Qeyd edilən diskontentasiyalar və onların səbəb olduğu əks-formasiyalar Modernizm erasının başlanğıcından bəri mövcud olub. Modernizmə müqavimət, demodernizasiya hərəkatları və ideologiyaları son iki-üç əsrdə Qərb tarixində təkrarən özünü göstərən fenomenlərdir. Onların bəziləri Üçüncü Dünya Ölkələrində özünü göstərən fenomenlər ilə oxşarlıq təşkil edir. Bu əks-formasiyalar həm “inqilabi”, həm də “reaksiyonar” xarakterdə olub. Onların ən dominant mövzusu modern həyatın ictimai-özəl dixotomiyasına qarşı olmaqla qeyd edilən sferalar arasında bir körpü qurmaq vədindən motivasiyaedici qüvvə alıb.
Bu həmrəylik üçün əsas institutsional namizəd modern dövlət oldu. XX əsrin totalitarizmləri bu ironik vəziyyəti açıq bir şəkildə ortaya qoyur. Çağdaş totalitarizmlər Modernizmin yaratdığı diskontentasiyalardan azadlıq ilə yanaşı, bu xoşnudsuzluqların ifrat institusionallaşmasını da özündə ehtiva edir.
Demodernizasiyanın başlanmasının əsas səbəbi texnoloji və bürokratik proseslərin gərginləşməsi və sürətlənməsidir. Modern texno-elmi tərəqqi öz essensial məntiqinə uyğun olaraq sürətlənir. Lakin bürokratiyada bununla uzlaşan essensial sürətləndirici faktor yoxdur. Onun böyüməsi modern texnologiya və daha böyük inzibati strukturlar tələb edən əhali artımı tərəfindən yaradılan getdikcə artan komplekslilik ilə bağlıdır. Modernizmin hakim impulsları gücləndikcə onun yaratdığı diskontentasiyalar daha da gərginləşməklə demodernizasiya impulslarını şiddətləndirir. Eyni zamanda urbanizasiya – şəhərlərin getdikcə böyüməsi və şəhər həyatının diffuziyasının ekpansiv reallığı, habelə sosial həyatın bütün aspektlərinin parçalanması texnolojiləşmə və bürokratikləşmənin doğurduğu diskontentasiyaların dərinləşməsi ilə nəticələnir.
Texnoloji tərəqqinin səbəb olduğu digər kvalitativ dəyişiklik istehsaldan istehlaka keçid oldu. Bu gün inkişaf etmiş sənaye cəmiyyətləri iqtisadi fəaliyyət sektorunun nəhəng böyüməsi ilə xarakterizə olunur. Ona görə də, Qərbi Avropa və Şimali Amerikada çağdaş cəmiyyətlər post-industrial və ya xidmət cəmiyyətləri adlanır. Gündəlik həyat üçün iqtisadiyyatln xarakterindəki bu transformasiyasının nəticəsi sadəcə rifahın deyil, asudə zamanın da kəskin artımına səbəbiyyət verdi. Produktiv əmək dünyasında fərdlər tərəfindən daha az zaman sərf edilir. Əksər insanların “zaman büdcəsi”ndə bu dəyişiklik ilə özəl sfera və onun Modernizmin yaratdığı diskontentaisyaları həll etmək gücünə daha çox vurğu edilməyə başlandı. Kollektiv və fərdi mövcudiyyət üçün tətminedici mahiyyət axtarışı təlaşlı və çılğın xarakter aldı.
Demodernizasiya impulslarının gərginləşməsinin kauzal faktorlarından biri uşaqlıq və gəncliyin bioqrafik mərhələlərindəki transformasiyadır. Modern burjuaziya uşaqlığın yeni formasını ortaya çıxardı. Bunun struktural ön şərti kapitalizmdən, daha doğrusu sənaye inqilabından qaynaqlanan produktiv iqtisadi aktivlikdən ailənin ayrılması idi. Modern iqtisdiyyatlarda industrializmin möhkəmlənməsi ilə çox az insan ailələri ilə birgə yaşadıqları yerdə işləməyə davam edirdi. Bununla da, ailə iqtisadi həyatın məşəqqətli reallıqlarından qorunan bir anklava çevrildi. Eyni anklav əlbəttə ki, uşaqlıq üçün bir lokasiya təmin etməli idi. XIX əsrdə inkişaf etmətə başlayan “uşaqlıq etosu” bu seqmentin təhsil aspirasiyalarında xüsusilə ifadə olunur. Lakin daha fundamental olaraq bu yeni etos uşaqlığın fərdin həyatında çox dəyərli və önəmli bir mərhələ olduğu gümanına əsaslanır (4, kindle edition). Burjua uşaqlığı həssas, daima sığınacaq istəyən, dayanıqsız və sentimental xarakter aldı. Bununla yanaşı, gəncliyin bioqrafik mərhələsi də genişləndi. Yeni gəncliyin bu etosu ondan öncəki uşaqlıq etosuna əsaslanırdı. Reallıqda kövrəklik və həssaslıq etosundan başqa bir şey olmayan bu yeni fenomen uğurlu bir şəkildə institutlaşdırılmaqla digər siniflərə də nüfuz etməyə başladı.
Bu etosun tələb etdiyi şərtlərdə sosiallaşan uşaqlar və gənclər daha “yumşaq” davranmağa meyilli olsalar da, onlar öz bioqrafiyalarının sonrakı mərhələlərində modern texno-bürokratik dünyanın qeyri-şəxsi, anonim və abstrakt strukturları ilə üzləşməli oldular. Daha müxtəlif şərtlər altında sosiallaşan insanların sərtliyi və “hiddətli” davranışları “mülayim inqilab”ın uşaqları tərəfindən dözülməz oppressiya olaraq qəbul edilməyə başlandı. Ona görə də, keçən əsrin 60-70-ci illərində bu gənclik demodernizasiya hərəkatları və ideologiyalarının mühüm bazisini təşkil edirdi. (4, kindle edition) Onlar şiddətli anti-texnokratik və anti-bürokratik animus ilə xarakterizə olunurdu. Qeyd edilən mülahizələr özlüyündə geniş və paradoksal situasiyanı ortaya çıxarır. Belə ki, Modernizm hər zaman azadedici olmaqla insani varlıqları ailə, klan və digər kiçikölçülü topluluqların dar nəzarətindən azad edib. Bununla o, fərd üçün misligörünməmiş imkanlar və mobillik arealları yaradıb. O, fərdi həm təbiətə nəzarətdə, həm də insani məsələlərin idarə edilməsində nəhəng güc ilə təmin edib. Lakin bu azadlıqların böyük bədəlinin olduğu da inkarolunmazdır. Bu halı təsvir etmək üçün ən asan yol onu “yurduszluq” olaraq tərifidir. Demodernizasiya ideyaları və hərəkatları Modernizmin əksər diskontentasiyalardan azadlıq idealını özündə ehtiva edir. Bu impuls fərdi öz sosial çevrəsinə qarşı yadlaşdıran və onu mahiyyətsizlik təhdidləri ilə üz-üzə qoyan modern trendlərin geri çəkilməsinə çalışır.
