Onlar əslində bununla nəyi sübut edirlər?

04.05.2020

Ölkəmizdə karikatura sənətinin inkişafında fərqli bir mənzərə mövcud olub. Qərbdə karikaturaçılar öldürüləndə, monarxiyalar qarşısında həbslərə məruz qalanda, şərqdə radikal terror təhlükəsi ilə üzləşəndə, Azərbaycanla bağlı tamam başqa bir mənzərə ortaya

Bu durum çox maraqlı situasiya yaradır. Bir tərəfdən tənqidə daha qapalı olmağımız, digər tərəfdən dizfunksional mental barikadları tarixin böyük kəsimində rəhbər bilsək də, toplumun içtimai naqisliklərini qabardan rəssam və karikaturistlərin təzyiqinə və mənəvi çöküşünə səbəb olacaq addımlara rast gəlinmir. Hətta yenilikçi yazar və şairlər, maarifçi fikir adamları ilk dönəmlərdə xalqın içərisində özünə çox az sayılı tərəfdar toplamışdı, necə ki, bu hal indi də təkrar olunur. Umberto Ekonun “tarixi fərd” yanaşması həmişə belə anlarda ortaya çıxır. Eko tarixi fərdi “xalqın gələcəyinin mayası” hesab edirdi. Toplumun indiki durumu ümidsizdirsə və heç bir işıq görünmürsə, o zaman xüsusi insanlar ortaya çıxır ki, onlar da insanlardakı xofu dağıdır, şüurun oyanmasına təkan verir. Pedro Almadovarın filmlərindəki seçilmiş insan anlayışı da bu baxımdan Eko postmodernizminin davamı kimidir.

 

Çox dərin araşdırmaya ehtiyac olmadan, bu fikirləri Əbuhəfs Şührəvərdinin işraqilik təlimində də görə bilirik. “Allah nurdursa, yerdəki insanlar o nurun parçalarıdır.” İşraqiliyə görə, xalqa təkan verən də məhz həmin o” nurun parçaları”dır. Tarix boyunca seçilən adamlar həmişə fədakar olmuşlar. Onların üzərinə götürdüyü yük ağır idi və bu gün də belədir. Bir tərəfdən digərlərinin də sahib olduğu məişət məsuliyyətini üzərlərində daşıyır, öz ailələrini qorumağa həvəs göstərir, digər tərəfdən isə digərlərinin də maraqlanmadığı sosiumun dirçəlişi üçün dayanmadan öz bacarıqlarını ortaya qoyurlar. Zehni qabiliyyətini, fikirlərini beyin hüceyrələrini məhv edərək, gecələr yatmayaraq yazanlar, bəstələyənlər və tablolara köçürənlər təkamülün avanqardı və lokomotivi olur. Məşhur fizik Houkinqin radiolardan birinə verdiyi açıqlama ilə çox səsləşir: “İnsanlar təbiətin qarşısında öz güclərini anlamırlar. Güclü insan öz gücünü anlamadıqca təbiətdən qorxdu, bu qorxudan din yarandı, insan özü kimi olanların əzmkarlığından çəkindi, bu çəkinmə istismarçılara təkan verdi, insanlar dünyadan qorxdu və bu qorxudan daha cəsurlar vəhşiləşmiş formada daha çox qorxu atmosferi  yaratdılar.” Ortada isə qalanlar yenə azlar idi. O azlar ətraflarında belə gülüş doğurur, adamların əhatə dairəsinə düşməkdən məhrum olunur, ailədən başqa heç bir sosial aktivlik nümayiş etdirməyə cəsarət etməyərək beyinlərin inkişafına iz qoya bildilər. Azərbaycanda  bu missiyada həm füyuzatçılara, həm də molla nəsrəddinçələrə xalqın güclü bir təşəkkür borcu mövcuddur. Lakin diqqət doğuran odur ki, necə olur, Cəfər Cabbarlını zirzəmilərdə sorğuya çəkənlər, Mikayıl Müşfiqin poeziyasından xoflananlar çəkdikləri rəsmlərlə sistemin “kürəyini yerə vurarkən” karikaturistlərə  heç bir səs-səda çıxarmırdı? Burada bir neçə məqam var, fikirimcə. Ola bilər ki, o zamanlarda karikatura ciddiyə alınmırdı. Hətta həmin zamanlarda bir yazı adamının da diqqət doğurması və özünə tərəfdar toplaması məhdud sayıda baş verirdi. Sabirin gizli qeydlərində insanlar arasında özü kimi düşünənləri tapa bilməmək etirazı ortaya çıxmışdı. Onda da ya az adam qoşulurdu fikirlərə, ya da ümumiyyətlə, nəyi isə dərk edən adamlar susmağa və fəaliyyətsizliyə daha çox üstünlük verirdi. Bu baxımdan bəlkə də mədəniyyətə və ədəbiyyata nəzarət edən sonrakı totalitarist orqanlar karikaturaya çox da fikir vermirdi. İkinci bir məqam da o ola bilərdi ki, həmin zamanların aşırı təqiblərinin sistemin özündə çatlar əmələ gətirə biləcəyini nəzərə alan rəhbərlər incəsənəti tamamilə “nokauta salmamaq üçün” açıq təzyiq metodlarına əl atmamışdı. Bu baxımdan Azərbaycanda da digər məkanlarda olduğu kimi karikatura ortaya çıxana qədər bu zəmini yaradan faktorlar var idi. Ən əsası rəssamlıq tarixinə dair bir neçə mənbəyə göz atanda biz o ayırılma nöqtəsini seçməkdə daha diqqətli olmağı bacarmalıyıq. Çünki karikaturaya qədər Azərbaycanda çəkmə sənəti və təsviri incəsənət özünə sağlam bir təməl formalaşdırmışdı.

 

Qobustan qaya üstü rəsmləri tarixin qiymətli xəzinəsi boşuna hesab olunmur. Manna, Atropatena və Albaniyada təsviri incəsənətə dair tarixçi alim, mərhum arxeoloq Məmmədəli Hüseynovun əlyazmaları ilə tanış oldum bu yaxınlarda. Bizim bildiyimiz və bilmədiyimiz çox ciddi materiallar var. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzeylərində  Təbriz, Naxçıvan, Gəncə, Qazax, Bakı, Şəki Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar. Təsviri sənətin ən qədim nümunələri arasında eradan əvvəl 8-5-ci əsrlərdən qalmış Qobustan qaya təsvirləri ilə yanaşı, Kəlbəcər rayonunun Zalxa gölü ətrafındakı dağlarda tunc dövrünün başlanğıcına təsadüf edən eramızdan öncə üçüncü minilliyə aid rəsmlər, Ordubad şəhərindən şimalda, Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər xüsusi  əhəmiyyətə malikdir. Bu tendensiya daha sonra davam edir və orta əsrlərdə müxtəlif sahələrdə özünü göstərir.  On üçüncü  əsrdə Bakı limanında tikilmiş Şirvanşahların "Bayıl qəsri", adlanan memarlıq abidəsi üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibinə ayrı bir anlam qatmışdır. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan təsvirləri dərin oyma üslubunda işlənmişdir. Karikaturanın Azərbaycanda təşəkkül tapması xüsusən təxminən həmin çağlarda meydana çıxan miniatur sənətiylə sıx bağlı olmuşdur. Karikaturist dostlardan biri ilə söhbətimizdə israr edirdi ki, satirik ədəbiyyatdan və miniatur məktəbindən qidalandığı qədər  karikatura heç nədən qidalanmamış və müstəqil Azərbaycan karikatura məktəbi ortaya çıxmışdır. "Vərqa və Gülşa"ya çəkilmiş miniatürlər yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.
 

Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti və miniatür boyakarlığının mərkəzinə çevrilmişdi. Bu əsrlərdə Çin-uyğur sənətindən faydalanan rəssamlar Uzaq Şərq xalqlarından gələn təsvir forması və ifadə vasitələrini yerli tərzlə birləşdirə bilmişdi. Azərbaycan miniatür sənəti on doqquzuncu əsrin sonlarına qədər davam edir. Lakin orta əsrlərdə əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər rəsm, kompozisiyalar, bəzən primitiv xarakter daşıyırdı. Buna baxmayaraq,  Əvəzəli Muğanlının "Kəlilə və Dimnə", Nəcəfqulu Şamaxılının "Yusif və Züleyxa" və s. kitablara çəkdikləri illüstrasiyalar sonrakı nəsilin tərzinə və incəsənət yönümünə güclü təsir göstərməyi bacarır. Bu xətt karikaturanın müstəqil bir sahə kimi təşəkkül tapmasında önəmli olsa da, Azərbaycan satirik məktəbinin bünövrəsi sayılan “Molla Nəsrəddin” jurnalının çapı ilə karikatura müstəqil bir sahə kimi inkişaf etdi. “Molla Nəsrəddin” yalnızca bir məktəb olmamış, həm də özü ilə parallel satirik mətbuat bumuna səbəb olmuşdur. Ondan ilham alaraq, Bakıda rus dilində “Cigit”, “Bakinskoye Qore”, “Baraban”, “Bakinskiye streli” satirik jurnalları çıxır. Paralel olaraq, azərbaycan dilli, məşhur satirik jurnallar “Tartan-Partan”, “Kəlniyyət”, “Bəhlul”, “Tuti” nəşr olunmağa başlayır. Təəsüf edici məqam odur ki, Azərbaycan karikatura tarixinə dair dolğun bir araşdırma kitabı yoxdur. Bir neçə xırda detalları çıxmaq şərtilə, bu sahədə ciddi tədqiqat işlərinə rast gəlinmir. Bunun bir səbəbi Xalq Cümhuriyyətindən sonrakı dövrdə sovet tədqiqatçılarının bu sahəyə qeyri-ciddi yanaşmasıdırsa, digər səbəbi həmin dönəmin satirik jurnallarının dərc olunan nömrələrinin gizli əllər tərəfindən aradan qaldırılması idi. Bu qədər satirik jurnal, yerli və xarici karikaturistlərə sahib iyirminci əsr Azərbaycan maarifçiliyindən bu gün çox az qaynaq ortada qalıb. Həqiqətən, bu məyus edici faktdır. Adil Qazıyev və Əzim Əzimzadənin hazırladığı bir neçə kitab istisna olmaqla, bu sahəyə “ögey münasibət” ortada idi.

 

 

Bütün karikatura tarixinə xas olan ədəbiyyatçı-karikaturist tandemi Azərbaycanda Yusif Vəzir Çəmənzəmənlinin simasında reallığa çevrildi. Əliqulu Qəmküsarın da bir neçə karikatura çəkdiyi bilinir. Lakin Çəmənzəminli bu işi peşəkarcasına özünə məşğuliyyət kimi seçir. Çəmənzəminli yalnız “Molla Nəsrəddin”lə əməkdaşlıq etmirdi. Onun ciddi satirik eskizlər çəkdiyi və gələcəkdə satirik dərgi çıxarmaq planları var idi. Onun çap etməyi düşündüyü “Fokusnik” jurnalı üçün çəkdiyi eskizlərin bəziləri sonralar ortaya çıxdı. “Mola Nəsrəddin” ənənəsi Arazın o tayına da təsir edir. Güney Azərbaycanda dərc olunan “Azərbaycan” dərgisi oranın satirik məktəbini formalaşdırır. Sonralar, “Azərbaycan”ın təsiri ilə güneydə ”Əncümən”, “Həşərtül ərz” dərgiləri çıxır. Güneyin ilk peşəkar karikaturistləri hesab olunan Behzad qardaşlarının çəkdiyi karikaturalar müəmmalı şəkildə ortdan itir və bir neçə arxiv materialları qalır.

 

Azərbaycan karikatura tarixində iyirminci əsrin simaları arasında həm yerli, həm də xarici karikaturtistlərin adları məlumdur. Əzimzadə ilə yanaşı, Bəha Səid, Ə.İbrahimzadə kimi karikaturaçıların əsərlərinə də rast gəlinir. Xarici karikatursitlər arasında Gerasimov, Karqanova, Şikarev və başqa adlar Azərbaycan karikatura məktəbinin inkişafına töhfələr vermişdi. Onların arasında isə xüsusi qeyd olunması gərəkən Oskar Şmerlinqdir. Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının tanınmış araşdırıcısı, akademik İsa Həbibbəylinin Oskar Şmerlinqin həyat və yaradıcılığı ilə bağlı araşdırmaları diqqət çəkir. Oskar Şmerlinq ilk təhsilini Tiflis «Realni» Gimnaziyasında almış, rus və gürcü dillərini öyrənmişdi. Hələ məktəbli ikən rəssamlığa ciddi maraq göstərən gənc Oskar gimnaziyada çıxardığı «Ağcaqanad» adlı yumoristik divar qəzeti vasitəsilə özünün ilk rəsmləri və karikaturalarını məktəb ictimaiyyətinə çatdırıb. Həmin illərdə o, hətta rus satirik mətbuatı, xüsusən «Hörümçək» jurnalı ilə də əlaqə yaradıb. 1884-cü ildə Oskar Şmerlinq peşəkar rəssam olmaq məqsədilə Peterburq Rəssamlıq Akademiyasına daxil olur, rus rəssamlıq sənətini dərindən öyrənmək imkanı qazanır. Peterburqda tanınmış rəssam Villevaldın sinfində təhsil alan Şmerlinq öz üzərində səylə çalışır, akademiya mühitində istedadlı və bacarıqlı tələbələrdən biri hesab olunur. Bu mərhələdə «Səmimi söz» adlı rus qəzetində və «Papifal» adlı alman jurnalında peyzaj əsərləri və karikaturalarını çap etdirməsi onu daha geniş dairədə tanıdır. 1889-cu ildə Akademiyanı gümüş medalla bitirir. Bununla da kifayətlənmir, iki ildən sonra Almaniyadakı Münhen Rəssamlıq Akademiyasında təhsilini davam etdirir və öz adından söz etdirməyi bacarır. Oskar Şmerlinq 1906-1917-ci illərdə “Molla Nəsrəddin” jurnalının əsas rəssamlıq funksiyasını bacarıqla yerinə yetirib. “Molla Nəsrəddin” jurnalının aparıcı ideyalarını əks etdirdiyindən onun rəsm əsərləri əksər hallarda jurnalın birinci səhifəsində, yaxud üz qabığında çıxırdı. Milliyyətcə alman olmasına baxmayaraq Oskar Şmerlinq Azərbaycan mühiti və mənşəyini, azərbaycanlıların həyatını və psixologiyasını dərindən öyrənmişdi. İ.Həbibbəyli Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Məmmədquluzadənin xatirələrindən sitat gətirir: “Jurnalın şəkillərinin planını hazırladıqdan sonra Mirzə Cəlil Şmerlinqin və Rotterin yanına gedib şəkillərin səciyyəsini onlara izah edirdi. Mirzə Cəlil Şeytanbazarda yaşayan tipləri xatırlatmağa məcbur olurdu. Şmerlinqin deyilən fikri dərhal qavrayıb gözəl karikaturalar çəkməsi Mirzə Cəlili heyran edirdi.” O, Oskar Şimerlinqin 20-ci əsrin əvvəllərindəki Azərbaycan mühitinin çalarlarını qələmə aldığı azərbaycanlı tiplərin geyimini, mimikasını, hərəkətlərini, psixologiyasını gerçək şəkildə əks etdirməsini xüsusi qeyd edir. Şmerlinqin nadir fırçasının məhsulu olan “Sizi deyib gəlmişəm”, “Qafqazda mədrəseyi-ruhaniyyə”, “Niyə məni döyürsünüz?”, “Molla Nəsrəddin”, “İran sərhəddindən” və s. kimi yüzlərlə satirik rəsmləri dərin iz buraxmağı bacarır. Sovet dönəminin kəskin illərində Molla Nəsrəddinçi karikaturistlərdən yalnız Əzim Əzimzadə fəaliyyət göstərmişdir. 1932-ci ildə o, özünün uzun illər fəaliyyət göstərən rəssamlıq məktəbini də açır. “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Köhnə bakılılar” kimi karikaturalarında dövrün eybəcərliklərini və naqisliklərini ustalıqla qələmə almağı bacarır.

 

Azərbaycan karikaturasında “Kirpi” ənənəsi də beləcə təşəkkül tapır və uzun illərdir xalqın yaddaşında dərin iz qoymağı bacarır. 1952-ci ildən çap olunmağa başlayan “Kirpi” jurnalı “Molla Nəsrəddin” ənənələrinə sadiq olmağı sona kimi bacarır. Kommunist ideologiyanın ən kəskin zamanlarında jurnal satirik məzmunu, karikaturaları və felyetonları ilə iyrənc olan nüansları məsxərə atəşinə məruz qoyurdu. Sülryman Rüstəm və Səməd Vurğun da öz yazılarını məhz “Kirpi”də dərc etdirmişdir bir müddət. Kirpi Azərbaycan karikaturasına Əzim Əzimzadənin əsərləriylə töhfə verməklə kifayətlənməmiş, burada Tahir Salahov, Sadıq Şərifzadə, Ziya Kərimbəyli, Kazım Kazımzadə kimi görkəmli rəssam və karikaturaçılar yetişmişdir.

 

Kirpi ilə paralel “Mozalan” satirik jurnalı da o dövrlərdə xüsusi fəaliyyəti ilə seçilmiş, burada da həm “Kirpi”də çalışan karikaturaçılar, həm də sırf onlarla əməkdaşlıq edən karikaturistlər fəaliyyət göstərmişdir.

 

Beləliklə, Azərbaycan karikatura ənənəsi çox sağlam dəyərlər üzərində formalaşmış, qədim dövrün rəsm və rəngkarlıq ənənələrindən bəhrələnərək, həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə, həm də sovet iilərində geniş rəğbət oyadaraq, qısa müddət ərzində sevilməyə başlanmışdı.

 

P.S.Öz tarixini tənqid edənlər yox, oradakı inciləri tapıb, üzə çıxaranlar həmişə yaşayır.

 

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır