MİQRASİYANIN YARATDIĞI YENİ KİMLİKLƏR (İDENTİKLİK ): “HİBRİD KİMLİYƏ” MEYİLLƏR, ELMİ ƏSASLARI VƏ AZƏRBAYCANDA TƏZAHÜRÜ

21.05.2020

Miqrasiya bəşər tarixindəki ən vacib sosial dəyişikliklərdən biridir. Tarixən insanlığın, cəmiyyətin inkişafında və sivilizasiyaların bərpasında miqrasiya mühüm rol oynamışdır. Tarixin bütün dövrlərində mövcud olan miqrasiya fenomeni real proses olaraq, i

Tarix boyu insanlar müxtəlif səbəblərdən yaşadıqları yerlərindən köçmək məcburiyyətində qalıblar. Bu miqrasiya proseslərində mühacir olaraq ayrı-ayrı şəxslər köçdükləri yerlərin tarixi irsini, mədəniyyətini, adətlərini, etnik mənsubiyyət olaraq və s. informasiyalarını daşıyıcı olaraq getdikləri cəmiyyətlərdə bunun qarşılıqlı təsiri nəticəsində əhəmiyyətli dəyişikliklərə səbəb olurlar. Tarix boyu mühacirlər cəmiyyətlər yaradıblar və dəyişdiriblər. Bu günkü cəmiyyətlərə nəzər yetirdikdə kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin verdiyi imkanlar sayəsində insanlar əvvəlki və keçmiş zamanla müqayisədə digər insanlarla daha asan bir şəkildə ünsiyyət qura bilirlər. Bu yeni proseslər və inkişaflara uyğun olaraq, fərdlərin mənsubiyyət və kimlik fenomeninə verdikləri mənada dəyişikliklər baş verməyə başlamışdır. İndiki cəmiyyətlərdə fərdlər əvvəllər heç görünməmiş və bütün mövcud kimliklərdən fərqli bir kimlik yarada bilirlər. Bu yeni kimlik növləri “hibrid kimlik” olaraq sosioloji baxımdan araşdırılır.

 

Həmmüəllifi olduğum “Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspektləri” adlı tədqiqatın həyata keçirilməsi mərhələsində aparılan sosioloji sorğu və müşahidələr zamanı respondentlərdə mənsubluq-kimlik faktoru baxımından tərəddüd və boşluqların olması, həmçinin aidiyyətin-kimliyin  rifahla əlaqələndirilərək “harda yaşayıramsa, işləyirimsə, ora aidəm və orada təhlükəsizəm” mövqeləri hibrid kimliyin multikultural cəmiyyət  olaraq Azərbaycanda təzahürünü göstərir. Miqrasiyanın kimliyə təsiri və yaratdığı kimliklər baxımından Azərbaycanda dinamik proseslərin nəticəsi kimi yaranmağa başlayan hibrid kimlik baxımından fərqlilik daha çox əhalinin 1990-cı ildən sonra anadan olan və yeni nəsil olaraq ifadə edilən “Z” nəsli”nin nümayəndələrində əks olunur. “Hibrid kimlik” anlayışı yeni fakt olmaqdan əlavə tarixi dəyişikliklərdən asılı olaraq ictimai strukturda baş verən dəyişikliklər nəticəsində meydana gəlir. Tarixi miqrasiya proseslərinin və yaranan multikultural cəmiyyətin Azərbaycanda da əks olunması onun cəmiyyət müstəvisində son onilliklərin dinamik prosesləri kontekstində də fərqli kimlik anlayışlarının yaranmasına zəmin yaratmışdır. Yuxarıda göstərilənlər əsasında Azərbaycanda “Hibrit kimliyin” təzahürlərinin tədqiqi nəticəsində elmi tədqiqatın ümumiləşdirilmiş qisa məğzi aşağıdaki sistemlə təqdim olunur.

 

Miqrasiyanın kimliyə təsiri və yaratdığı kimliklər

 

Tarix boyu miqrasiya prosesləri  müxtəlif cəmiyyətlərdə əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Köç edənlər miqrasiya prosesləri zamanı getdikləri yerlərə dillərini, mədəniyyətlərini və həyat tərzlərini də özləri ilə aparıblar. Onlar getdikləri yerlərdə multikultural cəmiyyət strukturlarının formalaşmasında ən təsirli amillərdən biri olmuşdur.

           

Dünya üzrə miqrant sayı ildən-ilə durmadan artır. Miqrasiya və qloballaşmadan asılı olaraq, fərdlərin kimlik və mənsubolma  hisslərində dəyişiklik və transformasiya baş vermişdir. Bugünkü cəmiyyətlərə baxdıqda yeni kütləvi informasiya vasitələrinin yaratdığı imkanlar sayəsində insanlar digər insanlarla keçmişdə heç vaxt olmadığı qədər asanlıqla ünsiyyət qura bilirlər. Bu yeni dəyişikliklər kontekstində fərdlərin mənsubiyyət və kimlik faktorlarına yanaşmada dəyişikliklər baş verir. Müasir cəmiyyətlərdə fərdlər əvvəllər görünməmiş və mövcud olan bütün kimliklərindən fərqli kimlik formlaşdıra bilirlər. Bu yeni növ kimliklər sosioloji baxımdan “hibrid kimlik” kimi nəzərdən keçirilir.

 

Fərdlərin miqrasiya, kimlik və mənsubiyyət baxımından yaşadıqları müddətdə daxil olduqları ictimai proses hibrid kimliyin formalaşması prosesidir. Hibrid kimliyin formalaşmasında bir neçə amil mühüm rol oynaya bilər. Bunlardan ən vacib və təsirli amil miqrasiyadır. Kimliklər fərdlər tərəfindən şüurlu şəkildə assimilyasiya nəticəsində formalaşdırılmır, lakin bunun əvəzinə mədəniyyət faktorları yeni hibrid mədəniyyət formalaşdırmaq üçün prosesə daxil edilir.   

 

 

Kembric lüğətində "hibrid" sözünün etimologiyası ilə bağlı qeyd olunur: “Hibrid - iki və ya daha çox müxtəlifliyin birlikdə təşkil etdiyi haldır”. “Hibrid” sözü sosioloji baxımdan araşdırıldıqda isə postmodernizmlə birlikdə yaranmış anlayış kimi başa düşülür. Müasirliyin individuallığının tənqidi kimi görünən bu postmodern yanaşma fərdlərin kimlik və mənsubluq hissləri baxımından da özlərini fərqli ifadə etmələrinə imkan vermişdir. Z.Baumana (2000) görə, modernizm axıcı və/və ya qatı məfhum kimi başa düşülür. Modernizmin özü ilə gətirdiyi millət-dövlət anlayışının nəticəsi kimi individuallıq göstərilmişdir. Lakin müasir postmodern cəmiyyətlərdə heç bir şey qatı deyil, hər şey axıcıdır. Heterogenlik və plüralizm müasir cəmiyyətlərin ən çox nəzərəçarpan xüsusiyyətlərindən biridir. Müasir cəmiyyətlərin bu iki mühüm xüsusiyyəti eyni zamanda “hibrid” anlayışının da ən mühüm müəyyənedici cəhətlərindən biridir.

 

“Hibridləşmə” anlayışının yeni hadisə kimi müzakirə edilməsinə baxmayaraq, əslində gətirdiyi arqumentlər baxımından onun əsasında sosiologiyanın banilərindən Emil Durkheymin sosiologiya anlayışının kökündə duran "cəmiyyətin fərdlərdən deyil, fərdin cəmiyyətdən yarandığı" fikri dayanır. Bu anlayışa əsaslanaraq demək olar ki, fərdlərin kimliklərinin formalaşması prosesində üzvü olduqları cəmiyyətin təsiri son dərəcə mühüm əhəmiyyət kəsb edir. Müasir multikultural cəmiyyətlərdə müxtəlif qruplar öz miqrant tarixçələri və ya uyğunlaşma proseslərindən asılı olaraq öz kimliklərini dəyişdirir və beləliklə, fərdlər öz kimliklərini özləri formalaşdırırlar. Bu baxımdan Bakının müasir multikultural forması formalaşa biləcək kimliklər üçün münbit şərait yaradır.

 

Klassik kimlik formalaşmasında fərdlər ailələrinin və mühitin təsiri ilə keçdikləri ictimailəşmə prosesindən sonra müəyyən dəyərlər qazanırlar, lakin müasir multikultural cəmiyyətlərdə, həmçinin Azərbaycanda bu proses özünü fərqli şəkildə göstərir. Dünya qlobal cəmiyyət kimi təsəvvür edilir və fərdlər ailələrindən fərqli olaraq öz maraqları, hobbiləri, yaş və cins kimi xüsusiyyətlərinə görə kimlik formalaşdırma proseslərini özləri təyin edə bilirlər. Bir-birindən fərqlənən bu proseslərdən asılı olaraq fərdlər özlərinə xas mənsubiyyət hissi yaradırlar. Bu yeni mənsubiyyət hissi din və irq kimi milli cəmiyyətlərin mənsubiyyət hissindən fərqlənir.

 

 

“Hibrid kimlik” anlayışı və mənsubiyyət

Müasir dövrdə hibrid kimliklər daha çox  qloballaşma və yerdəyişmə proseslərinin nəticəsi kimi nəzərdən keçirilir və multikultural cəmiyyət strukturlarının tərkib hissəsi kimi izah edilir. Bu multikultural cəmiyyət  strukturları, ümumiyyətlə, böyük köç dalğaları nəticəsində yaranmışdır. Bu çərçivədə kimlik, mənsubiyyət və miqrasiya arasında “ion rabitəsi” baş vermişdir. Qloballaşma və kommunikasiya sahəsindəki tərəqqidən əvvəl də  fərdlər sosial proseslər nəticəsində öz hibrid kimliklərini yaratmışlar. Bu çərçivədə “hibrid kimlik” anlayışı yeni fakt olmaqdan əlavə tarixi dəyişikliklərdən asılı olaraq ictimai strukturda baş verən dəyişikliklər nəticəsində meydana gəlmişdir.

 

Qeyd edilən proseslərin, yəni tarixi miqrasiya proseslərinin və yaranan multikultural cəmiyyətin Azərbaycanda da əks olunması və Azərbaycanın multikultural dəyərlərə sahib olması onun cəmiyyət müstəvisində son onilliklərin dinamik prosesləri kontekstində də fərqli kimlik anlayışlarının yaranmasına zəmin yaratmışdır. Bu tədqiqatın (“Azərbaycanda miqrasiya prosesi: Daxili miqrasiyanın sosioloji aspektləri”) həyata keçirilməsi mərhələsində aparılan sosioloji sorğu və müşahidələr zamanı respondentlərdə mənsubluq-kimlik faktoru baxımından tərəddüd və boşluqların olması, həmçinin aidiyyətin-kimliyin  rifahla əlaqələndirilərək “harda yaşayıramsa, işləyirimsə, ora aidəm və orada təhlükəsizəm” mövqeləri hibrid kimliyin multikultural cəmiyyət  olaraq Azərbaycanda təzahürünü  göstərir.

 

Müasir cəmiyyətlərdə, həmçinin Azərbaycanda kimlik və kimliklər dinamik tendensiya göstərir. Bu, təkcə dini və ya etnik fərqlər vasitəsilə deyil, həm də insanın fərd kimi özünü digər fərdlərdən (bura fərdin öz ailəsi də daxil ola bilər) fərqli gördüyü hər şey vasitəsilə yeni kimlik yarada bilər. Hibrid kimlik məhz bu dinamik prosesin nəticəsi kimi qarşıya çıxır. Azərbaycan da bu dinamik prosesdə fərqlilik daha çox əhalinin 1990-cı ildən sonra anadan olan və yeni nəsil olaraq ifadə edilən “Z” nəsli”nin nümayəndələrində əks olunur.

 

 

Müasir cəmiyyətlərdə miqrasiya, miqrantlıq və kimliklər arasında yaşanan qavrayış dəyişikliklərinin ən mühüm  səbəblərindən biri qloballaşmadır. Qloballaşma geniş mənada tarixi və dialektik  prosesdir və çoxyönlü bir anlayışdır. Bu prosesdə bir mədəniyyətin digər mədəniyyətləri assimilyasiya etməsi ayrı-ayrı fərdlərin kimlik anlayışlarında da dəyişikliyə səbəb olmuşdur. Bu dəyişiklik prosesi paralel olaraq hibridləşmə prosesinin də başlamasına gətirib çıxarmışdır. Hibridləşmə prosesi assimilyasiya prosesindən fərqli şəkildə şərh olunmalıdır. Çünki hibridləşmə fərdlərə öz azad sahələrini yaratmağa imkan verir. Köç edənlər (miqrant qrupları) tədricən uyğunlaşma və yeni mühitə adaptasiya prosesini başa vururlar, lakin özünütanıma problemi ən mürəkkəb  mərhələlərdən biridir. Kimlik axtarışı fərdləri müxtəlif fakt və konsepsiyalar vasitəsilə formalaşma prosesinə aparır. Bunun təbii nəticəsi kimi fərdlər tədricən öz  maraq dairələrinə, cinslərinə, iş həyatlarına və hobbilərinə görə öz kimliklərini formalaşdırırlar. Bu mənada assimilyasiya prosesindən fərqli olaraq hibridləşmə prosesi fərdlərə özlərinə aid  bənzərsiz kimlik formalaşdırma imkanı verir.

 

 

Fərdlər hibrid kimlik formalaşdırarkən əsas cəmiyyətlə olan əlaqələri səbəbindən zəif olan kimlik hisslərini gücləndirirlər. Köç edənlər (miqrantlar) assimilyasiya prosesinə uğramadıqları üçün malik olduqları, keçmişdən miras qalmış və / və ya köç etdikləri yerdə sonradan hər şeyi hibrid kimlikləri sayəsində heç bir şeyi gözdən qaçırmadan və ya gizlətmək məcburiyyətində qalmadan daşıya bilirlər. Hibridləşmək köç edənlər üçün bu mənada mühüm anlayışa çevrilir.

 

Sosioloji mənada hibrid kimlik

 

İctimai elmlərdə kimliklə bağlı bir çox yanaşma mövcuddur-sosioloji, antropoloji, mədəni, bioloji kimlik anlayışları. Sosioloji nöqteyi-nəzərdən kimlik anlayışı təkcə fərdi olana deyil, eyni zamanda ictimai və ya milli (qloballaşma ilə bağlı diskurslarda  ifadə olunduğu kimi transmilli) olana da aiddir. Lavler (2014) kimliklərin ictimai münasibətlər ilə formalaşdırıldığını ifadə etmişdir. Həmçinin Lavler anlayış olaraq kimliyin fərdi/özəl və  sosial/ictimai olmaqla bir-birindən ayrıldığını qeyd etmişdir. Kimlik müəyyənləşdirmə prosesi iterativ (iterative process) bir prosesdir, yəni fərdlər öz kimliklərini formalaşdırarkən müəyyən müddətdən sonra yenidən kimlik formalaşdırma prosesinə daxil ola bilərlər. Bir sözlə, müasir cəmiyyətlərdə fərdlər hər zaman cəmiyyətin digər üzvləri ilə əlaqə və qarşılıqlı təsir yaradaraq kimlik müəyyənləşdirmə prosesində iştirak edirlər. Yuxarıda qeyd etdiyimiz kimi, müasir cəmiyyətlərin ən nəzərəçarpan cəhətlərindən biri olan multikultural cəmiyyət quruluşları miqrasiya və miqrant faktının nəticəsidir. Postkolonial sosioloqlara görə, ümumi mənada müzakirə edilən, miqrasiya mədəniyyətlərin qarşılıqlı təsiri nəticəsində yeni faktor yaradır, lakin yarandığı mədəniyyətlərdən fərqli olan bu üçüncü yanaşma mədəniyyət və ya cəmiyyət anlayışıdır. Postkolonial olaraq SSRİ dövrünü keçmiş və postsovet ölkələri içində miqrasiya dalğasına məruz qalan ilk dövlət Azərbaycandır. Bu baxımdan Azərbaycan cəmiyyətinin formalaşmasına və yaranan fərqliliklərin tədricən aidiyyət-kimlik faktoruna təsir etməsi ilə yaranan bu günün mənzərəsi qaçınılmaz haldır. Postkolonial cəmiyyətlərin multikultural quruluşu “hibrid” anlayışının icimai elmlərdə istifadə sahəsini genişləndirmişdir.

 

Multikultural cəmiyyətlər hibrid kimliklərin formalaşdırılması və mövcudluğunu qoruyub saxlaması baxımından vacibdir. Marşall MkLuhanın “qlobal kənd” (global village) metaforasından çıxış edərək  dünyanın bütün mədəniyyətlərinin digər  müxtəlif mədəniyyətlər ilə qarşılıqlı əlaqə qurmaq imkanına malik olduğunu deyilə bilərik. Bu şəkildə təkcə məkan baxımından deyil, eyni zamanda təsəvvür məhsulu kimi də multikultural cəmiyyətlər formalaşdırılır.

 

Miqrasiya və miqrant anlayışlarındakı dəyişikliklərdən ayrılıqda düşünə bilmədiyimiz “hibrid kimlik” anlayışı Smitə (2008) görə, lokal və qlobal arasında refleksiv əlaqə şəklində formalaşdırılır. Hibrid kimliyin formalaşdırılması prosesi "fərdləşmə və universallaşmanın bir-biri ilə və eyni zamanda universallığın hissəcikləşməsini əhatə edən ikitərəfli proses" hesab olunur.

 

Smit (2008) hibrid nəzəriyyənin sosioloji analizində hibrid kimliyin növləri və onların arasındakı məsafəni sosioloji ədəbiyyat daxilində nəzəri və təcrübi baxımdan təhlil etdiyini qeyd etmişdir. O, hibrid kimliklərin bir çox formada və bir-birindən məsafəli şəkildə təhlil edildiyini irəli sürmüşdür. Bu formalar aşağıdakılardır: sərhədlər, cins fərqi, yeni kimliklər, diaspor və daxili koloniya  hibridizmi (cəmiyyətin/dövlətin sərhədləri daxilində formalaşan). Bundan əlavə, müasir sosioloji  tədqiqatlarda hibrid əsasən mədəni fenomenləri və kimlikləri xarakterizə etmək üçün istifadə olunur. O, müxtəlif həyat tərzlərini, davranışları, qaydaları multikimliklərin nəticəsi kimi görür. Şlesinger kimlik formalaşması prosesi ilə əlaqədar aşağıdakı düsturu təklif etmişdir: "Kimlik daxil etmənin olduğu qədər, xaric etmənin də məhsuludur. Buna görə də etnik qrupu digər qruplar baxımından xarakterizə edən cəhət araya qoyulan ictimai sərhəddir, bu sərhədlər daxilindəki mədəni reallıq deyil". Bu düsturdan çıxış edərək hibrid kimliyin yaddaş proseslərindən asılı olduğu və istənilən qrupun üzvlərinin özlərini müştərək keçmişlərinin xatirələrinə baxaraq xarakterizə edə biləcəklərini qeyd edə bilərik.  Beləliklə, sosial qrupların davamlı formalaşma prosesində olduqları, öz sərhədlərini davamlı olaraq müəyyənləşdirdikləri fikrinə əsaslanan dinamik kimlik ideyası inkişaf etdirilə bilər. Bu dinamik kimlik anlayışı daxilində fərdlər proses daxilində müxtəlif kimliklər formalaşdıra və ya mövcud olan  kimliklərini dəyişdirə bilərlər. “Hibrid” anlayışı və insanların multikimliklərə malik olduğu fikri həmin fikirlərin təhlil edildiyi mühüm mübahisələri aktuallaşdırmaqdadır.

 

Hibrid kimliyin yaranmasının iki praktiki səbəbi var: (a) fərdlər mövcud kimliklərindən uzaqlaşmaq məcburiyyətində qalmadan mənsubiyyət hisslərini inkişaf etdirə biliblər, (b) formalaşmış yeni hibrid kimliklər vasitəsilə əsas cəmiyyətin bir hissəsi olublar. Konseptual olaraq, fərdlərin hibrid kimlik formalaşdırma prosesi heç vaxt başa çatmır. Bəzi fərdlər üçün kimlik formalaşması prosesi birdəfəlik hadisə kimi baş verir, halbuki bəzi fərdlər hibrid kimliklərini həyatda olduqları müddətdə davam etdirirlər. Müasir dövrdə fərdlər əvvəlkindən daha çox hərəkətlidirlər. Bu hərəkətlilik proseslərindən asılı olaraq, qarşılıqlı əlaqədə olduqları fərdlərin etnik, dini, cins, peşə, inanc və həyata baxışları fərqlənir, fərdlər getdikləri yerlərdə yeni insanlarla tanış ola bilir və fərddə mövcud olandan başqa etnik, dini və cinsi mənsubiyyətlərdən asılı olmayaraq fərqli kimlik formalaşdıra bilirlər ki, bu yaşadıqları əsas cəmiyyətə mənsubiyyət hissini inkişaf etdirir. Bu hibrid kimliklər əsas cəmiyyətə mənsubiyyət hissinin inkişafında əsas rol oynayırlar. Məsələn, fərd özünü  azərbaycanlı  kimi deyil, gördüyü işlə xarakterizə edərək Azərbaycan cəmiyyətinə mənsubiyyət hissi yarada bilər. Həmkarları ilə olan münasibəti və formalaşdırdığı iş kimliyi fərdin hibrid kimliyidir. Bu kimliklə fərd hər kəsi əhatə edən əsas, böyük cəmiyyətə mənsubiyyət hissi yaratmışdır.

