Azərbaycanda tarixi varisik, müstəqilliyə aparan yollar, hüquqi islahatlar: Şərqdə demokratiya, parlamentarizm və dünyəvilik ənənəsi- Birinci Hissə

14.06.2021

Hər il tariximizin ən parlaq günlərindən biri olan Respublika Gününü qeyd edilməsi milyonlarla azərbaycanlının təməl hüququnu-müstəqil ölkədə yaşamaq, azad ölkənin vətəndaşı olmaq hüququnu təmin edən tarixi varislik və dövlətçilik ənənəsinin bariz nümunəsidir.
Müstəqil demokratik, hüquqi dövlət quruculuğu ilk növbədə ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradılmasını təmin edir. Əgər 20-ci əsrin əvvəllərində Azərbaycanda bütün sahələrdə olduğu kimi, hüquqi dövlət quruculuğu yönündə də həyata keçirilən fəaliyyətin ən mühüm xüsusiyyətindən biri islahatlara təkanın aşağıdan xalqın təkidi və tələbi ilə həyata keçirdilməsilə başverirdisə, həm Azərbaycan Demokratik Respublikasi (ADR), həm ikinci müstəqillik dövrünü yaşayan Azərbaycan dövlətində buna "yuxarıdan təşəbbüslə" təkan verilməsi, dövlətin siyasi iradəsindən qaynaqlanaraq siyasi elita və onun liderlərinin hüquqi islahatların təşəbbüskarı, ideoloqu,  aparıcı qüvvəsi olaraq subyekt kimi çıxış etməsi olmuşdur. Müasir Azərbaycan cəmiyyətinin reallıqları, onun sosial strukturu və cəmiyyətimizin həyatında baş verən dəyişikliklərin dinamikası nəzərə alınmaqla transformasiya prosesləri tədqiq edilir. Sosiumun sosial quruluşunun vacib elementi, demokratiyanın tərkib hissəsi sayılan formalaşmaqda olan vətəndaş cəmiyyətinə xüsusi diqqət yetirilir.

Hüquqi islahatlar-petisiyalar: ADR-ə qədər olan dövr

20-ci əsrin başlanğıcında bərqərar olmuş yeni sosial-iqtisadi, mənəvi-mədəni, elmi-texniki inkişaf səviyyəsi maarifçilik üçün əlverişli şəraitin təminatçısı rolunda çıxış edirdi. Ziyalılarin “Müasirləşmə cərəyanı”nın əsas göstəricisi olan maarifləndirmə və təhsil Avroplalışmadan təsirlənərək “milli dövlət” anlayışını struktur islahatlar şəklində  özünü cəmiyyətdə göstərirdi.  Həmin dövr neft Bakısı üçün fəhlələrin iri çıxışları ilə əlamətdar idi. Belə ki. 1904-cü ilin dekabr tətili xüsusi əhəmiyyətə malik idi, çünki onun nəticəsində mədən fəhlələrinin, о cümlədən də çoxlu azərbaycanlının əmək haqqının artırılmasına və bəzi başqa iqtisadi tələblərinin yerinə yetirilməsinə nail olundu. Neft sənayeçiləri ilə fəhlələr arasında bağlanmış kollektiv müqaviləyə uyğun olaraq birincilər aşağıdakılar barədə öhdəlik götürmüşdülər: iş gününü 9 saatadək azaltmaq, gündəlik xarakter almış işdənkənar vaxtlarda işi ləğv etmək, müntəzəm gecə işlərini xüsusi fəhlə ştatı vasitəsilə gördürmək, onların iş gününü 8 saatdan çox etməmək, dartayçılar, ocaqçılar və yağlayıcılar üçün üç növbəli sistem tətbiq etmək, fəhlələrlə nəzakətli davranmaq, yağlayıcılar, dartayçılar, ocaqçılar, qazmaçı fəhlələr və qara fəhlələr üçün əmək haqqının minimum məbləğini müəyyən etmək və s. Hesablaşma kitabçalarının rus dili ilə yanaşı qeyri-rus millətindən olan fəhlələrin ana dilində, başa düşdükləri dildə çap edilməsi barədə bəndin müqavilənin şərtlərinə daxil edilməsi əlamətdar hadisə idi. Kollektiv müqavilənin bu şərti (başqa şərtlərlə yanaşı) fəhlələrin siyasi və milli şüurunun artmasına çox böyük təsir göstərdi. Müqavilənin bağlanması Azərbaycan fəhlələrinin hüquqları uğrunda mübarizəsi tarixində dönüş nöqtəsinə çevrilərək onlar üçün öz mühüm mənafe və tələblərini müdafiəsi üçün perspektivlər açdı.


Xalqın milli şüurunun inkişafında həlledici rol oynamış milli mətbuatın təşəkkülü bir sıra məqalələr silsiləsinin müəllifi olan görkəmli ictimai xadimlərin, publisistlərin yaradıcılığı ilə bağlı idi. İctimai-siyasi həyatın bütün sahələrində Rusiya cəmiyyətini böhrana gətirib çıxarmış səbəblərin dərin təhlilini verən Əhməd bəy Ağaoğlu Rusiyanı nəhəng, qollu-budaqlı, lakin çürümüş ağaca bənzədirdi. “Rus-yapon müharibəsi göstərdi ki, çürümənin səbəbləri dövlət idarəetmə forması və daxili siyasət ilə əlaqədardır” deyə o qeyd edirdi.


1905-ci ilin dekabrında Azərbaycan müəllimləri xalq təhsili sahəsindəki mövcud məhdudiyyətlərin ləğvi uğrunda çıxış edərək bir sıra peşə tələbləri sırasında ana dilində təhsil hüquqi tələbini də qoymuşdular. İnqilabi əhval-ruhiyyə Azərbaycan cəmiyyətinin bütün təbəqələrini bürümüşdü. Şəhərlərin orta təbəqələri, qulluqçular, tələbələr və başqaları milli şüur və hüquqları uğrunda mübarizəyə qoşulmuşdular.


Gözlənilən islahatlara böyük ümidlər bəsləyən Azərbaycan ideoloqları bu islahatlarda öz yerli əhalinin dövlət idarəetmə orqanlarında təmsilçiliyinin genişləndirilməsi məsələsini qətiyyətlə qoyurdular. Belə ki, 1905-ci il yanvarın 18-də Bakı şəhər dumasının iclasında Ə.Ağaoğlu yazılı ərizə verərək ictimai vəzifələrə seçkilər məsələsində Zaqafqaziya müsəlmanlarının hüquqlarını xristianların hüquqları ilə bərabərləşdirmək barədə Daxili İşlər Nazirliyi qarşısında vəsatət qaldırılmasını təklif etdi. Duma yanvarın 25-də Ə.Ağaoğlunun ərizəsinə baxdı. Duma səs çoxluğu ilə bu vəsatəti qaldırmaq və Zaqafqaziyanın bütün başqa şəhər idarəetmə orqanlarını ona qoşulmağa çağırmaq barədə qərar qəbul etdi.


"Kaspi" qəzetinin səhifələrində "Ali manifest", II Nikolayın Bulıginə reskripti və senata 1905-ci il 18 fevral tarixli fərmanı dərc olunmuşdu. Qəzet çar reskriptinə həsr etdiyi baş məqalədə qanunvericilik layihələrinin ilkin hazırlanmasında və müzakirəsində ictimaiyyət nümayəndələrinin iştirakı məsələlərinin həllini "son dövrün bütün tədbırlərinin və islahatlarının ən mühüm aktı, başlıca əsası" adlandırmışdı. Qəzetin rəhbərləri (o dövrdə qəzetin redaktoru Ə.M.Topçubaşov idi) bu reskripti cəmiyyətin iqtisadi, siyasi və mədəni həyatının inkişafında bürokratik qəyyumluğun, məhdudiyyətlərin ləğvi vasitəsi kimi qiymətləndirirdilər.Qəzet hesab edirdi ki, reskript ideyaları zemstvo və şəhər özünüidarəsinə möhkəm dayaq nöqtəsi verdi. Qəzet arzu edirdi ki, təmsilçilik hüququ ucqarlara da şamil edilsin. "Xalqın etimadını qazanmış və əhali arasından seçilmiş ən layiqli adamların qanunvericilik layihələrinin ilkin hazırlanmasında və müzakirəsində iştiraka cəlb edilməsi kimi bu cür olduqca mühüm və əlamətdar aktın bütün xeyri bizim Qafqaza da eyni dərəcədə şamil ediləcəkdir".


Xalqın milli şüurunun, onun siyasi yetkinliyinin artması ümummilli proqramın hazırlanması üçün perspektivlər açırdı. Çar Rusiyasının tərkibində, siyasi hüquqsuzluq şəraitində olduğu dövrdə ilk dəfə Azərbaycana öz ümid və arzularını çar hökumətinə çatdırmaq imkanı verilmişdi. Azərbaycan ziyalılarının ən görkəmli nümayəndələri bu nəcib missiyanı öz üzərlərinə götürdülər.
Hüquq və siyasi sahəsində yüksək peşəkar hazırlığı və dərin biliklər tələb edən bu məsul işdə Əlimərdan bəy Topçubaşov xüsusi yer tuturdu. Ali instansiyalara ünvanlanan petisiyaların, ərizələrin, müraciətlərin demək olar hamısı onun bilavasitə iştirakı ilə tərtib və təqdim olunurdu. Xalqlara ən adi hüquq və azadlıqlar əldə etmək ümidi vermiş 1905-ci il hadisələrinə böyük əhəmiyyət verən Ə.M.Topçubaşov redaktoru olduğu "Kaspi" qəzetinin səhifələrində bu hadisələri əks etdirir və onları hərtərəfli təhlil edərək geniş oxucu kütləsinin dərk etməsi üçün imkan уaradırdı.


1905-ci il martın 15-də H.Z.Tağıyev sarayında Azərbaycan sabibkarları və ziyalıları nümayəndələrinin müşavirəsi keçirildi. Müşavirədə Qafqaz diyarında islahatların keçirilməsi zəruriliyi, hökumətə petisiya verilməsi haqqında məsələ müzakirə olundu. Müşavirə petisiya verilməsini zəruri sayaraq Bakı şəhər dumasının 8 mart tarixli qərarını müdafiə etdi və Bulıginin sədrliyi ilə Xüsusi müşavirədə diyar nümayəndəsinin iştirakının əhəmiyyətini xüsusi qeyd etdi. Petisiyanı təqdim etmək üçün "bütün Qafqaz müsəlmanları" adından deputat heyəti göndərmək məqsədəuyğun hesab olundu. 


1905-ci ilin aprelində Zaqafqaziyanın "müsəlman əhalisinin müvəkkilləri" Ə.M.Topçubaşovun tərtib etdiyi petisiyanı Nazirlər Komitəsinə təqdim etdilər. Petisiyanı Bakı və Yelisavetpol quberniyalarının nümayəndələri Ş.Əsədullayev, R.Şirvanski, Ə.Ağaoğlu, M.R.Vəkilov, Ə.M.Topçubaşov, A.Ziyadxanov, H.B.Zülqədərov və başqaları imzalamışdılar. 


Nazirlər Komitəsinə verilmiş petisiya onunla əlamətdardır ki, bu, Azərbaycandan çar hakimiyyət orqanlarına təqdim olunmuş ilk proqram sənədidir. Sonralar həmin sənəd bu və ya digər inzibati instansiyalara müraciətlər və hər cür məktublar üçün bir növ platforma və əsas oldu. Bu zaman onun ayrı-ayrı bəndlərinin məzmunu daha konkret şəkildə genişləndirilirdi.
Petisiyada ilk novbədə ictimai və təsərrüfat həyatında müsəlmanlar qarşısında qoyulmuş məhdudiyyətlər ifadə olunurdu. Çarizmin müəyyən etdiyi reqlamentə görə müsəlman qlasnıların sayı şəhər özünüidarə orqanlarının bütün tərkibinin yarısından çox ola bilməzdi. Mülki və hərbi idarələrin bütün müəssisələrində yüksək vəzifələr onlar üçün əlçatmaz idi. İstər orta, istərsə də ali savadlı müsəlmanlar qarşısında sərbəst peşə seçməkdə məhdudiyyətlər qoyulmuşdu, onlar pedaqoji fəaliyyətdən kənarlaşdırılmışdılar, tələbə müsəlmanlar dövlət təqaüdündən istifadə edə bilmirdilər, onları bir sıra ali məktəblərə qəbul etmirdilər. Bəzi yerlərdə müsəlmanlar hətta sərbəst yaşaya, daşınmaz əmlak ala, ticarətlə məşğul ola bilmirdilər. Onlar rus zadəganlarının və tacirlərinin silk hüquqlarından məhrum idilər.


Azərbaycan cəmiyyətinin nümayəndələri petisiyada bu məhdudiyyətlərin ləğvi məsələsini qoyaraq "İmperiyada yaradılacaq nümayəndəli xarakterli bütün qanunyaradıcı, qanunverici və digər təsisatlarda" müsəlmanların təmsil olunmasında, dövlət qulluğunda və ictimai işdə məhdudiyyət qoyulmadan vəzifə tutmaq hüququnda xüsusi maraqları olduğunu nümayiş etdirirdilər. Petisiya həmçinin 18 fevral reskriptinə uyğun olaraq çağırılan "xalq nümayəndələrinin müşavirəsinə Qafqazın müsəlman əhalisinin nümayəndələrinin" buraxılması tələbini də irəli sürürdü.


Qafqazda tam özünüidarə prinsipləri əsasında və inzibati hakimiyyət orqanlarının müdaxiləsi olmadan zemstvo təsisatının tətbiqi, heç bir məhdudiyyət qoyulmadan müsəlmanların zemstvoda və şəhər özünüidarəsində iştirakı zəruriliyinin əsaslandırılmasına petisiyada xeyli yer ayrılmışdı. Petisiya müəllifləri hesab edirdilər ki, Çar Rusiyasının daxili quberniyalarında olduğu kimi, Qafqazda da "tam özünüidarə ideyasının" həyata keçirilməsi bütün məhdudlaşdırıcı qanunların ləğvi, normal mülki idarəetmə təşkilatının müəyyən edilməsi, idarəetmədə qanunçuluğa zəmanət verilməsi, şəxsiyyət və mənzil toxunulmazlığı, vicdan, söz və mətbuat azadlığı (ana və rus dillərində), yığıncaqlar və ittifaqlar azadlığı, ana dilində ümumi, icbari və pulsuz ibtidai təhsilin tətbiqi və s. şəraitində mümkündür.


Sənəddə qeyd olunurdu ki, Qafqazda tətbiq olunmuş 1864-cü il məhkəmə nizamnamələri andlı iclasçılar məhkəməsi kimi mühüm təsisat olmadan fəaliyyət göstərir. Hakimlərin dil bilmədiyi və yerli əhalinin məişəti ilə tanış olmadığı Qafqazda xalq içindən seçilmiş nümayəndələrin məhkəmədə iştirakının bu forması xüsusilə zəruri idi. Sənədin tərtibçiləri həmçinin seçkili, barışdırıcı hakimlər təsisatının tətbiqinə də tərəfdar çıxırdılar.


Petisiya fəhlə məsələsində "fabrik qanunvericiliyinin genişləndirilməsi yolu ilə" fabrik-zavod və mədən fəhlələrinin məişətinin yaxşılaşdırılması sahəsində bütün tədbirlərin müsəlman fəhlələrə də şamil edilməsi barədə bənd ilə kifayətlənmişdi. Kəndlilərin vəziyyəti məsələləri də kənarda qalmamış, kəndli torpaq paylarının hökmən satın alınması, aztorpaqlı və torpaqsız kəndlilərə torpaq verilməsi, yerli şərait nəzərə alınmaqla vergilər qoyulması, Qafqazda köçürmə hərəkatının dayandırılması və yerli kəndlilərin qış və yay otlaqları, meşə, balıq ovu sahələri və s. ilə təmin edilməsi zəruriliyi bildirilmişdi. Xanlara və bəylərə zadəgan təşkilatları yaratmaq imkanı verilməklə onların zadəgan hüquqları haqqında məsələnin həllinin sürətləndirilməsi vəzifəsi də qoyulmuşdu. Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin mənafelərini əks etdirən aprel petisiyası ümumdemokratik xarakter daşıyırdı, milli əsarətə qarşı yönəlmişdi. Buna görə də həmin sənədi milli azadlıq və cəmiyyətin demokratik cəhətdən yenidən qurulması uğrunda ümummilli mübarizə proqramı hesab etmək olar. Petisiya Azərbaycan xalqının milli şüurun inkişafı üçün müstəsna əhəmiyyətə malik idi və bütün milli qüvvələrin sıx birləşməsi işində böyük rol oynadı.

 


İstifadə edilən mənbələr:
1)    Azərbaycan  Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı
2)    M. Gasimly, The First Democratic Republic in the Muslim East, “Xalq”[Khalg] newspaper, 25.05.2016, http://www.xalqqazeti.com/az/news/politics/71716,
3)     Y. Mahmudov, Encyclopedia of People’s Republic of Azerbaijan: Vol. I, Lider Nashriyyat, 2004,  p. 28  
4)    Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən sosial siyasət, 06.04.2018,  http://www.azerbaijan-news.az/view-143712/Az%C9%99rbaycan-Xalq-C%C3%BCmhuriyy%C9%99ti-d%C3%B6vr%C3%BCnd % C9%99-h%C9%99yata-ke%C3%A7iril%C9%99n-sosial-siyas%C9%99t,
5)    Y. Mahmudov,  Azərbaycan Xalq Cümhuriyyəti Türk – İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət idi, “Xalq” newspaper,28.05. 2016. .№115. p. 6-7. 
6)    Z. Əskərov, Müsəlman Şərqinin və Azərbaycanın 100 yaşlı parlamenti, 19.09.2018, http://www.azerbaijan-news.az/view-154319/M%C3%BCs%C9%99lman-%C5%9E%C9%99rqinin-v%C9%99-Az%C9%99rbaycan%C4%B1n-100-ya%C5%9Fl%C4%B1-parlamenti 
1)    Gülsərən Akalın. Türk düşüncə və siyasi həyatında Əhməd Ağaoğlu. Bakı, AzAtaM, 2004, 164. s.40-70
7)    C. Nəsirov, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğunun zəngin hüquqi bazasını yaratmışdır, 30.03. 2018  http://barassociation.az/frompress/63
8)    Cümhuriyyət parlamentinin yeganə qadını - Mollaların təhdid etdiyi xanım kim idi?.. 03.07.2018,  http://modern.az/ az/news/146685#gsc.tab=0, 
9)    Tadeusz Swietochowski. Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press, 2004, p. 129
10)    Tadeusz Swietochowski, Russia and Azerbaijan: A Borderland in Transition,New York: Columbia University Press, 1995. p. 69
11)    N.Bayramlı, Xalq Cümhuriyyəti hökumətinin həyata keçirdiyi islahatlar mədəniyyətin ayrı-ayrı sahələrinin inkişafına təkan verdi, “Yeni Azərbaycan”. 10.04.2018.
12)    http://www.azerbaijan-news.az/index.php?mod=3&id=142726
13)    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tarixi, http://ses.gov.az/tarixi 
14)    Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən sosial siyasət,  Hərbi And.  13.04.2018. № 14. p.6 http://www.elibrary.az/docs/qazet/qzt2018_1864.htm
15)    N.Bayramlı, Xalq Cümhuriyyəti hökumətinin həyata keçirdiyi islahatlar mədəniyyətin ayrı-ayrı sahələrinin inkişafına təkan verdi, “Yeni Azərbaycan”. 10.04.2018. № 68 .p.3. 
Azərbaycan Xalq Cumhuriyyəti dövründə mədəni inkişaf, “Olaylar”.25.05.2018.- p.8, http://www.anl.az/ down/meqale/olaylar/2018/may/592731.htm