İctimai xidmət idealı qədim mənşəyə malikdir. Əslində fəlsəfənin özü qədər qədimdir. Antik dövr mütəfəkkirlərindən Avropa İntibah dövrünə qədər ictimai xidmət məsələsinə ümumi baxış demək olar ki, eyni qaldı. Aristoteldən və Platondan Aquinasa qədər ictim
İctimai xidmət bir anlayış kimi olmasa da, məsul şəxslərin şəxsi maraqları yerinə ictimai maraqların təminatçısı kimi fəaliyyəti olaraq qədim dövrlərdən bəri var idi. Bu fəaliyyətin ictimai xidmət mahiyyəti qazanması və nəzəri çərçivədə təhlil olunması nisbətən yeni hadisədir. İctimai xidmətlər politologiya sahəsində dövlətin vəzifələri/funksiyaları çərçivəsində, iqtisadi nəzəriyyədə dövlət sektoru, dövlət mülkiyyəti çərçivəsində tədqiq olunur. Hüquqi kateqoriya kimi bu anlayış Fransaya, xüsusən də XVIII əsrə qədərki monarxiya və inqilab dövründə məxsusdur. Xüsusən, Duguit və Bordeaux məktəbi tərəfindən nəzəri çərçivədə geniş təhlil olunub.
İCTİMAİ XİDMƏT YOXSA DÖVLƏT QULLUĞU...
İngilis dilində public service, yaxud Fransız dilində service publique dilimizə dövlət qulluğu, dövlət xidməti yaxud ictimai xidmət kimi tərcümə olunur. Azərbaycanda bu fəaliyyətlərin dövlət qulluğu yaxud ictimai xidmət kimi təyinatı o sahədə çalışan şəxslərin hüquqi statusu ilə müəyyən olunur. Belə ki, Azərbaycanda İngiltərədə olduğu kimi, dövlət qulluğu ictimai xidmətlərin nisbətən dar, xüsusi bir sferasını nəzərdə tutur. Bu sferanın digər ictimai xidmət sferalarından ayırdedici xüsusiyyəti dövlət qulluqçularının birbaşa dövlət avtoritetinin təmsilçisi olmasıdır. Digər dövlət qurumlarında çalışan şəxslər üçün bu status keçərli deyil.
Digər tərəfdən, ifadənin birinci (dövlət yoxsa ictimai) və ikinci hissəsi (qulluq yoxsa xidmət) ayrı-ayrılıqda müzakirə oluna bilər. Public sözü Azərbaycan dilinə “dövlət” kimi yerləşib. Məsələn, public administration, public service – dövlət idarəçiliyi, dövlət qulluğu kimi tərcümə olunur. Halbuki dilimizdəki istifadəsindən fərqli olaraq orijinal ifadənin birinci tərəfi (public) sifət olmaqla ikinci tərəfin xüsusiyyətini göstərir. Digər tərəfdən, məsələn anadolu türkcəsində “dövlət” ifadəsi mövcud olsa da, bu söz birləşmələrinin birinci hissəsi kamu (yəni qamu-ümumi, bütün) kimi tərcümə olunur Kamu yönetimi, kamu hizmeti ifadələrinin birinci tərəfi sifət xüsusiyyətini saxlayır və kamusal yönetim, kamusal hizmet mənaları daşıyır. Qeyd olunanlarla yanaşı, xarici ədəbiyyatda dövlətin özü hüquq subyektlərindən biri olaraq (dövlət və digər publik hüquqi şəxslər) publik hüququn tərkib hissəsi olsa da, son illər hüquq ədəbiyyatımızda geniş yayılan “publik hüquqi şəxslər” dövlət hüquqi şəxsindən kənar, yəni dövlət orqanı olmayan qurumlar üçün nəzərdə tutulur. Publik sözü dar mənada hüquq ədəbiyyatına qazandırılsa da, public administration, public service kimi ifadələrin tərcüməsində publik yerinə, dövlət və ictimai ifadələri qalır. İfadənin ikinci hissəsinə gəlincə, orijinaldakı service ifadəsinin kökü latınca köləlik mənasına gələn servitium-dur. Bu ifadənin tərcüməsi kimi xidmət sözü işlənsə də, xidmət müəyyən mənada haqq tələb edən və əvəzsiz formaları ehtiva edir. Bu baxımdan “qulluq” sözü orijinal ifadənin məqbul tərcüməsi kimi nəzərə alına bilər.
İCTİMAİ XİDMƏTLƏRİN MAHİYYƏTİ…
İctimai xidmət siyasi sahəyə aid fəaliyyətləri nəzərdə tutur. Başqa sözlə, fərdi maraqlara bağlı iqtisadi sferada deyil, siyasi-ictimai sferada mümkündür. Siyasi sahənin əsas tələbi ümumi nizamın gedişatını, bu çərçivədə öz varlığını təminat altına almaqdır. Bu mənada siyasi sahədəki fəaliyyətlər, yəni ictimai nizama imkan yaradan hüquqi qaydaların müəyyən olunması (qanunvericilik) və tətbiqi (icra və məhkəmə) ictimai xidmət hesab olunur. Hüquqi baxımdan ictimai xidmət bütün hüquqi dövlət fəaliyyətlərini əhatə edir. Publik hüququn subyekti olan idarə və təşkilatların öz vəzifə səlahiyyətləri çərçivəsindəki fəaliyyəti ictimai xidmət mahiyyətlidir. Buradakı vacib məqam, ictimai xidmətlərin dövlətin iradəsindən keçərək varlıq qazanmasıdır. Yəni, xidmətlər ictimai mahiyyətini dövlətin iradəsi ilə, yaxud onun nəzarəti altında həyata keçirilməsi ilə qazanır. Dövlət isə iradəsini hüquq vasitəsilə aşkar edir. Digər vacib məqam xidmətlərin ümumi, kollektiv ehtiyacların təminatına, ümumi faydaya yönəldilmiş olmasıdır. Sonuncu vacib məqam kimi təqdim olunan xidmətlərin davamlı və müntəzəm olması qeyd oluna bilər.
İCTİMAİ XİDMƏTLƏRİN TƏSBİTİ…
İctimai xidmət anlayışı hüquqi baxımdan Fransa mənşəli olduğu üçün buradakı dəyişikliklər digər ölkələrə təsirsiz ötüşməyib. Belə ki, bu anlayış istər Fransada, istərsə digər ölkələrdə obyektiv yanaşmadan subyektiv yanaşmaya doğru dəyişiklik xətti izləyib. Obyektiv yanaşmanın tərəfdarı kimi Duguit vəzifəli, məsul şəxslər tərəfindən icra olunan, tənzimlənən yaxud nəzarət olunan bütün fəaliyyətləri ictimai xidmət hesab edir. Yəni, ictimai xidmətlərin təsbit olunması onların mahiyyətindən irəli gəlir. Başqa sözlə, bəzi xidmətlər mahiyyəti etibarilə ictimai xidmət hesab olunur. Bir fəaliyyət ictimai baxımdan vacib mahiyyət qazanıbsa, Duguit’ə görə onun vəzifəli şəxslər tərəfindən icra olunmasına ehtiyac yaranar və ictimai xidmət statusu qazanar. Burada fəaliyyətin ictimai xidmət statusu qazanması rəsmi mövqedən deyil, onun əvvəlcədən cəmiyyət üçün ciddi bir ehtiyac halına gəlməsindən irəli gəlir. Subyektiv yanaşmanın tərəfdarı kimi Jeze məhz vəzifəli şəxslər tərəfindən ictimai xidmət kimi icra olunması nəzərdə tutulan fəaliyyətləri ictimai xidmət hesab edir. Jezenin yanaşmasında ictimai xidməti təsbit edən əsas faktor vəzifəli şəxslərin iradəsidir. Bu yanaşma hazırkı dövrə qədər öz yerini qorumaqla ən yüksək nöqtəsinə çatıb. Belə ki, dövlət idarəçiliyində reformlarla birlikdə ictimai yarar və ictimai xidmət anlayışları dəyişib, Avropa İttifaqı hüququ ilə rasionallaşdırılaraq subyektiv yanaşma siyasi iqtidarın tələbləri çərçivəsində müəyyən olunan anlayış mahiyyəti qazanıb.
İCTİMAİ XİDMƏTLƏRİN TƏMİNATI…
İctimai xidmət siyasi sferada, yəni bazar fəaliyyətindən kənar subyektin, dövlətin üzərinə götürdüyü sosial ehtiyacları ödəyən mal və xidmət istehsalını nəzərdə tutur. Ənənəvi olaraq ictimai ehtiyaclardan, tələblərdən irəli gələn bu xidmətlər birbaşa dövlət tərəfindən həyata keçirilir. Xidmətdən faydalanma vətəndaş kimliyini daşıyan hər kəs üçün açıq hesab olunur. XX əsrin sonlarından etibarən ictimai xidmətlərin təminatında xüsusi sektorun, bazar subyektlərinin payı artır. Bu iki formada həyata keçirilir: ehtiyac duyulan mal və xidmətlər bazardan satın alınır, yaxud xidmətlər dövlət təsisatlarının nəzarəti altında birbaşa bazar subyektlərinə gördürülür. Qeyd edək ki, hər kəsə açıq şəkildə həyata keçirilən fəaliyyətlərin tamamilə bazar prinsiplərinə tabe olması mümkün deyil. Bu tendensiya həmin xidmətlərin ictimai mahiyyətini müəyyən mənada aşındırmaqla, yarı-ictimai xidmət statusuna, faydalananları isə vətəndaş mövqeyindən yoxsa müştəri mövqeyinə yerləşdirir.
Ədəbiyyat:
Onur Karahanoğulları, Kamu Hizmeti (Kavram ve Hukuksal rejim), Turhan kitabevi, Ankara, 2017.
Barry O’Toole, The ideal of public service, Routledge, Abingdon, England, 2006.
Süheyp Derbil, Kamu Hizmeti Nedir?, Ankara Üniversitesi Hukuk Fakültesi Dergisi, Cilt: 7, Sayı: 3, Yıl: 1950.