Əgər qlobal bir xəstəlik bizə həyatın necə fani və həm də necə dəyərli olduğunu öyrədə bilirsə, koronavirus pandemiyasının bizə öyrədəcəyi iki dərs var.
Birincisi odur ki, yaşadığımız düyada həyatımız o qədər bir-birinə bağlıdır ki, özümüzü adalar – fərdlər, topluluqlar, millətlər və ya unikal spesifik növ - olaraq görmək ideyası yalnız “yanlış şüur”un bir sübutu kimi dərk edilməlidir. Reallıqda biz həmişə həyatın möcüzəvi bir torunun parçası olaraq bir-birimizə bağlıyıq. Bunun fövqündə anlaşılmaz dərəcədə geniş və kompleks bir kainatda bir ulduz tozuyuq.
Bizə bir-birimizə qarşı təkəbbür və aşkar nihilizm prinsiplərini inyeksiya edən, habelə hiss etməli olduğumuz məsuliyyət, təvazökarlıq və çəkinmə hisslərinə qarşı bizi korlaşdıran destruktiv eqotizmləri ilə hakimiyyət pillələrini yüksələn narsist siyasətçilərdir.
İndi isə biz millətlər, topluluqlar və fərdlər olaraq öz-özünü təcrid və karantin dövrünə daxil oluruq. Yalnız bir virus birlikdə ən güclü ola biləcəyimizi göstərməyə başlayıb.
Virus təhdidi ilə ən çox ehtiyac duyduğumuz şeydən məhrum olmaqla, ümumbəşəri anlamda “insani birliyi” necə sui-istifadə etdiyimizi, onu necə daxili dəyərlərindən boşaltdığımızı dərk edirik. Kollektiv çətinlik və travma zamanlarında ehtiyac duyduğumuz xidmətlər ödəniş və ya imtiyazlı əlçatanlıq tələb edən əmtəələrə çevrilib. Ərzaq və digər ehtiyatları depolamaq impulsunun təməlində dayanan qeyri-təhlükəsizlikdir.
Ölüm bizi qovaladığı zaman kömək üçün müraciət etdiyimiz bankirlər, koporasiyaların icraçı direktorları və investisiya fondu menecerləri deyil. Lakin qeyd edilənlər cəmiyyətimizin ən çox mükafatlandırdığı, əgər maaş bir dəyər ölçüsüdürsə, ən çox dəyərləndirdiyidir.
Lakin reallıqda onlar bizim fərdlər, cəmiyyətlər və millətlər olaraq ehtiyac duyduğumuz insanlar deyil. Həqiqətən ehtiyac duyduğumuz, öz həyatlarını riskə ataraq bizm həyatımzı xilas etmək üçün mübarizə aparacaq həkimlər, tibb bacıları, ictimai səhiyyə və sosial işçilərdir.
Bu qlobal pandemiya böhranında nəyin və kimin daha mühüm olduğunu qavrayırıq. Lakin virus artıq manşet xəbərləri olmadıqdan sonra biz onların dəyərini və fədakarlığını xatırlayacağıqmı? Və ya biz (növbəti böhrana kimi) yenə də xalqların sərvətlərini qəsb edən qlobal maliyyə parazitlərini, silah istehsalçılarını, media koporasiyalarının milyarder taykunlarını, fossil yanacaq şirkətlərinin sahiblərini mükafatlandırmağa davam edəcəyikmi?
İkinci dərs birincisi ilə birbaşa bağlıdır. Əlli ildir ki, bizə deyilənin əksinə olaraq kapitalist Qərb cəmiyyətlərinin özlərini təşkilatladırmada ən səmərəli vasitələrə malik olmaqdan uzaq olduqlarını müşahidə edirik. Bu, koronavirus böhranı dərinləşdikcə özünü daha açıqca biruzə verir.
Hələ də bizə “cəmiyyət deyə bir şey yoxdur” deyən Tetçerizm və Reyqanizmin ideoloji aləmində yaşayırıq. Bu siyasi mantra gələcək həftələr və ayların ağırlığına necə davam gətirə biləcəkmi? Biz hamımızın qayğısına qalan ümumbəşəri insani birliyin üzvləri olaraq deyil, karantin yaxud da öz-özünü təcrid etmiş fərdlər olaraq necə özümüzü xilas edə bilərik?
Neoliberalizmi mədh edən Qərb liderlərinin iki seçimi var. Seçimlərin hər ikisi onların ikiüzlülüyü və hiyləgərliyini görə bilməyəcək insanların yanlış yönləndirilməsini tələb edəcək.
Onlar mövcud reallığı qəbul etməyi və çox da ufuldamamağı söyləyirlər. Bu açıq bir şəkildə hökumətlərin maliyyə öhdəlikləri, pensiya xərcləmələri və rifa ödənişlərini yumuşaltmaq üçün kasıblar və yaşlıların öz halına tərk etməsi deməkdir.
