Çin Xalq Respublikasının rəhbəri Si Sinpinin 2013-cü ildə elan etdiyi “Bir Kəmər - Bir Yol” – müasir İpək Yolu layihəsi dünyanın 60-dan artıq ölkəsini əhatə etməklə son 10 ilin ən əhəmiyyətli qlobal iqtisadi-siyasi meqa – layihələri arasında birinciliyi tutmuş oldu.
Hər ötən gün populyarlığını daha da artıran iqtisadi addım 6 əsas koridordan keçməklə Asiya, Avropa və Afrikanın, eyni zamanda isə bir dəniz nəqliyyatını da özündə ehtiva edir .
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfəri zamanı "Bir kəmər, bir yol" strategiyasının tərkib hissəsi olan "İpək yolu iqtisadi" kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Prezidenti "Bir kəmər, bir yol" əməkdaşlığının fəal ölkəsi kimi hələ 2019-cu ilin may ayının əvvəlində Pekində 37 dövlət və hökumət başçısının, beynəlxalq və regional təşkilatların rəhbərlərinin iştirak etdiyi ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumuna qatılıb.
“Qeyd etmək lazımdır ki, Avrasiyanın mərkəzində, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarixi İpək Yolunun vacib ölkələrindən biri olub. Müasir dövrdə Azərbaycan öz tarixi ənənələrinə söykənərək, beynəlxalq ticarət dəhlizlərinin yaradılmasında fəal iştirak edir. Ulu öndər Heydər Əliyev Azərbaycanın coğrafi və iqtisadi imkanlarını düzgün qiymətləndirərək, ölkəmizin beynəlxalq ticarət daşımalarında fəal iştirakı ilə bağlı əməli işlər görmüşdü. Bu istiqamətdə onun təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda 13 beynəlxalq təşkilat və 32 dövlət nümayəndə heyətlərinin iştirakı ilə "ТRACECA - Tarixi İpək Yolunun Bərpası" Beynəlxalq Konfransı keçirilib. Məhz bu önəmli toplantıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq tranzit daşımalarının daha səmərəli təşkilinin hüquqi əsasları qoyulub”.
Hazırda Azərbaycan aşağıdakı resurslar vasitəsilə qlobal layihənin bir parçası olmağı hədəfləməkdədir:
- 6 beynəlxalq hava limanı,
- Bakı yük terminalı,
- Ələt Ticarət Limanı,
- Ən müasir yük gəmilərinə malik Xəzər dənizindəki yük donanması,
- 2017-ci ildə istifadəyə verilən və Avropa ilə Çin arasında ən qısa dəmir yolu bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu,
Ölkə rəhbərinin 2019-cu il Çin səfərinin önə çıxartdığı iki əsas nüans:
1. ÇXR Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyev ilə aprelin 24-də Pekində keçirdiyi görüş zamanı "Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir” deyə bildirir.
2. Həmin dövrdə Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənədin imzalanır və ölkələrimizin iqtisadi-ticari əlaqələrinin, xüsusən də "Bir kəmər, bir yol" strategiyası üzrə əməkdaşlığının böyük perspektivləri yaranır.
Azərbaycanın qalib gəldiyi Vətən Müharibəsinin nəticələrinin qeyd edildiyi Ermənistan üçün 10 noyabr kapitulyasiyasının - İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.
Müvafiq dövrdən sonra Gürcüstan vasitəsilə enerji, nəqliyyat və logistika layihələrini həyata keçirən Azərbaycan daha bir alternativ dəhliz əldə etməklə bölgəsəl və regional əməkdaşlığın əsas təşkilatçı ölkəsinə çevrilir, Avropa – Asiya və Afrika arasında ən optimal ötürücü bölgə funksiyasına real iddiaçı olaraq meydana çıxır.
Az sonra ölkə rəhbəri “Altılıq Platforması” ideyasını səsləndirərək, Qafqazdan Orta Asiyaya, İrandan – Şimala və Türkiyəni türk dünyasına, Britaniyanı Çinə birləşdirəcək ana xətlərin, nəqliyyat damarlarının inşası üçün real imkanları vəd edir .
Maraqlıdır ki, “Bir Kəmər – Bir Yol” layihəsinin Azərbaycandan keçəcək hissəsinin bir qolunu daha optiumal alternativ olan Zəngəzur dəhlizi vasitəsilə də reallaşdırmağın mümkün olması barədə mesajlar və konkret atılan addımlar:
a) Azərbaycan və Türkmənistan arasında “Xəzərdə yataqların birlikdə istismarı” barədə cari ilin yanvar ayında razılığın əldə edilməsi;
b) Azərbaycan və Türkiyənin səyləri nəticəsində Gürcüstanın siyasi və hərbi münaqişə yaşadığı Rusiya ilə eyni iqtisadi məkana - Altlıq Platformasına isti baxması;
c) 10 noyabr razılaşması ilə Zəngəzur dəhlizinin açılması və Ermənistanın regional iqtisadi inteqrasiyaya cəlb edilməsi; və s. Çin üçün də cazibədarlığını çox gözlətmədi.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Quo Min ölkəsinin mövqeyini belə açıqlayır:
"Zəngəzur dəhlizi Çinin “Bir kəmər, bir yol” nəqliyyat layihəsinə töhfə verəcək".
Haşiyə:
2015-ci ilin avqustunda Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib. 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 19 qatarla yük daşınıb.
Azərbaycan-Çin ikitərəfli ticarət dövriyyəsinin son 5 ildə dinamikasına diqqət yetirəndə ciddi inkişaf gözə dəyir. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon ABŞ dolları təşkil etdiyi halda, 2016-cı ildə bu rəqəm 975 milyona, 2017-ci ildə 1 milyard 298 milyona, 2018-ci ildə 1 milyard 310 milyona, 2019-cu ildə isə 2 milyard 184 milyona yüksəlib. Ötən il ticarət dövriyyəsi 2018-ci il ilə müqayisədə 66,7% artıb. Bu, Azərbaycanın ümumi xarici ticarətinin 6,56%-nə bərabərdir. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payı 43% təşkil edir. Amma qarşılıqlı ticarətdə Çinin xeyrinə müsbət saldo var. Ötən il Azərbaycanın Çinə ixracında indiyə qədər olan ən yüksək rəqəm (752 milyon dollar) qeydə alınsa da, Çindən idxalat da kəskin artaraq 1 milyard 432 milyon dolları ötüb. Azərbaycanın ixracı əsasən xam neft və neft-kimya sənayesi məhsullarıdır, Çindən isə çox geniş çeşiddə məhsullar (elektrotexnikadan ətriyyata qədər) gətirilir. Qarşılıqlı yatırımlarda da disbalans var: Çin şirkətləri Azərbaycana 800 milyon dollardan çox investisiya yatırdıqları halda, kiçik Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 1,7 milyard dollar təşkil edir. Azərbaycanda 120-yə yaxın Çin sərmayəli şirkət fəaliyyət göstərir.
Göründüyü kimi, ÇXR-in böyük iqtisadi imkanları və dünyaca iqtisadi qüdrəti ilə hazırda həyata keçirdiyi siyasət dünyanın əksər ölkələri üçün əməkdaşlıq, sabitlik və rifah kimi məsələləri də aktuallaşdırır.
Vətən müharibəsinin nəticələrinə uyğun olaraq yeni formalaşan iqtisadi reallıqlar, nəhayət, Çin nöqteyi-nəzərdən – Çin İsrailin ən böyük portunu - Haifa limanının icarəyə götürməsi iqtisadi və olduqca ciddi geopolitik dalğalarla müşayiət edilməyə başlayıb.
Hesab etmək olar ki, bunun da bir səbəbi yaxın keçmişdə Misirin idarəçiliyində yer alan Suveyş kanalının 10 günə yaxın müddətdə gəmi qəzası ilə bağlı qalması və beynəlxalq dövriyyənin milyardlarla zərər etməsi oldu.
Sözügedən tarixdə iki detal dünya ictimaiyyətinin diqqətini cəlb etdi:
- Birincisi, İsrailin öz limanlarını Suveyşə alternativ kimi təqdim etməsi;
- İkincisi, Türkiyənin iradəli bir formada inşasına başladığı Kanal İstanbul;
Hazırda Azərbaycan – Çin münasibətləri məhz bu detallar üzrə hesab etsək, yeni mərhələyə qədəm qoyur.
https://www.aa.com.tr/tr/analiz-haber/cinin-kusak-yol-projesinde-israilin-konumu/1247887
https://azertag.az/xeber/Azerbaycan____quotBir_kemer_bir_yol_quot_emekdasliginin_feal_olkesi-1277356
https://az.wikipedia.org/wiki/Z%C9%99ng%C9%99z ur_d%C9%99hlizi
https://www.bbc.com/azeri/region-56045861
https://bakuresearchinstitute.org/az/azerbaijan-china-relations/