Arazı ayırdılar,
Lil ilə doyurdular,
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar…
Dövlətlərin siyasətindən kənarda insanlar bütöv (kollektiv) yaddaşla yaşayırlar. Bu səbəbdən “Cənub” mövzusu Azərbaycan xalqının tarixi yaddaşında həmişəlik həkk olunub. Heç şübhəsiz, tarixi gerçəkliyi dəyişmək, ona fərqli don geyindirmək mümkün deyil. Arazın o tayında 30 milyondan, bu tayında 10 milyondan çox azərbaycanlının yaşaması da tarixi gerçəklikdir. Bəzən adama elə gəlir ki, Araz olmasaydı, ölkəmiz 1828-ci ildə ikiyə də bölünməzdi. Amma Arazın günahı nədir?
…II Qarabağ savaşının Azərbaycanın tam qalibiyyəti ilə sonuclanması regionda yeni reallıqların yaranması ilə yanaşı, siyasi konfiqurasiyanı da kəskin şəkildə dəyişdirdi. Vətən müharibəsindəki qələbəmiz bir çox mətləblərə də aydınlıq gətirdi. Azərbaycanın rəşadətli Ordusu daha əvvəl Ermənistanın nəzarətində olan İran ilə 130 km-lik dövlət sərhədi üzərində nəzarəti bərpa etdikdən sonra 30 illik işğal dövründə, həmçinin Zəfərdən keçən 1 illik zaman kəsiyində bir sıra reallıqlar ortaya çıxdı. Məlum oldu ki, bu dövrdə İran Ermənistan üçün sadəcə “nəfəslik” yox, hətta taybatay geniş açılmış “darvaza” rolunu oynayıb. İran Azərbaycan torpaqlarının işğal altında olduğu dönəmdə işğalçı ölkəni hər şeylə, eləcə də hərbi təyinatlı materiallarla təchiz edib və indi də bu fəaliyyətini davam etdirir. Hətta Ermənistanda da etiraf olunur ki, əgər 35 km-lik İran-Ermənistan sərhədi - Mehri qapısı bağlanarsa, Ermənistan iqtisadi problemlərin məngənəsində boğula bilər.
Bu məqalədə biz Azərbaycanın mehriban qonşuluq və dostluq münasibətləri təklifinin əvəzində İranın Azərbaycanın işğalda qalan ərazilərində evlərin daşını, taxta-şalbanını Arazın o tayına daşıması, məscidlərdə saxlanan donuzların yanından keçib yuxarı Qarabağa qalxaraq, orada erməni qardaşları ilə əl-ələ verib iş qurması, hətta erməni saxtakarlarının azərbaycanlılara məxsus Alban kilsələrini mənimsədikləri kimi, Şuşadakı Gövhər Ağa məscidini də öz adına çıxıb “İran məscidi” kimi təqdim etməsi, həm Birinci, həm də İkinci Qarabağ savaşında Nurduz sərhəd-buraxılış məntəqəsindən Ermənistana silah-sursat və hərbi texnika daşıması, işğal olunan ərazilərdə şirkətlər açması, Ermənistana qaz çəkməsi, Araz üzərində müştərək Su-Elektrik Stansiyasını qurması, işğalda olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazisindən narkotrafik və çirkli pulların yuyulması kimi istifadə etməsi, onlarla TIR vasitəsilə bohran və borc içində çabalayan “dost və qardaş” hesab etdiyi Ermənistana “yardımlar” aparması, Azərbaycandan Naxçıvan Muxtar Respublikasına hərbi yükdaşımaları həyata keçirən təyyarələr üçün öz hava məkanını bağlaması və s. bu kimi əməllərindən danışmayacağıq. İranın etnik mənzərəsinə nəzərə salıb dil aspektindən İranın “erməni sevgisinə” aydınlıq gətirməyə çalışacağıq. Niyə İran öz ərazisində yaşayan və sayı müxtəlif mənbələrdə 100.000 ilə 500.000 arası dəyişən, azlıqda olan ermənilərin rifahı üçün münbit şərait yaradır, sayı bütöv İran əhalisinin üçdə birindən də çox olan azərbaycanlıların taleyinə, dilinin tədrisinə biganə yanaşır?
İranın konstitusiyasına nəzər saldıqda görürük ki, ölkədə yaşayan bütün etnik qruplar eyni hüquqa malikdirlər. Konstitusiyanın 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etnik qruplar öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar [6]. Buna baxmayaraq İranda yaşayan qeyri-farsdilli xalqlar arasında, demək olar ki, yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. (Burada söhbət dilin müəyyən saatlarla tədrisindən deyil, azlıq dillərində məktəblərin olmasından gedir). Ermənilərə verilən sərbəstliyin onda biri İranda çoxluq təşkil edən azərbaycanlılara verilmir. Digər millətlətin nümayəndələri də azərbaycanlılarla müqayisədə müəyyən imtiyazlara malikdirlər.
Siyasi mövqe…
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə İranın sərgilədiyi mövqe ilə bağlı münasibətini belə bildirmişdi: "Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada - Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq… Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik” [4].
Avrasiya oxunun ən güclü ölkələrindən olan Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirərkən demişdi ki, İsrailin Azərbaycanla əlaqələrinə görə İran Azərbaycanı hədəf seçə bilməz: “Çünki bu gün İranda yaşayan azərbaycanlıların sayı göz qabağındadır. Bu, təbii ki, düşündürür…”. Cənab Ərdoğanın son cümlələri bir növ İrana mesajdır: öz doğma torpaqlarında tarixən yaşayan milyonlarla azərbaycanlını yaddan çıxarmayın. Bu sözlər diqqətləri İranın etnik mənzərəsinə yönəldir.
İranın etnik tərkibində azərbaycanlıların payı
İlk növbədə qeyd edək ki, İranda ölkə ərazisində dövlət səviyyəsində əhalinin siyahıyaalınması yalnız 1956-cı ildən etibarən və özünəməxsus qaydada aparılır. Bəzi tədqiqatçılara görə, siyahıyaalmalarda milli mənsubiyyət üzrə təsnifat aparılmır, aparılsa da, qapalı saxlanılır, ictimaiyyətə açıqlanmır. 2011-ci ildə aparılmış siyahıyaalmanın nəticələrinə əsasən, əhalinin sayı 75.149.669 nəfər, 2016-cı il siyahıyaalmasına görə isə 79.926.270 nəfərdir [14]. 2020-ci il üzrə ölkə əhalisinin sayının 84 milyona yaxın olması təxmin edilir [5].
İranın Mərkəzi Statistika İdarəsinin yaydığı yeni demoqrafik hesabatda bildirilir ki, İranda əhalinin artımı müəyyən dinamika nəzərə alınmaqla gedib. Belə ki, 2016-cı ildə ölkədə əhalinin sayının 80 milyona, 2020-ci ildə isə 83,75 milyona çatması onu deməyə əsas verir ki, əhalinin sayı ildə təxminən 1 milyon nəfər artıb. İranda əhalinin kənddən şəhərə köçməsində də artım müşahidə edilib. Hesabata görə, hazırda İranda kənd əhalisinin sayı 21 milyon nəfərdir. Əhalinin 62 milyon nəfərdən çoxu isə şəhərlərdə məskunlaşıb [5].
“Ethnologue report for İran”a görə ümumilikdə ölkə ərazisində 69-a yaxın dildə danışan etnik qrup var [12]. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən isə İran dilləri qrupuna aid dillərdə əhalinin 58%-i danışır. Əhalinin 26%-dən çoxu türk dilləri ailəsinə mənsub dillərdə danışır.
Əgər İslam inqilabından sonrakı 40 ildə bu ölkənin əhalisinin sayı 3 dəfə artıbsa, türkdilli əhalinin sayı necə dəyişməyə bilər? Əslində, bu suala İranın keçmiş xarici işlər naziri qismən də olsa cavab verib. Belə ki, sabiq nazir Əliəkbər Salihi Türkiyədə qonaq olanda jurnalistlərin sualına belə cavab verib: "İranın 40%-i türk dilində danışır” [7]. Deməli, İran dövlətinin 83-84 milyon əhalisinin 40%-ni hesablayanda ortaya belə bir rəqəm çıxır: orada 35 milyon türk/azərbaycanlı var. Maraqlıdır ki, cənubda doğulub xarici ölkələrə mühacir etmiş digər soydaşlarımız isə İranda azərbaycanlıların sayının 50 milyonu ötdüyünü iddia edirlər [7].
İranda Azərbaycan dilinin tədrisi
İranın son 200 illik tarixinə nəzərə yetirəndə məlum olur ki, bu ölkədə azərbaycanlıların öz milli kimliklərindən, dillərindən nisbətən sərbəst şəkildə istifadə edə bildikləri dövr Milli Hökumətin mövcud olduğu 1945-1946-cı illər olmuşdur. Lakin xüsusilə 1940-cı illərə qədər vəziyyət çox pis idi. Belə ki, İranda Qacar sülaləsinin hakimiyyətinə son qoyulması və Rza şah Pəhləvi tərəfindən həyata keçirilən 1921-ci il çevrilişindən sonra “Bir millət, bir dil” siyasəti tətbiq olundu. 1925-ci ildə yeni dövlət quruculuğu, o cümlədən vahid millət yaratmaq sahəsində fəaliyyət sürətləndi və genişləndi. Tədqiqatçı Y.Hacıyeva qeyd edir ki, həmin siyasət qeyri-fars dillərini, o cümlədən Azərbaycan türkcəsini ənənəvi fəaliyyət sferalarından sıxışdırmağa yönəlmişdi: “Fars şovnizmi xətti götürən yeni hakimiyyət tərəfindən Azərbaycan dilinə qarşı hərtərəfli təzyiq və qadağa siyasəti həyata keçirilirdi. Hakim rejimin və fars məmurlarının qeyri-fars xalqlarını, xüsusən də Azərbaycan türklərini qısa zamanda assimilyasiya etmək imkanı və potensialı olmadığından onların dillərinin, xüsusən Azərbaycan dilinin daşıyıcılarına qarşı tətbiq etdikləri heç bir əsası və izahı olmayan zorakılıq üsulları mərkəzi hakimiyyətə qarşı narazılığın güclənməsinə, milli şüurun oyanması və inkişafına səbəb olurdu. Azərbaycan əhalisinin yuxarı dairələrinin, ruhani təbəqəsinin himayəsindən məhrum Azərbaycan dilinin hüquqlarını siyasi müstəvidə prinsipial olaraq sol təşkilatlar, mədəni müstəvidə isə çox məhdud bir miqyasda şəhər orta təbəqələrinin nümayəndələri müdafiə edirdilər. Ona görə də Azərbaycan dilinə qarşı siyasət Cənubi Azərbaycanda mütəşəkkil və geniş müqavimətlə qarşılaşmırdı. Şəhər orta təbəqələri, xüsusən ziyalılar ana dili uğrunda geniş miqyasda demokratik cəmiyyətdə mübarizə aparmağa qadir idilər. Belə bir şərait İkinci Dünya müharibəsinin başlanması, Sovet və İngiltərə qoşunlarının İrana daxil olması, Rza şahın hakimiyyətdən kənarlaşdırılması və ölkədə nisbi demokratiyanın bərqərar olması ilə yarandı. Rza şah Pəhləvinin iqtidardan getməsi və mərkəzin nüfuzunun zəifləməsi ilə sol yönümlü qüvvələr fəallaşdı, demokratik dairələr leqal fəaliyyətə başladılar. Fars məmurlarının vilayəti tərk etməsi ilə Azərbaycan dilinin işlənməsinə mane olan bütün məhdudiyyətlər praktiki olaraq aradan qalxdı. Azərbaycan dilinin hələ də yazılı sahədən kənarda qalmasına baxmayaraq, ictimai həyatın demokratikləşməsi, Azərbaycan dili üzərindən qadağanın götürülməsi, milli hisslərin azad təzahürü, vətənpərvərlik və digər bu kimi amillər azərbaycanlıların milli hisslərinin kortəbii yüksəlişinin bəlli istiqamətə yönəldilməsini, siyasi-ideoloji cəhətdən təşkil olunmasını tələb edirdi” [2, s.196-197].
Bu istiqamətdə ən böyük xidməti 1941-ci ilin oktyabrında yaranan “Azərbaycan cəmiyyəti” və onun mətbu orqanı olan “Azərbaycan” qəzeti göstərdi. Əsası Əli Şəbüstəri və İsmayıl Şəms tərəfindən qoyulmuş bu cəmiyyət Azərbaycanın təməl probleminin milli məsələ olduğunu bildirir, bütün məzhəb və region fərqlərini kənara qoyub Azərbaycan kimliyi altında birləşmənin zəruriliyini irəli sürürdü. “Mütləq azadlığa”, yəni dil, adət …azadlığına tamamilə riayət olunmasını, ana dilində bütün səviyyələrdə tədris və kitab nəşr edilməsini və s. tələb edirdi” [1, 03.12.1941]. Cəmiyyət özünün əsas vəzifəsini Azərbaycan dilinin həqiqi, faktiki bərabərliyinə nail olunmasında, ana dilinin işlənmə sahəsinin bərpa edilməsi və genişləndirilməsində görürdü. Cəmiyyət geniş demokratik dairələrin ana dilinin hüquqları uğrunda mübarizə əzmini əks etdirərək intellektual qüvvələri bu mübarizəyə səfərbər etməyə çalışırdı. İllərlə təqib olunan, fəaliyyətinə əngəllər törədilən teatrda ana dilində əsərlər səhnələşdirilirdi. Beləliklə, “Azərbaycan cəmiyyəti” Azərbaycan millətinin mədəniyyət, dil sahəsində dirçəlişi və azərbaycanlılar arasında milli şüurun yayılması və dərinləşməsi yolunda təsirli tədbirlər həyata keçirirdi [2, s. 197].
Ümumilikdə, 1941-ci ilin oktyabrından 1945-ci ilin sentyabrına qədər Azərbaycanda 4 il müddətində 21 adda qəzet nəşr edilmişdi. Bu dövri nəşrlərdə çap olunan mövzular sovet sosialist ideologiyasının təbliği, yerli əhalinin maarifləndirilməsi istiqamətində idi [11, s.89].
Y.Hacıyeva qeyd edir ki, həmin dövrdə hərəkat İrandan ayrılmaq yox, İran daxilində muxtariyyət tələbləri ilə meydana gəlmişdi. Əslində bu hərəkat elə dil məsələsindən doğmuşdu. “Ana dili məsələsi” Azərbaycanın mühüm problemlərindən biri olub fars-Azərbaycan, mərkəz-Azərbaycan münasibətlərinə həmin şəraitdə güclü təsir göstərdiyinə görə ana dilinin hüquqlarının təmin olunması məsələsi ön plana çıxmışdı. Demokratların əqidəsinə görə, həmin məsələnin həlli nəinki milli məsələnin həllini, həm də İran dövlətinin bütövlüyünü təmin edər [2, s. 199].
1945-ci il sentyabr ayının 3-də Təbrizdə 77 nəfərdən ibarət bir qrup tərəfindən Azərbaycanda müstəqil siyasi partiya - ADP-nin yarandığını, onun məqsəd və vəzifələrini elan edən müraciətnamə yayıldı. Əsas vəzifələrdən biri kimi Azərbaycan xalqına daxili azadlıq və muxtariyyət verilməsi, məktəblərdə dərslərin Azərbaycan və fars dillər ində aparılması tələbi irəli sürüldü. Azərbaycan Milli Konqresinin 20 noyabr 1945-ci il tarixli yığıncağında Pişəvəri təhsil və kənd təsərrüfatı sahələrində islahatların aparılacağını bildirmiş və məktəblərdə Azərbaycan dilində təhsilin dərhal başlamasını elan etmişdi. Bu iclasda İran məclisinin sədrinə və baş nazirə müraciət məktubu tərtib olunmuşdu. Məktubda qeyd edilirdi ki, azərbaycanlılar dil və adət-ənənəyə malik olan millətdir. Milli muxtariyyət İranın birliyinə və bütövlüyünə qarşı yönəlməmişdir. Dünyanın həyata qabil olan hər bir milləti kimi Azərbaycan millətinin də milli hökumət yaratmaq hüququ var və o, Azərbaycanı demokratik əsaslarla idarə etmək qabiliyyətinə malikdir. Yuxarıda qeyd olunan ali rütbəli rəsmi şəxslərə bildirilirdi ki, Azərbaycan xalqı Milli Məclisə seçkilər keçirmək və Milli Hökumət təşkil etmək əzmindədir. Məktubda dil siyasəti ilə bağlı qeyd edilirdi ki, Xalq Konqresi Milli Komitəyə Azərbaycan dilini bütün “dövlət idarələrində işlətməyi” tapşırmışdır [1, 27.11.1945]. Milli Komitə Milli Məclisə seçkilər keçirməyə başlayaraq həmin kampaniyanı 1945-ci il noyabrın 27-dən dekabrın 1-dək olan vaxt ərzində başa çatdırdı. Dekabrın 12-də Milli Məclisin ilk iclasında Azərbaycan Milli Hökuməti (AMH) təşkil edildi. S.C.Pişəvəri hökumətin başçısı təyin olundu. Azərbaycan millətinin əsas ünsürü olan Azərbaycan dili bu ildən etibarən yeni mərhələyə qədəm qoydu. Azərbaycan Milli Hökumətinin 16 dey 1324-cü il (6 yanvar 1946) tarixli iclasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu [12, s.217]. On maddədən ibarət bu qərara görə, Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olunurdu. Bütün dövlət orqanları və idarələrdə yazışmalar, məktəblərdə tədris, nəşriyyat işləri türk dilində aparılmalı idi. Azərbaycanlı olmayanlara türk dilini öyrənib və əməli fəaliyyətdə ondan istifadə etmək üçün şərait yaradılır və dövlət dilini öyrənmək üçün möhlət qoyulurdu. Cənubi Azərbaycanda olan azlıqlara öz dillərindən tədris və digər sahələrdə sərbəst istifadə etmək hüququ verilir. Bununla birlikdə dövlət dilinin öyrənilməsi vətəndaşlıq borcu kimi onlara həvalə edilirdi. Milli Hökumət Azərbaycan dilini rəsmi dövlət dili elan edərək onun bütün sahələrdə fəaliyyət göstərməsini təmin etdi və ana dili məsələsini tam miqyasda həll etdi. Azərbaycan Milli Hökumətinin Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsi, məktəblərdə tədrisin, dövlət idarələrində danışıq və yazışmaların ancaq bu dildə aparılması dövlətin rəsmi göstərişi ilə Maarif Nazirliyinin 1№-li əmri ilə (yanvar 1946-cı il) həyata keçirilmişdi [12, s.133]. S.C.Pişəvəri ana dilinin məktəb və tədris müəssisələrində işlədilməsinə, bu sahədə mövcud çətinliklərin tez aradan qaldırılmasına xüsusi diqqət ayırmışdı. Bu cəhətdən S.C.Pişəvərinin Maarif Nazirliynə ünvanladığı 1324-cü il 28 Azər tarixli 28/465 №-li sərəncamda aşağıdakılar qeyd olunur:
məlumatlandırılsın;
dərsliklərdən istifadə etməklə tədrisi ana dilində aparsınlar [2; 11, s.134].
1946-cı il yanvarın 6-da Azərbaycan Milli Hökuməti Təbrizdə Azərbaycan Dövlət Universitetinin təşkil olunması haqqında qərar qəbul etdi. 1946-cı ilin iyununda Təbrizdə ilk milli universitet açıldı. İlk vaxtlar universitetdə üç fakültə fəaliyyət göstərirdi: tibb, kənd təsərrüfatı və pedaqoji. Pedaqoji fakültədə tarix, dil, ədəbiyyat, fəlsəfə, hüquq, fizika, riyaziyyat və biologiya ixtisasları tədris olunurdu [12, s.97].
Azərbaycanda yaşayan erməni, asori və kürdlərin də öz ana dillərində qəzet və jurnallar nəşr etmələrinə lazımi şərait yaradılmışdı.1941-1946-cı illər arasında Cənubi Azərbaycanda çap olunan qəzet və jurnalların sayı 40-dan çox idi [11, s.89].
Beləliklə, “1945-1946-cı illər Cənubi Azərbaycan milli azadlıq hərəkatı İranda təzyiq şəraitində cənubi azərbaycanlıların milli inkişafının getdiyini və milli formalaşmanın əsas tərəfi olan etnik kimliyin saxlanması dərəcəsini nümayiş etdirdi. Milli Hökumətin yaranması və süqutu, onun ardınca Azərbaycan dilinə qarşı təzyiq və qadağaların sərtləşdirilməsi onu göstərdi ki, ana dilinin hüquqları geniş orta və aşağı təbəqələrin maraqları ilə sıx bağlıdır, azərbaycanlı yuxarı təbəqələrin (yarımfeodalların, ali ruhanilərin, az saylı yüksək səviyyəli sahibkarların) və onların maraqlarını təmsil edən siyasi nümayəndələrin və ziyalıların maraq dairəsindən kənardadır. Milli maraqların və qeyri-fars dillərinin hüquqlarının təmin olunması demokratik şəraitdə mümkündür” [2, s. 205].
1979-cu ildə hakimiyyətə gələn islamçılar bütün etnik və dini azlıqlara azadlıq verəcəklərini bildirsələr də zamanla Şah dövründən fərqi olmayan məhdudlaşdırma siyasətinə keçildi. Bununla belə, 1979-cu ildə vəd edilən dil haqqı İran Konstitusiyasında öz yerini almışdı. İran İslam Respublikasının Konstitusiyası fars dilini rəsmi dövlət dili olaraq tanısa da konstitusiyada mətbuatda, kütləvi informasiya vasitələrində etnik dillərdən istifadəyə, fars dili ilə yanaşı məktəblərdə etnik dillərdə ədəbiyyatın tədrisinə icazə verildiyi qeyd edilir [6]. Bundan başqa İran hökuməti 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən və içərisində dil haqlarının da göstərildiyi “Uşaq hüquqları Konvensiyası”nı 1991-ci ildə imzaladı. Bu konvensiya 1994-cü ildə İslam Məşvərət Məclisi, İslam hüquq məcəlləsinə və İran İslam Respublikasının Konstitusiyasına zidd olmadığı üçün təsdiq edilmişdi [3].
1990-cı illərdən etibarən bəzi azərbaycanlıların öz kimliyini fərqləndirmək istəyi, Azərbaycan türkcəsini öyrənməyə diqqətin artırılması ilə bağlı nümayişləri polislə qarşıdurmalara səbəb oldu. Qeyd edək ki, İranın əsasən şimal-qərb regionlarında - Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəncan, Qəzvin və Ərdəbildə Azərbaycan dili və ya özlərinin təbirincə, türk dilində və ya Azərbaycan türkcəsində danışılır.
İranda Azərbaycan dilində təhsillə bağlı vədlər hər ilin sentyabrın 23-ü ərəfəsi, yəni yeni tədris ili başlayan ərəfədə gündəmə gəlir. Rəsmi qurumların çoxsaylı vədlərinə baxmayaq bu istiqamətdə real addımlar atılmır. İran İslam Respublikası tarixində ilk dəfə olaraq prezident Həsən Ruhani 2017-ci il prezident seçkilərində ölkədə yaşayan etnik azlıqların ana dilində təhsil almaları tələbini qəbul etdi və prezident seçiləcəyi təqdirdə İran konstitusiyasının 15-ci maddəsindən faydalanmaq imkanı veriləcəyinə, yəni ana dilində təhsil almaq hüququnun tətbiq olunacağına söz verdi (əslində o, 2013-cü ildə öz seçki proqramında belə bir vəd vermişdi). Ancaq prezident seçildikdən sonra prezidentin etnik azlıqlarla iş üzrə xüsusi müavini Azərbaycan türklərinin ana dilini öyrənməkdə maraqlı olmadığını iddia etdi.
Xatırladaq ki, 2016-cı ildə Şərqi Azərbaycan vilayətinin təhsil departamentinin rəhbəri Cəfər Paşai demişdi ki, dərslər həftədə iki dəfə olmaqla, ümumilikdə, bir tədris ilində 60 saatdan çox olmayaraq keçiriləcək. Rəsmi məlumatlarda bu fənnin sinifdənxaric oxu kimi tədris olunacağı deyilirdi. İran hökuməti bunu "pilot plan" kimi təqdim edirdi. Dərslər yalnız 4-cü və 9-cu sinif şagirdlərinə keçiriləcəkdi. Dərslərin məzmununu və tədris saatlarını məktəblər müəyyənləşdirəcəkdi.
Bundan başqa, 2016-cı ilin avqustunda Elm nazirinin müavini Mojtaba Şəriəti elan etmişdi ki, Azərbaycan dili və ədəbiyyatı ixtisası ali məktəblərin kurrikulumuna əlavə ediləcək. "Bu [prezident Həsən Ruhaninin] Ümid və Ağıl hökumətinin ölkədəki müxtəlif etnik qruplara diqqət siyasətidir. Ötən il hökumətin [universitetlərdə] kürd dili və ədəbiyyatı ixtisasını tədris etməsinin də səbəbi budur", - Şəriəti həmin vaxt bildirmişdi [8].
Bununla bərabər, ilk dəfə prezident Həsən Ruhaninin dönəmində, konkret desək 2016-cı ildə İranın Təbriz Universitetində “Türk dili və ədəbiyyatı” bölümündə Azərbaycan dilinin tədris olunmasına başlandı. Etnik azərbaycanlı fəallar deyirlər ki, burada hər il cəmi 30-40 tələbə təhsil alır və 30-40 milyon insandan 30-40 nəfərin buranı bitirməsi verilən vədə uyğun deyil.
2019-cu ildə isə ilk dəfə məktəblərdə Azərbaycan dilinin tədris olunması ilə bağlı plan hazırlandı. Hazırda Azərbaycan dili İranın Şərqi Azərbaycan vilayətində pilot layihə kimi tətbiq olunur və gələcəkdə bu planın hansı ərazilərə tətbiq ediləcəyini müəyyənləşdirmək qeyri-mümkündür.
Bəs İranda ermənilərə və erməni dilinin tədrisinə münasibət necədir?
Rəsmi mənbələrə görə, İranda 100 min, qeyri-rəsmi mənbələrə görə isə 500 min erməni yaşayır. ABŞ-ın Cənubi Kaliforniya Universitetinin professoru, milliyyətcə erməni olan Eliz Sanasarian erməniləri İranın ən yaxşı münasibət göstərilən milli azlıqlarından biri adlandırır. Təsadüfi deyil ki, İranda yaşayan bütün etnik və dini azlıqlar arasında, demək olar ki, yalnız ermənilərin öz məktəbləri var [10; 16].
Tədqiqatçılar qeyd edirlər ki, bir çox mənbələrdə İranda ilk erməni məktəbinin 1858-ci ildə İsfahanın Yeni Culfa rayonunda inşa edildiyi göstərilir. Tehranda ilk erməni məktəbi isə 1871-ci ildə Müqəddəs Gevorg Kilsəsi nəzdində təsis edilib. Həmin dövrdə İranda fəal olan Amerika missionerləri də ermənilər üçün məktəblər inşa ediblər. Bundan başqa, 1870-ci illərdə Səlmasda, 1885-ci ildə Marağada, 1898-1900 illər arasında Urmiya, Maku və Qaradağda, 1904-cü ildə Həmədanda, 1905-1909-cu illərdə Qəzvin, Məşhəd, Ərak, Rəşt və Ənzəlidə, 1920-ci ildə Əhvazda və 1924-cü ildə isə Çəharmahalda erməni məktəbləri təsis edilib. XX əsrin 60-cı illərində İran paytaxtının 16 erməni məktəbində təxminən 5000 erməni şagird təhsil alıb. Orta təhsil müəssisələrinin çoxu erməni yeparxiyası, bir qismi katolik və yevangelist kilsələri, xeyriyyə təşkilatları tərəfindən idarə olunub. Erməni məktəblərinin yaradılması, fəaliyyətlərinin təmin və inkişaf etdirilməsində erməni kilsəsinin xüsusi rolu olub.
İran şahı Rza Pəhləvinin 1936-cı il fərmanı ilə bütün qeyri-fars məktəbləri, o cümlədən erməni məktəblərinin fəaliyyəti qadağan edilib. Rus və Britaniya qoşunlarının 1941-ci ildə İran ərazisinə müdaxiləsindən və Pəhləvinin taxt-tacdan imtina etməyə məcbur olmasından sonra erməni məktəblərinin fəaliyyəti bərpa edilsə da, əsas tədris dili fars dili olub. Erməni dilinə aid dərs saatı 6-ya endirilib. 1946-cı ildə erməni yeparxiyasının müraciətinə əsasən dini mövzu da ayrıca dərs predmeti kimi ermənicə tədris saatına əlavə edilib.
İranda erməni məktəblərinin sayına gəldikdə isə bu rəqəm 40-50 arasında dəyişir. Tehran Universitetinin prorektoru professor Əmid Zəncaniyə görə İranda yalnız erməni şagirdlərin qəbul edildiyi 50 məktəb var. Erməni diaspora təşkilatı isə “Armenpress”ə istinadən 2005-ci ildə İranda 40 erməni məktəbinin, o cümlədən 8 tam orta məktəbin fəaliyyət göstərdiyini bildirib [10].
1982-ci ildə İranın təhsil naziri din haqda dərslərin fars dilində yazılmış vahid tədris vəsaitindən tədris edilməsi, erməni dili dərs saatlarının azaldılması, erməni tarixinin tədris proqramından çıxarılması və yuxarı siniflərdə erməni dilində bütün fənlərin tədrisinin dayandırılmasına dair göstəriş verib. Erməni Yeparxiya Şurasının etiraz və tələblərinə cavab olaraq İranın təhsil naziri din dərsinin fars dilində tədris edilməsi, erməni dilinin tədrisinin azaldılması və mümkün təqdirdə isə şagirdlərə çətinlik yaratmamaq məqsədilə, dərs proqramından çıxarılması tələbini irəli sürüb. Nəticə etibarilə, Təhsil Nazirliyi 1983-cü ilin noyabr ayında bütün məktəblərdə dini təhsilin farsca və bütün dini azlıqlar üçün yazılmış vahid bir tədris vəsaitindən öyrədilməsinə, məktəblərin istənilən tədbir, o cümlədən dini mərasimlərin keçirilməsi üçün icazə almalı olduğuna, qadın tələbə və müəllim heyətinin İslam geyim qaydalarına riayət etməsinə və erməni dilinin həftəlik tədrisinin 2 saata azaldılmasna dair əmr imzalayıb [10; 16]. Erməni məktəbləri bütün ölkə boyu buna qarşı çıxıb və 1982-1983-cü illər ərzində bu qərara itaətsizlik nümayiş etdirib. Bu qarşıdırma 1984-cü ildə təkcə Tehranda ondan çox erməni məktəbinin bağlanması ilə pik həddinə çatıb [10; 14]. 1984-cü ilin baharında arxiyepiskop Manukyanın məsələ ilə əlaqədar Qum şəhərində o vaxtlar Ayatollah Xomeyninin siyasi-dini hakimiyyətinin varisi kimi qəbul edilən Ayatollah Müntəziri ilə görüşdüyü bir vaxtda İran DİN erməni məktəblərinin qapadılmasına dair əmr verib. Erməni icması ilə İran dövlət orqanları arasında gərginliyin daha da artması ilə əlaqədar hətta dövrün parlament spikeri, 1989-1997-ci illər ölkə prezidenti olmuş, Haşimi Rəfsəncani də cümə xütbələrində bu mövzuya toxuub: “Erməni tələbələr öz dini kitablarının fars dilində deyil, erməni dilində tədrisini istəyir. Ancaq bu İslam Respublikasının konstitutsiyasına ziddir…Ermənilər öz dini kitablarını ermənicə dövlət məktəblərindən kənarda oxuya bilərlər.” Erməni dilinin tədrisinin dayandırılmasını çıxmaq şərti ilə, dövlətin bütün direktivləri icra olunub. Erməni dilinin həftəlik 2 saatlıq tədrisi ilə də tədris ilinin sonunda dərs proqramının yalnız yarıya qədərini keçmək mümkün olub. 1995-ci ildən isə ermənicə həftəlik dərs yükü 5 saata qədər artırılıb. İran hökumətinin bu məsələdə kompromisə getməməsinin mümkün səbələri sırasında Eliz Sanasarian rəsmilərlə erməni icmasının nümayəndələri arasında baş tutan bəzi görüşlərdə “ermənilərə dil sahəsində azadlıq verilərsə, digər etnik qruplar, xüsusilə də türklər və ərəblər də eyni haqları tələb edəcəklər” kimi məsələlərin qaldırıldığını göstərir [10; 16].
Hazırda erməni məktəblərində erməni dili və tarixi üzrə intensiv kurslar istisna olmaqla, dərslər fars dilində keçilir. Erməni dili ibtidai məktəblərdə həftədə 12 saat, orta məktəblərdə isə 5-6 saat tədris edilir [10]. Xüsusilə Mahmud Əhmədinejadın prezidentliyi dövründə (2005-2013) erməni icmasına qayğı göstərilib, ermənicə tədris saatları artırılıb və onların beynəlxalq səviyyədə, xüsusilə də Ermənistanla mübadilə proqramlarında iştirakı üçün kifayət qədər büdcə ayrılıb. Son hadisələr də göstərir ki, İranın hakim elitasının erməni “sevgisi” artan dinamika üzrə inkişaf edib.
Ermənistanın “dənizdən-dənizə böyük Ermənistan” xəritəsində İrana qarşı torpaq iddiaları
...Vətən müharibəsi dövründə Azərbaycan hərbçiləri tərəfindən işğaldan azad edilən Laçın rayonunun Güləbird kəndindəki məktəbdə “dənizdən-dənizə böyük Ermənistan” xəritəsi tapılmışdı. Sosial şəbəkələrdə geniş yayılan bu xəritədə ermənilərin uzun illərdir Azərbaycanın Qarabağ, Zəngəzur daxil olmaqla Kürdən cənubdakı torpaqlarına, Türkiyənin Van, Ərzurum, Bitlis, Elazığ, Diyarbəkir, Sivas və Ağrı dağı ərazilərinə, eləcə də Gürcüstanın Samtsxe və Cavaxeti torpaqlarına əsassız iddiaları yer alıb. Guya bu torpaqlar tarixən ermənilərə aid olub. “Dənizdən dənizə Ermənistan” xülyasını yayan bu xəritənin “tarix dərsliyi”nə salınması uşaqları təcavüzkar ruhda yetişdirməkdir [9].
Xəritədə ən çox diqqət çəkən məqam hər zaman Ermənistanın dəstəkçisi və müdafiəçisi olan, öz ərazisində onlara geniş imtiyazlar verən İrana qarşı da ərazi iddialarının yer almasıdır. Belə ki, xəritədə İranın şimalındakı bir sıra ərazilər Ermənistanın “ərazisinə” daxil edilib. Qeyd edək ki, bu xəritə Ermənistan rəsmi qurumları tərəfindən təsdiqlənib, məktəblərdə erməni uşaqlarına tədris olunur.
Əslində bu, ermənilərin həqiqi simasını bir daha ortaya qoyur. Ermənilər üçün “dost-qardaş” anlayışı toxdur. Osmanlı dövründə “milləti sadiqa” adını alaraq müəyyən imtiyazlar və qorunma əldə edən ermənilərin sonradan türklərə qarşı etdikləri xəyanətləri, yəqinki, farslar da bilməmiş deyillər. Onların da eyni aqibəti yaşamayacaqlarına heç kim zəmanət verə bilməz.
Lakin bu sual açıq qalır: “Qarabağın işğalı dövründə daha çox gizli, işğaldan sonrakı dövrdə isə açıq şəkildə erməni müdafiəçisi olan İranın ermənilər tərəfindən rəsmi şəkildə ərazi iddialarına qarşı susmasının səbəbi nədir? SEPAH komandanının müavini bir müddət öncə “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir” deyə sərt bəyanatla çıxış etmişdi. SEPAH üçün Ermənistanın ərazi bütövlüyü “qırmızı xəttidir”, İranın ərazi bütövlüyü “yaşıl xətt”? [9].
Sonda…
İranın son 200 illik tarixinə nəzər yetirəndə görürük ki, Qacarlar, Pəhləvilər, xüsusilə də İslam inqilabından sonrakı dövrdə yeni dövlət quruculuğu, o cümlədən vahid millət yaratmaq sahəsində fəaliyyət sürətləndi və genişləndi. Həmin siyasət qeyri-fars dillərini, o cümlədən Azərbaycan türkcəsini ənənəvi fəaliyyət sferalarından sıxışdırmağa yönəlmişdi. Fars şovinizmi xətti götürən yeni hakimiyyət tərəfindən Azərbaycan dilinə qarşı hərtərəfli təzyiq və qadağa siyasəti həyata keçirilirdi. Hakim rejimin və fars məmurlarının qeyri-fars xalqlarını, xüsusən də Azərbaycan türklərini qısa zamanda assimilyasiya etmək imkanı və potensialı olmadığından onların dillərinin, xüsusən Azərbaycan dilinin daşıyıcılarına qarşı tətbiq etdikləri heç bir əsası və izahı olmayan zorakılıq üsulları mərkəzi hakimiyyətə qarşı narazılığın güclənməsinə, milli şüurun oyanması və inkişafına səbəb oldu [2].
Azərbaycan və erməni dillərinin tədrisinin müqayisəli təhlili göstərir ki, sayca ermənilərdən dəfələrlər çox olmasına baxmayraq azərbaycanlıların öz ana dillərində məktəb açması və təhsil almasının qarşısı son 200 illik tarixin (Milli Hökumət dövrü istisna olmaqla) bütün mərhələlərində müxtəlif bəhanələrlə alınıb. Lakin bəzi qısamüddətli dövrlər istisna olmaqla ermənilərə yaşıl işıq yandırılıb. Maraqlıdır ki, bu gün İran ərazisində ingilis, ispan, fransız, ərəb, hətta Türkiyə türkcəsini tədris edən kurslar fəaliyyət göstərir. Azərbaycanlıların ana dilində tədrisinə və hətta az qala bu dilin evdə istifadəsinə qadağa qoyulur. Səbəb kimi o göstərilir ki, azərbaycanlılar etnik azlıq yox, İranın müsəlman əhalisidir. Onlara öz dillərində məktəb açmaq hüququ verilsə, onların etnik azlıq kimi hüquqlarının məhdudlaşdırılması deməkdir. Həqiqətən, absurd fikirdir.
Onların təbirincə, digər bir səbəb Azərbaycan dilinin “siyasiləşməsi”dir. Vaxtilə Azərbaycan dili Azərbaycan SSR-də milli dil səviyyəsində fəaliyyət göstərdiyindən İranda bu dil sol, radikal, bolşevik ideyaların ötürücüsü hesab olunurdu. İranın Sovet İttifaqı və onun tərkib hissəsi olan Azərbaycan SSR ilə qonşuluqda yerləşməsi İranda və Cənubi Azərbaycanın yuxarı dairələrində Azərbaycan dilinə eyni neqativ münasibət yaranmasının əsasını təşkil edirdi. Milli Hökumətin təşkili və fəaliyyəti Azərbaycan dili məsələsi ilə ictimai-siyasi məsələlərin Sovet İttifaqı və Şimali Azərbaycanla bağlılığını əyani şəkildə nümayiş etdirmişdi [2]. Bu düşüncə bu gün də İranın hakim elitasında hakimdir. Baxmayaraq ki, bu elitanın sırasında azərbaycanlı kökənli olanların sayı heç də az deyil.
Görünən odur ki, Azərbaycanın güclənməsi, siyasi-iqtisadi cəhətdən möhkəmlənməsi İranın qorxulu yuxusuna çevrilib. Azərbaycan həmişə bu coğrafiyada sülhün və əməkdaşlığın tərəfdarı kimi çıxış edib, qonşularına da dostluq əlini uzadıb. Vətən müharibəsindəki qələbədən sonra çoxtərəfli əməkdaşlıq platformasını irəli sürməsi və hətta Ermənistanın da bu platformada yer almasının mümkünlüyü də Azərbaycanın xoş niyyətindən irəli gəlir. Düşünmək və qərar vermək növbəsi isə onlarındır.
Ədəbiyyat: