Son illərdə miqrantlar, sürgün edilənlər, əcnəbilər, qaçqınlar və tranzit şəklində və/və ya yersiz-yurdsuz olan bütün digər ölkə və yer dəyişdirmiş kütlələrlə yaşadıqları “yeni” sosial-mədəni və siyasi “evlərin” ev sahibləri ilə aralarında baş verən qarşılaşma formalarını qiymət verdikdə, qonaqpərvərlik anlayışına böyük maraq göstərildiyini görürük. Bu qrupların israrla qonaq kimi xarakterizə edilmə istəyi ev sahibi, qarşılama və qonaq etməyin nə mənaya gəldiyi, özünəməxsusluq, subyektlik və “mən”in dayanması, şərtli və şərtsiz qonaqpərvərlik, düşmənçilik, ev, mülkiyyət və qəsb/ictimailəşdirmə (mülkiyyətsizləşdirmə) kimi bir sıra anlayış və problemin müzakirəsini labüd edir. Lakin bunların hamısından daha əhəmiyyətli olan bu müzakirələrin qonaqpərvərlik etikası və siyasəti arasındakı əlaqənin problemli və mürəkkəb quruluşunu vurğulamalarıdır. Qonaqpərvərliklə bağlı hər müzakirədə üç adın ön plana çıxdığını görürük: İmmanuel Kant, Emmanuel Levinas və Derrida.
Maarifçilik hərəkatının ən görkəmli mütəfəkkirlərindən olan Kant qonaqpərvərliklə bağlı fikirlərinin üzərində işlədiyi zaman qonaqpərvərliyi dini və etik tellərindən qoparmağa çalışır, modern və qlobal dünyada milli dövlətlər arasındakı potensial antaqonizmləri azalda biləcəyini düşündüyü müxtəlif təkliflər irəli sürür. Buna görə də Kantın qonaqpərvərlik anlayışı, qonaqpərvərlik anlayışını özündən əvvəl formalaşdırmış dini və digər gizli mənəvi təsirlərdən xilas olmuşdur. Öz dövründə şahid olduğu regional genişlənmə və bundan asılı olaraq insanların ölkələr arasında sürətlənən yayılmaları Kantı milli hökmranlıq sualını tərk etmədən əcnəbi problemini bu şəkildə sorğulamağa yönəldir: öz torpaqlarımızda olan bir əcnəbi ilə necə hörmətə əsaslanan və sülhpərvər şəkildə münasibət yarada bilərik? Kanta görə bir əcnəbi ilə qarşılaşdıqda, müzakirə mövzusu olan əsas məsələlərdən biri milliliyin və milli bütövlüyün sülh amilinin təhlükəyə düşmədən davam etdirilməsi məsələsidir. Bir əcnəbiyə düşmənçiliklə yox, qonaqpərvərliklə cavab verməyin məqsədi millətlər arasındakı sülhü pozmamaqdır. Kantın sualı əslində yazısının başlığından da göründüyü kimi sülhü qorumaqdır. Kantın sülhlə bağlı narahatlığı onun özünə başlanğıc nöqtəsi kimi müharibə vəziyyətini nəzərdən keçirdiyini göstərir:
Bir yerdə yaşayan insanların arasında təbii vəziyyət (statusnaturalis) sülh vəziyyəti deyil, hər zaman elan edilməmiş olsa da, hər an partlaya biləcək müharibə vəziyyətidir. Buna görə sülh vəziyyəti rəsmi qaydada təspit edilməlidir. Çünki düşmənçiliklərin təxirə salınması öz-özlüyündə sülhün təminatı olmaz və bu təminat qonşulardan biri tərəfindən digərinə münasibətdə təminat altına alınmadığı müddətdə (bu vəziyyət yalnız hüquq dövlətində yarana bilər) bu təminatın tələb edildiyi dövlət digərinə qarşı düşmən kimi davrana bilər.
Belə olan halda Kantın sualı vətəndaşların qarşılıqlı regional hərəkətliliyi ilə birlikdə beynəlxalq münasibətlərin sülhdən geri çəkilmədən və ya müharibə vəziyyətinə qayıtmadan sülh yolu ilə tənzimlənməsi ilə bağlıdır. Həmçinin millətlərin insanların hərəkətinə mane olmaması və gələnlərin də ev sahibi olan cəmiyyətin hökmranlığına xələl gətirməməsi vacib şərtdir. Başqa sözlə, hər bir əcnəbinin hörmət çərçivəsində səfəri müştərək hüquq tərəfindən tənzimlənməsi zəruri olan haldır. Bu cür müştərək qərar insanlar bir-birlərinin ölkələrinə səfər etdikdə, əcnəbilər arasındakı bu münasibətin tənzimlənməsinə əsaslanır, çünki qanunsuzluq düşmənçilik mənasına gələcək. Kant “Əbədi Sülhə Dair Üçüncü Qəti Maddə” əsərində (1983, İng.) “Kosmopolitik hüquq bəşəri qonaqpərvərliyin sərhədləri ilə məhdudlaşdırılmalıdır”, deyir. Beləliklə Kanta görə qonaqpərvərlik humanizm problemi deyil, hüquq problemi xarakteri alır, çünki bu “bir əcnəbi başqa bir ölkəyə gəldikdə, düşmən münasibəti görməmək hüququ mənasına gəlir. Bu onu aradan qaldırmadan edilə bilirsə, əcnəbi geri qaytarıla bilər, lakin sülhsevərliklə davrandığı müddətdə ona qarşıdüşmən münasibəti göstərilə bilməz” (1983, İng., səh. 118). Başqa sözlə Kanta görə başqa millətin torpaqlarına səfər etmək bəşəri olaraq tətbiq oluna bilən şüarlarla əsaslandırılmalı və bunlarla tənzimlənməlidir. Bu vəziyyət ev sahibi olan cəmiyyətin xoş niyyətinin öhdəsinə buraxılmamalıdır. Kant qonaqpərvərliyi etik və ya dini məsuliyyət sahəsindən çıxarıb hüquqlar sahəsinə daxil etmək yolu ilə qonaqpərvərliyin hüquqi və məhkəmə tənzimləməsinə tabe etdirilməsini təklif edir. Kanta görə qonaqpərvərlik hər şeydən əvvəl səfər etmək hüququ kimi nəzərdən keçirilməlidir. Kantın əcnəbinin qarşılanması məsələsini qeyri-şəxsi, formal, mücərrəd və laqeyd münasibət formasına endirməsinin bəzi nəticələri mövcuddur: təklif etdiyi vəziyyət əcnəbinin, qonağın “bizim” torpağımızda qarşılanmasına imkan verir, lakin bu qarşılama ev sahibi və qonaq arasında hər hansı bir münasibət qurmağa və inkişaf etdirməyə əsaslanmır. Mücərrəd və qeyri-şəxsi hüququn subyektinə çevrilən əcnəbiyə yalnız qanuni haqq təqdim edilmiş olur. Burada təqdim edilən qonaqpərvərlik şərtidir, çünki getdiyi yeni ölkəyə (chez-soi: ev, ölkə,məkan) uyğunlaşacaq şəkildə özünü nizamlaması, evin, millətin və mədəniyyətin nizam və qaydalarına hörmət etməsi, o ölkənin dilini öyrənməsi və danışması və s. şərti ilə (xoş) qarşılana bilər. Burada bəy bəy kimi qalır, ev sahibi ev sahibi olmağa davam edir, qonaq isə dəvət olunmuş qonaqdır, yəni qonağın evin nizamı və qaydalarını formalaşdırması və dəyişdirməsi yox, bunlara riayət etməsi gözlənilir.
Kantın tamamilə hüquqla cercivəyə aldığı qonaqpərvərliyə, günümüzün filosoflarından olan Derridanın münasibəti fərqlidir. Derridaya gorə isə bu qonaqpərvərlilik deyil. “Qonaqpərvərlilik şertsiz olmalıdır və bu hüquq ilə tənzimlənə bilməz. Bu etik bir məsələdi və buna görə də Avropa yeni bir konsepsiya ortaya qoymalıdır”.
Ancaq bununla yanaşı Kantin qonaqpərverlilik prinsipinə gəldikdə burada praqmatik yanaşma vardir. Ölkəyə gələn xariciləri sülhü qorumaq baxımından hüquqi tənzimləmələri öngörən və gələnlər şərtli olaraq qapı açmaq deməkdir. Digər bir filosof Levinas Kantin bu fəlsəfəsinə “Hospitality of Invitation” deyil “Hospitality of Visitation” olaraq yanaşır. Avropanın qonaqpərvərliliyi bu cür olmamalıdır. Ancaq ədaləti bərqərar etmək ücün hüquqi tənzimləmələrə də ehtiyac vardır. Hüquq hər kəsi əhatə edən, ümumi normalardan ibarət olmalıdır. Ancaq burda yaranmış vəziyyətin spesipikliyini də nəzərə almaq lazımdır.
Nəticə etibarilə 2014-cü ildə qüvvəyə minən Müvəqqəti Qoruma Haqqında Əsasnamə ilə suriyalılara münasibətdə istifadə olunan “qonaq” anlayışı “müvəqqəti qoruma” anlayışı ilə əvəzlənmişdir. Həmin Əsasnamə çərçivəsində qaçqınlara de-yure miqrant statusu verilməmiş, lakin əsas insan hüquqlarından məhrun edilmələri minimum səviyyəyə endirilməyə çalışılmışdır. 2014-cü il üzrə aparılan tənzimləmələrdən sonra Türkiyədəki qaçqınların hüquqi mənada da de-fakto qonaq olduqları deyilə bilməz, lakin sayları getdikcə artan və ölkələrinə geri qayıtma ehtimalları son dərəcə az olan qaçqınlarla bağlı daxili hüquqda müvəqqəti tənzimləmələrin hüquqa əsaslanan tənzimləmələrlə əvəzlənməsi və qaçqınların ictimai müstəvidə də qonaq vəziyyətindən xilas olaraq inteqrasiyalarının təmin olunması həm qaçqınlar, həm də cəmiyyət üçün vacib həll yoludur.
Əgər Kant onun Avropaya qoyduğu mirasın belə deqradasiya olacağına bilsə idi, fəlsəfə sütünlarında Kantın yeri çartlayardı.
Elnarə Qəribova
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi