Böyük italyan filosofu, “Bios: Biosiyasət və Fəlsəfə” adlı kitabın müəllifi Roberto Espozito Jan Lük Nansi ilə arasındakı uzlaşılmazlığı belə izah edir: Bizim dialoqumuzun qarşısını alan problem Nansinin biosiyaset paradiqmasına kəskin bir şəkildə qarşı çıxması və bu paradiqmaya alternativ olaraq texnoloji apparatusun aktuallığını irəli sürməsidir. O, bu iki fenomenin bir-birinə zidd deyil, bir-birini tamamlayıcı olduğunu unudur. Çünki faktiki olaraq “viral” fenomeni müxtəlif – sosial, siyasi, tibbi və texnoloji - dillər arasında bioloji kontaminasiyaya işarə edir. Derridanın immunizasiya kateqoriyasından ekstensiv şəkildə istifadə etməsinə rəğmən, Nansi biosiyasət paradiqması ilə üzləşməyi rədd edir.
Bu gün hər kəs aydın gözlə biosiyasətin konstant təzyiqini müşahidə edə bilər. Hər zaman ölüm və doğum kimi müstəsna şəkildə təbii qəbul edilən domenlərə biotexnologiyanın müdaxiləsindən bioterrorizmə, immiqrasiyalar, az və yaxud çox dərəcədə ciddi epidemiyaların menecmentinə qədər bütün siyasi konfliktlərin özəyində siyasət və bioloji həyat arasındakı münasibət dayanır. Fuko bildirir ki, son 250 ildə siyasət və biologiya problematik, bəzən də tragik nəticələri özündə ehtiva edən çox sıx bir düyün formalaşdırıb. Siyasət və tibbin öz implikasiyalarında bir-birinə bağlanması hər ikisinin transformasiyası ilə nəticələnib. Bu, bir tərəfdən siyasətin medikalizasiyasına, digər tərəfdən isə tibbin siyasiləşməsinə (koronavirusun ağırlığı və təbiəti üzərində viroloqların həddən çox heterogen qiymətləndirmələri məhz bununla bağlıdır) səbəb olub. Bu tendensiyaların hər ikisi siyasəti öz klassik profili ilə müqayisədə deformasiyaya uğradır. Məhz buna görə də, modern siyasətin mərkəzində dayanan fərdlər və sosial siniflər deyil, sağlamlıq, yaş, gender və hətta etnik qrupa müvafiq olaraq fərqliləşən əhali seqmentləridir.
R.Espozitoya görə, hazırda İtaliyadakı xaotik vəziyyət dövlətin siyasi hakimiyyət strukturlarının parçalanması xarakterini əks etdirir.
Qlobal pandemiyanın yaratdığı insani təlatümlər ilə bağlı ən çox refleksiyaları olan filosoflardan biri də Lakanian psixoanalizin və Kontinental fəlsəfənin nümayəndəsi, sloven filosofu Slavoy Jijekdir.
Slavoy Jijek: COVİD-19 pandemiyasının ən böyük təhdidi survivalist zorakılığa reqressiya deyil, insan simalı barbarlıqdır - https://www.rt.com/op-ed/483528-coronavirus-world-capitalism-barbarism/
Koronavirus bizi hər zaman qeyri-mümkün hesab etdiyimiz ilə üz-üzə qoyur. Biz belə bir şeyin gündəlik həyatımızda baş verəcəyini əsla güman etməzdik. Dünya tamamilə dayanıb, ölkələr bütövlükdə karantin rejimindədir. Əksəriyyətimiz öz mənzilimizə həbs olunaraq qarşıdakı meqa-böhranı özündə ehtiva edən qeyri-müəyyən bir gələcək ilə üz-üzəyik. Bu o deməkdir ki, bizim reaksiyamız mövcud dünya düzəninin koordinatları daxilində qeyri-mümkün olanı edə bilməlidir. Ən pis ssenaridən yayınmaq üçün qeyri-mümkün olan icra edilməlidir. Bəs nədir bu “qeyri-mümkün”?
