Ekspert Rəyi | Ukraynalı hərbi-siyasi ekspertlə müsahibə:

22.11.2021

#EkspertRəyi #Hərbi #Siyasi #Şərhlər

“QARABAĞDA QƏLƏBƏDƏN SONRA AZƏRBAYCAN ÖZÜNÜ REGİONAL LİDER KİMİ TƏSDİQ ETDİ”

  • Azərbaycanın Qarabağ zəfəri regional siyasətdə hansı reallıqlar yaratdı?

Qarabağda Qələbəsindən sonra Azərbaycan özünü regional lider kimi ifadə etdi. Hətta Ukraynada bir çox analitiklər milli maraqların müdafiəsi və necə hərəkət edilməsi və xüsusilə də öz torpaqlarını işğaldan azad etmək ilə bağlı Azərbaycanı nümunə olaraq təqdim etməyə başlayıblar. Lakin bu Qələbə yaddaqalan olduğu qədər, əslində aysberqin görünən tərəfidir. Belə ki, qalib gəlmək üçün müvafiq siyasi və hərbi strategiya inkişaf etdirilmişdir.  Bu, həm də Azərbaycanın iqtisadi inkişafına, strategiyanın həyata keçirilməsi üçün məqsədlərin düzgün müəyyənləşdirilməsinə, hərbi qulluqçuların hazırlanmasına, ordunun gücləndirilməsinə, yenidən silahlanmasına və digər mühüm aspektlərə yönəlmiş güclü siyasətdir. Buna görə, mən Azərbaycan siyasi elitasına tövsiyə edərdim ki, bu siyasəti “eyni ruhda” və templə davam etdirsinlər. Burada “ruh” dedikdə, müdrik və düzgün strateji qərarların işlənib hazırlanması, temp haqqında danışdıqda isə strateji vəzifələrin həyata keçirilməsi üzə əzmkarlıq və ardıcıllıq başa düşülməlidir. Azərbaycan Türkiyənin də əhəmiyyətli dəstəyini qazanaraq öz regionunun lider dövlətinə çevrildi. Yaradılan ticarət marşrutları hər iki ölkənin bölgədə mövqelərini daha da gücləndirəcəkdir. Həmçinin, yeni nəqliyyat qovşaqları Türkiyə və Azərbaycanın Mərkəzi Asiya və Qafqaz regionuna təsirinin genişləndirilməsi üçün də yeni imkanlar açır. Lakin istənilən halda, Ermənistanla yaranmış vəziyyətdə olduğu kimi konfliktin alovlandırılması üzrə daimi cəhdlər və ya İranla qısqanc anlaşmazlıq və qeyri-stabilləşmə şəklində baş verdiyi kimi risklər və çağırışlar mövcud olmaqda davam edir.

  • Azərbaycan və Ukrayna münasibətlərinin hazırkı dinamikası haqqında nələr deyə bilərsiz?

Azərbaycan-Ukrayna münasibətləri siyasi müstəvidə yüksək səviyyədədir. Azərbaycanın ərazi bütövlüyünün tanınmasında Ukrayna davamlı dəstək mövqeyinə malik olduğu kimi, öz növbəsində rəsmi Bakı Krımın ilhaqını tanımamaqda davam edir. Qeyd edilməlidir ki, Ukrayna 2020-ci ildə Azərbaycanı Ukraynanın Strateji Tərəfdaşları siyahısına daxil edib ki, bu yüksək statusun iqtisadi, enerji və hərbi-texniki sahə komponentlərilə zənginləşən məzmun qazanması mühümdür. Məhz bu sahələrdə əməkdaşlıq qurmaq imkanları vardır. İqtisadiyyata nəzər yetirsək, şübhəsiz ki, İT sahəsindən qidaya qədər məhsul və xidmət çeşidləri genişləndirilməklə idxal-ixrac əməliyyatları inkişaf etdirilməlidir. Energetika sahəsində əməkdaşlıq vacib aspektdir. Nümunəni yada salsaq, Ukraynada neft məhsullarının Ukraynada neft məhsullarının tədarükü ilə bağlı böhran yaranan zaman Azərbaycan bu mənada əsas alternativlərdən biri kimi qəbul edilməyə başlandı. Ölkələrimiz üçün  neft və qaz sahəsində layihələrin icrası ortaq maraq təşkil edir. Ukrayna Azərbaycan üçün yeni satış bazarına malik ölkə, Ukrayna üçün isə Azərbaycan münasib qiymətlərlə keyfiyyətli neft məhsullarının sabit tədarükçüsü olmaqla etibarlı tərəfdaş qismində çıxış edir. Hərbi texniki sahədə əməkdaşlığa gəldikdə isə, bu, prioritet istiqamətlərdən biridir. Hesab edirəm ki, Ukrayna ilə Azərbaycan arasında müdafiə və hərbi bölmələr səviyyəsində hərbçilərin təcrübə mübadiləsinin təşkil edilməsi və birgə təlimlərin həyata keçirilməsi olduqca vacibdir. Bu sahədə faydalı və əhəmiyyət daşıyan potensial mövcuddur. Hərbi sənaye kompleksləri sahəsində əməkdaşlıq haqqında onu demək mümkündür ki, Ukraynanın istər yeni və ya modernləşdirilmiş avadanlıqların tədarükü, istərsə də, onların təmir və istismar müddətinin uzadılması sahəsində Azərbaycana xidmət təklif etmə qabiliyyəti vardır. Xüsusilə, son dövlərdə Ukrayna müdafiə sənayesində ciddi irəliləyişlər əldə etmişdir. Belə ki, yeni radar stansiyaları, müxtəlif tipli dronlar, tank əleyhinə idarə olunan raketlər üçün komplekslər, müxtəlif növ zirehli maşınlar: 4x4, 6x6, 8x8, "Antonov" hərbi nəqliyyat təyyarəsi, artilleriya və raket qayıqları, həmçinin, kibertəhlükəsizlik sahəsində kompleks həllər inkişaf etdirilir.

  • Ermənistanın problemli işğalçı və faşist siyasi ideologiyasının nə zamana qədər davam edəcəyini düşünürsüz?

Ermənistanın ideologiyası özünü “qurban” kimi təqdim etməklə ərazilərin işğalına yönəldilmiş gündəmi təbliğ etmək üzərində qurulub. Eyni zamanda, manipulyasiya üçün Ermənistan diasporadan alət kimi tez-tez istifadə edir. Rəsmi İrəvan əksər hallarda diqqəti yayındırmaq siyasətindən istifadə edir. Misal olaraq, Ermənistan son vaxtlar imzalanmış bəyanatı nadir hallarda xatırladır, daha çox isə ATƏT-in Minsk qrupunun prinsiplərinə istinad edir. Lakin bildiyimiz kimi, mövcud olduğu illər ərzində bu təsisat sülhə və ədalətin bərpasına, Azərbaycanın suverenliyinə nail ola bilmədiyi halda, Azərbaycan ordusu bunu bacardı.

  • Azərbaycan beyin mərkəzləri ilə Ukrayna siyasət institutları arasındakı əməkdaşlıq perspektivlərini necə dəyərləndirirsiz?

Fikrimcə,  Ukrayna və Azərbaycan beyin mərkəzləri arasında əməkdaşlıq potensialı son dərəcə yüksəkdir. Regionda təhlükəsizlik vəziyyəti, xarici siyasət, Azərbaycanla Ukrayna arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılması üzrə səylər gücləndirilməlidir. Rəhbərlik etdiyim Hərbi Hüquqi Tədqiqatlar Mərkəzi belə əlaqələri inkişaf etdirməyə, təcrübə mübadiləsi həyata keçirmək və qabaqcıl həll yolları axtarmağa, eyni zamanda, regionda təhlükəsizliyin möhkəmləndirilməsi və ölkələrimizin iqtisadi inkişafı və digər maraqlarına uyğun birgə təkliflərlə çıxış etməyə hazırdır.


Müsahibəni apardı: 

STM-in Baş məsləhətçiləri Aytən Babayeva və Tural İsmayılov