İranın hal-hazırda Azərbaycana qarşı irəli sürdüyü əsassız ittihamlar və atdığı təxribatçı addımlar regionda heç kəsin, ilk növbədə isə İranın milli maraqlarına uyğun deyil. Belə ki, İranın əsas xarici siyasət prioritetlərindən biri regionda ən nüfuzlu dövlətə çevrilməkdir. Amma Azərbaycana qarşı həyata keçirilən siyasi kampaniya onun bu prioritetin reallaşmasından çox uzaqlaşdırır.
“Pew Research” sorğu mərkəzinin 2 dekabr 2020-ci il tarixində İran barəsində dərc etdiyi tədqiqat dünyanın 14 böyük iqtisadiyyatına malik Qərb ölkəsinin İrana olduqca neqativ münasibət bəslədiyini müəyyən etmişdi. Burda “Qərb” coğrafi cəhət və məkan anlamında yox, kapitalizm iqtisadi sisteminin hökm sürdüyü ölkələr ittifaqı formasında istifadə edilir. Bu ölkələr qrupuna ABŞ-dan tutmuş Cənubi Koreyaya qədər Qərb dünyasının tərkib hissəsi sayılan nəhəng iqtisadiyyata malik ölkələr daxildir. Bu ölkələri təkcə iqtisadi düzənin və siyasi sistemin oxşarlığı birləşdirmir, siyahıya daxil bütün ölkələr o cümlədən İrana bir dövlət kimi olduqca sərt münasibət ifadə edirlər. Bu tədqiqat 2020-ci il tarixli olsa da, öz aktuallığını tam olaraq qoruyur. Araşdırma 2 dekabr tarixində dərc edilmişdir və beləliklə 2020-ci ilin sonunu özündə xarakterizə edir. Digər tərəfdən sorğu keçirilib, dərc ediləndə ABŞ-da prezident seçkiləri artıq yekunlaşmışdı və C. Bayden prezident seçilmişdi.
Aparılan araşdırmaya əsasən, İrana ən neqativ münasibət İsveç (84%), Danimarka (83%), İspaniya (80%) və Hollandiyada (78%) müşahidə olunur. Nisbətən orta münasibət Yaponiya və Cənubi Koreyada müşahidə olunsa da, yenə də İrana neqativ münasibət səviyyəsi 59 və 56 faiz civarında özünü biruzə verir. Qərb ölkələri içərisində İranın əsas rəqibi sayılan ABŞ-da İrana mənfi münasibət əhali içərisində 74%-ə bərabərdir. Azərbaycanla strateji əməkdaşlığa malik İngiltərə və İtaliyada bu göstərici 66% və 72%-ə bərabərdir. Siyahıya daxil bütün ölkələr üzrə İrana orta münasibət tədqiqatın nəticələrinə görə 71% neqativ, 18% pozitiv və 11% neytral ədədlərini vermişdi.
Qeyd edilən 14 ölkə qrupunda əhalinin özünə rəqib qismində təkcə İranı görməməsi aydındır. Bəzi ölkələrdə İrana münasibət olduqca sərt olsa birincilik baxımından İran əsas rəqib və ya baş antoqonist sayılmır. İsveç, Avstraliya, İngiltərə, Fransa, Kanada, Yaponiya və Cənubi Koreya üçün Çin bir dövlət kimi İrandan daha təhlükəli rəqib hesab edilir. Lakin Danimarka, İspaniya, Hollandiya, ABŞ, İtaliyada keçirilən sorğular əsas rəqibin Çin yox, İran olduğunu müəyyən etmişdi. Çox maraqlıdır ki, Almaniyada sorğu nəticələri İran və Çin üçün bərabər səviyyəli (71%) neqativ münasibət müəyyən etmişdi.
Bütün bu nəzəri-faktoloji məlumatlar İran əleyhinə informasiya təbliğatı aparmaq zərurəti yarandıqda Azərbaycan üçün vacib siyasi-praktiki əhəmiyyət kəsb etmiş olur. Araşdırma İrana qarşı ən neqativ münasibət göstərən ölkələri müəyyən edib, təbliğatın harda daha çox uğur gətirəcəyini və Azərbaycana dəstək ifadə edəcəyini proqnozlaşdırmağa yardımçı olur və bu məlumatlar olmadan bizi lazımsız yanlış seçimlərdən, resurs və vaxt itkilərindən xilas edir.
Sosioloji araşdırmanın dərinliklərinə endikcə daha maraqlı və faydalı məlumatlar əldə etmək mümkündür. Beləki, tədqiqatlar İrana münasibətin yaş kateqoriyasına uyğun olaraq dəyişildiyini müəyyən etmişdi. Əksər ölkələrdə İrana ən neqativ münasibət 50 yaşdan yuxarı olan əhali kateqoriyası nümayiş etdirmişdi. Kanadada 50 yaşdan yuxarı olanların 76%-i, Böyük Britaniyada 77%-i, İtaliyada 82%-i, ABŞ-da 81%-i, Belçikada 78%-i, İsveçdə 89%-i, Almaniyada 74%, Fransada isə 73%-i İrana mənfi münasibət bəsləyirlər. Bu fakt lazım gəldikdə İran əleyhinə təbliğatın, Azərbaycan leyhinə isə təşviqatın və siyasi fəaliyyətin effektivlik dərəcəsinin artırılması naminə istifadə edilə bilər. Təbliğat-təşviqat məsələsinə demoqrafik koqortalar prizmasından yanaşdıqda fəaliyyətin daha çox hansı yaş kateqoriyasında daha uğurlu olacağını əvvəlcədən müəyyənləşdirib, yanlış resurs və vaxt itkisinin qarşısı alına bilər.
Həmçinin unutmaq olmaz ki, Qərb ölkələri əsasən yaşlı əhaliyə malikdir. Yəni seçici təbəqəsinin nəzərəçarpan hissəsi yaşı 50-dən artıq vətəndaşlardan ibarətdir. Qərb ölkələri demokratik siyasi rejimlər hesab olunduğundan apardıqları daxili və xarici siyasətdə bu kateqoriyanın mövqe, maraq və tələbatlarına xüsusi diqqət verməlidirlər. Digər tərəfdən sirr deyil ki, Qərb ölkələri hökümətlərində nə qədər cavan kadrlar olsa da, siyasi elitanın hissolunan payı, nəhəng kapitalın isə əksər hissəsi 50+ yaş kateqoriyasına aid şəxslərdən təşkil olunur. Bütün bunlar isə yaşlı nəsil arasında aparılacaq təbliğat-təşviqatın təkcə əhali səviyyəsində deyil, o cümlədən siyasi və iqtisadi elita səviyyəsində Azərbaycana dəstək qazandıra bilməsini nəzərdə tutur.
İrana qarşı münasibət sorğu iştirakçısının siyasi səhnədə tutduğu mövqedən də çox asılıdır. Siyasi səhnənin bütün cinahlarına (solçu, mərkəzçi, sağçı) aid iştirakçılar ümumən İrana 50%-dən artıq göstərici ilə neqativ münasibət bəsləsə də, ən yüksək göstəricilər sağçı siyasi baxışlara malik iştirakçılarda müşahidə olunmuşdur. İsveçdə sağçıların 90%-i, ABŞ-da və Belçikada isə 77%-i İrana neqativ münasibət bəsləyirlər. Mövcud gərginlik İran əleyhinə Azərbaycana dəstək bəyanatlarının gəlməsini zəruri etsə qeyd edilən faktlar lobbiçilik fəaliyyətinin düzgün təşkil edilməsi baxımından faydalı olacaqdır. Qısa zamanda daha çox effektivlik əldə etmək üçün Azərbaycanın səfirlik və diasporlarının ilk növbədə sağçı deputatlara, siyasətçilərə və partiyalara dəstək üçün yaxınlaşması məqsədəuyğundur.
Birləşmiş Ştatlarda sağ-mərkəzçi olan respublikaçılar partiyası üzvlərinin 82%-i, sol-mərkəzçi olan demokratlar partiyası üzvlərinin isə 70%-i İrana neqativ münasibət bəsləyir. Hər iki partiya nümayəndələri İrana mənfi münasibət bəsləsələr də, siyasi məqsədlə ilk növbədə respublikaçılara yaxınlaşmaq daha məntiqidir. Bu əqlinəticə həm sorğu göstərici nəticələrindən irəli gəlir, həm də Azərbaycana hər addımda mane olmağa çalışan erməni diasporunun demokratlar partiyası ilə daha yaxın olması faktından törəyir.
Nəticə etibarı ilə İranın bir çox böyük güc və nüfuza malik ölkələr içərisində özünə rəqib qazanması bəlli oldu. Həmçinin bu məlumatların Azərbaycan diplomatiyasının əlində effektiv təsir vasitəsinə və alətinə çevrilə biləcəyi də əsaslandırılırdı. Bununla belə Azərbaycan öz sülhpərvər və əməkdaşlığa meylli siyasəti ilə öz qonşuları ilə əmin-amanlıq və stabillik şəraitində yaşamaq məqsədini güdür. Ümid edək İran anlayacaq ki, Azərbaycana qarşı əsasız ittihamlar və aqressiv addımların yeganə mümkün nəticəsi ona qarşı mənfi münasibət bəsləyən cəmiyyətlərin sayını bir dənə daha çox artırmaqdan savayı heçnə ona bəxş etməyəcək, Azərbaycanın təklif etdiyi sülh və əməkdaşlıq platformasına qoşulma isə onun xarici siyasət ptioritetlərinin gerçəkləşməsinin real şanslar yaradacaq.