Birləşmiş Ştatların 20 il davam edən Əfqanıstan kampaniyası 2 trln.dollar və minlərlə amerikalı hərbçisinin ölümü hesabına başa gəlmişdir. Gallup mərkəzinin 2021-ci il 6-21 iyul tarixində keçirtdiyi sorğusuna əsasən, ABŞ-ın Əfqanıstana 2001-ci ildə qoşun göndərməsi qərarını iştirakçıların 47%-i səhv, 46%-i isə düz addım adlandırmışdılar. İnsanların ABŞ-ın Əfqanıstan kampaniyasına neqativ münasibət bəsləməsi bir 2001-ci ilin noyabrında, bir də 2014-cü ildə (49%) bu dərəcədə yüksək olmuşdur. NBC News-un 14-17 avqust tarixlərində, yəni çoxlu sayda Amerika hərbçisi və mülkinin ölümünə gətirən 26 avqust tarixli partlayışdan qabaq, keçirtdiyi sorğusunda 61% respondent Əfqanıstan kampaniyasının ona sərf edilən resurslara dəymədiyi qənaətinə gəlmişdir. 12-16 avqust tarixlərində AP-NORC sorğu mərkəzi tərəfindən aparılan sorğu da oxşar nəticələr (62%) göstərmişdi.
İpsos mərkəzi Amerika prezidenti C. Baydenin ABŞ qoşunlarını Əfqanıstandan çıxartmaq haqqında qərarından sonra sorğu həyata keçirtdikdə qərarın cəmiyyətdə 50% dəstək və 27% tənqid yaratdığımı müəyyənləşdirmişdir. Chicago Council Survey tərəfindən keçirilən sorğu 70%, Quinnipiac tərəfindən keçirilən sorğu isə 62% dəstək nümayiş etdirdi. Hətta Talibanın Əfqanıstanda hakim mövqelər tutması haqqında xəbərlər Amerikanın media sferasında dominantlıq etdiyi zaman belə ölkə vətəndaşları qoşunların Əfqanıstandan çıxarılmasını dəstəkləyirdilər. Beləki, CBS News-un 18-20 avqust tarixlərində keçirtdiyi sorğuda dəstək 63%, Morning Consult/Politico tərəfindən keçirilən sorğuda isə 53%-36% nisbəti ilə qoşunların çıxarılması xeyrinə olmuşdur. Morning Consult/Politico qoşunların çıxarılmasına yönələn dəstəyin nə dərəcədə güclü və səmimi olmasını müəyyən etmək üçün iştirakçılar qarşısında sualı belə formada qoymuşdur: “Əl -Qaidə və digər terror qruplarının Əfqanıstanda əməliyyatlar qurması üçün bir yol açacağı anlamına gəlsə belə, ABŞ -ın Əfqanıstandakı hərbi varlığını hələ də geri çəkməli olduğuna inanırsınızmı?” Sual “Əl-Qaidə” və “terrorizm” ifadələrini daxil etsə belə 45% insan qoşunların çıxarılmasına dəstək, 40% insan isə buna qarşı çıxmışdı.
Qoşunların çıxarılması məqsədinə əksər amerikalılar dəstək nümayiş etdirsələr də, prosesin necə həyata keçirilməsindən əksəriyyət narazı idi. NBC News-un araşdırmalarına görə cəmi 25% iştirakçı Baydenin qoşunları müvəfəqiyyətlə Əfqanıstandan çıxara biləcəyinə inanırdı. 74% insan prosesin pis təşkilatlandığı, 67% isə C. Baydenin qoşunların çıxarılmasına dair konkret plana malik olmadığı qənaətində idi. Morning Consult/Politico tərəfindən eyni istiqamətdə aparılan araşdırma 31% dəstək, 57% tənqidin olmasını müəyyən etmişdi. USA Today/Suffolk sorğusu isə cəmi 27% amerikalının C. Baydenin qoşunları müvəfəqiyyətlə Əfqanıstandan çıxara biləcəyinə inandığını müəyyən etmişdi.
Qoşunların çıxarılmasını əksər ABŞ vətəndaşı dəstəkləsə də, qoşunların çıxarılma prosesi çərçivəsində prezident C. Baydenin reytinqləri hissolunan dərəcədə aşağı düşdü. Gallup tərəfindən aparılan sorğu Bayden administrasiyasının 49% dəstəyə malik olmasını müəyyən etdi. Suffolk Universitetinin USA Today üçün həyata keçirtdiyi sorğu (19-23 avqust) Baydenin dəstək reytinqinin 41%-ə endiyini müəyyən etdi.
Pew Research tərəfindən keçirilən sorğu məsələnin dərinliklərini anlamaq baxımından önəmlidir. 23-29 avqust tarixlərində keçirilən sorğu nəticələrinə görə Əfqanıstandan qoşunların çıxarılmasını 42% iştirakçı səhv, 54% iştirakçı isə düzgün addım adlandırmışdı. Bununla belə ABŞ-ın Əfqanıstanda qarşısına qoyduğu hədəflərə çatma məsələsində Amerikalıların əksəriyyəti (69%) dövlətin uğursuzluğa düçar olduğu fikrindədir. Prezident C. Baydenin qoşunları Əfqanıstandan necə çıxartması sualına isə 6% iştirakçı “əla”, 21% “yaxşı”, 29% iştirakçı “sadəcə ədalətli”, 42% iştirakçi isə “zəif” cavabını vermişdir.
Sorğuda iştirak edən insanların cavabları onların partiya mənsubluğu ilə güclü korelyasiya olunurdu. 61% respublikaçı Taliban tərəfindən idarə olunan Əfqanıstanı ABŞ-ın təhlükəsizliyi üçün əsas hədə kimi nəzərdən keçirtdiyi halda, demokratlar arasında bu göstərici 33% civarında hesablanır. Qeyd edək ki, hər iki partiya üzvləri Taliban tərəfindən idarə olunan Əfqanıstanı ABŞ-ın milli təhlükəsizliyinə hədə sayırlar. Sadəcə respublikaçılar buna böyük əhəmiyyət verib, onu əsas hədələr sırasında nəzərdən keçirtdiyi halda, 54% demokrat onu az əhəmiyyətli hədə qismində nəzərdən keçirir. Maraqlısı odur ki, 5% respublikaçı və 10% demokrat Taliban tərəfindən idarə olunan Əfqanıstanı ABŞ üçün ümumiyyətlə hədə hesab etmir. Vurğulayaq ki, sorğu 23-29 avqust aylarına təsadüf etsə də, məlumatların əksəriyyəti Əfqanıstanda 13 ABŞ hərbçisi və 169 əfqanlının ölümünə səbəb olan 26 avqust partlayışından qabaq toplanmışdır. Bu o deməkdir ki, bu sorğu nəticələri xronoloji baxımından ən təzə olmasına baxmayaraq Amerika cəmiyyətinin real düşüncələri tam olaraq ifadə etmir. Daha adekvat nəticələr Əfqanıstanda baş vermiş partlayışdan sonra keçiriləcək sorğuda ifadə olunacaq.
Amma hətta bu sorğu belə Əfqanıstan məsələsi üzrə Amerika cəmiyyətinin iki yerə parçalandığını aydın nümayiş etdirir. Qoşunların çıxarılma qərarını respublikaçıların 64%-i səhv, 34%-i düzgün qərar adlandırmışdır. Demokratlar içərisində bu nisbət 27% (tənqid) və 70% (dəstək) civarında hesablanırdı. Amerika əhalisinin 69%-i ABŞ-ın Əfqanıstan kampaniyasını uğursuz adlandırdı. Vurğulayaq ki, kampaniyanın uğursuz olmasında həm respublikaçılar, həm də demokratlar həmrəydir. Respublikaçılar içərisində bu göstərici 70%, demokratlar içərisində isə 69%-ə bərabər idi. ABŞ-ın Əfqanıstan kampaniyasına 2001-ci ildə başlamasını isə 42% iştirakçı səhv, 55% insan isə düzgün qərar hesab edirlər. Respublikaçıların 69%-i qərarı düzgün, 29%-i səhv hesab etdiyi halda, demokratlarda əksinə 54% insan qərarı səhv, 44% insan isə düzgün hesab edir.
Qoşunların çıxarılması prosedurunu cəmi 44% demokrat (9% “əla”, 34% “yaxşı”) müsbət qiymətləndirdiyi halda, respublikaçılar arasında bu göstərici 7%-dən az idi (1% “əla”, 6% “yaxşı). Bunun əksinə, respublikaçıların 77%-i qoşunların çıxarılmasının zəif təşkil olunduğunu hesab etdikləri halda, demokratlar içərisində belə düşünənlər 15%-dən çox deyildi.
Amerikanın sorğu mərkəzləri tərəfindən aparılan tədqiqatlar Əfqanıstan məsələsinin cəmiyyətdə güclü parçalanma yaratdığını nümayiş etdirsə də, bunun Amerikanın daxili siyasətinə real və potensial təsir limitlərini adekvat qəbul etmək lazımdır. Gallup mərkəzi tərəfindən aparılan sorğu göstərir ki, Əfqanıstan amerikalılar tərəfindən ilk 5 əsas problem qismində nəzərdən keçirilmir. Araşdırmalar göstərir ki, 2021-ci ilin iyulunda vətəndalar üçün birinci yerdə hökümət, ikinci yerdə Covid-19 yoluxma, ardınca isə irqi münasibətlər, immiqrasiya və iqtisadiyyat problemləri gəlirdi. Avqust ayında ilk beşliyə daxil problemlər eyni qalsa da, onların ardıcıllığında nəzərəçarpan dəyişikliklər müşahidə olunurdu. Birinci yerə 26% göstərici ilə Covid-19 yoluxması, ardınca 16% göstərici ilə hökümət, immiqrasiya (11%), iqtisadiyyat (8%) və irqi münasibətlər (4%) çıxmış oldu.
Mənbələr:
1. https://news.gallup.com/opinion/polling-matters/354182/american-public-opinion-afghanistan-situation.aspx
2. https://www.pewresearch.org/fact-tank/2021/08/31/majority-of-u-s-public-favors-afghanistan-troop-withdrawal-biden-criticized-for-his-handling-of-situation/?amp=1
3. https://news.gallup.com/poll/354026/satisfaction-drops-covid-resurges-top-problem.aspx