zəngəzura və İrəvanadır. Prezident İlham Əliyevin dediyi kimi: Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub”.


Ədəbiyyat:

  1. BDU-nun “Erməni araşdırmaları və təlim mərkəzi” nə iş görəcək? Ermənişünaslıq mərkəzi də var axı... -  https://www.baki-xeber.com/siyaset/127134.html
  2. Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi. https://unec.edu.az/education/unec-elmi-tedqiqat-merkezleri/ermenistan-iqtisadiyyatinin-arasdirma-merkezi/
  3. Əmrahov Z. Azərbaycanda ermənişünaslıq sahəsinin tədqiqinə dair: reallıqlar, perspektivlər. /20.09.2017/ - http://newtimes.az/az/experts

    Aqşin Məmmədov

    Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura  təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.