Prioritet - sağlamlıq | Protaqonist: səhiyyə və virus - Öldürücü hücuma qarşı müdafiə və insanlıq sənəti...

23.04.2020

Açar sözlər: tarix, pandemiyalar, sosio-psixoloji, ictimai, ideoloji struktur, hüquq, fəlsəfə, dövlət, qlobalizm, səhiyyə, COVID-19

Bölmələr:

  • Tarixə Nəzər: Təkrarlanan Tarix və Pandemiyaların Geridönüşü
  • Tibb Təhsili və Araşdırmaların Önəmi
  • Yaşamaq Hüququnun Qorunmasının Təminatı / Pandemiya Zamanı Dövlətin Məsuliyyəti
  • Dövlət və Cəmiyyətin Sosial-Psixoloji Böhran İdarəetməsi
  • Milli Birlik / Dövlət və Qlobal Vahidlik Anlayışı
  • Pandemiya və Azərbaycan (dünya ölkələri ilə müqayisədə)
  • Dünyanı Elm və Humanizm Xilas Edəcək! – Baş Rolda VİRUS və HƏKİMLƏR Ø Bir Qədər Fəlsəfə... (Fəlsəfə elmlərin təməlidir)
  • Yekun

 

 

 

(@visuals)

TARİXƏ NƏZƏR: TƏKRARLANAN TARİX VƏ PANDEMİYALARIN GERİDÖNÜŞÜ

Tarixi təcrübə sübut edib ki, insan çox zaman yenilməz təbiət hadisələri və özündən yüz dəfələrlə kiçik varlıqların hücümu qarşısında acizdir. Bəşər övladı təbiətin parçası olduğu üçün onunla daim vəhdətdə mövcuddur. Buraya, həmçinin, insanda müxtəlif təbii proseslərin təsirləri nəticəsində formalaşan və ya heyvanlarda, həşəratlarda və s. formada meydana gəlməklə mutasiyaya məruz qalaraq insan orqanizminə keçən bakteriyalar, viruslar və digər mikro-orqanizmlərlə yoluxma halları da daxildir. İnsanlıq tarixində saysız-hesabsız kütləvi yoluxmalar yaşam boyunca meydana gəlib. Tarixin səhifələrinə yazılmış ölümcül epidemiyaların indiyədək bilinən yaranma şəraitləri və nəticələri, qeydə alınmış tələfatların miqyası və digər tərkib elementlərinə baxdıqda, bu faktların qədimdən bugünədək olan dövrdə məlumatsızlıq, elmin inkişafdan geri qalması, tibbi biliklər və təcrübənin azlığı nəticəsində yaşam boyunca baş vermiş yoluxucu fəlakətlərin ortaq nöqtəsini təşkil etdiyini anlamaq olur. Əksər hallarda, müxtəlif infeksiya və viruslar insanlara təbiətdən mutasiya yolu ilə ötürülür. Bu prosesə çox zaman şərait yaradan amillər kimi - yoxsulluq, normadan aşağı həyat standartları və ya (qeyri-sağlam düşüncə və ya dini-fəlsəfi olaraq qəbul edilən irrosiaonal praktikalara əsaslanmaqla davam etdirilən) anti-gigiyenik alternativ şərait - həyat tərzi nəticəsində qeyd edilən halların baş verməsi qaçınılmaz olur. Bu baxımdan, dünyada yüksək çirklilik meyarlarına ən yüksək həddə uyğun gələn ərazilərdə epidemioloji həssas vəziyyət yüksək səviyyədə müşahidə olunur (Bax: Poor sanitation threatens public health) / {1}. Belə vəziyyətlərin genişlənməsinin qarşısı alınmaqdıqda və yoluxmaların müalicə imkanlarının da məhdud olması ilə paralel kütləvi ölümlər, sağ qalanlarda isə infeksion xəstəliklərdən qaynaqlanan qalıcı zərərlərin meydana gəlməsi məlumdur. Bakteria və viruslar daxil olmaqla diareal patogenlərin bir çox hallarda insanlara məhz heyvanlar vasitəsilə ötürülməsi tibbi əsaslı faktlardır. Bu baxımdan, müvafiq sanitar şərait infeksiyaların yayılmasının qarşısının alınmasında əsas barier kimi qəbul edilir.  {2}

 

Ümumdünya Səhiyyə Təşkilatı da mütəmadi olaraq standart normadan aşağı səviyyədə sanitargigiyenik şəraitə malik yerlərdə, o cümlədən də, endemik populyasiyaların mövcud olduğu ərazilərdə ümumi sağlamlıq qayda və tövsiyələrinə daha həssas yanaşma və riayət edilməsini tövsiyə edir. Dünyanın ən çirkli sularından olub, lakin hindlər tərəfindən müqəddəs olaraq qəbul edilən Qanq çayında yuyunmaqla insanlar uzun əsrlərdən bəri hələ də mövcud olan Kolera xəstəliyinin indiyədək meydana gəlməsinə yol açırlar. Bu xəstəlik tarixi dövr ərzində kütləvi yoluxmalara səbəb olmaqla müxtəlif vaxtlarda özünü göstərsə də, 19-cu əsrdə ən geniş yayılmış formada üzə çıxdığı zaman Hindistandan Avropaya, oradan isə Amerikaya qədər qitələri öz cənginə ala bilmişdi. {3}

 

Biomüxtəlifliyin pozulması ilə təbii yaşam şəraitinin kəskin dəyişməsi, qeyri-adekvat istehsal prosesi və istehlak vərdişləri, qidalanma və sanitar şərtlər, eyni zamanda, urbanizasiyanın sürətli inkişafı və qlobal hərəkət axını hal-hazırki dünyada infeksion xəstəliklərin yaranmasına və genişlənməsinə yol açan səbəblər sırasında gələ bilir. Lakin tarixi faktlara əsasən deyə bilərik ki, yoluxucu mənşəli xəstəliklərin epidemiyalara yol açması hətta eramızın ilk əsrlərində belə qeydə alınmışdır. Həmin epidemioloji halların formalaşma şərtləri və nəticələrinə diqqət yetirdikdə, oxşarlıqlar müşahidə edilir və gedişat mərhələsində milyonlarla insanın bu yoluxmalardan əziyyət çəkərək həlak olduğu bilinir. Müasir dövrdə indiyədək 35 milyona yaxın insan olümünə səbəb olmaqla 20-ci əsrin bəlası adlandırılan HİV (AIDS) və yaxud da Ebola, SARS, MERS və s. kimi virus mənşəli xəstəliklərin yaranmasından geriyə doğru baxarkən qısaca nəzər salsaq, tarixdə ən geniş miqyaslı insan itkiləri meydana gətirmiş bir sıra pandemiyalar – Birinci Dünya müharibəsindən sonra yayılmağa başlayan və 500 milyona yaxın insana yoluxduğu bilinən İspan qripi adı ilə tarixə düşmüş H1N1 virusu, daha geriyə doğru, müstəmləkə erasının başlaması ilə bir çox yeni epidemiyaları da özü ilə gətirən tarixi mərhələdə yaranmış yoluxucu xəstəliklər, 15-ci əsrdə Amerika yerlilərinin 90 faizinə qədərini qırmış Su çiçəyi xəstəliyi, yaxud da 14-cü əsrdə meydana gəlməklə 200 milyona yaxın insanın həlak olması ilə həmin dövrdə Avropa əhalisinin təxminən 30 faizindən çoxunun həlak olmasına səbəb olmuş və bu tarixi hadisə ilə təkcə kütləvi tələfata deyil, həm də insanların şüurunda köklü dəyişikliklərə gətirib çıxararaq sonradan hətta ictimai-siyasi və mədəni fikir tarixində yeni dönəmin başlanğıcını qoymağa nail olmuş, reformist hərəkatına söykənən Avropa intibah dövrünün (Rönesans) formalaşmasına yol açan və beləcə yeni tarixi periodun yaranmasının əsasını qoymuş qara ölüm adlanan – Qara Vəba kimi ağır epidemioloji halların baş verdiyini görə bilərik. {4}/{5}

 

Epidemiyaları bəzən kütləvi qırğın silahı da adlandırırlar. Bu, qarşısı alınmaz silaha çevrilərək sanki insanlığın məhvinə istiqamətlənən qorxulu vəziyyətlər çox zaman öz ardınca təkcə ölmüş  insan qalaqları deyil,  eyni zamanda, bir çox sosial-iqtisadi və siyasi problemləri, özlüyündə kəmiyyət və keyfiyyət dəyişikliklərini də gətirir ki, insan yaşamının sonu ilə bərabər bu, əslində yeni tarixi başlanğıclara da meydan vermiş olur. Bəlkə də dünya tarixinin dəyişməsinə səbəb olmuş və 6-cı əsr və sonrasında hətta Bizans imperiyasının belə zəifləməsinə yol açmaqla Pax Romana dövrünün bitişi ərəfəsində və davam edən dövrdə müəyyən mənada tarixi proseslərin də şərtlənməsinə səbəb olmuş Custinian vəbası və davamında hökm sürmüş digər epidemiyaların ümumilikdə 40 milyona yaxın insanı həlak etməsi faciəvi yoluxucu xəstəliklər və kəskin pandemiyalar tarixinə digər nümunədir. {6}

 

Bugün dünya Çinin Vuhan şəhərində 2019-cu ilin sonundan etibarən ilk xəstələrin qeydə alındığı və sürətli şəkildə dünyaya yayılaraq COVİD-19 adı ilə tarixi qeydlərə düşən yeni növ Koronavirus pandemiyasının acınacaqlı nəticələri ilə qarşı-qarşıyadır ( Coronavirus confirmed as pandemic by World Health Organization). Gözə gürünməz kiçikliyə malik düşmənlə mübarizədə elmi-texnoloji inkişafın müasir nailiyyətlərinə baxmayaraq, hələ də insanlıq yoluxucu xəstəliklərlə mübarizə aparmaqda çətinlik çəkir. “Viruslar və biloji hücum erası” adlandıra biləcəyimiz dövrdə müasir mübarizə üsulları təəssüf ki, yalnız səhiyyə sistemlərinin və cəmiyyətlərin, bütövlükdə dövlətlərin pandemiyaların qarşısının alınmasındakı mövcud imkanlarının sərhədi ilə məhdudlaşır. Burada artıq elmi inkişafın çatdığı səviyyədən asılı olmayaraq insanın təbiətdən gələn virus və ya digər mikrovarlıqların kütləvi hücumu qarşısında sırf adekvat cavab reaksiyası, məhz böhran və stress idarəçilik qabiliyyətinin yenidən tarixi testdən necə keçməsi rol oynayır. Süni zəka elementlərinin imkanlarının hələ təbii insan zəkasından geri qaldığı indiki şəraitdə insanlığın gözlənilməz şəkildə formalaşan situasiyalar zamanı müdafiə mexanizmini düzgün qurması əhəmiyyət daşıyır. Lakin COVİD-19 pandemiyasının hal-hazırda dünyanın ən inkişaf etmiş dövlətləri də daxil olmaqla 2 milyondan çox insanı yoluxdurma və 150 mindən çox qeydə alınmış ölüm faktı ilə dünyanı öz təsir dairəsinə alması dövlətlərin və cəmiyyətlərin ayrı-ayrılıqda və bütöv dünya üzvü kimi bioloji fəlakət qarşısında hazırlıqsız və çaşqın vəziyyətini göstərir. (Son statistika: https://covid19.who.int/ ; https://www.worldometers.info/coronavirus/).

 

Fors-major halların baş verməsi əksərən öngörülməz xarakter daşıdığına görə qloballaşan dünyanın yaratdığı imkanlar, gətirdiyi faydalar, eyni zamanda, mənfi təzadlar, sərbəst hərəkət və ticarət üstünlükləri gözlənilməz situasiyalarda arzuolunmaz nəticələrə də zəmin hazırladığı üçün dünya ölkələr birliyinin istənilən belə halın idarəçiliyi üzrə çoxsaylı müvafiq böhran strategiyalarının olması, indiki halda, xüsusilə məqsədəuyğun və zəruri xarakter daşıyır. Əlbəttə, hazırki nəticələr onu göstərir ki, pandemik dalğanın mənfi nəticələri ilə ilk növbədə hər bir dövlət öz sərhədləri və imkanları daxilində, milli böhran strategiyaları çərçivəsində çıxmağa məhkumdur. Lakin nəzərdən qaçırmaq olmaz ki, ilk olaraq lokal miqyasda meydana çıxıb sonradan dünyanın az qala bütün ölkələrini əhatə edən yeni növ Koronavirus bəlası məhz qlobal inteqrasiyanın inkişafı nəticəsində hazırki miqyas və xarakterini aldı. Bu mənada, ayrı-ayrı ölkələrin fərqli böhran qarşısıalma istiqamətləri və müvafiq  proqramlar tətbiq etmələrinə baxmayaraq, eyni zamanda, dünya birliyinin ümumi sağlamlıq və təhlükəsizliyi adına qlobal məkanda genişmiqyaslı effektiv strategiya əsaslı ortaq tədbirlərin həyata keçirilməsi də vacibdir.

 

TİBB TƏHSİLİ VƏ ARAŞDIRMALARIN ÖNƏMİ

 

Müxtəlif təbiətli və təsirli viruslardan, onların səbəb olduğu kütləvi epidemik hallardan əsrlər, hətta eralar boyunca əziyyət çəkmiş insanlığın tarixi təcrübəsi indiki halda bir daha tədiqlədi ki, öz funksional mövcudluğu üzrə yoluxma və ya bir orqanizmə tutunaraq çoxalma/varlığını davam etdirmə yerinə yetirən mikro-ünsürə qarşı şüurlu funksional mövcudluğa malik olub virusdan dəfələrlə ali təbii varlıq kimi yaranan insan istər fiziki-psixoloji, istərsə də, ictimai hazırlıq baxımından təbiətin zərərli kiçik zərrəcikləri ilə üz-üzə qaldıqda çıxılmaz vəziyyətə düşə bilir. Bu halda, insan orqanizminin təbiəti özünün əks-müdafiə rejiminin ən yüksək həddinədək yoluxucu infeksiya və viruslara qarşı mübarizə aparmağa çalışsa da, qaçınılmaz döyüşdən təkbaşına qalib çıxmaq mümkün olmadığı halda ən möhkəm dəstəkçisi məhz tibbi müdaxilədir. Tibbi yardım göstərən şəxslər, daha doğru ifadə ilə, xilaskarlar, bütün tibbi imkanlar və vasitələrin maksimum imkanlarına qədər andlarına sadiq qalmaqla çətin situasiyada belə həyatlarını riskə atmaqdan çəkinməyərək yüksək fədakarlıq göstərən, xəstələrlə birlikdə mübarizə aparan və onlara, bütövlükdə cəmiyyətə şəfa verməyə çalışan ən ali məramlı peşə işçiləri kimi çıxış edir. Sağlamlıq böhranı zamanı məhz onların xidməti həyatın normal axarını qısa müddətdə dayandırmağa qadir olan yaşamaq və ölüm arasındakı incə keçiddə bütün digər peşə sahələrinin xidmətindən daha çox əhəmiyyət kəsb edir.

 

Bu baxımdan, tibbi mütəxəssislərin say çoxluğu, tibb təhsilinin bütün mümkün formalarda  dəstəklənməsi, ümumilikdə elmə investiya qoyuluşunun artırılması və səhiyyə, sosial müdafiə və təhlükəsizlik sistemlərinin inkişafına yardım olduqca vacib məsələlər olub böhran vəziyyətlərində daha qabarıq şəkildə önəmini üzə çıxaran amillərdir. Koronavirus problemi son aylarda qlobal karantin şəraitini zəruri etməklə nəinki təkcə sosial-iqtisadi sistemlərin zədələnməsinə, daha vacib olan, kütləvi ölümlərə və olduqca əhəmiyyətli məsələ kimi strateji peşə sahiblərinin itirilməsinə gətirib çıxaran problemə çevrildi ki, bu, bir daha yuxarıda qeyd edilən fikirləri gücləndirən məqamlardır. Bir alim, müəllim, kosmonavt, pilot və s. yetişməsi və fəaliyyəti cəmiyyət üçün nə qədər önəmlidirsə, bir tibb mütəxəssisinin yetişdirilməsi və ümumilikdə peşəkar həkim korpusunun formalaşdırılması da eynilə strateji əhəmiyyət daşımaqla uzun və gərgin zəhmət tələb edən peşəkarlaşma sonunda ərsəyə gələn nəticədir.

 

Həkimlik peşəsi və həkim sənətinin vacibliyi həyatla ölüm arasında mübarizə zamanı daha çox ehtiyac duyma şəklində qavranılır. Tibb sahəsi elə sahədir ki, tibbi təhsilin istər uzunmüddətli peşəkarlaşma tələb edən xarakterik yönümü, istərsə də yüksək maliyyə xərcləri ilə nisbətən bahalı təhsil ixtisasları qrupuna aidliyi baxımından müəyyən mənada səhiyyə sistemini tez-tez insan resursları defesiti ilə üzüzə qoyur. Lakin hal-hazırda belə bir ümid də vardır ki, tibbi ixtisas sahiblərinə artan ehtiyac daha çox hiss olunmaqla hər zamanki peşə-ixtisas seçimi göstəricilərində tibb peşə sahələrinin öz yüksək tələb duyulan və vacib sahələr qrupundakı önəmli yerini bir daha təsdiqləyərək gənclər arasında növbəti ixtisas seçimlərində maraq dairəsindəki sahələrə çevirəcəkdir.

 

Bu məsələ, eyni zamanda, dövlət üçün də prioritet təşkil edir. Maliyyə çətinliklərinin aradan qaldırılması, araşdırmalara daha çox vəsait qoyuluşunun təmin edilməsi, tibbi sahədə çalışanların sosial təminatının gücləndirilməsi və həmçinin, ictimai səhiyyənin inkişafına diqqət, bu sahədə əsas çətinliklərin aradan qaldırılması üçün müvafiq qanunvericiliyin inkişafına çalışılması olduqca önəmli addımlar kimi çıxış edir. Xüsusən, virusologiya və vaksinologiya sahələrində yeni növ virusların aşkarlandığı zaman operativ tibbi müdaxilə və müalicə imkanlarının artırılması üçün öncədən müvafiq tədqiqat imkanlarının çoxşaxəli formada genişləndirilməsinə şərait yaradılması prioritet məsələlər hesab edilməlidir. Ona görə də, yuxarıda da qeyd edildiyi kimi, çox zaman yüksək investisiya tələb edən və bu səbəbdən maliyyə çətinlikləri, kadr problemləri ilə üzləşən molekulyar-bioloji laborator araşdırmaların önəmi dünyada müəyyən dönəmlərdə pandemiyaların baş qaldırması təhlükəsi və xüsusilə bugünkü vəziyyət nəzərə alındıqda yüksək ixtisaslaşma tələb edən virusologiya, mikrobiologiya, baktereologiya, vaksinologiya və epidemiologiya kimi sahələrin inkişafına maliyyə dəstəyinin artırılmasını, bu sahələrdə yüksək ixtisaslı kadrların yetişdirilməsi üzrə proqramların icrasını vacib edir. Bütün bunlar  problemin üzə çıxardığı bir çox məsələrdən bəzilərini əhatə edir. Bu barədə zaman-zaman nüfuzlu elm adamları və qurumlar, tibb birlikləri və elmi institutlar da çağırışlar edirlər (Bax:The Importance of Virology at a Time of Great Need and Great Jeopardy). Məsələyə geniş aspektdə yanaşdıqda, periodik dönəmlərdə yoluxucu xəstəliklər və pandemiyaların preventiv idarə edilməsində araşdırmaların önəmini bir daha vurğulamaqla Elmi Tədqiqat və İnkişaf Ofisinin direktoru Vannevar Buşun hələ 1945-ci ildə Amerika hökumətinə ünvanladığı müraciətlə müvafiq məsələlər ətrafında məzmuna malik hesabatını xatırlamaq yerinə düşür. O, bu müraciətlə həmin dövrdə hökuməti müvafiq sahədə addımlar atılmasına təşviq edə bilmişdi (Bax: Science The Endless Frontier). Daim nəzərdə saxlamaq lazımdır ki, peşəkar həkimin, xüsusilə də yüksək istedadlı həkimlər və tibb ordusunun yetişdirilməsi cəmiyyətin sağlam davamiyyəti üçün olduqca vacib məsələ olmaqla dövlət üçün də prioritetliyini hər zaman qorumalıdır.

 

YAŞAMAQ HÜQUQUNUN QORUNMASININ PANDEMİYALAR ZAMANI TƏMİNATI: DÖVLƏTİN MƏSULİYYƏTİ

 

Yaşamaq hüququ insanın təbii və ayrılmaz hüququ olub, pandemiyalar dönəmində təkcə bir nəfərin belə həyatının itirilməsinin qarşısının alınmasında əsasən dövlətin, müəyyən mənada hətta cəmiyyətin də ortaq məsuliyyətini ifadə etmək səbəbilə vacib məsələdir. Çünki hər bir insan istənilən halda və şəraitdə, yaşamaq və yaşamını təhlükəsizlikdə davam etdirmək hüququna malikdir. Bu baxımdan, ortaq yaşam ərazisində mövcudolma və birgə yaşayışın hər bir fərd üçün yaratdığı məsuliyyətlər cəmiyyətin əgər öz əxlaq normaları daxilində vacibdirsə, bu anlamda, dövlətin hər bir vətəndaşının həyatı və o cümlədən, təhlükəsiz şəraitdə yaşamını davam etdirməsinə şərait yaradılmasındakı məsuliyyəti daha böyük olub, dolayısı ilə bu hüququn bütün formalarda qorunmasının təminatı naminə geniş öhdəlikləri də ehtiva edir.

 

Məsələyə dərin yanaşdıqda, istənilən halda, yaşamaq hüququnun dövlət tərəfindən qorunmasının vacibliyinin hüquqi çərçivəsi mövcuddur. Belə ki, hüquqi konstekstdə dövlətlərin istər dövlətdaxili (konstitusion), istərsə də, beynəlxalq hüquqi müstəvidə yaşamaq hüququnun qorunmasının təminatı ilə bağlı qaçınılmaz öhdəlikləri var. Avropa İnsan Hüquqları Konvensiyasının (2-ci maddə) təməl insan hüquqlarından olan hər bir şəxsin yaşamaq hüququ anlayışını dəqiq ifadə etməsinə baxmayaraq, bu əsas təbii insan hüququnun epidemiyalar da daxil olmaqla həmçinin bütün fors major situasiyalarda qanunla qorunduğunu, dolayısı ilə dövlətlərin bu hüququn qorunmasındakı rolunun vacibliyini, həm də hüquqi öhdəlik daşıdığını nisbətən geniş anlamda Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (6-cı maddə) təsbit edir –  Article 6 (1): “Every human being has the inherent right to life. This right shall be protected by law” (International Covenant on Civil and Political Rights).

 

Bununla bağlı, BMT İnsan Hüquqları Komitəsinin yuxarıda qeyd edilən Paktın 6-cı maddəsinin təfsirinə dair 1982-ci il tarixli Ümumi şərhi də yaşamaq hüququnun bütün formalarda qorunmasına dair dövlətin məsuliyyətini məzmunlu şəkildə müəyyən edir:

 

(1) “The right to life enunciated in article 6 of the Covenant has been dealt with in all State reports. It is the supreme right from which no derogation is permitted even in time of public emergency which threatens the life of the nation (art. 4). However, the Committee has noted that quite often the information given concerning article 6 was limited to only one or other aspect of this right. It is a right which should not be interpreted narrowly”. 

 

(5)  “Moreover, the Committee has noted that the right to life has been too often narrowly interpreted. The expression “inherent right to life” cannot properly be understood in a restrictive manner, and the protection of this right requires that States adopt positive measures. In this connection, the Committee considers that it would be desirable for States parties to take all possible measures to reduce infant mortality and to increase life expectancy, especially in adopting measures to eliminate malnutrition and epidemics”https://bit.ly/2XMa70Y

 

Qeyd edilənləri nəzərə aldıqda, demək mümkündür ki, dövlətin vətəndaşların sağlamlığı və təhlükəsizliyini bütün hallarda qoruması onun hüquqi öhdəliyidir. Digər tərəfdən, yaşam ərzində hər bir fərdin öz növbəsində cəmiyyətə müəyyən təsir əmsalı mövcuddur. Bu baxımdan, xüsusi əhəmiyyətli peşə sahələri nümayəndələrinin qısa zaman kəsiyində sürətli templə həlak olması faktları cəmiyyətin gələcək təhlükəsizliyi üçün ağır nəticələr törə bilər. Əslində, həyatın istənilən anında həyat xilasedicilərinin işi çətin və nisbətən daha məsuliyyətlidir, ona görə də dövlət və cəmiyyət qrupları tərəfindən onlara müvafiq dəstək gərgin və məsuliyyətli iş rejimində işləyənlər üçün olduqca vacibdir. Nəticədə, onlar da yüksək diqqət və məsuliyyət tələb edən əmək prosesində, xüsusilə bugünkü böhran səviyyəsində daha çox motivasiya və insanların tibbi və sosial qaydalara əməl etmələrinə ehtiyac duyurlar. Nəzərə almaq lazımdır ki, onlar gücləndirilmiş iş şəraitində hər bir xəstənin ehtiyaclarına sürətli cavab verməyə çalışaraq yüksək risk faktoru vəziyyətində həyatları xilas etmək uğrunda əsl fədakarlıq göstərirlər. Ölkələrin səhiyyə və sosial xidmət sistemləri böhran dövründə geniş miqyaslı kütlə yoluxması səbəbi ilə tutum imkanlarını aşdığı və xəstəqəbulu prosesini məhdudlaşdırdığı, yuxarı həddə say çoxluğuna uyğun cavabvermə qabiliyyətinin tükəndiyi və ya tab gətirə bilmədiyi, tibbi ləvazimatların azaldığı vəziyyətlə qarşı-qarşıya qaldıqları zaman belə həkimlər, ümumi tibb və digər xidmət qrupu işçiləri öz rollarını fiziki və peşəkar imkanlarının son həddinədək davam etdirir. Lakin ağır nəticələrdir ki, indiyədək dünyanın müxtəlif yerlərində virusa yoluxma nəticəsində yaşamlarını itirmiş tibb işçilərini tanıdıq və bu kimi acı örnəklərin şahidi olduq. COVID-19 pandemiyasının davam etdiyi dövrdə tibbi ehtiyatlar və qorunma vasitələrin çatışmazlığı, xəstələrlə uzunmüddətli birbaşa təmas nəticəsində həyatlarını itirmiş dünyaca iki yüzdən çox tibb işçisinin adlarını yaddaşlarda saxlayaraq onları və dəyəri ölçülməz fəaliyyətlərini unutmaq olmaz. ( In Memoriam: Healthcare Workers Who Have Died of COVID-19). Bu insanlar öz andlarına sadiq qalmaqla göstərdikləri əvəzsiz fədakarlıq və xidmət ilə insan adının ən layiqli daşıyıcıları olduqlarını sübut edərək öz yaşamaq hüquqlarını peşələri yolunda şəhidi olaraq itirdilər. Məhz onların adı tarixdə daha çox böyük hərflərlə şərəfli İNSAN kimi anılmağa layiqdir.

 

 

                                                                                           (@edwinhooper)

 

DÖVLƏT VƏ CƏMİYYƏTİN SOSİAL-PSİXOLOJİ BÖHRAN İDARƏETMƏSİ

 

Virusla mübarizə obrazlı ifadə ilə öldürücü savaşa bənzəyir və üstünlük ilk olaraq hücumçu qismində xəstəliyə məxsus olsa da, peşəkar tibb işçisi və virusu üstələməyə qadir olan immunitet əslində üstünlüyün yenə tibbi imkanlar və uğurla aparılan mübarizədə, adekvat ve çevik reaksiyada, başqa sözlə, vaxtında və düzgün edilən müalicədə, operativ xilasetmə tədbirlərində olduğunu təsdiqləyir və yenə də gücün birləşdirilmiş səylər və müvafiq yanaşmaya malik tərəfdə ola biləcəyini sübut edir. Əsas şərt isə yoluxmazdan öncə müvafiq gigiyenik və qorunma qaydalarına əməl olunmasıdır.

 

Dövlətlər hazırki şəraitdə sağlamlıq və digər zərərlərə yol açan böhranın nəticələrinin azaldılmasına və aradan qaldırılmasına çalışmaqla, paralel şəkildə bu kimi halların gələcəklə yenidən mövcudluğu imkanlarının məhdudlaşdırılması və başvermə ehtimallarına uyğun müvafiq strategiyalar, sistem yenilikləri modelləri, boşluqların aradan qaldırılması və ehtiyat qərarların işlənib hazırlanması üzərində də çalışmağa məcburdurlar. Bu baxımdan, vaksinasiya işləri və elmi araşdırmaların daha çox önəm qazandığı dövrdə dövlətlərin və ümumilikdə qlobal inteqrasiyanın yüksək həddinə çatmış (bununla, üstünlüklər və fəsadlar gətirən) dünya birliyinin qlobal güc mərkəzləri və regional təhlükəsizliyin təminatçıları olan aktorlarının təxirəsalınmaz birgə fəaliyyəti önəmlidir. Bu mənada, koordinasiyalı fəaliyyət və qlobal birlik üzvlərinin bir-birini dəstəkləməsi, demək olar ki, bütün beynəlxalq razılaşmaların da əsas tələblərindən birini təşkil edir. Bu baxımdan, ayrı-ayrılıqda hər bir dövlətin və onun cəmiyyətinin daxilində də ortaq fikir birliyinə söykənən addımlar və həmrəy yanaşmaya əsaslanan rasional düşüncə və disiplin dayaqlı münasibət böhran dönəmlərində effektiv rol oynayır. Bugün üzləşdiyimiz və müasir dünya cizgilərinin də təsirilə spesifik xarakter alan COVID19 pandemiyasının zərərli nəticələrindən ən inkişaf etmiş dövlətlərin səhiyyə və iqtisadi sistemlərinin belə siğortalanmadığı və lazımi təminata malik olmadıqları aydın olur. Belə qeyri-presedent halda ən yüksək maddi-texniki bazaya malik istənilən sistemdə yüksək yoluxma sürətinə malik epidemik hallara qarşı operativ böhran idarəetməsi, həmçinin, tibbi müdaxilə ilə paralel  ictimai nəzarətin özüözünü formalaşdırması və bunda vətəndaşların sosial məsuliyyətliliyi anlayışının da rolu yoluxma zəncirinin inikişafını dayandıran vacib amillərə çevrilir. Əvvəlcədən öngörülməz situasiyalara qarşı qabaqcadan nə qədər yüksək səviyyədə hazırlıq və təlimlər inkişaf etdirilsə belə, elə hallar meydana gəlir ki, bu tədbirlərin maksimum səviyyədə kifayət etmədiyi üzə çıxır. Resursların düzgün bölünməsi və idarəolunması, böhran idarəetməsinin nə dərəcədə vacib olduğunu bugün ən inkişaf etmiş dövlətlər birbaşa təcrübə edirlər. Burada bütün imkanlar və üstünlüklərin, geosiyasi maraqlar və hədlərin, hətta cəmiyyətdə sosial rütbələrin də öz mənasını itirdiyi fövqəladə proses nəticəsində, təbiətin ən kiçik və ali varlığı arasında gedən paradoksal xüsusiyyətli “müharibə”də nəticə etibarilə yenə sağlam yanaşma və hadisələrin düzgün qiymətləndirilməsinin aparılması,  vaxtında və sistemli cavab reaksiyası, başqa sözlə, rasional tədbirlər, həmçinin, sistemli və koordinativ fəaliyyət önəm daşıyır.

 

Digər məqam kimi, hökumətlər tərəfindən cavabdehlik funksiyasına uyğun vaxtında görülmüş bütün lazımi tədbirlərdən əlavə, eyni qaydada məsuliyyət həm də cəmiyyət nümayəndələrinə aiddir. Çünki ayrı-ayrılıqda müstəqil fərdlər bütövlükdə cəmiyyəti təşkil etdikləri zaman sosial və vətəndaş məsuliyyəti məsələsi ortaya çıxır. Bunu nəzərə aldıqda, dövlət tərəfindən yerinə yetirilməli olan vəzifə və öhdəliklərlə yanaşı, hər bir cəmiyyət üzvünün də daşımalı olduğu öhdəliklər amili yaranır. Bu öhdəliklərin icrası kolektiv yanaşma və sosial-ictimai disiplin təfəkkürünə əsaslanan sosial məsuliyyətli şüur ilə bərabər, həm də, dövlətə paralel cəmiyyətin quruluşu çərçivəsində mövcud olan fərdlərin sosial-psixoloji hazırlıq səviyyəsinin təlimləndirilməsi ilə bağlıdır. Belə təlimləndirmə müəyyən mənada sivil cəmiyyətlərdə əvvəldə qeyd edilən ictimai disiplin təfəkkürü və sosial-psixoloji özünü və ətrafı dərketmə xüsusiyyətlərinin inkişaf səviyyəsindən asılı olaraq həmin cəmiyyətlərin özləri tərəfindən şüurlu davranış kodeksinə uyğun təbii istiqamətləndirmə çərçivəsində formalaşır. Əlbəttə, burada müəyyən istisnalar həmişə mövcuddur, çünki insan, təbiəti etibarilə, qadağalara qarşı çıxmaq üzrə proqramlamaya meyilli varlıq olduğu üçün fövqəladə situasiyada müəyyən qabaqlayıcı tədbirlərə münasibətdə bəzən “diktəedici impuls” qarşısında dayanma psixologiyayası ilə çıxış edə bilir. Bu, daha çox qadağaları qırma və etiraz yönümlü əhval-ruhiyyəyə ümumxalq şəkildə meyilli cəmiyyətlər üçün daha səciyyəvidir. İtalyanlar və ya fransızların milli və fərdi münasibət və davranış psixologiyası nümunəsində bunu daha aydın görmək mümkün olur.

 

Məsələ bundadır ki, onlar siyasi iradənin təsirilə yaradılan qayda-qanunlardan daha çox, altşüur məntiq təfəkküründə özlərinin mədəni-psixoloji tarixi inkişaf prosesində formalaşdırdıqları disiplin və ortaq yaşam ərazisində mövcudolma, etik davranış kodeksinə kollektiv təhlükəsizlik psixikasının da təsirilə tabe olmaq vərdişini həm fərdi, həm də ümumi formada inkişaf etdirmiş Milli Cəmiyyətlərdir. Lakin istənilən halda, gözlənilməz təbiət hadisələrinin gətirdiyi fors-major situasiyada istənilən cəmiyyət koordinativ idaərəetmə və sosial məsuliyyət prinsiplərini kollektiv təhlükəsizlik naminə tətbiq etməyə məcburdur. Ən azı ona görə ki, məsələyə epidemiya və ya digər hallar nümunəsində baxıldıqda, kollektiv sağlamlıq və təhlükəsizlik hər bir şəxsin öz fərdin məsuliyyətindən daha geniş anlam ifadə edərək, həm də milli təhlükəsizlik məsələsinə çevrilir. Bu baxımdan, xüsusən demoqrafik göstəricilərinin aşağı olduğu ölkələrdə yüksək epidemik hallar demoqrafik qruplar üçün xüsusi təhlükəli vəziyyət yaratmaqla, həmçinin, dövlət siyasətində və cəmiyyətin demoqrafik xüsusiyyətlərində ciddi dəyişikliklərə səbəb ola biləcək faktora da çevrilir.

 

MİLLİ BİRLİK - DÖVLƏT VƏ QLOBAL VAHİDLİK ANLAYIŞI

 

Dünyada hazırki inteqrasiya səviyyəsi nəzərə alındıqda, üzləşilən problem qlobal dünyanın yaratdığı nizam çərçivəsində pandemiyaların fonunda artıq təkcə dövlətdaxili deyil, regional və qlobal səviyyədə problemlərə yanaşma və məsuliyyət prinsiplərini də özlüyündə formalaşdırır. Bu baxımdan, milli cəmiyyətlərin müəyyən anlamda ümumdünya təfəkkürünə malik olması, qaçınılmaz tendensiya çərçivəsində qlobal dünyanın bir hissəsi kimi milli sosial məsuliyyətliliyin qlobal sosial məsuliyyətliliklə vəhdətdə dərk edilməsi əhəmiyyət qazanır. Bunlar nəzərə alındıqda, ayrı-ayrı cəmiyyətlərin tarixboyu üzləşdiyi pandemiya hallarındakı yanaşmasından fərqli olaraq bugün belə situasiyalardan çıxış yolunun tapılmasında birgə təcrübəni formalaşdırmaq qabiliyyətinin inkişaf etməsi vacibdir.

 

Hal-hazırda üzləşilən Koronavirus faciəsi, onun yaratdığı və zəncirvari formada yaratmaqda davam edəcəyi qlobal nəticələr fonunda bu məsələnin əhəmiyyəti güclü səbəb kimi çıxış edir. Bu mənada, beynəlxalq cəmiyyətin böhranlara hazırlıq səviyyəsinin yüksəldilməsi, müasir elmi-texniki tərəqqi imkanlarının da rolu ilə qlobal böhran idarəçiliyi anlayışının genişləndirilməsi, dövlətlərin məsuliyyətliliyi ilə yanaşı, həmçinin, cəmiyyətlərin də ortaq ümumbəşəri məsuliyyət daşıma və davranma praktikasının yaranması qaçınılmaz şəkildə önümüzdəki illərdə getdikcə daha çox əsrin hədəflərindən bəzilərinə çevrilməlidir. Çində baş qaldıran virusun qısa müddətdə dünyanı əhatə etməsi bu mənada ciddi əsas təşkil edir.

 

Dövlətlər qlobal vahidlik anlayışı daxilində böhran hallarında mərkəzi və kompleks yanaşma tətbiq etməklə dövlətüstü səviyyədə böhran idarəçiliyini həyata keçirməyə məcburdursa, cəmiyyətlər də stress idarəetməsi vərdişlərinə artıq 21-ci əsrdə yiyələnməyə məcburdur. Burada, əlbətdə, dövlətcəmiyyət qarşılıqlı-uyğunlaşdırılmış fəaliyyəti vacib rol oynayır. Tarixi gedişat ərzində yaranmış vəziyyətlər sübut edir ki, bugünkü yüksək mobillik və inteqrasiya şəraiti dünya cəmiyyətlərini belə yanaşmaya məcbur edir. İdərətmədə mərkəzdənqaçma təmayülləri böhran vəziyyətində əksinə ortaq sağlam maraqlar və inkişaf naminə birləşmə, rasional yanaşma və vahid orqanizm kimi davranma ilə əvəz olunaraq daha məsuliyyətli və kollektiv təhlükəsizlik üçün ortaq münasibət, icraetmə formalaşdırmağı tələb edir. Buna görə, COVİD-19 pandemiyası nümunəsində bütün ölkələrdə insanlar öz milli vətəndaş mövqeyi ilə yanaşı, qlobal məsuliyyətlilik anlayışını da dərk edərək ekstremal şəraitlərin xüsusi təhlükəsizlik rejimi qaydalarına əməl etməlidir. Daha dəqiq, bunun təkcə öz sağlamlıqları üçün deyil, ümumi təhlükəsizlik üzrı önəm daşıdığını qəbul etmək lazımdır. Çünki, hər bir vətəndaşın yenidən hüquqi kontekstdə yaşamaq hüququ həm də təhlükəsiz və sağlam mühitdə yaşamaq, kollektiv təhlükəsizlik kimi huquqlarla paralel mövcud olub, eyni zamanda, ictimai məzmunlu öhdəlik daşıyır.

 

Digər tərəfdən, kollektiv öhdəliklərin dərk edilərək icrası ilə yanaşı, həmçinin sosial həmrəylik və mənəvi dəstək praktikalarının müsbət şəkildə böhranları ən dərin səviyyədə yaşayan xalqların nümunəsində birlik mesajının ötürülməsi və kütləvi psixoloji nəzarəti saxlamaqda və qaydaya riayətetmə meylini gücləndirməkdə effektiv olması danılmazdır. Lakin həm də anlaşılan haldır ki, insanlar böhran zamanı təhlükəsizlik üzrə qadağaların pozitiv norma daşımasından asılı olmayaraq tabeolmama psixologiyası üzrə əks-aktlar nümayiş etdirməyə də meyillidir. Nəzəriyyədə bunun bir çox sosial-psixoloji arqumentasiyası mövcuddur.

 

Bu baxımdan, diqqətdən qaçmamalıdır ki, hökumətlər tərəfindən görülən müvafiq təxirəsalınmaz tədbirlər və insanların qaydayauyğun davranışlarının güclü yoluxma hallarının qarşısının alınmasındakı effekti ilə yanaşı, cəmiyyətdə sosial-psixoloji pozitiv şüurun qorunub saxlanması və ötürülməsinin də eyni şəkildə təbii təsirli mexanizm kimi rolunun olması reallıqdır. Bu, istər xəstələrin, istərsə də onların həyatlarını xilas etmək üçün xüsusi rejimdə çalışan və lazımından artıq enerji sərf edən tibb işçilərinin psixoloji stabilliyi və fiziki davamlı qabiliyyətliliyi üçün də önəmlidir.

 

Əslində insan orqanizminin işləmə prinsipinə də nəzər saldıqda, əsasən gərgin şəraitdə kənar stresyüklü ünsürlərə qarşı müqavimət göstərə biləcək, bədəndə pozitiv impuls əsaslı reaksiyalar yaradılmasına təsir edən amillər mövcud olduqda, orqanizmin immun sistemininin özünügücləndirmə funksiyasını dəstəkləməsi, müalicəyə cavabvermə prosesinə təsiretmə imkanı ilə bədəndə psixonevroloji müsbət reaksiyalar törədərək immun sisteminin özünümüdafiə rejimini və sağalma meyillərini sürətləndirməsi, bununla da, özünübərpa prosesinə təsir edib medikal göstəriciləri dəyişdirmək imkanı barədə kliniki əsaslı təsdiqlər mövcuddur. Bunu, aparılan bir çox elmi araşdırmalar sübut edir. Con Hopkins Universitetinin elm adamları tərəfindən aparılmış araşdırma nəticələri də qeyd edir ki, xəstəliklərə qarşı və ümumilikdə həyata dair müsbət düşüncə tərzi formalaşdıran xəstələr hətta onların infeksion hallar da daxil olmaqla ürək-damar sistemi və digər sağlamlıq problemlərinə qarşı dizbalans nəticəsində yüksək meyilliliklə risk qrupuna daxil olmaları və  hətta mənfi xəstəlik tarixçələri olsa belə, bu insanlar neqativ düşüncə yönümlü həyat tərzinə malik ikinci qrup insanlara nisbətdə daha az xəstələnmə faiz göstəriciləri nümayiş etdirirlər. Bu, bir çox psixo-somatik xəstəliklərdə effektiv olduğu kimi kardiovaskuliar sistemdən də başlayaraq, ümumən orqanizmin stress və narahatlıq zamanı düzgün qərarqəbulediciliyinə və immunitetin güclənməsinə yardım edən olduqca güclü faktordur (Oxu: Health/ The Power of Positive Thinking).

 

Əlbəttə ki, virusla güclü yoluxmaya məruz qaldıqda orqanizmə instensiv terapevtik müdaxilə zəruridir. Lakin belə yoluxmaya ürək-damar sistemi xəstələri, panik atak və digər psixonevroloji xəstəlik sahiblərinin yoluxması və bu zaman daha güclü stress və panika yaşamaları, bunun nəticəsində də bədənlərinin müdafiə balansının ciddi şəkildə pozulması halı nəzərə alındıqda, mental stabilliyi qoruyub saxlamağın nə dərəcədə vacibliyi bir daha aydın olur. Bu mənada, stress idarəçiliyi və positiv düşünmə meyilliliyi, düşüncənin motivasional məşqi sağlamlıq böhranında vacib silaha çevrilə bilər. Çünki stress və panika özlüyündə ciddi faktor olub paralel problemlərin də yaranmasına, bununla isə bir çox əlavə ağır nəticələrə gətirib çıxara bilər. Dəqiq ifadə ilə, belə halın cəmiyyətin böyük qrupunda baş verdiyini düşünsək, bunun hansı ciddi təsirlərə və daha irəli baxıldıqda, hətta digər bir çox sosial-iqtisadi nəticələrə gətirib çıxara biləcəyi, ümumi cəmiyyət balansına təsir edəcəyi daha aydın olur. Bu mənada,  tibbi müalicəvi terapiya ilə paralel şəkildə qeyd edilən tip yanaşma insanların immun sistemlərinin özünübərpa rejimini güclü şəkildə aktivləşdirməsi faktı ilə özünütəsdiq elementinə bir daha malik olur və bunu əsaslandırır. Koronoviruslu xəstələr sırasında 60 və 80 yaş üstü sağalma hallarının mövcudluğu faktları da bunu bir daha sübut edə biləcək arqument qismində çıxış edən tezislər daşıyır.

 

Lakin digər tərəfdən, istənilən halda, virusla yoluxmuş xəstələrin xroniki həssaslıq və ya xəstəlik tarixçəsi yaxud da gündəlik virusla yüksək səviyyədə təmas şəraitində çalışan həkimlərin vəziyyəti nəzərə alındıqda, üstəlik tibbi qouyucu ləvazimatların çatışmazlığı zamanı yüksək yoluxma riski ilə üzüzə onların yaşamlarını itirməsi də yenə təsdiqlənən üzücü ağır faktlar arasındadır. Burada tibbi dəstək göstərilsə də, artıq özünümüdafiəni aktivləşdirə bilməyən immun sistemi və əsasən bir çox xroniki xəstəlik daşıyıcıları olan xəstələr, təəssüf ki, reanimasiya şəraitində pozitiv düşünməyə bəlkə müəyyən vaxtları olsa belə, bu halda artıq gecikmə ehtimalı da olduqca yüksək, əksinə sağalma ehtimalı isə aşağı ola bilir. Buna görə, virusa yoluxmadan öncə vaxtında lazımi tədbirlərin görülməsi, insanların sanitar-gigiyenik qaydalara maksimal səviyyədə əməl etmələri ilə xəstələnmə səviyyəsinin minimuma endirilməsi, kütləvi insan tələfatının qarşısının alınması və ya azaldılmasında, həkimlərin isə işinin çətinləşdirilməsinin önünə keçilməsində önəmlidir. Bu halda, fərdi və kollektiv sağlamlıq naminə pandemiya dönəmində karantin rejimi qaydalarına tam şəkildə riayət etmək, sosial məsuliyyət və həmrəylik nümayiş etdirmək, cəmiyyətdə stress və panika qaynaqlı paralel böhranların qarşısını alaraq onların yarada biləcəyi mümkün fəsadların önünə keçmək üçün müsbət yanaşma və düşüncə-inam formalaşdırmaq, yaymaq, ön cəbhədə həyatlarını riskə atan insanlara göstərilən dəstək – bütün bunların xüsusi hazırlığı və alternativ müdafiə planı olmayan böhran ölkələrində kompleks davranış sisteminin tərkib amillərini təşkil etməklə istənilən halda effektivdir. Burada bir daha qeyd olunmalıdır ki, intensiv terapevtik müalicə ilə bərabər xəstələnmədən öncə zəruri qorunma üsullarına müraciət etmək, onların sırasında müsbət baxış bucağı ilə immun sisteminin işinə də yardım etmək bütün hallarda danılmaz tibbi həqiqətlər olub, kliniki təcrübə nəticəsində təsirli sübutlara malikdir.

 

PANDEMİYA VƏ AZƏRBAYCAN (DÜNYA ÖLKƏLƏRİ İLƏ MÜQAYİSƏDƏ)

 

İnkidi şəraitdə pandemiya vəziyyəti yaradaraq kütləvi insan tələfatına səbəb olmaqda davam edən, cəmiyyətlər, iqtisadi və sosial sistemlər üzərində inanılmaz təşviş effekti yaradan və bununla da bir sıra köklü problemləri törədən, çox sayda sahələrin işini sıradan çıxaran yeni növ Korona virusu ilə mübarizədə bütün dövlətlər kimi Azərbaycan da virusun nəticələrinə əsasən yaranmış fors-major halın idarə edilməsində effektiv mübarizə üsullarına müraciət etmək qərarına gəldi. Bəzi hallarda, federal idarəçilik və mərkəzdənqaçma meyillərinin güclü olduğu bir sıra inkişaf etmiş dövlətlərdən daha çevik və sistemli idarəçilik fonunda, müəyyən mənada onlarla müqayisə ediləcək kompleks müdafiə tədbirləri həyata keçirən strategiya Ümumdünya Səhiyyə Təşkilatının da bununla bağlı Azərbaycanda aparılan tədbirləri təqdirəlayiq hesab etməsi ilə müsbət qiymətləndirilir.

 

Bir sıra ölkələrdə hökumət tərəfindən hətta bu tədbirlərdən imtina edilərək əhalininin sağlamlığının ciddi təhlükəyə atıldığı müşahidə edildiyi hallar da pandemiya dönəmində rast gəlinən alternativ siyasətlər oldu. Burada, əsasən iki hal mövcud idi ki, birincidə - hökumətlər müvafiq icra mexanizmlərini işə salmaqdan imtina etdilər və ya gecikdilər. İkinci halda isə, təxirəsalınmaz hökumət tədbirləri qarşısında əhali qadağalara tabe olmaqdan yayındı və ya buna gecikdi. Hər iki halda ağır mənfi nəticələr qaçınılmazdır. Bu mənada, belə ölkələrdə sonradan yoluxma hallarının sürətlə artım trendinin qeydə alınması fonunda, aydın olur ki, hökumət və cəmiyyətin gözlənilməz və arzuolunmaz situasiya qarşısında birgə mövqe nümayiş etdirməsi, həmrəy münasibəti fövqəladə vaxtda olduqca vacibdir. Bu baxımdan, COVID-19 xəstəliyinin Birləşmiş Krallıq, Almaniya, İtaliya, İspaniya, Fransa, Belçika və s. kimi inkişaf etmiş və güclü səhiyyəyə malik dövlətləri ən sərt şəkildə mənfi təsirlərə məruz qoyması ciddi diqqətedilməli məqamlardır.

 

İtaliya nümunəsinə baxdıqda, əlbətdə İtaliyanın bu məsələdə digər Avropa ölkələrinə nisbətdə daha şanssız olmasının bir sıra səbəbləri öməmlidir. Belə ki, İtaliya Çindən ən yüksək sayda turist və biznes sferasının investorlarını qəbul edən ölkədir. Belə demək mümkünsə, çinli tursutlərin ən sevimli turist ziyarətgahıdır. Bu ziyarətlərin züsusilə Çində Yeni il dövrünə təsadüf etməsi qaçınılmaz şəkildə hələ dünyada xəstəliyin ciddi şəkildə tanınmadığı dönəmdə olduqca riskli vəziyyət yaratdı. İtalyan hökumətinin Çini beynəlxalq ictimaiyyəti vaxtında düzgün məlumatlandırmama ilə ittiham etməsi isə bu baxımdan Çinin məsuliyyəti məsələsini də ortaya çıxarır. Digər tərəfdən, hökumətin Çindən birbaşa uçuş reyslərini dayandırması alternativ yolla ölkəyə tranzit daxilolmaların qarşısını almadı. Bu halda, hökumətin bu amilləri vaxtında nəzərə alaraq lazımi tədbirləri görməsi və vətəndaşların da məsələnin ciddiliyinə inamının formalaşmasındakı məsuliyyəti əlbəttə həlledici rola malikdir. Lakin burada, digər vacib məqam dövlətin səhiyyə sisteminin regionlar üzrə idarəetməyə tabe olması şəraitində koordinativ fəaliyyətin operativ idarə edilməsinə müəyyən mənada manealər yaratması idi ki, belə hallar oxşar səhiyyə sisteminə malik dövlətlərdə indi daha çox səhiyyə sisteminin dəyişikliklərinin post-pandemiya dövründə aktuallığını təmin edəcək. Bütün bunların fonunda, Avropa Birliyi daxilindəki qeyri-operativ yanaşma və gecikmiş siyasi iradəyə münasibətdə İtaliyanın da Birlik daxilində öz siyasi gələcəyi üzrə mövqeyini dəyişdirəcəyi barədə yeni siyasi xətt izləməsi haqqında mülahizələr artıq mövcudluq qazanmağa başlayıb.

 

İtaliyadakı bənzər yanaşma və səbəb olduğu hallar Birliyin digər ölkələrində də sonradan, demək olar, eyni halların yaşanmasına və yüksək mənfi nəticələr meydana  gətirməsinə səbəb oldu. Bu, bir daha təsdiq edir ki, böhran vəziyyətində operativ strategiyaların icrası qeyd-şərtsiz vacibdir.

 

Beləliklə, qeyd edilənləri nəzərə aldıqda, bu nəticəyə gəlmək mümkündür ki, cəmiyyət-dövlət ortaq marağına söykənən yekdil mövqe əsaslı təxirəsalınmaz tədbirlərin icrası fövqəladə vəziyyətlərin neqativ nəticələrindən ən az təsirlə xilas olmağın qaçınılmaz rol oynayan zəruri şərtidir.

 

ELM VƏ HUMANİZM DÜNYANI XİLAS EDƏCƏK! – BAŞ ROLDA VİRUS VƏ TİBBİ XİDMƏT HEYƏTİ, HƏKİMLƏR

 

Sözsüz ki, əsas etibarilə, virusla yoluxmuş xəstələrin sağaldılmasında və xəstəliyin qarşısının alınmasında təqdirəlayiq əzmkarlıq və səy göstərən həkimlər, ümumən tibb korpusunun fəaliyyəti ilk növbədə həlledici rol oynayır. Bu sırada Azərbaycanda tibb kollektivinin, xüsusilə virusla yoluxmuş orqanizmlərlə birbaşa təmasda hər gün mübarizə iradəsi nümayiş etdirən həkimlərin xidməti indi hər zaman olduğundan daha çox əhəmiyyət kəsb edərək əvəzolunmaz dəyərə çevrilir. 

 

Bugünlərdə onların vəzifə öhdəlikləri və tibbi andı ilə yanaşı yüksək insani keyfiyyətləri də baş roldadır!

 

Onların qarşısında təkcə həkimlik və ya vicdan andını rəhbər tutaraq mübarizəni fasiləsiz davam etdirmək yox, həm də stress idarəçiliyini düzgün aparmaq kimi olduqca çətin məsuliyyət dayanır. Təəssüf hissi ilə bildirmək olar ki, bügün bəzi ölkələrdə xaos vəziyyətində xəstə və qayğıya möhtac şəxslərin öz talelərinə tərk edilərək onlara xidmətdən boyun qaçırılması halları da məlum oldu. Görünür, insanların fizikası və sosial davranışlarının xüsusiyyətləri ilə yanaşı, ümumən səhiyyə və bütövlükdə idarəçilik sistemlərinin də sınağa çəkildiyi indiki şəraitdə tibbi personalın fiziki gücü ilə bərabər, mənəvi dözümlülüyü və stabilliyini də qoruyub saxlamaq dərəcəsi, yüksək peşə hazırlığı, psixoloji hazırlıq, böhran şəraitində davranma və həmçinin, humanistlik xüsusiyyətləri də həlledici rola malik olur.

 

Kimliyindən və peşəsindən asılı olmadan insan mənəvi varlıqdır və sosial sistemin bir parçasıdır. Kütləvi xarakter alan fəlakətin sərhədinə çatdıqda heç bir statusun təsirə malik olmadığı məqam gəldikdə, insanın fiziki imkanlarından ziyadə yüksək mənəvi və psixoloji dayanıqlılıq səviyyəsi, həmçinin humanizm keyfiyyətləri də əhəmiyyət daşıyır. Olduqca acıdır ki, pandemiya ilə mübarizədə peşə fədakarlığı göstərərkən həyatlarını itirən tibbi işçilərinin fəaliyyəti sadəcə xəstələri sağaltmaq üçün çalışmaq olmayıb, bütövlükdə insanlıq adına edilmiş qarşılıqsız xidmətə çevrildi. Bu kimi əvəzi ödənilməz insanlıq mövqeyi göstərib vəzifə başında həyatlarını yenə insanların yolunda fəda edən müqəddəs ruhların qarşısında bütün bəşəriyyət mütləq ehtiram göstərməlidir. Onlar insanlığı seçdilər və məhz insanlığı xilas edərkən öldülər, halbuki ətraf hələ də adi halda belə elementar gigiyenik qaydaların vacibliyini dərk etməyərək yaşayan, karantin rejimi qaydalarını sanki insanlıq əleyhinə addım və ya cəza kimi dəyərləndirib onlara riayət etməkdən boyun qaçıran, beləcə, virusun yoluxma zəncirinə diqqət yetirmədən sərbəst şəkildə daşıyıcı ola biləcəyini nəzərə almayaraq, bəzi hallarda isə asimptomatik formada özü yoluxub digər insanların da şüurlarını qeyri-sağlam fikirlərlə və orqanzimlərini xəstəliklərlə yoluxduran laqeyd “insan”larla doludur.

 

Digər tərəfdən də, peşə xidmətini yerinə yetirmək öhdəliyini ümumiyyətlə dərk etməyin əksinə daha çox maddiyyat və mövqe davasının az qala yaradılışdan bəri davam etdiyi dünyada bəzən heç bir sərvət və ya  nüfuzun da rol oynamayacağını sübut edərək dünyaya insanlıq nümunəsi olan fədakar həkimlər, insanları xilas edib öz yaşamlarını itirənlərin geridönməz, lakin tarixdə unudulmayacaq fəaliyyətləri cəmiyyəti zəhərləyənlərdən fərqli olaraq, uşaqların, qocaların müharibələrdə qırılmasına səbəb olan, kütləvi aclığa və fəlakətlərə yol açan yüksək rütbəli idarəedicilər qarşısında vacib dərs xarakteri də daşıyır. Onlar xidmətləri başında həlak olarkən əslində isə insanlığın ən üst mərtəbəsinə çatdıqlarını sübut edən əsl İNSANLARdır. Bu, bəşəriyyəti milli maraqlar adı altında, həqiqətdə isə siyasi planlı mənfəətcil məqsədlər uğruna kütləvi şəkildə qırmaqdan çəkinməyən, xalqların ortaq sərvətlərini talayarkən “uğur”larını qeyd etməklə qələbə qazandıqlarını yəqin edən, ancaq təbiət və böhranlarla üz-üzə qaldıqda nə dərəcədə aciz olduqlarını qavrayan yaxud qavramayan idarəçilik sistemlərinin deyil, həqiqətdə həyatla ölüm arasında mübarizə aparan, öz canlarını qeyd-şərtsiz riskə atan tibb heyəti və sosial xidmət işçilərinin insanlıq zəfəri, bütövlükdə isə “humanizmin qələbəsi”dir. Bu qələbəyə xidmət edən, ortaq məkan və birgə mövcudluğun təzahürü olduğunu anlayıb cəmiyyətin üzvü kimi təkcə vətəndaş məsuliyyəti yox, həm də sosial məsuliyyət şüurunu hərəkətə keçirib birbirinə dəstək olan, rasional perpektivdə həyata keçirilən responsiv tədbirlərə və onların icraçılarına qarşı məntiq çərçivəsində hörmətlə yanaşan, beləliklə də təkcə ümumi yaşama deyil, eyni zamanda, insanlığa qulluq edən hər bir sadə vətandaş da planetin ali varlığına çevrilə bilər. Bununla, həm də xəstə canların sağalması uğrunda həyatlarından keçən həkimlər və digər xidmət işçilərinin ruhları ilə də həmrəylik nümayiş etmiş olunar. 

 

BİR QƏDƏR FƏLSƏFƏ... (FƏLSƏFƏ ELMLƏRİN ƏSASIDIR)

Bəli, tarix sübut edir ki, insanlıq, istənilən siyasi-ictimai quruluş, idarəçilik sitemləri gedişat daxilində müxtəlif formalarda və məhz belə zamanlarla – epimedimayalar, aclıq, yoxsulluq, müharibələrlə gələn fəlakətlər dövründə ciddi şəkildə sınanır və istənilən zənginliyin aciz qaldığı nöqtədə məhz indiyədək ölmüş kimi görünən əsl insanlıq yenə vicdani ürəklərdən baş qaldıraraq hərəkətə keçir, yenə də qalib gəlməyə qadir olduğunu sübut edərək humanizmin hər zaman eqoist “güc”lərdən daha güclü olduğunu insanlığa xatırladır. Bu hər zaman belədir. Tarixin öz geridönüş dairəsi vardır. Və istər tiranlar, istər fironlar, istərsə də yeniliyi quranlar üçün istisnasız eyni şəkildə təkrarlanır. Təbiətlə rəftarda da insan bu çarxın geridönüşünü zaman-zaman öz düşüncəsiz və “Mən” mərkəzli əməli nəticəsində yenidən təcrübə etməyə məhkum olur. Lakin necə  təəssüfləndiricidir ki, bu təcrübələr insanlığa hər dəfə dərs keçsə və bundan sonra da keçməyə davam etsə belə insan bu dərsi qavramaqda acizdirsə qaçınılmaz son mütləqdir. Digər tərəfdən, insanın bu ədalətsizliyi təkcə təbiətə yox, özü ilə bərabər həm də digərlərinə, bütöv insanlığa qarşı törədilir. İndi çarxın eyni nöqtəyə yenidən qayıtdığı andır. Bu bitəndən sonra, yenidən təkrarın amplitudunu isə dünyanın özü, onun dəyişməsi mümkün olan (dəyişdirə biləcəyi) mövqeyi müəyyən edə bilər – ya bu dairəni qırmaq və ya təcrübələrdən dərs almamaq yolunu seçərək eyni nöqtəyə qayıdacağını zamanı indidən gözləmək. Bunun adı həm də qeyri-adi ağılsızlıqdır. Bədii ifadə ilə insanın hərəkəti kəpənəyin özünü odda yandırmasına və ya dində yaradılışdan etibarən gələcək taleyini öncədən bilərək və qəbul edərək lakin tuttuğu yoldan dönməyən İblisin məramına yaxud da günahlara tövbə etdirib özü insanlığa qarşı günah işləməkdən tarix boyu çəkinməyən kilsə və ya digər eyni rolu icra etməyi üstün tutan yalançı din xadimləri, məbədlərin məraməna bənzəyir.

 

Bu səbəbdən, ayrı-ayrı şəxslərdən ibarət toplumda şəxsiyyətə çevrilmək xüsusilə böhran zamanında daha aydın üzə çıxır.

 

YEKUN

Aytən Babayeva

Bakı Dövlət Universitetini Beynəlxalq Hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Magistr dərəcəsi üzrə təhsilini İtaliyada Beynəlxalq Əməkdaşlıq və İnkişaf Elmləri üzrə almışdır.