Milyonçular niyə narahat olur? - SORĞU

21.09.2021

Pandemiya dövrünün yaratdığı çətinliklər dünyada iqtisadi qayğıları da artırdı. Xüsusilə, böyük korporasiyalar gələcəklə bağlı bədbin proqnozlara daha çox köklənməyə başladılar.

Keçirilən rəy sorğuları səhmdarların maliyyə itkiləri ilə bağlı narahatlıqlarının artdığını göstərir. 

"The Motley Fool" konsaltinq şirkəti dünyada biznes sorğuları ilə tanınan şirkətdir. Şirkət iş adamları arasında onların gələcək qayğıları ilə bağlı sorğu aparıb. Sorğu yaşı 18-dən çox olan və ən azı milyon dollar kapitala malik 2 min amerikalı arasında aparılıb. Məlum olub ki, narahatlıqların çoxu vəsiyyət edilən aktivlərin necə istifadə ediləcəyi ilə əlaqədardır. ABŞ milyonçularının 67 faizi varisləri üçün miras qoyub getməkdən qorxur.


Milyonçular mirasın məsuliyyətsiz xərclənəcəyindən (58,7%) və ya ailələrinin bu cür aktivləri idarə etməyə hazır olmadıqlarından (56,5%) qorxurlar. Həmçinin respondentlərin 56,03% -i mirasdan başqa amillər- məsələn, xeyriyyəçilik məqsədləri üçün istifadə etməyin daha yaxşı olduğunu bildirib. Respondentlərin 55,77% -i isə varislərin tənbəl ola biləcəyindən qorxur.


"Motley Fool" araşdırma analitiki Cek Kaporal “CNBC Make It” -ə verdiyi müsahibədə, “aydın olan odur ki, yüksək xalis dəyərli insanlar çox böyük bir miras qoymağın təsirlərindən narahatdırlar” deyir. “ Milyonçular vərəsələrinə ağır iş, məktəbdə yaxşı oxumaq və yaxşı bir karyera yolu tapmaq kimi vacib hesab etdikləri dəyərləri formalaşdırmağa təşviq edən şərtlərlə miras buraxmağı əsas bilirlər və fəal şəkildə düşünürlər.”

Araşdırma nəticəsində məlum olur ki, yüksək gəlirli şəxslərin 85% -i varisə çox pul buraxmağın mümkünlüyünə razıdır. 

“The Motley Fool” -a görə, ABŞ vətəndaşlarının ən varlısı orta hesabla 719.000 dollar miras alır, ən aşağı 50 faiz isə orta hesabla 7.900 dollar mirasa sahib olur.

Əslində sorğunun nəticələri maraqlı digər bir nəticəni də hasil etməyimizə kömək edir: Amerika cəmiyyəti öz davamçılarına tam olaraq güvənmir.

Pandemiyalar isə maddi gəlirindən asılı olmayaraq bütün insanların daha yaxşı bir dünya üçün çalışmalı olduqlarını bir daha nümayiş etdirir. 


Tural İsmayılov