Şuşanın böyük tarixi və siyasi əhəmiyyəti olmaqla bərabər regional olaraq da ciddi mədəni və mənəvi dəyəri var.
Şuşa görün necə çoxvektorlu töhfələr verib regiona! Təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün Şuşa mühüm miras və dəyərdir. Dəfələrlə demişik və yazmışıq, əslində Şuşanın işğalını təşviq edən və 30 ilə yaxın işğalda qalmağına göz yuman beynəlxalq güclər həm də mənəviyyat və kültür qalasının işğalına göz yumublar.
Bütövlükdə Qarabağ regionu təkcə özünün təbii sərvətləri ilə deyil, gözəl havası, iqlimi və coğrafi gözəlliyi ilə də dünya turizminin incilərindən biri olacaq hala gələ bilərdi. Eybi yox, indiyə kimi vandal qəsbində qalsa da, bundan sonra ali baş komandanımızın siyasi iradəsi ilə Şuşa dünya əhəmiyyətli turistik bölgə halına gələcək.
Bizim nəsil orta məktəb dərsliklərində daim Şuşanın gözəl mənzərəsini nisgillə xatırlayırdı. Şuşa ən çox duyduğumuz ad, simvol, həsrət mənbəyimiz idi. Bizdən böyük nəsillərin Şuşa ilə bağlı danışdıqları gözəl xatirələri sanki biz də Şuşadaymışıq kimi hiss edirdik. O üzdən 44 günlük Vətən Müharibəsində Şuşanın işğaldan azad olunmağını xüsusi gözləyirdik. 8 mayda işğal edilən gözəllik incisi 8 noyabrda işğaldan azad edildi. 8 eyni zamanda sonsuzluğu simvolizə edir. Qarabağın dəyərli guşəsi sonsuz olaraq xoşbəxtdir artıq.
29 il sonra Şuşada bayram namazının qılınmağı bütövlükdə həm də mesaj idi. Dünya islam şüuru itirilmiş dəyərlərindən birinə qovuşdu həm də. Şuşanın mədəni və simvolik əhəmiyyəti daim ölkə başçısı tərəfindən vurğulanıb. Məhz bu səbəbdən də Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşanın mədəniyyət keçmişinin çox qədim tarixi mövcuddur.
Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşa qədim Xocalı-Gədəbəy mədəniyyətinin (e.ə ikinci minilliyin II yarısı – birinci minilliyin əvvəlləri) əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. Xanlıqlar dönəmində isə Şuşa Qarabağ xanı Pənahəli xan tərəfindən mərkəz elan edildi. Həmin dövrdən Şuşanın möhtəşəm Cıdır düzü, strateji əhəmiyyəti digər xanlıqlar tərəfindən də qiymətləndirilirdi. Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılıb.
Heç təsadüfi deyil ki, bir çox səyyahlar və xarici müşahidəçilər tarixin müxtəlif dönəmlərində Şuşanın əhəmiyyətindən danışıb. Şuşa haqqında öz qeydlərində mühüm təsvirlər verirlər.
C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazır ki, “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması haqqında faktlar var.
Məşhur rəssam V.Vereşşagin Şuşanı görəndən sonra yazmışdı: “Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir”.
1903-cü ildə Tiflisdə nəşr olunmuş “Vestnik Kavkaza” jurnalının 43-cü səhifəsində göstərildi ki, “Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar”. Bundan əlavə, “Qafqaz” qəzetinin icmalçısı 1868-ci il 24 may tarixli şərhində göstərirdi: “Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Buraya hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə, şəhərdə 25 min əhali yaşadığını cəsarətlə söyləmək olar”.
Şuşanın mədəni mirasları SSRİ dövründə ulu öndər Heydər Əliyevin birbaşa dəstəyi ilə qorunub və dağıdılmasına imkan verilməyib. Dəmir yolu xəttinin açıldığı gün Şuşaya gedən Ümummilli Lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş verdi. Ulu Öndər, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu. Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə Ümummilli Lider tövsiyə edərək demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu.
Həmin illərdə ümummilli lider Heydər Əliyevin Qarabağa göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. Belə ki, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında Ümummilli Lider Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Onun M.P.Vaqifə bu münasibəti bir tərəfdən, milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən, diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Əslində, bu məqbərə, eyni zamanda, gözəl memarlıq abidəsi idi. Heydər Əliyev abidənin tikintisini böyük, əlamətdar hadisə hesab edirdi. Ona görə də açılışa gedərkən ailəsi ilə birlikdə yanında elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı ilə Ümummilli Lider ziyalıları Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, vilayətə tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.
Ümummilli Liderin M.P.Vaqifin məqbərəsinin açılışında söylədiyi nitq, onun Dağlıq Qarabağa qayğısının göstəricisi idi. Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada “Poeziya evi”ni açaraq, Vaqif poeziya günlərində iştirak etdi. Bununla yanaşı, ulu öndər Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafiq göstərişlər verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. Ümummilli Liderin, eyni zamanda, Şuşa məscidinə getməsi bir tərəfdən, onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan nümunə idi. Ulu Öndər erməni millətçilərinin ona müxtəlif böhtanlar atdığı bir zamanda məscidə getməklə yerli əhaliyə dini inanclarını qorumağı da tövsiyə etmişdi. Ümummilli Liderin həmin gün Şuşada şəhər ictimaiyyəti ilə keçirilən görüşləri hər bir şuşalının yaddaşında unudulmaz iz qoymuş və bu gün də xatirələrdə yaşayır.
1982-ci il iyulun 29-dan - avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələrinin siması xeyli dəyişdi.
İndi isə 30 ildir barbarlığa düçar olunan Şuşada həyat yenidən dirçəlir. Şuşada təkcə böyük quruculuq işləri həyata keçirilmir. Şuşada həm də mədəni intibah yaşanır və bu intibahın da əsas memarı ölkə başçısıdır.
2021-ci il yanvar ayının 5-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Anar Kərimovu Azərbaycan Respublikasının Mədəniyyət naziri təyinatı ilə əlaqədar qəbul edərkən bir sıra tövsiyyə və tapşırıqlar, eyni zamanda, cəmiyyətə Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, Füzulidə beynəlxalq təyyarə limanının tikilməsi, Azərbaycan dilinin qorunması, UNESCO ilə əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan mədəniyyətinin inkişafı, bu il Şuşada “Xarı Bülbül” festivalının və “Vaqif Poeziya Günləri”nin keçirilməsi və digər məsələlər barədə önəmli mesajlar verdi.
Bu festivallardan biri “Xarı Bülbül” festivalı artıq həyata keçirildi.
Cıdır düzünün füsunkar təbiətində böyük mesajlar verildi.
Mənim üçün bu mesajların əsas xarakteristikası məhz belədir:
Bütün infrastruktur layihələri yekunlaşandan və normal həyat bərpa olunandan sonra Şuşa hər bir azərbaycanlının əsas ziyarətgahı olacaq. Buna isə bütün qəlbimizlə inanırıq!
İstinad: