Bu gün sağlamlığımızı-həyatımızı qorumaq üçün yaşadığımız hadisələrin ərəfəsində və tarixin növbəti pandemiya səhifəsində geridə qoyduğumuz zamanın və gələcəyimizin önəmini anlamaq üçün səhiyyə tariximizə nəzər salmaqda fayda var. Bu illər ərzində xalqımızın keçdiyi müxtəlif və fərqli tarixi və siyasi dövrlərdə sağlamlığının qorunmasında nələrə nail olunduğunu, keçən illərin səhiyyəmizə bu yolda kimləri və nələri qazandırdığını bilmək ancaq qurur hissi yaşadır. Qeyd etmək lazımdır ki, Azərbaycanda səhiyyənin elmi mərhələsi təxmini 200 il əvvəl başlayıb. Azərbaycanın ilk Səhiyyə Nazirliyi Azərbaycan Demokratik Respublikası dövründə yaradılıb və artıq bu tarixdən 100 ildən çox vaxt ötür. Həmin dövrdə çox az sayda ziyalılarımızın cəmiyyət quruculuğu yolunda başlatdıqları maarifləndirmə hərəkatında ilk ali təhsilli həkim ziyalılarımızın iştirakı, əzm və zəhməti bu günkü səhiyyəmizin tarixi sütunlarının əsasını qoymuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində əhalinin böyük əksəriyyətinin tibb təhsilli əsl həkim əvəzinə ara həkimlərinə, mollalara, dəlləklərə, hətta falcılara müraciət etdiyi bir dövrdə ölkəmizdə səhiyyənin inkişafı üçün çalışan fədakar ziyalılarımız həm müalicə işi ilə, həm də cəmiyyətin maarifləndirilməsi ilə məşğul olurdular. Azərbaycan həkimləri və tibb işçiləri bütün dövrlərdə tibb elminin inkişafına və tibbi xidmətin səviyyəsini yaxşılaşdırmağa səy göstərirdilər və bu tarixi ənənə hümanizm, vicdan və məsuliyyət vəhdətində bu gündə davam edir.
Azərbycanda tibb elminin inkişafının ilk sələfiləri
Azərbaycanın tibb tarixi nə 100, nə 200 il əvvəl, daha qədim zamanlardan başlayır. XIX əsr həm dünyada, həm Azərbaycanda tibb elminin inkişafı baxımından qizil dövr adlandırmaq olar. Belə ki, tibbin inkişafı, elmi təbabətin yaradılması və inkişaf etdirilməsi istiqamətində ilk addımlar XIX əsrin II yarısından etibarən həmin dövrdə Rusiyanın və digər ölkələrin müxtəlif universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlərin sayəsində mümkün olub. Belə mütəxəssislərdən biri 1887-ci ildə “Ürəyin innervasiyasına dair materiallar” mövzusunda dissertasiya müdafiə edərək, doktorluq dərəcəsi almış, terapiya elminin inkişafında, difteriyaya qarşı mübarizədə və s. böyük xidmətləri olmuş Mirzə Kazım bəydir. Azərbaycanda ilk ambulator xidmətin təşkilatçısı və Bakıda ilk pulsuz müalicəxananı (poliklinikanı) yaradan, daha sonra onların sayının artırılması barədə məsələ qaldırataq, Bakı şəhərində 6 müalicəxana açılmasına nail olan M.Vəkilovdur. İlk azərbaycanlı psixiatr İ.Rəhimov, ilk ruhi xəstəliklər klinikasının təşkilatçısı Ə.Axundov, ilk sanitar həkim isə M.İ.Şərifov olub. Azərbaycan elmi cərrahlığının bünövrəsini isə Mirzə Məmmədqulu Qayıbov, Əbdülkərim Mehmandarov, Xudadat bəy Rəfibəyli qoyublar.
Tibb elmləri sahəsində tədqiqatlar əsasən, Bakı həkimlər cəmiyyətinin üzvləri tərəfindən aparılırdı. Lakin həmin cəmiyyətin kifayət qədər maliyyə vəsaitinin olmaması geniş tədqiqatlar aparılmasına imkan vermirdi. Həmin dövrdə bir sıra elmi-kütləvi əsərlər, o cümlədən N. Nərimanovun “Vəba”, “Vərəm” və başqaları nəşr edildi. Azərbaycan təbabətinin inkişafında, səhiyyə ocaqlarının, elmi-tibbi müəssisələrin təşkilində Nəriman Nərimanovun böyük rolu olub.
XX əsrin əvvəllərində azərbaycanlı gənclərin çox az hissəsi Rusiyada və digər xarici ölkələrdə təhsil ala bilirdi. Sayı çox olmayan və bu şansı qazanmış tibb mütəxəssisləri İ.Mehmandarov, K.Mehmandarov, X.Rəfibəyov, M.Axundov, M.Sultanov, M.Mirqasımov, S.Ağamirzəyev və başqaları idilər.
Həmin dövrdə Azərbaycanda elmi təbabət, kütləvi tibbi xidmət yeni-yeni təşəkkül tapırdı. Müalicə ocaqları, milli tibb kadrları çatışmadığı üçün səhiyyənin inkişafı ləngiyirdi. Belə ki, 1913-1914-cü illərdə Azərbaycanın ambulatoriya və müalicəxanalarında ümumilikdə 45 həkim çalışırdı. Onlardan cəmi 11 nəfəri azərbaycanlı mütəxəssis idi. Yalnız Bakı və Gəncə şəhərlərində müstəqil sanitar xidməti fəaliyyət göstərirdi. Təəssüf ki, əhalinin böyük əksəriyyətinin tibb təhsilli əsl həkim əvəzinə ara həkimlərinə, mollalara, dəlləklərə, hətta falcılara müraciət etdiyi bir dövrdə ölkəmizdə səhiyyənin inkişafı üçün çalışan fədakar ziyalılarımız həm müalicə işi ilə, həm də cəmiyyətin maarifləndirilməsi ilə məşğul olurdular. Bu işdə azərbaycanlı tibb kadrları ilə yanaşı, digər millətlərdən olan həkimlərin də xidmətləri böyükdür.
XX əsrin əvvəllərində Azərbaycanda səhiyyənin vəziyyəti çox acınacaqlı idi. 1910-cu ildə Bakı şəhərində 34 xəstəxana fəaliyyət göstərirdi. Bu xəstəxanalarda 41 həkim, 60 feldşer və 113 başqa tibb işçisi çalışırdı. Birinci dünya müharibəsi illərində Bakıda hərbi qospitallarla təşkil edildi. Həmin hərbi xəstəxanalarda çarpayıların sayı 5800-ə çatırdı.
Çox sayda lazaret təşkil edilməsinə baxmayaraq, səhiyyə xidmətinin zəif olması nəticəsində yoluxucu xəstəliklər baş alıb gedirdi. Mədə-bağırsaq xəstəlikləri, malyariya, traxoma, revmatizm, geniş yayılmışdı. 1910-cu ildə Bakı quberniyasının 150-yə yaxın yaşayış məntəqəsini, xüsusilə Lənkəran, Cavad, Quba və Şamaxı qəzalarını vəba xəstəliyi bürümüşdü. Azərbaycanda bir yaşınadək olan uşaqlar arasında ölüm halları Mərkəzi Rusiyada olduğundan xeyli yüksək idi. Bu, Bakıda 38 faiz təşkil edirdi. 1914-cü ildə şəhərdə “Uşaqlar arasında ölüm halları ilə mübarizə cəmiyyəti”nin sanatoriyası açıldı və uşaq xəstəxanasının tikintisinə başlandı.
Gəncədə, əsasən, “Müsəlman xeyriyyə cəmiyyəti”, “Müsəlmanlar içərisində maarifi yayan cəmiyyət” fəaliyyət göstərirdi. Burada xeyriyyə işlərinin təşkilində mühüm rol oynayanlardan biri Xarkov Universitetinin tibb fakültəsini bitirmiş gənc həkim Xudadat bəy Rəfibəyov idi. O, Həsən bəy Ağayev tərəfindən yaradılmış “Yelizavetpol tibb cəmiyyəti” ilə birlikdə çox zaman əhaliyə pulsuz xidmət edir, imkansız xəstələrə dərman almağa vəsait verirdi.
Azərbaycan ilk Səhiyyə Nazirliyi: Səhiyyənin ADR dövrü
Hər bir dövlətin varlığının təsdiqində onun vətəndaşlarının sağlığının qorunması əsas amillərdəndir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası (ADR) olduqca çətin zamanda varlığını qorumaq istiqamətində addımlar atdı. Ölkə vətəndaşlarının sağlığının qorunması üçün səhiyyənin inkişaf etdirilməsi bu baxımdan gərəkli idi. Təxminən 100 il əvvəl dünyada səhiyyə xidmətinin, təbabətin indiki dövrlə müqayisədə zəif inkişaf etdiyini nəzərə alındıqda, vəziyyətin çətinliyi aydın olur.
ADR dövründə əhalinin sağlamlığına xüsusi qayğı göstərilirdi. ADR hökumətinin fəaliyyətə başladığı zaman ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. Milli kadr olaraq nazir vəzifəsinə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyovun təyin edildi. Səhiyyə Nazirliyinin 5 əsas şöbəsi - şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri vardı. ADR hökuməti maliyyə imkanlarının son dərəcə məhdud olmasına baxmayaraq, 1919-cu ilin fevralında səhiyyənin inkişafı üçün 4,5 milyon manatdan artıq vəsait ayrılaraq, Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmətə keçilmiş, yeni müalicəxanalar, tibb məntəqələri açılmış, dərman anbarları, laboratoriya binaları tikilmiş, lazımi avadanlıqlar alınmışdı. Bakı, Gəncə, Şuşa və Lənkəranda pulsuz dövlət xəstəxanaları, 35 yeni kənd xəstəxanası, 56 feldşer məntəqəsi, şəhərlərdə apteklər açıldı. Kənd yerlərində əhaliyə tibbi yardım göstərmək məqsədilə şəhərlərdən sanitar dəstələri göndərildi.
ADR hökumətinin apardığı intensiv islahatlar prosesində qarşılaşdığı sosial-iqtisadi və siyasi problemlər onun fəaliyyətinə ciddi təsir edirdi. Səhiyyə nazirlərinin tez-tez dəyişməsi bunun təzahürlərindən biri idi. Belə ki, 1919-cu ildə səhiyyə naziri vəzifəsinə Azərbaycanda pediatriyanın əsasını qoyan Y.Gindes təyin olundu. Y.Gindes rus, alman və fransız dillərində 170-ə yaxın elmi əsərin müəllifi idi. Onun nazir olduğu dövrdə ölkənin digər bölgələrində də pulsuz xəstəxanalar açıldı, pediatriya sahəsi inkişaf etdi. Y.Gindes öz hesabına Buzovnada Sümük vərəmi sanatoriyası tikdirdi. Azərbaycan Demokratik Respublikasının sonuncu səhiyyə naziri isə M.Rəfiyev oldu.
ADR yarandığı ilk gündən səhiyyənin bütün istiqamətlərdə inkişafını sürətləndirmək üçün tədbirlər görüldü. Hökumət əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün hərtərəfli planlar işləyib hazırladı.
Azərbyacanda ilk universitetin yaradılmasında tibb alimlərinin rolu
ADR yarandığı ilk gündən iqtisadi-sosial və mədəni həyatda dönüş yaratmaq, bu sahələrdə milli kadrların həmiçinin milli təbabət kadrlarının hazırlığını genişləndirmək məsələsi ön plana çəkmişdi. Bu məqsədlə bir qrup gənc xarici ölkələrdə təhsil almağa göndərilmişdi. Ancaq bu, kifayət etmirdi. Ali təhsilli mütəxəssislərə hədsiz dərəcədə böyük ehtiyac vardı. Bu məqsədlə 1919-cu ilin sentyabrında Azərbaycanda ilk universitet - Bakı Dövlət Universiteti (BDU) təsis edildi, noyabrın 15-də Universitetdə dərslər başlandı. Universitetdə başlanğıcda iki fakültə - tarix-filologiya və tibb fakültələri fəaliyyət göstərirdi. Universitetin ilk rektoru, görkəmli cərrah, professor V.İ.Razumovski, tibb fakültəsinin ilk dekanı isə professor İ.İ.Şirokoqorov oldu.
V.İ.Razumovski və İ.İ.Şirokoqorov qısa müddət ərzində Bakıda yaşayan istedadlı və təcrübəli tibb kadrlarını BDU-da işə cəlb etdilər. Tibb fakültəsini bitirənlər arasında gələcəyin görkəmli alimləri yetişdi. Universitetin ilk məzunlarından akademik C.Əfəndiyevi, professorlar K.Balakişiyevi, Ə.Sultanovu, A.Tahirovu, A.Qarayevi, A.Sadıqovu, ilk azərbaycanlı elmlər doktorları - M.Mirqasımovu, M.Topçubaşovu, M.Sultanovu, S.Vəlixanı, A.Cəfərovu və başqalarının qeyd etmək olar.
Hökumət əhaliyə tibbi xidməti yaxşılaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün də hərtərəfli planlar işləyib hazırlamış, bununla əlaqədar qərar qəbul etmişdi. Bunlardan ən önəmlisi əhalinin sağlamlığının qorunması üçün lazımı şəraitin yaradılması və antisanitariya ilə mübarizənin gücləndirilməsi idi. Bununla yanaşı Azərbaycanda epidemiyalarla mübarizənin gücləndirilməsi, qəzalarda tibbi xidmətin yaxşılaşdırılması, onların tibbi kadrlarla və dərmanlarla təmin olunması məsələsi də diqqət mərkəzində idi.
ADR dövründə qəzalarda fəaliyyət göstərmiş 33 xəstəxananın hər birinin ştatında 1 həkim, 2 feldşer, 1 mamaça və 1 çiçək peyvənd edən işçi fəaliyyət göstərirdi. Kəndlərdə ambulator xidmətləri pulsuz aparılırdı. Mövcud kənd xəstəxanalarının və feldşer məntəqələrinin başlıca vəzifələri yoluxucu xəstələrin hospitallaşdırılması, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi olmuşdu. Respublika əhalisinin 75 min nəfərinə cəmi 1 nəfər həkim düşürdü. Respublika parlamenti vəziyyəti nəzərə alaraq 1920-ci ildə kənd xəstəxanaları şəbəkələrini genişləndirmək və bu məqsədlə 35 yeni xəstəxana və 56 feldşer məntəqəsi təşkil etmək barədə qərar qəbul etmişdi. Bunun üçün 43,3 milyon manat pul ayrılmışdı. Bu qərara əsasən Bakı quberniyasında 19 xəstəxana, 27 feldşer məntəqəsi, Gəncə quberniyasında 15 xəstəxana, 34 feldşer məntəqəsi, Zaqatala rayonunda 1 xəstəxana, 2 feldşer məntəqəsi açılması nəzərdə tutulmuşdu.
ADR dövründə qoyulmuş ənənələrinin sovet hakimiyyəti dövründə davamı, yeni quruculuq və islahatlar
ADR-in süqutu və ölkədə sovet hakimiyyətinin qurulmasından sonra yeni yaranan Xalq Səhiyyə Komissarlığı və onun səhiyyə orqanları da ADR dövründə qoyulmuş ənənələrdən bəhrələndi. ADR dövründə əsası qoyulan universitetin tibb fakultəsinin ilk məzunları 1922-ci ildə 29 nəfər olmuşdur. Komissarlığın ümdə vəzifəsi respublikada geniş yayılmış vəba, çiçək, malyariya, qarın yatalağı, qızılca kimi yoluxucu xəstəliklərlə mübarizə aparmaq idi. Bu və digər sahələrdə islahatlar aparmaq üçün səhiyyə komissarı/səhiyyə naziri vəzifəsinə 1921-ci ildə M.Qədirli təyin edildi. Onun səhiyyə komissarı kimi fəaliyyət göstərdiyi dövrdə vahid tibbi-səhiyyə sistemi yaradıldı, kadr hazırlığına, kənd səhiyyəsinin yüksəldilməsinə, qadın və uşaqlara tibbi xidmətin inkişafına və əhalinin dərman təminatının yaxşılaşdırılmasına xüsusi diqqət verildi. Bir çox qəza mərkəzlərində, böyük yaşayış məntəqələrində xəstəxanalar, ambulatoriyalar, apteklər və digər tibb müəssisələri təşkil olundu. Xalq Komissarları Sovetinin təşkili, apteklərin milliləşdirilməsi, uşaqlara pulsuz yeməklərin paylanması və əhaliyə pulsuz tibbi xidmətin göstərilməsi ilə bağlı ilk dekretlər həyata keçirildi.
Bakıda dövlət apteki və onun nəzdində dərmanların, bakterioloji preparatların, müalicə zərdablarının hazırlanması və tibbi-məhkəmə müayinələrinin aparılması üçün analitik laboratoriya təşkil olunmuşdu. Səhiyyə tibb-ocaqların dərman preparatları və tibb alətləri ilə vaxtında düzgün təmin etmək məqsədilə mərkəzi anbar təşkil olunmuşdu. Həmçinin, Bakıda yeni şəhər ambulatoriyaları işə başlamış və xəstələrə pulsuz xidmət göstərmişdi.
Azərbaycan alimlərinin yeni nəsli
Milli tibbi kadrlara, tibbin ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış elmi-tədqiqat institutlarına ehtiyac olduğunu nəzərə alaraq, Azərbaycan xalq səhiyyə komissarı M.Qədirlinin, dövlət sanitar-epidemioloji müfəttişi A.Əlibəyovun rəhbərliyi ilə 1922-ci ildə sanitar-epidemioloji təşkilat yarandı. Sonralar onun əsasında Virusologiya, Mikrobiologiya və Gigiyena Elmi-Tədqiqat İnstitutu təşkil edildi. 1923-cü ildə Bakıda Dəri-Zöhrəvi Xəstəlikləri institutu, 1926-cu ildə isə Mərkəzi Dəri-Zöhrəvi Dispanseri yaradıldı. 1927-ci ildə Ana və Uşaqları Mühafizə, 1931-ci ildə Tibbi Parazitologiya və Tropik Xəstəliklər, 1935-ci ildə Kurortologiya və Fizioterapiya, 1941-ci ildə Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutları açıldı. Qeyd edək ki, Azərbaycanın səhiyyə tarixində mühüm yer tutan hadisələrdən biri də 1930-cu ildə Azərbayan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) nəzdində fəaliyyət göstərən tibb fakultəsi universitetdən ayırılıb Səhiyy Nazirliyinin tabeliyinə verildi və həmin ildən N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (Azərbayan Tibb Universiteti) yarıdıldı və institutun ilk rektoru tanınmış ictimai xadim və xalq səhiyy komisarı M.Qədirli təyin edildi.
Azərbaycanın səhiyyə tarixində mühüm yeri olan Əziz Əliyev də bu sahədə çox ciddi fəaliyyət göstərmiş ictimai xadimdir. Belə ki, bu tədbirlərin bir çoxu onun Xalq Səhiyyə Komissarlığında əvvəl müalicə şöbəsinin müdiri, sonra isə xalq səhiyyə komissarı kimi fəaliyyətinin nəticəsidir. Onun 1932-ci ildə əsasını qoyduğu təkmilləşdirmə kursu 1935-ci ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutuna çevrildi. Hazırda Ə.Əliyevin adını daşıyan İnstitut o zaman ixtisaslı tibb kadrlarının hazırlanmasında və onların təcrübələrini artırmasında böyük rol oynadı.
Azərbaycanın ilk qadın səhiyyə naziri isə professor Kübra Fərəcova 1938-1939-cu illərdə xalq səhiyyə komissarı, 1947-50-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri olub. Tədqiqatları pediatriyanın aktual məsələlərinə həsr olunan Kübra xanım 1950-1980-ci illərdə Ana və Uşaqları Mühafizə İnstitutuna rəhbərlik edib.
Böyük Vətən Müharibəsinə qədərki dövrdə Azərbaycanda sanitariya xidmətinin yaxşılaşdırılması üçün xeyli işlər görülüb, sanitar-epidemioloji stansiyalar yaradılıb. İlk belə stansiya 1938-ci ildə Gəncədə təşkil olunub.
1937-ci ildə təşkil olunmuş Azərbaycan Əczaçılıq İnstitutu Tibb Universitetinin tərkibinə daxil edilmişdi. 1936-cı ildən təhsil ocağında ancaq iki fakültə fəaliyyət göstərirdi: müalicə-profilaktika və pediatriya, 1942-ci ildə isə sanitariya-gigiyena fakültəsi bərpa olunmuşdu.
Ön cəbhədə döyüşən, arxa cəbhədə mübarizə aparan səhiyyəmiz və qəhrəmanlarımız
1941-ci ildə İkinci Dünya müharibəsi başlananda azərbaycanlılar da SSRİ-nin tərkibində olan digər xalqlarla birlikdə müdafiəyə qalxdılar. Müharibə Azərbaycanının səhiyyəsi və tibb elmi qarşısında da çox məsul vəzifələr qoymuşdu. Mühüm problemlərdən biri ön və arxa cəbhənin ehtiyaclarını ödəmək üçün səhiyyə orqanlarının, müəssisələrin, həmçinin ali və orta tibb məktəblərinin, elmi-tədqiqat institutlarının fəaliyyətini yenidən qurmaq idi. Tibb Universitetinin elmi-pedaqoji kollektivi və tələbələri tərəfindən müharibə illərində səhiyyə işlərinə böyük kömək göstərilmişdi.
Azərbaycan Tibb Universitetinin bir çox professoru, müəllimi, əməkdaşı və tələbələri cəbhədə və evakuasiya hospitallarında fədakarlıq göstərdiklərinə görə ali mükafatlar, müxtəlif orden və medallarla təltif edilmişlər.
Tibb Universitetinin professor-müəllim kollektivi, yardımçı heyəti və tələbələri tərəfindən müharibə şəraitində nəinki mürəkkəb, eyni zamanda çoxcəhətli məsələlər müvəffəqiyyətlə həllini tapdı. 1922-ci ildən başlayaraq (birinci buraxılış) İkinci Dünya müharibəsi qurtaranadək Azərbaycan Tibb Universiteti 5825 həkim yetirmişdir. Beləliklə, həkimlərin sayı artırdı. İkinci Dünya müharibəsinin başlanğıcına yaxın universitet 3813 həkim hazırlamışdı, onlardan çoxu sonralar Sovet Ordusu sıralarında xidmət etmiş və respublikanın bir çox hospitallarında çalışmışdır.
Müharibənin ilk günlərində institut 680 həkim hazırlamışdı. Bu həkimlərin əksəriyyəti cəbhəyə göndərilmiş və orada Sovet Ordusunun polk və birləşmələrinin tibb bölmələri tərkibində işğalçılara qarşı vuruşmuşdu. Həmin illərdə universitetin professor-müəllim heyəti və əməkdaşları ön cəbhədə, ordu və korpuslarda, həmçinin hospitallarda baş mütəxəssis kimi gecə-gündüz işləmiş, yüzlərlə yaralı əsgərlərə tibbi yardım göstərmişlər
Bütün çətinliklərə baxmayaraq, universitetə qəbul hər il 1940-1941-ci illərə nisbətən 2 dəfədən çox artmışdı. Əgər 1940-1941-ci tədris ilində universitetə 486 tələbə qəbul olunmuşdursa, bu rəqəmlər 1941-1942-ci ildə 1069, 1942-1943-cü ildə 1056, 1943-1944-cü ildə 1000, 1944-1945-ci ildə isə 967 olmuşdur. İl ərzində cəbhənin ehtiyacına görə həkim və provizorlar vaxtından əvvəl, 5-ci kursdan - dövlət imtahanları vermədən buraxılırdılar. Həmin ağır illərdə tələbə qəbulunu nizama salmaq üçün universitetin əməkdaşları respublikanın ayrı-ayrı şəhər və rayonlarına gedir, gənclər arasında təbliğatlar aparır, onları həkim olmaq üçün təhsil ocağına cəlb edirdilər.
1940-cı ilin əvvəllərind 3 fakultədə 45 kafedra fəaliyyət göstərirdi. İllik tələbə qəbulu 500 nəfər idi. 1940-cı il 1 iyulda institutda 40 professor, 45 dosent, 137 assistent, 16 baş müəllim, 45 müəllim çalışırdı. Onların əksəriyyəti gənc azərbaycanlı alimlər idi. İkinci dünya müharibəs illərində institut cəbhə üçün həkim hazırlanmasına böyük yardım göstərirdi. Cəbhə bölgəsinin yaxın olmasına baxmayaraq, 1941-1944-cü illər ərzində institutda bir gün də olsa dərslər dayandırılmadı.
Müharibə şəraiti universitet alimlərindən daha yeni problemlərin həllini tələb edirdi. Professor M.Topçubaşovun təşəbbüsü ilə sovetlər itttifaqında ilk dəfə olaraq xüsusi hospitallar yaradılmışdı. Burada cəbhədən gələn yaralılar xəstəliklərin profili üzrə hospitallara göndərilir və müalicə olunurdular. Professorlar M.Topçubaşovun və M.Ammosovun (nevrologiya kafedrası) təşəbbüsü ilə N.Semaşko adına kliniki xəstəxanada cərrahiyə hospitalının bazasında ilk dəfə ixtisaslaşdırılmış neyrocərrahiyə hospitalı yaradılmışdı.
Müharibə dövründə baş verən yaralanmalar zamanı naftalandan istifadə edərək, universitetin alimləri yüksək effektli müalicə vasitəsini kəşf etmişdilər.
Epidemioloji sağlamlığı təmin etmək üçün universitetin alimləri kompleks tədbirlər sistemi hazırlayıb tətbiq etmişdilər. Bu dövrdə professor D.Hüseynov bir sıra xəstələrdə Sibir xorasının ədəbiyyatda təsvir edilməmiş formasını aşkar etmişdi. Bu isə həmin xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm rol oynamışdır.
Universitetin professoru, görkəmli alim F.Əfəndiyev bu illərdə hemotoraksin irinləməyə keçmənin qarşısını almaq üçün daha yeni üsul təklif etmişdi. Bu üsul ədəbiyyatda “Tompson - Əfəndiyev” diaqnostik sınağı adını almışdı. O, həmçinin, torakoplastikanın və qanın konservləşdirilməsinin yeni təkmilləşdirilmiş metodikalarını irəli sürmüşdü.
Bəzi elmi tədqiqatlar cəbhədə toplanmış materiallar əsasında aparılırdı. 1941-1945-ci illər ərzində Tibb Universitetində bir çoxu müharibə dövrü üçün böyük əhəmiyyətə malik olan 52 dissertasiya müdafiə edilmişdi.
Müharibə dövründə Azərbaycan ərazisindən dəniz yolu ilə Şərqə və dəmir yolu ilə Gürcüstan və Ermənistana köçürülən, faşist işğalçılarından azad olunduqdan sonra geri təxliyə olunan insanlara tibbi yardımın göstərilməsində fəal rol oynamışdı. Belə böyük insan axını olan ərazidə epidemioloji sabitliyi qoruyub saxlamaq çox vacib idi. Respublikada bu işə təşkilati rəhbərliyi patoloji anatomiya kafedrasının professorları İ.Şirokoqorov və D.Hüseynov etmişdilər.
ATU-nun alimləri mütəmadi olaraq Dağıstanda yerləşən hospitallara məsləhətlər vermək üçün ezam edilirdilər. Nəzəri kafedraların əməkdaşları hərbi-tibbi işlərdə də fəallıq göstərirdilər. Belə ki, ümumi gigiyena və fizika kafedraları Xəzər Hərbi Donanmasının tapşırığı ilə eksperimental-laborator tədqiqatları yerinə yetirirdilər. Biokimya kafedrası isə hospitallarda müvafiq biokimyəvi tədqiqatlar aparırdı. Əczaçılıq fakültəsinin əməkdaşları müharibənin başlanmasının ilk aylarından dərman vasitələrinin istehsalını təşkil etmişdilər. Azərbaycanın və digər respublikaların tibb müəssisələri əsasən yerli xammaldan alınmış kimya-əczaçılıq, bakteriya preparatları, dezinfeksiya vasitələri və konservləşdirilmiş qan ilə təmin olunmağa başlamışdılar.
Böyük Vətən müharibəsindən sonra müharibə əlillərinin reabilitasiya məsələləri çox aktual idi. Bunun üçün 1946-cı ildə Ortopediya və Bərpa Cərrahiyyəsi Elmi-Tədqiqat İnstitutu yaradıldı.
50-ci illərdə respublikada geniş yayılan yatalaq, brusellyoz, göbələk kimi xəstəliklərin qarşısının alınması üçün Səhiyyə Nazirliyi tərəfindən plan hazırlandı, profilaktik tədbirlər həyata keçirildi.
Azərbaycan səhiyyə işçiləri bütün dövrlərdə tibbi xidmətin səviyyəsini yaxşılaşdırmağa səy göstərirdilər. Azərbaycan səhiyyəsi qeyd edilən mərhələlərdən keçə-keçə inkişaf edirdi.
Tibb tariximizin sonrakı dövrlərində tibb elminə müstəsna töhfələr verən Məhbubə Mahmudbəyova, Tamerlan Əliyev, Zəhra Quliyeva, Böyükkişi Ağayev, Mirməmməd Cavadzadə, Zərifə Əliyeva, Adilə Namazova, İbrahim Topçubaşov və adını qeyd etmədiyimiz onlarla ziyalı özünəməxsus yer tutub.
60-70-cı illərin sonlarından etibarən Azərbaycanda səhiyyə və mədəniyyətdə ciddi inkişaf dövrü başladı. Yeni səhiyyə ocaqları - Urologiya Xəstəxanası, Diaqnostika Mərkəzi, Neyrocərrahiyyə Mərkəzi, Toksikoloji Mərkəz, Ailə Planlaşdırması Mərkəzi və sair tibb müəssisələri yaradıldı, ən müasir aparatlarla təchiz edilməsi və əhalinin istifadəsinə verildi. Milli Onkologiya Mərkəzinin yeni korpusunun və Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun yeni kompleksinin tikintisinə başlandı. Həmçinin, əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılması və s. həyata keçirildi.
Yeni tipli, müasir avadanlıqlarla təchiz edilmiş bu tibb müəssisələrində çalışmaq üçün yüksək ixtisaslı tibb kadrları tələb olunduğu üçün bir qrup gənc Azərbaycan həkim və alimlərinin Moskva və digər şəhərlərə aspirantura və doktoranturaya göndərildi.
Azərbaycan səhiyyəsində yeni mərhələ
Sovet İttifaqı dağıldıqdan sonra səhiyyədə radikal islahatların həyata keçirilməsi üçün zəruri olan qanunvericilik bazası təkmilləşdirildi. Səhiyyədə yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, təbabətin sosial əhəmiyyətli sahələrində milli fəaliyyət proqramlarının qəbul edilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün Azərbaycan səhiyyəsinin əsas inkişaf istiqamətlərindəndir. Azərbaycan səhiyyəsi qeyd edilən mərhələlərdən keçə-keçə inkişaf edirdi və bu proses davam etməkdədir.
Qeyd edək ki, 1922-ci ildə universitetin tibb fakultəsinin 29 məzunundan yalnız 3 nəfəri azərbaycanlı olmuşdur. Tibb fakultəsini 1923-cü ildə 82, 1924-cü ildə 213, 1925-ci ildə 221 məzun bitirmişdir. 1922-1925-ci illərdə tibb fakultəsini bitirən 546 nəfərdən 80 nəfəri azərbaycanlı olmuşdur. Bundan sonra 70-ci illərdə Azərbaycan Tibb İnstitutunun 756 məzunundan 528 nəfəri azərbaycanlı olmuşdur. 1920-ci ildə professorlar arasında bir nəfər azərbaycanlı olmadığı halda, 50 ildən sonra 68 professordan 59 nəfəri azərbaycanlı olmuşdur. Tibb elminin sürətli inkişafı qeyd edilən rəqəmlərində artmasına təkan verdi və bu gün tibb elmi üzrə yüzlərlə professor, on minlərlə həkim və tibb işçilərimiz fəaliyyət göstərməkdədir.
Hal-hazırda həm dövlət, həm özəl tibb müəssisələrində minlərlə səhiyyə işçiləri çalışır. Azərbaycanda və xaricdə təhsil alan minlərlə həkimlərimiz və tibb işçiləri bu gün saysız xəstəliklərlə mübarizədə bizi qoruyan qəhrəmanlardır. Əgər təxmini olaraq 100 il əvvəl 75 min nəfərə 1 həkim düşürdüsə və Azərbaycanda 35 yaxın xəstəxana var idisə bu gün-2019-cu ilin statistikasına əsasən Azərbaycanda 32 485 həkim fəaliyyət göstərir. Əhalinin hər 10000 nəfərinə düşən hakim sayı isə 32-dir. 2019-cu ilin göstəricilərinə əsasən Azərbaycanda 563 xəstəxəna fəaliyyət göstərir. Həmin xəstəxanalardakı çarpayıların sayı isə 45 minə yaxındır.
Göründüyü kimi təşəkkül tapdığı dövrlərdən başlayaraq, indiyə qədər tibb elmi son dərəcə intensiv inkişaf edən elm sahələrdən biri olmuşdur. Bu sahədə fəliyyət göstərən alim həkimlərimiz xalqın sağlamlığının keşiyində durmaqla yanaşı, tibb elminin inkişafına böyük töhfələr vermişlər. Hazırda Azərbaycan tibb elminin dünya tibb elminə inteqrasiya etməsi sahəsində böyük işlər görülümüşdür. Müntəzəm olaraq Respublikamızda tibbin ayrı-ayrı sahələrinə dair beynəlxalq konfranslar keçirilir. Azərbaycan alimləri başqa ölkələrdə keçirilən dünya miqyaslı konfranslarda, elmi-tibbi tədbirlərdə ölkəmizi layiqli təmsil edirlər. Ölkəmizdə tibb təhsili, tibbi yardım, səhiyyənin təşkili ciddi elmi əsaslara söykənərək inkişaf edir. Xaricdə təhsil almış minlərlə həkimlərimiz bu gün Azərbaycan səhiyyəsinin inkişafı və xalqımızın sağlam gələcəyi üçün əzmlə fəaliyyət göstərirlər.
Bu kiçik araşdırma ilə 19-cu əsrin sonlarından başlayarq bu günə qədər olan tarixi dövrlər üzrə səhiyyəmiz və həkimlərimizin fəaliyyətinə ümümi baxış əsasında Azərbaycanda tarixi varislik səhiyyəmizin bərqərar olmasında özünü göstərir.
İstifadə edilən mənbələr:
http://anl.az/down/AXC(biblioqrafiya).pdf
https://www.stat.gov.az/source/healthcare/
http://elibrary.bsu.az/yenii/ebookspdf/Az_XX_esrin_evvellerinde.pdf
http://static.bsu.az/w8/Tarix%20ve%20onun%20problem/2011%20%201/67-70.pdf
http://www.amu.edu.az/az/library/2151