Düşünmürəm ki, ən böyük təhdid açıq barbarlığa, ictimai nizamsızlıqlar ilə qəddar zorakılığa, linçləməyə və s. qayıdışdır. Mənim qorxduğum daha açıq barbarizm, insan simalı barbarizmin – simpatiya duyulan və ekspert fikirləri ilə legitimləşdirilən amansız survivalizmin - qayıdışıdır.
Pandemiyanın yayılma gücünün azalmasının iki il zaman alacağı, dünya əhalisinin 60-70 faizinin yoluxacağı, milyonlarla insanın isə öləcəyi qeyd edilir. Lakin “ən uyğununun sağ qalması” məntiqi hətta bizə döyüşdən sonra həyatda qalma şansı minimal olan ağır yaralının qeydinə qalmalı olduğumuzu söyləyən hərbi etikanın da hakim prinsipini pozur. Italyan filosofu R.Ronki ilə həmfikir olaraq Jijek də C.Aqambenin “italyanlar çılpaq həyat uğruna hər şeyi, hətta inanclarını qurban verirlər” fikrini tənqid edərək bildirir ki, qarşılıqlı hörmət simvolu kimi fiziki məsafəni qorumaq da insanları bir-birinə yaxınlaşdırır.
S.Jijekə görə, biz üçlü bir böhran içərisindəyik: tibbi (pandemiyanın özü), iqtisadi və üstəgəl, mental sağlamlıq. Milyonlarla insanın həyat koordinatları dezinteqrasiyaya uğrayır, dəyişiklik gündəlik cismi kontaklarımıza qədər hər şeyə təsir edəcək. Biz səhm bazarları və gəlir maniyasının koordinatlarından kənarda düşünməli, zəruri resursların istehsalı və təminatı üçün başqa bir yol tapmalıyıq. Bu gün milyonlarla tibbi maskanın saxlanıldığı və şirkətlərin onları satmaq üçün doğru anı gözlədikləri ortaya çıxır. Əslində şirkətlər ilə heç bir danışıq olmamalıdır, tibbi maskalara qeyd-şərtsiz əl qoyulmalıdır.
Medianın məlumatına görə, D.Tramp Tübingendə yerləşən “CureVac” adlı biofarmasevtik şirkətə yalnız və müstəsna olaraq ABŞ-a vaksin hazırlamaq üçün 1 milyard dollar təklif edib. Lakin Almaniya səhiyyə naziri Yens Şpan Trampın təklifinin masa üzərində olmadığını və CureVac-ın “fərdi dövlətlər üçün deyil, bütöv dünya üçün” vaksin hazırlamağa çalışdığını bildirib. Biz burada barbarizm ilə sivilizasiya arasındakı mübarizənin tipik bir örnəyini görə bilərik. Lakin Tramp həmçinin özəl sektorun müstəsna tibbi təchizatın istehsalını təşviq etməyə hökumətə icazə verəcək “Defence Production Act”ı qəbul etdi. Bundan sonra isə, ABŞ prezidenti özəl sektora nəzarəti ələ almaq təklifi ilə çıxış etdi. Habelə, ehtiyac duyulduğu anda daxili sənaye istehsalını istiqamətləndirmək hüququnu özünə verə biləcək aktın ilkin işarəsini göstərdi. Bir neçə gün əvvəl kommunizmdən bəhs edirdik, bu gün isə Tramp “özəl sektora nəzarəti ələ almağı” təklif edir. Bu, utopik kommunist baxışı deyil, bioloji olaraq sağ qalmanın zərurətlərinin diktə etdiyi kommunizmdir. Bu, əfsus ki, 1918-ci ildə Rusiyada “müharibə kommunizmi” olaraq adlandırılan fenomenin yeni versiyasıdır.
“Koronavirus bizi qərar verməyə məcbur edir: Kommunizm yoxsa cəngəllik qanunu” adlı məqaləsində (https://www.rt.com/op-ed/482780-coronavirus-communism-jungle-law-choice/) isə S.Jijek “kommunizm” ilə qlobal koordinasiya və dövlətlər arasında zəruri kollaborasiyaya işarə edir. Koronavirus pandemiyası sadəcə bazar qloballaşmasının deyil, həm də tam dövlət suverenliyi üzərində təkid edən millətçi populizmin fatal məhdudluğunu da aşkara çıxardı. D.Tramp “öncə Amerika” söyləsə də, hətta Amerika da qlobal koordinasiya və kollaborasiya ilə xilas edilə bilər. Qlobal həmrəylik və əməkdaşlıq hər birimizin sağ qalmasının yeganə yoludur.
Hind əsilli filosof Şac Mohan isə öz yanaşmasında pastoral hind kəndini “Qərb sivlizasiyası”na qarşı qoyan M.K.Qandiyə istinad edərək texno-sistem, istehsal və istehlak maniyasının qurbanı olan modern insanı təbiət ilə sükut içərisində yaşamağa dəvət edir. Qandinin kəndi təbiətin “mütləq xeyir” olaraq qəbul edildiyi hipofizika prinsiplərinə əsaslanırdı. Kantın “əxlaqi düşüncə”sinin taksonomiyasında da biz hipofiziki düşünmə üslubunu müşahidə edə bilərik. İdeal hind kəndi bütün şeylərin orijinal dəyərində saxlandığı, təbiətin heç vaxt təbiətsizləşdirilmədiyi bir məkan, hipofizikanın vətənidir. Qandinin fəlsəfi hökmünə görə, insan ona təbiətdə bütün mühitləri kəşf etməyə icazə verən qabiliyyətlər silsiləsinə malikdir.
Bildiyimiz kimi, Qandinin həyatda məqsədi özünü heç bir fəaliyyətin tələb edilmədiyi bir nöqtəyə, “sıfır”a endirməkdir. O bu ali məqsədi bütün bəşəriyyətə şamil edirdi.
Hipofizika metafizika qeyri-mümkün olduğu zaman dominantlıq əldə etdi. Dəyərlər üçün başqa bir domen axtarmaq əvəzinə, “modern insanlıq” öz “ideal”ını hakim sosio-iqtisadi şərtlərdə və təbiətin faciəvi dərəcədə yanlış dərkində aşkar etdi.
Hipofizikanın əksi isə texnoloji determinizmdir. Bu texnoloji bolluq mühitində insanların dərk edə bilmədiyi hiper-maşınlar tanrılaşdırılır. Biosiyasət və digər nəzəriyyələr bizi durğunlaşdırmaqla yanaşı, heyvanlar kimi yenidən dizayn edir.
Fransız hedonist filosofu, epikürist və Fransız materialist məktəbinin nümayəndəsi Mişel Onfra-nın RT France-a verdiyi müsahibə -RT France: “Ola bilər ki, qarşıda bizi daha bir neçə həftəlik karantin gözləyir. Bu barədə reaksiyanız nədir?
Mişel Onfra: “COVİD-19 liberal-demokratiyanı ifşa etdi, “suverenlik” ideallarını geri qaytardı”.
“COVİD-19” pandemiyası Qərb demokratiyalarının uğursuzluğunu aşkara çıxarır, lakin medianın liberalizm və azad bazar ideologiyalarının səssiz qatillər olmasını işıqlandırmaq marağı yoxdur.
Respublikanın prezidenti sağa-sola, sola-sağa meyillənir, səndələyir. İzləniləcək əlbəttə ki, başqa siyasətlər də var, lakin Makronun təfəkkürü buna icazə vermir, onun təfəkkürə sadəcə olaraq “bazar dikstəsi”nə bağlıdır. Çin və Tayvanda baş verənlərə baxaq. Orada dövlət və siyasi hakimiyyət hər şeyə diktə edir. Biz onu aşkar edirik ki, virusun planetar şəkildə hər yerdə olduğu şərtlərdə qlobal bazar vəziyyəti idarə edə bilmir”.
RT France: “Amma bu Emmanuel Makronun təqsiridirmi? Çünki görünən odur ki, problem daha çox testlər və tibbi maskalar çatışmazlığı ilə bağlıdır”
M.Onfra – “Lakin bilirsiz ki, Fransa siyasətində Şarl de Qolldan sonra yalnız bir siyasi xətt var: liberalizm. O, bütün hakimiyyəti bazara və özəlləşdirməyə verən, və nə sağçıları, nə də solçuları deyil, yalnız Maastrixt liberallarını mükafatlandıran siyasi oriyentasiyadır. Deməli, Makron əlbəttə ki, bütün bunlara görə məsuliyyət daşımır, amma bu siyasi cizgini izlədiyi üçün mövcud vəziyyətin məsuliyyətlisidir. Bu siyasi cizgiyə görə, ölkədə tibbi maska yoxdur, ona görə ki, tibbi maska faydasızdır, testlər yoxdur, çünki Makrona görə, testlər də faydasızdır. Bir zamanlar “Böyük Avropa” ideyasının mərkəzi olan Fransa kapitalın ali hakimiyyətə sahib olacağı qlobal polis dövlətini yaratmağa səy göstərir. Heç kəs geosiyasət, geostrategiya və hətta siyasətin özü ilə də maraqlanmır. Biz pandemik situasiya qarşısında liberalizmin heç nəyi idarə edə bilmədiyini aşkar etməklə, qədim idealları – suverenlik, mühafizə edilməli olan sərhədlər, suveren dövlət, dövlət başçısının qərar vermək qabiliyyəti, polis və ordunun gücünü yenidən dirçəltdi.
Makron bir dövlət adamı deyil. O olduğu yerə “dərin dövlət” – media taykunları, qlobal maliyyə institutları, iqtisadçılar və vergi ekspertləri tərəfindən qoyulub. O sadəcə bir kukladır. O liberal təfəkkürdən başqa heç nə bilmədiyi üçün, qərar verə bilmənin mahiyyətini dərk etməkdən uzaqdır. Biz Karl Şmitt və digərləri vasitəsilə “siyasət” fenomeninin dərinliyinə varsaq, onun “qərar qəbul etmə sənəti” olduğunu görə bilərik.
Indi müşahidə edirik ki, E.Makron bir lider deyil, liderin əksidir. Hakimiyyət başına gəldiyi zaman onun 40 yaşı belə yox idi. Həmin zaman onun arxasında dayanan Milli Assambleya, Senat və qəzet manşetləri var idi. Lakin koronavirus bizə bu gənc adamın ümumiyyətlə siyasətdən uzaq olduğunu, habelə maliyyə kapitalizmi, liberalizm və Mammona tabe olduğunu göstərdi.
“Bu gün hadisələrdə ironik bir dönüş baş verir, Çin, Rusiya və hətta Kuba da Avropaya köməyə gəlir, bu nə deməkdir?” sualına cavab olaraq isə M.Onfra qeyd edir ki, “qeyri-liberal”, “diktator” və ya “Adolf Hitlerin yeni forması” olaraq adlandırılanlar “siyasət” fenomenini anlayır, siyasət yürütməyin nə olduğunu dərk edirlər. Mən əlbəttə ki, Ərdoğanın siyasi xəttinin dəstəkçisi, Trampist və Putinist deyiləm. Onu söyləmək istəyirəm ki, onlar siyasi vasitələrdən istifadə edə bilirlər. Lakin Makronun məqsədi nədir? Və ya İkinci Dünya Müharibəsindən sonra meydana çıxan liberal Avropanın məqsədi nədir? Ernst Yüngerin terminologiyasına görə, “bir universal dövlət”. Bu, başında yalnız texnoloq və texnokratların dayandığı bir qlobal dövlətdir. Bu gün bizə birdən aydın olur ki, kapitalist siyasətləri icra edən nəhəng maşın belə situasiyalar ilə mübarizə aparmaq gücündə deyil. Yalnız siyasət anlayışını dərk edən onunla mübarizə apara bilər. Mən Çin hökumətini müdafiə etmirəm və ya bir diktatora ehtiyac olduğunu söyləmirəm, sadəcə onu vurğulayıram ki, bizim məsuliyyəti üzərinə ala və qərar verə bilən liderlərə ehtiyacımız var”.