İkinci Qarabağ müharibəsi özündən əvvəlki otuz illik mifi inkar edərək, Azərbaycan reallığını yeni geo-siyasi müstəviyə daşıdı. Dağlıq Qarabağda yaradılan hərbi münaqişə ocağının ötən illər ərzində qalıcılaşmasının təkcə qarşı tərəfin deyil, həmçinin üçün
Birinci Qarabağ müharibəsindən otuz il keçməsinə baxmayaraq, Dağlıq Qarabağın mübahisəli statusu münaqişəyə yol açan əsas məqamlardan biri kimi danışıqlar masasında öz həllini tapmadı. Münaqişənin həllində regionun güclü aktoru kimi Rusiyanın məhz qarşı tərəfin maraqlarının təminatçısı kimi tirajlanmasına baxmayaraq, rəsmi Moskva Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşdı. Təbii ki, Rusiya Dağlıq Qarabağ da daxil olmaqla ermənilərin məskunlaşdığı “bütün erməni territoriyalarında” onların maraqlarının təminatçısı ola bilməzdi. Xatırlatmaq yerinə düşər ki, 1988-ci ilin fevral və may aylarında Dağlıq Qarabağın burada məskunlaşdırılan ermənilər tərəfindən “müstəqil” Ermənistana birləşdirilməsini nəzərdə tutan qətnaməsi həmin dövrdə də rəsmi Moskva tərəfindən iki dəfə rədd edilmişdi. 3 il sonra, Azərbaycan zəifləmiş Sovetlər İttifaqının saxlanılması lehinə səs verərkən, rəsmi İrəvan bu təklifin əleyhinə səs vermişdi. Həmin illərdə ermənilərin Qarabağın müxtəlif ərazilərində qanunsuz məskunlaşdırılmasına və erməni silahlı dəstələrinə qarşı rəsmi Moskvanın da dəstəyi ilə müxtəlif əməliyyatlar aparılmışdı. Hər bir halda Azərbaycan öz müstəqilliyini Sovetlər İttifaqının prosesə nəzarət imkanlarını tamamilə itirməsi halında bəyan etdi. Müstəqillikdən sonra aradan keçən uzun on illər ərzində rəsmi Moskva, həmçinin hazırkı siyasi-iqtidar Azərbaycan-Rusiya münasibətlərini yenidən bərpa etmək və möhkəmləndirmək xəttini seçdi.
Münaqişənin həllindəki potensial çəkisinə, Minsk qrupunda həmsədrliyinə baxmayaraq, müxtəlif dövrlərdə, o cümlədən 2004-cü, 2010-cu illərdə rəsmi Moskva Rusiyanın Dağlıq Qarabağ münaqişəsində birbaşa məsuliyyət götürməyəcəyini və uzun illər davam edən qarşıdurmaya qərq olmayacağını bəyan edərək neytral bir nöqtəyə çəkildi. Bu mənada Tomas de Valın qeyd etdiyi kimi, rəsmi Moskvanın Qarabağ münaqişəsindəki yeri Abxaziya, Cənubi Osetiya və ya Ukraynadakı mövqeyindən böyük ölçüdə fərqlənirdi. Rusiya uzun illər davam edən bu münaqişənin həllində birbaşa rol oynamadan, vasitəçilik missiyasını qərb ölkələri ilə birgə aparmağa səy göstərdi. (Baxın: Thomas de Waal, The Karabakh Conflict as "Project Minimum")
Birinci Qarabağ müharibəsi ölkənin milli kimliyində və siyasi-mədəni ənənələrində dərin izlər qoysa da, Azərbaycan münaqişəni Ermənistandan fərqli olaraq, məhz beynəlxalq hüquqla təsdiqlənmiş ərazi bütövlüyünün təminatı çərçivəsində həll etmək yolunu seçdi. Qarşı tərəf tarixi başlanğıcı yüz il əvvələ, qondarma soyqırım faktlarına söykərək, davam edən münaqişəni hazırkı beynəlxalq siyasi arenanın “yeni dəbinə” çevrilmiş və həlli mümkün görünməyən etno-territoriyal və etno-siyasi münaqişələri kontekstində təqdim etməyə çalışdı. Xatırladaq ki, bu növ münaqişələrin yaxın şərq və digər nümunələrdə də göründüyü kimi, praktikada heç vaxt tərəfləri eyni dərəcədə məmnun edəcək balanslı həll yolu yox idi. Bunlar, münaqişələrin ən acınacaqlı və çıxılmaz formaları kimi qəbul olunurdu. Bu isə münaqişəni yenə T. de Valın qeyd etdiyi kimi Qarabağ düyünü (Karabakh Trap) vəziyyətinə sürükləyirdi.
Digər tərəfdən Ermənistan qədim Alban məbədləri ilə zəngin Qarabağ regionunu xristianlığın vətəni kimi təqdim edərək münaqişəyə dini çalarlar qatıb, işğal faktını kilsənin xaç elementlərinin üzərinə daşındığı döyüş texnikaları ilə “tarixi torpaqlara yürüş” kimi “müqəddəsləşdirməyə” çalışdı. Bu bir faktdır ki, erməni kilsəsi təkcə bu xalqın dünyagörüşünün deyil, eyni zamanda işğal faktının da ideoloji bazisi rolunda çıxış edib və təkcə 1970-ci ildən 1995-ci ilə qədər olan zaman intervalında Ermənistanda dindarlaşma 42% artarkən, Azərbaycanda bu artım cəmi 22% təşkil edib. (Baxın: D.Barrett və digərləri, World Christian Encyclopedia, Oxford University Press, New York, 2001.)
Klassik etno-siyasi müstəviyə daşınan münaqişə zəminində ətraf rayonların işğal faktı Ermənistan tərəfindən təhlükəsizlik bufer zonası kimi əsaslandırıldı. Məlumdur ki, müharibədən əvvəl bu rayonlarda məhz azərbaycanlılar məskunlaşmışdı və hazırkı dövrdə hər hansı razılaşma halında həmin ərazilərin qeyd-şərtsiz boşaldılması potensialı var idi. Buna görə də rəsmi İrəvan erməniləri strateji cəhətdən əhəmiyyətli ərazilərə, xüsusən də Laçın rayonundan keçən və Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol ətrafında məskunlaşdırmaqla bunu sözügedən dəhlizə nəzarət etməyin bir yolu kimi gördü. Keçmiş bir erməni səlahiyyətli şəxsin bildirdiyi kimi, etnik ermənilərin bu yol ətrafında dörd yaşayış məntəqəsinə, qəsəbə və kəndlərə yerləşdirilməsi verilən gizli əmrdə nəzarət üçün yetərli hesab olunurdu. (Baxın: Crisis Group interview, former de facto official, Yerevan, April 2018.)
Dağlıq Qarabağ və strateji əhəmiyyətli Laçın dəhlizi istisna olmaqla “onsuzda heç bir azərbaycanlının qayıtmayacağı” ətraf rayonlara məskunlaşma siyasəti rəsmi olaraq dəstəklənmirdi. Təbii ki, vəziyyətin belə olmasında ətraf rayonlarda əvvəlcədən məskunlaşmış ermənilər tərəfindən qondarma rejimin səlahiyyətli şəxslərinin “xoş qarşılanmaması” kimi məqamlar da istisna deyildi. Lakin digər tərəfdən, özlərinin də etiraf etdiyi kimi, onlar ətraf rayonları, yaşayış məntəqələrini azərbaycanlıların qayıtmaması, ruh düşkünlüyü və imtinası üçün xarabalığa çevirmişdilər. (Baxın: Crisis Group interviews, Armenian veterans, December 2017.)
Sonrakı illərdə Dağlıq Qarabağ ətrafındakı rayonlar da qondarma respublikanın tərkib hissəsi kimi hesab olunmağa başlandı. Hətta diasporanın dəstəyi ilə əvvəlcədən məskunlaşdırılmış ermənilər bu torpaqların Azərbaycana güzəştə gedilməsi halında Ermənistan hakimiyyətinə qarşı müharibə açacaqlarını bildirdilər. (Baxın: Crisis Group interviews, settlers, Kelbajar, Lachin, Kubatly and Zangelan districts, December 2017.) Buna baxmayaraq, ermənilər bölgənin nəinki əvvəlki demoqrafik göstəricilərini, eləcə də özləri tərəfindən dağıdılan infrastruktur imkanlarını qurmaq gücünə malik olmadılar. Gürcüstandan Kəlbəcər rayonuna köçürülən bir etnik erməninin dilindən də təsdiqləndiyi kimi, Kəlbəcərdən məcburi köçkün edilən 70 min sakinin müqabilində, Ermənistan 2000-ci illərdə bu rayona cəmi 600 nəfər məskunlaşdıra bilmişdi. Aradan 20 il keçməsinə baxmayaraq, bu rəqəm hələ 4000 nəfərə çatmadı. (Baxın: https://eurasianet.org/for-armenians-theyre-not-occupied-territories-theyre-the-homeland)
Ermənilər öz gələcəklərini necə görür – ictimai rəy sorğuları
Dağlıq Qarabağ münaqişəsinin həlli və ermənilərin öz gələcəklərinə dair baxışları ilə bağlı Ermənistanda, eləcə də Dağlıq Qarabağda Qafqaz Araşdırma Resurs Mərkəzi tərəfindən müxtəlif dövrlərdə ictimai rəy sorğuları keçirildi. Sorğu nəticələrinin təhlili zamanı Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər arasında fikir ayrılıqlarının göründüyü müxtəlif strateji məsələlər müşahidə olundu. Fikir ayrılıqları xüsusən Dağlıq Qarabağın gələcək taleyi, qonşu və tərəfdaş ölkələrə münasibət zəminində özünü göstərdi. Məsələn, 2011-ci ildə Dağlıq Qarabağda yaşayan erməni respondentlərin 60%-i Sovet İttifaqının dağılmasını (bu eyni zamanda rəsmi Moskvanın tabeliyindən kənarda qalmaq deməkdir) müsbət addım kimi dəyərləndirərkən, Ermənistanda bu mövqedən çıxış edənlər cəmi 22% təşkil edirdi.
Bununla belə, qərbyönümlü mövqeyin yüksəlişi baxımından hər ikisi arasında bənzərlik müşahidə olunurdu. Belə ki, həmin illərdə Ermənistanda aparılan sorğular zamanı Aİ-na üzvlük məsələsi cəmi 11%, NATO-ya üzvlük məsələsi isə cəmi 18% erməni respondent tərəfindən müsbət qarşılanmadı. Qərbyönümlü tendensiya sonrakı illərdə də özünü doğrultdu. Belə ki, 2018-ci ildə keçirilən sorğular zamanı Aİ ilə tərəfdaşlıq razılaşmasını cəmi 11% erməni respondent Ermənistan üçün mənfi addım hesab etdi. Erməni respondentlərin 80%-i isə qərblə razılaşmanı müsbət hadisə kimi dəyərləndirdi. (Baxın: Center for insights in survey research, October 9-29, 2018)
Xatırladaq ki, bu rəylər eyni zamanda Ermənistan siyasi hakimiyyətinin qərbyönümlü gedişləri ilə üst-üstə düşürdü. Təkcə indiki hökumət dövründə deyil, Sarkisyan dönəmində də Ermənistanın Rusiyadan kənar strategiya axtarışları çərçivəsində Aİ ilə əməkdaşlıq formatları, həmçinin 2013-cü ildə imzalanmağa cəhd göstərilən, lakin Rusiyanın təbii qazın qiymətində yüksək artım və Azərbaycana silah satışı ilə Sarkisyan tərəfindən qəflətən ləğv olunan sərbəst ticarət müqavilələri və digər Aİ razılaşmaları yerinə Rusiyanın “gömrük birliyinə” inteqrasiya razılığı bu kontekstdə izah olunurdu. Təbii ki, Ermənistanın U dönüşündə həmin illərin Rusiya-Ukrayna analogiyası da nümunəvi rol oynayırdı. (Baxın: https://eurasianet.org/armenia-signs-landmark-agreement-with-eu)
Ermənistanın keçmiş rəhbərliyi də Aİ Şərq Tərəfdaşlığı Zirvəsində hər münaqişənin təbiəti, özü və keçmişi baxımından bənzərsiz olduğunu vurğulamaqla, analoji münaqişələrə dair həll variantlarının tətbiqinin yanlışlığını iddia edərək münaqişəni çıxılmaz bir nöqtəyə doğru aparırdı. Sarkisyanın rəhbərliyi dövründə “Ermənistana hücumu demokratiyaya qarşı hücum” kimi təqdim edən ritorika yeni siyasi iqtidarın hakimiyyəti dövründə kulminasiya nöqtəsinə çatdı. Ermənistan miqyasında deyil, məhz İrəvan küçələrində “demokratiya” çağırışları ilə hakimiyyətə gələn yeni rəhbərlik qərbin real iqtisadi dəstəyinə ehtiyacı olduğunu açıq şəkildə bəyan etdi. (Baxın: https://bit.ly/3kNnaIj) Həm də tək iqtisadi deyil, eyni zamanda NATO zirvəsinə səfərləri və müraciətləri ilə qərbdən hərbi dəstək gözlənilirdi.
Şimal küləklərindən qorunmaq üçün qərbə sığınan Ermənistan müqabilində yumşaq gücü elə də yaxşı bacarmayan Rusiyanın Ukrayna və Gürcüstan nümunələrindən daha ehtiyatlı bir gediş edərək fərqli tərəfdə yer alacağı isə aydın idi. Eyni zamanda qərb artıq “demokratikləşmiş” Ermənistan siyasi hakimiyyəti tərəfindən Rusiya-Azərbaycan və Türkiyə üçbucağına qarşı tək ümid qapısı kimi qəbul olunurdu.
Ermənistanın yeni baş naziri Ermənistan və Qarabağ klanı arasında artan ziddiyyətlər ərəfəsində 1988-ci illərin ritorikasını yenidən gündəmə gətirməklə Qarabağı Ermənistana birləşdirmə cəhdlərinə başladı. Xatırladaq ki, əvvəlki hökumətlərin belə bir çağırış cəhdi olmamışdı. Lakin yeni hökumətlə bağlı o vaxtlar xarici bir jurnalist tərəfindən də anlaşılmayan məqam, Dağlıq Qarabağ məsələsini müzakirə masasına çəkməyə istəkli görünərkən, eyni zamanda onun Ermənistan olduğunu vurğulamasıydı. Bu çağırış nəinki özünü ictimai rəydə doğrultmadı, eyni zamanda yeni baş nazirin qondarma respublika və orada yaşayan ermənilər tərəfindən qəbul edilən bir siyasi fiqur olmadığını göstərdi.
2020-ci ilin fevral ayında keçirilən ictimai rəy sorğularına görə Qarabağda məskunlaşan ermənilərin 55%-i Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı ilə razılaşmadığını bildirdi, 10%-i qərarsız mövqe sərgilədi. (Baxın: https://bit.ly/3oLHGvh)
Bununla belə sözügedən sorğu Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər arasındakı digər iki mühüm fikir ayrılığını gözlər önünə sərdi. Belə ki, Tomas de Valın qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər münaqişənin həllində müzakirə tərəfdarı kimi görünərkən, Ermənistan ictimaiyyəti bu mövqeyi bölüşmürdü. Hətta CRRC tərəfindən 2016-cı ildə keçirilən sorğular zamanı Qarabağda yaşayan erməni respondentlərin mütləq əksəriyyəti Dağlıq Qarabağın dayanıqlı sülh üçün hər cür qərara razı olmalı olduğunu bildirmişdi. (Baxın: https://bit.ly/325KfP4) Yeri gəlmişkən, sorğuda iştirak edənlərin 44%-i Minsk qrupunun bu münaqişənin həllindəki rolunu mənfi hesab edirdi. Digər bir mühüm məqam kimi, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini Ermənistanda yaşayan respondentlərin 78%-i dəstəkləyərkən, Dağlıq Qarabağda yaşayan ermənilər arasında buna dəstək cəmi 33% təşkil edirdi.
(Baxın: https://www.washingtonpost.com/politics/2020/10/02/fighting-nagorno-karabakh-is-about-local-territories-wider-rivalries/)
Həmçinin qonşu ölkələr kontekstindən baxdıqda, 2020-ci ildə Ermənistanda keçirilən sorğular göstərdi ki, erməni respondentlərinin cəmi 4%-i Gürcüstanı, 3%-i İranı əsas dostu hesab etdi. Azərbaycan (75%) və Türkiyə (22%)
Ermənistanın əsas düşmənləri kimi qəbul olundu.[1] Erməni respondentlərin 17%-i isə Ermənistanın heç bir dost ölkəsinin olmadığını bildirdi. Həmçinin Dağlıq Qarabağda məskunlaşan ermənilərin 82%-i qondarma respublikanın ən böyük dostu kimi məhz Ermənistanın, cəmi 5%-i isə Rusiyanın adını çəkdi. Sorğu iştirakçılarının 7%-i Dağlıq Qarabağ ermənilərinin heç bir dostunun olmadığını bəyan etdi. Diqqət çəkən məqam kimi, respondentlərin 46%-i ciddi təhdid kimi qəbul etdikləri mümkün müharibə şəraitində qondarma respublikanın ordusuna, 30% erməni silahlı qüvvələrinə, cəmi 12%-i Rusiyaya etibar etdiyini bildirdi.
Sorğular digər mühüm bir məqamı da üzə çıxardı. Qarabağda yaşayan ermənilər arasında keçirilən rəy sorğularının nəticəsi gənc nəslin yaşlı nəsildən fərqli olaraq Dağlıq Qarabağ üçün hazırkı və demokratik qərb modelini ən yaxşı siyasi model kimi qəbul etdiklərini göstərdi. Bu kontekstdə “mövcud Rusiya modeli” gənc nəslin cəmi 5%-i, yaşlı nəslin isə təqribən 10%-i tərəfindən dəstəkləndi. (Baxın: https://bit.ly/3oLHGvh)
Bu halda sorğu nəticələri Ermənistanın öz gələcəyini qərbdə axtardığını bir daha təsdiqlədi. Başqa sözlə, Ermənistan Rusiya ilə münasibətlərini öz təşəbbüsləri ilə yaxınlaşdırsa da, bu münasibətləri uzunmüddətli perspektivdə saxlayacağı görünmür. Digər tərəfdən Rusiya da post-sovet ölkələrin onunla olan bütün razılaşmalarına etibar etmir. (Baxın: İvan Benovic, The Role of Russia in the Nagorno Karabakh Conflict, Nagorno Karabakh: Understanding Conflict 2013, Johns Hopkins University, pp. 129-138.)
“Dondurulmuş” münaqişənin buzları əriyərkən...
Birinci Qarabağ müharibəsi vaxtı imzalanan atəşkəs razılaşmasından keçən on illər ərzində müəyyən istisnalar xaricində “dondurulmuş” münaqişə aktiv fazaya keçmədi. Lakin atəşkəs razılaşması münaqişəni danışıqlar masasında uzatmaqla, digər tərəfdən Türkiyə, eləcə də İran kimi region ölkələrini Cənubi Qafqazdan kənarlaşdırmağın da vasitəsinə çevrildi.
2016-cı ilin aprel ayında, ilk dəfə geniş miqyasda başlayan müharibə və əldə olunan uğurlar isə mühüm bir dönüm nöqtəsinin başlanğıcı oldu. Hər şeydən əvvəl hərbi əməliyyatlar Ermənistanın Qarabağda qurduğu istehkam sistemlərini test etmək imkanı yaratdı. Digər tərəfdən əldə olunan hərbi uğurlar Azərbaycan cəmiyyətində mümkün müharibə riski üçün sağlam, inamlı psixoloji zəmin formalaşdırdı. Başqa sözlə, azad olunan məntəqələr cəmiyyətdə orduya inamı gücləndirməklə məğlubiyyət sindromunu aşmaqda, digər tərəfdən Ermənistanın gələcək işğal xəyallarını baltalamaqda təsirli oldu. Bununla belə Rusiya hərbi əməliyyatların qəflətən dayanması ilə Azərbaycan cəmiyyətində atəşkəs müdaxiləsinə görə, Ermənistan cəmiyyətində isə müharibəyə qoşulmamasına görə ciddi tənqid obyektinə çevrildi.
Ötən on illər ərzində Ermənistanda iqtidara gələn hökumətlər münaqişə ilə bağlı əvvəlki münasibətləri sıfırlama ümidi daşısa da, münaqişə vəziyyəti mənfi istiqamət üzrə qalmağa davam etdi. Ermənistan tərəfindən qondarma respublikanın müzakirə masasına müstəqil aktor kimi cəlb olunması səyləri, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını müstəqil surətdə həll etməsi kimi absurd tələbləri münaqişənin müzakirə formatında həll variantlarını qeyri-mümkün etməklə, hərbi əməliyyatlar yolunu gündəmə gətirdi.
2020-ci ilin iyul-avqust aylarında Azərbaycanla dövlət sərhəddində baş verən təxribatların ardından, sentyabr ayının 27-də atəşkəsin geniş miqyasda pozulması ilə münaqişə aktiv müharibə fazasına keçdi. Ötən il Ermənistanda 2050-ci ilə qədər əhali sayını 3 milyondan 5 milyona çatdıracağını, ÜDM-i 15 dəfə, əmək haqlarını 7 dəfə artıracağını, 10 min yeni müəssisə açacağını vəd edən yeni baş nazir cəmi bir il sonra ölkəsini əvvəlki hökumətlərin dövründə misli görünməmiş böhranlarla üz-üzə qoydu. Erməni mətbuatında Paşinyan hökuməti ilə bağlı “erməni kilsəsini yıxmaq, ənənəvi erməni dəyərlərini məhv etmək, artsax torpaqlarını satmaq” kimi iddiaların əsassız olmadığını göstərdi.
Halbuki 30 ildir müzakirə edilən, lakin heç bir real nəticəsi olmayan münaqişə vəziyyətini Azərbaycanın siyasi-hərbi rəhbərliyi və ordusu cəmi 30 gün içərisində dəyişdi. Bu qədər qısa zaman kəsiyində Dağlıq Qarabağdakı və ətrafdakı bir neçə rayon işğaldan azad edildi, Azərbaycan Ermənistan üzərində canlı qüvvə və hərbi texnologiya baxımdan ciddi üstlünlük sərgilədi. Türkiyənin Azərbaycana dəstəyi qarşısında rəsmi İrəvanın öz maraqları naminə üçüncü ölkələri müharibəyə cəlb etməyə çalışma cəhdləri müsbət nəticə vermədi. Azərbaycan ordusu Şuşa yoluna və Laçın koridoruna doğru irəliləyərkən beynəlxalq qurumlar və müxtəlif ölkələr tərəfindən edilən atəşkəs çağırışları isə 28 il əvvəl, birinci Qarabağ müharibəsi şəraitində İranda imzalanan atəşkəs razılaşmasına baxmayaraq sözügedən şəhərlərin Ermənistan tərəfindən işğalının tarixi paralelində dayanırdı. KTMT çərçivəsində Ermənistan Rusiyanı müharibədə öz tərəfdaşı kimi göstərməyə çalışsa da, Rusiya və Türkiyə münaqişənin əks qütblərində yer almadı. Rusiyalı səfirin sitatı bu mənada ölkəsinin münaqişə ilə bağlı mövqeyini aydın əks etdirdi: “Biz Türkiyənin qəti şəkildə Azərbaycanı dəstəklədiyini bilirik. Lakin bu, Rusiyanın qarşı tərəfdə yer alması və Azərbaycana qarşı Ermənistanı dəstəkləməsi demək deyil. Belə bir şey yoxdur”.
Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində qanunsuz erməni silahlı birləşmələrinə qarşı ciddi hərbi-texnoloji üstünlüklə apardığı əməliyyatlar qarşısında zəifləyən rəsmi İrəvan işğal etdiyi torpaqlardan çəkilmək yaxud razılaşmaya getmək yerinə, müxtəlif hərbi-siyasi dəstək yollarını yoxlamağa çalışdı. Hər nə qədər qəribə səslənsə də, demoqrafik-ekzistensial böhran yaşayan Ermənistan xalqı rəsmi İrəvanın ölkənin gənc nəslini öz utopik maraqları uğruna qırğına sövq etməsinə göz yumdu. Bunun ən bariz nümunələrindən biri kimi, 33 il əvvəl oktyabr aylarında İrəvanda Dağlıq Qarabağ ermənilərinin hüquqları uğrunda başlayan etirazlar, bu gün Dağlıq Qarabağ ermənilərini ciddi hərbi təhlükələrlə üz-üzə qoyan İrəvan hakimiyyətinə qarşı baş qaldırmadı. Başqa sözlə, hazırkı Ermənistan əhalisi üçün hərbi-siyasi rəhbərliyin psixi problemlərinin döyüş meydanındakı real nəticələri 1987-ci illərin ekoloji böhranlarından irəli gələn etirazlara götürəcək qədər dərindən dərk olunmadı.
Qarabağda itirmək Ermənistana nə qazandıra bilər...
Ermənistanda formalaşan müharibə iqtisadiyyatının yol açdığı katastrofik itkilərin etnik-tarixi hekayələrdən uydurulan erməni arzuları çərçivəsində aydın görünməməsinə baxmayaraq, “Berlin Ekonomiks” tərəfindən 2018-ci ildə hazırlanan bir hesabat münaqişənin öz həllini tapması və iki ölkə arasında qalıcı sülhün təmin olunması halında tərəflərin real iqtisadi faydalarını geniş təhlil edib. Bu bir faktdır ki, müharibə iqtisadiyyatına keçid blokada şəraitində olan Ermənistanda idxal inhisarçıları olan hazırkı erməni-rus oliqarxları yaratdı. Hesablamalar göstərir ki, Ermənistanda ÜDM-in 55%-nə 44 ailə tərəfindən nəzarət olunur. (Baxın: Khachatrian, Haroutiun, “Competitive Edge: The Pitfalls of Monopolies, and the Challenges of a Business Influenced Parliament”) Bu halda sözügedən inhisarçı qrupların münaqişənin davam etməsinə siyasi dəstək verməkləri qaçınılmazdır. Sərhədlərinin 80%-i blokada şəraitində olan, münaqişə səbəbindən regional miqyaslı müxtəlif layihələrdən, şərq-qərb nəqliyyat-rabitə dəhlizinin imkanlarından təcrid olunan Ermənistanda siyasi rəhbərliyin ölkənin “parlaq iqtisadi gələcəyi” barədə verdiyi vədlər əslində hazırkı situasiyanın qalması halında daha yaxşısını verə bilməyəcəyinə görə məqbul hesab olunmur. (Baxın: Minasyan, Sergey, “Nagorno-Karabakh After Two Decades of Conflict: Is Prolongation of the Status Quo Inevitable?”)
Təhlillər göstərir ki, münaqişə səbəbi ilə Ermənistanın hərbi xərcləri təhsilə və səhiyyəyə ayırdığı xərclərdən yüksəkdir. Bu vəziyyət hərbi xərclərin ÜDM daxilindəki payının digər ölkələrlə müqayisəsində daha aydın görünür.
Hesablamalara görə münaqişənin həlli və qalıcı sülh rejimi Ermənistan üçün hərbi xərclərin illik ÜDM-in 2%-i həcmində azalmasına imkan verə bilər. Digər tərəfdən Ermənistanın qondarma respublika iqtisadiyyatına dəstək ayırmalarından azad olması onun öz iqtisadiyyatına illik ÜDM-in 3%-i həcmində əlavə dəstək yarada bilər. Aşağıdakı qrafikdən də göründüyü kimi, Ermənistanın xaricə borclanma bahasına qondarma respublikaya yönəltdiyi dəstək ayırmalarında illər üzrə artım qeydə alınır.
Bu ayırmalar Cənubi Qafqazın kiçik ölkəsi üçün ciddi iqtisadi itkilər olmaqla yanaşı, qondarma respublikanın rifahına da əhəmiyyətli təsir göstərə bilməyib. 2020-ci ildə Dağlıq Qarabağda yaşayan ermənilər arasında keçirilən sorğular zamanı, onların 67%-i qarşı-qarşıya qaldıqları 3 ən vacib problem arasında ilk sırada iqtisadi problemlərini qeyd ediblər. Mövcud münaqişə vəziyyəti isə 33% respondent rəyi ilə ikinci sırada dayanıb. Bu nəticələr öz növbəsində Dağlıq Qarabağda məskunlaşan ermənilərin rifah vəziyyəti ilə bağlı ən aydın göstərici rolunda çıxış edir.
Münaqişənin həlli eyni zamanda Azərbaycanı qaçqın və məcburi köçkünlərlə bağlı ÜDM-in 2.4%-i həcmində xərclərdən bir dəfəlik azad edə bilər. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal altında olan regionların resurs potensialının ölkə iqtisadiyyatına qatqısı həm ölkənin, həm də sözügedən regionun iqtisadi inkişafın əsas stimullarından birinə çevrilə bilər. Bu mənada təkcə onu xatırlatmaq kifayətdir ki, Dağlıq Qarabağ regionu 1988-ci ilə qədər Abşeron rayonundan sonra iqtisadi inkişaf göstəriciləri baxımından ikinci sırada gəlirdi. (Baxın: Baguirov, Adil. 2012. “Nagorno-Karabakh: Competing Legal, Historic and Economic Claims in Political, Academic and Media Discourses.” Journal of Muslim Minority Affairs 32, 2: 139-175.)
Həmçinin qalıcı sülhün təmin olunması bahalı enerji stansiyalarından əziyyət çəkən Ermənistana enerji idxalı üçün yeni qapılar açmaqla, Azərbaycandan qaz idxalı, yeni tranzit boru kəmərlərinin çəkilməsi Ermənistan iqtisadiyyatına müsbət təsir göstərə bilər.
Münaqişənin həlli eyni zamanda Türkiyə ilə münasibətlərin qarşılıqlı maraqlar zəminində yenidən qurulmasına imkan yaratmış olar. Türkiyə iqtisadiyyatı Azərbaycanla müqayisədə daha böyük olduğu üçün, Ermənistanın potensial xarici ticarət payında daha böyük çəkiyə malik olar. Belə ki, hesablamalara görə Ermənistan hər il orta müddətli dövrdə qərb qonşusuna 123 milyon dollar ixrac edərkən, uzunmüddətli perspektivdə Ermənistanın ticarətində Türkiyənin payı 13%-ə çata bilər. Həmçinin Ermənistan nəqliyyat dəhlizi kimi Azərbaycana illik orta hesabla 3.3 milyon, Türkiyəyə 5.5 milyon dollar həcmində mal daşınmasını təmin edə bilər.
Münaqişənin həll olunması və qalıcı sülhün təminatı Ermənistana bir sıra regional layihələrdə yer almaq imkanı yaradır. Belə ki, qərb ölkələri ilə iqtisadi və hərbi əməkdaşlıq formatlarının qurulması rəsmi İrəvanın blokada şəraitində olduğu ölkələrlə münasibətlərinin sağlam zəmin üzərində yenidən qurulmasını zəruri edir. Bu mənada Ermənistan ABŞ və NATO üçün də strateji əhəmiyyətə malik BTC layihəsindən, Azərbaycan təbii qazını Aİ-na ötürən cənub dəhlizi layihəsindən, Fransanın Atlantik sahillərini Qırğızıstan-Çin sərhədlərinə bağlayan avtomobil və dəmir yolu nəqliyyat layihələrindən, eləcə də Avropanı Orta Asiyaya bağlayan fiberoptik rabitə sistemlərindən kənarda qalıb. Bu bir faktdır ki, sözügedən ölkə münaqişə və qeyri-legitim ərazilər səbəbindən xeyli miqdarda xarici investisiya qoyuluşlarından məhrum olub. Qərb ölkələriylə razılaşmalara və geniş potensial imkanlarına baxmayaraq, Ermənistan hazırkı situasiyada sosial-iqtisadi baxımdan Rusiya və İrandan asılılığını davam etdirir. Həmçinin münaqişə vəziyyətinin davam etməsi və Azərbaycan-Türkiyə iqtisadi-hərbi əməkdaşlığı fonunda qərbdən real iqtisadi-hərbi gözləntiləri olan Ermənistanın Rusiya və İrandan asılılığı daha da arta bilər. Müxtəlif sanksiyalara məruz qalan cənub qonşusu üçün Ermənistan üzv olduğu razılaşmalardan irəli gələrək öz ticarətini post-Sovet coğrafiyasına və Avropa məkanına doğru genişləndirmək üçün bir vasitədir. Rusiya isə təbii ki şərq-qərb arasında enerji, məhsul və informasiya axınının sözügedən dəhlizlərə qarşı öz şəbəkələri ilə ötürülməsində maraqlıdır.