Sosial tədqiqatlar və şübhələr

21.05.2020

Yer kürəsində baş verən bütün iqtisadi və siyasi proseslər daha əvvəldən proqnozlaşdırmanın gücünü ortaya çıxarır. Sevdiyim filosoflardan Bertran Rassel skeptikanı yalnız fəlsəfə ilə məhdudlaşdırmırdı. Onun gəldiyi qənaətlər sonrakı dövrlər üçün də müəyyə

Skeptisizm fəlsəfədə təşəkkül tapsa da sonradan bütün sosial elmlərə interqsiya etdi. Bu gün belə anti-skeptisizm mövqeyində çıxış edənlər mövcuddur. Anti- skeptik elm adamları düşünürlər ki, dünyada mütləq elmi dəlillər mövcuddur və ona şübhə etmək bizim elmi potensialımızı sarsıda bilir. Əslində bu yanaşmananın özünün də müəyyən doğru və yanlış tərəfləri mövcuddur. Antik-skeptiklərin mövqeyini belə sadə misallarla izah edək və qruplaşdıraq: 1) Mütləqə inam fəlsəfədə və elmdə dəqiq nəticələr yarada bilir. Yəni, “2+2=4” əməli dəqiq elmin qızıl düsturudur. Buna şübhə etmək bizə heç bir yeni bilgi və ya təcrübə bazası təqdim etmir. Baxmayaraq ki, riyaziyyatda ehtimal nəzəriyyəsini müdafiə edənlər özləri sonralar bu prinsiplərin özü ilə bağlı mübahisələrə səbəb olacaq tezislər və iddialar səsləndirirdilər. 2) Şübhə elmin təcrübə bazasını zəiflədir. Anti-skeptika elmi tədqiqatlarda çoxlu fikir ayrılığına səbəb olur. Burada isə, kobud dildə desək, Dekart determinizmi pozulur. Yəni, səbəbdə yetginlik olmur, nəticə hasil olmur. 3) Şübhə etmək bilginin sərhədlərini genişləndirir. Pifaqorçulardan fərqli olaraq Haydeggerçilər inanırlar ki, insan təfəkkürü özü çərçivəlidir. Araşdırmalarda hədsiz yeniliklər tələb etmək, bazanı geniş varinat seçimləriylə bəzəmək nəticədə vahid fikir hasil etməyə mane olur. Məsələn, Sartra görə fərdin azadlığı onun elmi potensialı üçün də əsas idisə, postmodernist filosoflar və Derrida mövqeyi bizə sübut edir ki, hətta fərdi və kollektiv tədqiqatlarda belə sərhədlər yoxdur.

 

 

Fəlsəfənin, elmin və sosial tədqiqatların şübhəçi araşdırmaçıları anti-skeptiklərə qarşı geniş fəaliyyət meydanları ilə fərqlənir. Elmdə şübhə yeniliyi daha tez gətirir. Fəlsəfədə şübhə yeni fəlsəfi fikirlərin ortaya çıxmasını sürətləndirir. Dünyagörüşün zənginləşməsinin açarı skeptisizm hesab edilə bilər. Sosial tədqiqatlar bizdən şübhə etməyi tələb edir. Lakin Emil Dürkheym burda da incə məqamı xüsusi ayırırdı; sosiologiyada sekptika rəqəmlərə, sorğuların nəticələrinə deyil, metodikaya olan şübhədir. Skeptisizm və elmi-texniki tərəqqi sosial tədqiqatlarda yeni metodoloji prinsiplərin ortaya çıxmağı ilə nəticələndi. Skeptisizm sosial tədqiqatlar üçün bu şəkildə səciyyələndirilə bilər: 1) Şübhə tədqiqatçının erkən qənaətə gəlmək prinsiplərini sarsıdır. Yeni yanaşmalar və fərqli metodoloji prinsiplər skeptisizm sayəsində ortaya çıxır. 2) Skeptisim rəqəmlərlə işləmək üçün daha geniş meyarlar müəyyənləşdirir. Yəni, 1500 nəfər arasında aparılan sorğular xəta əmsalı ilə birlikdə nə qədər səhih olsa da, skeptiklər iki-üç pilləli sorğular həyata keçirirlər. Bu nə qədər vaxt aparan və yorucu proses olsa da yetgin qənaətə gəlmək və doğru analizlər, hesabatlar hazırlamaq üçün mükəmməl vasitə hesab edilə bilər. Məşhur filosof və sosioloq Paderson deyir ki, təcili sorğular aktuallıq üçün nə qədər önəm kəsb edirsə, şübhə duyulan və yenidən işlənən sorğular daha dəqiq qənaətlər hasil edir. 3) Şübhəçilik sosiologiya və sosial iş sahəsindəki tədqiqatçılarda elmi vəhdət və həmrəylik prinsiplərini gücləndirir. Unutmayaq ki, elmin vəhdəti həm də elmin həmrəyliyidir. Sorokinə görə ətraf aləm özü böyük bir “göy qurşağı”dır. Dolayısıyla və bilavasitə ətrafda olan hər şeydə bu böyük “həcmli” rəng kollapsının elementləridir. Bu baxıman şübhə fərqliliklərin qarşıdurması deyil, fərqliliklərin inteqrasiyasıdır. İnteqrasiya isə qlobalist təfəkkür daşıyıcılarının təqdim etdiyi “hər şey birlikdə” anlayışı deyil, “tək uğurlar ümumi dartışmalardan törəyir” ideologiyasıdır.

