Pandemiya ilə birlikdə sosial rifah rejimlərinin sosial müdafiə siyasəti yenidən aktuallaşmışdır. Fərqli sosial rifah sistemlərinə malik olan ölkələr qlobal epidemiya prosesində həssas qruplar başda olmaqla öz vətəndaşlarını iqtisadi və sosial cəhətdən qorumaq istiqamətində müvafiq siyasət həyata keçirirlər. Bu proseslə birlikdə sosial təminat sistemindən başlayaraq məşğulluğa qədər bir çox sahədə sosial rifah dövlətlərinin davamlılığı yenidən müzakirə mövzusuna çevrilmişdir.
Bazarın qloballaşması ilə birlikdə milli dövlətin avtonomluğu da məhdudlaşmağa başlayır. İqtisadiyyat beynəlmiləlləşsə də, siyasət və ictimai quruluş milli səviyyədə qalır. Bu vəziyyət iqtisadiyyatın ön plana çıxmasına, sosial müdafiənin isə arxa plana keçməsinə səbəb olur. Kapital dövriyyələr və iqtisadi böhranlar nəticəsində yaranan bu durğunluq qlobal şəkil alır, lakin digər tərəfdən ölkələrin özünəxas vəziyyət olmaqla regional səviyyədə qalır. Qloballaşmanın sosial rifah dövlətlərinə təsiri ölkədən ölkəyə, bir sosial rifah rejimindən digərinə görə dəyişir. Buna görə də qloballaşma nəticəsində bəzi ölkələrdə sosial rifah dövləti zəiflədiyi halda, bəzi ölkələrdə yeni sosial rifah rejimləri yaranır. Bu dəyişikliyə səbəb olan digər amil pandemiya/qlobal epidemiyalardır.
Sosial rifah dövləti konseptual olaraq qərb cəmiyyətlərində yaranmış və inkişaf etmiş bir sistemdir. Bu sistem sosial, iqtisadi və ideoloji strukturlarla sıx bağlıdır. Buna görə də sosial rifah dövlətini başa düşmək üçün kapitalist cəmiyyətlərindəki iqtisadi, sosial və siyasi dəyişiklikləri nəzərə almaq lazım gəlir.
Bu kontekstdə sosial rifah dövlətinin bu günkü vəziyyətini başa düşmək üçün onun dönüş nöqtələrinin araşdırılmasına ehtiyac var. Belə ki, neft böhranının başlamasından indiyə qədər İİƏT-nin varlı ölkələrində real ÜDM 45% olmaqla əhəmiyyətli miqdarda artmışdır. Eynilə, sosial xərclərdə də sürətli artım olmuşdur. Lakin bu artım 1980-ci illərə qədər davam etmişdir. Dövlət xərclərinin artması və büdcə ilə bağlı çətinliklər səbəbindən sosial rifah dövlətinin böhranlı vəziyyətdə olduğu iddia edilmişdir. 1980-ci ildən sonrakı neoliberal siyasətlərlə işsizlik, yoxsulluq və aşağı əməkhaqqı kimi problemlər artmışdır. Texnologiyanın sürətli inkişafı istehsal münasibətlərinin sosial və qlobal müstəvidə dəyişməsinə səbəb olmuş, eyni zamanda məşğulluq və işsizlik problemlərinin artmasına gətirib çıxarmışdır. 1980-ci illərdən sonra qloballaşma faktı kommunikasiya, texnologiya və nəqliyyat sahəsində baş verən proseslərlə birlikdə kapitalın hərəkətliliyinin də dəstəyi ilə siyasi sahədə əhəmiyyətli.dəyişikliklərə səbəb olmuşdur. Bu proses milli dövlətin dəyişmə və transformasiyasını da sürətləndirmişdir.
2019-cu ilin sonunda bütün dünyaya təsir edən pandemiya ilə əlaqədar görülən tədbirlər qlobal miqyasda iqtisadi fəaliyyətin ləngiməsinə səbəb olmuşdur. Ölkələr ayrı-ayrılıqda həll təklifləri işləyib hazırlamaqla yanaşı, özünü təmin etmə imkanlarını nəzərdən keçirmək və sosial müdafiə siyasətlərinə yenidən baxmaq məsələsində müəyyən fərqindəlik formalaşdırmışlar. Pandemiya ilə birlikdə dəyişən sosial təminat sistemi əhalinin qocalması, məşğulluq, sosial yardım və səhiyyə sistemi məsələlərində sosial rifah dövlətlərinin davamlılığı mövzusunu yenidən gündəliyə gətirmişdir. Bu vəziyyətə sosial rifah rejimləri nöqteyi-nəzərindən münasibət bildirilməsi, ölkələrin siyasətləri arasındakı fərqlərin sosial rifah sistemi ilə əlaqədar qiymətləndirilməsi və pandemiyadan sonrakı dövrdə sosial müdafiə siyasətlərinə baxılması zərurəti yaranmışdır.
Pandemiya, qlobal miqyasda dünya əhalisinin sağlamlığı problemi kimi qarşıya çıxır. Bu problemlə yanaşı, iqtisadi və sosial problemlər də ölkələrin mübarizə aparmalı olduğu problemlər sırasındadır. Planlı və həll yönümlü sosial müdafiə siyasətləri epidemiyanın idarə olunmasında çox mühüm yer tutur. Məzmunu və asılı olduğu əsas faktorlar arasında uzlaşmanın təmin edilə bilmədiyi sosial müdafiə anlayışı beynəlxalq təşkilatlar tərəfindən əsasən artan iqtisadi böhranlar və məhrumiyyətlər şəraitində müzakirə edilən sosial siyasət praktikalarını xarakterizə etməkdə istifadə olunur. Beynəlalq Əmək Təşkilatının 2021-ci ildə keçirdilən 109-cu sesiyasında qeyd edildiyi kimi, “Sosial müdafiə insan hüququ kimi insan ləyaqətinə hörmət, sosial ədalət və sosial həmrəylik dəyərlərinə əsaslanaraq, gəlir təminatsızlığının aradan qaldırılması və insanın layiq olduğu həyat şəraitinin təmin edilməsi məqsədilə yaradılmış gəlir və xidmətləri əhatə edir. Bundan əlavə sosial müdafiə - həyat şəraitinin pisləşməsi və əsas ehtiyaclardan irəli gələn aşağı həyat tərzi şəraitində qorunmağı təmin etmək üçün ictimai və sosial tədbirlər vasitəsilə fərd, ailə və cəmiyyətə yönəlmiş yardımlardan ibarətdir”.[1]
Pandemiyanın mümkün təsirlərini minimuma endirmək məqsədilə ölkələr bir sıra sosial müdafiə tədbirləri həyata keçirmişlər. Bu tədbirlər mövcud sosial müdafiə siyasətlərinin tərkib hissəsi olan yardım proqramlarının səviyyəsinin artırılması, onların əhatə dairəsinin genişləndirilməsi və hüquq əldə etmək şərtlərinin mütəhərrikliyinin təmin edilməsi məqsədi daşıyır. Bunlardan başqa yardımların əlçatan olmasının asanlaşdırılması və yardım xidmətlərinin təkmilləşdirilməsi istiqaməində proqramlar həyata keçirilir. Bu yardım proqramlarının bir hissəsi ilk dəfə olaraq tətbiq olunur, birdəfəlik və ya müvəqqəti proqramlar kimi həyata keçirilir.[2] Qlobal epidemiya prosesində dünya ölkələrinin həyata keçirdiyi sosial müdafiə siyasətini BƏT və OECD timsalında görmək mümkündür. Ölkələr səhiyyə xidmətləri başda olmaqla bəzi sosial müdafiə siyasətləri həyata keçirmişlər. Bu siyasətlərin xüsusilə böhranlı vəziyyətdən çıxmağa yönəldiyi görünür. BƏT-in 2020 hesabayına əsasən, ölkələr pandemiya tədbirlərini səhiyyə xidmətlərinə çıxış, işsizlərin qorunması, xəstəliklə bağlı müavinətlər, ailə məzuniyyəti və qayğı siyasəti, qocalıq, dul-yetim və əlillik müavinətləri, müəssisələr üçün sosial sığorta haqları və vergilərin müvəqqəti əvəzlənməsi, sosial yardımlar, nağd pul köçürməsi çərçivəsində həyata keçirmişlər.
Sosial rifah dövlətlərinin tarixi prosesdə keçdiyi dəyişiklik və transformasiya mərhələsinin pandemiyadan sonra da baş verməsi mümkündür. Dövlətlərin siyasi, sosial və iqtisadi baxımdan müəyyənləşdirəcəyi siyasətlər qlobal miqyasda hər bir ölkəyə təsir edəcək. Qlobal pandemiyadan sonrakı dövrdə beynəlxalq münasibətlər və qlobal nizamın formalaşması bir çox sahədə özünü göstərə bilər. Avtoritarizm və populizmin artması, multikultural strukturların mühakimə olunması, sərhədlərdə divar hörülməsi kimi meyllərin artması ilə yanaşı, Avropa İttifaqının və beynəlxalq təşkilatların mövcud vəziyyəti sorğuya cəlb edilməyə başlanacaq. Qlobal pandemiyadan sonrakı dövrdə vətəndaşlarının etimadını qazana bilən, güclü institutlara və dayanıqlı iqtisadiyyata malik, səhiyyə xidmətləri başda olmaqla güclü infrastruktura, böhranı idarə etmək qabiliyyətinə malik olan ölkələr digər ölkələrdən müsbət mənada fərqlənəcək. Bundan başqa, pandemiyadan sonrakı dövrdə dövlətlərin yalnız terror və miqrasiya kimi təhlükələrə qarşı xarici qoruyucu xüsusiyyəti deyil, vətəndaşlarını qoruya biləcək siyasətləri olan güclü idarəçiliyə malik və hər cür neqativ hallara qarşı tədbir görmüş daxili qoruyucu xüsusiyyətlərə malik olmaları cəhəti mühüm əhəmiyyət kəsb edəcək.
Pandemiyadan sonrakı dövrdə sosial rifah dövlətlərinin qarşısında bir neçə müxtəlif yol ola bilər. Bunlardan birirncisi davam edən sosial siyasətləri kiçik islahatlarla davam etdirmək, ikincisi epidemiyanın sosial dövlətin üzərinə düşən maliyyə yükünü neoliberal siyasətlərlə azaltmaq və üçüncüsü isə dəyişən yeni reallıqlara uyğun milli və qlobal miqyasda davamlı yeni sosial rifah rejimini formalaşdırmaq. Birinci varianta görə demoqrafik baxımdan qocalmanın artması, sosial təminat, səhiyyə, qayğı və pensiya kimi sistemə əlavə yük gətirən siyasətlərin xərclərin artmasına gətirib çıxarması səbəbilə davam etdirilməsi qeyri-mümkün hesab edilir. İkinci varianda epidemiya ilə birlikdə yaranan problemlərin həllində sosial rifahın yayılmasının və sosial siyasətin nə qədər əhəmiyyətli faktor olduğu müəyyənləşmişdir. Ona görə də getdikcə artan işsizlik və iqtisadi problemlərin mövcud olduğu bir şəraitdə neoliberal siyasətlər o qədər də məqbul hesab edilməyəcək. Üçüncü variantda isə epidemiya kimi qlobal problemlərlə mübarizədə qlobal sosial siyasətin həyata keçirilməsinin zəruriliyi ön plana çıxır. Bu problemlərlə bağlı milli və mövcud sosial rifah dövləti strukturundan daha çox, qlobal miqyasda sosial rifah sisteminin tətbiq ediləcəyi mühitin formalaşması gözlənilir.
Bir çox ölkələrin epidemiya başlayanda buna hazır olmadığı artıq bir həqiqətdir. Bu reallıq iqtisadi və sosial baxımdan zəif cəhətlərin dərinləşməsinə səbəb olmuşdur. Məsələ sosial rifah dövləti kontekstində nəzərdən keçirildikdə, dövlətlərin iqtisadi və sosial islahatlara ehtiyac duyduğu məlum olur. Bu islahatların əvvəlində sosial müdafiə siyasətinə dair yeni anlayış olmalıdır. Cəmiyyətin bütün təbəqələrinə, xüsusən də imkansız qruplara birbaşa təsir edən iqtisadi quruluşla mübarizədə dövlətlərin sosial müdafiə sahələrinə üz tutması qaçılmaz olmuşur.
Dövlətlərin idarəçilik anlayışından başlamış sosial təminat xidmətlərinə, səhiyyə xidmətlərindən başlamış sosial yardımlara qədər bir çox sahədə sosial rifah dövlətlərinin sınaqdan keçdiyini demək mümkündür. Ölkələr öz iqtisadi gücləri və sosial rifah anlayışları çərçivəsində epidemiya zamanı öz vətəndaşlarını dəstəkləməyə çalışmışlar. Bu zaman karantində olub işləyə bilməyən, xəstə olan işçilərə və onların ailələrinə, çətin vəziyyətdə olan şirkətlərə və sektorlara dəstək verilmişdir. Epidemiya zamanı iş yeri olan insanların iş həyatından qısa və ya uzun müddət ayrı düşməsi ölkələrin sosial təminat sistemində olan problemləri üzə çıxarmışdır. Epidemiya kimi fövqəladə hallarda ölkələrin sosial təminat sistemləri bütün iş sahələrində işləyən işçilər üçün yenilənməli, beynəlxalq sosial təminat standartları müəyyən edilməlidir.
Liberal rifah rejimlərinin bərqərar olduğu ölkələrdə səhiyyə xidmətlərinin əmtəələşməsindən irəli gələn problemlər olsa da, sosial-demokratik rifah rejimləri olan ölkələrdə aktiv səhiyyə xidmətləri ilə birlikdə ciddi təcrid və qulluq xidməti göstərən ölkələrdə ölüm hallarının və xəstələrin sayının az olması diqqətdən yayınmır. ABŞ-da bütün pandemiya tədbirlərinin kreditləşmə prosesində yardım tədbirləri kimi həyata keçirilməsi bu əmtəələşdirməyə misal göstərilə bilər.[3] Skandinaviyanın sosial rifah modelinə nümunə göstərilən İsveçdə pandemiya dövründə qeyd edilən ölüm nisbətlərində yaşlı əhalinin payının çox olduğu müşahidə edilir. 2020-ci ilin dekabr ayında Covid-19 səbəbilə dünyasını dəyişən 7000-dən çox İsveç vətəndaşının təxminən 90%-ni 70 yaşdan yuxarı şəxslərin təşkil etdiyi müəyyən olunmuşdur.[4] Həmçinin Belçika, Kanada, Danimarka, Fransa, Almaniya, İrlandiya, İtaliya, Hollandiya, İspaniya, İsveç, İngiltərə və ABŞ-dan əldə edilən məlumatlara əsasən həmin ölkələrdə qocalar evində qalan və ya ictimai həyatda olan 65 yaşa qədər, 65 yaşdan yuxarı və qocalar evində qalan insanların Covid-19 səbəbilə ölüm nisbətləri müqayisə edilmişdir. [5]ABŞ-da 65 yaşa qədər əhali arasında 29694 ölüm faktı qeyd edildiyi halda, 65 yaşdan yuxarı insanlar arasında ölənlərin sayı 54469, qocalar evində qalanlar arasında 61397 nəfər təşkil etmişdir. İsveçdə 65 yaşa qədər əhali arasında ölənlərin sayı 358 olduğu halda, 65 yaşdan yuxarı olanlar arasında 2761, qocalar evində qalanlar arasında isə 2557 nəfər təşkil etmişdir.[6] Fransada isə 65 yaşa qədər əhali arasında ölənlərin sayı 2351, 65 yaşdan yuxarı əhali arasında 13688 nəfər olduğu halda, qocalar evində qalanlar arasında bu göstərici 14126 təşkil etmişdir. [7]
Həmin dövrdə fərqli sosial rifah rejimlərinə malik ölkələrin özünəməxsus sosial siyasətlərlə prosesi idarə etməyə çalışdıqları müşahidə edilsə də, qlobal miqyasda təsirli olan epidemiyaya qarşı yenə də qlobal miqyasda həllərin tapılmasının vacib olduğu görünür. İqtisadi tərəddüdlər, istehsalın durğunluğu, yoxsulluğun artması kimi problemlərin pandemiya ilə birlikdə ortaya çıxdığı nəzərə alındıqda, sosial rifah dövlətlərinin əlverişsiz vəziyyətdə olan vətəndaşları ilə yanaşı, bütün vətəndaşlarını da əhatə edən sosial rifah xidməti anlayışına ehtiyac duyulduğu məlum olur. Bundan başqa qlobal miqyasda təsirli olan epidemiyanın ancaq qlobal miqyasda həyata keçiriləcək səhiyyə siyasətləri ilə həll oluna biləcəyi qeyd edilə bilər. Bu kontekstdə beynəlxalq təşkilatları da əhatə edəcək qlobal səhiyyə xidmətləri ilə birlikdə bütün ölkələrin vətəndaşları üçün əlçatan olacaq səhiyyə siyasətinin müəyyən edilməsi lazım gəlir. Ölkələr səhiyyə xidmətləri başda olmaqla, sosial müdafiə sahəsindəki siyasətlərini nəzərdən keçirməli və sosial rifah sistemlərini daha ədalətli və davamlı sosial siyasətlərlə gücləndirməlidirlər.
İstifadə edilən mənbələr:
[1] https://www.ilo.org/global/about-the-ilo/mission-and-objectives/lang--en/index.htm
[2] https://www.ilo.org/global/about-the-ilo/newsroom/news/WCMS_817653/lang--en/index.htm
[3] Organisation for Economic Co-operation and Development, https://www.oecd.org/coronavirus/country-policy-tracker/#Employmentandsocialmeasures
[4] https://www.government.se/4af26a/contentassets/2b394e1186714875bf29991b4552b374/summary-of-sou-2020_80-elderly-care-during-the-pandemic.pdf
[5] Organisation for Economic Co-operation and Development, https://stats.oecd.org/Index.aspx? DataSetCode=SOCX_AGG
[6] https://www.government.se/4af26a/contentassets/2b394e1186714875bf29991b4552b374/summary-of-sou-2020_80-elderly-care-during-the-pandemic.pdf
[7] https://www.oecd.org/coronavirus/country-policy-tracker/#Healthandsocialcontext-OECDindicators