Slovenyalı neo-marksist filosof Slavoy Jijekin son aylarda nəşr edilən kiçikhəmcli “Virus” və “Pandemiya: COVİD-19 dünyanı silkələyir” adlı kitablarını nəzəri olaraq koronavirusun “kommunist kabus”u yenidən canlandırması olaraq təsvir etmək mümkündür.
Braziliyanın XİN rəhbəri Ernesto Araujoya görə, Jijek marksistlərin 30 ildir gizlədiyini aşkara çıxarır: kommunizmə doğru hazırlayıcı mərhələ olaraq qlobalizmin sosializmi əvəzləməsi. Jijekə görə, koronavirus pandemiyası millətlərsiz və suveren dövlətlərin olmadığı bir dünya qurmaq üçün geniş imkanlara sahibdir.
Jijekin qeyd edilən kitablarından çıxarışlar üzərindən bəzi fikirlərimi qeyd edəcəm. İlk öncə onu vurğulayım ki, sloven filosof pandemiya qarşısında uğursuzluğa düçar olmuş qlobal bazar və liberal-demokratiyanın tamamilə aradan qalxması, insanı spiritual dimensiyadan məhrum bir avtomata transformasiya etməklə köləliyin daha amansız formasının bərqərar olması ilə bağlı çağırışları özündə ehtiva edir.
“Ümid edirəm ki, daha müxtəlif və faydalı bir virus yayılmağa başlayacaq və biz yalnız onun hamımıza yoluxmasına ümid etməliyik. Bu, bizə alternativ bir cəmiyyəti, milli dövlətin fövqündə, əməkdaşlıq və həmrəylik formasında reallaşacaq bir cəmiyyəti təxəyyül etdirəcək bir virus olacaq. Bir şey aydındır, yeni divarlar və digər karantinlər problemi həll etməyəcək. Qlobal miqyasda yalnız həmrəylik və koordinasiyalı cavab, bir vaxtlar kommunizm adlandırdığımızın yeni forması bizi xilas edə bilər”.
Jijek koronavirusdan “daha müxtəlif və faydalı” ideoloji virusun bütün dünyaya yayılacağına və gözlənilməz bir şəkildə kommunizmin qurulmasına icazə verəcəyinə olan istəyi və inancını gizlətmir. Koronavirusla mübarizədə nəyin – sərhədlərin bağlanmasının və ya karantinin - işləyəcəyi Jijekə qətiyyən maraqlı deyil. Çünki məqsəd xəstəliyi aradan qaldırmaq deyil, bu virusdan cəhənnəmə doğru bir nərdivan kimi istifadə etməkdir. Bu ideoloji virusun əsas dayanağı “həmrəylik və əməkdaşlıq” Corc Orvellin “1984” əsərindəki “universum”da mövcud olan “Sevgi” nazirliyinin nəzarəti altında sistematik basqı rejiminin əksidir... Fundamental azadlıqlarını müdafiə etmək, bir milli dövlətdə yaşamağa davam etmək istəyən hər kəs “həmrəyliyin” diktə etdiyi vəzifələrə qarşı gəlmiş olacaq.
“Qlobal miqyasda belə bir koordinasiyanın ilkin forması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təmsil edilir. Daha böyük nüfuz bu növ digər təşkilatlara veriləcək”.
ÜST-ə verilən dəyər və millətsizləşdirmə “komunavirus”un ön fərziyyələrindən biridir. Sübut edilməmiş səbəblərə görə, milli dövlətlərin sahib olduğu gücü qlobal təşkilatlara transfer etmək bu yolda ilk addımdır. Problemlərlə mübarizədə fərdi olaraq davranan dövlətlərin deyil, mərkəzləşdirilmiş bir beynəlxalq orqanın daha səmərəli və effektiv olduğu inancı planetar kommunist həmrəyliyinin qurulmasında çox əhəmiyyətli hesab edilir. Bundan sonra eyni model ilə bütün güc və səlahiyyət müvafiq beynəlxalq təşkilatlara transfer edilməlidir.
“Bütün bunların hamısı bazar mexanizmlərinə tabe olmayan qlobal iqtisadiyyatın yenidən təşkili üçün aşkar ehtiyacı nümayiş etdirmirmi? Biz burada keçmiş illərin kommunizmindən deyil, iqtisadiyyata nəzarət edə, onu tənzimləyə, habelə zəruri olduqda milli dövlətlərin suverenliyini məhdudlaşdıra bilən yeni bir qlobal orqanizasiyadan bəhs edirik”.
“Təəccüblü deyil ki, ən azı indiyədək rəqəmsallaşmış sosial nəzarət sistemlərindən geniş bir şəkildə istifadə edən Çin katastrofik epidemiya ilə mübarizədə ən yaxşı təchizata sahib olduğunu sübut edib. Biz burdan o nəticəyə gələ bilərik ki Çin gələcəyimizi təmsil edir? Biz qlobal müstəsna hala doğru yaxınlaşmırıq? Əgər Çin modeli mənim ağlımdakı kommunizm deyilsə, onu başa düşmək üçün ÜST-ün bəyanatlarını oxuyun”.
Jijek burada təbii olaraq, Mişel Fukonun 1975-ci ildə işıq üzü görən və XIX əsr həbsxanalarından Qərbin post-modern nəzarət cəmiyyətlərinin barmaqlıqsız həbsxanalarına doğru təkamülü təsvir edən “Müşahidə et və cəzalandır” kitabına istinad edir.
Üstəlik, Jijekin Çin üzərində mövqeyi də birmənalı deyil. O, sosial nəzarətdə “Çin modeli” adlandırdığı fenomenə heyranlıq duysa da, eyni zamanda öz kommunizm konsepsiyasını Çin rejimi ilə identifikasiya etmək istəmir. Çünki kommunizm hər şeydən öncə dövlətin aradan qaldırılmasını tələb edir və Çin kommunizmin aşmaq istədiyi güclü dövlət modelini təmsil edir.
Jijekin düşündüyü dövlətlərsiz, hər bir perspektivdən maksimum güc və nüfuza sahib beynəlxalq təşkilatlardan ibarət dünyabaxışı totallaşdırıcı bir beynəlxalq institut olmadan totalitarian hakimiyyət icrasını özündə əks etdirir. Bu, amansız amma hər yerə sürətlə yayılan ultra-hakimiyyətdir. “Həmrəylik” insan azadlıqlarını boğmaq (libertisidal) məqsədlərinə xidmət edən “nəcib” bir konsept kimi ortaya çıxır.
“Bu, utopik kommunist baxışı deyil, bioloji sağ qalmanın tələblərinin təlqin etdiyi kommunizmdir. O, 1918-ci ildən sonra Sovet İttifaqının qəbul etdiyi addımlara şamil edilən “mühaibə kommunizmi”nin bir növüdür”.
Jijekin söyləmək istədiyi budur: “Narahat olmayın, mənim söylədiyimdə ideoloji heç nə yoxdur. Mən insanları xilas etmək istəyənlərin praqmatizmi ilə çıxış edirəm və indiki halda praqmatizm bir kommunist sistem variantını diktə edir, lakin bu fövqəladə hal kommunizmidir. Bu zaman soruşula bilər: “bu fövqladə hal kommunizmi nə vaxt sona çatacaq?”. Jijek bu suala sinik bir şəkildə gülərək cavab verərdi: “fövqəladə hal kommunizmi əbədiyyən davam edəcək”.
Jijekin arzusu total şəkildə karantinə alınmış bir Vuhandır. “Açıq qapılar ilə, heç bir müştərinin olmadığı, ağ maskalarda bir-birindən təcrid edilmiş fərdlərdən ibarət fantazmal şəhər” əminamanlıq içində bir qeyri-istehlak dünyasının obrazını təmsil edir. Kommunizm hər zaman öz “ali” məqsədini insanlığın “sülh” içərisində mövcudiyyəti və emansipasiyası olaraq təsvir edib. İndi Jijekin təsəvvüründəki cansız və səhralaşmış bir şəhərdə hər kəs “ali hakimiyyət”in nəzarət və müşaiyəti altında öz hücrəsinə həbs edilir. Heç bir siması və bayrağı olmayan bu hakimiyyət tamamilə anonim, əlçatmaz qlobal agentivlikdir. Kommunist sülh və emansipasiyanın mükəmməl konfiqurasiyası məhz belədir.
“Dil insani heyvan üzərində parazitik rol oynayan, ondan reproduksiya üçün istifadə edən və bəzən onu məhv etməklə təhdid edən bir virus növü deyilmi? Əgər “ruhun mediumu dildir” fikri doğrudursa, dilin mexaniki bir şey, öyrənməli və sayğı göstərməli olduğumuz qaydalar məsələsi olduğunu düşünmək adekvat olmazdımı?”
