Azərbaycanda tarixi varisik, müstəqilliyə aparan yollar, hüquqi islahatlar: Şərqdə demokratiya, parlamentarizm və dünyəvilik ənənəsi/ II HİSSƏ

29.06.2021

Bu gün dünya müstəvisində Azərbaycanın müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının əsası Azərbaycan Demokratik Respublikası (ADR) dövründə  qoyulmuşdur. Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olunmuşdu və hüquqi dövlətin təşəkkülü məsələlərinin geniş ictimaiyyətin hüquq mədəniyyəti və maariflənməsi ilə paralel aparılması həyati vacib məsələ kimi nəzərə alınmışdır.

İslahatların ADR dövrü

 

1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası[1], daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın  bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda Milli Şura Cənub-Şərqi Qafqazda Azərbaycanın Müstəqil Demokratik Respublikasının qurulması barədə qərar qəbul etmişdi. ADR-in 28 may 1918-ci il tarixdə qəbul etdiyi ilk normativ hüquqi akt/müstəqillik haqqında akt - İstiqlal bəyannaməsi qəbul etmişdir[2]. Həmin iclasda Milli Şura ilk müvəqqəti hökumətin yaradılması haqqında qərar qəbul etmişdir. Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçmüş, noyabrın 16-dan dekabrın 7-sinədək yəni ilk parlamentin açılışınadək Bakıda fəaliyyətini davam etdirmişdir.

 

Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə dair arxiv sənədlərindən aydın olur ki, təşkilati işlər başa çatdırıldıqdan sonra parlamentin açılışı 1918-ci il dekabrın 3-nə təyin olundu. Lakin parlamentin ilk iclası dekabrın 7-də keçirildi. Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, doktor Həsənbəy Ağayev isə sədrin birinci müavini seçildilər. Ə.Topçubaşov bu vaxt İstanbulda olduğu üçün parlamentə H.Ağayev sədrlik etmişdir.

 

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik respublika idarə üsulunun, parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Demokratik Respublikası İstiqlal Bəyannaməsini elan edərək millət, din, məzhəb, sinif, cins ayrılığı gözləmədən öz ərazisində yaşayan bütün vətəndaşlara hüquq bərabərliyi, azadlıq, dinc həyat bəxş edirdi[3].

 

Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.

 

Azərbaycan Demokratik Respublikasının Parlamenti öz fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.

 

Azərbaycan Demokratik Respublikası dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr - 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Altı aya qədər davam edən bu müddət ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 deputatdan[4] ibarət dörd müsəlman partiyası -"Müsavat" və ona qoşulan demokratik bitərəflər qrupu, "Müsəlman sosialist bloku", "Rusiyada Müsəlmanlıq" ("İttihad"), "Hümmət" (menşevik) partiyaları təmsil edirdi.

 

İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir. İstiqlal Bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas - 1918-ci il mayın 27-də Tiflisdə, son iclas - 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağırılmaq şərti ilə bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdi. ADR hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin - geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir[5].

 

ADR-in parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir. İlk iclas - 1918-ci il dekabrın 7-də, son iclas 1920-ci il aprelin 27-də keçirilmişdir. Bütün bu iclaslarda ADR-in Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.

 

Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi.

 

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, ADR Hökuməti və Parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin һәr yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, kitabxanalar açılır,qısa müddətli müəllim kursları, kənd yerlərində xəstəxana və feldşer məntəqələri yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması ADR xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi[6]. 

 

Azərbaycan Demokratik Respublikasının dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Demokratik Respublikasının mövcud olduğu dövrdə, ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olmuşdur[7].

 

Parlamentin yaradılması haqqında qəbul edilmiş qanunda Parlamentin 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdu. Həmin qanunda Azərbaycan əhalisinin ümumi sayına müvafıq olaraq erməni nümayəndələri üçün 21 yer, rus nümayəndələri üçün isə 10 yer ayrılmasına baxmayaraq onlar Azərbaycan Parlamentinin ilk iclasının açılışında iştirak etməmişdilər. Rus Milli Şurası 1919-cu il yanvarın 31-dən, ermənilər isə həmin ilin fevralından Parlamentin işinə qatılmışdılar. 

 

1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolu oynayan “Azərbaycan parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi.“Parlament nakazı (təlimatı)” əsasında ilk gündən Parlamentin iclasları məcburi surətdə yalnız Azərbaycan dilində aparılırdı. Ancaq başqa millətlərin nümayəndələri rus dilində danışa bilərdilər. 

 

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər. Azərbaycan Demokratik Respublikası Parlamentinin 11 komissiyası var idi. 

 

Azərbaycan Demokratik Respublikası tərəfindən qəbul edilmiş hüquqi aktlar

 

Azərbaycan Demokratik Respublikası Parlamentinin dekabr ayında keçirilmiş iclaslarında “Siyasi amnistiya haqqında” qanun layihəsi müzakirə edildi və 8 yanvar 1919-cu il tarixli iclasında qəbul edildi. Beş bənddən ibarət olan bu qanunun 5-ci bəndinə əsasən 7 dekabr 1918-ci il tarixə qədər mülki və hərbi hakimiyyətin göstərişi ilə qeyri-məhkəmə qaydasında təyin edilmiş cəzalar, həmçinin siyasi etibarsızlıq səbəbindən verilən hökmlər ləğv edilmiş və həmin qərarların icrası ilə bağlı aidiyyəti üzrə Daxili İşlər və Hərbi Nazirliyə tapşırıqlar verilmişdir[8].

 

Parlament əhalinin konkret təbəqələrinin maddi-sosial müdafiəsini gücləndirmək məqsədilə də bir sıra qanunlar qəbul etmişdir. Belə ki, 1919-cu ildə “Dəmir yolu qulluqçularının vəziyyətini yaxşılaşdırmaq haqqında”, “Azərbaycan hökumət təşkilatlarının qulluqçularına Novruz bayramı münasibətilə birdəfəlik yardım verilməsi haqqında” qanunlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır[9].

 

ADR qısa ömür sürməsinə baxmayaraq, əhalinin maarifləndirilməsi işinə xüsusi diqqət yetirmişdir. “Bakı Dövlət Universitetinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” ADR Parlamentinin 29 aprel 1919-cu il tarixli qərarı isə Azərbaycan elminin və təhsilinin inkişafında müstəsna rol oynamışdır. Bu baxımdan parlamentin 1919-cu il sentyabrın 1-də qəbul etdiyi "Bakı Dövlət Universitetinin təsis olunması haqqında" qanunu[10] xüsusi qeyd etmək lazımdır. 

 

Universitetin açılması ADR xadimlərinin xalq qarşısında çox mühüm tarixi xidməti idi. Həmçinin təsadüfi deyildir ki, 1919-1920-ci tədris ilində Avropaya 100 tələbə göndərmək üçün Xalq Maarifi Nazirliyinin sərəncamına Dövlət xəzinəsindən 7 milyon rubl vəsait ayrılması bərədə parlamentin qərarı olmuşdur.

 

ADR tərəfindən qanunvericilik fəaliyyəti baxımından xüsusi əhəmiyyət kəsb edən qanunlardan biri də parlamentin 11 avqust 1919-cu il tarixdə qəbul etdiyi “Azərbaycan vətəndaşlığı haqqında Qanun” idi. Qanunun 1-ci maddəsinə əsasən milli və dini fərqlərə baxmayaraq, özləri və ya valideynləri Azərbaycan Respublikasının ərazisində doğulmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri Azərbaycan vətəndaşları hesab edilirdilər. Qanunun 2-ci bölməsinin 1-ci maddəsində göstərilirdi ki, birinci bölmənin birinci maddəsində göstərilməyən şəxslər a) Azərbaycan vətəndaşlarından doğulanlar; b) azərbaycanlıya ərə gəlmiş əcnəbi qadınlar; c) on yeddi yaşa çatmamış Azərbaycan vətəndaşını övladlığa götürən əcnəbilər[11]Azərbaycan vətəndaşlığı hüququnu əldə edirdilər.

 

Azərbaycan Demokratik Respublikası mövcudluğu dövründə hərbi quruculuq sahəsində də uğurlu addımlar atmışdır. Hərbi mükəlləfiyyət keçməkdən ötrü çağırış yaşı 19 yaş müəyyən edilmişdi.

 

ADR rəhbərləri öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin qayğısına qalmağı da yaddan çıxarmamışdır. Belə ki, parlament “Qaçqınların ehtiyaclarının ödənilməsi haqqında” xüsusi qanun qəbul etmişdir.

 

Parlament zəlzələdən zərər çəkmiş gürcü xalqına yardım edərək 11 mart 1920-ci ildə hökumətin İşlər idarəsinin smetasından 3 milyon manat ayrılması haqqında da qanun qəbul etmişdir.

 

ADR tərəfindən dövlətin iqtisadi müstəqilliyinin təmin edilməsi üçün gömrük xidmətinin mühüm əhəmiyyəti nəzərə alınaraq bu sahədə də bir sıra qanunlar işlənib hazırlanmışdır. Parlamentin 1920-ci il yanvarın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasında gömrük münasibətlərində sərhəd mühafizəsinin yaradılması haqqında”, “Ağstafa gömrük postunun yaradılması haqqında” qəbul etdiyi qanunlar məhz gömrük xidmətinin təşkili istiqamətində mühüm əhəmiyyət kəsb edən qanunvericilik aktlarındandır.

 

ADR məhsuldar işlədiyi dövrdə müstəqil respublikanın ədliyyə, məhkəmə, polis və prokurorluq orqanlarının yaradılmasına da xüsusi diqqət vermişdir. Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Nazirlər Şurasının qərarı ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmişdir.Təsadüfi deyil ki, elə həmin tarix əsas götürülərək ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır.

 

Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 14 noyabr 1918-ci il tarixli qərarı ilə “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilmişdir. Burada Azərbaycan Məhkəmə Palatası yanında prokuror və onun müəyyən sayda müavini vəzifələri təsis edilmişdir.

 

1920-ci ilin yanvar ayının 11-də Paris Sülh Konfransında müttəfiq dövlətlər birliyi tərəfindən Azərbaycanın müstəqilliyi tanındı. Fransada, İranda, Dağıstanda, Gürcüstanda və başqa ölkələrdə respublikanın siyasi nümayəndəliyi artıq fəaliyyət göstərirdi.[12]

 

27 iyun 1918-ci il tarixdə dövlət dilinin türk dili qəbul edilməsi barədə qərar qəbul etmişdir. Qərarda göstərilirdi ki, bütün məhkəmə, inzibati və s. vəzifəli şəxslər bu dili öyrənənə qədər, hökumət idarələrində rus dilinin də tətbiqinə yol verilir.   

 

ADR-in rəhbərliyi dövlətin sosial siyasətini həyata keçirmək üçün ümumi daxili məhsulda istehlak fondunun payının artırılması, əhalinin hər nəfərinə görə istehlak fondunun, ümumi daxili məhsulda milli gəlirin və məşğulluq səviyyəsinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mənzil və kommunal təminatı səviyyəsinin yüksəldilməsinə nail olmaq nəzərdə tutmuşdu. Lakin mürəkkəb beynəlxalq və daxili vəziyyət, iqtisadi çətinliklər, yoluxucu xəstəliklər, keçmiş İrəvan quberniyası ərazisində ermənilərin soyqırımına məruz qalan 150 mindən çox soydaşlarımızın tarixi vətənlərindən didərgin düşərək Azərbaycana pənah gətirməsi, əhalinin çoxluğunu təşkil edən kəndlilərin həyat şəraitini yaxşılaşdırmağın əsas amili olan torpaq məsələsinin həll olunmaması və s. sosial vəziyyəti xeyli çətinləşdirirdi. Belə ağır şəraitdə Azərbaycan Demokratik Respublikası Parlamenti və hökuməti sosial gərginliyi aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirib[13].

