"Yoxluq" anlayışına fəlsəfi baxış

25.01.2021

Fəlsəfədən az-çox anlayışı olanlar bilməmiş deyil ki, onun əsas müddəası olan “varlıq nədir” sualına cavab axtarmağa cəhd etmədən heç bir formada özünü və insanı dərk edə bilməzsən. İnsanı dərk etməyə cəhd olduqca aktual, düşündürücü , tarixin bütün qatla

Ancaq əfsuslar olsun ki, ontoloji fikir tarixində fəlsəfəçilər yoxluq anlayışını izahdan ya qaçmış, ya da “heç nə”-nin mahiyyətini izah etməyiblər.

 

Heçlik haqqında Rusiyada 19-cu əsrlərdə təşəkkül tapan nihilist (heçlik) fəlsəfəsi daha çox elmi dəyərləri müdafiə edərək, bütün strukturlaşmalara qarşı çıxarkən, yoxluğun mahiyyətini izah etməyibdir.

 

Quranda Yox olmaq bədənin ölümü, ruhun yenidən dirilməsi reformasiyasıdır. Yoxluğu, insanın, əslində, sonsuz olaraq, başqa bir dünyada axirətdə yaşamının qarantısıdır. Ya cənnətdə “zövqü-səfa”, ya da cəhənnəmdə “zillət və zülmət” çəkəcəksən. Yəni, yoxluq, əslində, dirilişin yenidən doğuşunun təməlidir. Məhz Quranda Allahın dünyanı heçdən xəlq etməsi vurğulanır. Yoxluq və heçlik var oluşun yaradıcısıdır. Yoxluq ölümdür. İnsan islama görə fiziki ölür, ruhən daim var olur.

 

Təxminən, eyni müddəalar xristianlıqda da səslənir.

 

Əslində, uzun-uzadı fəlsəfə tarixindən yoxluğa dair baxışları ortaya atmaq istəmirəm. Mənə görə din, əslində, yoxluğun mahiyyətini daha çox izah etməyə çalışır, nəinki materialist fəlsəfi cərəyanlar . Məsələn, postmodernizmə görə, yox olmaq tamamilə yeniliyin doğuşu idi. Yenilik üçün mütləq yoxluq və yox olmaq labüddür. Antik Yunan fəlsəfəsində yoxluq təbiətdən uzaqlıq, dərk olunmayan və ya ümümiyyətlə, mövcud olmayan idisə… Qədim Hind vedalarının və zen buddistlərinin təlimində yoxluq anlaya biləcəyimiz tək mövcudluq idi.

 

 

Yoxluq, əslində, gerçəyin özüdür. Varlıq natamam gerçəklikdir. Dünyanın var olması, insanın var olması, stəkanın var olması, yerin dairəvi formada varlığı, valideynlərin var olması, torpağın var olması, heç də onların mövcudluğunun təməli deyil və izahedici arqumentasiya sayıla bilməz.

 

 Karl Saqan yekun nəticəsi olmayan hər bir sosial biliyi yarımçıq akt hesab edirdi.

 

Yoxluq heç nə deməkdir. Heçlik və yoxluq eyni anlamlı və məqsədli anlayışlardır. Lakin heçlik yoxluğun tam da sinonim alternativi deyil mənə görə.

 

 

Amerikalı alimlər insanın prototipinin yaradılması üzərində illərdir çalışırlar. Və bütün futuristik elm xadimləri iddia edirlər ki, yaxın zamanlarda (yüz də yüz biz buna şahid ola bilməyəcəyik) insan klonlaşması başa çatacaq. Lakin klonalanan insanların varisliyi orijinal insadakı kimi ola bilməyəcək, genetik kod belə, hələ insanın təkamülü başa çatmadığından tamamlanmamışsa, insanın klonlaşması haqqında bir təsəvvür mümkün ola bilməz. Klon insanın ruhi psixoloji durumu haqqında fikirlər heçlikdən ibarətdir və ümumiyyətlə yoxdur.

 

Proqnozlar elmi paradiqma deyil və metodoloji yararı var. 

 

Heçlik boşluq deyil. Boşluq(vakuum) vardır. Mövcud olandır. Yoxluq anlamsızlıq deyildir. Mövcud olan və olmayan hər şeydə anlam vardır. Heçlik, sadəcə, anlayış deyildir. O, fəlsəfi düşüncə üçün əsas katalizatordur. Yoxluq məhvolma deyildir, əslində, tərəqqi və inkişafdır. Yox olan şeylər var olmağa başlayınca, insanlarımız dünyamız gözəlləşib, rəngarəngləşir. Yoxluq əzəlidir. Var olan müvəqqətidir. Yoxluq güclüdür… olmayanda arzulana bilir, bütün utopiyalar yoxluqdan törəyir və ümidlərə rəvac verir. Varlıq ümidləri bəzən əngəlləyir, əllərin “yanına düşür”. Yoxluq aktivlikdir, hərəkətdir, sənə onu ərsəyə gətirmək üçün stimul verir.

 

Yoxluqdan gözləntilər törəyir. (Dünyadakı nizamsızlığa və savaşlara son verəcək yoxluğun nə zamansa törəyəcəyinə inam). Varlıq yoxa çeviriləndə məhv edir. Yoxluq var olana çeviriləndə yaradır. Yoxluq bənnadır, qurucudur, heçdən törəyib. Varlıq bənna olduğu qədər, yıxıcıdır, pozucudur, dağıdanda zövq ala bilir.

 

Varlıq Dekartdır. “Düşünürəmsə, deməli, mövcudam” fikridir. Varlıq Spinozadır. Varlıq Aristodur, Platondur, Sokratesdir. Varlıq Ekodur, Derridadır, Fukodur. Varlıq Cəlaləddin Rumi, Cəmaləddin Əfqani, İmadədin Nəsimidir. Yoxluq maraqlıdır. Yoxluq optimizimdir, pozitivdir, olmayan və ola bilmə potensialı olana olan pozitivist meyildir. 

 

Yoxluq Dekartdan fərqli olaraq “düşünmürəmsə də mövcudam, çünki əşyalar da mövcuddur….. və bəlkə , onların da öz instinktiv formada duyumları ola bilər ki, biz anlaya bilmərik”dir.

 

Antik Yunan etik fikir kodekslərində əsasən deyilən ideyalar varlıqla tənzimlənirdi. Roma klassık fəlsəfəsinə də aid etmək lazımdır bu vurğunu. Tit Lukretsi Karr “əxlaqım varlığımdadır” deyəndə, Pluton “etika varlığın güzgüsüdür” söyləyəndə antik düşüncədə etikliyin ya da əxlaqiliyin əsas daşıyıcısı olan varlığı maksimum etikləşdirərək, klişeləyir və insanın azad ruh və mənəvi üsyankarlıq tərəfinə, çılğınığına "od püskürürdü".

 

Orta əsr sxolastik ehkamçı xristian fəlsəfəsinin doqmaları da etikada varlığı önəmsəyir, ümümiyyətlə, etik fikri kilsənin müddəaları ilə formalaşdırır və özü də bilmədən Qərbdə mədəni inqilablara, Renessansa zəmin hazırlayırdı.

 

Postmodern etikada əxlaq nəzəriyyəçiliyi yox idi və insanlara yalnız boş işlərlə (yuxarıda qeyd etdim ki, mənə görə də boşluq heç də yoxluq deyil və həqiqətən yarasız bir şeydir) məşğul olmamağı təlqin edirdi. Rorti etikadan yazarkən, qeyd edirdi ki, yoxluq əxlaq anlayışı qanunların tənzimlənməsində, insanların vicdanla qanuna boyun əymələrində və ictimai narazılğa səbəb olmamaqdadır.

 

 

Estetik düşüncə tərzində varlıq möhtəşəmdir. Dünyadakı memari quruluşlar, mədəni istehsalat, yaradıcı incəsənət mükəməllikdir. Lakin sistematik olaraq estetik varlıq gözəldir.

 

Yoxluğun estetikası sinergetikdir. Yox olanın estetik qatı ideyadır. İdeyalar daha yaradıcıdır. İdeyalar yaradır və estetikanı doğurur.

 

Yoxluq və yoxolma dilin semantik baxımından eyni kimi görünür. Lakin fəlsəfənin dili və dilin fəlsəfəsi baxımından eyni deyildir. Varlığın potensialarından və imkanlarından yararlana bilən insan bilgindir. Bilgin mütəfəkkir deyil. Bilgin insan bilir, dərk edir və analiz etməyi bacarır. Bilgin insan yoxluqdan varlıq törətmək üçün çalışır, bütün basqılara tab gətirməyi bacarır. 

 

P.S. Karl Popperin bir sitatı var: “Fəlsəfə baş ağrıdır, amma beyni inkişaf etdirərək, sonra bütün şübhələri "sancmaqla" elmsizlik torunu aradan qaldırır ”.

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır