Süni intellekt.Qlobal texnoloji çevrilişin çağırışları və Milli Strategiyalar

02.07.2020

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,“Microsoft” şirkətinin təşəbbüsü ilə  şirkətin rəhbərliyi, ölkəmizin aidiyyətli struktur rəsmiləri və  Azərbaycan üzrə    nümayəndələri arasında videokonfrans keçirilib.Videokonfransda dövlət

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,“Microsoft” şirkətinin təşəbbüsü ilə şirkətin rəhbərliyi, ölkəmizin aidiyyətli struktur rəsmiləri və  Azərbaycan üzrə  nümayəndələri arasında videokonfrans keçirilib.Videokonfransda dövlət başçısı artıq 15 ildən çoxdur ki,  Azərbaycanda fəaliyyətə başlayan “Microsoft”la tərəfdaşlığın böyük potensialı və  gələcəyinin olduğunu vurğulayıb. Prezident  gündəlikdə qarşıdakı 5 il üçün planlaşdırılan rəqəmsal transformasiya üzrə hökumət strategiyası ilə yanaşı, Süni İntellekt üzrə strategiyanın hazırlanması ilə bağlı məsələlərin  durmasını diqqətə çəkib

1.Süni intellekt -4-cü sənaye inqilabının  mühərriki

Süni intellekt” (SI) (artificial intelligence-(Aİ )dedikdə, kompüter proqramı, yəni, bir insan ağlının həll etdiyi problemləri həll edə bilən alqoritm  başa düşülür. Anlayış kimi  1955-cı ildə ABŞ alimi Çon Makkarti tərəfindən bu sahənin N. Vinerin “kibernetika” adlandırdığı elmdən fərqini vurğulamaq üçün elmi dövriyyəyə gətirilib.[1]   1997-ci ildə İBM şirkətinin   “Deep Blue” adlı superkompüteri şahmat üzrə dünya çempionu Q.Kasparovu oyunda məğlub etdi və 400 min dollar mükafata sahib oldu.

Süni intellektin (bundan sonra mətndə-Sİ) hazırda bəşər həyatının bütün sahələrinə nüfuzu,   müəyyən mənada ötən əsrdə  elektrik enerjisinin kəşfi ilə müqayisə edilir. Eyni zamanda, təsirinin ondan dəfələrlə dərin olacağı qeyd edilir. Sİ-cəmiyyət  həyatının bütün-siyasi,iqtisadi, hərbi, geosiyasi, hüquqi, sosial, mədəni, mənəvi və s.-sahələrinə nüfuz edir. Sİ yarışı geosiyasətdə mövcud olan ənənəvi “güc” anlayışının mahiyyətini dəyişir. Sİ dövrü-“zəiflərin yaxud da ağıllıların zamanı” kimi də adlanır. Bu  o deməkdir ki, “qlobal güc və ya kiçik dövlət”anlayışları artıq arxa plana geçir. Sİ texnologiyaları sahəsində kim güclüdürsə-o da “böyükdür”, artıq ənənəvi başa düşülən maddi anlamlı hərbi/iqtisadi güc dövrü tarixdə qalıb.  

Sİ-tin güclü təkanvericisi olduğu 4-cü sənaye inqilabı əksər dövlətlərin sosial-iqtisadi quruluşunu  dərin dəyişikliklərə məruz qoyacaq. Onun tətbiqi ilə sənayenin   səmərəliliyin 30-40 faiz artırılması mümkündür. Bütün sahələrdə çarpaz təsir və nəticələrə malik olan Sİ   texnologiyaları bir çox sektorlarda, məs.  qərarların qəbulu və təhlükəsizlik, təbabət (diaqnoz qoyulması və yeni dərmanların hazırlanması),təhsil, fərdi məlumatların,asayişin qorunması, logistika, hərbi sahədə (avtonom killer robotlar), pilotsuz nəqliyyat vasitələri,  kriptovalyutalar,  saxta (fake)xəbərlərin yayılma "texnologiyaları", maliyyə bazarları və s. sahələrə dərin nüfuz edici təsirini göstərir. “Kembric Analitika” ilə bağlı olaylar göstərdi ki, fərdi məlumatlar məs. səhiyyədə yaxud cinayətkarlıqla mübarizədə əhəmiyyətli töhfə verə, digər tərəfdən, siyasi/seçki mübarizəsində qeyri-qanuni istifadə oluna bilər.

Sİ-tin nəticələri  qlobal əmək bölgüsünün köklü rekonfiqurasiyasına, texnoloji zəncirlərin yenidən qurulmasına   və nəticədə dünya iqtisadi gücünün yenidən paylanmasına təsir göstərəcək. İnformasiya inqilabı   müasir iqtisadi artımın əmək məhsuldarlığının artmasına təkan verən ən vacib drayveri olmaqla yanaşı, Sİ-həm yeni imkanların, eyni zamanda həm də yeni çağırışların mənbəyidir. Belə ki, müxtəlif ölkələrdə yeni texnoloji ukladın tətbiqi dinamikasında və templərindəki fərqlər,   qlobal rəqəmsal inkişafda disproporsiyalar-qlobal bərabərsizliyin uçuruma qədər  böyüməsinə səbəb ola bilər. Bu da dünyanın bütün bölgələrində Sİ-tin verdiyi imkanların geosiyasi məqsədlərlə istifadəsinə, siyasi və beynəlxalq sabitliyin pozulmasına,  yeni miqrasiya dalğalarının baş qaldırmasına, ekstremist ideologiyaların yayılmasına, beynəlxalq terrorizmin və mütəşəkkil cinayətkarlığın artmasına təkan verə  bilər.   Beləliklə,  bu gün Süni İntellekt -bütün dünyanın gələcəyini təmin edəcək texnoloji inkişaf və texnoloji sıçrayışın drayveri,“düyməsidir”. Elə bir sahə yoxdur ki, Sİ-tin toxunuşu ilə sanki sehirli şəkildə kökündən dəyişməsin. Sİ dövlət idarəçiliyində nəhəng məlumatların (Big Data) keyfiyyət      təhlili əsasında real vaxt rejimində düzgün və çevik qərarların qəbuluna imkan  verir. Dünyada nəinki texnoloji, eləcə də, geosiyasi liderlik uğrunda mübarizə, ilk növbədə süni intellekt müstəvisinə  keçib və bu sahədə ggörünməmiş qlobal rəqabət gedir.  Artıq məlumdurki, Sİ sahəsində üstünlüyünü təmin edən-dünyada da üstün mövqelərdə olacaq.

2. Süni İntellekt sahəsində  Milli Strategiyalar, taktikalar             

Dünya Sİ sahəsində yarışa, daha dəqiq deyilsə, amansız rəqabətə şahidlik edir. ABŞ və Çin bu sahədə liderlik edir. Bununla yanaşı, Çin həm də dünyanın “Süni İntellekt influenseri” statusunu qazanıb. 2018-ci ildə məlum oldu ki,qlobal SI bazarı 2,5 milyard dollar təşkil edir və 2024-cü ilə qədər 137,2 milyard dollara çatacaq.

Sözü gedən proseslər fonunda son 2-3 ildə, demək olar ki, eyni vaxtlarda dünyanın 40-dan artıq ölkəsində Milli  Süni İntellekt   strategiyalarının qəbul edilməsinə başlanıb. 2017-ci ildə artıq beş ölkə Sİ-lə bağlı Milli Strategiya qəbul edib.  2018-ci Sİ sahəsində  Milli  Strategiyaların qəbul edilməsində qlobal çevriliş ili olub, 30 ölkə (kətta Keniya da)analoji strategiya qəbul edib. 2018-2019-cu illər ərzində isə milli strategiya qəbul edən ölkələrin sayı 40-ı aşıb. [2]

 

 

Bəzi ölkələrdə(ABŞ,Rusiya) Sİ strategiyalarının hazırlanması vacibliyi hərbi sahədə yaxud bu sahə rəsmilərinin tövsiyəsi ilə başlayıb. ABŞ-ın sabiq  Müdafiə naziri Ceyms Mattis Prezident D.Trumpa   süni intellekt texnologiyalarının inkişafı üçün milli strategiya yaratmaqla bağlı müraciət etdi.Müraciətə çevik cavab verilib və 2018-ci ilin iyulunda ABŞ-da  dövlətin 3 milli texnoloji hədəfi (kvant informatikası, superkompyutinq) arasında Sİ-birinci yerı çıxarıldı. 

Strategiyalarda ümumilik təşkil edən cəhətlər:1. hədəflərin səviyyəsi; 2.ayrılan resursların həcmi; 3. strategiyanın keyfiyyəti və dəqiqliyi; 4. həyata keçirilməsinə nəzarət etmək imkanlarıdır. Məzmunca fərqli olmaqla,strategiyalarda AI siyasətinin müxtəlif aspektlərinin- elmi tədqiqat və inkişaf (R&D), istedadların aşkarlanması,qabiliyyət yönümlü təhsil sistemi, rəqəmsal infrastrukturun problemləri, dövlət-özəl qarşılıqlı münasibətləri, cəmiyyətə Sİ texnologiyalarının sosial nəticələri ilə bağlı maarifləndirmə və s. - inkişafına diqqət verilir.Ümumi cəhətlərə həmçinin onların xronoloji əhatəsini-2030-cu ilə qədər hədəflənməsini aid etmək olar.Daha bir ümumi cəhəti: “Sİ millətçiliyinin” (Aİ nationalism) yaranmasıdır. Yəni hər bir ölkənin başqalarından bəhrələnməklə öz milli sənayesini yaratmağı hədəfləyir.

3.SI strategiyalarına ayrılan maliyyələr 

Strategiyaların müqayisəsi göstərir ki, demək olar əksər ölkələrdə Sİ intellektlə bağlı elmi tədqiqatlardan, kadrların hazırlanmasından başlanılması ön sırada durur. 18 ölkənin strategiyalarında  hədəf istiqamətlərinin müqayisəsi[3]

 

 

 

ABŞ hələ 2016-cı ildə "Milli Süni İntellekt Tədqiqatı və İnkişaf Strategiyası Planı" qəbul edib. Çin 2017-ci ildə "Gələcək Nəsil üçün Süni İntellektin İnkişafı Planı" adlı   sənəd qəbul edib. Sənəddə Sİ-tin inkişafına 1 trilyon, onunla əlaqəli sahələrin inkişafına isə-10 trilyon yuan ayrılması nəzərdə tutulub.Məqsəd 2030-cu ilə qədər bu sahədə liderliyi ələ keçirməkdir. Bundan sonra daha 2 strateji sənəd qəbul edilib. Beləliklə, universal məqsədlər iki ölkənin: ABŞ və Çinin strategiyalarında qoyulub. Biri bu sahədə liderliyi qorumaq, digəri 2030-cu ilə qədər lider olmağı irəli sürüb. (Rusiya da aşkar bəyan etməsə də  bu mövqeyə iddialıdır.) Artıq “Google” şirkətinin Nyu-Yorkda, Torontoda,

London və Sürixdən sonra Pekində beşinci süni intellekt elmi-tədqiqat mərkəzi fəaliyyətə başlayıb.[4] 

Fransa prezidenti Emmanuel Macron "AI for Humanity" adlı konfransda  hökumətin 2022-ci ilə qədər  süni intellekt tədqiqatlarına 1,8 milyard ABŞ dolları sərmayə ayıracağını, bu sahədə  istənilən ölkədən gələn kadrların və maliyyənin hökumət tərəfindən hər cür dəstəklənəcəyini  bəyan edib. Dünyanın  bir çox texnologiya şirkəti bu açıqlamadan sonta Fransaya Sİ  sahəsində investisiyalarını yönəldib.

Avstraliya 2018-ci ildə “Avstraliya 2030: İnnovasiya vasitəsilə firavanlığa” adlı sənəd qəbul edib və Sİ inkişafına 4 il üçün 29.9 milyon dollar ayırıb.  Kanada “Pan-Kanada Süni İntellekt Strategiyası”nda 5 ilə 125 milyon dollar ayırıb və   Sİ-lə bağlı 3 yeni elmi institut yaradıb. Danimarkanın "Rəqəmsal İnkişaf Strategiyası" (2018) əsasında, 2018-ci ildə 75 milyon, sonra 2025-ci ilə qədər hər il 125 milyon milli valyuta, strateji təşəbbüslərini həyata keçirmək üçün  isə əlavə 75 milyon  ayrılıb.Hindistan “Hamı üçün Sİ” (AIforAll) milli proqram qəbul edib və bu ölkəni dünyada “ Sİ üçün qaraja” çevirməyi hədəfə alıb.

Fərqli cəhətlərlə bağlı həcmləri misal çəkmək olar. Məs.Yaponiynın strategiyası cəmi 25 səhifədən və  3 mərhələdən ibarətdir. Ən geniş həcmlisi İngiltərəyə- 180 səhifə-məxsusdur və "Birləşmiş Krallıqda SI: hazırıq, istəyirik və bacararıqmı?"(“AI in the UK: ready, willing and able?”)adlanır.

Şərq-Müsəlman ölkələri arasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Sİ Strategiyası hazırlamış və hətta dünyada ilk dəfə olaraq, "Süni intellekt üzrə dövlət nazir" vəzifəsini də təsis etmişdir. Ömər bun Sultan Al Olama, hələ 2017-ci ilin oktyabrında  nazir təyin edilib.  Nazir kimi “BƏƏ 4-cü Sənaye İnqilabı Strategiyasını” hazırlayıb.Məqsədi ölkəsini bilik iqtisadiyyatı, innovasiyalar və gələcək texnologiyalar sahəsində qlobal Hub-a çevirməkdir.Nazirliyin devizi-“B.R.A.I.N.- “Building a Responsible Artificial Intelligence Nation”-“Məsuliyyətli Suni İntellekt xalqının formalaşması” kimi müəyyən edilmişdir.Bu günlərdə (24-27 oktyabr 2019-cu il) “The Fırst Global Challenge”adlı dünyada ilk robot olimpiadası təşkil edilib. Al Olama deyir ki, “qlobal Sİ yarışı-“cıdırı” yalnız ABŞ və Çin demək deyil.  BƏƏ bu yarşında, ən öndə gedən, “çapan atlardan” biri olacaq".[5]  Ölkə Sİ sahəsinə araşdırmalara 2017-ci ilin sonu üçün 33 milyard dirhəm (8,9 milyard ABŞ dolları) investisiya qoyub. Hazırda bu rəqəm 70 faiz(!) artıb və bu ölkənin Sİ dünyasına daxil olmaq iddiasını reallaşdırdığını göstərir. Türkiyədə xüsusilə hərbi sahədə Sİ texnologiyaları yüksək inkişaf edib.   20-ci il Mart ayının əvvəlində Türkiyə ordusunun İdlibdə istifadə etdiyi Sİ əsaslı pilotsuz uçuş aparatları (PUA) böyük əks-səda yaratdı.Qlobal mediada (Bloomberg) İdlibdəki çoxsaylı dronların sinxron-koordinasiyalı hücumu ilə bağlı "Ankara PUA-lara sahib texnoloji gücə çevrilib" başlıqları manşet oldu.2019-cu ildə Türkiyə Elm, Sənaye və Texnologiyalar Nazirliyinin bazasında Süni İntellekt Nazirliyinin yaradılması planlaşdırılıb.   Almaniya ilə Sİ sahəsində əməkdaşlıq inkişaf edir.  İran. ABŞ sanksiyaları İranın iqtisadiyyatına ciddi ziyan vursa da, burada bir sektor: Sİ texnologiyaları çiçəklənməkdə davam edir. Ən son nailiyyət kimi, süni intellektə əsaslanan BALAD naviqasiya sisteminin yaradılması və tətbiqi göstərilə bilər.Mart ayında bu texnoloji tətbiqin cəmi bir neçə günə  1,2 milyon nəfər tərəfindən  yüklənib.

 

Regional strategiyalara misal olaraq,Avropa Birliyi Komissiyasının qəbul etdiyi “Süni İntellektlə bağlı Kommunikasiya” (2018) göstərmək olar. 

Strategiyalar-ayrılan maliyyənin həcm baxımından müqayisəsi  maraqlıdır. Çin dünya Sİ bazarında maliyyələşdirmənin 50 faizini təmin edərək 1-cidir. ABŞ 38 faizlə 2-cidir.  Strategiyalarda Avstraliyanın ayırdığı 29 milyondan tutmuş,Yaponiyanın 580 milyon(2018), Cənubi Koreyanın ayırdığı  2 milyard dollara qədər rəqəmlər əksini tapıb.

Ümumi cəhətlərdən daha biri budur ki, hətta ən qabaqcıl ölkələr belə kadrları kənardan cəlb edir. Məşhur IBM şirkəti  burada  400-ə yaxın,Samsung şirkəti isə 100-dən çox  fransız tədqiqatçını süni intellekt üzrə mütəxəssisi kimi yetişdirir. Almaniya SI tətbiq etməkdə dünyanın ən yaxşı ölkələrindən biri olmaq üçün 2025-ci ilədək əlavə 3 milyard avro (3,39 milyard ABŞ dolları) ayırıb.Əmək naziri Hubertus Heil, Sİ-tin tətbiqi ilə  2025-ci ilə qədər təxminən 1,3 milyon iş yerinin dəyişdiriləcəyini bildirib.Təhsil naziri Anja Karliczek Almaniyaya mütəxəssislər cəlb etmək üçün Almaniyada Sİ sahəsində 100 professor yerini açdıqlarını bəyan edib. Digər ölkələr   texnologiyalar, Sİ-lə bağlı bəzi sahələrdə lider olmaq vəzifələrini qoyub. Beləliklə Sİ yarışına qoşulmaq-bu gün qlobal və dominant tendensiyaya çevrilib.

4.MDB məkanında  Milli Strategiyalarla bağlı vəziyyət

Postsovet məkanında Sİ sahəsinin inkişafı burada tarixən formalaşmış tədqiqiat ənənələri və məktəblərlə sıx əlaqədardır. Bu baxımdan, sovet dövründə yaradılan tədqiqat ənənəsi hazırda respublikaların start imkanlarına da mühüm təsirini göstərir.

Rusiya. Ölkə Sİ-tin əsasən müdafiə sənayesində tətbiqi sahəsində qabaqcıl yerlərdə durur. Quartz' indeksinə  görə, Rusiya Sİ-tin inkişafına və tədqiqatlara ildə 12.5 milyon ABŞ dolları maliyyə yönəldir. Rusiyada 2019-cu ilin sonunda “2030-cu ilə qədər Süni İntellektin İnkişafı üçün Milli strategiya” təsdiqlənib. Bəzi ekspertlər ölkənin rəqabətdə vəziyyətinin ürəkaçan olmadığıni qeyd etsə də, Rusiyada hərbi müdafiə sənayesi çərçivəsində formalaşmış texnoloji tədqiqat ənənəsi yenə də öz sözünü deməkdədir. Hazırda Dünya İqtisadi Forumunun (DİF)təşəbbüsü ilə  burada “4-cü Sənaye İnqilabı Mərkəzinin” yaradılması planlaşdırılıb. Mərkəz Rusiyaya Sİ əsaslı sənayenin rəqabət qabiliyyətini artırmaqda  və 2030-cu ilədək Milli Strategiyanın səmərəlilyinin gücləndirməyə kömək edəcək. Bunun üçün Rusiya DİF-una hər il 1 milyon dollar üzvlük haqqı  ödəyəcək. Mərkəz Sberbank bazasında fəaliyyət göstərəcək. Qarşıdakı 5 ilə-paytaxt və mərkəzlərdə Sİ elmi mərkəzləri açmaq,bu sahəsdə tədqiqatların maliyyələşdirmək, istedadları qorumaq və dünyanın ən yaxşı mütəxəssislərini cəlb etməklə ön sıraya çıxmaq hədəfə alınıb. ABŞ-ın Huavey-ə sanksiya tətbiqindən sonra 2019-cu ildə Rusiya və Çin    kapitalı 1 milyard dollar olan ortaq texnoloji investisiya fondu  yaradıb. Onun təsisçiləri Rusiya Birbaşa İnvestisiya Fondu və Çin İnvestisiya Korporasiyasıdır. Fond perspektivli texnologiyalara,  süni intellektlə əlaqəli layihələrə investisiya qoyacaq.

5.MDB ölkələri qlobal və regional reytinqlərdə.Azərbaycan autsayderdir 

MDB məkanında yalnız Rusiya milli strategiya qəbul edib.  Sİ sahəsində dövlət siyasəti ilə bağlı MDB-nin digər ölkələrində analoji strategiyalar qəbul edilməyib. Bununla belə, Belorusiya,Ukrayna, Ermənistan  və Qazaxstanda Sİ-lə bağlıyüksək templə həyata keçirilən  fəaliyyət və inkişaf qlobal və regional reytinqlərdə əksini tapıb. 

"StrategEast”-in 2020-ci ildə hazırladığı “Dəyişən iqtisadiyyatlar,dəyişən cəmiyyət.Postsovet ölkələrində İT sənayesi” (“Changing Economy,Changing Society. IT Industry in Post-Soviet Countries”) adlı analitik hesabatda Rusiyadan kənar MDB ölkələrində Sİ sənayesi təhlil edilir. Yığcam deyilsə, burada mənzərə belədir: Estoniya-Avropada ilk e-dövlətdir. Skype burada yaradıılıb. Latviya Sİ -tin ikişafında xarici mütəxəssislərə diqqət ayırır, mövcud biznesi yenidən qurur. Belarusiya Yüksək Texnologiyalar Parkının(YTP) mobil tətbiqlərini dünyanın 193 ölkəsində 1 milyarddan çox insan istifadə edir.  World of Tanks, MSQRD and Viber  texnologiyaları burada inkişaf etdirilib.Park-Belorus Silikon vadisi,ölkə isə tam əsasla Şərqi Avropanın ən aparıcı İT ölkəsi  adlandrıla bilər. 2017-ci ildə YTP , tarixdə ilk dəfə olaraq, 1 milyard ABŞ dollarından çox məhsul ixrac edib.Təkcə 2018-ci ildə 40 min işçinin çalışdığı Parkda 270 yeni şirkət-start-up qeydiyyatdan keçib.2020-ci ilin əvvəlində ilk dəfə buraya səfər edən ABŞ dövlət katibi M.Pompeo Parkla tanış olub və  sektora dəstək verəcəyini vəd edib.Ukraynada Sİ-dövlətin iştirakı olmadan sürətlə inkişaf edir.Ölkənin 13 şirkəti dünyanın Top 100 İT şirkəti sırasındadır. Bütün postsovet ölkələri arasında  Ukrayna  40 milyondan çox əhalisi ilə   İT məhsulların  ixracı üzrə  (ölkənin ümumi ixracının 10 faizi) liderdir. [6]Sİ sektorunda 184.000 adam çalışır. Moldova   ABŞ yardımı ilə  Sİ sahəsində ilk addımlarını atır.USAİD burada 500 milyon dollar sərmayə ayırıb. Sİ sektorunda 23.00 adam çalışır. Gürcüstan  beynəlxalq donorların maliyyəsindən  faydalanır.2014-cü ildə Gürcüstan  İnnovasiya və Texnologiya Mərkəzi yaradılıb. Nəzdində 3 texnopark fəaliyyət göstərir.

Orta Asiya respublikalarına gəldikdə,Qazaxıstan  Sİ sənayesi   dövlət yönlü  korporasiya nəzdində yaranıb və  hazırda çox sürətlə inkişaf edir. Qazaxstanda “”Astana Hub” adlı starup mərkəzi əsasında Sİ lə bağlı  milli klaster yaradılmasını planlaşdırılır.2019-cu ildə bu sahədə yeni universitet yaradılıb.Dünya İqtisadi Forumunun Rusiyadakı Mərkəzindən burada da yaradılması qərara alınıb. Nazarbayev Universitetinin nəzdində "Smart Sistemlər və Süni İntellekt İnstitutu " yaradılıb.   Özbəkistan qarşıdakı 10 il müddətinə vergi və valyuta güzəştləri müəəyən edib.  Qırğızıstanda  təhsil sistemini qurmaq ilk vəzifə    hesab edilir. Tacikistanda  İT inkişafı hələlik  kağız üzərindədir.  Türkmənistan hələlik ilk addımı atmağa hazırlaşır.

Regional reytinqlər.  Londonda yerləşən, Deep Knowledge Analytics-DeepTech transsərhəd texnologiylar sahəsində   xüsusi  parametrlər və  alqoritmik metodlardan istifadə edərək    reytinq-hesabatlar hazırlayan   aparıcı mərkəzdir. Əsasən analitika, Süni İntellekt, GovTech, Blockchain, FinTech, Invest-Tech və s. inqilabi istiqamətlərdə  hesabatların hazırlanmasında ixtisaslaşıb. Həmçinin, Böyük Britaniya dövlət qurumlarını, Parlamentini əhatəli analitik hesabatlarla təmin edir.

Deep Knowledge Analytics yeni bir regional analitik hesabat dərc edib. Burada Şərqi Avropa ölkələrində (MDB də daxil olamaqla) Sİ sənayesinin mənzərəsi  əksini tapıb. .  Hesabata daxil olan ölkələr bunlardır: Belarusiya, Gürcüstan, Ermənistan, Qazaxıstan, Baltikyanı ölkələr, Polşa, Rusiya, Rumıniya və Ukrayna.200 səhifəlik    hesabatın məqsədi, Şərqi Avropanın 11 ölkəsindəki Sİ  sənayesinin tarixi, hazırkı vəziyyəti və gələcəyi haqda təsəvvür yaratmağa imkan verən ilk, hərtərəfli və dərin   icmalı təqdim   etməkdir. 2018-ci ildən təqdim edilən hesabatda 11 ölkədə 500 şirkət, 230 investor, 60 Aİ influenser, 30 Hub & Akselerator (Sürətləndirici) və 15 konfrans təhlil edilir.[7]

 

Hesabatda qeyd ediir ki,   son bir neçə ildə AB rəsmiləri tərəfindən Şərqi Avropada Aİ sənayesinin inkişafına böyük maliyyə və dəstək axını müşahidə edilir. Bu dəstəyi fəal şəkildə tətbiq edən ölkələr, yaxın 5 il ərzində bölgədə aparıcı sənayenin inkişafı üçün güclü şans əldə edəcəkdir.

Regionda Rusiya,Ukrayna və Belorusiya və Ukrayna liderlik edir.Polşa, Rumıniya, Estoniya kimi ölkələr,    AB  ilə  ortaq layihələrlə Rusiyaya rəqib olmaq iddiasını nümayiş etdirir.Məs,2017-ci ildə Ukraynanın UniExo startupı Silikon vadisində sərgidə qalib gəlib və beynəlxlaq maliyyə qazanıb.

Şərqi Avropanın hər iki hissəsində    Qərb ölkələri ən böyük investisiya mənbəyidir.Ancaq bu vəziyyət kəskin şəkildə dəyişmə ehtimalı olduqca çoxdur.Belə ki, Çinin başçılıq etdiyi,eyni zamanda, Sinqapur və Hong Kongun əhəmiyyətli töhfələr verdiyi Asiya regionu,   buraya investisiya qoyuluşunun olduqca fəal, “ aqressiv” liderinə çevrilməkdədir.  

Dövlət strategiyalarına gəldikdə,   Şərqi Avropa dövlətlərində Sİ inkişafı yönündə təşəbbüslər 3 formada təsnifləşdirilə bilər:1. Milli hökumətlərin təşəbbüsləri.  2. Dövlətərarası təşəbbüslər.     3. Ölkələrarası təşəbbüslər. Məs.,  2018-ci ilin mayında Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç İsveç kimi ölkələrin rəqəmsal inkişafına cavabdeh olan nazirlər Şimali-Baltikyanı  Bölgə üzrə konsorsium yaradılıb.  Trendlərə gəldikdə, Çin bölgədə yeni   investisiya mənbəyinə çevrilir. 

Hesabatda əhatə olunan süni intellekt  əsaslı  texnoloji sektorlar bunlardır: robototexnika,Maşınla Öyrənmə, ağıllı məlumatlar,təhlil sistemləri, axtarış motorları, dilin işlənməsi və əşyaların interneti, marketinq və reklam, fintech, maliyyə, əyləncə, təhsil və tədqiqat, nəqliyyat və infrastruktur, səhiyyə, təhlükəsizlik, chatbots və AI Köməkçilər Kompüter proqramı və məlumatTexnologiya və xidmət

Dövlət dəstəyinə: qanunların qəbulu, startaplara qrantlar və s. maliyənin verilməsi,habelə digər ölkələrin investorların cəlbi  daxildir.   İnternetin sürəti- süni intellekt sənayesinin inkişafına   böyük töhfə verən informasiya  mənbəyidir. Dünyanın ən sürətli internetinə malik  23 ölkəsi sırasına  Litva,Estoniya və Latviya da   daxildir, Bu 3 ölkədə internetin yüksək sürəti  müvafiq olaraq: "27,417", "27,91" və "28,63" meqabaytdır.   İngilis dili biliyi:  Əksər investorlar ortaq dildə iş görməyi üstün tuturlar. İngilis dili SI dilidir, əksər SI məhsulları  ingilis dilində yaranır və yayılır.Şərqi Avropanın 11 ölkəsinin investorlarının yerləşdiyi ölkələr:

 

Gürcüstan və Qazaxstanda Sİ texnologiyalarının sektoral paylanması:

 

 

 

Beləliklə,dünyanın 40-dan artıq ölkəsi Sİ sahəsində milli strategiyalar yaxud analoji rəhbər sənədlər, milli proqramlar, fəaliyyət planı formatlı sənədlər qəbul edilib.  Qabaqcıl ölkələrlə yanaşı, Şərqi Avropa dövlərləri, hətta Afrikada Keniya və s. ölkələr qlobal Sİ rəqabətinə qoşulmuşlar.Millli dövlətlər bütün  resurlarını bu rəqabətdə səfərbər edib. Yüksək texnologiyalar sahəsində mühüm adımlar atıb.

MDB məkannda Rusiya, Belorusiya, Ukrayna, Ermənistan, Gürcüstan və Qazaxıstan uğurlu başlanğıca malikdir.

Azərbaycan Sİ-lə bağlı milli strategiya qəbul edən və yaxud  reytinqlərdə yer alan ölkələr sırasında yoxdur.

 


[1] Sinonimi kimi “maşın zəkası-computational intelligence” də istifadə edilir.1950-ci ildə riyazi məntiq sahəsində məşhur ingilis alimi Alan Tyuring “Mind” jurnalında "Maşın düşünə bilərmi" adlı məqaləsində "Turing testi" təklif edib. Mənası  belə idi ki, məntiqi baxımdan maşın düşünə bilər.Məs. bir insan və bir kompyuter  həmsöhbətlərinin görmədiyi şəkildə yerləşdirilir. Həmsöhbət insan, yazılı şəkildə suallar verir və yazılı (səssiz və ya ekranda) cavablar alır.Tərəf müqabillərin birinin maşın olduğunu bilmir. A.Tyurinqə görə deməli maşın düşünə bilər,ona  hiss etməyi və yaratmağı öyrədəndə süni intellekt yaranacaq.( Turing, Alan."Computing Machinery and Intelligence",Mind,1950. pp. 433–460.)

[3] CIFAR. BUILDING AN AI WORLD: Report on National and Regional AI Strategies, 2018.

[4] https://tass.ru/ekonomika/4810958?_ga=2.62396588.1898653291.1513721109-1057112052.1510481426/

[5] UAE 2031: UAE Artificial Intelligence Strategy, http://www.uaeai.ae/en/;https://www.mocaf.gov.ae/ en/about/our-leadership/his-excellency-omar-bin-sultan-al-olama  

[7] AI in Eastern Europe.Artıfıcıal Intellıgence Industry Landscape Overvıew.2019.//https://dka.global/ai-in-eastern-europe-report/