Bizim bu dəyərlərimiz...

24.07.2020

Dəyərlər anlayışı fəlsəfi terminologiya baxımdan daim mübahisələndirilən, fərqli təriflər verilən, sosioloji tədqiqatların daim marağında olan məfhumdur. Bir çevrənin dəyər kimi qəbul etdiyi davranışlar və ya həyat normaları digər toplumlar üçün qeyri-ənə

Hörmətli yazıçımız Oqtay Əliyevin dəyərlər haqqındakı yazısında bir cümlə var ki, xüsusi bəyənirəm: “Ölkəmizdə bəzi radikal qüvvələr özlərinin ideoloji məqsədlərini zoran-təbib həyata keçirməyə, zərərli dini adətləri kor-koranə, ifrat dərəcədə icra etməyə çalışsalar da, özünün milli-mənəvi və dini dəyərlərinə həmişə böyük önəm verən xalqımız özünəməxsus inancları, inam-etiqad göstərdikləri məbədləri göz bəbəyi kimi qoruyub saxlayır, nəsil-nəsil davam etdirir.”

 

Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Tarixi qürur duyduğumuz meyarların, nailiyyətlərimizin üstündən belə asanlıqla xətt çəkmək, onu aşağılamaq istəyinin bəzən baş qaldırması bizi çox qayğılandırır. İlk növbədə hər bir ziyalı əsrlər boyu cilalanmış, zamanın kəşməkəşli sınaqlarından çıxmış, ələnmiş, saflaşmış, bugünümüzün həyati tələbatına çevrilmiş, xalqımızın özünəməxsus milli mentaliteti meyarlarına çevrilmiş mənəvi dəyərlər xalqımızın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür, duz-çörək qədər hamımıza əzizdir.

 

Keçid dövründə milli-mənəvi dəyərlər sistemində yaranan boşluqlardan istifadə edən ünsürlər yanlış ideologiyaları, qondarma və qurama adətləri, hətta başqa xalqların xarakterik xüsusiyyətlərindən doğan adətləri min illərlə tariximizin kəşməkəşlərində deformasiyaya uğramadan, bugünümüzü gözəlləşdirən həmişə fəxr duyduğumuz müqəddəs milli-mənəvi dəyərlərimizlə yanaşı, yabancı adət-ənənələri də təbliğ etməyə çalışırlar və çox təəssüf ki, getdikcə bu, geniş vüsət almaqdadır. Əxlaqi dəyərlərimizin toxunulmazlığı, həmişə qorumalı olduğumuz elə bir müqəddəs meyarlarıdır ki, gərək bugünkü sosial-iqtisadi nailiyyətlərimizdən məqsədyönlü istifadə edərək zamanında dünyaya inteqrasiya edərək qədim mədəniyyətimizin qaynaqlarını, gözəlliklərini bir örnək kimi başqa xalqlara da sevdirək.

 

 

Müdrik ağsaqallarımız, söz sahibi olan ziyalılarımız, xüsusilə geniş təbliğat-təşviqat imkanları olan radio-televiziya, dövri mətbuat, digər kütləvi informasiya vasitələri mənəvi dəyərlərimizin təbliği və gənc nəslə ətraflı izah edilməsi işlərinin fövqündə olmalıdırlar.

 

Vətən, ata-ana, el-oba, yurd yeri, doğma ocaq sevgisi, namus-qeyrət təəssübü çəkmək, vətənpərvərlik, halal-haram, böyük-kiçik, ədəb-ərkan, etik dəyərlər, unudulmaz inam və inanclarımız, nəhayət, müqəddəs milli adət-ənənələrimiz ümumən milli mentalitetimizin məhək daşıdır.

 

Keçmişimiz, tariximizin həm də ibrət dərsləridir. Bu baxımdan bariz keçmişimiz eyni zamanda sabahımızın müəllimidir. Gənc nəslin azərbaycançılıq ideyaları ruhunda tərbiyəsi xalqımızın qələbələrinin, nailiyyətlərimizin təminatçısıdır. Əsrlər boyu xalqımızın böyük mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə baxmayaraq, öz dilini, dinini, milli adət-ənənələrini qoruyub saxlaya bilmiş, onu xüsusilə sovetlər dövrünün ideoloji taranlarından aşılanmağa imkan verməmişdir.

 

O vaxtlar hətta ailələrdə, tayfalarda, kənd və obalarda, azsaylı xalqların yaşayış yerlərində özünəməxsus adət-ənənələrinin həyata keçirilməsinə qoyulan qadağalar, təqiblər, cəzalar da xalqın öz soy-kökünə inamını sarsıda bilməmişdir. Azərbaycan oğullarının əsasən hərbi-tikinti hissələrinə xidmətə göndərilməsinə, sərhəd qoşunlarında, xüsusi müdafiə dəstələrində müsəlman respublikalarının övladlarının xidmətə buraxılmaması təkcə hər hansı bir etibarsızlığa, ideoloji dəyanətliyin olmamasında, rus dilinin yaxşı bilməməsində deyil, əsasən gələcəyə hesablanmış tədbirlərdən olmuşdur. Lakin xalqımızın tarixi qan yaddaşı baş verən hadisələr fövqündə onu dirçəltdi. Xalqımızın düşüncə tərzi, vətənpərvərlik hissinin gücü gerçəkliyi, müasir həyat həqiqətlərini obyektiv şərh edərək özünütərbiyəni xarakterik olaraq əxz edir. Gənclərimizi düzgün istiqamətlərə yönəltmək, mənəvi tərbiyə aşılamaq, ailələrin, təhsil müəssisələrinin, söz sahibi olan insanların, ağsaqqalların, xüsusilə ziyalıların imkanlarını, təsir gücünü artırmağa zəmin yaradır. Bu baxımdan kütləvi informasiya vasitələrinin, televiziya-radionun təsir dairəsi və tərbiyəvi rolu böyükdür.

 

Dünya Dəyərlər Sorğusunun yeni – 7-ci sorğusu hazırda bu baxımdan həm ölkəmizdə, həm də dünyada böyük marağa səbəb olur. Bu sorğu 1981-ci ildən keçirilir və dünyada müxtəlif istinadgahlar bu sorğular vasitəsiylə formalaşır. Yeni sorğu 2017-2020-ci illəri əhatə edir. Azərbaycandakı sorğu 2018-ci ilin noyabr və dekabr aylarında keçirilib və sorğuya respublikanın 39 şəhər və rayondan ümumilikdə 1800 nəfər respondent iştirakçı kimi qatılıb.

 

Sorğuda ən çox diqqətimi çəkən məqam sekulyarlığa qarşı cəmiyyətimizin yüksək etimadının ortaya çıxmağıdır. Azərbaycanlıların 98.6 faizi heç bir dini icmanın üzvü olmadığını bildirib. Bu nəticə radikal meyillərin bu ölkənin həyat şərtlərinə heç vaxt siraət etməyəcəyini göstərir.

 

 

Özəl sahibkarlığı dəstəkləyən azərbaycanlıların faiz nisbəti 5.2, tamamilə dövlət sahibkarlığını dəstəkləyən azərbaycanlıların faiz nisbəti isə 8.4 faizdir. Bununla belə iştirakçılaırn 18 faizi rəqabətin uğurlu, 3 faizi isə zərərli olduğunu düşünür. Azərbaycanlıların 59 faizi yüksək səviyyəli iqtisadi inkişafı, 23 faizi güclü müdafiə qüvvələrini, 10 faizi isə daha gözəl şəhərləri inkişafın prioritet istiqamətləri kimi görür.

 

Azərbaycan xalqının öz ordusuna olan dəstəyi, inamı və sevgisi bu sorğuda da ortaya çıxıb. Respondentlərin 92 faizi silahlı qüvvələrə, 89 faizi hökümətə, 78 faizi polisə, 69 faizi dini qurumlara, 61 faizi parlamentə, 57 faizi məhkəmə sisteminə, 52 faizi mətbuata, 31 faizi siyasi partiyalara güvəndiyini bildirib. Xoşbəxtlik baxımından, sorğunun nəticələrindən məlum olur ki, insanlarımızın 19 faizi özünü çox xoşbəxt, 61 faizi isə xoşbəxt hiss edir. Sorğuda ən yüksək nəticələrdən biri isə ailə ilə bağlı qeydə alınıb. Belə ki, 90.7 faiz respondent ailəni çox vacib hesab etdiyini söyləyib.

 

Unumayaq ki, dünyada dəyərlərlə bağlı aparılan sorğular həm də fəlsəfi yanaşmalar və sosial elmlər üçün yeni metodoloji prinsiplərin inkişaf etməsini zəruri edir.

 

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır