Müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın bir çox bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri, məktəb və xəstəxanalar dağıdılır.
Son illər dünyada regional və qlobal müstəvidə baş verən hadisələr yüksək əxlaqi dəyərlərin təbliği, insanların birlik və bərabərliyinin təmin edilməsi, sülhün və əmin-amanlığın qorunması missiyasını daşıyan dinlərdən müasir dövrdə siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsində geniş istifadə olunduğunu göstərir. Hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə istifadə edir. Bu müəyyən şəxslər və qurumlar tərəfindən yaradılan çoxsaylı hərəkat və cərəyanların timsalında özünü açıq büruzə verir (1, s. 267).
Radikalizm və ekstremizmin yaranmasının müxtəlif obyektiv və subyektiv səbəbləri var və bu özünü bir çox sahələrdə göstərir. Dövlət siyasətində ayrı-seçkiliyə rəvac verilməsi, dinlərarası münasibətlərin gərginləşdirilməsi, bir sıra hallarda dini dəyərlərin təhqir olunması, dini zəmində ədavət və düşmənçiliyin qızışdırılması bu səbəblərdəndir (2, s. 72).
Eyni zamanda, bir sıra ölkələrdə zərərli dini təriqətlərin sərbəst yayılması, radikal və ekstremist qruplarla mübarizə işinin səmərəli qurulmaması, dindən siyasi məqsədlər üçün istifadəyə şərait yaradılması, beynəlxalq və regional əhəmiyyətli münaqişələrin uzun illər həllini tapmaması və yeni qarşıdurmaların yaranması dünyada ekstremizm və dözümsüzlük meyllərini daha da artırır, onların əhatə dairəsini genişləndirir. Dünya ölkələrinin və beynəlxalq qurumların bu risklərin qarşısının alınması məqsədilə göstərdikləri səylər və həyata keçirdikləri tədbirlər bir sıra hallarda ciddi nəticə vermir, əksinə, münasibətlərin daha da gərginləşməsinə, vəziyyətin mürəkkəbləşməsinə və münaqişələrin artmasına gətirib çıxarır.
Bu, bütövlükdə dünyada ədavətin, ekstremizm və radikallıq meyllərinin, silahlı və qanlı qarşıdurmaların artmasına, günahsız insanların münaqişə qurbanlarına çevrilməsinə təkan verir. Müasir dövrdə qüvvətli dövlət və vətəndaş cəmiyyətinin, beynəlxalq qurumların birgə səylərinin olmadığı təqdirdə bu kimi problemlərin qarşısının alınması mümkünsüz görsənir. Ekstremizm və radikallıqla səmərəli mübarizə üçün həm güclü dövlətin, həm də güclü vətəndaş cəmiyyətinin olması şərtdir.
Müasir dövrdə bəşəriyyəti ciddi təhdid edən terrorizm və ekstremizmin tarixi qədim dövrlərə təsadüf edir və yaranması müxtəlif səbəblərlə əlaqələndirilir. Bir çox hallarda bu kimi münaqişələr etnik, dini, irqi və s. zəmində baş verir. Motivindən və yaranma səbəblərindən asılı olmayaraq, terrorizm ekstremizmin təzahür formalarından biridir və bu təhlükənin aradan qaldırılması bəşəriyyətin ən mühüm və başlıca vəzifələrdəndir.
Bu gün terror hadisələrindən heç kim və heç bir dövlət sığortalanmamışdır. Müasir dövrdə bütün dünya xalqları, Uzaq Cənubi-Şərqi Asiyadan tutmuş Yaxın Şərqə qədər, Afrikadan, Avropadan Amerikayadək dünyanın bir çox ölkələri terrorun dəhşətli nəticələrini birbaşa və yaxud dolayısı ilə hiss edir və bu kimi hadisələrdən əziyyət çəkir. Bu təkcə hər hansı bir ölkənin və yaxud xalqın deyil, bütün bəşəriyyətin problemidir. Hər il dünyanın ayrı-ayrı ölkələrində baş verən terror aktları və siyasi münaqişələr nəticəsində yüz minlərlə günahsız insan terrorun qurbanına çevrilir.
Bu gün biz bir sıra hallarda terror hadisələrinin kökündə din amilinin dayandığının xüsusi vurğulandığının şahidi oluruq. Bir sıra dairələr, insanlara sülh, əmin-amanlıq bəxş etmək missiyası daşıyan səmavi dinləri terrora zəmin yaratmaqda günahlandırır. Bu məsələdə daha çox haqsızlığa və tənqidə məruz qalan din İslamdır. Təəssüf ki, məlumatsızlıq, qeyri-obyektiv təbliğat, bir sıra halllarda müsəlmanların qeyri-adekvat davranışları və digər səbəblərdən yüz minlərlə insanda İslam dini ilə bağlı zaman-zaman yanlış təsəvvür formalaşmışdır. Əslində heç bir din zorakılığa, terrora və dini ayrı-seçkiliyə haqq qazandırmır. İslam meydana gəldiyi gündən digər dinlərin nümayəndələrinə hörmətlə yanaşmağı vacib saymış, ayrı-ayrı dinlərin mənsublarına öz inanclarına uyğun yaşamalarına şərait yaratmışdır. Bu gün terrora ən sərt münasibət bildirən İslam, ondan ən çox əziyyət çəkənlər isə müsəlmanlardır (3, s. 308).
Azərbaycan xalqı tarixin müxtəlif mərhələlərində terrora məruz qaldığından onun ağrı-acısına, ağır nəticələrinə daha dərindən bələddir. Təəssüf ki, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar bölgədə və dünyada baş verən münaqişələrə ikili standartlarla yanaşır, prinsipial mövqe nümayiş etdirmir, problemlərin həllini bilavasitə münaqişəyə cəlb olunmuş tərəflərin işi hesab edir. Bu, xalqımız üçün son dərəcə mühüm olan Dağlıq Qarabağ probleminin həllinə yanaşmada da özünü açıq göstərir. Dağlıq Qarabağ probleminin bu günə kimi həll olunmamasında bu kimi subyektiv amillərin rolu kifayət qədər böyükdür (4, s. 129).
Ermənistanın terrora dövlət səviyyəsində dəstək verməsi və Azərbaycana qarşı terrorda iştirakı, çoxlu sayda Azərbaycan vətəndaşını qətlə yetirməsi, mədəniyyət abidələrinin dağıtması inkaredilməz faktdır. Ermənistan xüsusi xidmət orqanlarının müxtəlif vaxtlarda ölkəmizdə bir sıra terror aktları törətməsi bu fikri bir daha təsdiq edir (3, s. 311).
Sözügedən münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana torpaq iddiası, Dağlıq Qarabağı ələ keçirməsi cəhdi ilə başlamış və iki ölkə arasında müharibəyə gətirib çıxarmışdır. Sonrakı illərdə Ermənistan silahlı qüvvələri bir sıra xarici dövlətlərin dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, tarixi abidələri, məscidləri, qəbiristanları, məktəbləri, xəstəxanaları, mədəniyyət evlərini və muzeyləri dağıtmış, bir milyondan artıq Azərbaycan vətəndaşını doğma torpaqlarından didərgin salaraq son dərəcə ağır şəraitdə yaşamağa məhkum etmişdir (5, s. 18).
Terrorun ağrı-acısını yaşamış bir ölkə kimi Azərbaycan terrorun bütün təzahürlərini pisləyir, terror hadisələrinin qarşısının alınmasına yönəlmiş səyləri tam dəstəkləyir, onu doğuran səbəblərin aradan qaldırılması və qarşısının alınması məqsədilə dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlarla müntəzəm və sıx əməkdaşlıq edir.
Azərbaycan olduqca həssas, böyük dövlətlərin maraqlarının toqquşduğu bölgədə yerləşdiyindən, gələcəkdə yarana biləcək, davamlı inkişafa mane olacaq münaqişələrin vaxtında qarşısının alınması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Müasir dövrdə fundamental insan hüquqlarından olan vicdan və dini etiqad azadlığının təmin edilməsi bir çox dövlətlərin və beynəlxalq qurumların siyasətində və qarşılıqlı əlaqələrində xüsusi rol oynayır. Bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin borcu və müstəsna hüququdur. Din dövlətdən ayrı olsa da dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır (6, s. 191).
Azərbaycan Respublikasında dini ekstremizm təhlükəsi keçən əsrin 90-cı illərindən meydan çıxmağa başlamış, müstəqilliyin ilk illərində respublikada siyasi stabilliyin pozulması, Ermənistanla silahlı münaqişə və iqtisadi durumun çətinləşməsi ölkədə xeyli problem yaratmışdır. Yetmiş ildən artıq bir müddətdə sovet rejiminin ateizm təbliğatına məruz qalan, din xadimlərinin fəaliyyətinə və dini maarifləndirmənin aparılmasına qadağa qoyulan ölkəmizdə dini fəaliyyət sahəsində bir sıra problemlər özünü açıq göstərir, əhalinin böyük bir hissəsinin din barəsində məlumatsızlığı, dinlərin fəlsəfəsinə, Azərbaycanda yayılması tarixinə və xüsusiyyətlərinə dair biliklərinin yetərsizliyi radikal dini təriqətlərin respublikada yayılmasına əlverişli şərait yaradırdı (7, s. 114).
Eyni zamanda, müstəqilliyin ilk illərində bu sahəyə dövlət nəzarəti zəif həyata keçirilir, insanlara humanitar yardım göstərmək məqsədilə ölkəmizə gələn müxtəlif təşkilatlar fəal dini təbliğat aparmağa, zərərli dini təlimləri yaymağa, əsasən də gəncləri təsir altına salmağa çalışırdılar. Bu cəhdlər təkcə dini maarifləndirmə məqsədi daşımır, eyni zamanda dini ekstremist əhval ruhiyyəli qrupların yaranmasına şərait yaradırdı. Əhali arasında rəğbət qazanmaq, tərəfdarlarının sayını artırmaq və bununla da dövlətin siyasətinə fəal müdaxilə imkanları əldə etmək istəyən həmin təşkilatlar dini fəaliyyət sahəsində cərəyan edən hadisələrin öz mənafelərinə uyğun olmasında maraqlı idilər. Bunun üçün onlar bütün imkanlardan maksimum yararlanmağa çalışırdılar. Lakin, dövlətin həyat keçirdiyi son dərəcə qətiyyətli və qabaqlayıcı tədbirlər nəticəsində həmin təşkilatların fəaliyyətinin qarşısı alındı, zərərli ideyaların cəmiyyətə sirayət etməsinə imkan verilmədi.
Dünyada baş verən son proseslər hər hansı bir dövləti parçalamağın ən asan yolunun həmin dövləti etnik yaxud dini münaqişəyə sürükləmək olduğunu göstərir. Bunun üçün həmin ölkələrdə milli azlıqların hüquqlarının pozulduğu iddia edilir, etnik qruplar arasında qarşıdurma yaradılır və onlar hakimiyyət əleyhinə qaldırılır (8, s. 195). Məhz bu səbəbdən həmin illərdə Azərbaycanda separatçılıq meyləri xeyli güclənmiş, ölkə bölünmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Yerli və xarici qüvvələr respublikanın Şimal və Cənub bölgələrində etnik qruplardan siyasi məqsədlərlə istifadəyə, hakimiyyətə qarşı qaldırmağa və milli zəmində münaqişələr yaratmağa çalışırdı.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycan hökumətinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində həmin cəhdlərin qarşısı qətiyyətlə alındı, bu sahəyə diqqət daha da artırdı, bütün xalqların nümayəndələrinin vahid azərbaycançılıq ideyası ətrafında birləşməsinə nail olundu.
Müasir dövrdə qloballaşan dünyada terror və ekstremizmlə mübarizədə müxtəlif üsullardan istifadə olunur, bir sıra hallarda inzibati metodlara daha çox üstünlük verilir. Bu gün ekstremizmlə mübarizədə ən səmərəli metodlardan biri maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılmasıdır. Ümumi təhlillər gənclərin bu təsirlərə daha çox dini biliklərinin zəif olması və savadsızlıq səbəbindən məruz qaldıqlarını göstərir. Bunun üçün dini təhsil müəssisələrində təhsilin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, dini dərslərlə yanaşı dünyəvi fənlərin tədrisi, əhatəli və dərin məzmunlu dərs vəsaitlərinin hazırlanması, tədrisin hər hansı məzhəbçilik deyil, ümumi prinsiplər əsasında təşkil olunması, xurafatçılığa yol verilməməsi və tələbələrə vətənpərvərlik ruhunun aşılanması xüsusi əhəmiyyət kəsb edir.
Dövlətimiz dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir. Normativ-hüquqi aktların beynəlxalq normalara uyğunlaşdırılması, dövlətin, həm də dini qurumların hüquq və öhdəliklərinin dəqiq müəyyən olunması, eləcə də insanpərvərlik prinsipləri ilə ziddiyət təşkil edən zərərli fikirləri təbliğ edən təriqət və cərəyanların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir.
Bu sahədə görülən işlərdən biri xaricdə dini təhsil almış və zərərli dini təsirlərə məruz qalmış gənclərin məscidlərə din xadimi təyin edilməsinin qarşısının alınması məqsədilə 2015-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər edilməsidir. Sözügedən Qanunun 21-ci maddəsinin 3-cü bəndinə əsasən “İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır” (9, s. 74). Burada əsas məqsəd xaricdə təhsil alarkən yad ideoloji təsirlərə məruz qalmış şəxslərin ölkədə din xadimi kimi fəaliyyət göstərmələrinin, dini ibadət yerlərində və ictimaiyyət arasında zərərli dini təbliğat aparmalarının qarşısının alınmasıdır.
Ekstremizmə qarşı mübarizənin gücləndiriməsi və radikallıq meyllərinin qarşısının alınması ilə bağlı müddəalar Azərbaycan Respublikasının Qanunlarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 28, 283-1.3-cü və 283-1.3-cü (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə, yaxud bu ağır cinayətlərə hazırlıq) maddələri ekstremizmə qarşı mübarizədə xüsusi əhəmiyyətə malikdir (9, s. 188).
2015-ci ilin dekabr ayında Azərbaycanda “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun qəbul edilmişdir. Bu Qanunun qəbul edilməsi milli, sosial və ya dini nifrətin salınmasının, milli ləyaqətin alçaldılmasının, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasının və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsinin qarşısının alınmasına ciddi töhfələr vermişdir.
Bu gün Azərbaycan Respublikasının hüquq mühafizə orqanları ölkədə ekstremizmin və radikallıq meyllərinin qarşısının alınması məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirir. Radikal təriqətlərin ölkəmizdə yayılmasına imkan verilməməsi, xaricdə fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində döyüşən gənclərlə bağlı həyata keçirilən tədbirlər, onların ölkəyə dönüşü zamanı həbs edilmələri bu fikri bir daha təsdiq edir.
Ceyhun Məmmədov
millət vəkili
Ədəbiyyat: