Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyə (1969-1982) başlaması ilə digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində, o cümlədən də tarixi mədəni irsin qorunması sahəsində ciddi nailiyyətlər əldə olundu. Belə ki, qısa müddət ərzində abidələrin
1Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyə (1969-1982) başlaması ilə digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində, o cümlədən də tarixi mədəni irsin qorunması sahəsində ciddi nailiyyətlər əldə olundu. Belə ki, qısa müddət ərzində abidələrin qorunması üzrə vəziyyət təhlil edilərək çatışmazlıqlar müəyyən edildi, onların aradan qaldırılması üçün zəruri qərarlar və qanunlar qəbul olundu, habelə çatışmazlıqların aradan qaldırılması ilə bağlı əlaqəli orqanlara (təşkilatlara) müvafiq tapşırıqlar verildi. Bütün bu tədbirlər sayəsində bir sıra mühüm abidələrdə (Naxçıvanda Qarabağlar, Bərdədə XVI əsrə aid minarə, Hacıqabulda Pir Hüseyn Xanəgahı, Şirvanşahlar sarayı kompleksində məscid, Suraxanıdakı Atəşgah və s.) bərpa-konservasiya işləri həyata keçirildi və xüsusi əhəmiyyət kəsb edən arxeoloji, etnoqrafik, memarlıq, şəhərsalma və digər komplekslər qoruq (“Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu” -1977, “Ordubad Dövlət Tarix Mədəniyyət Qoruğu”- 1977, “İçərişəhər Tarix-Memarlıq Qoruğu” - 1977, “Qəbələ Dövlət Tarix-Bədii Qoruğu” - 1978, “Lahıc Dövlət Tarix Mədəniyyət Qoruğu” -1980 ) elan edildi.
11973-cü ilin 11 iyul tarixində “Respublika ərazisində mədəniyyət abidələrinin vəziyyəti və onların qorunması tədbirləri haqqında” Azərbaycan SSR Ali Sovetinin növbəti qərarı qəbul edildi. Bunun ardınca Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi kimi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan KP MK-nın 10 sentyabr 1976-cı ildə qəbul etdiyi “Azərbaycan SSR-də tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası işini yaxşılaşdırmaq haqqında” qərarı abidələrin mühafizəsini, bərpasını, təbliğini və onlardan istifadənin yaxşılaşmasında mühüm rol oynamış oldu.
Bir qədər sonra ümumilli lider H. Əliyevin xüsusi səyləri ilə Azərbaycan SSR Ali Sovetinin 21 iyul 1978-ci il tarixli sessiyasında “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında Azərbaycan SSR Qanunu”nu qəbul olundu, 27 yanvar 1982-ci ildə isə “Azərbaycan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyəti”nin Nizamnaməsi Azərbaycan SSR Nazirlər Sovetində təsdiq edildi.
Bütün bu addımlar müvafiq sahə üzrə hüquqi bazanı bir qədər də zənginləşdirdi, eyni zamanda cavabdeh təşkilatların vəzifələrini bir daha dəqiq müəyyənləşdirdi və məsuliyyətlərini artırdı.
Bundan əlavə 1978-ci il Konstitusiyanın 66-cı maddəsində “tarixi abidələrin və digər mədəniyyət sərvətlərinin mühafizəsi qayğısına qalmaq Azərbaycan SSR vətəndaşlarının borcu və vəzifəsi” olması da ayrıca vurğulandı.
Siyasi sənədlər dövrün mənzərəsini açıq-aydın göstərə bildiyindən həmin sənədlərin məzmunu açıqlamağa davam edəcəyik.
1973-cü il 11 iyul tarixində qəbul edilən “Respublika ərazisində mədəniyyət abidələrinin vəziyyəti və onların qorunması tədbirləri haqqında” Azərbaycan SSR Ali Sovetinin qərarının təhlili zamanı mədəniyyət abidələrini öyrənmək, mühafizə və təbliğ etmək sahəsində nazirliklərin, baş idarələrin, elm ocaqlarının, habelə yerli zəhmətkeş deputatları sovetlərinin icraiyyə komitələrinin işində ciddi nöqsanların olduğunu görürük.
Nəzərdə tutulan nöqsanların bir qismi aşağıdakılardan ibarətdir :
“Respublikada xeyli miqdarda abidə, o cümlədən xalq memarlığı əsərləri hələ də dövlət uçotuna götürülməmişdir, onların salamat qalmasına heç kim nəzarət etmir” ;
“Bir çox nadir abidə, xüsusən Qafqaz Albaniyası dövrünə aid abidələr, müdafiə tikililəri, dekorativ incəsənət abidələri bərpa və konservasiya edilmir. Abidələrin bərpası uzanır və bəzən axıra çatdırılmır, bir sıra hallarda bu iş aşağı keyfiyyətlə görülür” ;
“Azərbaycan SSR Mədəniyyət Nazirliyinin elmi-bərpa bazasının gücü zəifdir, bu baza tikinti mexanizmləri və nəqliyyat vasitələri ilə lazımınca təchiz edilməmişdir, onun ixtisaslı kadrlara ehtiyacı var” (Azərbaycan SSR Nazirlər Sovetinin 1957-ci ildə qəbul edilmiş qərarında da bu məsələyə toxunulmuşdur S.Q ) ;
“Bir çox abidənin mühafizə olunduğunu bildirən mühafizə lövhələri yoxdur, bu abidələrin mühafizə zonası müəyyən edilməmişdir” ;
“Ordubad və Şuşa şəhərlərində tarix-memarlıq qoruqlarının təşkili məsələsi hələ də həll edilməmişdir”;
“ Bakı şəhərində İçərişəhərin regenerasiyası sahəsində tədbirlərin görülməsi yubadılır” ;
“Naxçıvan MSSR Nazirlər Soveti, yerli zəhmətkeş deputatları Sovetlərinin icraiyyə komitələri mədəniyyət abidələrinin qorunmasının təşkilinə, onların ərazisinin abadlaşdırılmasına, abidələrə gedən yolların təmir olunmasına, bu işə ictimaiyyətin və məktəblilərin cəlb edilməsinə lazımınca fikir vermirlər ki, bunun da nəticəsində bəzi abidələr korlanır və uçurulur” ;
“Ayrı-ayrı təşkilatların istifadəsinə verilmiş memarlıq abidələri pis saxlanılır, onlar vaxtında təmir edilmir, çox vaxt onların əvvəlki görkəmi dəyişdirilir, bu da abidəni qiymətdən salır”.
Qeyd olunanlarla yanaşı Azərbaycan SSR Ali Soveti tərəfindən respublikada arxeologiya və etnoqrafiya üzrə müstəqil elmi təşkilatın olmamasının bu sahədə tədqiqatlara mənfi təsir göstərdiyi, abidələrin təbliğinə həsr olunmuş materialların kifayət qədər dərc olunmaması, abidələrə həsr olunmuş filmlərin az yaradılması və kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilməməsi, bir çox nadir abidənin turist marşurutlarından kənarda qalması və s. bildirilmiş və çatışmazlıqların aradan qaldırılması üçün aşağıda qeyd olunan məzmunda müvafiq qərarlar qəbul edilmişdir:
“Azərbaycan SSR Elmlər Akademiyasına və Azərbaycan SSR Mədəniyyət Nazirliyinə tapşırılsın ki, mədəniyyət abidələrinin dərindən öyrənilməsi, bərpası, konservasiyası və təbliği sahəsində mədəniyyət abidələrinin mühafizəsinə könüllü yardım cəmiyyəti ilə birlikdə kompleks tədbirlər hazırlayıb həyata keçirsinlər” ;
“Dövlət tərəfindən mühafizə edilməli olan abidələrin, o cümlədən xalq memarlığı abidələrinin əlavə siyahısını tutub 1974-cü ildə Azərbaycan SRR Nazirlər Sovetinin təsdiqinə versinlər” ;
“Azərbaycan SSR Mədəniyyət Nazirliyinə tapşırılsın ki, mədəniyyət abidələrinin bərpası üzrə maddi-texniki və istehsalat bazasını möhkəmləndirmək, onu ixtisaslı kadrlarla təmin etmək üçün tədbirlər görsün” ;
“ Azərbaycan SSR Elmlər Akadmeiyasına tapşırılsın ki, respublika ərazisinin arxeoloji tədqiqat işini gücləndirib genişləndirsin, arxeologiyanın maddi-texniki bazasını möhləmləndirsin” ;
“ Azərbaycan Dövlət Tikinti Komitəsinə tapşırılsın ki, qoruq şəhərlərinin tarixi simasının qorunub saxlanması üçün Azərbaycan SSR Elmlər Akademiyası və Azərbaycan SSR Mədəniyyət Nazirliyi və müvafiq yerli zəhmətkeş deputatları sovetlərinin icraiyyə komitələri ilə birlikdə tədbirlər hazırlayıb həyata keçirsin ;
“Naxçıvan MSSR Nazirlər Sovetinə, Dağlıq Qarabağ Muxtar Vilayəti zəhmətkeş deputatları Sovetinin İcraiyyə Komitəsinə, şəhər, rayon zəhmətkeş deputatları Sovetlərinin icraiyyə komitələrinə tapşırılsın ki, abidələrin mühafizə zonalarını müəyyən etsinlər, həmin zonalarda kənar obyektlərin tikintisinə yol verməsinlər” ;
“Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, İçərişəhərin regenerasiyası, Şuşada və Ordubadda tarix-memarlıq qoruqlarının təşkili ( 1977-ci ildə nəzərdə tutulan hər iki qoruq yaradıldı S.Q ), arxeologiya və etnoqrafiya üzrə müstəqil elmi-tədqiqat idarəsinin yaradılması ( bir qədər gec- 1993-cü ildə AMEA nəzdində yaradıldı S.Q), Qobustan tarixi- bədii qoruğu ərazisnin abadlaşdırılması işlərinin surətləndirilməsi məsələsini nəzərdən keçirib həll etsin” və s [37 , s 5-12.].
1978-ci ilin 21 iyulunda qəbul edilən “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında” Qanunda tarix və mədəniyyət abidələri xalqın sərvəti və abidələri mühafizə etmək dövlət orqanlarının və ictimai təşkilatların mühüm vəzifəsi olmaqla yanaşı hər bir vətəndaşının vətənpərvərlik borcu kimi təsbit olundu. Həmçinin bu qanunla tarix və mədəniyyət abidələrinin qorunması sahəsində müxtəlif orqanların rolu birdaha müəyyənləşdirildi.
Belə ki, Sovet hakimiyyəti illərində dövrün qanunvericiliyinə əsasən tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə sahəsində dövlət idarəetmə işlərini “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında” SSRİ qanununa uyğun olaraq Azərbaycan SSRİ Nazirlər Soveti, Naxçıvan MSSR Nazirlər Soveti, Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi, rayon, şəhər, kənd və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri, habelə SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə müvafiq surətdə buna xüsusi vəkil edilmiş dövlət abidələri mühafizə orqanları həyata keçirmişlər.
Azərbaycan SSR-də abidələri mühafizə üçün xüsusi vəkil edilmiş dövlət orqanları olaraq Azərbaycan SSR Mədəniyyət Nazirliyi, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsi (əsasnamələrinə uyğun olaraq S.Q) və onların yerlərindəki orqanları təyin olunmuşdu.
Qeyd edək ki, Azərbaycan SSR Mədəniyyət və Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin səlahiyyətinə aid edilmiş tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə məsələləri barəsində onların göstərişləri bütün nazirliklər və baş idarələr, müəssisələr, təşkilatlar və idarələr, habelə vətəndaşlar üçün məcburi xarakter daşımışdır.
“Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında” Qanuna əsasən respublika və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri Azərbaycan SSR Mədəniyyət Nazirliyinin icazəsi ilə istifadəyə verilə bilərdi ki, belə abidələrdən əldə olunan gəlir ixtiyarında abidələr olan dövlət orqanları tərəfindən yalnız tarixi irsin mühafizəsi, bərpası, konservasiyası, təmiri sahəsindəki tədbirlərə xərclənə bilərdi. Ərazisində tarix, arxeologiya, şəhərsalma və arxitektura, monumental sənəd abidələri olan şəhərlərin və digər yaşayış məntəqələrinin planlaşdırılması, tikilişi və yenidən qurulması zamanı da müvafiq işlər Azərbaycan SSR Mədəniyyət Nazirliyi ilə razılaşdırılmalı idi.
Sovet hakimiyyəti illərində tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə sahəsində yerli xalq deputatları Sovetlərin icraiyyə komitələri, Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə komitəsi, rayon, şəhər, kənd və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələrinin səlahiyyətləri isə Sovetin ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin aşkara çıxarılması, uçota alınması, mühafizə edilməsi və onlardan istifadə olunmasını öz hüquqları çərçivəsində təmin etməkdən, abidələrin mühafizəsi, onlardan istifadə edilməsi və onların təbliği sahəsində tədbirlər görülməsinə ictimaiyyəti cəlb etməkdən, müəssisə, təşkilat və idarələrin onlar üzərində hamiliyini təşkil etməkdən, tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqındakı qanunvericiliyə əməl olunmasını təmin etməkdən ibarət olmuşdur.
Abidələrin qorunması sahəsində Azərbaycan SSR Elmlər Akademiyasının roluna gəlincə isə bildirək ki, bu dövrdə akademiya ona həvalə edilmiş vəzifələrə uyğun olaraq tabeliyindəki muzeylərdə və başqa idarələrinin balansında olan tarix və mədəniyyət abidələrinin mühafizəsini və onlardan düzgün istifadə olunmasını təmin etməli, müvafiq institutları vasitəsilə respublika və yerli əhəmiyyətli arxeologiya abidələrinin qazılması və kəşf edilməsi üçün icazə (vəkalətnamə, əvvəllər “açıq vərəqə” adlanmışdır S.Q) verməli və görülən işlərə nəzarəti təşkil etməli, Azərbaycan memarlıq və şəhərsalma tarixi və nəzəriyyəsinin əsas təmayüllərini öyrənməli, Azərbaycan memarlıq abidələri toplusunu yaratmalı, Azərbaycan memarlıq abidələrinin qorunması, konservasiyası, bərpa və yenidənqurulmasının elmi əsaslarını hazırlamalı, memarlıq irsinin qorunması və ondan istifadə problemlərinə yönəlmiş elmi proqram tərtib etməli və digər tapşırıqları icra etməli idi.
Azərbaycan SRR Elmlər Akdemiyası tərəfindən arxeoloji işlərin görülməsi üçün verilən vəkalətnamələr indiki dövrdə olduğu kimi, o dövrdə də Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alındıqdan sonra müvafiq işlərə başlamaq hüququ verirdi.
Bakıda “Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Könüllü Mühafizə Cəmiyyəti"nin fəaliyyət göstərməsi dövr üçün mütərəqqi hadisə hesab olunmalıdır. Cəmiyyətin fəaliyyətinin əsas məqsədi əhalinin geniş təbəqələrinin abidələrin mühafizəsində fəal surətdə və bilavasitə iştirak etməyə cəlb olunmasına kömək etmək, abidələri, abidələrin mühafizəsi və onlardan istifadə haqqındakı qanunları təbliğ etmək, dövlət abidələri mühafizə orqanlarının işinə fəal kömək etmək, abidələrin qorunmasına və onlardan düzgün istifadə olunmasına ictimai nəzarəti həyata keçirmək, tarix və mədəniyyət abidələri üzərində müəssisə, təşkilat və idarələrin hamiliyini təşkil etməkdən ibarət olmuşdur.
Ümumiyyətlə dövrün qanunvericiliyinə əsasən mədəniyyət, xalq maarifi, elm orqanları və idarələri tarix və mədəniyyət abidələri haqqında biliklərin əhali arasında təbliğ olunmasında və yayılmasında fəal iştirak etməli, bu abidələrin öyrənilməsinə uşaqların və gənclərin geniş cəlb olunmasına, onların mühafizəsində əhalinin iştirakına kömək etməli idilər.
1978-ci ildə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında” qanununda daha bir müsbət məqam abidələrin mühafizə zonalarının müəyyən olunmasının vacibliyinin göstərilməsi idi. Qanuna əsasən abidələrin mühafizə zonaları, tikintinin tənzimləmə zonası və mühafizə olunan təbii landşaft zonaları (hazırda mövcüd qanunvericiliyə əsasən abidənin təkcə mühafizə zonası müəyyən edilir S.Q) müvafiq dövlət abidələri mühafizə orqanlarının təqdimatı ilə Azərbaycan SSR Nazirlər Soveti tərəfindən müəyyən edilməli (hazırda mövcüd qanunvericiliyə əsasən yalnız abidə qoruqlarının mühafizə zonası Nazirlər Kabineti tərəfindən təsdiqlənir, abidələr üzrə mühafizə zonalarını aiddiyyəti orqanlar müəyyən edir) və tarix və mədəniyyət abidələrinin mühafizə zonaları şəhərlərin və digər yaşayış məntəqələrinin baş planlarına, onların planlaşdırılması, tikilişi və yenidən qurulması layihələrinə daxil edilməli idi. Göstərilən zonaların hüdudları daxilində müvafiq abidələri mühafizə orqanlarının icazəsi olmadan torpaq, tikinti işləri və digər işlər görülməsi, habelə təsərrüfat fəaliyyəti qadağan edilirdi [44].
Göründüyü kimi, abidələrin qorunması sahəsində vəziyyət getdikcə müsbətə doğru dəyişmiş və müəyyən bir mexanizm formalaşdırılmış, əlaqəli sahə üzrə hüquqi baza xeyli zənginləşdirilmişdir.
Bütün bunlara baxmayaraq abidələrin qorunmasına məsul orqan və təşkilatların fəaliyyəti qənaətbəxş deyildi. Bu işdə əvvəlki kimi yenə də ciddi nöqsanlar və həll edilməmiş problemlər qalmışdı. Həllini tapmalı məsələlərdən biri də bütün növ abidələrin dövlət mühafizəsinə götürülməsi idi. 1981 və 1988- ci illərdə bu problemin həllinə nail olmaq üçün addımlar atıldı.
Azərbaycan SSR Nazirlər Sovetinin 14 may 1981-ci il tarixli 225 nömrəli qərarı ilə respublika üzrə abidələrin yeni siyahısı təsdiqləndi. Bu siyahıya əvvəlki illərdə ( 1957 və 1968) təsdiq edilən siyahılardan fərqli olaraq ancaq sovet hakimiyyəti illərində yaradılan ev muzeyləri, görkəmli xadimlərin yaşadığı binalar, ədiblərə qoyulan heykəllər, böyük vətən müharibəsində həlak olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidələr, SSRİ dövündə yaradılmış ictimai və inzibati binalar daxil edilməklə 180 abidə dövlət mühafizəsinə götürüldü.
Çatışmazlıqların aradan qaldırılması üçün kompleks yanaşmaya ehtiyac yarandığından “Azərbaycan SSR-də şəhərsalma, arxitektura və arxeologiya abidələrinin mühafizəsini, bərpasını və onlardan istifadə edilməsinin daha da yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 15 sentyabr tarixli 436 nömrəli növbəti qərarı qəbul olundu.
Bu qərarda mədəni irsin qorunması, bərpası işində görülən tədbirlərlə yanaşı yol verilən nöqsanlar (bərpa işlərinin vaxtında görülməməsi, memarlıq və arxeoloji abidələrin mühafizəsi və bərpasına kifayət qədər fikir verilməməsi, Qarabağlar türbəsi, Həzrə türbələri, Çıraqqala abidəsi, Şamaxı cümə məscidi və.s abidələrin pis vəziyyətdə olması, arxeoloji abidələrin mühafizə zonalarının yaradılmamasına lazımınca diqqət edilməməsi, abidələrin pasportlaşdırılması işlərinin ləng aparılması və s.) xüsusi qeyd olunmuş və onların aradan qaldırılma yolları müəyyənləşdirilmişdir.
