Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının artım tempinə dair...

03.08.2022

Beynəlxalq Valyuta Fondu qlobal iqtisadiyyatın inkişaf perspektivlərinə dair il ərzində 4 dəfə təqdim etdiyi hesabatın iyul sayını açıqlayıb. Hesabatda ilin sonuna dünya iqtisadiyyatının artım tempinin aprel proqnozlarına nəzərən 0.4 azalaraq 3.2% olacağı təxmin edilir.

Ötən rübün hesabatında yer alan göstəricilərlə müqayisədə artım gözləntilərini inkişaf etmiş ölkələr üzrə 3.3%-dən 2.5%-ə, inkişaf etməkdə olan ölkələr üzrə isə 3.8%-dən 3.6%-ə endirən Fond cari ildə sənaye ölkələri qrupundan ən az artımın Almaniyada qeydə alınacağı gözləntisindədir.

 https://www.imf.org/-/media/Images/IMF/Publications/WEO/2022/July/English/weo-jul-22-eng.ashx

Ümumiyyətlə, müharibə və daha sərt monetar siyasət səbəbilə Avropada reytinqlərin əhəmiyyətli dərəcədə aşağı düşəcəyini proqnozlaşdıran qurum birlik coğrafiyası üzrə 0.3 bənd aşağıyönlü düzəliş etməklə cari il üçün 2.5% artım gözləyir. İlin əvvəli qeydə alınan geriləmə, həmçinin ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin azalması və daha sərt pul siyasəti ilə müşahidə olunan ABŞ-da isə ilin sonuna böyümə təxminləri 1.4 bənd azaldılaraq 2.3%-ə endirilmişdir ki, bu da İEÖ ölkə qrupları üzrə ən yüksək düzəliş deməkdir. Daha çox “lockdown” və dərinləşən daşınmaz əmlak sektoru böhranı ilə müşayət olunan Çin üçün gözləntilər isə 1.1 bənd endirilərək 3.3% səviyyəsində proqnozlaşdırılır.

https://www.imf.org/-/media/Images/IMF/Publications/WEO/2022/July/English/weo-map-social-jul-2022.ashx

Ərzaq və enerji qiymətləri, eləcə də davamlı tələb-təklif balanssızlığı səbəbindən yenidən nəzərdən keçirilən qlobal inflyasiya səviyyəsinin il sonuna İEÖ-lərdə 6.6%, İEOÖ-lərdə 9.5%-ə yüksələcəyi gözlənilir. Sənəddə həmçinin gələn il dezinflyasiyaya əsaslanan pul siyasətinin qlobal məhsul istehsalını cəmi 2.9% artıracağı gözləntisi də yer almışdır.

Fond davam edən müharibənin Rusiyanın Avropaya qaz idxalını qəfil dayandırması, gözləniləndən daha sıx əmək bazarı fonunda yüksələn inflyasiyanın qarşısının alınması, daha sərt maliyyə şərtlərinin iqtisadiyyatlarda borc sıxıntısına səbəb olması, yenidən COVİD-19 yoluxmaları və kilidləmələr, Çindəki əmlak sektoru böhranının yayılması və geosiyasiyası parçalanmanı beynəlxalq ticarət və əməkdaşlıqlara mane ola biləcək mümkün risklər qismində təsnifləşdirir.

Artan qiymətlərin dünya miqyasında həyat standartlarını sıxışdırmağa davam etdiyi bir şəraitdə inflyasiyanın ram edilməsinin siyasətçilər üçün bir nömrəli prioritet olmalı olduğunu vurğulayan BVF-nun tövsiyyə və xəbərdarlıqları isə bunlardan ibarətdir:

-daha sərt pul siyasəti qaçınılmaz olaraq real iqtisadi xərclərə səbəb olacaq, lakin gecikmə onları daha da gücləndirəcək;

-məqsədli fiskal dəstək ən həssas təbəqəyə təsirin azaldılmasına kömək edə bilər, lakin dezinflyasiyaya səbəb olan ümumi makroiqtisadi siyasət mövqeyinə ehtiyac olduğu üçün bu cür siyasətlər artan vergilər və ya aşağı dövlət xərcləri ilə kompensasiya edilməlidir;

- maliyyə sabitliyinə daha sərt təsir göstərəcək monetar şərtlər makroprudensial alətlərdən ağıllı istifadəni və borcların həlli çərçivələrində islahatların aparılmasını tələb edir;

-enerji və ərzaq qiymətlərinə spesifik təsirləri aradan qaldırmaq üçün tənzimləmələr qiymətləri təhrif etmədən ən çox təsirlənənlərə yönəlməlidir;

-pandemiya davam etdikcə, gələcək variantlardan qorunmaq üçün peyvənd nisbətləri artmalıdır;

-nəhayət, iqlim dəyişikliyinin azaldılması emissiyaları məhdudlaşdırmaq və yaşıl keçidi sürətləndirmək məqsədilə investisiyaları artırmaq üçün təcili çoxtərəfli tədbirlər tələb etməyə davam edir.

Hesabatın tam mətni ilə Beynəlxalq Valyuta Fondunun rəsmi internet səhifəsindən tanış olmaq mümkündür.


Pünhan Musayev