Fransa prezidentinin reytinqi aşağı düşüb

23.01.2023

Fransa prezidenti Emmanuel Makron və baş nazir Elizabet Bornun populyarlığı bu ay, xüsusən də pensiya islahatları layihəsi fonunda azalıb.

“IFOP”un (Fransa İctimai Rəy İnstitutunun) keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 65%-i Fransa dövlət başçısının yanvar ayındakı fəaliyyətindən narazı olduqlarını bildirib ki, bu da əvvəlki ayla müqayisədə 3% bəndi çoxdur.
Sorğu yanvarın 12-dən 19-dək 18 yaşdan yuxarı 1963 Fransa sakini arasında aparılıb.

Sorğuda iştirak edənlərin  yalnız 34%-i Makronun fəaliyyətindən razı qaldıqlarını qeyd edib. Ötən ay isə bu göstərici 36% olub. Bu, Makronun 2020-ci ilin fevralından bəri ən aşağı populyarlıq səviyyəsini göstərir.
Baş nazir Elizabet Bornun populyarlıq səviyyəsi isə 2022-ci ilin mayından – baş nazir postunu tutandan bəri ən aşağı reytinq səviyyəsidir. Respondentlərin 64%-i yanvar ayında onun fəaliyyətindən narazıdır. Bu göstərici 2022-ci ilin dekabr ayında 59% olub.  Ölkə əhalisinin 32% onun fəaliyyətini müsbət qiymətləndirir.

Bu ayın əvvəlində Born hökumətin bu il qəbul etməyi planlaşdırdığı mübahisəli pensiya islahatı layihəsinin hazırlandığını elan edib. Layihə 2023-cü il sentyabrın 1-dən pensiya yaşının ildə üç ay artırılmasını nəzərdə tutduğuna görə ümummilli narazılığa səbəb olub. Proses 2030-cu ilə - pensiya yaşı 64-ə çatana qədər davam edəcək.
Yanvarın 19-dan bəri həmkarlar ittifaqları pensiya islahatına etiraz etmək üçün Lion, Tuluza, Marsel, Lill, Nant və Paris kimi böyük şəhərlərdə kütləvi tətillər keçirməyə başlayıb. Mitinqlərdə bütün Fransa üzrə 2 milyona qədər insanın iştirak etdiyi bildirilir. Yanvarın 21-də isə Parisdə təxminən 150 min insan pensiya islahatları əleyhinə nümayişlərdə iştirak edib.

Makron pandemiyanın başlanmasından əvvəl bir sıra islahatlar planlaşdırmışdı, lakin onların indi həyata keçirilməsi son 30 ildə görünməmiş miqyaslı tətillərə səbəb olur.
Fransa prezidenti dövlət xərclərinin böyük hissəsinin ordunu gücləndirmək üçün ayrılması təklifini açıqlayıb. 2024-2030-cu illərdə orduya 413 milyard avro ayrılması nəzərə tutulur.

Hərbi gücləndirmənin məqsədi "silahlı qüvvələrin ehtiyaclarına cavab vermək"dir. Bu, Makronun fikrincə, Fransa ordusunun perspektiv problemlərin öhdəsindən gəlməsi üçün tələb olunan dəyişikliyə yol açacaq.
Eyni şəkildə kiberhücumlardan qorunmaq məqsədiylə hərbi kəşfiyyat xərcləri də eyni dövr üçün 60% artırılacaq. Hava hücumundan müdafiəyə gəlincə, təxminən 50% artım təklif olunur.

Fransa hərbi xərcləri artırmaqla “tərəfdaşın, yəni NATO-nun gözləntilərini qarşılayacaq”.

Şəfanə İbrahimova – Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi