Yerli icra hakimiyyətləri və bələdiyyələr ictimai rəydə

14.09.2020

Azərbaycanda dövlət idarəçiliyi istiqamətində aparılan tədqiqatlarda mülki idarəetmə sisteminə dair məsələlərə əsasən təsviri formada, səlahiyyət genişliyi çərçivəsində yaxud hüquqi norma subyekti kimi baxılıb, bu istiqamətdə ictimai fikir geniş təhlil olunmayıb. Təhlillərin azlığı mülki idarəetmənin bir qayda olaraq inzibati sistemin ən az dəyişkən elementi kimi qəbul edilməsi, həmçinin müəyyən məhdudiyyətlər baxımından mülki idarə vahidləri ilə bağlı zəruri məlumatların maraqlanan şəxslər üçün hər zaman əlçatan olmaması yaxud digər səbəblərlə əlaqələndirilə bilər.

 

Yerli icra hakimiyyəti orqanları dövlət hakimiyyətinin icra qolunun yerlərdəki təminatçısı, iyerarxik tərkib hissəsi və regionlardakı təşkilati struktur vahidi kimi qəbul olunur. Bununla yanaşı beynəlxalq təcrübədə öz təsdiqini tapdığı kimi, ictimai xidmətlərin (public services) mərkəzi hakimiyyətdən müəyyən mənada ayrı, əhaliyə ən yaxın inzibati struktur vahidləri tərəfindən göstərilməsindən əldə olunan səmərəli nəticəni nəzərə alaraq, ölkədə yerli özünüidarəetmə orqanları kimi bələdiyyələr təsis olunub. Başqa sözlə, ictimai xidmətlərin dövlət tərəfindən “bərabərlik” prinsipi çərçivəsində həyata keçirilməsinə baxmayaraq, ölkə üzrə müxtəlif təbii-coğrafi amillər, inkişaf göstəriciləri yerli (məhəlli) ehtiyacları fərqliləşdirdiyinə görə, onların vahid dövlət siyasəti çərçivəsində “eyni səviyyədə təminatı” tam səmərəli nəticə vermir. Bu isə yerli (məhəlli) ehtiyaclara uyğun təşkilatlanma olaraq bələdiyyələri uyğun həll variantı kimi önə çıxarır.

 

İstər yerli icra hakimiyyəti, istərsə də bələdiyyə orqanlarının fəaliyyətinin səmərəli təşkili onların optimal miqyasının müəyyən olunmasını zəruri edir. Lakin Azərbaycanda 14 şəhər-rayonu icra hakimiyyətlərini (Bakı şəhərinə aid 12, Gəncə şəhərinə aid 2) nəzərə almasaq, ümumilikdə 73 icra hakimiyyəti və 1606 bələdiyyə orqanının optimal miqyası unitar quruluşa malik, əhali və ərazi göstəriciləri nisbəti baxımından Azərbaycana uyğun olan müxtəlif ölkələrlə müqayisədə qeyri-adekvat mənzərəni göstərir.

 

 

Əksər ölkələrin təcrübəsində yerli icra hakimiyyətləri region miqyasında (məsələn iqtisadi-coğrafi rayon) təşkilatlandığı üçün yerli səviyyədə fəaliyyət bələdiyyələr tərəfindən həyata keçirilir. Müqayisə üçün qeyd edək ki, bu baxımdan Danimarkada sadəcə 5, Portuqaliyada 24, Yunanıstanda 12, Polşada 16, Sloveniyada 12, Gürcüstanda 12, Türkiyədə 81 inzibati ərazi vahidi mövcuddur. Ərazi və əhali göstəriciləri Azərbaycandan 2 dəfə az olan Danimarkada inzibati ərazi vahidlərinin 40%-i 250 min – 1 milyon nəfər əhalini, 60%-i 1 milyondan artıq əhalini əhatə edir. Polşada ikinci dərəcəli yerli inzibati vahidlər (powiat) üst dərəcəli 16 inzibati region vahidləri (voivodeships) daxilində fəaliyyət göstərir. Azərbaycanda isə yerli icra hakimiyyəti orqanlarının 57%-də ayrı-ayrılıqda orta əhali göstəricisi 100 min nəfərdən aşağıdır. Yerli icra hakimiyyəti vahidləri ilə bağlı sözügedən miqyas problemi aşağıdakı qrafikdən göründüyü kimi, bələdiyyələr üçün də xarakterikdir.