Modernizmin azadlığı hər şeydən əvvəl fərdin azadlığıdır. Modern sosial strukturlar yüksək dərəcədə fərdiləşmiş şəxslərin sosiallaşması üçün kontekst təmin edir. Buna paralel olaraq, modern cəmiyyət şiddətli fərdiyyətçiliyin etik sistemləri və ideologiyalarının doğuşuna səbəb oldu. Modernist dünyabaxışında fərdin muxtariyyəti ən mühüm məsələdir. Ekzistensial yadlaşmanın yaşanması isə eyni fərdiləşmənin simmetrik korelyasiyasıdır. Məntiqi olaraq, demodernizasiya hərəkatlarında mühüm amil modern cəmiyyətlərin ifrat fərdiyyətçiliyinə qarşı etirazdır. Qərb dünyasının inkişaf etmiş cəmiyyətlərində fərdiyyətçiliyə qarşı etiraz kapitalizm və burjua cəmiyyətinə münasibətində spesifiklik qazandı. Kapitalizm amansız rəqabətlilik konfliktində fərdləri bir-birinə qarşı qoyan parçalayıcı, yadlaşdırıcı və dehumanizasiya edici qüvvə olaraq dərk edilirdi (5, kindle edition). Marksist terminologiyada burjua demokratiyası kapitalist sistemin superstrukturu olaraq başa düşüldü. Bu demokratiyanın hüquqi və siyasi institutları kapiatlizmin dehumanizasiyaedici fərdiyyətçiliyini legitimləşdirməklə yanaşı, onu əbədiləşdirir. Qeyd edilən cəmiyyətlərdə mühafizəkar hərəkatlar isə Modernizmdən öncəki cəmiyyətlərin etibarlı kollektiv təhlükəsizliyini Modernizmin qeyri-insaniləşdirici fərdiyyətçiliyinə qarşı qoyurdu. Faşizmin təməl motivlərindən biri burjua cəmiyyətinin fərdi eqotizminə qarşı olaraq kollektiv iradə və həmrəyliyin bəyan edilməsi idi.
Millətçilik də universalizmə qarşı ortaya çıxan Modernizm fenomenidir. Napoleon etosunda millət azad olmuş fərdlərin yeni topluluğu olaraq dərk edildi. Lakin ilkin mərhələdə modernləşdirici qüvvə olaraq yanaşılan millətçilik tədricən modern azadlıqlara qarşı çıxmanı və kollektiv həmrəyliklərin restriktiv həmrəyliklərinə qayıdışı özündə ehtiva etməyə başladı. Buna görə də, milli dövlət həm azadedici (liberator), həm də oppressor (təzyiq göstərən) fenomen xarakterini aldı. Üçüncü Dünya ölkələrində millətçilik fərdləri bütün sosial bağlardan qoparan güc kimi meydana çıxsa da, Qərb ölkələrində o tamamilə əks funksiyaları icra etməyə başladı. Mikro-millətçilik halında isə kiçik etnik və linqvistik qrupların milli dövlətlərə üsyanı özünü göstərirdi. Muxtariyyət, hətta müstəqillik uğrunda bu hərəkatlara Belçikada Fleminqlərin, İspaniyada Katalonların mübarizələri daxildir. Modernizm fərdin azadlığını geniş aqqlomerat strukturların konstruksiyası ilə birləşdirdi. De-modernizasiya isə bu strukturların mücərrədliyi və anonimliyinə qarşı yönəlirdi. Sözsüz ki, bunun bədəli fərd üçün daha az muxtariyyət anlamına gəlir. Digər tərəfdən, mövcud dini oyanışlar sekulyarlaşma trendinin tərsinə çevrilməsini özündə ehtiva etdiyi üçün de-modernizasiya impulsunun aşkar təzahürü olaraq başa düşülür.
Bu səbəblərə görə də, de-modernizasiya mövzuları gənclər arasında konsentrasiya etməklə, gənclik mədəniyyətində kristallaşmağa başladı. Keçən əsrin sonlarından digər sosial siniflərə də ekspansiya edən bu fenomen Amerika və Qərbi Avropada Üçüncü Dünya Ölkələri ilə güclü identifikasiyada özünü göstərir. Estetik və dini ekspressiyalar özünü avropalı deyil, Asiyalı xarakterdə nümayiş etdirir. Siyasi Qəhrəmanlar əsasən Üçüncü Dünya inqilabçılarıdır. Avropalı kimi doğulmaq sanki bir nauzeadır. Gerçək essensiyasını tərk etmiş Buddizm, Yoqa, Lamaizm, dojo və Hare Krişna məbədləri, Qərbi Avropa ölkələri və ABŞ-ı spiritual olaraq fəth etməklə modern insanın spiritual susuzluğuna saxta panaseya rolunda çıxış edir. (6, s.301)
Bütün bu perspektivlərdən, siyasi olaraq absurd olsa da, de-modernizasiya və əks-modernizasiyanın bütövləşməsinin başa düşülməli olan spesifik məntiqi olduğu qeyd edilməlidir.
Ədəbiyyat: