Koronavirus pandemiyasının zərurətə çevirdiyi distant təhsilin üstünlükləri və çatışmazlıqları

11.05.2020

BMT-nin Elm və Təhsil Komitəsinin (UNESCO) və Dünya Bankının məlumatına görə, COVID-19 pandemiyası səbəbindən dünyada 1.5 milyarddan çox şagird təhsildən kənarda qalıb. Bir çox ölkələr təhsilə pandemiya zərbəsinin qaşısını almaq üçün onlayn/distan təhsilə

Ümumilikdə COVID-19 pandemiyası böhran dövrlərində təhsilin məzmunu və formatına yenidən nəzər salmaq zərurətini meydana çıxardı. Bu böhran XXI əsr təhsilinin özəlliklərini qabartmaqla həm də distant təhsili zərurətə çevirdi. Bir çox ölkələrdə artıq distant təhsilin tətbiqi imkanları ciddi şəkildə müzakirə edilir. Britaniyanın universitetlər, elm, tədqiqat və innovasiya üzrə sabiq naziri Co Conson qeyd edib ki, onlayn tədrisə keçid İngiltərənin qlobal bazarlara açılmasına kömək edə bilər. Universitetlərimiz onlayn tədris təcrübəsinə əsaslanaraq yaranmış bu böhrandan faydalanmalıdır.  Co Consonun fikrincə, “koronavirusa görə uzaqdan təhsilə keçid etməklə İngiltərə universitetləri tələbələrə daha çox onlayn kurs təklif edərək, uzun müddət iqtisadi cəhətdən bundan yararlana bilər. Hazırkı durum Britaniya universitetlərini daha yaxşı səviyyəyə çatmasına şərait yaradacaq. Bu, ali təhsil müəssisələrinin rəqəmsal və onlayn olaraq materialları çatdırmaları mövzusunda daha sürətli hərəkət etmələri üçün zəruri proses oldu. Bu səbəbdən distant təhsilin necə verildiyini, bunun hansı şəkildə inkişaf etdiriləcəyini və genişləndirilməsini nəzərə alaraq bu böhrandan faydalanmaq lazımdır”.

 

Ölkəmizdə distant təhsilin tətbiqi ilə bağlı müzakirələr əslində son illər aktuallaşıb. Bir sıra aparıcı universitetlərin nəzdində distan təhsillə bağlı xüsusi mərkəzlər və şöbələr yaradılıb, bu sahədə infrastrukturun qurulması istiqamətində addımlar atılıb. Bu yaxınlarda isə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Distant ali təhsil: yeni imkanlar və müasir çağırışlar” mövzusunda onlayn beynəlxalq forum keçirilib. Forum xaricdə yaşayan azərbaycanlı alimlərlə birlikdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşulmaq, eyni zamanda distant ali təhsil sahəsində qlobal müzakirələr keçirmək və yeni ali təhsil modelinə müvafiq töhfələr vermək məqsədilə təşkil olunub. UNEC-in rektoru, professor Ədalət Muradov forumda bildirib ki, son dövrlər dünyada baş verən proseslərin fonunda distant təhsil özünü yeganə və alternativsiz təhsil kimi göstərdi. Onun fikrincə, “distant təhsilin olub-olmaması artıq müzakirə məsələsi deyil, distant təhsil artıq həyata vəsiqə qazanıb. Bu gün müzakirə olunmalı məsələ distant təhsilin necə tətbiq olunmasıdır. Distant təhsil elə təşkil edilməlidir ki, bu, təhsil sistemində yeni bir mərhələnin uğurlu başlanğıcı olsun. Bu gün distant təhsilə deyil, distant təhsili tətbiq edə bilməyən ali təhsil müəssisələrinə münasibət müsbət deyil. Ona görə də distant ali təhsilin postkoronavirus mərhələsi indidən müzakirə edilməli və beynəlxalq təcrübə nəzərə alınmaqla vacib və zəruri olan qaydalar hazırlanmalıdır. Həmin qaydalar distant təhsilə tələbələrin qəbulundan məzun olmasına qədər bütün məsələləri özündə ehtiva etməlidir”.

 

 

Distant təhsil nədir və hansı üstünlükləri var?

 

Distant təhsil – tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunması formasıdır. Distant təhsil – müəllim və tələbələrin bir-biri ilə məsafədən qarşılıqlı əlaqəsidir ki, burada təhsil prosesinə xas olan bütün komponentləri (məqsədləri, məzmunu, metodları, təşkilati formaları, tədris vasitələri) əks etdirən və internet texnologiyalarının xüsusi vasitələri və ya interaktivliyini özündə cəmləşdirən digər vasitələrdən istifadə olunur.

 

Hal-hazırda təhsilin sürətlə inkişaf edən formalarından biri olan distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə elektron materiallar, elektron dərslik, audio-video disklər və s. formalarda təqdim edilir. 

 

Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Distant təhsil formasının müsbət cəhətləri çoxdur. Həm ölkə vətəndaşları, ailələr, gənclər üçün, həm universitetlər üçün, həm də dövlət və bütövlükdə cəmiyyət üçün distant təhsil əlverişli təhsil formasıdır. Belə ki, övladları distant təhsili seçən ailələr əlavə bir çox xərclərdən (kirayə haqqı, nəqliyyat xərcləri və s.) azad olur. Bu da maddi vəziyyəti aşağı olan ailələrin övladlarının daha az xərclə ali təhsil almasına imkan verir. Ailəsinə kömək üçün işləmək məcburiyyətində olan bir çox gənc də distant təhsil vasitəsilə ali təhsil əldə edə bilirlər. Əlilliyi, müxtəlif xəstəlikləri olan gənclər, vətəndaşlar üçün də distant təhsil forması əlverişlidir.

 

Distant təhsil universitetlərin öz tələbə kontingentini artırmağa, çox az xərclə daha çox tələbəyə ali təhsil imkanı verməyə, xarici ölkələrdən çoxlu sayda tələbə və müəllim heyəti cəlb etməyə imkan verir. Bu universitetlərin maddi vəziyyətinin yaxşılaşmasına, müəllimlərin əmək haqqını əhəmiyyətli dərəcədə artırmasına şərait yaradır. 

 

Azərbaycanda distant təhsilin tətbiqi imkanları və çatışmazlıqları

 

Koronavirus pandemiyasının yayılması nəticəsində əksər ölkələrin təhsil məkanında nisbətən arxa planda qalan onlayn/distant təhsil ön plana keçdi. Azərbaycan Respublikasının Təhsil Nazirliyi də onlayn tədris imkanlarını nəzərdən keçirərək ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən dərslərin onlayn öyrənilməsi üçün bir neçə tədris resursunu təqdim etdi. Hal-hazırda Nazirlik “Mədəniyyət” və “ARB Günəş”  kanallarında “Dərs vaxtı”, “Virtual məktəb” (virtual.edu.az), bütün dərsliklərin onlayn mövcud olduğu e-derslik layihələrini həyata keçirir.  Eyni zamanda, Dövlət İmtahan Mərkəzi şagirdlərin evdən imtahanlara hazırlaşması üçün www.otk.az internet səhifəsində pulsuz sınaq imtahanları təşkil edib.

 

Təhsil Nazirliyinin yaranmış böhran vəziyyətindən çıxmaq üçün tətbiq etdiyi bütün layihələr hər nə qədər təqdirəlayiq olsa da, bir sıra çatışmazlıqlar bu cür hallara tam hazır olmadığımızı göstərdi. Gələcəkdə bu cür hallardan daha çevik və nisbətən az itki ilə çıxmaq üçün bir sıra addımlar atılmalı, distant təhsilin işlək mexanizmi hazırlanmalı və müvafiq qərarlar qəbul edilməlidir.  

 

Qeyd edək ki, distant təhsil forması “Təhsil haqqında” qanunda (maddə 13) və Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə öz əksini tapıb. Lakin aparılan araşdırmalar göstərir ki, ölkəmizdə distant təhsilin tətbiq olunmamasının əsas səbəbi distant təhsil mexanizminin hazırlanmaması, bütün ali təhsil müəssisələrinin buna tam hazır olmaması və hətta bu sahədə məlumat azlığının olmasıdır. Bu prosesin gecikməsi isə həm on minlərlə gənci təhsil almaq hüququndan məhrum edir, həm də universitetlərimizin xaricdən minlərlə tələbə cəlb etmək imkanını məhdudlaşdırır.

 

Onu da burada əlavə edək  ki, Təhsil Nazirliyi distant təhsilə görə verilən diplomu tanımır. Qeyd edək ki, hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Amma bu formada təhsilalma hələ diplomun tanınması demək deyil. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün semestr ərzində olmalıdırlar. Əgər onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, həmin diplomların tanınmasından imtina olunur.

 

Təhsil Nazirliyi tərəfindən “Microsoft Teams” platformasının tətbiqi də göstərdi ki, bütün ali təhsil müəssisələri üçün domenlər yaradılsa da, bəzi universitetlər distant təhsilə tam hazır deyil. Distant təhsil məsafədən təhsil olduğundan, bu təhsil formasının keyfiyyətli olması şərtdir. Bunun üçün isə ali məktəblər İKT baxımından tam hazır olmalı, həmçinin elektron dərsliklərlə də təmin olunmalıdırlar. Qeyd edək ki, hazırda ölkəmizin bir sıra ali təhsil müəssisələri (ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  və s.)  təlim-tədris prosesinin məsafədən təşkilini təmin ediblər. Məsələn,  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş “UNEC Extern” mərkəzi yaradılıb. Ən müasir texnoloji avadanlıqlarla təchiz edilən, dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan “UNEC Ekstern”in üstünlükləri sırasına onlayn dərsə istənilən yerdən qoşulmaq, tələbələrin mövzunu daha dərindən mənimsəmək üçün müəllimə sual vermək, müzakirələrdə iştirak etmək, dərslərin video bazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq imkanları daxildir.

 

“UNEC Extern” Mərkəzində cəmi 14 nəfərlik inzibati heyətlə il ərzində 20 mindən artıq tələbəyə distant formada yüksək keyfiyyətli təhsil vermək mümkündür. Halbuki bu qədər tələbəyə əyani və qiyabi formada təhsil vermək üçün ən azı 1200-1300 inzibati heyətə (müəllimdən əlavə) ehtiyac var. Bu isə o deməkdir ki, tədris studiyalarının və inzibati heyətin sayını bir qədər artırmaqla il ərzində 50 min, 60 min, hətta 100 min tələbəyə distant formada yüksək keyfiyyətli təhsil vermək mümkündür.

 

Digər bir məqam təhsildə rəqəmsal texnologiyaların tətbiqi və ona yeni yanaşmaların formalaşdırılmasıdır. Belə ki, müəllimlərin koronavirus pandemiyası zamanı istifadə etdikləri innovasiyalar uzunmüddətli dəyişikliklərə səbəb ola bilər, bu zaman texnologiyalar gələcəkdə məktəblərdə daha vacib rol oynayacaq. Bütün dünyada müəllimlər sinifdə rəqəmsal texnologiyaların olmamasının tədrisə maneə yaratdığını bildirirlər. Azərbaycanda tədrisin davamlılığını təmin etmək məqsədilə tətbiq edilən onlayn dərslər göstərdi ki, bu sahədə bir çox problemlər qalmaqdadır. Qeyd olunduğu kimi, onlayn/distant tədris üçün şagirdlərin/tələbələrin ehtiyac duyduğu yeganə şey rəqəmsal cihaz, internet və sakit mühitdir. Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsi göstərdi ki, bu layihənin respublika üzrə bütün ümumtəhsil məktəblərini əhatə etməsi qeyri-mümkündür. Bu, şəhər və rayon məktəblərində nə qədər əlçatan olsa da, kənd məktəbləri üçün müəyyən problemlər yaradır. Çünki region məktəblərinin texniki cəhətdən təchizatı və internetlə təminatı aşağı səviyyədədir.

 

Təhsil Nazirliyi tərəfindən müəllim və şagird/tələbələrin (öyrədən və öyrənənlərin) İT biliklərinin artırılması üçün layihələrin həyata keçirilməsi, müəllimlər üçün davamlı olaraq təlimlər, ixtisasartırma kursları və seminar və vebinarların təşkil edilməsi zəruridir. Çünki onlayn layihələr müəllimdən ilk növbədə yeni təlim metodlarını, dərsin diferensiallaşdırılmasını mənimsəməyi tələb edir. Müəllim hər şeydən öncə başa düşməlidir ki, ənənəvi dərsi olduğu kimi onlayn formata keçirmək olmaz.

 

Distant təhsil sahəsində təcrübəsi olan aparıcı universitetlərin təcrübəsindən faydalanmaq da zəruridir. Distant təhsilin tarixi inkişaf prosesinə nəzər yetirəndə görmək olur ki, Qərb ölkələrində bu sahədə xeyli təcrübə qazanılmışdır. Məsələn, Böyük Britaniyada “Açıq Universitet” (Open University) dərslərini distant şəkildə təşkil edir. Fəaliyyətinin ilk illərində yalnız öz vətəndaşlarını qəbul edən bu universitet sonrakı illərdə xarici vətəndaşların da qəbulunu həyata keçirməyə başlamışdır. Hazırda bu universitet distant təhsil həyata keçirən universitetlər arasında liderlik etməyə davam edir.  Hər il bu universitetin qəbul planı 200 min tələbəni keçir. Bundan başqa, hazırda Avropada tanınmış distant təhsil mərkəzlərindən sayılan İspaniya Milli Distant Təhsil Universiteti də ölkə daxilində 60, ölkə xaricində 9 filialı birləşdirir. Distant təhsil sahəsində tanınmış universitetlər içərisində ABŞ-ın Pensilvaniya Universitetini də misal göstərmək olar. Bu universitetin təcrübəsi UNESCO tərəfindən qəbul edilərək digər universitetlərə tövsiyə edilir. Türkiyənin Anadolu Universitetində 1982-ci ildən məsafəli təhsil sistemi tətbiq olunur. Bu universitet hazırda 1,5 milyon tələbəyə distant təhsil verən dünyanın 3-cü meqa­universiteti hesab edilir.

 

Heç şübhəsiz, cəmiyyətdə distant təhsil mədəniyyətinin formalaşdırılması da zəruri amillərdən biridir. Təhsil Nazirliyinin şagirdlər və tələbələr üçün təşkil etdiyi onlayn layihələr də göstərdi ki, xüsusilə bəzi valideynlər onlayn tədrisin mahiyyətini tam mənimsəyə bilmədiklərindən valideyn nəzarəti ilə valideyn məsuliyyətinin sərhədini düzgün müəyyənləşdirə bilmir, övladının tədris prosesinə yersiz müdaxilə edir, sualların cavablandırılmasına kömək edir, hətta bəzi dərsləri çəkərək sosial şəbəkələrdə paylaşırlar. Distant təhsil şagird və tələbələrə bir çox üstünlüklər versə də (dərslərə hazırlıq, sual-cavab reqlamenti, interaktivlik, materialın təqdim edilməsi, dərsləri yenidən izləmək imkanı və s.), eyni zamanda bu zaman sakit mühitin və sərbəstliyin olması zəruridir. Bu amili nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən distant təhsillə bağlı maarifləndirici videoçarxların hazırlanması və cəmiyyəti (valideynləri) tədricən bu prosesə hazırlaması məqsədəuyğundur.

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamət nəzərdə tutulub. Dördüncü strateji istiqamətdə müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması nəzərdə tutulur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil və s. tədbirləri ehtiva edir. Məhz bu strateji istiqaməti nəzərə alaraq bu sahədə konkret addımların atılması zəruridir. Dünya təcrübəsi də göstərir ki, distant təhsilin zaman və məkan sərhədlərini ortadan qaldıraraq hər yaşda hər kəsin təhsil alma hüququna töhfə verməsi olduqca önəmlidir. İnkişaf etmiş ölkələr ömür boyu təhsil fəaliyyətinə böyük önəm verirlər.

 

 Bundan başqa, mövcud qanunvericiliyə əsaslanıb distant təhsil forması ölkəmizdə rəsmiləşdirilməli, xüsusilə “Ali təhsil haqqında” qanunda onun işlək mexanizmi öz əksini tapmalı, distant təhsilin metodologiyası hazırlanmalıdır.

 

Və sonda...

 

Etiraf edək ki, koronavirus pandemiyası dövründə onlayn/distant təhsil təkcə Azərbaycanda deyil, bütün dünyada təhsil sistemini düşdüyü kritik situasiyadan xilas etdi. Bu böhran bizə təhsilin necə təşkil edilməsi haqqında yenidən düşünmək imkanı verdi. Heç şübhəsiz, distant təhsil ənənəvi təhsili əvəz edə  bilməz. Bir çoxlarının hələ də distant təhsilin mahiyyətini başa düşməmələri ona əsasən qiyabi təhsilin alternativi kimi yanaşmaları ilə bağlıdır. Lakin distant təhsil ənənəvi qiyabi təhsildən daha uğurlu formadır. Əslində, müasir təhsil forması olan distant təhsil ənənəvi təhsilə dəstək xarakteri daşıyır. Eyni zamanda kritik situasiyalarda əsas təhsil forması kimi də çıxış edə bilir. Koronavirus pandemiyası göstərdi ki, distant təhsilin gələcək üçün inkişafının təmin edilməsi vacibdir.

 

Biz də bu fikirlə razılaşırıq ki, hazırda “dünyada özünəməxsus təhsil iyerarxiyası formalaşır və bu iyerarxiyanın aşağısında olan universitetlər, heç şübhəsiz, ən perspektivli alim və tələbələrin emiqrasiyası, özlərinin təhsil brendinin dəyərdən düşməsi ilə üzləşəcəklər”. Baş verən və baş verə biləcək hər bir böhran və kritik situasiyalardan qorunmaq üçün Azərbaycanın təhsil sistemi də hər bir çağırışa hazır olmalıdır.

 

Aqşin Məmmədov

Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura  təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.