“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Ümummilli lider Heydər Əliyev Şuşanın vətənimiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Bu il Şuşanın quruluşunun 270-ci ildönümüdür. Dağlıq Qarabağ məsələsində dövlətimizin, siyasi və ictimai diplomatiya sahəsində əldə etdiyi uğurların davamı kimi Şuşanın ildönümünün geniş miqyasda qeyd olunması Şuşa və Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq səviyyədə daha dərindən öyrənilməsi və təbliği baxımından əhəmiyyətlidir. Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırdılar. Onun hakimiyyəti illərində 1757 ilə qədər burada çoxlu abidələr tikilib, böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri, Osmanlı imperiyası və Rusiya ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi. Şuşa uzun müddət Qarabağın inzibati mərkəzi olmaqla yanaşı, həm də çox mühüm iqtisadi mərkəz idi. Əsas ticarət və sənətkarlıq obyektləri şəhərin mərkəzi rolunu oynayan Aşağıbazar və Meydan adlandırılan ərazidə cəmləşmişdi. Burada çoxlu ticarət dükanı və sənətkar emalatxanası ilə yanaşı, bir neçə karvansara və hamam da tikilib istifadəyə verilmişdi. Şuşa şəhəri XVIII əsrin sonlarından başlayaraq bütün Cənubi Qafqazın mühüm ticarət mərkəzlərindən birinə çevrilmişdi. Tacirlər Şuşaya Dərbənddən qızıl boya, Şəkidən silah, ipək, mahud, Bakıdan neft və zəfəran, Naxçıvandan duz və bez parça, Gəncədən zəy və meyvə gətirirdilər. Şuşanın ticarət əlaqələrində Cənubi Azərbaycan və İran şəhərləri, habelə Osmanlı imperiyası, Rusiya, Hindistan və Avropa ölkələri mühüm rol oynayırdı. Şuşalı tacirlər Almaniyanın məşhur Leypsiq, Rusiyanın Nijni-Novqorod yarmarkalarının daimi iştirakçıları idilər.
Şuşa şəhəri özünün sənətkarlıq məhsulları ilə də şöhrət qazanmışdı. XIX əsrin əvvəllərində şəhərdə 50-dən artıq sənət sahəsi üzrə ixtisaslaşmış böyük sənətkarlar ordusu fəaliyyət göstərirdi. Onların arasında toxucular, papaqçılar, çəkməçilər, dərzilər, dülgərlər, həllaclar çoxluq təşkil edirdi. Şəhərdə toxuculuq və xalçaçılıq xüsusilə yüksək inkişaf səviyyəsinə çatmışdı. XIX əsrin əvvəllərində burada müxtəlif növ parçalar istehsal edən 500 toxucu dəzgahı işləyirdi[1]. Kapitalist münasibətlərinin sürətli inkişafı Şuşada ipəkçiliyin fabrik-zavod istehsalı səviyyəsinə yüksəlməsinə gətirib çıxardı. Artıq XIX əsrin 60-cı illərində şəhərdə illik istehsal gücü 78 min rubla bərabər olan 16 ipəksarıma fabriki fəaliyyət göstərirdi. Şuşa Azərbaycanda xalça istehsalının da mühüm mərkəzlərindən biri idi. XIX əsrin sonlarında dünya bazarlarında Azərbaycan xalçalarına tələbatın artması Şuşada xalçaçılığın daha da inkişaf etməsinə səbəb oldu. Bu dövrdə şəhərdə hər il ümumi dəyəri 50 min rubla bərabər olan xalça məmulatı istehsal edilirdi. Şuşa xalçaları bədii xüsusiyyətlərinə görə iki böyük qrupa – ornamentli və süjetli xalçalara bölünürdü. Əsasən, XVIII-XIX əsrlər üçün xarakterik olan ornamentli Şuşa xalçalarında nəbati ünsürlər üstünlük təşkil edirdi.
Şuşada boyaqçılıq, gön-dəri məmulatı istehsalı və metalişləmə sənətləri də yüksək inkişaf səviyyəsinə çatmışdı. Şuşalı boyaqçılar müxtəlif növ bitkilərdən istifadə edərək 50-yə qədər rəng və rəng çaları almağı bacarırdılar. XIX əsrin sonu - XX əsrin əvvəllərində Şuşada fəaliyyət göstərən 8 boyaq xananın illik istehsal gücü 69500 rubla çatırdı. Elə həmin dövrdə şəhərdə 200 nəfərə yaxın sənətkar gön-dəri məmulatı istehsalı ilə məşğul olurdu[2]. XIX əsrin sonlarında Şuşada 78 nəfər zərgər müxtəlif növ baş, boyun, sinə, qulaq, bel, qol və barmaq üçün zərgərlik məmulatları hazırlayırdılar[3]. 1804-1812-ci illərdə Rusiya və İran arasında baş verən müharibənin gedişi zamanı – 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir və Rusiya imperatorluğunun nümayəndəsi general P.Sisianov arasında imzalanmış Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçmişdi.
Rusiya hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olub və inkişaf edib. Əsrlər boyu Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri Şuşa tarixi sənədlərində Qarabağ «erməni torpaqları» kimi deyil, məhz «müsəlmanların əraziləri» kimi göstərilmişdi. Həmin dövrün sənədləri onu da təsdiqləyir ki, 1823-cü ildə Qarabağ xanlığının 90 min nəfər əhalisi, bir şəhəri (Şuşa), 600-dən çox kəndi var idi. Yalnız 150 kənddə xristianlar (udinlər, xristian tatlar, türklər və s.) yaşamışlar. Şuşa şəhərinə gəldikdə isə burada yaşayan 1.048 azərbaycanlı ailəsi ilə müqayisədə cəmi 150 xristian (alban qriqorian) ailəsi məskunlaşmışdı. İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. “Qarabağnamə” müəlliflərinin göstərdiyi kimi, tarixin müxtəlif dönəmlərində xaqanlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da, bu cənnətməkan diyarı fəth etmək heç kimə nəsib olmamışdı.
Azərbaycanlılar tərəfindən salınan və uzun müddət əhalisinin mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edən Şuşa şəhəri XIX əsrin əvvəllərində Rusiyanın hakimiyyəti altına alınandan sonra ciddi demoqrafik dəyişikliklə üzləşdi. Azərbaycanın digər yaşayış məntəqələri kimi, Şuşaya da ermənilərin köçürülməsinə başlanıldı. Çar hökumətinin himayəsi ilə Şuşada müvəqqəti də olsa say üstünlüyünə nail olan ermənilər şəhərin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladı. 1905-1906-cı illərdə azərbaycanlılara qarşı qanlı terror və soyqırımı təşkil edildi. Ermənilər bu əməllərini 1918-1920-ci illərdə də təkrar etməyə cəhd göstərsələr də Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələri tərəfindən dəf edildilər[4].
Sovet hakimiyyətinin qurulması ilə Şuşanın fəlakətli günləri başlandı. Dağlıq Qarabağda rəhbər vəzifələri ələ keçirən ermənilər şəhərin azərbaycanlı əhalisinə qarşı repressiyalara başladılar. 1923-cü ildə DQMV-nin yaradılması və Xankəndinin onun mərkəzi seçilməsi ilə Şuşa Qarabağın inzibati mərkəzi olmaq funksiyasından məhrum edildi. Bununla da Şuşa şəhərinin və orada yaşayan azərbaycanlıların vəziyyəti xeyli pisləşdi. Vilayət rəhbərliyinin ögey münasibəti nəticəsində şəhər sürətlə tənəzzül etməyə başladı. Azərbaycan xalqının tarixi-memarlıq abidələrinin bir çoxu uçurdulub dağıdıldı. Əhalinin sayı təxminən, 50 il ərzində 3 dəfədən də çox azaldı. Belə ki, 1917-ci ildə Şuşada 43869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı azalıb 13664 nəfərə enmişdi. Bütün bu tədbirlər nəticəsində şəhərdə əhalinin sayı artaraq 1989-cu ildə 20579 nəfərə çatdı.
Şuşanın yenidən dirçəlməsi yalnız 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsindən sonra mümkün oldu. 1977-ci ildə Azərbaycan SSR Nazirlər Soveti «Şuşa şəhərinin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan etmək haqqında» qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Tarixi faktlar 1978-ci ildə Dağlıq Qarabağın erməni icmasının təşəbbüsü ilə Ağdərə rayonundakı Marağa kəndində ermənilərin buraya köçürülməsinin 150 illiyi münasibətilə abidənin təntənəli açılışı olmuşdur. Üzərində erməni əlifbası ilə “Marağa – 150” sözləri yazılmış həmin abidə ermənilərin 1828-ci ildə İranın eyniadlı əyalətindən Dağlıq Qarabağa, o cümlədən həmin kəndə kütləvi köçünün ildönümü şərəfinə ucaldılmışdır. Sonralar millətçi-separatçı qruplaşmalar bu abidəni dağıtsalar da, onun fototəsvirləri erməni mənbələrində indiyədək qorunub-saxlanılmışdır. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Türkiyə (“Qərbi Ermənistan”) və Gürcüstan (Cavaxetiya) torpaqlarına tələbləri erməni dilində “birlik” anlamını verən “Miatsum” konsepsiyasına söykənir və əsas icraçısı isə bu ideyanın əsasında formalaşmış eyni adlı hərəkat olmuşdur. Bu separatçı-terrorçu hərəkatın müəllifi “Qarabağ Komitəsi” (“Qərbi Ermənistan hökumətinin” prototipi) hesab edilsə də, əslində onun beşiyi başında Ermənistan SSR və SSRİ rəhbərliyi, xarici ölkələrdəki erməni diasporası, SSRİ-nin müvafiq güc strukturları dayanmışdır.
İlk dövrlərdə Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində gizli fəaliyyət göstərən bu qruplaşma Mixail Qorbaçovun SSRİ-yə rəhbərlik etdiyi ilk dövrlərdən açıq fəaliyyət göstərməyə başlamışdır. “Miatsum” ideyasının ictimai dövriyyəyə buraxdığı mifə görə, «qədim erməni torpağı olan Dağlıq Qarabağın qeyri-qanuni olaraq» Azərbaycana muxtar vilayət statusunda verilməsi RK(b)PMK Qafqaz bürosunun qərarı ilə bağlıdır və erməni xalqı “İ.Stalinin səhvini” aradan qaldırmalı, “ermənilərin tarixi torpaqları” öz sahiblərinə qaytarılmalıdır. Halbuki, təkcə Rusiya imperiyasının arxiv sənədləri deyil, Ermənistanın rəsmi materialları da ermənilərin İran və Türkiyədən Azərbaycan ərazilərinə, o cümlədən Qarabağ bölgəsinə kütləvi şəkildə köçürülməsinin XIX əsrin birinci yarısına aid edildiyini təsdiqləyir.
Şuşa şəhərinin milli mənəvi irsi və mədəniyyətinin simvolları olan Xəzinə qala mağarası, Şuşanın mənəvi pasportu olan Daşaltı dərəsi, Cıdır düzü, Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıtmışdır. Xan, Qaxal mağaraları, Şuşa qalası Xurşudbanu Natəvanın, Mehmandarovun, Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, “Cəncə darvazaları”, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan “Rastabazar”, möhtəşəm qala divarları, memarlıq üslubu ilə inşa olunan digər tikililər şəhərə gələn qonaqları valeh etmişdir. Şuşa mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənəti ilə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımzın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və onlar kimi şəxsiyyətlər yetirən şəhər olması ilə fərqlənir. Şərqin konservatoriyası adlanan bu şəhər Cabbar Qaryağdıoğlu, Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Rəşid Behbudov kimi bir çox incəsənət xadimlərinin vətəni olmuşdur.
Şərq musiqi alətləri fabriki və digər obyektlər dağıdıldı, minlərlə tarixi abidə, yaşayış evi viran qoyuldu, talandı.
Lakin Şuşada başlanmış bu dirçəliş uzun çəkmədi. 1992-ci il mayın 8-də şəhər erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Şuşa işğal edilsə də, bu günə qədər erməniləşmədi. Çünki başdan-ayaga Azərbaycan elementləri ilə doludur.
Tarixi mənbələr və sənədlər Şuşa ilə bağlı aşağıda qeyd olunun tezisləri ortaya çıxarmaqdadır:
Bu faktorlar Şuşa şəhərinin bir daha Dağlıq Qarabağ və Şuşanın Azərbaycan siyasi, ictimai və mədəni həyatında yeri və əhəmiyyətini ifadə edir. Bunları da nəzərə alaraq Şuşa şəhərinin quruluşunun təntənəli qeyd edilməsi tarixi həqiqətləri inkar edənlərə qarşı cavab olar. Yubileyin qeyd edilməsində aşağıdakı amillərin diqqətə alınması faydalı ola bilər:
Şuşa Dağlıq Qarabağın taleyində həlledici və əhəmiyyətli rol oynadığı qədər, şəhərin yaranması ildönümünün xüsusi qaydada qeyd edilməsi bu istiqamətdə aparılan siyasətə mühüm töhfə verə bilər. Çünki Şuşanın quruluş, inkişaf, siyasi, sosial, ictimai və mədəni tarixi Azərbaycan xalqının Şuşanın və Dağlıq Qarabağın əsas və tək sahibi olduğunu isbat etməkdə. Ermənistanın yeni torpaqlar işğal etmək məqsədi ilə 27 sentyabrda Azərbaycana qarşı başlatdığı Vətən müharibəsi Azərbaycan dövləti üçün də tarixi bir fürsət oldu. Ali Baş komandan İlham Əliyev rəhbərliyində ordu və xalq vətənin müdafiəsi və torpaqların işğaldan azad olunması uğrunda mübarizədə tək ürək, tək yumruq oldu. Güclü Azərbaycan ordusu qısa müddət ərzində Azərbaycanın işğal olunmuş Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonu və Şuşamız azad olundu.
[1] Rzaqulu bəy Mirzə Camal oğlu. Qarabağnamə. Bakı, 1919.
[2] Hacıyev Q. Qarabağın maddi və mənəvi mədəniyyəti. Bakı, 2010
[3] Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Bakı, 1959
[4] Hacıyev Q., Çingizoğlu Ə. Qarabağlı hərbçilər (Çar və AXC ordusunun zabitləri). Bakı, 2011