2019-2020-ci illər dövlət həyatında geniş islahatlar ili kimi xarakterikdir. Keçmiş siyasi kursu qorumaqla yanaşı, islahatlar dövlət həyatında yeni keyfiyyət müstəvisinə keçidin, idarəçilik aparatında çağdaş təfəkkürün və dövlətçilik tariximizdə yeni dövrün başlanğıcıdır.
Beynəlxalq aləmdə informasiya erasının növbəti fazası süni intellekt və rəqəmsal texnologiyanı cəmiyyət həyatının ayrılmaz parçasına çevirərkən, cəmiyyətin inkişaf dinamikası dövlət təsisatının ayrı-ayrı elementlərinin dəyişən yeni tələblərə cavab verməsini şərtləndirir. Süni intellekt və texnologiyanın geniş tətbiqi dövlət-vətəndaş münasibətlərini fərqli müstəviyə daşımaqla yanaşı, dövlətçilik fəlsəfəsini də dövrün tələbinə uyğunlaşdırmış olur. Həmçinin iqtisadi sferadakı tələblər, qlobal böhran dalğaları inzibati islahatları müəyyənləşdirən bazis rolunda çıxış edir. Lakin bununla belə, dünya praktikasında islahatların dövrün ruhuna uyğunlaşma baxımından üstqurum təşəbbüsündə formalaşıb sosial-iqtisadi sferanın alt qatlarına doğru yayıldığı nümunələrə də rast gəlinir. Bu mənada sosial-iqtisadi tələb faktorlarının istisna olunduğu mühitdə islahatların aparıcısı kimi təzahür edən siyasi iradə eyni zamanda ictimai formasiyanın əsas mütərəqqi qüvvəsi rolunda çıxış edir. İnkişaf dinamikasının hərəkətverici rolunun dövlət tərəfindən təmin edilməsi ənənəvi cəmiyyətlərdə dövlət siyasətinin şərhinin mütəmadi olaraq ictimaiyyətə çatdırılmasını, müntəzəm maarifləndirmənin aparılmasını zəruri ehtiyaca çevirir.
Bu kimi formasiyalarda dövlət siyasətinin, bütövlükdə dövlət ağlının ictimai proseslərdəki rolu cəmiyyət daxilində hər zaman dərk olunmadığı kimi bəzən layiqincə də qiymətləndirilmir. Məhz ölkəmizdəki islahatlar kontekstindən yanaşsaq, islahatların irəli gəldiyi zərurətlərin və icrasının mümkün nəticələrinin siyasi şərhçilər, media-mətbuat nümayəndələri və digərləri tərəfindən yetərli arqumentlərlə ictimaiyyətə çatdırılmaması yaxud maarifləndirmənin zəif aparılması kimi məqamlar fərqli maraq dairələrinin əlində yeni imkanlara, fürsətlərə çevrilir. Bu halda həqiqi mahiyyətindən kənar, subyektiv və dar çərçivədə, şəxsi intriqa və maraq toqquşması zəminində təqdim edilərək gözdən salınmağa çalışılan islahatlar əslində istər dövlət idarəçiliyində qlobal çağırışlara adekvatlıq və təhlükəsizlik nöqteyi-nəzərindən, istər güclü dövlət və səmərəli idarəçilik paradiqmasına keçid prizmasından, istərsə də əhalinin dəyişən tələblərilə səsləşmək baxımından öz əhəmiyyətini qoruyur və mütərəqqi mahiyyət daşıyır.
Görülən tədbirlərin islahat mahiyyəti daşımadığı kimi çağırışlara cavab kimi qeyd olunmalıdır ki, bir anlayış olaraq islahatla idarəçilik sisteminin struktur, kadr, maliyyə və hüquq elementlərinin mövcud iqtisadi-siyasi bazisi köklü surətdə dəyişmədən yeniləşdirilməsi, yaxud dəyişən bazisin tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Dünya təcrübəsində iqtisadi-siyasi bazisin əsas prinsiplərini və bunun ictimai həyatda doğurduğu münasibətlər sistemini köklü surətdə dəyişməyə yaxud ortadan qaldırmağa yönəlmiş hərəkatlar inqilabi mahiyyət daşıyarkən, həmin prinsiplərə sadiqlik çərçivəsində idarəçilik sisteminin yuxarıda sayılan elementlərinin yenidən qurulması və buradan irəli gələn münasibətlər sisteminin yenidən şəkilləndirilməsi islahat (reform) kimi qəbul olunur
Son yüz illik tarixi keçmişimizə nəzər saldıqda, milli dövlət quruculuğu sahəsində müasir tələblərlə səsləşən Xalq Cumhuriyyətinin az sayıda ictimai-siyasi xadimin timsalında xalqın mütərəqqi prinsiplərə, sivil qaydalara sadiqliyinin ifadəsi olduğu görünür. Bu ənənənin davamiyyəti baxımından fərqli ideoloji xətti və inqibali mahiyyəti ilə seçilən sovet hakimiyyəti illəri ləngiməyə yol açsa da, müstəqilliyin və sabitliyin əldə olunması ilə dövlət tərəfindən tutulan islahatçı yol yenidən dövrün tələblərinə uyğunlaşma istiqamətində oldu. Yetmiş illik sovet ənənəsindən imtina yaxud dövrün tələblərinə uyğunlaşma bir addımla qeyri-mümkün olduğu üçün mərhələli keçid təmin olundu. Bu mənada müasir dövlət quruculuğunun inzibati istiqamətində aparılan islahatlar xarakterik əlamətlərinə görə müxtəlif dövrlər üzrə fərqləndirilə bilər.
Müstəqillikdən sonra, 2003-cü ilə qədər on illik dövr milli dövlət quruculuğu sahəsində zəruri təşkilati-hüquqi strukturun yaradılması istiqamətində ardıcıl və prinsipial kursun həyata keçirilməsi ilə səciyyələndi. İctimai-siyasi sabitliyin qorunması və iqtisadi müstəqilliyin əldə olunması fonunda bu illər ərzində geniş islahatlar həyata keçirildi. Məhz inzibati islahatları təmin etmək məqsədilə dövlət başçısının fərmanı ilə “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyası” yaradıldı. Komissiya öz fəaliyyəti dövrü ərzində əsas istiqamətlərdən biri kimi beynəlxalq praktikaya cavab verən idarəetmə sisteminin və hüquqi bazanın yaradılmasını təmin etdi.
2003-cü ildən başlayan on beş illik dövr yaradılan təşkilati-hüquqi strukturun modernizasiyası istiqamətində aparılan islahatlarla səciyyələndi. Bu dövr idarəçilik sahəsində elektron hökumət sisteminə keçidin təmin olunması, dövlət qulluğu sisteminin müasir əsaslarla yenidən qurulması, anti-korrupsiya tədbirlərinin gücləndirilməsi və idarəçilik strukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən müxtəlif dövlət proqramları ilə yadda qaldı. Həmçinin regional inkişaf və yoxsulluğun azaldılması istiqamətində icrasına başlanan proqramlar həmin dövr üçün xüsusi əhəmiyyəti baxımından vurğulanmalıdır.
Bu dövlər ərzində aparılan islahatlar üzərində ayrı-ayrılıqda təfsilatlı olaraq dayanmaq mümkündür. Bununla belə həmin islahatlar zəruri təşkilati-hüquqi strukturun təminatı baxımından bənzərdir və bütövlükdə biri-birini tamamlayır. İslahatların növbəti mərhələsi isə əvvəlki dövrlərdən özünəməxsus xarakterik xüsusiyyəti və daşıdığı yeni tarixi missiya etibarilə fərqlənir.
Belə ki, 2018-ci il dövlət həyatında həm növbəti Prezident seçkiləri və yeni islahatlar dövrünün başlanğıcı ilə, həm də dövlət miqyasında keçirilən Xalq Cumhuriyyətinin yüz illiyi tədbirləri ilə əlamətdar oldu. Fərqli tarixi qütblərdəki uzaqlıqlar kimi görünən hər iki hadisə əslində müasir prinsiplərlə uzlaşan dövlət quruculuğu və yeni idarəçilik ənənəsinin başlanğıcı olma etibarilə paralel əhəmiyyətlilik içərisindədir. Bu yeni mərhələnin özünəməxsus xarakterik xüsusiyyətinin izahı beynəlxalq praktikada iqtisadi sistemin dəyişən şərtlərinə dövlət idarəçiliyinin verdiyi reaksiyalara və bu sahədəki son tendensiyalara nəzər salmağı zəruri edir.
Qlobal böhran dalğalarının ölkələr səviyyəsində neqativ təsirlərindən, yol açdığı problemlərdən dövlət idarəçiliyində, ümumilikdə idarəçilik paradiqmasında ciddi islahatlara gedərək çıxmaq demək olar ki, zəruri tarixi təcrübəyə çevrilib. Bu mənada, XX əsrin sonlarında baş verən “neft böhranı” göstərdi ki, dövlət aparatının böyüməsi, dövlətin fəaliyyət sahəsinin genişlənməsi və büdcə xərclərinin kəskin şişməsi, buradan irəli gələrək nəzarət imkanlarının məhdudlaşması və korrupsiya hallarında artım, bir sözlə mövcud sistemin ləng işləməsi və dövrün tələblərinə cavab verə bilməməsi kimi “simptomlarla” müşayiət olunan “bürokratik xəstəlik” atılmalı təcili təxirəsalınmaz addımları, ciddi islahat paketlərini zəruri edir. Ümumilikdə həmin dövr üçün dövlət-özəl sektor-vətəndaş cəmiyyəti triosunu, həmçinin bərabərliyini təmin edərək qabaqcıl ölkələr sadalanan problemlərdən dövlətin fəaliyyət sahəsini daraldaraq, idarəçilik aparatını minimallaşdıraraq, ictimai nəzarət imkanlarını genişləndirərək və iqtisadi sahədə özəl sektorun fəaliyyətini təşviq edərək çıxa bildilər. Bununla belə, XXI əsrin astanasında qarşıya çıxan yeni qlobal böhran islahatların minimallaşdırdığı “köhnə” elementin nəzərdən qaçırılan fərqli bir xüsusiyyəti baxımından əhəmiyyətini qabartdı. Belə ki, fəaliyyət sahəsinin daraldılması fonunda zəifləyən dövlət təsisatları təkcə milli, həmçinin qlobal təhlükəsizliyi təhdid edən və nəticələri günümüzə qədər davam edən müxtəlif radikal-terrorist qruplaşmaların çoxalması ilə nəticələnmədi, həmçinin “minimal dövlət”-in məhdudlaşdırılan müdaxiləsi böhranın dərinləşməsinə yol açması baxımından da ciddi müzakirə predmetinə çevrildi. Bu isə öz növbəsində dövlət sektorunda yeni islahatlara olan zərurəti ortaya qoyurdu. Beləliklə, mövcud böhranın aşılması təşəbbüskarlıq rolu və tənzimləyici təsir imkanları artırılan “güclü dövlət” modelinə keçidi şərtləndirdi. Buradan irəli gələrək qabaqcıl ölkələr inzibati sahədə “güclü”, iqtisadi sferada tənzimləyici, sosial sferada məsuliyyət bölgüsə əsaslanan, həmçinin özəl sektor təcrübəsini mənimsəyən “səmərəli” dövlət modelinə keçid yolunu tutdu.
Bu qısa xronologiya ölkəmizdəki təcrübəyə işıq tutmaqla, islahatlar tendensiyasının beynəlxalq praktikanın konseptual əsasları istiqamətində olduğunu göstərir. Məlum olduğu kimi, 2014-cü il ərzində dünya bazarında neftin qiymətində kəskin azalma və qlobal böhran dalğaları ölkə iqtisadiyyatına təsirsiz ötüşmədi. Neftdən asılılığı azaltmaq, iqtisadiyyatı şaxələndirmək məqsədilə növbəti illər ərzində qeyri-neft sektorunun inkişafına diqqət ayrıldı və ölkə rəhbərliyi bu sahəni bilavasitə nəzarətində saxladı. Həmçinin 2015-ci il ölkədə milli təhlükəsizlik sahəsindəki zəif nöqtələrin aradan qaldırılması ilə yadda qaldı. Bununla belə islahatlar məhz sadalanan qeyri-müəyyənliklərin nəticəsi deyildi və bunlarla da məhdudlaşmadı.
2018-ci ilin Prezident seçkilərinin nəticələri rəsmiləşdikdən sonra ictimaiyyət qarşısındakı çıxışı zamanı dövlət başçısı tərəfindən əsas konturları vurğulanan və geniş müzakirə predmetinə çevrilən islahatlar müasir qlobal çağırışlardan və milli siyasi təşəbbüsdən irəli gələrək dövlət həyatında yeni dövrün əsasını qoydu. Seçkidən əvvəlki il vitse-prezidentlik institutunun təsis olunması islahatların aparılacağı müstəvidə siyasi təhlükəsizliyin möhkəmləndirilməsinə, bütün istiqamətlərdə qətiyyətli və konkret addımların atılmasına təkan verdi.
2018-ci ilin yekunlarına dair keçirilən iclasda ölkə başçısının köhnə və şişirdilmiş strukturun çevik, yığcam, səmərəli, məqsədyönlü strukturla dəyişdiriləcəyi istiqamətində vurğuladığı məqamlar bu mənada idarəçilik sahəsindəki müasir qlobal tendensiyaları özündə ehtiva edir. Dövlət idarəçiliyində güclü dövlət və səmərəli idarəçilik fazasına keçid məqsədilə 2019-cu ilin əvvəlindən başlayan və hazırda davam edən institutsional islahatlarla qeyri-effektiv qurumlar qurumlar ləğv edildi, bəziləri birləşdirildi, digərlərində isə daxili struktur dəyişiklikləri həyata keçirildi. Beləliklə, şişirdilmiş dövlət aparatının həcmi beynəlxalq meyarlara uyğun, optimal səviyyəyə çəkildi və təkmil formada yenidən quruldu.
İnstitutsional islahatlarsəmərəli komandanın formalaşdırılması istiqamətində aparılan kadr islahatları ilə möhkəmləndirildi. Növbəti mərhələdə struktur və kadr islahatlarının miqyası maliyyə-bank sferasını əhatə edən formada genişləndirildi. Ölkəmizdə “güclü dövlət” modelinə keçid bu modelin dünya praktikasında xarakterik xüsusiyyəti kimi qəbul olunan güclü vergi və gömrük yığım siyasəti timsalında özünü göstərdi. Həmçinin “Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam siyasi iradənin “səmərəli idarəçilik” paradiqmasına keçidlə bağlı məramının aydın təzahürü oldu.
Kölgə iqtisadiyyatına qarşı sərt tədbirlər və əlavə vergi yığımı hesabına toplanan vəsait dövlətin sosial siyasətinin gücləndirilməsinə yönəldildi, dörd milyondan çox vətəndaşı əhatə edən sosial paketlər həyata keçirildi, həmçinin əhalini narahat edən problemli kreditlər öz həllini tapdı. İslahatlara ictimai rəyi öyrənmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən sorğu əhalinin mütləq əksəriyyətinin islahatları dəstəklədiyini və ölkə rəhbərliyinə etimadın tam olduğunu göstərdi. Bununla belə islahatlar təkcə ictimai rəydə deyil, həmçinin dövlətin müxtəlif beynəlxalq indekslərdə mövqelərinin möhkəmləndirilməsi ilə nəticələndi.
İdarəçilikdə yeni paradiqmaya keçidin kompleks yanaşma tələb etməsi, islahatlara hüquqi dəstək və adekvatlıq baxımından yerli özünüidarəetmə sisteminə seçkilərin ardından, qanunvericilik hakimiyyətinin yeni konfiqurasiyada fəaliyyəti gündəmə gəldi. Keçirilən növbədənkənar Parlament seçkiləri və Milli Məclisin yeni tərkibdə fəaliyyəti hakimiyyətin bu qolunun üzərinə düşən yeni vəzifələrin icrasından irəli gəlirdi. Bu baxımdan ölkə başçısının Milli Məclisin ilk iclası zamanı qeyd etdiyi fikirlər – “Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır” –qoyulan vəzifələrin əsas konturlarını müəyyənləşdirir.
Bu illər ərzində struktur, kadr, maliyyə və hüquq sahəsində aparılan islahatlar müəyyən mənada ötən illərki islahatların davamı kimi şərh oluna bilər. Lakin yeni dövr dövlət idarəçiliyinə məhz yeni siyasi mədəniyyətin daşınması, yeni keyfiyyət müstəvisinə keçidin başlanması etibarilə ötən dövrlərdən fərqlənir. Yeni keyfiyyət müstəvisinə keçid və dövlət idarəçiliyinin yeni siyasi mədəniyyət üzərində qurulması həm mərkəzi, həm də yerli icra qurumlarını əhatə etməklə, yüksək təhsili, bilik və bacarığı, yenilikci mövqeyi ilə seçilən peşəkar və əsasən gənclərdən ibarət yeni komandanın yüksək postlara təyinatı, islahatlara müqavimət göstərən müxtəlif qüvvələrin vəzifələrdən kənarlaşdırılması nümunəsində özünü göstərir.
Dünyanın nüfuzlu təhsil ocaqlarında formalaşmış kadrların dövlət aparatına cəlb olunması, həmçinin intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbərşəxslərin müəyyən edilməsi məqsədilə müsabiqənin təsis olunması dövlət başçısının bu istiqamətdəki – “Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?” –mövqeyini əks etdirir.
Diqqət çəkən digər məqam kimi, yeni siyasi komanda üzvlərinin nəinki dövlət, eləcə də özəl sektor idarəçiliyində uğur qazanmış şəxslər sırasından seçilməsi, özəl sektora aid idarəçilik mədəniyyətinin, siyasi təsirlərdən uzaq menecer-texnokratiya təcrübəsinin dövlət sektoruna daşınması, bu mənada idarəçiliyə dövlət-özəl sektor dilemmasını aşan yeni perspektivdə yanaşılması beynəlxalq praktikada idarəçiliyə həm dövlət, həm də özəl sektoru əhatə edən universal proses kimi baxılma tendensiyasını özündə əks etdirir.
Dövlət idarəçiliyində özəl sektor ağlının iştirakı ləngidici prosedurların azaldılması və elastikliyin artırılması, svot analizlərin, monitorinq və qiymətləndirmələrin aparılması, fəaliyyətin müxtəlif mərhələlərində şəffaflıq və hesabatlılığın təmin olunması, xidmət sahələrinin vətəndaşyönümlü qurulması kimi yeni tələblərlə xarakterizə olunur. Özəl sektorla yaxın əməkdaşlıq, eyni zamanda sosial məsuliyyət bölgüsündə birgə iştirak, vətəndaş cəmiyyətinin nəzarət imkanlarının artırılması, məmur-sahibkar münasibətlərində yeni standartların müəyyənləşdirilməsi ilə özünü göstərir.
Struktur, kadr, maliyyə və hüquq istiqamətindəki islahatlar təkcə mərkəzi hakimiyyət orqanları ilə məhdudlaşmır, eyni zamanda yerli icra hakimiyyəti orqanları qarşısında yeni tələblər qoyur. Yeni dövrün diqqət çəkən məqamları arasında, dövlət başçısının iş otağından dialoqların efir məkanına ötürülməsi, mərkəzi və yerli icra orqanlarının məmurlarına ictimaiyyətin gözü qarşısında çağırışlar edilməsi və tapşırıqlar verilməsi onların icrası baxımından cəmiyyət qarşısında da taleyüklü vəzifələr yaradır.
İctimai iştirakçılıq mexanizminin formalaşdırılması, qurumlar yanında ictimai şuraların yaradılması vasitəsilə cəmiyyətin dövlət quruculuğunda rolunun artırılması istiqamətində atılan addımların nəticə verməsi insanlarların öz mövqeyində, şüurunda adekvat dəyişikliklərə getməsini şərtləndirir. Bu bir reallıqdır ki, bəzən cəmiyyət üzvlərinin şəxsi maraq və təcrübə əsaslı fərdi dünyagörüşü ancaq ictimai formasiyanın yuxarı qatlarına doğru ümumdövlət maraqları kimi şəkillənir. Fərdi maraqlarını ümumi fayda kontekstində təbliğ edərək ictimai şüuru yönləndirməyə çalışanlar ictimai deqredasiyaya apararkən, fərdi maraqların ictimai maraq istiqamətində uzlaşması və cəmiyyətin dövlətçilik ruhunda birləşməsi ilə bu çərçivədə həyata keçirilən dəyişikliklər ümumilli inkişafa stimul vermiş olur. Bunun yaxın keçmişdəki nümunəsi kimi növbədənkənar Parlament seçkiləri və seçki sonrası mühitdə özünü göstərən, əslində fərqli mahiyyəti, xətti ilə seçilən müxtəlif cərəyanların fərdi maraqlarını iqtidar mübarizəsinə daşıması cəmiyyət daxilindəki bu kimi qüvvələrin siyasi baxışının yetkinləşmədiyini göstərir.
Bununla belə, dövlət-cəmiyyət təmaslarının artırılması istiqamətində siyasi iqtidarın qurumlar qarşısında qoyduğu tələblər aydındır. Siyasətin destruktiv deyil, sağlam zəmin üzərində canlandırılması baxımından icra orqanının siyasi partiya rəhbərləri ilə görüş təşəbbüsü və partiyarlararası dialoqun formalaşdırılması cəhdləri, müxtəlif partiya mənsublarının hakimiyyətin qanunverici və digər qollarında vəzifələrə gətirilməsi siyasi mübarizənin bərabər şərtlər altında və təhlükəsiz çərçivədə aparılması baxımından humanist addımlar kimi xarakterizə olunur.
Dövlət başçısının Milli Məclisin yeni tərkibdə iclası zamanı qeyd etdiyi fikirlər də bu istiqamətdəki məramını əks etdirir: “Əlbəttə, deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur.”