 

Şübhəçilik mənim üçün Maks Veberin adında daha çox ehtiva olunur.

 

Maks Veber dərk edirdi ki, alimlər və elmi ictimaiyyət tərəfindən öyrənilən relevant problemləri son nəticədə qarşıya çıxaran dəyər anlayışları dəyişə bilər. Elə buna görə də, sosial elmlərdəki dəyişikliklər verilmiş dövrün özünüdərkində və onun dəyər anlayışlarına baxışlarında dərin dəyişikliklərin nəticəsi ola bilər. Veber belə dəyişiklikləri demək olar ki, o sözlərlə təsvir edir ki, onları biz sonradan Kun tərəfindən elmi inqilablara verilən xarakteristikada tapırıq. “Dəyər anlayışları” Kunun kifayət qədər geniş “paradiqma” anlayışına oxşayır. Lakin Kundan fərqli olaraq, Veber sosial elmlərdən kənarda baş verən mədəni dəyişiklikləri daha çox vurğulayır, onlar bu elmlərin daxilində problemlərin seçiminə təsir göstərirlər. Elə buna görə də, onun üçün başlıca olan dövrün və ya tədqiqatçının dəyər anlayışlarındakı dəyişikliklərdir.

 

 

Dilteyin və alman intellektual ənənələrinin ardınca gedərək, Veber təsdiq edir ki, sosial elmlər “başa düşmə metodundan” (Verstehen) istifadə etməlidirlər. Təsadüfi deyildir ki, onun başlıca sosioloji əsəri olan “Təsərrüfat və cəmiyyət” (Wirtschaft und Gesellschaft, 1921) başa düşən sosiologiyanın oçerki (Grundrir einer verstehenden Soziologie) altbaşlığına malikdir. Sosiologiya yalnız sosial əməllərin tabe olduqları ümumi qaydaların tapılması ilə məhdudlaşdırılmamalıdır. O, həmçinin, fəaliyyət göstərən şəxsin subyektiv niyyətlərini və motivlərini anlamağa səy etməlidir. Növbəti mərhələdə belə subyektiv niyyətlər və məqsədlər sosial əməllərin səbəbləri olaraq nəzərdən keçirilə bilər və sosioloji səbəbiyyət izahı üçün əsas ola bilər. Bu, sosiologiyaya Veberin verdiyi tərifə uyğun gəlir.

 

“Sosiologiya (bu son dərəcə çoxmənalı sözün burada nəzərdə tutulan mənasında) – sosial əməli şərh edərək anlamağa və bununla da onun prosesini və təsirini kauzal olaraq izah etməyə çalışan elmdir”.

 

Bu tərifin iki aspektinə diqqət yetirək: Onun çıxış nöqtəsi “metodoloji individualizm” adlandırılandır və o da, öz ardınca sosiologiyada kollektiv anlayışlara Veberin skeptik münasibətini gətirir. Əgər zamanın ruhu və xalqın xarakteri kimi anlayışlar sosial əməl səviyyəsinə qədər izlənilə bilmirsə, onda onlar bacardıqlarındandaha çox şeyə iddia edirlər (“uda bildiklərinə nisbətən daha çox dişləyirlər”). Lakin əgər sosiologiya yalnız fəaliyyətdə olan agentə xas olan anlamla məhdudlaşırsa, onda o, “həddindən artıq az dişləyəcəkdir”. Veberin tərifi həmçinin, əməl və hadisə arasında qeyriaşkar fərqi də özünə ehtiva edir. Sosiologiya motivli əməllərlə, təbiətşünaslıq isə motivsiz hadisələrlə (məsələn, planetar hərəkətlərlə) məşğul olur. İnsani əməllərin mənalandırılmış xarakteri təbiətdə analoqa malik deyildir. Amma bu, sosiologiyada proqnoz imkanını istisna etmir. Əməl spesifik xassəyə malikdir, bu xassə onu təbii prosesə nisbətən qabaqcadan görülən (calculable) edir, yəni o, anlaşıqlı motivə malikdir. Deməli, əməl hadisəyə nisbətən daha az “irrasionaldır”.

