Hamımız tarixdə misli görünməmiş qlobal hadisənin şahidi və iştirakçılarıyıq. Təbiətin ərsəyə gətirdiyi virus insanların yaradıb-qurduğu dünyanın şaquli və üfüqi sərhədlərini keçir, cəmiyyəti yenidən format edir. Koronavirus yaşadığımız dönəmin ən güclü sosial aktoruna çevrilmişdir.
Qeyri-müəyyənliyin bəlkə də heç vaxt bu qədər kəskin hiss olunmadığı bir dövrdə insanlar baş verənləri tam olaraq anlamaqda çətinlik çəkir. Bu çətinlikdən doğan çaşqınlıq və həyəcanı bir qədər azalmaq üçün həyatımıza yeni gələn dəyişiklikləri araşdıraq. Bütün sualları cavablandıra bilməsək də, heç olmasa onların konturlarını müəyyənləşdirmək bu dəyişmiş, heç kimə tanış gəlməyən həyat tərzimizi biraz daha yaxşı dərk etməyə yardımçı olar.
İnsanların düşünmədən həyata keçirdiyi bütün rutin praktikalar yerindən tərpənib. Bu qeyri-müəyyənlikdə anlaşılmaz olan çox məsələlər var. Onlar sosial strukturun bütün tərəflərini və institutlarını əhatə edir: ailə, iş, səhiyyə, din, təhsil, iqtisadiyyat və digərləri.
Ailə
Hazırda ailələr evə qapanıb. Adəti üzrə yaşanılan həyat nizamı pozulub. Əvvəllər ayrılıq yaxın insanlar üçün sınaq sayılırdı. İndi isə vəziyyət tam əksinə dəyişib. Ayrılıq deyil, məhz birgəlik, sutkalarla, günlərlə birlikdə, qapalı məkanda olmaq zərurəti sınağa çevrilib. Bu sınaq hamıya şamil olunsa da, ilk növbədə münasibətlərin gərgin olduğu ailələrə aiddir. Karantin dövrü nisbətən daha tez başlamış ölkələrdə məişət zorakılığı, ailədaxili münaqişələrin artmasını qeyd edirlər. Buna hazır olmaq lazımdır.
Ailə üzvlərinin illərlə avtomatik olaraq həyata keçirdiyi gündəlik işlər indi ailə daxilində yeni danışıqlar mövzusudur. Xüsusilə yetkin ailə üzvlərinin işlədiyi, indi isə onlayn iş rejiminə keçdiyi halda vəziyyət qəlizləşib. Bir məkanda ola-ola ev işini, ailədaxili münasibətləri və iş vəzifələrini necə balanslaşdırmalı? Ev məkanında işin sərhədlərini necə müəyyənləşdirməli? Əgər eyni zamanda həm də onlayn rejimə keçmiş təhsillə əlaqəli uşağa (uşaqlara) yardım etmək lazımdırsa, onda necə olsun?
Bu məsələlər ev əməyinin yetkin ailə üzvləri arasında bölgüsünü ciddi şəkildə aktuallaşdırır. Əvvəl ev işlərinin əksəriyyətini daha çox qadınlar yerinə yetirirdisə, indi hamının evdə oturduğu və eyni zamanda işləməli olduğu təqdirdə bu cür ev işi bölgüsünü saxlamaq qeyri-praktikdir. Aydın olan odur ki, yeni şəraitdə əvvəlki həyat qaydaları artıq heç bir işə yaramır, yalnız yeni təcrübələri yoxlamaq, özünü yeni ailə funksiyalarında sınamaq, ailədə əmək bölgüsünü yenidən nəzərdən keçməklə bu çətinlikdən itkisiz ötüşmək olar. Kim bilir, bəlkə də karantin dövrünün yeni ailə ənənələri sonra da faydalı olacaq.
Karantin məsələsi olmazdan əvvəl belə mütəxəssislər qeyd edirdi ki, müasir dünyada valideynlik heç zaman olmadığı qədər yüksək maddi, psixoloji, emosional səy tələb etməyə başlayıb. Dünya üzrə tədricən ailədə övlad sayı azalmağa doğru getsə də, hər bir uşağa görə cəmiyyətin valideyn üzərinə qoyduğu məsuliyyət artıb. Karantin müddətində isə bu məsuliyyət daha da artıb. Bu baxımdan pandemiya müddətində görünməyən qəhrəmanlar deyəndə, həm də evdə fasiləsiz olaraq, qayğı, qulluq, diqqət göstərən, gərginliyini, qeyri-müəyyənlikdən doğan çaşqınlığını uşaqlara ötürməməyə çalışan milyonlarla valideynləri – ana və ataları yada salmaq yerinə düşərdi.
İş və əməyin təşkili
Karantin şəraitində peşələrin cəmiyyətdə yeri və rolu dəyişib. Əvvəllər adi sayıla biləcək peşələr indi “risk qrupu” adı ilə qeyd oluna bilər – ərzaq dükanı və aptek satıcıları, kuryerlər, taksi sürücüləri... İndi yalnız həkimlər və ictimai asayiş keşikçiləri deyil, adı çəkilən digər peşə nümayəndələri də yüksək risk şəraitində işləyirlər.
Onlayn yerinə yetirilə bilən işlərlə, bunun mümkünsüz olduğu işlər arasında sərhəd daha da aşkar görünür. Lakin sosial strukturun bəzi tərəfləri arasında bu cür yeni sərhədlər yaransa da, digər tərəfdən bizə öz-özünə aydın görünən və əvvəllər heç nəzər yetirmədiyimiz sərhədlər artıq əvvəlki kimi deyil. İş rejimi və ailənin gündəlik həyatının fundamental dəyişikliyi bunlar arasında sərhədlərin tamamilə sürüşməsi nəticəsində baş verib. Sərhədlərin sürüşməsi zamanın planlaşdırılmasını da çətinləşdirib. Bəziləri artıq hiss ediblər ki, bizim məkanca harda olmağımız zaman hissi və zamanı idarə etmək qabiliyyətimizə ciddi təsir göstərir.
Koronavirus pandemiyası iş şəraitinə məsul olan rəhbər şəxslərin üzərinə yeni məsuliyyət və yeni suallar qoyur. Əməyin təhlükəsizliyinin təmin olunması indi həm də daha ciddi epidemioloji standartlara keçid deməkdir.
Karantin müddətində bir məsələ də məlum olacaq ki, sən demə onlayn yerinə yetirilməsi mümkün olan işlərin həcmi daha çox imiş. Əlbəttə, bəzi işləri onlayn həyata keçirmək qeyri-mümkündür. Lakin əməkdaş və ya bütövlükdə kollektiv işinin 70-80%-ni internet vasitəsilə edə biləcəksə, onda sabit və dəyişməz iş qrafiki, ofis məkanlarının saxlanılması üçün yüksək xərclərə ehtiyac varmı? Bu suallar hər bir halda işin növü, təşkilatın profilindən asılı olaraq, fərqli şəkildə çözüləcək. Lakin düşünürəm ki, karantin təcrübəsi bəzi iş yerlərində sonralar daha effektiv, daha praqmatik təşkil formalarının tapılmasına gətirib çıxaracaq.
Daha bir məsələ karantindən sonrakı müddətdə işçilərin qrip və buna bənzər hallarına tətbiq olunan korporativ qaydalara aiddir. Heç kimə sirr deyil ki, demək olar ki, bütün iş yerlərində “nisbi sağlam-nisbi xəstə” vəziyyətdə işləmək məqbul sayılır. Lakin indi məlum olur ki, Covid-19-un tezliklə tamamilə yoxa çıxmasına ümid bəsləmək olmaz. Bu səbəbdən xəstə işçilərin müvəqqəti olaraq digər işçilərdən uzaqlaşdırılması əvvəllər olduğundan daha ciddi məsələyə çevriləcəkdir.
Əmək fəaliyyəti ilə bağlı digər mühüm məsələ işləyən şəxslərin fəaliyyətinin rəsmiləşdirilməsi zərurətinin artması ilə bağlıdır. İndi sosial müdafiəsi qeyri-müəyyən olan şəxslərin əksəriyyəti qeyri-formal əmək sahələrində gündəlik qazanca işləyən, fəaliyyəti ilə dövlət qeydiyyatına düşməmiş şəxslərdir. Əgər əvvəllər onların öz işini rəsmiləşdirməmək üçün bəzi gümanları (vergidən yayınma və s. kimi) var idisə, indiki karantin təcrübəsi onları bir daha düşünməyə vadar edir.
Din
Pandemiya müasir dünyadakı bütün dinləri sosial institut olaraq sınağa çəkir. Əvvəllər tarixdə oxşar hadisələr yaşanıb. Orta əsr Avropasında insanlar hər dəfə kilsədə toplanıb Tanrıdan xilas diləyəndən sonra taun epidemiyasının növbəti dalğası ilə üzləşirdirlər. Bunun səbəbindən bixəbər olduğundan, nəticədə Tanrıya olan inamları sarsılırdı. Həm yeni ibadət formaları (məsələn, təklikdə ibadət etmək), həm də ümumilikdə dindən uzaqlaşma meylləri yaranırdı. Lakin indiyədək kollektiv ibadətetmə təcrübəsi, o cümlədən müqəddəs sayılan predmetlərə toxunmaq, onları öpmək praktikası müxtəlif dini rituallar arasında mühüm yer tutur. Koronavirusun aşkar olunmasından sonra isə təmizlik və təhlükəsizlik anlayışları bir-birinə daha da ciddi müncər olundu. Dindar insanların (o cümlədən dini qurum menecerlərinin) qarşısına nabələd suallar çıxdı. Dezinfeksiya olunmamış yer dini-simvolik əhəmiyyətindən asılı olmayaraq, kifayət qədər təmiz sayıla bilərmi? Ya müqəddəs yerlərin sanitar-epidemioloji standartları necə olmalıdır ki, onlar və orda keçirilən mərasimlər dindarlar qarşısında legitimliyini itirməsin? Pandemiyadan sonra İslamın bəzi təriqətlərindəki məzar daşlarını öpmək, Xristianlığın xüsusilə Pravoslav təriqətində olan ikonaları öpmək, bir qaşıqdan yüzlərlə insanın çaxır ya itburnu suyu içməsi kimi ritualların gələcəyi necə olacaq? Bu kiçik görünən sualların necə cavablandırılması müasir dini böhran vəziyyətinə sala, ya da, əksinə onu daha da yenilənmiş şəkildə gələcəyə apara bilər.
Təhsil
Təhsil prosesində də baş verən dəyişikliklər göz önündədir. Karantin rejimi onlayn texnologiyaların əvvəllər nəzərdən qaçan tərəflərini üzə çıxardı. Onların sayəsində təhsil prosesinin tam dondurulmasının qarşısı alınsa da, həlli hələ bəlli olmayan yeni problemlər meydana gəldi. Onlayn rejiminə keçmiş təhsilin mərkəzləşdirilmiş nəzarətini necə həyata keçirməli, müəllimin funksiyalarını necə müəyyənləşdirməli? Bu problemlərin həllini tapmaq təhsil ekspertlərinin üzərinə düşür. Daha bir mühüm məsələ uşaqların sosiallaşması ilə bağlıdır. Uşağın yaşıdları ilə ünsiyyət və münasibət qurmaq imkanı, kollektivdə olması onun şəxsiyyət kimi inkişafında olduqca mühüm rol oynayır. Bəs, məktəb mühitindən və ictimai məkandan uzaqlığın fəsadlarının qarşısını necə almalı, ev mühitində bütün bunları kompensasiya edəcək tədbirləri necə görməli? Bu sualı pedaqoqlar, təhsil və uşaq psixologiyası üzrə ixtisaslaşanlar cavablandırmalıdırlar.
Səhiyyə
Səhiyyə institutu hazırda baş verənlərin ön cəbhəsində və cəmiyyətin ciddi təzqiyi ilə üz-üzədir. Onun funksionallığı və effektivliyi ciddi çağırışla qarşılaşıb. Bununla bərabər, onun statusu əvvəlkindən daha yüksəkdir. Səhiyyə institutu heç də bütün ölkələrdə insanların gözündə eyni qüdrətə malik deyil, onun vətəndaşlarla qarşılıqlı münasibətləri yalnız tibbin nailiyyəti və səhiyyə bürokratiyasının effektivliyi deyil, həm də konkret cəmiyyətin sosial və mədəni xüsusiyyətləri ilə də şərtlənir.
Səhiyyəsi digər ölkələrdən daha güclü hesab olunan dövlətlərdə epidemiyanın kəskin baş qaldırması nəinki həmin ölkələrin özündə, həm də onların hüdudlarından kənarda panik hisslər, sarsıntı və qorxu yaradıb, pandemiyanın ciddiyə qəbul olunmasına təsir göstərib. Kimlərdəsə “bizdəki güclü səhiyyə”, digərlərində “onlardakı güclü səhiyyə” haqqında mifi dağıdıb. Bu mifin dağılmasını yaşamaq heç kimə asan deyil.
Digər tərəfdən, hər bir cəmiyyətdə həkim hökmünə daha az inanan təbəqələr də var və həmişə mövcud olub. Bunun səbəbi müxtəlif (yaş amili, təhsil, maddi vəziyyət və s.) ola bilər. Amma bu həm də səhiyyə sistemi ilə münasibətlərin tarixçəsindən asılıdır. Deyək ki, insan bəlli bir yaşa qədər ara-sıra həkimlərin məsləhətinə məhəl qoymayıb və bu fəsadsız ötüşüb. Amma indi həkim məsləhəti qlobal siyasəti yönləndirən amilə çevrilib. Belə şəraitdə nə etməli, həmişəki kimi, “öz bildiyini” etməli, yoxsa məsləhətə uyğun ehtiyatlı davranmalı və yeni qaydalara tabe olmalı? Buna hər insan özü qərar verir. Bu qərarlar da onun davranışını, nəticədə isə tək onun deyil, hamımızın müqəddəratını müəyyənləşdirir.
Epidemiya müxtəlif ölkələrin səhiyyəsinin təşkilinə yeni tələblər qoyur. Məsələ yalnız vaksinin tapılması deyil, həm də səhiyyə xidmətlərinin sürətli təşkili, müxtəlif səhiyyə qurumları arasında danışıqların, təşkilatlanmanın optimallaşdırılmasıdır. Hər bir ayrıca götürülmüş ölkədə epidemiyanın qarşısının alınması bu problemlərin həll olunmasından bilavasitə asılıdır.
Səhiyyənin digər sahələri də ciddi gərginlik yaşayır. Bunlardan biri insanın psixi sağlamlığı ilə işləyən sahələrdir. İnsan psixikası ilə iş aparanların hamısı təsdiqləyər ki, bu sahədə norma və patologiya arasında sərhəd olduqca nisbidir. Zamana və məkana, cəmiyyətdəki sosial qaydalara nəzərən dəyişir. İndi koronavirus pandemiyası insanların gündəlik gigiyena rituallarına ciddi şəkildə müdaxilə edib, yeni (hətta digər tibbi göstərişlərə zidd olan) qaydalar gətirib. Məsələn, tez-tez sabunla əsaslı şəkildə əl yumaq ritualı. Başqa şəraitdə bu və bu kimi rituallar kompulsiv davranış olaraq qiymətləndirilərdi. İndi isə qlobal səviyyədə bu davranışlar transformasiyaya uğrayır. Belə ola halda, bu istiqamətdə patoloji davranışın meyarları dəyişir. Əvvəllər normal sayılmayan normallaşır. Bu da mütəxəsislərdən diaqnostik normaları dəyişməyi tələb edir. Necə dəyişməyi isə - hələ məlum deyil. Yəni, virusa yoluxmamaq üçün gündəlik nələrisə edəndə özünüzü bu normaldırmı sualı ilə yormayın, ola bilsin hələ heç kim bilmir.
Yaşlılara qayğı
Hamımıza məlum olduğu kimi, koronavirusun yaratdığı xəstəlik, ilk növbədə yaşlı insanlar üçün təhlükəlidir. Bu onların həssas risk qrupu kimi qayğıya olan tələbatının daha da güclənməsini şərtləndirib. Lakin dünyanın müxtəlif yerlərindən olan insanların təcrübəsi onu göstərir ki, məhz bu yaş qrupundan olan insanları təhlükənin ciddiliyinə inandırmaq xüsusilə çətindir. Yaşlılardan, xüsusilə yaxınımız olanlardan virusu təbii seçmə vasitəsi adlandırılmasını eşitmək bir çoxlarını çaşdırır, bu halda daha cavan nəsil nə deyəcəyini, necə reaksiya verəcəyini bilmir. Burda hər kəs öz arqumentlərini tapır. Bircə o dəqiqdir ki, yaşlı insanların çoxunda rast gəlinən bu davranış fərdi hadisə olmayıb, ümumiyyətlə bu nəslə aiddir, xüsusilə post-sovet yaşlılarının sağlamlıqla bağlı vərdişlərindən qaynaqlanır. Bunun öhdəsindən yalnız səbir və təmkinlə gəlmək mümkündür.
İndi yaşlılara qayğının paradoksu odur ki, əgər əvvəllər qayğı göstərmək daim yaxında olmaq, nəvaziş göstərməyi nəzərdə tuturdusa, indi onların rifahı üçün fiziki distansiyanı saxlanılmalıdır.
Bəli, Covid-19-a yoluxmuş insanların böyük hissəsi bu xəstəliyi nisbətən yüngül keçirir. Lakin bu karantiv rejiminin pozulması üçün əsas deyil. Bir düşünün, təmiz havada keçirdiyiniz gəzintinin nəticəsi virusun ötürücüsü olmanıza, nəhayətdə heç tanımadığınız yaşlı adamın ölümünə gətirə bilər. Odur ki, cavan nəsil indi tanıdığı-tanımadığı yaşlılara görə heç vaxt olmadığı qədər cavabdehdir.
Mövcudluğun qeyri-müəyyənliyi və konspirologiya
Koronavurus sərhəd tanımadığı və insanlar arasında fərq qoymadığını göstərsə də, onun yayıldığı müddət ərzində nə qədər milli, dini, irqi ayrı-seçkiliyi vurğulayan “nəzəriyyələr” yarandı və məhv oldu. Buna baxmayaraq, bəzi insanların yanaşmalarında dəyişməyən bir meyil var. Bu da naməlum vəziyyətdə konspirologiya nəzəriyyələrinə yönümlü olmadır. Əslində, bu fenomenin özü də psixoloji əhəmiyyət daşıyan müdafiə mexanizmidir. Konspirologiya mürəkkəb və anlaşılmaz olan vəziyyətə sadə izahlar təqdim edir. İnsanlarda kollektiv anlaşılmazlıq hissi artdıqca, belə nəzəriyyələrin populyarlığı da artır.
Baş verənlərdə əlçatmaz düşmən, bədniyyətli qüvvələrin əməlini axtardıqca, paradoksal olsa da, insanlar müvəqqəti olaraq emosional diskomfort hissini azaltmış olur. Amma bu yaranmış vəziyyətdə daha adekvat davranmağa kömək etmir. Koronavirusun təbii olaraq yarandığına və təbiətin bundan da qüdrətli olduğuna inanaraq yaşamaq virusun kimlərsə tərəfindən yaradılması fikri ilə yaşamaqdan daha ağırdır. Bəd niyyətə inam baş verənləri xeyirlə şərin mübarizəsi kimi görməyə imkan verir. Amma qlobal təhlükənin mərkəzində duran virusun təsadüfi seçmə ilə, özü də şər qüvvə adlandıra bilməyəcəyimiz təbiət tərəfindən yaradılması fikrini qəbul etmək həyatın, yaradılışın qeyri-müəyyənliyi hissini dözülməzcəsinə artırır. Bunu qəbul etmək isə asan məsələ deyil.
Bir bədii filmdə söylənildiyi kimi, “Təhlükə realdır. Qorxu isə seçimdir. İnsanın indiki an mövcud olmayan, amma gələcəkdə ola biləcək hadisələri təsəvvür etməsindən qaynaqlanır”. Qorxu insanı əldən salır, bu səbəbdən ona təslim olmamaq üçün qorxunun da insanın seçimi olmasını unutmayaq.
Karantin şərtləri insanları fiziki olaraq bir-birindən uzaqlaşdırsa da, həyati yaşantıların oxşarlığı baxımından yaxınlaşdırıb. Əslində, insanları yaxınlaşdıran amillər həmişə olub, amma bu qədər diqqət çəkən olmayıb. Biz heç vaxt bir olmamışıq deyilə bilər, amma biz həmişə bir yerdəyik. Fiziki uzaqlığı təcrübə etsək də, sosial birgəliyi, kollektivliyi, hər birimizin rifahında şəxsi məsuliyyətimizi yeni formalarda yaşamaq imkanımız var.
Karantin bütün dünyada bitdikdən sonra insanların bir-birilə davranış qaydalarında nələrin dəyişəcəyini tam proqnoz etmək çətindir. Əl verib salamlaşmaq ənənəsi hər yerdə, hər sosial təbəqədə qalacaq, yoxsa tədricən başqa rituallarla əvəzlənəcək? İnsanlar təhlükə sovuşduqdan sonra bir-birini qucaqlamağın sevincini bəlkə daha da çox hiss edəcəklər.
Bilinən odur ki, yaşadığımız dünyada həyatın yenidən qurulması baş verir. Bu qlobal prosesdə biz sadəcə dəyişikliklərin obyekti deyilik, onların fəal yaradıcısıyıq və sabaha necə çıxacağımız həm də bizim hər birimizlə bağlıdır. Həyatın yenidən qurulması nə yalnız virusun mutasiyası və tapılacaq vaksini, nə də yalnız qlobal və milli səviyyədə verilən qərarlardan asılı olmayıb, həm də bizim gündəlik davranışımızdan, seçimlərimizdən, insanlıq naminə etdiyimiz və etmədiklərimizdən asılıdır.
Biz hamımız bir-birimizə görə cavabdehik!