Belə ki, yuxarıda göstərilən qərarla bütün partiya təşkilatlarına, icraiyyə komitələrinə bir vəzifə olaraq tapşırılmışdı ki, tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası məsələlərinə diqqəti gücləndirsinlər, ictimaiyyəti, müəssisə, idarə, sovxoz, kolxoz və məktəblərin kollektivlərini bu işə daha geniş cəlb etsinlər. Tikinti, torpaq və kənd təsərrüfatı işləri görülərkən tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqındakı qanunlara müəssisə, təşkilat və idarələr tərəfindən əməl olunması təmin edilsin. “Azərbaycan SSR Nazirlər Soveti yanında Şəhərsalma, Arxitektura və Arxeologiya Abidələrin Mühafizəsi, Bərpası və Onlardan istifadə üzrə Baş İdarə” yaratmaq ( 1991-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi yaradıldı S.Q) və şəhərsalma, memarlıq və arxeoloji abidələrin aşkara çıxarılmasını, mühafizəsini, sistemləşdirilməsini, bərpasını və onlardan istifadə olunmasını həmin idarəyə tapşırmaq qərara alınmışdı. Respublika Mədəniyyət Nazirliyinin Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi üzrə Baş İnspeksiyası, Tarix və İncəsənət abidələrinin Mühafizəsi və onlardan istifadə üzrə Baş İnspeksiyaya çevrilməli idi [48] . Lakin, belə bir dəyişiklik olmasına sonrakı rəsmi sənədlərdə və informatorların söylədiklərində rastlaşmadıq. Görünür hansısa səbəblərdən məsələ öz həllini tapmamışdır.
Həmin dövrdə höküməti narazı salan daha bir nüans "İçərişəhər” kompleksinin lazimi səviyyədə qorunmaması ilə bağlı olmuşdur. Bu istiqamətdə aparılan işlər ürəkaçan olmadığı üçün Azərbaycan KP Mərkəzi Komitəsi və Nazirlər Soveti 23 mart 1984-cü ildə yenidən bu məsələyə diqqəti yönəltdi və "Bakı şəhərində yerləşən "İçərişəhər” kompleksinin qorunması, bərpası və istifadəsi tədbirlərinin yaxşılaşdırılması” haqqında yeni qərar qəbul etdi. Qərarda, Bakı Şəhər İcraiyyə Komitəsindən, Mədəniyyət Nazirliyindən, Elmlər Akademiyasından tələb olunurdu ki, İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi, bərpası və regenerasiyası işlərinin təşkili və texniki səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi tədbirlər görsünlər [53].
Mədəni irsin müəyyən edilməsi, öyrənilməsi və tədqiqi üzrə həyata keçirilən ardıcıl işlər yeni abidə qoruqlarının yaradılmasına və dövlət mühafizəsinə götürülən abidələrin növbəti dəfə siyahsının tərtib edilərək təsdiqlənməsinə zərurət yaratmışdı.
Müvafiq istiqamətlərdə aparılan məqsədyönlü işlər nəticəsində qısa müddət ərzində “Zaqatala Tarix Mədəniyyət Qoruğu” (1984), “Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğu” (1988), “Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu” (1988), “Avey Dövlət Tarix Mədəniyyət Qoruğu”(1989), “Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu” (1989) və “Gülüstan Tarix-Mədəniyyət Qoruğu (1990-ci ildə yaradılıb, 2017-ci ildə ləğv edilib) yaradıldı, respublika ərazisində yerləşən abidələr yenidən təftiş edilərək Azərbaycan SSR Nazirlər Sovetinin 27 aprel 1988-ci il tarixli 145 nömrəli qərarı ilə siyahıya alınması nəticəsində 2178 memarlıq, 756-ı arxeoloji olmaqla cəmi 2934 abidə dövlət mühafizəsinə götürüldü.
Əvvəlki illərdə ( 1957, 1968 və 1981) təsdiq edilmiş siyahılardan fərqli olaraq bu siyahıda memarlıq baxımdan əhəmiyyət kəsb edən əksər yaşayış binaları ilk dəfə qeydə alınırdı.
Sovet hakimiyyəti illərində abidələrin pasportlaşdırılmasına da diqqət edilmişdir. Bu zaman pasportlaşma işi keçmiş SSRİ-nin Ümumittifaq Mədəniyyət İnstitutu tərəfindən hazırlanmış vahid prinsip əsasında aparılmışdır. 1969-cu ildən tətbiq edilən sistem mövcud olan və yeni üzə çıxarılan hər bir abidənin hökmən öz pasportu və qeydiyyat vərəqəsi olmasını tələb edirdi.
Qeyd olunan sistemlə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən 1000-dən çox abidə pasportlaşdırılmışdır.
Hazırda abidələrin pasportlaşdırılması Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunda hazırlanmış və müvafiq institut və qurumlarla razılaşdırılmış milli standartlar əsasında aparılır.
(ardı var)
İstifadə olunmuş mənbələrin siyahısı:
Rus dilində
Dövri mətbuat, məcmuələr:
İnternet resursları:
54. İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində yaradılan şəraitlə tanış olub \ https://president.az/articles/17804
55. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu\ http://www.e-qanun.az/framework/25303
56. “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı\ http://www.e-qanun.az/alpidata/framework/data/30/f_30401.htm
57. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı \ http://www.e-qanun.az/alpidata/framework/data/28/c_f_28902.htm
51. “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı \ http://www.e-qanun.az/framework/2847
58. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı \ http://www.e-qanun.az/framework/43473
59. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında” \ Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı \ http://www.e-qanun.az/framework/44581
60. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının tarixindən: Aslan bəy Kriçinski və Xüsusi Komissiyanın fəaliyyəti haqqında \ http://milliarxiv.gov.az/az/azerbaycan-xalq-cumhuriyyeti-qurucularinin-tarixinden-aslan-bey-kricinski-ve-xususi-komissiyanin-fealiyyeti-haqqinda
61. http://whc.unesco.org/en/statesparties/az/
62. http://mct.gov.az/az/umumi-xeberler/10378
63. https://icherisheher.gov.az/az/78-iceri-shere-xos-gelmisiniz
64. https://www.azmiu.edu.az/pages/142
65. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu \ http://www.e-qanun.az/framework/3526
66. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) TƏSNİFATI / http://www.e-qanun.az/framework/41438
67. Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) TƏSNİFATI / http://www.e-qanun.az/framework/21781
68. Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların TƏSNİFATI / http://www.e-qanun.az/framework/23253
Dissertasiyalar :
69. Ağamalıyeva, Y. Azərbaycan şə hərlərində tarixi abidələrin qorunma problmləri (Naxçıvan, Gəncə, Şəki, Ordubad və Ş uşa şə hərlərinin timsalında): memarlıq nam. alim. dər. al. üçün təq. ed. dis.-nın avtoreferatı: 18.00.01 /Yeganə A ğamalıyeva; Azərbaycan Memarlıq və İnşaat Unti.- Bakı, 2005.- 26 s.
70. Kərimli T. Azərbaycanda bərpa-konservasiya işlərinin tarixi və perspektivləri : memarlıq üzrə fəlsəfə d-ru e. dər. al. üçün təq. ed. Dissertasiya : 6401.01 /T. N. Kərimli ; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Memarlıq və İnşaat Un-ti. Bakı: 2017, 182 s.
71. İbrahimova İ. Azərbaycanda arxeologiya elminin təşəkkülü: (tarixi-arxeoloji tədqiqat): tarix e. n. al. dər. a. üçün təq. ol. dis.: 07.00.06. /İlhamə İbrahimova; AMEA, Arxeologiya və Etnoqrafiya İn-tu.- Bakı, 2006.- 153 s.