Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi Avropa İttifaqı ilə münasibətlərin inkişaf perspektivləri, sosial aspektləri- İkinci Hissə

13.04.2021

Aİ - Azərbaycan mühüm enerji tərəfdaşı kimi Azərbaycan enerji sahəsində Aİ-nin vacib tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarını Aİ bazarına daşınmasında əsas rol oynayır. O, həmçinin neft və qeyri-neft sektorunda Azərbaycanın ən böyük xarici inve

 

Aİ - Azərbaycan mühüm enerji tərəfdaşı kimi

Azərbaycan enerji sahəsində Aİ-nin vacib tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarını Aİ bazarına daşınmasında əsas rol oynayır. O, həmçinin neft və qeyri-neft sektorunda Azərbaycanın ən böyük xarici investorudur. Aİ Azərbaycan üçün əsas ticarət tərəfdaşlarındandır, eləcə də ən böyük ixrac və idxal bazarıdır. Hazırda Azərbaycan Aİ-nin təbii qaz ehtiyacının təxminən 5 faizini təmin edir. Azərbaycan Xəzərin təbii qaz resurslarını Aİ bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəql edir. Aİ 2016-cı ildə “EU4Energy” adlı regional proqramı təsis edərək, enerji siyasəti məqsədlərinə nail olmaqda və enerji səmərəliliyini təkmilləşdirməkdə, Azərbaycanın da daxil olduğu  Şərq Tərəfdaşlığı ölkələrini dəstəkləyir.

 

Aİ Azərbaycan neftinin və ölkə ərazisi ilə tranzit olunan neftin əsas alıcısıdır. Cənub Qaz Dəhlizi Xəzər, Mərkəzi Asiya və Yaxın Şərqdən təbii qaz resurslarının Avropa bazarlarına nəql olunması üçün strateji təşəbbüsdür və Avropanın enerji təminatı təhlükəsizliyinin genişləndirilməsində əsas alətdir. Xəzər dənizinin Azərbaycana aid sektorunda nəhəng dəniz qaz yatağı olan Şah Dəniz II 2020-ci ildən etibarən Avropa bazarlarına ilkin olaraq ilə 10 milyard kubmetr qaz ixrac edir. Xəzər hövzəsindən təbii qazı təmin edəcək infrastruktur, xüsusilə də Şah Dəniz II, Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə gedən mövcud Cənubi Qafqaz kəməri; Türkiyədən keçərək Gürcüstanı Avropa ilə birləşdirən Trans-Anadolu qaz boru kəməri; eləcə də Yunanıstan və Albaniya vasitəsilə təbii qazı Türkiyə sərhəddindən İtaliyaya nəql edən Trans-Adriatik boru kəmərindən ibarətdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ildə keçirdilən Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində qeyd etdiyi "Enerji layihələrimiz bizim üçün və region üçün çox vacibdir. Bizim təşəbbüs etdiyimiz enerji layihələri regionun enerji xəritəsini dəyişib” fikri ilə yanaşı Azərbaycanın Avropa İttifaqının bəzi ölkələri üçün artıq neft təminatçısı olduğunu da vurğulamışdır. Həmçinin Prezident İlham Əliyev “Gürcüstanın Supsa limanına kimi çəkdiyimiz Bakı-Supsa boru kəməri Xəzəri və Qara dənizi birləşdirdi. İkinci boru xətti Xəzəri və Aralıq dənizini birləşdirən Bakı-Tbilisi Ceyhan boru xətti oldu. Həmin yolla biz qaz boru xəttini də çəkdik. Buna görə də biz karbohidrogenlərin ixrac yollarını diversifikasiya etmişik və tərəfdaşlarımız üçün enerji təhlükəsizliyini təmin edirik. Cənubi Qaz Dəhlizi layihəsini bitirdikdən sonra Avropa ölkələri bizim təbii qazımıza da çıxış əldə edəcəklər”[1] deyə vurğulamışdır.

 

Nəqliyyat sahəsində fəal dialoq və əməkdaşlıq Aİ ilə Azərbaycanın iqtisadi əlaqələrində mühüm yer tutur. Azərbaycanın əlverişli coğrafi mövqeyi, strateji nəqliyyat yollarının qovşağında yerləşməsi bu sahədə sıx əməkdaşlıq üçün geniş imkanlar yaradır. Məlumdur ki, Azərbaycan son illər ərzində Bakı Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm infrastruktur layihələrinə böyük sərmayə qoymuşdur. Buna görə də, təsadüfi deyil ki, ən əhəmiyyətli avtomobil və dəmir yolları, dəniz və hava limanları Trans-Avropa nəqliyyat şəbəkəsinin TEN-T tikintisinin qabaqcıl indikativ planına daxil edilmişdir. Qeyd etmək yerinə düşər ki, TEN-T-nin qəbul edilməsi qərar, Avropa Parlamenti tərəfindən 1996-cı ildə verilmişdir və Aİ-də avtomobil və dəmir yollarının, hava limanlarının və su infrastrukturunun planlı şəbəkəsinin təşkilini nəzərdə tutur. O, eyni zamanda, Trans-Avropa şəbəkələrinin daha geniş sisteminin bir hissəsidir. Bununla yanaşı, Aİ Bakı limanına texniki dəstək də göstərir.

 

Azərbaycanın böyük neft-qaz resurslarına, sabitliyə malik dünyəvi dövlət olması, həmçinin mürəkkəb regionda yerləşməsi ona qarşı maraq yaradan amillərdəndir. Avropa inteqrasiyası hüquqi-texniki proses olmaqla yanaşı, geniş qarşılıqlı anlayışın formalaşdırılması, habelə bir-birinin güclü tərəflərinin qəbul edilməsi və onlardan istifadəni də əhatə edir. Bu baxımdan Azərbaycanla Avropa ittifaqı bir-birinin maraq dairəsindədirlər. Beynəlxalq aləmdə ətibarlı tərəfdaş imicini möhkəmləndirən  Azərbaycan Avropa İttifaqına iqtisadi faydalı layihələr  təklif edir. Aİ isə böyük neft-qaz resursları olan Avropalı qonşusu Azərbaycanla əlaqələri gücləndirmək istəyir.

 

44 günlük Vətən müharibəsi və Aİ

 

Aİ Azərbaycanın ərazi bütövlüyü, suverenliliyi və müstəqilliyini dəstəkləyir.  Həmçinin, 44 günlük Vətən müharibəsinə qədər olan dövr ərzində Aİ və ona üzv dövlətlər qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımayıb. O cümlədən Aİ onun Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi, ATƏT-in Minsk qrupu həmsərdlərinin Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində səylərini dəstəkləyib. İttifaq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Tərəfdaşlıq proqramının icrası vasitəsilə münaqişə tərəfləri arasında etimadın və sülhün yaranması istiqamətində fəaliyyətləri təşviq edilməsində maraqlı olub. Çünki Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz ölkələrini maraqlandıran hadisələrin önündə gəlib. 2016-cı ilin ikinci yarısında vasitəçi dövlətlərdən Rusiyanın fəallaşması ilə 2017-ci ildə Qarabağ münaqişəsinin həlli üçün ciddi addımların atılacağı gözləntisi var idi.  Bu  istiqamətdə 2017-ci ildə önəmli bəzi görüşlər keçirilsə də, nəticə etibarilə ciddi  addım atılmadı. Ancaq, 2017-ci ilin noyabr ayında keçirilən ŞT Sammitində Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinin əhəmiyyətinin vurğulanması Azərbaycanın növbəti nailiyyəti, Ermənistanın isə məğlubiyyəti olaraq vurğulandı.[2] 2020-ci ilin sentyabr ayının 27-də bşlayan müharibə Azərbaycanın qalibiyyəti olaraq bölgədə sülhün və əminamanlığın qalıcı təminatçısı kimi rolunu tərəfdaş ölkələr və beynəlxalq qurumlar qarşısında daha da gücləndirdi. Bu Aİ ilə də münasibətlərin yeni mərhələdə davam etdirilməsi əhəmiyyətini artırdı.

 

Qeyd etmək lazımdır ki, Avropa İttifaqı 18 fevral 2021-ci il tarixində Dağlıq Qarabağ və onun ətrafında aparılmış geniş miqyaslı hərbi əməliyyatların təsirinə məruz qalmış, zərər çəkmiş insanlara, o cümlədən böyük sayda məcburi köçkünlərə yardım məqsədi ilə 3 milyon avro məbləğində humanitar yardım ayırıb. Hərbi əməliyyatların başladığı 2020-ci ilin 27 sentyabr  tarixindən indiyədək Aİ ümumilikdə 6.9 milyon avro məbləğində humanitar yardım səfərbər edib.[3]

 

Aİ-nın enerji təchizatının təhlükəsizliyi kimi həyati əhəmiyyətli mənafelərinə cavab verən ölkələrlə münasibətlərində uğur əldə etməsinin əsas yolu münaqişələrin həlli məsələsində daha aktiv rol oynamasıdır. Həm Avropa Təhlükəsizlik Strategiyası, həm də Avropa Qonşuluq Siyasəti sənədlərində də qeyd edildiyi kimi yaxın ətrafında münaqişələrin qarşısının alınması və həlli Aİ-nin əsas məqsədlərindən biridir. Bununla birlikdə regiondakı münaqişələrin həllində təşəbbüslər daha çox Xüsusi Nümayəndə və ya Avropa İttifaqının Müşahidəçilər Missiyası tərəfindən həyata keçirilir. Başqa sözlə Aİ-nin xarici siyasətdə təsirli ola bilməsi, öz daxili problemlərini həll edə bilməsindən asılıdır. Nəticədə Aİ ikitərəfli və regional platformada nə qədər geniş əhatəli siyasət işləyib hazırlayırsa hazırlasın, regional münaqişələrin həllində uğur qazana bilməsi, yaxın ətrafında nə dərəcədə strateji aktor ola bilməsindən/bilmək istəməsindən irəli gəlir.

 

Münasibətlərin yeni mərhələsi “Yeni Saziş”

 

İlham Əliyev: “Avropa İttifaqı ilə saziş məsələsində daha böyük irəliləyiş gözləyirik” Azərbaycan Prezidenti İlham Əliyevin martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə videoformatda görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq barədə çərçivə sazişində daha böyük tərəqqi gözlədiyini bildirib. Həmçinin Prezident “Biz Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsindəyik, pandemiya və müharibə səbəbindən bu müzakirələr müvəqqəti dayandırılıb. Lakin sazişin müddəalarının mütləq əksəriyyəti artıq razılaşdırılıb və əminəm ki, qarşıdan gələn aylar ərzində daha böyük irəliləyiş olacaq” deyə qeyd edib. Həmçinin Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının VII qurultayında Avropa İttifaqı ilə bərabərhüquqlu saziş imzalamağa hazırlıq getdiyini bildirib. İlham Əliyev “Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb” deyə qeyd edib.[4]

 

Qeyd etmək lazımki, Azərbaycan Prezidentinin sözlərinə əsasən, Avropa İttifaqı ilə assosiativ saziş imzalamış keçmiş sovet respublikalarından heç biri Avropa İttifaqının üzvləri olan doqquz ölkə ilə strateji tərəfdaşlıq barədə sənəd imzalamayıb.[5]

 

Azərbaycan Aİ-nin həm də strateji enerji tərəfdaşıdır. Bu strateji əməkdaşlığın yaranmasında və inkişafında Böyük Britaniyanın BP şirkəti mühüm rol oynayır. 2021-ci il fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonla görüşündə Prezident İlham Əliyev BP-nin Azərbaycanın strateji tərəfdaşı olduğunu vurğulamaqla yanaşı, həm də xatırlatmışdır ki, Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq və Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq, qarşımızda indi yeni imkanlar var.

 

Cənubi Qafqazda bir sıra xarici qüvvələrin və ölkələrin maraqlarının toqquşmasına baxmayaraq, Azərbaycan müstəqil xarici siyasət kursunu saxlamağa müvəffəq olub. Bu isə Azərbaycana Aİ ölkələri ilə münasibətləri ölkənin milli maraqları əsasında qurmağa imkan yaradıb.

 

Bu da bir danılmaz aksiomadır ki, Azərbaycan diplomatik münasibətləri və apardığı uğurlu xarici siyasəti ilə beynəlxalq müstəvidə müxtəlif dövlətlərlə, təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Bu münasibətlər müstəvisində, Azərbaycanın suverenlik, milli dəyər və maraqlarının qorunması kimi amillər başlıca yer tutur. Bu baxımdan, Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq təkliflərində yer alan müəyyən məqamlarla bağlı münasibətə Azərbaycan özünün əməkdaşlıq modelini irəli sürüb ki, bu istiqamətdə də mərhələli qaydada səmərəli müzakirələr aparılıb. tərəflər arasında yaranmış ciddi problemlər, qarşılıqlı anlaşma şəraitində həllini tapıb. Bundan əvvəlki münasibətlər tərəflər arasında qəbul edilmiş “Assosiativ saziş” çərçivəsində davam etdirilib.

 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, artıq tam istismara verilən nəhəng Cənubi Qaz Dəhlizi layihəsi və bu layihənin Avropada coğrafiyasının genişləndirilməsi imkanları, habelə Azərbaycan-Aİ ikitərəfli münasibətləri və bu münasibətlərin hüquqi əsasını təşkil edəcək

 

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanması ilə əlaqədar bir sıra məsələlər daim aparıcı  istoqamətlərdən olub. Müəyyən hallarda fərqli tezislər də səsləndirilib,  fərqli mövqelər ifadə edilsə də, üstünlük balansını əlində saxlayan rəsmi Bakının təmkinliyi və fəallığı ortaya çıxan maneələrin aradan qalxmasına münasib şəraitlər yaradıb. Bu, Azərbaycanın balanslaşdırırlmış xarici siyasət fəaliyyətinin uğurlarından biridir.

 

Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələləri və ikitərəfli formatda münasibətlər, o cümlədən yeni Sazişin imzalanmasının əhəmiyyəti, enerji sahəsində tərəfdaşlıq və yeni imkanların nəzərdən keçirilir. Aİ-nin münaqişədən əziyyət çəkən insanlara humanitar yardım və İttifaqın münaqişə sonrası prosesdə oynaya biləcəyi rolu barədə ətraflı müzakirələr aparılır. İqtisadi müstəvidə münasibətlər yüksələn xətlə inkişafdadır. Bərabərsəviyyəli ikitərəfli əlaqələrin qurulmasının nəticəsi olaraq, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün apardığı ikinci Qarabağ müharivəsində neytrallığını qorudu. Çünki Aİ-nin Azərbaycanın ərazi bütövlüyü haqqında qətnamələri mövcuddur.


 

Elnarə Qəribova

Hüquq  təhsilini Bakı Dövlət Universitetində, doktorantura təhsilini isə Ankara Universitetinin Avropa İttifaqı və beynəlxalq iqtisadi münasibətlər fakültəsində Avropa İttifaqı hüququ ixtisası üzrə almışdır. Tədqiqat istiqamətləri: Avropa İttifaqı hüququ və münasibətləri,  konstitusional hüquq və vətəndaşlıq, insan hüquqları, miqrasiya prosesi, avropalılaşma, Avropa kimliyi və s.