İnsanın spiritual dimensiyasını aradan qaldırmaq və ona total şəkildə tabe etmək üçün düşüncə və ruhun mediumu olaraq dilə nəzarət kommunizmin əlahiddə məqsədlərindən biridir. Əgər ruh dildə yaşayırsa, əgər dil öyrənməli və sayğı duymalı olduğumuz qaydalar məsələsidirsə, bu o deməkdir ki, dil bir sosial davranış kimi karantindədir, “izlə və cəzalandır” mexanizmlərinə tabedir. Bu gün “siyasi doğruluq” (political correctness) daha güclü və nüfuzedici sanitar doğruluğa inteqrasiya edilir. Sanitar doğruluq səni ələ keçirir, qandallayır və təhdid edir. Habelə bu fenomen “azadlıq” anlayışını dilinə gətirən hər kəs üçün destruktiv faktor olaraq nəzərə alınmalıdır. Ruhu qətl etmək üçün dilə total nəzarət koronavirusda aşkar edilən “Jijek kommunizmi”nin gerçək essensiyasıdır.
Kommunizmin aradan qaldırmaq istədiyi həqiqi düşmən kapitalizm deyil, öz komplekslilik və gözəlliyində insan ruhudur. Jijekin ideoloji virusunun yox etmək istədiyi insan ruhudur. Əlbəttə ki, insan ruhuna düşmənçilik neo-liberalizm və istehlakçılıq maniyası ilə bütövləşmiş kapitalizm üçün də keçərlidir. Ona görə də, P.Krebs liberalizm və marksizmin bir-birinə zidd deyil, eyni medalyonun iki tərəfi olduğunu bildirirdi. Georq Vayppert isə qeyd edir ki, kommunizm liberalizmin məhsuludur. Liberal iqtisadiyyat beyinsiz bədən, Marksist iqtisadiyyat isə taxta ayaqlar (plan) üzərində dayanan beyindir. Hər ikisi həyatın qanunları ilə ziddiyyət təşkil edir.
Jijekin riyakarlıq və təkəbbür ilə dolu totalitar proqramını oxuduqdan sonra bir sual yaranır: “Jijek ciddi qəbul edilməlidirmi?”. Zənnimcə bəli, S.Jijek son 30 ilin ən təsirli marksist filosofudur. O, bütün dünyada proqressivist və akademik çevrələr, siyasətçilərin qərarlarına təsir edən media üzərində nəzərəçarpacaq nüfuza sahibdir. Lakin onun “praqmatik” konseptlərinin ideoloji kökləri haqqında çox az insan bilir. Jijeki fərqləndirən faktor sələflərinin sətir altında söylədiklərini açıq bir şəkildə bəyan etməsidir. Bəlkə də, Jijek 30 ildir ki, nəyin hazırlandığını ifşa edir. Berlin Divarı yıxıldığı zaman kommunizm yox olmadı, o özünü yeni instrumentlər ilə təchiz etdi. Qlobalizm kommunizmin yeni yoludur. Koronavirus bu qlobalist proyekti sürətləndirmək üçün kolossal bir mümkünlüyü özündə daşıyır. Belə ki, klimatizm və ya iqlim alarmizmi, gender ideologiyası, “siyasi doğruluq” doqmatizmi, immiqrasiya və multikulturalizm, antimillətçilik və texno-elmi prinsip ilə cəmiyyətlərin “yenidən təşkili” icra edilməyə başlandı. Onlar effektiv alətlər olsa da, cəmiyyətləri imminent ölüm panikası ilə üz-üzə qoyan pandemiya bütün qeyd edilən alətlərin amplifikasiyasını təmsil edir.
Pandemiya bəhanəsi ilə Jijekin "yeni kommunizmi"nin hədəfi millətlərsiz, ruhsuz, azadlıqsız, “izləmək və cəzalandırmaq” səlahiyyətinə sahib qlobal “həmrəyliyin” mərkəzi agentivliyi tərəfindən istiqamətləndirilən bir dünya qurmaqdır. Konstant fövqəladə vəziyyət dünyanı bir konsentrasiya düşərgəsinə çevirir. Buna görə də, insanlıq fiziki sağlamlığı üçün koronavirusla mübarizə aparmaqla yanaşı, ruhunun sağlamlığı üçün bütün destruktiv imkanlardan bəhrələnməyə hazır olan “komunavirus”la da savaşmalıdır.