Tarixin erkən çağlarından düşüncə dünyanın əsas maraq duyduğu sahə olub. Məhz bu üzdəndir ki, elm hələ formalaşmamiş ikən dünyagörüşü formaları və fəlsəfə vardı. Fəlsəfənin ən qədim fikir mənbələrindən olan Aristotel düşüncəni insanın ən ali xüsusiyyətlərindən sayırdı. Rene Dekart “düşünürəmsə deməli mövcudam” deyəndə varlığın fəlsəfəsinin kökündə düşünmənin önəmini xüsusi vurğulayırdı.
Tarixin bütün dövrlərində fəlsəfə klubları və müxtəlif dərnəklər yaradıldı və qlobal düşüncəyə istiqamət verildi. 20-ci əsrin sonlarından başlayan və bu günə qədər davam edən müddətdə düşüncə mərkəzləri xüsusilə beynəlxalq münasibətlərdə dövlət siyasətinin formalaşmasında təsirli idi.
Əvvəlcə ABŞ-da aktiv rol alan, daha sonra yalnız ABŞ-ın deyil, dünyanın bir çox ölkələrinin siyasət qurma proseslərində iştirak edən düşüncə mərkəzləri sonralar fəaliyyətini daha da genişləndirərək bir çox formalarda özünü göstərdi. Başqa sözlə, bu “düşüncə fabrikləri” önümüzdəki dövrdə dünya iqtisadiyyatında və siyasətində öz ağırlıqlarını hiss etdirməyə davam etdilər və bu, indi də davam edir.
“Think Thank” dövlətlərin qərar qəbul etmə müddətlərinin səmərəliliyini artırmaq və düzgün siyasətə riayət olunmasını təmin etmək üçün diskursiv bir qavrayış yaratmaq üçün fəaliyyət göstərir. Düşüncə mərkəzinin konkret metodoloji tərifi yoxdur.
Tanınmış debat filosoflarından Karl Popper deyirdi ki, tədqiqatçının konkret bir tərifi onun düşüncə sərhədlərini buxovlamağa bərabərdir.
Düşüncə mərkəzi tədqiqatları ilə qərar qəbul edənlərin siyasətində təsirli olmağı hədəfləyirlər. Gündəmdəki mövzuya uyğun olaraq cəmiyyətin məlumatlılığını artırmaq məqsədi daşıyırlar bəzən.
Düşüncə mərkəzləri tədqiqat aparmaq və akademik dünya ilə dövlətlər və ya hökumətlərin siyasətlərini həyata keçirmək arasında bir körpü rolunu oynamaq məqsədi ilə yaradılan müstəqil qurumlardır. Sosial, iqtisadi, mədəni, hərbi mövzularda və texnologiya kimi müxtəlif sahələrdə araşdırma aparan, strategiya və analiz hazırlayan təşkilatlardır. Bir çox düşüncə mərkəzi hökumətlər, maraq qrupları və ya iş adamları tərəfindən dəstəklənir və maliyyələşdirilir. Bəzən gəlirlər məsləhət və tədqiqatlardan da əldə edilə bilir.
"İntellektual sahibkarlar" da adlandırdığımız bu düşüncə mərkəzləri azad və müstəqil təşəbbüslər yaratmaq mərhələsində bir çox fərqli və yenilikçi fikirlər irəli sürə bilər.
Bəzi akademik dairələrə görə, beyin mərkəzi anlayışının “düşüncə mərkəzi” adlandırılması çox doğru izah deyil. Bu tezisi müdafiə edənlər akademiklərin və jurnalistlərin siyasi və ya sosial mövzularda düşüncə və reportajlar hazırladıqlarını və onlara “düşüncə mərkəzləri” deyilə bilməyəcəyini bir nümunə göstərirlər.
“Think Tank" qısaca olaraq tədqiqat mərkəzi, düşüncə və nəzəriyyə istehsal edən ekspertlər qrupu kimi də xarakterizə olunur. 'Düşüncə mərkəzi' və ya 'Tədqiqat mərkəzi' həm akademik ictimaiyyətdə, həm də praktikada ən çox seçilən təsvirdir. Bir çox hallarda düşüncə mərkəzləri üç qrupda qiymətləndirilir.
İlk düşüncə mərkəzləri ideoloji istiqamət axtarmadan xidmət göstərən və tələbəsiz bir universitet olaraq da bilinən ticarət qazancı və prestijinə üstünlük verən təşkilatlardır. Bu kateqoriyada sosial dövlət prinsipinə qarşı çıxan “Brookings İnstitutu”, güclü mühafizəkar tərəfi olan Amerika Müəssisələr İnstitutu, liberal siyasəti dəstəkləyən Kato İnstitutu, Krallıq Beynəlxalq İşlər İnstitutu (İngiltərə), Avropadan “Wissenschaft und Politik” (Almaniya) kimi təşkilatlar verilə bilər. Bu qrupdakı təşkilatlar məxfi olmayan işlərini internetdə çap edir və dərc edirlər. İkinci qrup düşüncə mərkəzləri isə açıq ideoloji cəhətlərinə baxmayaraq özlərini müstəqil olaraq təyin edən və qazanmaqdan daha çox ümumi maraqlar hədəfləyən təşkilatlar kimi görünürlər. Bu qrupun nümunələri “Heritage Foundation”, “Policy Studies Institute” və başqa mərkəzlərdir. Üçüncü düşüncə mərkəzləri qrupuna mənfəət yönümlü təşkilatlar da daxildir. Bu təşkilatlar həmkarlar ittifaqları və ya siyasi partiyalarla üzvi əlaqələri olan institutları əhatə edir. Bu cür institutlar mənsub olduqları təşkilatın siyasi hədəflərinə çatması üçün lazımi metod və söhbəti hazırlayır və bu funksiyalarına görə ABŞ-da siyasi müəssisələr adlanır; ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər və ya lobbiçilərlə eyni kateqoriyada qiymətləndirilir.
"Think Tank" ifadəsi ilk dəfə Brookings İnstitutu tərəfindən 1927-ci ildə istifadə edilmiş, lakin məşhur istifadəsi 1950-ci illərdə tapılmışdır. Düçüncə mərkəzləri ABŞ-da daha aktivdir, başqa sözlə, ABŞ-dakı təşkilatlar dövlət siyasətində mühüm yer tutur.
Bugünkü dünyada bir çox düşüncə mərkəzi var. Ən çox beyin mərkəzi ABŞ-dadır və onların sayı 1800 civarındadır.
ABŞ-da ilk düşüncə mərkəzi dalğası 20-ci əsrin əvvəllərində yaşandı. Bu dövrdə yaradılan düşüncə mərkəzləri arasında Karnegi Fondu (1910), Brookings İnstitutu (1916), Hoover İnstitutu (1919) və Xarici Əlaqələr Şurası (1921) var. Bu təşkilatlar özlərini siyasi təsirlərdən uzaq tutmağı bacardılar və fərqli fikirlərə imkan verən demokratik quruluşları sayəsində qanun və siyasətçilər üçün hörmətli təşkilatlar halına gəldilər. Bu dövrdə xüsusilə Böyük Depressiyanın səbəbləri və iqtisadi böhranın həlli ilə bağlı araşdırmaları ilə diqqəti cəlb edən birinci nəsil Amerika düşüncə mərkəzləri ABŞ-ın yeni xarici siyasətinə paralel olaraq daha vacib rol oynadılar. Amerikada Hərbi Hava Qüvvələri beyin mərkəzlərinin əhəmiyyətini və ABŞ-ın yeni və qlobal xarici siyasət anlayışının tələb etdiyi təcrübəni dərk edərək 1945-ci ildə RAND qurdu. RAND və bənzər beyin mərkəzləri ABŞ-ın ikinci nəsil beyin mərkəzləri oldu. 1973-cü ildə “Heritage Foundation”-ın yaradılması ABŞ tarixində daha bir mühüm dönüş nöqtəsi oldu. Azad sahibkarlığı və mühafizəkar dəyərləri qorumaq üçün siyasətçilər üçün əhatəli hesabatlar hazırlamaq üçün qurulan “Miras” müasir düşüncə mərkəzlərinin ilk nümunələrindən biri idi.
Bütövlükdə imperialist hücumların bəhanələrini də təəssüflər olsun ki, düşüncə mərkəzi adı ilə yaradılan təşkilatlar hazırlaya bilirlər.
İstənilən halda dünyanı ya müsbət, ya da mənfi anlamda dəyişmək istiqamətində beyin mərkəzləri önəmli bir gücdür. Süni zəkanın gücləndiyi yeni texnoloji erada isə düşüncə mərkəzləri daha da mühüm rolları oynayacaq.