 

Beləliklə, Veber vurğulayır ki, “başa düşmə” (Verstehen) “izahı” (Erklare) istisna etmir. Hermenevtik metod, başa düşmə səbəbiyyət izahı metoduna əlavədir. Başqa adamların “üfüqünə” yalnız intuitiv empatik nüfuz etmə kifayət deyildir. Motivin və məqsədin başa düşən şərhi səbəbiyyət izahı ilə tamamlanmalı və nəzarət altında saxlanılmalıdır. İnsani əməllər prosesini (məsələn, intiharların tezliyini) təsvir edən statistik müddəalar Veberə görə, yalnız əməllərin mənası aydınlaşdığı zaman kifayət qədər izah əldə edə bilər. Deməli, sosial elm agentin və onun niyyətlərin subyektiv üfüqünün aydınlaşdırılması yolu ilə inkişaf etməlidir. Biz demişdik ki, tədqiqat mövzuları dəyər anlayışının köməyi ilə yaradılır və elm dəyər baxımından azad olmalıdır. Veber burada heç bir ziddiyyət görmür. Bəli, məhz dəyərlər vasitəsi ilə nəsə tədqiqatın relevant mövzusuna çevrilir. Amma bizim alim olaraq, bu mövzu haqqında təsdiq etdiklərimiz dəyər mühakimələrin yardımı olmadan söylənilməlidir426. Burada “ideal tiplər” mərkəzi rol oynayır. “İdeal tiplər” bazis elmi anlayışlar kimi şərh oluna bilər. Onlar məcmu halında reallığın müəyyən mənada “modelini” təşkil edirlər. (Mənbə:http://elibrary.bsu.az/books_460/N_176.pdf)

 

Şübhə sonrakı dövrlərin fəlsəfi fikir tarixində də böyük inqilablara səbəb oldu. Dil fəlsəfəsinin ən sevdiyim nümayəndələrində Vitgenşeteyn “şübhə” anlayışının semantik deyil, fəlsəfi qatlarını tədqiq etmişdir. “Şübhə” – var olanın izah olunmaması yox, varın izahının genişləndirilməsidir.

 

Yusif Rüstəmov qeyd edir ki, Dekarta görə, yalnız o şeyi həqiqət kimi qəbul etmək olar ki, o tamamilə şübhəsiz və aydın dərk edilir. Bu fikir Dekart rasionalizminin əsas prinsipidir. O skeptisizmə (şübhəçiliyə) qarşı geniş mübarizə aparırdı. Hər şeyə şübhələnmək olar, yalnız bu şübhənin mövcudluğundan başqa. Dekarta görə şübhə edən həmişə, hətta yuxuda da fikirləşir; əgər fikirləşirsə, deməli mövcuddur. Buradan da onun məşhur sözləri yaranıb: «Mən düşünürəm, deməli, mən mövcudam» («Cogito ergo sum»).

 

Dekart deyirdi ki, insanlar bilmirlər ki, Allah dünyanı nə məqsədlə yaradıb, onlar Allahın məramını heç vaxt bilməzlər.

 

Buradan filosof qəti nəticə çıxarır: «Biz son məqsəd axtarmağı öz fəlsəfəmizdən tamamilə çıxanb atmalıyıq».Dekart həqiqət haqqında danışarkən deyirdi ki, «...biz həqiqətin təbiətini dərk etməyə kömək edəcək heç bir məntiqi tərif verə bilmərik».

 

Dekart dediyinə görə, ağıl səhv etmir. Bəs onda yanılmağın səbəbi nədir? O, yazırdı: «Ağıl nəyi başa düşürsə, onu düzgün anlayır və ola bilməz ki, o səhv etsin. Onda mənim yanılmağım haradan yaranır? Yəqin yalnız ona görə ki, ağıldan daha geniş olan iradə (volya) öz sərhədlərində çox qala bilmirvə mənim əlim çatmayan şeylərə də çatır.

 

 

Beləliklə, biz şübhəyə müxtəlif sosioloji və fəlsəfi vaxışların fonunda belə bir qənaətə gələ bilərik: “mən şübhə edirəm” ideal bir aksioma deyil, heç dəqiq nəticəyə gəlməyə səbəb olan vasitə də hesab edilə bilməz. Eyni formada şübhə həm də bəzi sferalarda insan idrakını qüvvətləndirir.

 

Şübhə tərifi hər skeptik sual üçün etibarlıdır, ancaq epistemologiyada ətraflı məlumat verildikdə, sualın mərkəzi bilik və ya əsaslandırılmış həqiqi inamdır.

 

Skeptizm iddiaları, rasional əsaslandırılmış inancın əldə edilə bilməyəcəyini iddia edir (Keeton, 1962: 278). Lannone görə, geniş mənada skeptisizm inancdır və ya müəyyən növ təkliflər üçün məlumat və ya əsaslandırmanın olmadığını müdafiə edir, belə bir məlumatın və əsaslandırmanın olduğunu qəbul etməkdən imtina edən bir doktrinadır. (Lannone,2001: 496)

 

İnanmaq və ya şübhə etmək şəxsiyyətin düşüncə azadlığının əsas göstəricilərindən biridir.

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır