Çevik və qəti mövqe mənzərəni aydınlaşdırdı

26.07.2021

"Azərbaycan bölgəni dirçəldir, bu həqiqəti hamı dərk etməlidir"

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində mühüm məqamlara toxunub. Dövlət başçısı qeyd edib ki, Qarabağda yaşayan ermənilərin real sayı 25 mindir. Amma bəzən bu rəqəmləri şişirdirlər: “Başqa rəqəmlər səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb”. Ölkə rəhbəri deyib ki, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var və oradakı maşınların sayını bilirik:

“Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?”. 

Prezident vurğulayıb ki, Aİ Şurasının rəhbəri Şarl Mişelin “status”, “Dağlıq Qarabağ” sözlərini işlətməməsi çox müdrik addım idi: “Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ.

Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib”.

Ölkə başçısı bildirib ki, müharibə başa çatandan sonra “Dağlıq Qarabağ”dan danışmaq yersizdir: “Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir”. 

Postpandemiya zamanı üçün siyasi konturlar vacib və önəmlidir.

Nəzərə almalıyıq ki, məsələlər heç də təsadüfi deyil və Azərbaycanın çevik və qəti mövqeyi əsasında formalaşıb. Burada cənab Prezidentin güclü liderliyi və səriştəsi əsas faktordur. Həmçinin, mükəmməl koordinasiya olunan komanda işi də müstəsna rol oynayır. Minsk qrupunun monopolist mövqeyinin və keçmiş gündəliklə regional məsələlərə müdaxiləsinin qarşısının alınması da diqqətimizdə olmalıdır. Məhz Minsk qrupunun yarıtmaz fəaliyyəti bütün narazılıqları yaradır, torpaqlarımızın qəsbinin sonlandırılmasında heç bir rol oynamırdı.

Dağlıq Qarabağ termininin siyasi leksikondan çıxarılması birbaşa cənab Prezidentin qətiyyətinin nəticəsidir. Diqqət etdinizsə, Rusiya da artıq bu sözdən istifadə etmir. Ölkə başçısı həm də erməni kartını oyuncaq edənlərə də layiqli cavablarını verdi. Qeyd etdi ki, ermənilərin kompakt yaşadığı digər ölkələrdə “Dağlıq Qarabağ” termini istifadə oluna bilər.

Bəs Fransa Marseldəki ermənilərə status verərmi? Cavabı məncə hamıya bəllidir. Eyni zamanda yeni iqtisadi rayonlar və onların siyasi müstəviyə gətirilməsi - Şərqi Zəngəzur, Ermənistan-Azərbaycan sərhədlərinə yenidən baxış və sərhəd xətti boyunca tarixi ədalətin təmin olunması, sovet dövründə yol verilmiş xətaların aradan qaldırılması və delimitasiya və demarkasiya məsələləri üzərində ədalət bərpa olunmalıdır. Hazırda ölkəmiz bunun üçün bütün mümkün səyləri nümayiş etdirir.

Sülh sazişi təklifi dəfələrlə tərəfimizdən səslənib.

Regionun transformasiyası, regional nəqliyyat dəhlizləri konsepsiyasına Ermənistanın hələlik əks çıxması bütün böyük regional gücləri narahat etməli və daha aydın mövqe qoymalıdırlar. “Status” məsələsinin tarixin zibil qutusuna getməsi, 20-25 min nəfərdən ibarət etnik azlığa hər hansı “status”un düşməməsi, bundan sonra bütün məsələlərin Azərbaycan konstitusiyası və qanunları əsasında həll edilməsi, etnik azlıq kimi ermənilərin də hüquqlarının qorunması ilk gündən bəyan etdiyimiz proqramlardır.

Bundan sonra ağlı başında olan heç bir güc buna qarşı çıxa bilməz. Azərbaycan bölgəni dirçəldir, bu həqiqəti hamı dərk etməlidir!

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır