Dünya fikir tarixində həmişə aktual olan məsələlər əslində çox məharətlə gizlədilə bilir. Proses xarakteri alan dünya fikir tarixinin düz xəttli inkişafı gözə çarpmır. Yapon tarix fəlsəfəsinin kultu olan Fukuyama buna görə tarixi “əyri xəttli” görürdü. On
Məsələn, bir nəfər xəbər portalı yaradır, ağlına gələn hər xəbəri, dəqiqləşdirilməmiş, sübutsuz materialları informasiya adı altında cəmiyyətə “yeridə bilir”. Sonra isə, stol arxasında ona irad tutan yoldaşlarına elə sərt münasibət bildirir ki, sanki elə onun gördüyü iş əsl jurnalistika imiş, digərləri isə təsadüfi adamlar. Bizim yaşadığımız dünyada diqqətdən qaçan məqamlar çoxdur. Bunlar isə çox təəssüf ki, lokal xarakter almaqdan çıxaraq bəşəri problem halını alıb.
Frensis Bekon bu anlamda problematika anlayışına yanaşmanı tamamiylə dəyişdirməyin tərəfdarı idi. O, hesab edirdi ki, problem özü 3 cür təsnifləndirilir:
1. Həlli vacib aktual problematika. Buraya daha çox təcili təxirə salınmaz reaksiya gözləyən narahatlıqları aid edirdi.
2. Həlli indi vacib olmayan problematika. Bekon bunu öz dövrü üçün diskriminasiya, qadın-kişi bərabərsizliyi ilə izah edirdi. Diskriminasiya onsuz da dünya durduqca mövcud olacaq. Yaponların hələ də Nobel almayan yazarı Haruki Murakaminin “Kafka Sahildə” romanının son bölümündə özəlliklə belə nəticə hasil olunur ki, diskriminasiya yalnız məhvdə mümkündür, dünya isə hələ məhv olacaq kimi görünmür, deməli, diskriminasiya da var olacaq. Maonun dediyi kimi, ”ədalətin zəncirləri dünyanın sonsuzluğuyla həmyaşıddır”. Genderin sorunları isə zamanla aradan qalxır kimi görünür.
3. Həlli həmişə vacib olan problematika. Elə mənim diqqətimi çəkən və toxunmaq istədiyim bu sonuncu hissədir. Əslində yuxarıda sadaladıqlarım da hardasa problemin hər formada həllinin vacib olmasına örnək gətirmək üçün idi. Problem var ki, həll olunsun. Problem yoxdursa, deməli nəsə düz getmir. Ya da heçlik fəlsəfəsində belə vurğulanır, problem yaşayışın nüvəsidir.
Fikir tarixində ən önəmli problematika insana yanaşmada mövcud olmuşdur. Tutaq ki, orta əsrlərə qədər insanlar yalnız zamanın tələbiylə ayaqlaşdığı üçün, özünü öyrənmək istəmirdisə, Sxolastikanın dəhşətləri və Qərbdə fikir adamlarının açıq-aydın repressiyalara məruz qalması, sekulyarların “topa tutulması” insana baxışı formalaşdırdı.
Görürsünüzmü, hər gün qəribə xəbərlər oxuyuruq. Media “günah keçisi” arayışındadır. Hansısa bir hadisənin baş rolunda olan, etdiyi hərəkətlər və meyillərlə manşetə çıxarılan insanların özləri öyrənilmir. Manyak cinayət törədirsə, mütləq onun yetişmə şəraiti, uydurulan uşaqlıq travmaları daha çox qabardılır. İnsan özü isə kənardadır. Anlayıram, psixoloji təsirlər və insanın sosiallaşmasına yön verən məqamlar da maraqlıdır. Lakin problemin əsas tərəfi diqqətdən qaçır.
Bildirmək istədiyim odur ki, insanın mahiyyətini öyrənməyin qəlizliyi yox, tənbəllik və şou elementləri hər yeri cənginə alıb. Adamlar ciddi şeylərlə maraqlanmır, ciddi şeylər oxumur, maraqlı filmlər izləmir və dünyada məlumat bolluğu içərisində məlumatsız bir nəsil yetişir. Fukuyama bu dövrü görəndə “tarixin qırıldığını” deyir, Marks isə “məhvin astanası”nı indinin dünyasında axtarırdı.
Teokratik ideologiyanın insan mərkəçi antroposentrizmlə əvəzlənməsi ilə elm, incəsənət, KİV insana maraq duymağa başlasa da, bu günümüzə qədər istənilən nöqtədə deyil. Ya da, mən belə düşünürəm. Fikirlərimi daha dəqiq izah etmək üçün diqqətimi çəkən nüansları bir-bir bölüşmək istəyirəm. Antik fikir fəlsəfəsində insan mərkəzdə idi. Və ən maraqlı tərəfi də o idi ki, ellinizmin süqutu ilə insan təfəkkürü illərlə onun kosmik sistemin bir parçası olmağı ideyasını kənara atdı. Misir və Çin astronomik cədvəllərində insan fiqurları və indiyə kimi həlli çözülməmiş riyazi hesablamaların tarixi də qədim dövrün texnoloji baxımdan geri, əqli baxımdan isə daha öndə olduğunu göstərir. Antik fəlsəfənin qaldırdığı “insan səma komponenti” ideyası klassik antropologiyanın yaranması ilə gücləndi.
Uzun illər insan biososial varlıq hesab olunurdu. Feyerbax kimi təbiət-insan münasibətlərini ən incəliyinə qədər izah etməyə çalışan materialist filosof da səssiz qaldı bu duruma. İnsan kosmoqonik baxışın ortaya çıxması, Renessans sonrası sistemli yanaşmanın texniki elmlərdə peyda olmağı ilə humanitar sahəyə və fəlsəfəyə də təsir etməyə başladı. Artıq kosmos nağıllar aləmi deyildi. İnsanlar ulduzlar və səma cisimlərindən yad yox, onların bir parçası olmağı ilə barışırdı. Beləliklə, məşhur “makrokosmos” və “mikrokosmos” fəlsəfi ədəbiyyata daxil oldu. Kainatın sonsuzluğu makrokosmosla, onun bütün ünsürləri insan da daxil olmaqla tərkib mikrokosmos kimi adlandırılmağa başlandı. Pifaqor insanı və Tanrını eyni zərurətdən izah edirdi. O hesab edirdi ki, insan və kainat bir ailədir. Onların ayrıldığı sərhədlər isə insanları bir-birindən ayıran evlər kimidir. Pifaqor bir az da irəli gedərək, insanı “kiçik insan”, kainatı isə “böyük insan”, yaxud “böyük aləm” adlandırmışdı. Neofreydist Yunq insanı makro və mikro kosmos arasındakı bağ hesab edirdi. Bütün ezoterik təlimlərdə həyat ağacından bəhs olunur. İnsan böyük ağacın budağıdır. Ondan budaqlar törəyir və sonsuz bioloji təkamül beləliklə ustaca baş verir. Ədəbiyyatda buna ən yaxşı örnək, məncə Dantenin “İlahi Komediya”sındakı tərsinə olan yaşam ağacıdır.
Kainatın özünün tədqiqində də fikir adamlarının fəlsəfədən gəldiyi qənaət elmə yön verdi. Eynşteyn “kainatın ən anlaşılmaz tərəfi onun anlaşıla bilən olmasıdır” deyirdi. Qədim düşüncənin həll etdiyi problemə biz hələ də qayıda bilmirik. Bu günə qədər sirri tam çözülməmiş qədim Mayya, Astek və İnk toplumlarına aid arxeoloji qazıntılarda dəyərli materiallar ortaya çıxdı. İnsana kosmik yanaşmanın o dövrdə aktual olmağının ən bariz nümunəsi hindu mənşəli tapıntılarda ay və günəş simvollarının çoxluqda olmağı idi. Günəş daha böyük və parlaq, ay isə onun hissəsi və az parlaq kimi göstərilirdi. Şərqin özündə həm Finikiya tarixinə dair qazıntılarda, həm də Şumer əlyazmalarında eyni təsvirlərə rast gəlmək mümkündür. Prataqor “insan hər şeyin ölçüsüdür” tezisində “hər şey” deyə biçimləndirdiyi sistemdə kainatın bütövlüyünü nəzərə alırdı. Spinoza insanı kainatın və onun tərkibindəki strukturun ortasındakı “körpü” hesab edirdi. Diqqət edin, həmin xətt davam edir və astronomiyanın sistemli elm kimi kənarda müstəqil təşəkkülü də baş verir. Fəlsəfəyə ancaq “boş söz yığını” kimi baxmağın nə qədər bəsit yanaşma olduğunu bütün bu çalışmalar bir daha göstərir.
Freydizmin psixoloji tədaviləri ilə də insanın bütövlüyə və “aid olduğuna” can atması ortaya çıxır. Erix Fromm ruhi pozğunluqları olan insanların keçmişini araşdıranda onların çoxunda təkliyin verdiyi bir acının olduğunu qeydlərində yazırdı. Yunq isə daha konkret izah edirdi. Öz pasiyentlərindən boş kağıza nəsə çəkmələrini istəyəndə onlar adətən tam və bütöv şeylər çəkirdi. Və psixoanalizin “insan həm də kosmik varlıqdır” tezisi beləcə ortaya çıxır. Sokrat əsrlər öncə özünü tanı deyirdi. İndi bu söz banal şəkildə “özünə hörmət et”, “kim olduğunu bil” kimi ucuzlaşdırılsa da, Sokratda özünü tanıma həm də göyləri anlamaqda bir cəhd idi. “Özünü anla ki, kainatı anlayasan.” İslam fəlsəfəsində bunu təsəvvüfçülərdə görürük. İnsanın aləmlərdən ibarət olması, həm də daha geniş aləmlərin bir parçası olmağı ideyası sonradan kosmik fəlsəfəyə ciddi yön verdi. Nəsrəddin Tusi səma və göyü tədqiq edərkən, məsələnin texniki çalarlarını izah edirdi.
Bekonun diqqət görməyən üçüncü probleminə göründüyü kimi, tarix boyunca diqqət edilmişdir. Sadəcə burada mənim fikirimcə, əsas fərqləndirmə edəcəyimiz məsələ insan-kosmos əlaqəsi ilə göyün tədqiqatı arasındakı əlaqələrdir. İnsanın öyrənilməsində önəmli olan kosmik təzahürlər tapıldıqdan sonra kosmik sistemlə bağlı dövrlər arası çalışmalar başladı.
Aristotelin bu məsələdə də səssiz qalmadığını qeyd edim. O, antik dövrün məhdudiyyətlərinə görə kainatı sonlu hesab edirdi. Kainatın mərkəzində yer kürəsi, yerin ortasında isə insan dayanırdı. Aristotel günəşin yerə aydan uzaq olduğunu ilk dəfə söyləyən insandır. Ona qədər günəş daha parlaq olduğu üçün yerə aydan daha yaxın bilinirdi. O, yerin dairəvi olmağını aya baxaraq irəli sürdü. Ayı gördüyü üçün, onun səthindən də yerin elə görünə bilməsinə inanırdı. Aristotelin kosmik fəlsəfəsinin təkrarına həmin dövrün məşhur səma filosofu Ptolomeydə rast gəlinir. Klavdi Ptolomey Aristotelin dediklərini olduğu kimi kopyalamayaraq, özünün yanaşmaları ilə daha da zənginləşdirir. Həmin çağlarda günəş daha soyuq və uzaq göründüyü üçün Ptolomey də eynən Aristotel kimi yeri mərkəzdə görürdü. O, digər bütün planetlərin adını tam verməsə də, yerdən sonra sıra ilə düzüldüyünə inanırdı. İnsanın bütün bu sistemlərlə əlaqəsizliyini qətiyyən qəbul etmirdi. Kopernikə qədər isə istər ilkin astrofiziki nəzəriyyələrdə, istərsə də fəlsəfədə yer kürəsi mərkəz kimi qiymətləndirildi. Nəhayət 15-16-cı əsrlərin inqilabi fikir və elm adamı Nikolay Kopernikin ortaya çıxması ilə bütün bu yanaşmalar səliqə-sahmana düşdü. 24 yaşında ilk təəssüratlarını qələmə alır, 31 yaşında isə bütün dünya tarixini dəyişdirən baxışlarını ortaya qoyur. 1512-ci ildə yerin mərkəz olmağı iddiaları tamamilə aradan qalxdı. Kopernik günəş sistemlərinin varlığını söylədi. Yer kürəsini də vahid bir günəş sisteminin parçası hesab etdi. Günəş günəş sisteminin ortası, mərkəzi sayıldı. Ulduzların yerdən görünməsinə görə ona qədər mövcud olan yaxın məsafə anlayışı darmadağın edildi. Ulduzların çox uzaqda olmağını ilk dəfə Kopernik dəqiqləşdirdi. Uzun illər basqılardan və həmkarlarının onu qeyri-ciddiyə alacağının qorxusundan çalışmalarını gizlətsə də, sonradan bir neçə qurumdan maddi, dostlarından isə mənəvi dəstək alaraq, ideyalarını səhifələrə köçürdü. Ayrı-ayrı əlyazmalarını təkmilləşdirərək ölümünə az qala "De Revolutionibus" kitabında topladı. Bu kitab yalnızca fizika üçün əvəz olunmaz material olmadı, həm də naturalist fəlsəfə üçün də qaynaq oldu. Kopernik kitabda insanı daha da böyütdü, indi insanlar “daha böyük tamın sistemi” idi. Ölümündən sonra müxtəlif ön sözlərlə kitab dəfələrlə nəşr olundu. İnsanlar elmə, fəlsəfəyə və özünün qüdrətinə daha çox inanmağa başladı. Və haqqında nə qədər çox bəhs edilsə də, kosmosu gündəlik müzakirə mövzusuna çevirən Karl Saqanın adını xüsusi qeyd etməyi lazım bilirəm. Karl Saqanı elm, fəlsəfə, ədəbiyyat və bütün maraq dairələrimə səbəb sahələrin nümayəndələri içərisində daha çox sevirəm. Çünki Saqanın ömür boyu söylədiyi bir şey var. O, elmin və insanların maraq duymadığı mövzuları populyarlaşdırmağı məqsəd qoyur, insanların xaosdan ancaq bu mövzulara maraq duyaraq ayılacağına inanırdı. Onun sayəsində kosmos və göyün tədqiqi dünyada dar elmi-fəlsəfi kuluarlardan toplumun arasına çıxdı. Onun televiziyaya çıxardığı mövzular ilk başlarda insanları maraqlandırmasa da, sadə anlatım dili və canfəşanlığı sayəsində “Kosmos” sənədli verilişləri sayısız ölkələrdə bir milyarda yaxın insan tərəfindən izlənildi. Çikaqo Universitetindən fizika, atronomiya və astrofizika üzrə ayrı-ayrı təltiflərlə məzun olan Saqan fəlsəfənin elmləşdirilməsi mövzusunda araşdırmalar aparan tək-tük elm adamlarından idi. Televiziyalara çıxana qədər yayımlatdığı “İkarus” dərgisi sadə insanların stol üstü kitabına çevrildi. İnsanın görünən bəsit izahını məsxərəyə qoyan Saqanın bu kontekstdə ən önəmli fikri də beləcə ortaya çıxdı: “DNT-lərimizdəki nitrogen, dişlərimizdəki kalsiyum, qanımızdakı dəmir, almalı piroqumuzdakı karbon çökən ulduzların içlərində yaradıldı. Bizlər ulduzların xammalından yarandıq.” Saqanın insan fəlsəfəsində sosioloji xəttlər də məşhur idi. İskəndəriyyə kitabxanasının vəhşicəsinə talan edilib yandırılmasına qarşı dəfələrlə çıxışlar etmişdi. 1996-cı ildə ölən bu mükəmməl adamın haqqında, gördüyü işlərdən sayısız yazılar yazmaq olar.
Aydın olan odur ki, biz çox xırda şeylərlə məşğuluq. Öz quruluşumuzun mükəmməlliyi, əlaqəli olduğumuz sistemlərin bir parçası olmağımızı dərk etmirik.
Özümüzü anlamaq qəlizdir, amma ən önəmli problemdir.