 

Azərbaycanda bələdiyyələrin təsis olunduğu tarixdən bugünə kimi bələdiyyələrin birləşdirilməsi yaxud ləğvi yoluyla sayının azaldılmasına baxmayaraq, əhali sayı 2000 nəfərə qədər olan bələdiyyələr hazırda 1606 bələdiyyə içərisində 32%-lik, əhali sayı 5000 nəfərə qədər olanlar isə 75%-lik bir yer tutur. Bələdiyyələr üzrə əhali sayının azlığı hər inzibati ərazi vahidinə düşən bələdiyyə sayının çoxluğundan irəli gəlir ki, bunun da yerlərdə iqtisadi-sosial inkişaf göstəriciləri, infrastruktur imkanları ilə izah oluna bilən müxtəlif səbəbləri var. Ümumiyyətlə qeyd etmək mümkündür ki, hər bələdiyyəyə düşən orta ərazi və əhali göstəriciləri baxımından Azərbaycan qeyd olunan ölkələrdən kəskin fərqlənir. Ölkə miqyasında bələdiyyələrin sayı əhali və ərazi göstəriciləri baxımından Azərbaycandan bir neçə dəfə böyük ölkələrlə müqayisədə çoxluq təşkil edir.

 

Aparılan müqayisələr istər yerli icra hakimiyyətlərinin, istərsə də bələdiyyə orqanlarının optimal miqyaslarının müəyyən olunmasında təbii-coğrafi amillərlə yanaşı, resurs imkanlarının formalaşması və xərc göstəricilərinin səmərəliləşdirilməsini, fəaliyyət sahələrinin və səlahiyyətlərin hüquqi müstəvidə konkret bölgüsünü, onların region miqyasında sosial-iqtisadi inkişafın aparıcısı rolunda çıxışının təmin olunmasını, ümumilikdə səmərəli təşkilinin nəzərə alınmasını şərtləndirir.

 


Sözügedən orqanların səmərəli fəaliyyətinə dair Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən ötən il ümumölkə miqyasında (işğal olunmuş ərazilər və Naxçıvan MR istisna olmaqla) təsadüfi seçmə əsasında 2848 respondent arasında keçirilən ictimai rəy sorğuları bu istiqamətdə qrafikdə görünən nəticələri ortaya çıxarıb.

 

Ümumiyyətlə bələdiyyələrin əsas problemləri kimi gəlir azlığı (41.5% respondent rəyinə görə), səlahiyyətlərinin azlığı (31.2% respondent rəyinə görə), müstəsna səlahiyyətlərinin müəyyən olunmaması və digərləri səbəbindən cəmiyyətdə bələdiyyə institutuna, onun roluna, əhəmiyyətinə dair aydın təsəvvür formalaşmayıb. Respondentlərin 26%-nin keçirilən heç bir bələdiyyə seçkisində iştirak etmədiyini bildirməsi, 61% respondentin heç bir bələdiyyə əmlakından istifadə etmədiyini bildirdiyi halda 55.3% respondentin bələdiyyələrin vergi üçün müraciət etdiyini qeyd etməsi, 72.5% respondentin ötən il ərzində heç bir bələdiyyə xidmətindən istifadə etmədiyini bəyan etməsi, 67.1% respondentin problemlərinin həlli üçün bələdiyyələrə müraciət etməyi faydasız hesab etməsi, 60.7% respondentin bələdiyyənin fəaliyyəti ilə maraqlanmaması bu konteksdə izah oluna bilər. Lakin bununla belə, sorğu nəticələri kənd yaşayış məntəqələri üzrə respondentlərin bələdiyyələrin fəaliyyətini nisbətən daha yüksək qiymətləndirdiyini göstərir.

 


Yerli orqanların səlahiyyətlərinə dair məsələlər onları tənzimləyən müvafiq hüquqi sənədlərdə, “Yerli icra hakimiyyətləri haqqında nümunəvi əsasnamədə” və “Bələdiyyələrin statusu haqqında qanunda” öz əksini tapıb. Qeyd olunan normativ hüquqi aktların təhlili hər iki orqanın kəsişən səlahiyyətlərinin olduğunu göstərir. Sosial müdafiə, kommunal xidmətlər, planlaşdırma, yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və digər ictimai xidmət sahələri üzrə bələdiyyə və yerli icra hakimiyyəti orqanları arasında ümumilikdə ictimai xidmətlərin bölgüsü respondent rəyində öz əksini aşağıdakı kimi tapıb.

 

 

Göründüyü kimi yerli icra hakimiyyəti orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının regional bölmələri (mərkəzləri) ümumi respondent rəyində xidmətgöstəricilər kimi geniş yer tutur. Xüsusən şəhər respondentləri arasında bu tendensiya daha aydın müşahidə olunur. Kənd və qismən qəsəbələr üzrə bələdiyyə xidmətləri respondentlər üçün daha əlçatan hesab olunur. Lakin ictimai xidmətlərin hansı qurum tərəfindən göstərilməsinə dair respondent gözləntilərinə dair rəylərdə mərkəzi və yerli hakimiyyət orqanları ilə bağlı təqribən 2-5%-lik artım qeydə alınarkən, bələdiyyələrlə bağlı 10%-ə yaxın bir artım nəzərə çarpır.

 

 

Bələdiyyələrdən gözləntilərin nisbətən  yuxarı olmasına, əhalinin bu tip institutlar vasitəsilə yerli problemlərin həllində yaxından iştirak istəyinə (63.1% respondent bu mövqedən çıxış edir) baxmayaraq, əksər hallarda bələdiyyə sədrlərinin təşəbbüslərinin məhdudluğu, qeyri-peşəkar fəaliyyəti, yerli əhali ilə müzakirələrin aparılmaması, ictimai iştirakın zəif təmin olunması, eyni şəxsin dəfələrlə bələdiyyə sədri kimi fəaliyyət göstərməsi kimi müxtəlif faktorlar yerli seçkili orqanlara ictimai etimadı mənfi istiqamətdə formalaşdırır. Belə ki, STM tərəfindən keçirilən sorğu nəticələrinə əsasən yerlərdə sosial problemləri həll edəcək vəzifəli şəxslərin dövlət tərəfindən təyin olunmasını üstün tutan respondentlər 50.8%, yerli əhali tərəfindən seçilməsini istəyənlər isə 46.2% təşkil edir. Həmçinin ümumi respondentlərin 24.9%-i yerli inzibati sistemi bələdiyyə mərkəzli görmək istədiyini bəyan etdiyi halda, 30.3% respondent mövcud (ikili) sistemin qalmasının tərəfdarı kimi çıxış edir, 44.8% respondent isə yerli icra hakimiyyəti mərkəzli olmasını üstün tutur.

 

 

 Elnur Çıraqov

Elnur Çıraqov

İqtisad Universitetində bakalavr, Ankara Universitetində magistr dərəcəsi alıb. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun politologiya və inzibati idarəetmə ixtisası üzrə doktorantıdır. Tədqiqat sahələri siyasi və idarəçilik nəzəriyyələrini, ictimai sfera və sosial-iqtisadi mövzuları əhatə edir.