İctimaiyyət dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edə bilirmi? Vətəndaşları və onları təmsil edən təsisatlar qərarların qəbulunda iştiraka necə cəlb olunur? Vəzifəli şəxslər, xüsusən əhaliyə xidmət göstərən orqanların rəhbərlərinin əhali ilə bilavasitə təmasları hansı səviyyədədir? Bu və digər suallarımızı Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov cavablandırıb.
- İctimai nəzarətin əhəmiyyəti daim dövlət başçısı tərəfindən vurğulanır. İcimai nəzarətin önəmini izah etməyinizi xahiş edirik.
- Dövlət orqanlarının, dövlət təsisatlarının, əhaliyə xidmət göstərən təsərrüfat subyektləri üzərində inzibati nəzərətin olması zəruridir. Amma paralel olaraq ictimai nəzarət mexanizmlərinin olması da vacibdir. Vətəndaşların və onları təmsil edən təsisatların effektiv nəzarətinin təmin olunmadığı istənilən fəaliyyət, istənilən iri layihə bir qayda olaraq qüsurlu olur. Əksəriyyət hallarda planlaşdırlan və layihələşdirlən fəaliyyətlərlə həyata keçirlən işlər arasında fərqlər olur. Bu fərqlər isə çox vaxt layihələrin uğursuz icra olunmasına gətirir. Məsələn, istənilən texnogen proses o cümlədən, yolların çəkilməsi, yeraltı və yerüstü boru kəmərlərinin tikintisi və s. planlaşdırlarkən ətraf mühitə təsirlər qiymətləndirlməli və müvafiq ƏMTQ sənədi hazırlanmalıdır. Hətta belə sənədlər hazırlansa da bəzən sonradan icra olunmur, yaxud düzgün icra olunmur. Amma ictimai nəzarət olduğu halda bu standartlardan yayınmaq çətinləşir.
Bu, bütün məsələlərə aiddir. Dövlət büdcəsinin vəsaitlərinin xərclənməsindən tutmuş, dövlət orqanlarının və təsisatlarının cari fəaliyyətinə qədər bütün proseslərə dair ictimaiyyətdə mükəmməl məlumat olmalıdır, vətəndaşlar və onları təmsil edən təsisatlar, bir sözlə, vətəndaş cəmiyyəti bu proseslərə effektiv nəzarət etmək imkanında olmaldır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ictimai nəzarətin əhəmiyyətini yüksək qiymətləndirir və az qala bütün çıxışlarında ictimai nəzaərtin vacibliyini vurğulayır.
- Hazırda ictimai nəzarət sahəsində əsas problemləri necə sadalayarsız?
- 2000-ci illərin əvvəlindən başlayaraq, 2013-2014-cü illərə qədər olan dövrü mən Azərbaycanda ictimai nəzarərtin və ictimai iştirakçılığın qızıl dövrü adlandırardım.
Korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması, informasiya əldə etməklə bağlı həmin dövrdə hazırlanmış istənilən qanunvericilik aktlarının layihələrinin müzakirələrində, dövlət proqramlarının, milli fəaliyyət planlarının, strategiya və s. dövlət sənədlərinin hazırlanmasında vətəndaş cəmiyyəti mütləq iştiraka cəlb olunurdu və bu iştirakın həmin sənədlərdə konkret izləri vardı. Yəni, sənədlərin layihələrin hazırlanmasında və qəbulu prosesində birgə iştirakçılıq var idi.
Bir misal göstərim. Beynəlxalq Büdcə Partnyorluğu (The International Budget Partnership (IBP)) adlı bir beyəlxalq qeyri-kommersiya qurumu var. Dünya üzrə büdcə açıqlığı indeksini onlar müəyyən edir və bu dünyada adı gedən sahədə reytinq müəyyən edən ən ciddi və bəlkə də yeganə qurumdur. 2013-2015 illər üzrə reytinqdə Azərbaycan orta mövqelərə qalxa bilmişdi. Belə ki, həmin dövr üçün Azərbaycan 100 ballıq şkalada 51-ci yerdə idi. 2017 və 2019-cu il reytinqlərində isə Azərbaycan əhəmiyyətli şəkildə geriləyib və hazırda 34 balla aşağı yerlərdə qərarlaşıb. Qonşu Gürcüstan isə dünyanın ən qabaqcıl 5 dövləti sırasındadır və 81 balla beşinci yerdədir. Niyə? Onlar nə edirlər? Sadəcə büdcə layihəsi hazırlanarkən ixtisaslaşmış qurumlarla müzakirlər təşkil edirlər və parlamentdə büdcə qanununun müzakirəsinə ixtisaslaşmış QHT nümayəndələrini dəvət edirlər. Çətin işdir? Ortada siyasi iradə var. Ölkə Prezidenti ictimai nəzarət və ictimai iştirakçılığı təşviq edir, amma bəzi orqanlar adi görünən prosedurlara əməl etmək istəmirlər. Nəticə isə belə alınır.
Digər bir problem ictimai nəzarət subyektlərinin özü ilə bağlıdır. Azərbaycanda hazırda 3-cü ölkələrdən gizli yolla daxil olan pullarla fəaliyyət göstərən QHT-lərin sayı və resursları hesabatlı QHT-lərin sayından və resurslarından dəfələrlə çoxdur. Hesabatlı QHT-lər isə əvvəlki maliyyə və insan resurslarına malik deyil. Nəticədə hətta onları ictimai iştirakçılığa cəlb edəndə belə tövhə verə bilmirlər. Bu baxımdan 2014-cü ildən qüvvədə olan “İctimai iştirakçlıq haqqında” qanun effekt vermir. Həmin qanunda nəzərdə tutulan digər 4 ictimai iştirak formaları isə “unudulub”. İctimai dinləmələr keçirilmir, qərarlar qəbul etməzdən əvvəl ictimai müzakirələr tək-tək hallarda olur. Hüquqi aktların layihələrinin ictimai müzakirəsi nadir hallarda baş verir. Əhalinin maraqlarına toxunan qanunvericilik aktları layihələri hazırlanarkən və qərarlar verilərkən ictimaiyyətin buna münasibəti öyrənilmir. Daha doğrusu ölkədə ictimai rəyi öyrənən təşkilatlar, o cümlədən ölkənin ən böyük beyin mərkəzi olan Sosial Tədqiqatlar Mərkəzi davamlı olaraq ictimai rəyi öyrənir. Sadəcə layihə hazırlayanlar, qərar qəbul edənlər (məsələn tənzimlənən qiymətlərlə bağlı) əvvəlcədən ictimai rəyi nə özləri öyrənmir, nə də dövlətin təsis etdiyi qurumlara bununla bağlı sifariş vermirlər. Nəticədə hətta əhalinin maraqlarına müsbət mənada toxunan qərarlar da maraqlı tərəflərin səyləri ilə manipulyasiya olunaraq geniş əhali kütlələrinə zərərli qərarlar kimi təqdim olunur. Halbuki ictimai rəy əvvəlcdən öyrənilsəydi və ictimai rəy qəbul oluanacaq layihəyə hazırlansaydı belə hallar baş verməzdi.
Digər bir problem ictimai nəzarət mexanizminin məqsədli deqradasiyası ilə bağldır. Azərbaycanda “reket ictimai nəzarət” mexanizmləri formalaşıb. Özünü jurnalist, bloger, vətəndaş cəmiyyəti nümayəndəsi adlandıran bəzi mütəşəkkil qruplar ictimai nəzaərət adı altında dələduzluqla məşğuldur ki, bu da onsuz da zəif olan əsl ictimai nəzarət təsisatlarını gözdən salır.
- Vətəndaş cəmiyyəti və qurumların ictimai nəzarət sahəsində görəcəyi yaxud təkmilləşdirəcəyi hansı sahələr var?
- İlk növbədə qanunvericilik dəyişməli və o dövrün çağrışlarına uyğunlaşdırlmalıdır. Bəzi ölkələrdə ictimai iştirakçılığı və ictimai nəzarəti imperativ edən və tənzimləyən normalar var. Məsələn, qanunvericiliyin qəbulu zamanı ictimai iştirakçılıq necə olmalıdır? İctmai müzakirəyə dəvət hansı əsaslarla edilməlidir və kimlər iştirak etməlidir? Nəzarət mexanizmləri necə təmin edilməlidir və s. İndi bizdə mərkəzi və yerli icra hakimiyyətləri nəzdində ictimai şuralar yaradılır. Əlbəttə mən ictimai şuraların müsbət fəaliyyətinə xeyli misallar göstərə bilərəm. 2006-cı ildə ölkədə ilk ictimai şura (ictimai komitə adlanır) Ədliyyə Nazirliyində yaradılıb və həmin dövr və sonrakı dövrlər üçün müsbət bir model olub. Özü də yalnız bizim ölkə üçün yox. Mən o komitədə əlaqələdirici olanda BMT-nin 3 komitəsi-İnsan hüquqları, İşgəncələr Əleyhinə və İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitələri Ədliyyə Nazirliyində fəaliyyət göstərən ictimai komitə ilə bağlı müsbət açıqlamalar və tövsiyələr verib. O zaman bu, bütün Avropa məkanı üçün müsbət model kimi təqdim olunurdu. İndi də az-çox effektiv fəaliyyəti olan ictimai şuaralar var. Amma bunlar azdır. Bunun da daha bir ciddi səbəbi Azərbaycandakı hesabatlı vətəndaş cəmiyyəti təsisatlarının həddən artıq zəifləməsidir. Maliyyə resurslarına çıxışların həddən artıq məhdud olması nəticəsində 10 il əvvəl beyin mərkəzi, ciddi ictimai, hüquqi və maarifləndirici kampaniyalar təşkil edən QHT-lər hazırda demək olar fəaliyyətsizdir.
Dövlət yerli maliyyə mənbələrininın sayını və həcmini artırmalıdır və bu sahədə şəffaflıq yaranmalıdır ki,vətəndaş cəmiyyəti təsisatları maliyyə mənbələrinə çıxış əldə etsin və maliyyə mənbələrini şaxələndirə bilsin. Belədə tezliklə onlarda ekspertlərin sayı artacaq və insan resursları formalaşacaqdır. Bu halda ictimai iştirakçılıq və ictimai nəzaərət mexanimləri daha effektiv ola bilər.
- Vətəndaşların qərarların qəbulunda iştirakı problemləri daha hansılardır? Əhalinin rəyini və fikirlərini əvvəlcədən bilmək nə dərəcədə faydalıdır?
- Digər problemlər də mövcuddur. Xüsusən yerlərdə əhalinin maraqlarına aid qərarlar verilərkən və ya layihələr icra olunarkən yerli əhalinin rəyini öyərnən yoxdur. Məsələn rayon mərkəzində bir park inşa edilir. Sonra görürsən ki, ora gedən yoxdur. Məlum olur ki, həmin yer əhali üçün uyğun yer deyil. Halbuki əvvəldən rəy öyrənilsəydi layihə daha uğurlu ola bilərdi. Planlaşdırlmadan ölkə ərazisində müxtəlif layihələr həyata keçirilirdi. İndi baxırsan ki, həmin obyektlər istifadəsiz qalıb. Çünki qərar qəbul olunarkən maraqlı tərəflərlə məsləhətləşmələr aparılmayıb. Əhalinin rəyi öyrənilməyib. İstənilən qədər misallar göstərmək olar. Ölkə Prezidentini də məhz bu hallar narahat edir və təsadüfi deyil ki, o, bütün çıxışlarında bu problemlərə toxunur və vətəndaş iştirakçılığının vacibliyini qabardır. Əhalinin rəyinin öyrənilməsi və ictimai rəyin əvvəlcədən hazırlanması inkişaf etmiş ölkələrdə adi alətə çevrilib. Bizdə də ixtisaslaşmış qurumlar yaradılıb. Qalır qeyri-dövlət beyin mərkəzlərinin də potensialının artırılması və onların resurslarından düzgün istifadə etməklə ictimai rəyə əsaslanan idarəetməni təmin etmək.
- Bir çox hallarda vətəndaş müracitləri havadan asılı qalır. Şikayətlər yuxarılara gedib çatmır. Bunun üçün nə edilməlidir?
- Son bir neçə ildə vətəndaş müraciətlərinin qəbulu və onlara operativ reaksiyanın təmin olunması sahəsində xeyli müsbət nümunələr var. Daha əvvələrdən Daxili İşlər Nazirliyinin onlayn müraciət qəbul etmək və operativ reaksiya sistemi yaradılıb və hazırda da normal işləyir.
Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşlarla təmas üçün müasir kommunikasiya vasitələrindən istifadə üçün müsbət nümunə yaratdı. Hazırda Azəriqaz İstehsalat Birliyinin rəhbəri Ruslan Əliyev kommunal sferada fəaliiyət göstərən qurum rəhbərləri içərisində ən əlçatan rəhbərdir. Problemləri 100% həll etmək bu halda mümkün olurmu? Əlbəttə yox. Amma Azəriqaz rəisi demək ola hər gün istehlakçılarla müxtəlif kommunikasiya vasitələri ilə birbaşa əlaqə yaradır və elə təmas zamanı həll olunması mümkün olan problemləri həll edir. Bu, yaxşı nümunədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də müasir kommunikasiya vasitələrindən istifadə edir. Rəhbər şəxslərin sosial şəbəkələr vasitəsi ilə əhali ilə təmasları müəyyən effekt verir.
Bütövlükdə vətəndaş müraciətləri ilə bağlı idarəetmədə ciddi problemlər qalmaqdadır. Xüsusən şikayətin həll olunmaq üçün haqqında şikayət verilən aşağı orqana göndərilməsi üsulu tam səmərəsizdir.