Yeni dövrə yeni milli ideologiya üzərindən baxışlar

16.05.2024

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində söylədiyi fikirlər yeni dövrün sosial – ideoloji baxışlarını müəyyən etməklə yanaşı, zəruri çağırışları da irəli sürməklə qalmadı, həm də gənclik qarşısında mühüm öhdəliklərin olduğunu ortaya qoydu.

O bildirdi ki, “Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən, həm də ideoloji risklərdən qorumalıyıq. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”.

Çıxışın digər hissəsində ölkə rəhbəri bildirdi ki,  bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük.

Nəhayət, prezident ideologiya ilə bağlı  onu da açıqladı ki, azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri ölkəmizdə çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz – onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk.

Prezidentin çıxışının alt qatındakı birinci arqument onu deməyə əsas verir ki, bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən (Azərbaycanda yaşayan bütün etnik qrupların vahid, mehriban ailə kimi yaşamasından – müəl.) istifadə etsinlər. Deməli, bizim müqəddəs müharibəmizin nəticəsinə görə, ölkənin milli təhlükəsizlik mövqeyi əsasən müdafiə xarakterli olmaqdan həm müdafiə, həm də hücum elementlərini birləşdirməyə keçid mərhələsinə qədəm qoymaq üzrədir.

2ld0yr12k8_010.jpg (237 KB)

İkinci arqumentə görə, ölkə rəhbəri hələ 2015-ci ildə, Bilik Günü münasibətilə etdiyi çıxışda açıqlamışdı ki, “Bilikli, savadlı cəmiyyətdə heç bir xoşagəlməz təsirin əhəmiyyəti olmayacaqdır. Çünki biz görürük ki, bu gün dünyada bəzi hallarda ideoloji müharibələr gedir, əsasən də gənclərlə bağlı xüsusi proqramlar icra edilir. Qloballaşma adı ilə müxtəlif ölkələrdə müəyyən tədbirlər görülür. Nəticə etibarilə bu, ölkələrdə problemlərə gətirib çıxarır. Biz çalışmalıyıq ki, Azərbaycanın dayanıqlı, uğurlu inkişafını əbədi edək. Çünki biz bu gün dünyada inkişafla bağlı öz modelimizi ortaya qoymuşuq” – elmdə buna “İdeoloji riskin erkən xəbərdarlıq mexanizmləri” kimi baxırlar və onda sonra ölkə tarixində baş verənlər ilkin xəbərdarlıqdan sonra əməli işə keçid mərhələsinə qədəm qoyduğunu göstərdi.

Bu günə qədər müxtəlif təhlükəli elementərin cəhdləri və qonşu coğrafiyalarda yaşanan ciddi təhlükəli, qlobal olaylar göstərir ki, prezident mövcud təhlükələr haqda, reallıqlar haqda danışır və biz üçüncü arqument kimi qəbul etməliyik ki, bu o deməkdir: hakimiyyət artıq ideoloji müharibədə tərəf kimi çıxış edir və o, əsas səbəbi aydınlaşdırır və öyrənilmiş dərslərdən nəticə çıxarmaq və daha yaxşı strategiya hazırlamaq üçün tarixi kompasımız rolunu oynamağa hazırlaşır. Eyni zamanda, bu siyasi iradə ictimai dəstək üçün xalqı onun öz təhlükəsizliyi naminə səfəbər edir.

İdeoloji mübarizənin yönəldiyi istiqamətlərə tətbiq xarakterinə görə ümumi və ya xırda-xırda, hissə - hissə, konkret hədəflər kimi baxılmamalıdır. ABŞ  dünyanın ən güclü ordusuna malik olsa da, lokal əməliyyatlara üstünlük verməklə son 20 ildən artıq bir müddətdə özünün qlobal hərbi-siyasi və ideoloji gücünü qoruyub saxlamağa çalışsa da, ideoloji nəticələr qazanmaqda böyük uğursuzluğa düçar oldu.

Deməli, ideoloji savaşın konkret hədəfləri gizli qalmaqla yanaşı ümumi proqrama və strategiyaya söykənməsi daha məqsədəuyğun idi. Prezident öz çıxışında konkret hansı adı çəkdi və ya konkret hansı hədəfi göstərdi? O ümumi vəzifələr, nəzəri baxışlar və bütün konkret aktlara qarşı effektiv reaksiya verəcək proqram çağırışı etdi.

İdeoloji müharibə ardıcıl intensivliyi tələb edir. İdeoloji risklər cəmiyyətin və ya millətin siyasi sabitliyinə, təhlükəsizliyinə və sosial birliyinə müəyyən ideologiyaların yayılması nəticəsində yaranan potensial təhlükələrə aiddir. İdeoloji təhlükəsizlik riskləri ilə bağlı erkən xəbərdarlıq mexanizmlərinin məqsədi xəbərdarlığın mənbəyini tanımaq, xəbərdarlıq əlamətlərini və vəziyyətlərini proqnozlaşdırmaq və xəbərdarlıq vəziyyətlərini aradan qaldırmaqdır.

a6369be4-8349-3b34-9f97-a7eab116.jpg (183 KB)

İdeoloji riskləri həll etmək üçün milli ideoloji təhlükəsizlik vəziyyətini dəqiq dərk etmək və insan haqlarını, sülhü və inklüzivliyi təşviq edərkən bir millətin xüsusi mədəni, tarixi və siyasi kontekstini əks etdirən dəyər-inam sistemini inkişaf etdirmək XÜSUSİLƏ vacibdir.

“Qorxu qəlbləri və düşüncələri dəyişə bilər, lakin bəzi ürəklər və ağıllar cəmiyyətdən həmişəlik kəsilməlidir”. – bu radikal yanaşma müasir ABŞ demokratiyasının müsəlman şərqinə baxışlarının əsasını təşkil edir. Şübhəsiz ki, bizim ölkə üçün də mövcud təhdidlər sırasında radikallaşmış dini cərəyənaların, terrorçuluğa cəhd göstərən elementlərin adı çəkilə bilər. Yəni artıq ortada bəlli, lakin sayı olduqca cüzi hesab edilən, islahedilməz bir kütlə var. Onlar yerli medianın gündəminə zaman-zaman İraqda və Suriyada, yaxud da hansısa digər qonşu ölkələrin dini -hərbi mərkəzlərində göstərdikləri terrorçuluq fəaliyyətinə görə gəlməkdədirlər.

Bu qism şəxslər üçün təəssüf ki, əksər hallarda qanun çox liberal davranır. Deməli, qanunvericilikdə mütləq yeni ideoloji baxışlara dair milli təhlükəsizlik kontekstindən yanaşmaları yeniləmək lazımdır.

İdeoloji münaqişə bir əməliyyatla asan həll olunmur. Deməli, mövcud çağırışda ölkə rəbəri real mənbələri göstərməklə vahid vətəndaş mövqeyini səfərbər etməyə üstünlük verdi. O açıqladı ki,  burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi vəzifəsi dövlətin və hər bir ailənin qarşısında durur. Ona görə də, burda xarici qüvvələrə qarşı effektiv mübarizə aparmaq üçün prezident açıqladı ki, Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək. Ona görə texnoloji inkişafa nail olmasaq, burada geniş, yəni, bir neçə min yox, on minlərlə azərbaycanlı bu işdə olmasa, biz geridə qala bilərik. Ona görə hesab edirəm ki, bütün qurumlar və eyni zamanda, cəmiyyət bunu da vəzifə kimi bilməlidir və görməlidir.

İkincisi isə, O bununla işarə etdi ki, iqtisadi, siyasi və ya sosial amillər elə bir formada həll edilir və gələcəkdə də davam etdiriləcəkdir ki, ideoloji münaqişələrə bu istiqamətdən keçid mümkün olmasın.

Dünyada faşizmə və kommunizmə, yaxud da kapitalizmə qarşı ideoloji mübarizə təcrübələri mövcuddur. Çünki onların əsasən uğurlu olmasında səbəb konkret tərəfin olmasıydı. Lakin hazırkı dünyada və onun tərkib hissəsi olan bizim coğrafiyada eyni qətiyyət və konsensus konkret məzhəb ideologiyalarına qarşı formalaşacaqmı? Bu tipli qeyri-dövlət aktorlarına müharibə elan etmək müasir dövrdə məntiqli növbəti addımdır, lakin “terror” və ya onun yumşaq növü olan psixoloji müharibə, infomasiya savaşı real düşməndən daha çox təsir formasıdır.

Deməli, dövlətin idarəetmə və yönləndirici alətləri təhlükələri aydın şəkildə adlandırmalıdır. Məsələn, prezidentin dediyi “fiziki və ideoloji risklər” təsnifatı ictimailəşdirilməli və hər bir vətəndaş üçün təhlükəyə qarşı mübarizə forması öyrədilməlidir.

Bizim hansı cür millətçiliyə ehtiyacımız var sualına cavabı elə prezident özü də verir: Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. Deməli, bizim hərbi və siyasi qələbələrimizdən sonra mədəni millətçiliyə ehtiyacımız var: mədəni millətçilik ümumiyyətlə milli icmanın mədəniyyətinin nəzərdə tutulan dirçəlişi ilə əlaqəli ideya və təcrübələrə istinad edir. Siyasi millətçilik siyasi muxtariyyət əldə etməyə yönəlibsə, mədəni millətçilik bir millətin yetişdirilməsinə yönəlib. Burada millətin baxışı siyasi təşkilat deyil, mənəvi bir cəmiyyətdir. Adətən hər bir xalq özünün təşəkkülü prosesində mədəni millətçilik yolunu yeni formasiyaların başlanması ilə keçir. Bizdə bu,  Vətən müharibəsinin yaratdığı yeni  mənəvi- psixoloji keyfiyyətlərin üzə çıxması ilə başladı və yeni dövrdə yeni ideologiya üçün artıq IV Respublika adlı ən yeni dövrün konseptual mərhələsi təklif edilməkdədir.

c37687be-f753-3bcb-86bf-ef0c2c89.jpg (132 KB)

Yeni milli kimlik vəzifəsi – Ölkə rəhbərinin bildirdiyi “Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz – onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk” – fikirləri keçilən dövrə verilən vacib qiymət olmaqla yanaşı, artıq “Yeni dövr” başlayır başlığı altında qalib ölkənin yeni milli kimliyinə dair ilkin mesajlar da verdi. Milli identiklik anadangəlmə xüsusiyyət deyil, o, mahiyyətcə sosial olaraq qurulur. Milli kimliyin nədən ibarət olduğuna dair razılaşdırılmış tərif yoxdur. Bu, insanların gündəlik həyatında “ortaq nöqtələr”dən olan elementlərin olması izah edilə bilər: milli rəmzlər, dillər, rənglər, millətin tarixi, qan bağları, mədəniyyəti, musiqisi, mətbəxi, radiosu, televiziyası və s. burda mühüm rol alır. Müxtəlif sosial təsirlər altında insanlar öz milli kimliyinə uyğun gələn inancları, dəyərləri, fərziyyələri və gözləntiləri qəbul edərək milli kimliyi öz şəxsiyyətlərinə daxil edirlər. Öz millətini identifikasiya edən insanlar milli inanc və dəyərləri şəxsən mənalı görür və onları gündəlik təcrübəyə çevirirlər.

Deməli, bizim müasir milli kimlikdə yeni formalaşma və yeni elementlərin daxil edilməsi mərhələsində yaşayırıq. Bu yeni elementlər Qarabağ müharibəsində əldə edilən qalibiyyət məhfumunun gətirdiyi yeni davranış modelləridir. Bu artıq yeni dövrün yeni milli kimliyini daşıyan azərbaycanlının fəxr edəcəyi mühüm komponentə çevrilir.

İdeologiyaların təbliğatçıları insanları müəyyən şəkildə inandırmaq və hərəkətə keçmək üçün görüntü və simvollardan istifadə edirlər. Bəs bizim simvollar nələrdir və ya ideoloji hekayələrimizin əsasında nə dayanır?

Prezident açıqlayır: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq”.

Və xatırlatmaq yerinə düşər ki, ideologiya özü qarışıq və mübahisəli bir anlayışdır, lakin heç bir mübahisə olmadan qeyd olunmalıdır ki, ideologiya inşası zamanı bu torpağın azadlığı uğrunda bizi birləşdirən şəhidlik dəyərlərinə müraciət edilməsi vacib olan ilk birləşdirici dəyər və simvol, hekayə -  bir sözlə, millətləşmə yolunda ideoloji komponentdir.

Ümumiyyətlə, ölkə rəhbərinin andiçmə nitqi milli ideologiya və ya milliyyətçilik baxışları kontekstində beş vacib vəzifənin müəyyən edildiyini ortaya qoymuş oldu:

   vətəndaşların maraqlarının və təcrübələrinin bir çərçivə kimi müəyyən edilməsi və böyük bir qrupun – millətin prioritetləşdirilməsi;

   öz millətimizə, onun davranışına xüsusi dəyərin verilməsi;

   ilk iki əsas konsepsiyaya siyasi-institusional ifadə verilməsi;

   məkan və zamanın sosial kimliyin həlledici təyinediciləri hesab olunması;

   hiss və duyğuların mühüm rol oynadığı aidiyyət anlayışı və təəssübkeşlik;

Prezidentin çıxışında ideologiya "inam sistemi", "dünyagörüşü", "sosial münasibətlər", "dəyərlər", "mədəniyyət", “etnik kimlik” "həyat fəlsəfəsi" və ya "siyasi oriyentasiya" ilə sinonimləşdirilir. O daha sonra bu xətti inkişaf etdirir və fevralın 19-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatlarla çıxış edərkən, yenidən bu mövzuya qayıdır:

52481956ba6b0a7887b6d470bef53153.jpg (95 KB)

“Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Bu gün söhbət əsnasında mən demişdim ki, ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır”.

“Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir” – deyir, ölkə başçısı, bəs nədir bu, milli dəyərlər ki, onun hazırkı durumundan ölkənin birinci şəxsi narahatlıq ifadə edir?

Milli dəyərlər dedikdə,  müəyyən bir xalq üçün əhəmiyyətli və xarakterik hesab edilən inanclar, prinsiplər və mədəni elementlər nəzərdə tutulur. Azərbaycan kontekstində milli dəyərlər adət-ənənələrini, mədəni irsini, incəsənətini, ədəbiyyatını, dilini və Azərbaycan xalqının özünəməxsusluğunun tərkib hissəsi olan digər aspektləri əhatə edir. Bu dəyərlər ölkə irsinin əsas hissəsi kimi qəbul edilir və fəal şəkildə qorunur və təbliğ olunur. Prezident İlham Əliyev bu milli dəyərlərin qorunub saxlanmasının vacibliyini vurğulayaraq, musiqi, xalçaçılıq, incəsənət, ədəbiyyat, ana dili kimi ənənələri kimi Azərbaycanın mədəni sərvətinin mühüm elementlərini həmişə önə çəkib. Bundan əlavə, Azərbaycan folkloru mərdlik, müdriklik, xeyirxahlıq, təbiətə hörmət, milli qürur kimi yerli dəyərlərin yaradıcı ifadəsi kimi qeyd olunur. Ona görə də milli dəyərlər Azərbaycan insanının milli kimliyinin və ictimai təməlin formalaşmasında fundamental rol oynayır.

Azərbaycan xalqının gələcək təhdidlərə qarşı güclü müqaviməti gələcəyin düzgün inşası və keçmişin düzgün dəqiqləşməsindən keçdiyini ölkə rəhbəri açıqlayır və o deyir ki, “biz öz milli dəyərlərimizə sadiq olan xalqıq. Biz öz milli-mənəvi dəyərlərimizi hər şeydən üstün tuturuq. Bu dəyərlər Azərbaycan xalqının formalaşmasında həlledici rol oynamışdır”. Eyni zamanda potensial formalaşan təhdidlər bizim üçün yeni yanaşmaları da gətirir.

Əgər nəzərə alsaq ki, SSRİ-dən əvvəl, SSRİ dövründə və müasir müstəqillik dövründə milli kimliyə dair baxışlar kifayət qədər dəyişib, o zaman biz, yeni tarixi dövrün  - 2020 -ci ildən başlayan qalibiyyət fəlsəfəsini yeni etnogenez axtarışına, daha doğrusu yanaşmasına tətbiq etməliyik. Sonuncu dəfə, Azərbaycan SSRİ-də proqramlaşdırılan və dövlət səviyyəsində təşkil edilən milli kimlik prosesi bu gün üçün çağırışları qarşılamaqda aciz qalır. Ölkə rəhbərinin Türkiyədəki niqində ən vacib məqam yaranan yeni reallıqlara uyğun, qalib ölkənin vətəndaşının yeni milli kimliyinin yaradılması, yeni vizyonunun formalaşmasına çağırışdır. Axı bizim insanın dünyagörüşündə sıx etiqadı, inam sistemi, ətraf ölkələrdə yaşayan on milyonlarla soydaş, yüz milyonlarla din qardaşı mövcuddur. Deməli, yeni etnogenezin təşkilini də əsas vəzifə kimi qəbul etməliyik.

İdeologiya bizim üçün mühüm, amma əslində yeni bir mərhələdir. Bu, Prezident İlham Əliyevin də dediyi kimi Yeni dövrün tələblərinə uyğun insan profilinin davranışlarını müəyyən edəcək ictimai normaları özündə yaşatmalıdır. Deməli, ideoloji təhdidlərin, təxribatların qarşısını daha çox ideoloji tədbirlərlə, vəzifələrlə, qurumların davranışları ilə almaq mümkündür. Bu, yeni dövrün ən böyük vəzifəsi kimi qarşımızda dayan əsas məsələdir.

Əziz Əlibəyli