Xankəndi ermənilərinin sayı məqsədli formada şişirdilir - ŞƏRH

23.12.2022

Azərbaycanın beynəlxalq miqyasda aparıcı aktora çevrilməyindən narahat olan qüvvələr, imperialist dairələr separatçıların ümidinə qalıblar. Biz dəfələrlə müşahidə etmişik ki, Xankəndi və ətraf rayonlarda yaşayan ermənilərin sayı ilə bağlı həqiqətdən uzaq fikirlər səsləndirilir. Məqsədli şəkildə separatçıların, terrorçuların səsləndirdiyi “rəqəmlərdən” bəhs edilir. Halbuki, reallıq tamamilə fərqlidir. Xankəndi şəhərində tarix boyu 100 mindən çox insan yaşamayıb. Eyni zamanda, bu gün yalnız erməni əhalisindən bəhs etmək də millətimizə qarşı ədalətsizliyin növbəti təzahürüdür. Bundan əlavə, Xankəndi ermənilərinin taleyi Azərbaycan dövlətinə bağlıdır. Onların istənilən məsələsini də ancaq Azərbaycan həll edə bilər. Bu günə qədər erməni diasporunun çirkli pulları ilə siyasi dəllallıq edən qüvvələr Xankəndinin azərbaycanlı sakinlərini yada salmır. Xankəndidən didərgin düşmüş minlərlə azərbaycanlının dədə-baba yurdlarına qayıdışını əngəlləyən separatçılığa göz yumurlar. Nə qlobal siyasi institutlar, nə də onların ədalətsiz rəhbərləri Xankəndi sakini olan azərbaycanlıların pozulan hüquqlarından bir kəlmə də danışmır. Bu səbəbdən Xankəndidə yaşayan ermənilərin sayının süni şəkildə şişirdilməsi və olandan artıq göstərilməsi ölkəmizin siyasi qüdrətinə qarşı olan qısqanclığı da özündə ehtiva edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

Politoloqun fikirlərinə görə, Xankəndidən olan soydaşlarımız öz yurdlarına qayıdacaqlarına əmindirlər. Onlar inanırlar ki, canlarını Vətən uğrunda qurban vermiş Şirin Mirzəyevin, Nizami Məmmədovun, Natiq Şahmuradovun, Orduxan Səfərovun və onlarla qəhrəman xankəndlilərin əmanət qoyduqları torpaqda separatçılıq ünsürlərinin kökü tamamilə kəsiləcək. Bu inamı onlarda yaradan ölkəmizin qüdrətlənməsi, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətidir.

“Xankəndidə yaşayan, Azərbaycan vətəndaşı sayılan ermənilər hazırda separatçıların girovluğundadır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiya prosesini əngəlləmək üçün Ruben Vardanyan adlı mafiozdan istifadə edilir. Nəticədə də Arayik Arutyunyan və R. Vardanyan Xankəndidə insanları qorxu və xof altında saxlayırlar. Hər kəsə bəllidir ki, birdən-birə ortaya atılan Ruben Vardanyan və digərləri Xankəndi sakinlərinin əsla rəğbətini qazana bilməz. Ona görə də Vardanyanın saxta mitinq çağırışlarına heç kim əməl etmir. Daha əvvəl də Vardanyan və ətrafı Ermənistanın ayrı-ayrı şəhərlərindən insanları avtobusa doldurub qanunsuz formada Xankəndiyə gətirmiş və onları mitinq iştirakçısı kimi təqdim etmişdi”,- deyə T.İsmayılov vurğulayıb.

O əlavə edib ki, yüzlərlə azərbaycanlı ekofəalın Laçın yolundakı aksiyası günlərdir davam edir. Azərbaycan ekologiyasının məhv edilməsinə və yataqlarımızın istismarına qarşı çıxan vətəndaşlarımız əsl ləyaqət nümayiş etdirirlər.

Ekspert bildirib ki, Xankəndinin taleyi Azərbaycanladır. Həmçinin Xankəndi sakinlərinin separatçılardan qurtuluşu uzaqda deyil.