"Levada" Sorğu Mərkəzi Rusiya əhalisinin Qərbin sanksiyalarına münasibəti ilə bağlı yeni sorğu keçirib.
Sorğunun nəticələri göstərir ki, may ayında Qərbin Rusiyaya qarşı sanksiyaları ilə bağlı rusların narahatlığı azalıb. Sanksiyaların tətbiqinin ilk şoku artıq keçib. Müxtəlif məhdudiyyətlər arasında respondentləri ən çox Rusiyanın xaricdəki ehtiyatlarının dondurulması, gəncləri isə daha çox “Visa” və “Mastercard”ın işinə qoyulan məhdudiyyətlər və Qərb brendlərinin ölkədən çıxması narahat edir.
Respondentlər qiymət artımını sanksiyaların əsas nəticəsi hesab edirlər. Eyni zamanda, rəyi soruşulanların dörddə üçü hesab edir ki, Rusiya sanksiyalara baxmayaraq, siyasətini davam etdirməlidir.
May ayında sanksiyalarla bağlı narahatlıq mart ayı ilə müqayisədə bir qədər azalıb: Sanksiyalar respondentlərin 29%-ni qətiyyən narahat etmir (martda bu göstərici 23% olub). Rəyi soruşulanların 32%-i sanksiyalardan bir qədər narahatdır (martda 30%). Sanskiyalardan olduqca narahat olanlar 21% (martda 27%), çox narahat olanlar isə 17% (martda 19%) təşkil edir. Bununla belə, sanksiyalarla bağlı narahatlıqlar hələ ötən ilin dekabrında olduğundan daha yüksəkdir.
Müxtəlif məhdudiyyətlər arasında respondentləri ən çox Rusiyanın qızıl-valyuta ehtiyatlarının və xaricdəki dövlət əmlaklarının dondurulması (49%) narahat edir. Rusiya mədəni tədbirlərinin ləğvi və bəzi rus sənətçilərinin xarici teatrlardan qovulmasından narahatlıq keçirənlərin göstəricisi 28%-dir. Qərb şirkətlərinin Rusiyadan çəkilməsi və Rusiyaya xarici malların tədarükünə məhdudiyyətlər respondentlərin 27%-ni düşündürür.
Mart ayı ilə müqayisədə sanksiyaların özləri və ailələri üçün problem yaratdığını qeyd edən respondentlərin xüsusi çəkisi azalıb. Respondentlərin 5%-i sanksiyaların özü və ailəsi üçün çox ciddi (martda - 7%), 11 %-i kifayət qədər ciddi problem yaratdığını düşünür. Sorğuda iştirak edənlərin 33%-i ciddi problem yaratmadığını (martda - 39%), yarısı isə heç bir problem yaratmadığını qeyd edib (martda - 30%). Beləliklə, ümumilikdə, sanksiyaların problem yaratmadığı şəxslərin göstəricisi 83%- ə yüksəlib.
Sanksiyaların hər hansı problem yaratdığı respondentlər ilk növbədə bu çətinlikləri qeyd edirlər: qiymət artımı (39%), “bəzi malların yoxa çıxması, brendlərin geri çəkilməsi, çeşidin azalması” (19%), “kartların bloklanması, pul köçürmələrinin mümkünsüzlüyü” (8%).
Qərb ölkələrinin motivlərindən danışan respondentlərin əksəriyyəti (74%-i) hesab edir ki, Qərb sanksiyalar tətbiq etməklə Rusiyanı zəiflətməyə çalışır. Respondentlərin yalnız 8%-i bu sanksiyaların “dağıntıları və insan ölümünü dayandırmaq” üçün nəzərdə tutulduğunu deyir.
Sorğuda iştirak edənlərin Rusiyanın sanksiyalara cavab tədbirləri ilə bağlı qiymətləndirməsi faktiki olaraq dəyişməz olaraq qalır: 75% hesab edir ki, Rusiya sanksiyalara baxmayaraq siyasətini davam etdirməlidir, 19% düşünür ki, kompromis axtarmalıdır.