SSRİ-nin dinə qarşı amansız müharibə dövrü - Altıncı yazı / Araşdırma

16.03.2020

SSRİ-nin dinə qarşı amansız müharibə dövrü - Altıncı yazı / Araşdırma (Birinci yazı) (İkinci yazı) (Üçüncü yazı) (Dördüncü yazı) (Beşinci yazı) Azərbaycan SSR-də 60-cı illərdə dindarlığın vəziyyəti

 

60-cı illərdə Azərbaycan SSR-də şiələrlə müqayisədə sünni əhali arasında dindarlığın səviyyəsi əhəmiyyətli dərəcədə yüksək idi. Azərbaycanda inanclı müsəlmanların 70-75%-i şiələr, 25-30%-i isə sünnilərdən ibarət idi. 1969-cu ildə respublika üzrə qeydiyyata alınmış 16 məsciddən 9-u şiələrə məxsus idi. Bu məscidlər Ağdam, Astara, Gəncə, Naxçıvan, Sabirabad, Salyan, Maştağa və Buzovnada yerləşirdi. İki sünni məscidi isə Balakən və Zaqatalada yerləşirdi. Göyçay, Quba, Xaçmaz, Şəkidə və Bakıda Əjdərbəy məscidinə isə həm sünnilər, həm də şiələr gedirdilər. Qeydiyyata alınmış sünni məscidlərində ibadətlər (Balakən, Zaqatala, Şəki və iki məzhəbin qarışıq olduğu Göyçay, Xaçmazda yerləşən məscidlərdə və Bakıda Əjdərbəy məscidində) şiələrə nisbətdə əhəmiyyətli dərəcədə çoxluq təşkil edirdi. Bu, şimal rayonlarında çoxlu sünni ruhaninin yerləşməsi və onların əksəriyyətinin mollaların əmrlərinə tabe olmasından qaynaqlanırdı. Əhalinin təxminən beşdə üç hissəsini təşkil edən inanclı müsəlman şiələrin əksəriyyəti respublikanın şərq, cənub və qərb rayonlarında məskunlaşmışdı. Sünnilərin əksəriyyəti isə şimal, Dağıstanla sərhəddə yaşayırdılar və onlar arasında dindarlığın səviyyəsi Balakən, Zaqatala, Qax, Şəki, Ağdaş, Göyçay və İsmayıllıda daha yüksək idi.

 

Əhali arasında ümumi dindarlığın səviyyəsi qərb rayonlarında, xüsusilə də Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Xanlar, Goranboy və İran sərhədindən uzaqda yerləşən rayonlarda xeyli aşağı səviyyədə idi. Burada sözügedən rayonlarda dini məqsədlə istifadə edilən qeydiyyata alınmış və qeydiyyatsız məscidlərin olmaması ilə yanaşı, bir sıra amillər də rol oynayırdı. Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Yevlax və başqa rayonlarda böyük əksəriyyət dini ənənələrə inanmır, yalnız dəfn və sünnətə riayət edirdilər. Şiəliyə xidmət edənlər keçmişdə İran və İraqda ali təhsil alsalar da, Azərbaycan sovetləşəndən sonra həmin ölkələrə ruhani təhsili almaq üçün səyahətlər ümumiyyətlə dayandırılmışdı. Bu səbəbdən də o dövrdə 5-6 nəfər yüksək təhsilli, 6-7 nəfər orta təhsilli din xidmətçisinə rast gəlmək olardı. Xaçmaz, Quba, Sabirabad, Naxçıvan, Astarada yerləşən məscidlərdə axundların xüsusi ruhani təhsilləri yox idi. Respublikanın şərq, xüsusilə də İran sərhədləri boyunca yerləşən cənub rayonlarında dindarlığın səviyyəsi yüksək olaraq qalmaqda idi. Dindarlıq xüsusilə məhərrəmlikdə özünü daha şiddətli şəkildə göstərirdi. Təbii ki, burada digər faktorlar da rol oynayırdı. Aydın məsələdir ki, qonşu İranla gündəlik əlaqələrin də ölkənin cənubunda dindarlığın səviyyəsinə təsiri danılmaz idi. Bu təsir təkcə rayonlarla məhdudlaşmırdı, eləcə də mərkəzdə də hiss edilirdi. İranla mütəmadi əlaqələrlə yanaşı, inqilab zamanı 10 min işçi İran azərbaycanlısının, yüz minlərlə dərviş, seyid və küçə mollalarının Azərbayana gəlməsi bu prosesi daha da sürətləndirirdi. Təbii ki, müsəlman ruhanilərin əksəriyyətinin İranın Məşhəd, Təbriz, Ərdəbil və Tehran şəhərlərində təhsil alması faktoru da unudulmamalıdır. Cənub rayonlarında, İranla sərhəddə və Naxçıvanın rayonlarında, İmişli, Masallı, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı, Astara, eləcə də Bakının rayonlarında məskunlaşan şiələrlə müqayisədə sünni əhali arasında dindarlığın səviyyəsi daha yüksək idi. Sünnilər namaz qılmağa və oruc tutmağa çox ciddi riayət edirdilər. Cümə günündə sünni məscidləri ibadət edənlərlə dolu olurdu. İnanclı sünnilər imamların təsiri altında hərəkət edir və açıq şəkildə onların tələblərini yerinə yetirirdilər. Təbii ki, bu da özlüyündə elmi və sosial inkişafa mənfi təsir edir, əhalinin mədəni yüksəlişinin getdikcə aşağı düşməsinə səbəb olurdu. Təbii ki, İranla sərhəddə yerləşən cənub rayonlarında islam tərəfdarlarının dindarlığın səviyyəsinə təsiri faktoru da özlüyündə elmi inkişafın geriləməsinin qarşısını almağa imkan vermirdi. Məhz buna görə də digər bölgələrlə müqayisədə cənub rayonlarında mədəniyyət çox zəif inkişaf etmişdi. Xüsusilə də Masallı, Lənkəran, Ordubadda keçmişdə olduğu kimi bu dövrdə də mollalar, mərsiyəxana və rozaxanalar qalmaqda idi. Təsadüfi deyil ki, təkcə Masallıda hardasa 40 qeydiyyatsız molla fəaliyyət göstərirdi. Qeyd edilən rayonlarda inanclılar əsas dini ənənələrə, xüsusilə də məhərrəmliyə ciddi riayət edirdilər. Dövrün islam tərəfdarları arasında ziyalılar demək olar ki, yox səviyyəsində idi. Məsələn, o dövrdə Təzəpir məscidində 1 həkim, 1 neft mühəndisi işləyirdi ki, onların da hər ikisi 70 yaşında idi. İnanclılar arasında pensionerlər çox idi. Ərəb əlifbasını bilən belə qocalar müntəzəm olaraq məscidlərə gedirdilər. Təhlillər göstərir ki, inanclıların 80-90%-i yaşı 50-dən yuxarı olan insanlar idi, hansı ki bunun da 60%-i inanclı qadınlar təşkil edirdi. Araşdırmalar nəticəsində əhalinin mədəni təbəqəsinin dinə, dini ənənələrə maraq göstərmədiyi də məlum olmur. Məhərrəmlikdə Aşurada məscidə gedən qadınların 90%-nin evdar olması faktı buna bir daha işıq salır.

 

Orucluqda respublikanın qeydiyyata alınmış Təzəpir, Əjdərbəy məscidlərinə, eləcə də Maştağa, Buzovna, Gəncə, Ağdam, Göyçay, Sabirabad, Salyan, Astara, Quba, Xaçmaz, Şəki, Zaqatala, Balakən və Naxçıvanda yerləşən məscidlərə 1959-cu ildə ümumilikdə 5157 nəfər ziyarət etmişdisə, 1960-cı ildə bu rəqəm 4182 nəfər təşkil etmişdi.

 

Diaqram 4. Orucluqda ziyarətlərin sayı.

 

 

Bütövlükdə, 60-cı illərdə müsəlmanların dini ənənələrindən biri olan orucluqda göstərilən məscidlərdə dini yığıncaqlarda iştirak edənlərin sayında artım qeydə alınmışdı. Təkcə 1962-ci illə müqayisədə 1963-cü ildə 21% artım baş vermişdi. Əvvəlki illərdə olduğu kimi dini ayinlərə riayət edilməsində qoca qadın və kişilər üstünlüyü qoruyub saxlayırdı.

 

Respublikanın qeydiyyata alınmış məscidlərinə 1959-cu ildə Qurban bayramında ümumilikdə, 5402, 1960-cı ildə isə 4180 nəfər ziyarət etmişdi.

 

Diaqram 5. Qurban bayramında ziyarətlərin sayı.

 

 

Orucluqdan fərqli olaraq, 1962-ci illə müqayisədə 1963-cü ildə Qurban bayramında qeydiyyata alınmış məscidlərə ziyarət edənlərin sayında 32% azalma qeydə alınmışdı. Diaqramdan da göründüyü kimi, azalma 1966-cı ilə kimi davam etmiş, 60-ci illərin sonlarında isə ziyarətçilərin sayında artım baş vermişdi. Digər illər üzrə inanclı ziyarətçilər arasında 50 yaşdan yuxarı olanlar üstünlük təşkil edirdi. Belə ki, onların sayı 3205 nəfər idi. Bu dövrdə sözügedən ənənəyə az inanclı hissə tərəfindən riayət edilirdi. Belə ki, kəndlərdə qurban kəsən inanclıların say göstəricisi 5%, şəhərdə isə 1%-dən az idi. Bütövlükdə, bəhs edilən dövrdə Azərbaycanda inanclıların böyük əksəriyyətində bu ənənə müşahidə edilmirdi.

 

Məhərrəmlik ayında xüsusən də Bakıda inanclıların evlərində matəm yığıncaqları əsasən ləğv edilmişdi. Məscid olan rayon və şəhərlərdə isə yığıncaqlar keçirilirdi. ZMRİ-nin məhərrəmliklə bağlı tövsiyələrində məscid mollalarından gündəlik xütbələrində inanclılar arasında məhərrəmlik matəmini sakit keçirməyi təmin etmək tələb olunurdu. Bu dövrdə matəm yığıncaqları ən çox ziyarət edilən məscidlərdə və yalnız qeydiyyata alınmış rozaxanalarda keçirilirdi. Rozaxanlar oxumaq üçün icazə almalı idilər, dərvişlərin isə qəsidə və roza oxuması ümumiyyətlə qadağan edilmişdi. Matəm günlərində özünü zəncirlə döymə, baş kəsmə, sinəyə döymə, dini yürüş, şəbeh səhnələri qanunla qadağan olunmuşdu. Yeniyetmələrin matəm yığınaqlarında iştirakının qarşısının alınması xüsusi nəzarətdə saxlanılırdı. Yaşı 18-dən aşağı olan gənclər ümumiyyətlə məscidlərə buraxılmırdı. Gündəlik iş rejiminə maneəçilik törətməsin deyə matəm ənənələri və yığıncaqları iş günlərinə salınmırdı. Bunlarla bərabər, inanclı müsəlmanların matəm yığıncaqlarını şəxsi evlərdə keçirməsinə icazə verilmirdi. Çünki bu dini aktivlik əsasən matəm günlərində ortaya çıxır, mollalar orada özlərini həddindən artıq azad və nəzarətsiz aparırdılar. 1961-ci ilin 1 dekabrında 21 qeydiyyata alınmamış müsəlman qrup öz dini fəaliyyətini dayandırsa da, 1962-ci ildə məhərrəmlikdə qeydiyyata alınmamış dini müsəlman qrupların sayı 27, üzvləri isə 1447 nəfərdən ibarət idi. Üstəlik, inanclı müsəlmanlar matəm yığıncaqlarını yalnız ziyarət edilən və rozaxana məscidlərinin gücü ilə keçirə bilərdilər. Çünki yerli partiyalara və sovet təşkilatlarına bu faktları və sovet dini qanunvericiliyini pozanlarla bağlı bir sıra ciddi tədbirlər tapşırılmışdı. Belə ki, SSRİ Xalq Komissarları Sovetinin 28 yanvar 1946-cı il tarixli sərəncamı ilə partiya və sovetin məsuliyyəti altında mədəni-maarif müəssisələrindən ibadət evləri kimi istifadə edilməsinə icazə verilmirdi. Sovet hökuməti inanclı insanların dini hisslərini qəsb edərək bundan öz məqsədləri naminə istifadə edən bəzi din xidmətçilərinin qarşısında yalnız arayışla fəaliyyət göstərə bilmək tələbini qoymuşdu.

 

Təkcə bu kimi hallar deyil, eyni zamanda, özünü şikəst kimi qələmə verərək insanlardan nəzir yığanlar da ciddi nəzarət altında idilər. Dini xurafatın aradan qaldırılmasını hədəfə alan Şura qeydiyyatsız ruhanilərə və dini icmalara qarşı amansız mübarizə aparırdı, xüsusilə də məhərrəmlikdə matəm başlamazdan öncə inanclılar arasında izahlı işlərin görülməsi ilə bağlı ciddi tapşırıqlar verirdi. Belə ki, bəhs edilən dönəmdə Gəncə və Xanlarda yerləşən məscidlərdə məhərrəmlik matəmində yoxlamalar aparılır, xüsusilə də matəm günlərində vəhşi dini adətlərin yerinə yetirilməsinə icazə verilmirdi. Yoxlamalarda polislərlə yanaşı, KQB-nin də iştirakı sözügedən halların aradan qaldırılmasında effektli nəticə verirdi. Hətta bir çox hallarda KQB-nin aparat rəhbəri rayon və kəndlərdə vəziyyəti şəxsən təftiş edirdi. Yuxarıda qeyd edilən iki rayonda yerləşən ziyarətgahlara Bakının Zirə, Binəqədi, Maştağa, Abşeron, eləcə də Bərdə, Tərtər (Mirbəşir), Şəki, Astara, Yevlax, Goranboy, İsmayıllı, Qazax, Şəmkir, Gəncə, Tovuz, hətta Gürcüstanın bəzi rayonlarından da gələnlər var idi. 1965-ci ildə edilən bütün xəbərdarlıqlara baxmayaraq, Saatlı, Sabirabad rayon rəhbərlikləri boş qalan məscidlərin məişət, mədəni ehtiyac məqsədilə istifadəsi ilə bağlı göstəriş vermədikləri üçün bəzi inanclılar bu yerlərdən dini ənənələri yerinə yetirmək üçün istifadə edirdilər. Rayon icraiyyə komitə rəhbərlərinin verilən tapşırıqlara biganə qalmasının səbəbi çox güman ki, inanclıların gözündə pis olmaq istəməmələri ilə bağlı idi. Buna baxmayaraq cəmiyyəti dini ənənələrdən uzaqlaşdırmaq istiqamətində respublika partiya rəhbərlərinin ötən illə müqayisədə gördüyü işlər bu dövrdə daha genişmiqyaslı xarakter almışdı. Məhərrəmlik başlamazdan xeyli əvvəl müəssisələrdə, kolxoz, sovxozlarda antidin mühazirələri və tədbirləri keçirilirdi. Cəmiyyətin məhərrəmlik matəmindən uzaqlaşdırılması prosesinə partiya, komsomol və həmkarlar ittifaqı, qəzet, radio, televiziya və ziyalılar da cəlb edilmişdi. Yerli partiyalar və sovet təşkilatlarının elmi-ateizm təbliğatına yazar, pedaqoq, partiya və sovet işçilərindən ibarət 100 nəfərlik ateist qrup cəlb edilmişdi. Eyni zamanda, qəzet, jurnal, radio və televiziyalarda antidin təbliğatı sistemli xarakter daşıyırdı. Hətta Azərnəşrin iş planına antidin mövzusunda azərbaycan dilində kitab və buroşüranın hazırlanması daxil edilmişdi. Kommunist qəzetində “Əməkçilər arasında elmi ateizm təbliğatı” başlığı altında Azərbaycan dilində konkret faktlarla  və nümunələrlə islamın varlığının mahiyyətinə dair düşünülmüş böyük materiallar dərc edilir, xüsusilə matəm günlərində müxtəlif rayonlarda işçilər arasında elmi-ateizm işlərinin çatışmamazlığı vurğulanırdı. Respublika üzrə qeyd edilən məscidlərə cümə günləri (2614 nəfər) ilə müqayisədə adi günlərdə (390 nəfər) daha az insan gəlirdi. 1959-cu ildə məhərrəmlikdə məscidlərə yığıncaqlarda 17170 nəfər iştirak etmişdi.

 

Diaqram 7. Aşurada ziyarətlərin sayı.

 

 

Apardığımız tədqiqatlardan belə yekun nəticəyə gəlmək olar ki, keçmiş illərə nisbətən 60-cı illərdə inanclıların məscidə ziyarətləri xeyli azalmışdı. Dövrün ruhaniləri bunu dini aktivliyi qaldırmaq imkanına malik olan xüsusi ruhani təhsilli mollaların olmaması ilə izah etsələr də, əksər inanclılar ümumiyyətlə namaz qılmır, məscidlərə getmir, matəmə riayət etmirdilər. Kənd və şəhərlərdə cəmiyyətin böyük əksəriyyəti daha çox yalnız dəfn ənənəsinə sadiq qalırdı. Təəssüf ki, o dövrdə dəfnlər də qeydiyyata alınmış, xüsusilə də qeydiyyata alınmamış molların əsas gəlir mənbəyi olmaqda davam edirdi. Aşurada 1962-ci illə müqayisədə 1963-cü ildə qeydiyyata alınmış məscidlərə ziyarət edənlərin sayında 23% azalma qeydə alınmışdı. Bu tendensiya cümə günlərində də davam etmiş, 9% azalma ilə müşayiət edilmişdi. 1945-1946-cı illərlə (10000-15000) müqayisədə isə 1963-cü ildə (2000-3000) məscidləri ziyarət edən inanclı müsəlmanların sayı üç dəfəyədək azalmışdı. 1967-ci ilə kimi davam edən bu azalma sonrakı iki ildə ciddi artımla əvəzlənmişdi.

Aygün Yusibova

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirir. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.