 

Hibrid kimlik və miqrasiya anlayışları arasındakı əlaqədən bəhs etdikdə, belə nəticəyə gəlmək olar: miqrasiyadan əvvəl insanların müəyyən kimlikləri olmuşdur, lakin yeni mühitdən aldıqları şifrələr/mesajlarla insanlar kimliklərini, kim olduqlarını, hara aid olduqlarını sorğulamağa başlayırlar. Bu sorğulama və yeni cəmiyyətdəki digər fərdlərlə yaratdıqları qarşılıqlı sosial əlaqə prosesləri nəticəsində fərd özünü yenidən müəyyənləşdirmə prosesinə daxil olur və bu prosesin sonunda fərd sosial prosesin xarakterinə görə digər yeni kimliklərindən tamamilə fərqli və mümkün olduqda onları da əhatə edən hibrid kimlik yaradır. Yeni hibrid formalar  hərəkətlilik, miqrasiya və multikulturalizm nəticəsində yaranan dərin dəyişikliklərin vacib göstəriciləridir. Fərd maraq dairəsinə görə ictimai proses daxilində olarsa, hibrid kimliyini buna uyğun yaradır. Məsələn, fərd futbola maraq göstərirsə və ictimai prosesdəki kimliyini bu maraq dairəsinə görə formalaşdırıbsa, müəyyən müddətdən sonra özünü etnik və ya dini inancına görə deyil, yalnız dəstəklədiyi futbol komandasına görə ifadə edə bilər.


 

 

İstifadə edilən mənbələr:

 

  1. Lawler S.  Identity: Sociological Perspectives. Cambridge: Polity Press, 2008
  2. Modood T. Multiculturalism: A Civic Idea. Cambridge: Polity Press, 2007.
  3. Smith K.  Hybrid Identities: Theoretical Examinations IN: Iyall Smith, K. and Leavy, P. (eds), 2008
  4. Tsouroufli M.  Hybridity, Identities and Inclusion of International PhD Students in England. Interdisciplinary Perspectives in Equality and Diversity, 2015, 1, 5-49.
  5.  UNESCO  “Migration, displacement and education: BUILDING BRIDGES, NOT WALL” (2019)
  6. Martin D.  The choices of identity. Social Identities, 1995
  7. Kaplan D. E.Chacko,  Placing immigrant identities. Journal of Cultural Geography, .129-138. DOI: 10.1080/08873631.2015.1004852
  8. Chambers İ. Immigation, Culture, Identitiy.  London: Routledge, 1994
  9.  Cieslik A, M.Verkuyten, 2006. National, Ethnic and Religious Identities: Hybridity and the Case of the Polish Tatars. National Identities 2006.8 (2). 77–93. doi:10.1080/ 14608940600703650.
  10.  Clothier İ., Created Identities: Hybrid Cultures and the Internet. Convergence: The International Journal of Research into New Media Technologies, 2005.

Elnarə Qəribova

Hüquq  təhsilini Bakı Dövlət Universitetində, doktorantura təhsilini isə Ankara Universitetinin Avropa İttifaqı və beynəlxalq iqtisadi münasibətlər fakültəsində Avropa İttifaqı hüququ ixtisası üzrə almışdır. Tədqiqat istiqamətləri: Avropa İttifaqı hüququ və münasibətləri,  konstitusional hüquq və vətəndaşlıq, insan hüquqları, miqrasiya prosesi, avropalılaşma, Avropa kimliyi və s.