 

ADR rəhbərləri öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin qayğısına qalmağı da yaddan çıxarmamışdır. Qaçqınların maddi ehtiyaclarının ödənilməsi və yerləşdirilməsi, onlara tibbi xidmət göstərilməsinin təşkili və bununla əlaqədar başqa məsələlərə xüsusi qayğı göstərilirdi.  Belə ki, parlament “Qaçqınların ehtiyaclarının ödənilməsi haqqında” xüsusi qanun qəbul etmişdir.Hökumət 1918-ci il iyulun 13-də "Qaçqınlara yardımın təşkil edilməsi haqqında", 1919-cu il fevralın 17-də "Qaçqınların yerləşdirilməsi məsələsini nizama salmaq üçün Şamaxı qəzasına komissiya göndərilməsi haqqında", həmin il iyunun 23-də "Qaçqın və köçkünlərin vəziyyətinin, onların daimi yaşayış yerlərinə qayıtması məsələsinin aydınlaşdırılması üçün Mərkəzi komissiyanın yaradılması haqqında”, noyabrın 8-də "Qaçqınların yerləşdirilməsi üçün təcili tədbirlərin görülməsi haqqında" qərarları, Parlamentin 1920-ci il yanvarın 8-də verdiyi "Qaçqınların ehtiyacları üçün 21 milyon manat pul ayrılması haqqında" qanunları bu sahədə atılan mühüm addımlardan idi. Ölkədəki ağır vəziyyətə baxmayaraq hökumət Gürcüstan və Ermənistanda yaşayan soydaşlarımıza da müntəzəm yardım göstərirdi.

 

ADR-in fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif sahələrə aid  qanun layihəsi təqdim olunub və onlardan 10-u sosial sahəni əhatə edib. Pensiya məsələləri üzrə iki əsas qərar qəbul edilib və onlardan biri 1918-ci il avqustun 28-də verilən “Pensiya haqqında qanun layihəsinin tərtib olunması üçün komissiya yaradılması haqqında” qərar idi. Qərarda istefaya çıxanlara xidmət illərinə görə pensiya təyin olunması nəzərdə tutulurdu. ADR-in fəaliyyəti dövründə Bakı şəhərində Əmək Birjası fəaliyyət göstərib. Birja 1918-ci il yanvarın 13-də Bakı şəhər Dumasında yaradılmışdı.

Hökumət fəhlələrin ağır iş rejimi və sosial vəziyyətini nəzərə alaraq əmək haqlarının, müavinətlərin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi və s. ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.

 

Parlamentin 1919-cu il yanvarın 21-də qəbul etdiyi qərarla ADR hökumətində əmək münasibətləri və onunla əlaqədar digər məsələləri tənzimləmək məqsədilə Əmək Nazirliyi təsis edilib. İcra və nəzarətedici səlahiyyət əldə edən Əmək Nazirliyi 1919-cu il yanvarın 25-də fəhlələrin əməyinin mühafizəsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi müşavirə keçirib. Yanvarın 26-da isə nazirlik kollektiv müqavilənin şərtlərində bir sıra dəyişikliklər edilməsi barədə qərar çıxarıb.

 

Hökumətin fəaliyyəti fəhlə qanunvericiliyinin formalaşdırılmasına, fəhlə və sahibkarlar arasında münasibətlərin tənzimlənməsinə, əməyin mühafizəsi və zəhmətkeşlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib. Fəhlələrin və qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə konkret qərarlar qəbul edilib.

 

Azərbaycan hökuməti milliyyətindən asılı olmayaraq sosial vəziyyəti ağır olanlara yardım göstərirdi. Məsələn, hökumət 1919-cu ildə Müsəlman qadın xeyriyyə cəmiyyəti ilə yanaşı, rus və yəhudi xeyriyyə cəmiyyətinə, erməni və yəhudi milli şuralarına və digər cəmiyyətlərə uşaqların, qocaların və digər əhali qruplarının saxlanılması üçün xeyli vəsait ayırıb, 1920-ci ilin fevralında Gürcüstanda baş verən zəlzələ nəticəsində ziyan çəkmiş əhaliyə yardım edib.

 

1919-cu ildə inflyasiya ilə əlaqədar olaraq müavinət və əmək haqlarının artırılması hökumətin sosial siyasətinin əsas prioritetlərini təşkil edirdi. Elə bu məqsədlə parlament Dəmir Yol Nazirliyinin xətti üzrə dəmir yollarında işləyənlərin xidmət illərindən sonrakı təminatı haqqında Əsasnaməni, habelə hökumət qulluqçuları və ibtidai məktəb müəllimlərinin əməkhaqlarının artırılması, yaşayış minimumunun qaldırılması haqqında qanunlar qəbul edib. Dördüncü hökumətin fəaliyyəti dövründə qaçqınların problemlərinin həllinə dair bir sıra qanun və qərarlar qəbul olunub.

 

1919-cu il avqustun 5-də Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əməkhaqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olunub. Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi fəaliyyət göstərib. ADR parlamentinin 1918-ci il dekabrın 7-də verdiyi “Fəhlə məsələsi haqqında“ qərarda əmək qabiliyyətini tam və ya qismən itirməyə görə fəhlələrə sığorta ödənilməsini müəyyən edib.

 

1919-cu il fəhlə məsələsinə aid proqramda uşaq və qadın əməyinin mühafizəsinin təmin edilməsi, müdiriyyətin həmkarlar təşkilatının işinə qarışmasının yolverilməz olduğu, fəhlə təşkilatlarına hücumların dayandırılacağı, yığıncaq azadlığı və əməkhaqqının qaldırılması məsələləri nəzərdə tutulurdu.

 

ADR parlamenti hökumətin fəaliyyəti dövründə ehtiyacı olanların kommunal xidmətlərdən, nəqliyyatdan güzəştlə istifadə etməsi, maaşların artırılması və qaçqınlara əvəzsiz maddi yardım göstərilməsi kimi sosial güzəştləri nəzərdə tutan qərarlar qəbul edilib.

 

İnflyasiya ilə əlaqədar olaraq əhalinin müxtəlif təbəqələrinin maaşlarının artırılması məsələsi ADR hökumətinin sosial siyasətinin mühüm istiqamətini təşkil edirdi. ADR hökumətinin 1918-ci il iyulun 3-ü, sentyabrın 21-i və oktyabrın 13-də, 1919-cu il fevralın 10-da, aprelin 21-də və 1920-ci il yanvarın 5-də verdiyi qərarlarla hökumət qulluqçularının maaşlarının artırılması nəzərdə tutulurdu. Həmin məqsədlə parlament 1919-cu il yanvarın 10-da "Qulluqçulara müavinət verilməsi haqqında", fevralın 4-də "Dəmir yolu qulluqçularının vəziyyətini yaxşılaşdırmaq haqqında", aprelin 7-də "Daxili İşlər Nazirliyi işçilərinin əmək haqqının müvəqqəti artırılması haqqında", mayın 12-də "Hökumət qulluqçularının maaşlarına müvəqqəti əlavələr haqqında" , 1920-ci il martın 15-də isə "Bahalıqla əlaqədar mülki və hərbi təyinatlı Hökumət idarələrində qulluqçuların maaşlarına əlavələr haqqında" qanunlar qəbul edib.

 

Hökumətin sosial siyasətindəki əsas məsələlərdən biri fəhlə qanunvericiliyinin formalaşdırılmasından ibarət idi. Əmək Nazirliyinin tələbi ilə 1919-cu il martın 10-da parlament həmin nazirliyin nəzdində fəhlə məsələsinə aid xüsusi Məşvərət Şurasının təsis olunması haqqında qanun qəbul edib. Məşvərət Şurası əməyin mühafizəsi, fəhlə və sahibkarlar arasındakı münasibətlərin tənzimlənməsi məsələləri ilə məşğul olurdu. Məşvərət Şurası on nəfərdən - beş fəhlə və beş sahibkardan ibarət idi. Onun əməyin mühafizəsi və zəhmətkeşlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən bütün tədbirlər üzrə qüvvədə olan qanunların icra olunmasına nəzarət etmək hüququ var idi[14].

 

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, ADR hökuməti və parlamenti elmin, təhsilin, xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.

 

Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ADR-in ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.

 

Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ümdə demokratik dəyərləri bəyan etməklə yanaşı, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Demokratik Respublikasının varisidir[15].

 

1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyimizin XX əsrin sonunda yenidən bərpası xalqımızın milli-azadlıq ruhunun  yaşadığını təsdiqlədi. 1991-ci ildə Azərbaycan ikinci dəfə özünün dövlət müstəqilliyini elan etdi. Həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”  Konstitusiya Aktının qəbul olunması Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcı oldu.

 

Müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının  varisidir. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. “Yeni qurulan Azərbaycan Demokratik Respublikası öz üzərinə götürdüyü çətin tarixi vəzifəni çalışaraq şərəflə yerinə yetirdi. Bu dövlətə Azərbaycanın mükəmməl təhsil almış, vətənpərvər ziyalıları başçılıq edirdilər. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü[16].

 

Bu gün Prezident İlham Əliyev irs-varislik ənənələrinə sadiq qalmaqla, Azərbaycanın müstəqil ölkə kimi möhkəmlənməsinə və inkişafına, demokratik, hüquqi dövlət quruculuğuna çalışır. Cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılması isə bu siyasətin əsas qayəsini təşkil edir. Ümumilikdə həyata keçirilən siyasət Azərbaycanın bölgədə tam müstəqil respublika kimi mövcudluğuna ədəbi təminatdır.


Azərbaycan  Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı
M. Gasimly, The First Democratic Republic in the Muslim East, “Xalq”[Khalg] newspaper, 25.05.2016, http://www.xalqqazeti.com/az/news/politics/71716,
 Y. Mahmudov, Encyclopedia of People’s Republic of Azerbaijan: Vol. I, Lider Nashriyyat, 2004,  p. 28 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən sosial siyasət, 06.04.2018,  http://www.azerbaijan-news.az/view-143712/Az%C9%99rbaycan-Xalq-C%C3%BCmhuriyy%C9%99ti-d%C3%B6vr%C3%BCnd % C9%99-h%C9%99yata-ke%C3%A7iril%C9%99n-sosial-siyas%C9%99t,
Y. Mahmudov,  Azərbaycan Xalq Cümhuriyyəti Türk – İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət idi, “Xalq” newspaper,28.05. 2016. .№115. p. 6-7.
Z. Əskərov, Müsəlman Şərqinin və Azərbaycanın 100 yaşlı parlamenti, 19.09.2018, http://www.azerbaijan-news.az/view-154319/M%C3%BCs%C9%99lman-%C5%9E%C9%99rqinin-v%C9%99-Az%C9%99rbaycan%C4%B1n-100-ya%C5%9Fl%C4%B1-parlamenti
Gülsərən Akalın. Türk düşüncə və siyasi həyatında Əhməd Ağaoğlu. Bakı, AzAtaM, 2004, 164. s.40-70
C. Nəsirov, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğunun zəngin hüquqi bazasını yaratmışdır, 30.03. 2018  http://barassociation.az/frompress/63
Cümhuriyyət parlamentinin yeganə qadını - Mollaların təhdid etdiyi xanım kim idi?.. 03.07.2018,  http://modern.az/ az/news/146685#gsc.tab=0,
Tadeusz Swietochowski. Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press, 2004, p. 129
Tadeusz Swietochowski, Russia and Azerbaijan: A Borderland in Transition,New York: Columbia University Press, 1995. p. 69
N.Bayramlı, Xalq Cümhuriyyəti hökumətinin həyata keçirdiyi islahatlar mədəniyyətin ayrı-ayrı sahələrinin inkişafına təkan verdi, “Yeni Azərbaycan”. 10.04.2018.
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=142726
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tarixi, http://ses.gov.az/tarixi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən sosial siyasət,  Hərbi And.  13.04.2018. № 14. p.6 http://www.elibrary.az/docs/qazet/qzt2018_1864.htm
N.Bayramlı, Xalq Cümhuriyyəti hökumətinin həyata keçirdiyi islahatlar mədəniyyətin ayrı-ayrı sahələrinin inkişafına təkan verdi, “Yeni Azərbaycan”. 10.04.2018. № 68 .p.3.
Azərbaycan Xalq Cumhuriyyəti dövründə mədəni inkişaf, “Olaylar”.25.05.2018.- p.8, http://www.anl.az/ down/meqale/olaylar/2018/may/592731.htm


[1]Musa Qasımlı, Müsəlman Şərqində ilk demokratik respublika, Xalq Qəzeti, 25.05.2016 http://www.xalqqazeti.com/az/news/politics/71716
[2] Yaqub Mahmudiv, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: I cild, Lider. Nəşriyyat, 2004,  32-37

[3]Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən sosial siyasət, 06.04.2018,  http://www.azerbaijan-news.az/view-143712/Az%C9%99rbaycan-Xalq-C%C3%BCmhuriyy%C9%99ti-d%C3%B6vr%C3%BCnd % C9%99-h%C9%99yata-ke%C3%A7iril%C9%99n-sosial-siyas%C9%99t, http://www.azerbaijan-news.az/index.php?mod=3&id=144485

[4]Musa Qasımlı, Müsəlman Şərqində ilk demokratik respublika, Xalq Qəzeti, 25.05.2016 http://www.xalqqazeti.com/az/news/politics/71716
[5] Yaqub Mahmudiv, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: I cild, Lider. Nəşriyyat, 2004,  32-37

[6] Y. Mahmudov,  Azərbaycan Xalq Cümhuriyyəti Türk – İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət idi, “Xalq” newspaper,28.05. 2016. №115. p. 6-7.

[7] Yaqub Mahmudov, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: I cild., Lider. Nəşriyyat, 2004,  32-37

[8] C. Nəsirov, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğunun zəngin hüquqi bazasını yaratmışdır, 30.03. 2018 http://barassociation.az/ frompress/63

[9]C. Nəsirov, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğunun zəngin hüquqi bazasını yaratmışdır, 30.03. 2018  http://barassociation.az/frompress/63, http://www.azerbaijan-news.az/index.php?mod=3&id=142726

[10]Yaqub Mahmudiv, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: I cild, Lider. Nəşriyyat, 2004,  s.43

[11]http://www.azerbaijan-news.az/index.php?mod=3&id=142726

[12]http://www.azerbaijan-news.az/index.php?mod=3&id=142726

[13] Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tarixi, http://ses.gov.az/tarixi

[14]Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən sosial siyasət,  Hərbi And.  13.04.2018. № 14. s.6 http://www.elibrary.az/docs/qazet/qzt2018_1864.htm

[15]Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti barədə dediyi sözləri

[16]Azərbaycan  Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı

Elnarə Qəribova

Hüquq  təhsilini Bakı Dövlət Universitetində, doktorantura təhsilini isə Ankara Universitetinin Avropa İttifaqı və beynəlxalq iqtisadi münasibətlər fakültəsində Avropa İttifaqı hüququ ixtisası üzrə almışdır. Tədqiqat istiqamətləri: Avropa İttifaqı hüququ və münasibətləri,  konstitusional hüquq və vətəndaşlıq, insan hüquqları, miqrasiya prosesi, avropalılaşma, Avropa kimliyi və s.