Onlar müdaxilə etməkdə və ya böhranı xəfiflətməkdə gücsüz olduqlarını bildirirlər. Öz dünyabaxışlarından qaynaqlanan ziddiyyətlərlə üzləşməklə “azad bazar”ın effektivliyinə olan inanclarını itirərək dərhal fatalistlərə çevrilirlər. Onlar artıq virusun nəzarət edilməsi qeyri-mümkün şəkildə yoluxucu, səhiyyə sisteminin öhdəsindən gələ bilməyəcəyi qədər güclü və öldürücü olduğunu bəyan edirlər. Bunun da bütün təqsirinin səhiyyə sistemini qeyri-effektiv, qeyri-adekvat, qeyri-çevik və əlverişsiz olmasına səbəbiyyət verən onillərlə davam etmiş səhiyyə xərcləmələrindəki kəsintilərə ya da özəlləşdirmələrin üzərinə atılması yüksək ehtimaldır.
Yaxud da əksinə, neoliberal siyasətçilər mövcud vəziyyəti ört-bas etmək üçün koporativ mediadakı “ağıl müəllimləri”ni aktivləşdirməklə “rifah dövləti”nin tənəzzülə doğru yönəldiyi faktını gizlətməyə çalışacaqlar. Lakin ola bilər ki, neo-liberal siyasətçilərin qeyd edilən hər iki variantdan istifadə edəcək.
Ən doğru və tam şəkildə etiraf edilsə böhrandan ortaya çıxan nəticə bir-birimizə qarşı məsuliyyətli olmağımız, eyni gəmidə üzdüyümüz həqiqətidir. Lakin bu bir böhran üçün keçici dərs olaraq düşünülməməlidir.
Koronavirus böhranı haqqında unikal bir durum mövcud deyil. Bu, dünyanın müxtəlif ölkələrində mütəmadi olaraq baş verən və nisbətən az görünən böhranların, təbii fəlakətlərin daha qabarıq və daha kəskin versiyasıdır.
Mövcud sistemə bağlı olanlar və onun qüsurlarını görə biləməyəcək dərəcədə beyni yuyulanlar onu sonuna qədər müdafiə edəcək. Bu virusun nəticələrindən heç nə öyrənməyənlər avtoritar rejimlərə işarə edərək hər şeyin daha pis olacağını xəbərdar edəcəklər.
Çıxarmalı olduğumuz dərs isə avtoritarianizmin “azad” cəmiyyətlərə qarşı qoyulması haqqında deyil, şəxsi tamah və gəlir, eləcə də bir maddi sərvət elitasının maraqlarını müdafiə etməyə qarşı olaraq hər şeydən öncə “ümumi xeyir”i, “ümumi sərvəti”i üstün tutmaqdır.
2008-ci ildə banklara istədiklərini etmək icazəsinin verildiyi onillərdən sonra Qərb iqtisadiyyatları boş likviqdliyin şişirdilmiş şarının partlayışı kimi öz daxilinə doğru partladı (implosion). Banklar və maliyyə xidmətləri yalnız dövlətin maliyyə yardımları və vergiödəyicilərinin ödədiyi vəsaitələr ilə xilas oldu. Qərb cəmiyyətlərinə heç bir seçim verilmədi, bankların faciəsinin bütöv iqtisadi sistemin faciəsi olduğu elan edildi (too big too fail).
Banklar həmin cəmiyyətlərin ümumi sərvəti tərəfindən xilas edildi, çünki dövrün rəhbərlik edən – leitmotiv ulduzu özəl sərvət, özəl rifahdır. Bu, zənginlər üçün pervert sosializm olmaqla banklara növbəti katastrofaya qədər kiçik bir elitanı zənginləşdirərək onların öz sərvətlərini qazanmaq haqqını gücləndirdi.
Mövcud durumun bir situasiya çərçivəsində üzə çıxdığını düşünmək sadəlövhlük olardı. Kapitalizmin böhranı onun öz essensiyasından qaynaqlanır və strukturaldır. Sərhədlərin bağlanması hava yolu şirkətlərinin tezliklə ağır maliyyə kollapsı yaşamasına gətirib çıxara bilər. Çünki onların maliyyə siyasəti ehtiyatlılıq və qənaət üzərində deyil, onlar bazardan çıxmamaq üçün bir-birilə ilə boğazlaşma həddində rəqabətdə olduqlarına görə səhmdarları üçün daha çox pul qazanmaq üzərində fokuslanır. İndi isə uçmağa heç bir yeri yoxdur. Banklar kimi onların da üzləşdiyi faciə bütöv iqtisadi sistem üçün bir təlatüm anlamına gəlir və onlar dövlət resurslarının dəstəyinə ehtiyac duyurlar. Bununla da, növbəti qaçılmaz böhranın gəlişinə qədər hava yolu şirkətləri dövlətin maddi imkanları hesabına xilas ediləcək. Sözsüz ki, hava yolu şirkətlərinin arxasınca digər korporasiyalar da bu resurslar üçün növbədə gözləyəcəklər.
Kapitalizm dəhşətli bədəllər hesabına kiçik bir elitanın gəlir qazanması üçün effektiv bir sistemdir. Lakin bu, qeyd edilən sistemin düşünüldüyü kimi effektiv və səmərli olmadığı ortaya çıxana qədərdir. Bundan sonra daha geniş cəmiyyət və onun “ortaq sərvət”i yükü üzərinə almalı və tisklin yenidən canlandırılması üçün sərvət elitasını xilas etməlidir.
Bu, sadəcə kapitalizmin öz-özünə qarşı destruktiv olması deyil, həm də onun əxlaqən boş və iradəsiz olması anlamına gəlir.
Bu kontekstdə, neo-liberal ortodoksluğun iki örnəyinə diqqət yetirək: ABŞ və Böyük Britaniya
Britaniyada, Milli Səhiyyə Xidmətində onillərdir davam edən özəlləşdirmə və xidmətləri xarici mənbələrdən təmin etmə ənənəsindən sonra terminal tənəzzül yaşanmaqdadır. Birləşmiş Krallıq hökuməti koronavirus xəstələrinin kəskin ehtiyac duyduğu süni nəfəsvericilər axtarışındadır. Hökumətin edə bildiyi sanki sadəcə böyük firmaları süni nəfəsverici bazarına daxil olmağa həvəsləndirməkdən və onları böyük gəlir qazanmaq motivi ilə təmin etməkdən ibarətdir. Bu sadəcə Britaniya üçün deyil, həm də bir sıra digər Avropa ölkələri üçün tipik haldır. Ortaya çıxan təəssüfləndirici nəticə isə odur ki, Qərb insanının bu virusdan sağ qalması “ümumi xeyir”dən, onlara yardım edə biləcək insanların səfərbərliyindən və ya ən yaxşı nəticəyə köklənmiş planlaşdırmadan deyil, bazar maniyasından, bazar qüvvələrini təşkil edənlər haqqında yanlış insani persepsiyalardan asılıdır.
ABŞ prezidenti D.Tramp gəlir motivinin biznes dünyasından necə sinik siyasi məqsədlərə doğru yönəldiyini göstərir. Conatan Kuk bildirir ki, “sehirli çubuq” axtarışında olan D.Tramp ABŞ-ın müstəsna hüquqlarının olduğu vaksinin meydana çıxarılması üçün beynəlxalq farmasevtik şirkətlər ilə təmas halındadır. Kuka görə, o elan ediləcək vaksini müstəsna şəkildə ABŞ ictimaiyyətinə təklif etməklə qarşıdan gələn seçkilərdə seçicilərin rəğbətini, dolayısı ilə üstünlük qazanmağa çalışır. Bu vəhşi bir rəqabət fəlsəfəsinin kuliminasiyası olmaqla yanaşı, amerikalıların onillərdir tabe olmağa həvəsləndirildiyi “bazar əsaslı dünyabaxışı”nın zəfəridir.
Analitiklər ABŞ səhiyyə xərcləmələrinin üçdə birinin “boşa xərcləndiyini” bildirir. Lakin “boşa xərcləndiyi” söylənilən bu pul reallıqda özlərini “səhiyyə sənayesi” adlandıran korporasiyaların ciblərinə gedən puldur. ABŞ vətəndaşlarının ümumi sərvətinin getdikcə genişlənən bir miqyasdadır və hər on ABŞ vətəndaşından biri tibbi sığortadan məhrumdur. Koronavirus, amerikalıların uzun dövrlü maraqlarına deyil, qısa dövrlü bizness maraqlarına fokuslanan bu gəlir əldə etməyə bağlı səhiyyə sisteminin qeyri-effektivliyini aşkara çıxarmaq üzrədir. Ona görə də, Amerika səhiyyə sistemi ən bahalı olmaqla yanaşı, ən qeyri-effektiv və səmərəsiz sistemdir. Onun “səhiyyə xərcləmələri” nəhəng dərman koporasiyalarının sənayesi və tibbi sığorta şirkətlərinin varlanmasına yardım edir. Burada səhiyyə ictimai mənafe olaraq deyil, alınmalı olan əmtəə, işgücünü təşviq etmək üçün bir imtiyaz, kimin uğurlu kimin uğursuz olmasının meyarı olaraq dərk edilir. “Ümumi xeyir”ə, sağlam bir cəmiyyətin ümumi sərvətinə sayğını rədd edən bu disfunksional səhiyyə sisteminin təməlində dayanan özəl sərvətə ibadət tərəfindən korlaşdırılan siyasi “dünyabaxışı”dır.
Beləliklə, koronavirus sadəcə neo-liberal cəmiyyətlərə deyil, həm də bütün dünyaya öyrədə biləcəyi müdriklik dərsinə malikdir. Lakin sual odur ki, biz bu dərsi dinləməyə hazırıqmı?