Getdikcə artan sosial rifah şovinizmi bu gün Avropada ciddi problem hesab olunur. Belə ki, 1970-ci illərdən etibarən Avropanın siyasi gündəliyində, yəni Aİ və ayrılıqda Avropa dövlətlərinin siyasi gündəliyi - miqrasiya mövcud miqrantların cəmiyyətə inteq
Son illərdə Avropada miqrant əleydarlığı xeyli artmışdır. Ksenofobiya təmayülləri ən çox sosial rifah şovinizmi vasitəsilə ifadə edilir. Bu vəziyyət xüsusilə miqrant sayınıın nisbətən çox olduğu ölkələrdə iqtisadiyyatın tənəzzülə doğru getməsi ilə birlikdə daha aydın görünən vəziyyət halını alır. Çünki iqtisadiyyatın geriyə doğru getməsinin mənfi təsirlərinə məruz qalanlar miqrantları onların sosial rifah şəraitini əllərindən almaqda günahlandırırlar. Başqa sözlə, sosial rifah şovinistləri sosial rifah dövləti proqramı çərçivəsində miqrantlara edilən sosial rifah şəraitinin yüksəldilməsi yardımlarına son dərəcə şovinist mövqe ilə qarşı çıxır.
Bununla birlikdə Avropada sosial rifah dövlətinin təqdim etdiyi xidmətlər hər gün daha çox miqrantın Avropaya üz tutmasına səbəb olur və beləliklə də, sonsuz tsiklik vəziyyət yaranır. Çünki dövlətlər arasında sosial rifah sahəsindəki fərqlər miqrasiyanın ən mühüm səbəblərindən biridir. Yəni bir tərəfdən bəzi Avropa xalqları miqrantların sosial rifah xidmətlərindən faydalanmasına qarşı çıxış edərək sosial rifah şovinizminə yol verir, digər tərəfdən də Avropadakı sosial rifah xidmətlərindən faydalanmaq istəyənlərin sayı hər gün artır. Van Oorschot W. və W. Uunk bu vəziyyəti "sosial rifah-maqnit təsiri" adlandırır. Belə ki, bu vəziyyətə diqqət cəlb etmək üçün Fransa Prezidenti Jak Şirak 1990-cı ildə "sosial rifah sahəsindəki yardımlar ilə bağlı vəziyyət artmaqda olan miqrant axınına qarşı tətbiq etdiyimiz maneələri yıxıb ata bilər..." demişdir.
Yaşlanan miqrasiya dalğalarından sonra Avropada miqrantların sayının olduqca çox artması miqrantların cəmiyyətə inteqrasiyası problemini gündəmə gətirmişdir. Buna görə də bir tərəfdən inteqrasiya siyasətləri işlənib hazırlanmış, digər tərəfdən yeni miqrasiya axınlarını dayandıracaq tənzimləmələr qəbul edilmişdir. Avropanın bütövləşməsi çərçivəsində qəbul edilən bəzi tənzimləmələr ilə Avropanın xarici sərhədlərinin son dərəcə gücləndirilməsi nəticəsində 2000-ci illərdən etibarən qitəyə miqrant axınında azalma müşahidə edilmişdir. Belə ki, Avropanın xarici sərhədlərindəki bu vəziyyəti ifadə etmək üçün xüsusi ədəbiyyatda "Avropa qalası" terminindən istifadə edilməyə başlanılmışdır.
Avropadakı hökumətlərin müharibədən sonrakı dövrdə miqrasiya məsələsi ilə bağlı mövqeyini (xüsusilə 1973-cü ildəki neft böhranından sonra qonaq işçilərin qəbul edilməsinin dayandırılması və 1990-cı illərdən etibarən Aİ vasitəsilə tətbiq olunan bəzi tənzimləmələr ilə miqrasiyanın məhdudlaşdırılması) müəyyən edən amillər mənfəət və mədəniyyətə əsaslanan nəzəriyyələrlə izah edilə bilər. Çünki 1970-ci illərdə iqtisadi sahədə yaşanan tənəzzül nəticəsində Qərbi Avropa hökumətləri dərhal qonaq işçilərin qəbulunu dayandıraraq cəmiyyətdə getdikcə azalan sosial rifah halından ilk növbədə miqrantları kənarlaşdırmışlar. Bu yola müraciət etməklərində (qonaq işçilərin müharibədən sonra Avropada iqtisadiyyatın yenidən qurulmasında oynadıqları rola baxmadan) böhranın mənfi təsir göstərdiyi maddi rifah səviyyəsini etnik və mədəniyyət baxımından fərqli miqrantlarla bölüşməmək istəkləri ön planda olmuşdur. 1990-cı illərdən etibarən Avropanın "qalaya" çevrilmsində də maddi və mədəni xarakterli narahatlıqlar rol oynamışdır. Eyni narahatlıqlara bu gün də Avropada siyasi gündəmi kifayət qədər məşğul edən və getdikcə artan ksenofobiya və immiqrantlar əleyhinə çıxışları də aid etmək olar.
Avropada miqrant əleydarlığının ifadəsi kimi sosial rifah şovinizmi
İmmiqrant əleydarlığı və ksenofobiya Avropada xüsusilə 1973-cü ildən sonra diqqəti cəlb edəcək şəkil almış və belə təzahürlər son illərdə xeyli artmışdır. 1973-cü il bir neçə hal baxımdan əhəmiyyətlidir. Çünki noyabr ayında Almaniya başda olmaqla bir sıra Qərbi Avropa ölkəsi müharibədən sonra qəbul etdikləri qonaq işçiləri işlə təmin etmək prosesini neft böhranı səbəbindən iqtisadiyyatları tənəzzülə uğradıqdan sonra dayandırmışdır. Lakin qonaq işçilərin qəbulu dayandırıldığı zaman həmin ölkələrdə onsuz da çox sayda miqrant yaşadığından və miqrasiya prosesi ailələrin birləşməsi və sistemsiz şəkildə digər yollarla davam etməsindən iqtisadi böhran yerli əhali və miqrantlar arasındakı gərginliyi üzə çıxarmışdır. Çünki iqtisadiyyatın zəifləməsi ilə birlikdə sosial rifah xidmətlərinə olan ehtiyac da artmış və miqrantların sosial rifah xidmətlərindən faydalanması yerli əhali tərəfindən müsbət qarşılanmamışdır. Başqa sözlə, yerli əhali miqrantlara qarşı soaial rifah şovinizmi yolunu tutmuşdur. Sosial rifah şovinizminə oxşar davranışlar xüsusilə sonrakı iqtisadi böhran dövrlərində artmaqda davam etmişdir.
1973-cü ilin digər mühüm cəhəti isə Avropa Komissiyasının Aİ ölkələrində yaşayan miqrantlar üçün yeni İctimai Aksiya Proqramını oktyabr ayında ilk dəfə təklif etməsidir. Bu proqram ilə miqrantların yaşayış və iş şəraitinin yaxşılaşdırılması, miqrant işçilərin inteqrasiyası və üzv dövlətlərin miqrasiya siyasətlərində koordinasiyanın təmin olunmasına çağrış edilir (Avropa Komissiyası, 1973). Proqramın məzmunu və qonaq işçilərin qəbulunun dayandırılması Avropada miqrasiyanın necə bir fonemenə çevrildiyini göstərir. İqtisadi şərait həm qonaq işçi qəbuluna son qoyulmasını zəruri etmiş, həm də hal-hazırda Qərbi Avropada yaşayan çox sayda miqrantın inteqrasiyasını ayrıca bir problem kimi üzə çıxarmışdır. Lakin Aİ-nin məsələyə müdaxilə etməyə başlaması ilə miqrasiya məsələsində daxili siyasi narahatlıqlar səbəbindən şovinist hərəkətlərə təslim olan hökumətlərin uğursuzluğunu aradan qaldırmağın istənildiyi düşünülür.
1970-ci illərdən sonra həm ayrılıqda götürülmüş Qərbi Avropa dövlətlərinin, həm də Aİ-nin gündəlikdə duran miqrasiya probleminin əsasını miqrasiyanı məhdudlaşdırmaq və mövcud miqrantların inteqrasiyasını təmin edərək miqrant əleydarlığı və ksenofobiya təzahürlərinin qarşısını almaq təşkil etmişdir. Çünki qonaq işçi qəbulunun dayandırılmasından sonra da Avropaya miqrasiya axını artmaqda davam etmiş və əvvəllər miqrant ixrac edən Cənubi Avropa ölkələri də əhəmiyyətli dərəcədə miqrantların axın etdiyi təyinat yerinə çevrilmişdir. Buna görə də başlanğıc mərhələdə Avropada hökumətlər bəzi viza tələbləri irəli sürməyə başlamışdır. Hətta ailələrin qovuşmasını da məhdudlaşdıracaq bəzi tədbirlər görülməyə və Aİ-yə miqrasiya məsələsində daha çox səlahiyyət verilməyə başlanılmışdır. Məsələn, Fransa 1977-ci ildə ailələrin qovuşmasını 3 il müddətinə təxirə salmaq istəmiş, lakin Fransa Ali Məsləhət Şurası həmin dəyişikliyi ləğv etmişdir. Bu tənzimləmə ilə həm hal-hazırda Fransada yaşayan miqrantları öz ölkələrinə geri qaytarmaq, həm də yeni miqrant ailələrinin gəlməsinin qarşısını almaq məqsədi güdüldüyü açıq şəkildə görünür.
Aİ səviyyəsində də 1990-cı illərdən etibarən (Aİ-nin miqrasiya məsələlərində səlahiyyətinin artması ilə) miqrasiyanı məhdudlaşdırmaq və Avropa qalasını inşa etmək istiqamətində bir çox tənzimləmə aparılmışdır. Bunlardan ən mühümü 1992-ci il tarixli Maastrix Müqaviləsi ilə qəbul olunan üçsütunlu strukturun "hökumətlərarası" üçüncü sütununda öz əksini tapan miqrasiya məsələsinin 1997-ci il tarixli Amsterdam Müqaviləsi ilə "fövqəlmilli" birinci sütuna köçürülməsidir. Beləliklə də, Aİ miqrasiya məsələsində səlahiyyətli hesab olunmuşdur. Bununla yanaşı, 1985-ci ildə Şengen Sazişi və 1990-cı ildə Şengen Sazişini tətbiq edən Müqavilə imzalandıqdan sonra Aİ-də daxili sərhəd yoxlamaları ləğv edildiyi halda, xarici sərhəd yoxlamaları gücləndirilmişdir. Sərhəd yoxlamalarının gücləndirilməsi ilə əlaqədar digər qayda da 2004-cü ildə təsis edilən Avropa İttifaqı Üzvü Olan Dövlətlərin Xarici Sərhədlərində Funksional Əməkdaşlığın İdarə Olunması üzrə Avropa Agentliyidir (FRONTEX). Həmçinin 1990-cı ildə imzalanmış Dublin Müqaviləsi, məsələn, birdən çox ölkəyə sığınacaq almaqla bağlı müraciət göndərməyi qadağan etmişdir. Beləliklə, Avropaya getmək istəyən miqrantların vəziyyəti tənzimlənmiş və saylarının azaldılmasına çalışılmışdır. Üçüncü ölkələrlə imzalanmış readmissiya müqavilələrinə görə də istənilən Aİ üzvü olan dövlətdəki qeyri-leqal miqrantlar geri qaytarıla bilir.
Qeyd edildiyi kimi, miqrasiyanı məhdudlaşdırmaqla yanaşı Avropa cəmiyyətində olduqca artan və narahatedici səviyyəyə çatan miqrant əleydarlığı və ksenofobiya təzahürlərini çərçivəyə salmaq və aradan qaldırmaq da Aİ-nin miqrasiya prosesi ilə bağlı gündəliyində duran ikinci mühüm məsələni təşkil edir. Bu çərçivədə, məsələn, Aİ qurumları, 1986-cı ilin iyun ayında Avropada artan irqçilik və ksenofobiyanı pisləmişlər. İnstitusional baxımdan isə 1997-ci ildə İqrçilik, Ksenofobiya və Antisemitizmə Nəzarət Mərkəzi yaradılmışdır. Bununla yanaşı, 1997-ci il tarixli Amsterdam Müqaviləsinin 13-cü maddəsinə uyğun olaraq irq, etnik mənşə, din, millət və s. sahələrdə fundamental diskriminasiya qadağan edilmişdir. Həmçinin 1997-ci il simvolik olaraq "İrqçiliyə qarşı Aİ ili" elan edilmişdir (Migration News, 1996). Qanunvericilik aktı baxımından isə 2000-ci ildə İrqi Bərabərlik Direktivi dərc edilmişdir. Avropa Parlamenti də 2000-ci ildə dərc etdirdiyi hesabatda Avropada artmaqda olan irqçilik və ksenofobiyaya diqqət yetirmiş və üzv dövlətləri bu iki təmayülə qarşı mübarizə aparmağa dəvət etmişdir (Avropa Parlamenti, 2000).
Göründüyü kimi, Aİ-nin miqrasiya sahəsindəki tənzimləmələri, ümumiyyətlə, 1990-cı illərdən sonralara təsadüf edir. Çünki üzv dövlətlər miqrasiya məsələsində Aİ-yə 1997-ci il tarixli Amsterdam Müqaviləsi ilə səlahiyyət vermişdir. Bu tarixdən əvvəl miqrasiya müstəsna olaraq üzv dövlətlərin səlahiyyətinə daxil idi. Miqrasiya ilə bağlı məsələlərin istisnasız olaraq üzv dövlətlərin səlahiyyətində olduğu dövrlərdə isə immiqrant əleyhdarlığı və ksenofobiya ilə mübarizəyə dair tənzimləmələr, ümumiyyətlə, üç siyasi narahatlıq səbəbindən həyata keçirilə bilməmişdir. Başqa sözlə, üzv dövlətlərin Aİ-yə səlahiyyət verdiyi fövqəlmilli məsələlərdə tənzimləmələr aparan Avropa Komissiyası daxili siyasi narahatlıqlardan azad şəkildə hərəkət edə bilir, çünki o, Avropanın mənfəətlərindən çıxış edən bir qurumdur. Belə ki, Komissiya üzvləri seçki yolu ilə deyil, təyinat ilə vəzifəyə gətirilirlər. Başqa sözlə, Avropa Komissiyasının apardığı tənzimləmələr seçici dəstəyini qazanmaq məqsədi güdmür. Analoji vəziyyəti üzv dövlətlərə aid etmək olmaz. Çünki immiqrant əleydarlığının və ksenofobiyanın hər gün daha da artdığı Avropada idarəedicilər çox vaxt seçicilərin miqrasiya ilə bağlı narahatlıqlarını tamamilə nəzərə almadan tənzimləmə apara bilmirlər. Avropada 1980-ci illərdən sonra yeni sağ təmayüllü partiyaların immiqrant əleyhdarlığı təzahürləri ilə paralel şəkildə güclənməsi bu qənaəti təsdiqləyir.
Əslində sağ təmayülün yenidən güclənməsi tendensiyası da soaial rifah halı və immiqrant əleydarlığı arasındakı tərs mütənasibliyi göstərir. Çünki Avropada rifah səviyyəsinin nisbətən yüksək olduğu müharibədən sonrakı dövrdə 1980-ci illərə qədər yeni sağ təmayülün nüfuzu olduqca zəif idi. 1970-ci illərin zəif iqtisadi nəticələri ilə birlikdə aşağı sosial rifah halı mənbələrini bölüşmək uğrunda mübarizəsi artmışdır və bu sosial rifah mübarizəsindən hər şeydən əvvəl miqrantların geri çəkilməsi istənilirdi.
Bu kontekstdə sosial rifah şovinistlərinin arqumentləri və yeni sağ təmayüllü partiyaların çıxışları arasındakı paralellik diqqət cəlb edir. Onsuz da sosial rifah şovinistləri yeni sağ təmayülün elektoratı arasındadır. Diqqəti cəlb edən başqa cəhət isə yeni sağ təmayüllə ənənəvi sağ təmayülün iqtisadi siyasətləri arasındakı ziddiyyətdir. Gözlənilənlərin əksinə olaraq yeni sağ təmayüllü partiyalar varlı təbəqədən kasıb təbəqəyə doğru iqtisadi baxımdan yenidən bölgüyə, dövlətin iqtisadiyyata müdaxilə etməsinə və geniş sosial rifah dövlətinin əleyhinə çıxış etmir. Çünki yeni sağ təmayüllü partiyaların elektoratı arasında sosial rifah xidmətlərinə ən çox ehtiyacı olanlar da vardır. Bununla birlikdə həmin partiyalar miqrantların sosial rifah imkanlarından istifadə etməsinə qarşıdır. Başqa sözlə, sosial rifah şovinizmi meyilləri bu partiyaların siyasətində və çıxışlarında özünü olduqca aydın şəkildə göstərir. Məsələn, Milli Cəbhənin lideri Jean-Marie Le Pen 1992-ci ildə açıq şəkildə şovinist mövqedən çıxış edərək demişdir:“... həddindən çox miqrant var və kim bilir ki, onlar küçəyə atmaq üçün neçə uşaq dünyaya gətirirlər və sonra da sosial rifah tələb edirlər”. Avstriya Azadlıq Partiyasının lideri Yorq Hayder isə eyni dövrdə partiyasının artıq “bəzi vətəndaşların çətinlik çəkərək qazandıqları puldan hər gün daha çox vergi ödədiyi, digərlərinin isə sosial rifah dövlətinin yellənən asma çarpayısında gözəl vaxt keçirdiyi” bir sistemi dəstəkləməyəcəyini bəyan etmişdir”. Bundan başqa, 2005-ci ildə Avropadan 7 yeni sağ təmayüllü partiya "Avropa vətənpərvər milli hərəkatlar və partiyalarının Vyana Bəyannaməsi”ni dərc etdirərək digər məsələlərlə birlikdə miqrant axınını da dayandırmağı tələb etmişdir.
Yuxarıda qeyd edilən proseslərin cəmiyyətə təsir dərəcəsini müəyyənləşdirmək üçün çox sayda empirik işlər görülmüşdür. Təhlillərdən əldə edilən nəticələr də sosial rifah şovinizminin Avropada genişlənməsini və bu genişlənmənin birgə maddi və mədəni narahatlıqlardan irəli gəldiyini göstərir. Məsələn, Meves və Maunun Avropa miqyasında apardıqları anket araşdırmasının nəticələrinə görə, sorğuda iştirak edənlərin yalnız 16%-i miqrantların qeyd-şərtsiz olaraq dövlətin sosial xidmətlərindən istifadə etməli olduqlarını bildirmişlər. Respondentlərin 41%-i isə miqrantların bu xidmətlərdən qarşılıqlılıq prinsipinə əsasən istifadə etməli olduğunu bildirmişdir. Başqa sözlə, miqrantlar işləmə, vergi ödəmə və s. vəzifələrini yerinə yetirdikləri müddətdə bu imkanlardan istifadə edə bilərlər. Sorğu iştirakçılarının 35%-i isə əcnəbilərin yalnız vətəndaşlıq hüququ qazandıqdan sonra sosial rifah dövlətinin imkanlarından istifadə edə bilməli olduqlarını qeyd etmişlər (Mewes və Mau, 2013: 236). Yəni vətəndaş olmaq şərti miqrantların sosial xidmətlərə olan ehtiyaclarının miqyasının qarşısını ala bilər. Respondentlərin 9%-i isə miqrantların heç bir halda sosial xidmətlərdən istifadə etməməli olduqlarını bildirmişdir.
Bu araşdırmanın arqumentləri baxımından əhəmiyyətli olan başqa bir sorğunun nəticələrinə görə isə sorğuda iştirak edənlərin 37%-i üçün miqrantlar olduqları ölkəni daha pis vəziyyətə salırlar (2002-2003-cü illər üzrə Avropa Sosial Araşdırması. İqtibas Sides və Citrin, 2007: 484). Respondentlərin 40%-nin rəyinə görə, miqrantlar yerli xalqın iş imkanlarının məhdudlaşmasına səbəb olurlar. Rəyi öyrənilənlərin 47%-i miqrantların ödədikləri verginin xidmətləri kompensasiya etmə gücündən daha çox xidmət tələb etdiyini bildirmişlər (2002-2003-cü illər üzrə Avropa Sosial Araşdırması. İqtibas Sides və Citrin, 2007: 484).
Avropa xalqlarının miqrasiya məsələsində ümumi rəyi, gözlənildiyi kimi, özünü ölkələrin siyasətlərində qismən göstərmişdir. Xüsusilə miqrantların sosial xidmətlərdən istifadə etməsini milliyyət, qarşılıqlıq və yaşayış müddəti kimi bəzi şərtlərlə əlaqələndirmə fikri get-gedə daha çox dəstək qazanır. Məsələn, Birləşmiş Krallıqda minimum 2 ildən 5 ilə qədər həmin ölkədə yaşamağın bəzi sosial xidmətlərdən istifadə etmək üçün şərt kimi qəbul olunması ilə bağlı müraciətlər dilə gətirilir. Danimarkada da yerli xalq sosial xidmətlərdən miqrantlardan daha çox istifadə edə bilir.
Təbii ki, immiqrant əleydarlığı və ksenofobiya yalnız mənfəətə əsaslanan çıxışlarla həyata keçirilmir. Hər hansı bir sosail rifahdan məhrum etmə tələbləri irəli sürülmədən miqrantları mədəni və etnik fərqləri baxımından cəmiyyətdən kənarlaşdırmaq və ya onları “günah keçisi”(scapegoat) elan etmək məqsədi güdən ifadələr həm siyasətçilər, həm də adi vətəndaşlar tərəfindən tez-tez eşidilir.
Belə ki, son illərdə Avropada maddi mənfəətlərin qabardılmadığı, mədəni əsaslara söykənən nəzəriyyələrlə açıqlana biləcək bir çox immiqrant əleydarlığı təzahürləri yaşanmışdır. Məsələn, İsveçrədə 2009-cu ildə minarələr qadağan edilmişdir (Hürriyet, 2009). Fransada baş örtüyünün qadağan edilməsi məsələsi son illərdə bir neçə dəfə gündəliyə gəlmişdir . Bundan başqa, Flaman Mənfəəti Partiyasının keçmiş sədri Filip Devinterin 2004-cü ildəki seçki kampaniyasında Belçikanı islam işğalından xilas edəcəyini deməsi və bu qəbildən miqrantlar əleyhinə çıxışları səbəbindən irqi ayrı-seçkilik saldığı əsas gətirilməklə partiya Kassasiya Məhkəməsi tərəfindən bağlanmışdır. Hollandiyada 2002-ci ildə keçirilən seçkilər nəticəsində parlamentdə 36 yerlə təmsil olunan Azadlıq Partiyasının sədri Pim Fortuyn “Mədəniyyətimizin islamlaşmasına qarşı” adlı kitab yazmışdır. Mədəniyyətlə bağlı bu nümunələrin sayını artırmaq prinsip baxımından mümkün olsa da, immiqrant əleydarlığının ifadə edilməsində "sosial rifah şovinizmi" məzmunlu çıxışların son illərdə hakim rolu davam edir.
2007-ci ildən etibarən davam edən iqtisadi böhran ilə birlikdə Avropada azalan sosial rifah resurslarının bölüşdürülməsi zamanı diqqət yenidən miqrantlara yönəldi. Böhrandan ən çox əziyyət çəkən ölkələrdən biri olan Yunanıstanda irqçi Qızıl Şəfəq Partiyasının nüfuzunun artması və 2014-cü ilin 1 yanvar tarixində Bolqarıstan və Rumıniya vətəndaşı olan işçilərə sərbəst hərəkət hüququ tanınmasından sonra rifah səviyyəsi nisbətən yüksək olan Avropa ölkələrində ortaya çıxan mübahisələr sosial rifah şovinizminin miqyasını əks etdirir. Məsələn, Qızıl Şəfəq Partiyası 2012-ci ildə keçirilən seçkilər nəticəsində 40 il sonra ilk dəfə parlamentdə 25 millət vəkili ilə təmsil olunmuşdur. Bundan başqa, işçilərin Bolqarıstan və Rumıniyaya sərbəst hərəkət etməsi hüququ üçün tanınan 7 illik istisnanın başa çatmasından sonra bəzi Avropa ölkələrini bolqar və rumın işçilərin istila etməsi qorxusu sarmışdır. Bu qorxu bir çox sosial rifah şovinizmi məzmunlu çıxışda özünü göstərmişdir. Məsələn, İngiltərə, Almaniya və Hollandiya kimi miqrant sayının çox olduğu və immiqrant əleyhdarlığının açıq-aşkar olduğu ölkələrdə bəzi siyasətçilər bolqar və rumın işçilərin ölkəyə daxil olması üçün kvota tətbiq olunması, işçi “istilasına” qarşı daxili sərhəd yoxlamaları rejiminin gücləndirilməsi və/və ya gələcək miqrantların sosial hüquqlardan müəyyən müddətə istifadəsinə imkan yaradılmaması kimi fikirlər irəli sürmüşlər (The Independent, 2014: El Pais, 2016).
Avropada tarixi miqrasiya prosesinə nəzər yetirdikdə aydın olur ki bununla bağlı qəti bir nəticəyə gəlmək son hadisələrin fonunda qeyri-mümkündür. Ancaq bir neçə sual əsasında ümumi fikirlə tədqiqat işini yekunlaşdırmaq olar.
Belə ki, Avropa II Dünya müharibəsindən sonra sosial rifah halını yüksəldən, inkişaf edən və sosial rifah dövləti olaraq daha da genişlənərək əksəriyyəti avropalı olmayan yeni gələnləri də əhatə etməlidirmi? Yoxsa Aİ ABŞ-ın yolu ilə gedib iş tapmağın prioritet olduğu inteqrasiya strategiyasınamı əsaslanmalıdır? Ümumən götürüldükdə hökumətlərin kvalifikasiyası olmayan miqrantları qəbul edə bildiyi və ya onları daha yaxşı dəstəkləmək siyasətlərinə malik olduğu deyilir. Lakin hökumətlər hər şeydən əvvəl iş və ya sosial rifah strategiyasını davam etdirməyi çətin vəzifə hesab edirlər. Avropada iş və sosial rifah halı arasındakı mümkün olan ən yaxşı müvazinəti təmin etməyin çətin olacağı göz qabağındadır.
Tədqiqat işində gəlinən nəticələrdən biri də Avropada sosial rifah şovinizminin miqrantları əhəmiyyətli dərəcədə marginallaşdırdığıdır
Avropada artmaqda olan immiqrant əleydarlığının özünü qabarıq şəkildə göstərən təzahür formalarından biri də sosial rifah şovinizmidir. Lakin sosial-iqtisadi statusu aşağı olan miqrantların sosial rifah xidmətlərindən istifadə etməsinə qarşı edilən çıxışlar bir neçə aspektdən maraqlıdır.
Sosial rifah şovinizmi Avropada ciddi problem hesab olunur. Belə ki, 1970-ci illərdən etibarən Avropa dövlətlərinin və xüsusilə 1990-cı illərdən etibarən Aİ-nin siyasi gündəliyində miqrantların cəmiyyətə inteqrasiyasını və miqrasiya axınını məhdudlaşdırmaq mühüm əhəmiyyət kəsb etmişdir.
Yekun olaraq Avropada sosial rifah şovinizminin xüsusilə 2007-ci ildən etibarən davam etməkdə olan iqtisadi böhranın da təsiri ilə yaxın perspektivdə siyasi gündəliyi məşğul edəcəyi ehtimal olunur. Bununla birlikdə bu gərginliyin artmaması üçün yeni sağ təmayüllü partiyalar kimi bəzi siyasi partiyalar yalnız seçicilərinin siyasi dəstəyini qazanmaq kimi daxili siyasi qayğılardan yola çıxaraq populist və miqrantlar əleyhinə mövqe nümayiş etdirməməli olduqları qeyd edilməlidir.
İstifadə edilən elmi ədəbiyyat və mənbələr:
1) Aiyar, S. vd. (2016). The Refugee Surge in Europe. Economic Challenges. IMF SDN/16/02. www.imf.org/external/pubs/ft/sdn/ 2016/ sdn1602.pdf
2) Alesina, A. and E. L. Glaeser (2004), Fighting Poverty in the US and Europe, Oxford: Oxford University Press
3) Avropa Komissiyası (1973), Social Action Program, COM (73) 1600 final, [Online] http://aei.pitt.edu/1253/1/social_action_program_COM_73_1600.pdf [Baxılıb: 26.02.2016]
4) Avropa Parlamenti (2000), Report on Countering Racism and Xenophobia in the European Union, {COM (1999) 268 – C5-0310/1999 + C5-0015/2000 -1999/2205(COS)} Final A5-0049/2000 [Online]
6) Causa C-392/95, (1997) , Parlamento europeo contro Consiglio dell'Unione europea,
http://curia.europa.eu/juris/showPdf.jsf;jsessionid=9ea7d0f130d5c5f12e7dfb3f4674bdebbb
73fbbad6f6.e34KaxiLc3eQc40LaxqMbN4OaheOe0?text=&docid=100735&pageIndex=0&docla
ng=IT&mode=lst&dir=&occ=first&part=1&cid=1854715 , Baxılıb: 20.02.2016.
7) Calabresi, G. & P. Bobbitt. (1978). Tragic Choices. Norton.
8) Hansen, R. (2012). The Centrality of Employment in Immigrant Integration in Europe. MPI. http://www.migrationpolicy.org/ research/TCM-employment-immigrant-integration-europe.
9) Hollifield, J., P. Martin & P. Orrenius. (der.) (2014). Controlling Immigration. A Global Perspective. Californiya: Stanford University Press. www.sup.org/ book.cgi? id=22520.
10) Legrain, P. (2015). Europe Needs to Let the Migrants In. Foreign Policy. August 24. http://foreignpolicy.com/2015/08/24/europe-needs-stop-fear-mongering -and-let-migrants-economy/.
11) Martin, P. (1993). Trade and Migration: NAFTA and Agriculture. IIE. Policy Analyses in International Economics 38. http://bookstore.piie.com/book-store/73.html.
14) Handbook on European law relating to asylum, borders and immigration, (2013),
http://ec.europa.eu/antitrafficking/
sites/antitrafficking/files/handbook_on_european_law_relating_to_asylum_borders_and_immigration_en_2.pdf , , Baxılıb: 20.02.2016
15) Schengen Area, (2013), http://ec.europa.eu/dgs/home-affairs/what-we-do/policies/bordersand-visas/schengen/index_en.htm , Baxılıb:19.02.2016
16) http://www.europarl.europa.eu/sides/getDoc.do?pubRef//EP//NONSGML+REPORT+A5-2000-0049+0+DOC+PDF+V0//EN [Baxılıb: 18.01.2014]
17) Banting, K. G. (2010), “Is there a Progressive‟s Dilemma in Canada? Immigration, Multiculturalism and the Welfare State”, Canadian Journal of Political Science, 43(4), 419-436
18) Betz, H. G. (1994), Radical Right-Wing Populism in Western Europe, Hampshire ve New York: Palgrave Macmillan
19) Crepaz, M. M. L. and R. Damron (2009), “Constructing Tolerance: How the Welfare State Shapes Attitudes About Immigrants”, Comparative Political Studies, 42(2), 437-463
20) De Koster W., P. Achterberg and J. van der Waal (2013), “The New Right and the Welfare State: The Electoral Relevance of Welfare Chauvinism and Welfare Populism in the Netherlands”, International Political Science Reviews, 34(3), 3-20
22) Fligstein, N., A. Polyakova ve W. Sandholtz (2012), “European Integration, Nationalism and European Identity”, Journal of Common Market Studies, 50(s1), 106-122
23) Guiraudon, V. (2000), “The Marshallian Triptych Reordered”, Michael Bommes ve Andrew Geddes (der.) Immigration and Welfare: Challenging the Borders of the Welfare State içinde. Londra and New York: Routledge, 71-88
24) Hansen, R. (2003), “Migration to Europe since 1945: Its History and Its Lessons”, Sarah Spencer (der.) The Politics of Migration: Managing Opportunity, Conflict and Change, Oxford: Blackwell Publishing, 25-38
29)Hollifield, J. F. (2004), “The Emerging Migration State”, International Migration Review, 38(3), 885-992
30) Ireland, P. R. (1991), “Facing the True „Fortress Europe‟: Immigrant and Politics in the EC”, Journal of Common Market Studies, 29(5), 457-480
Knigge, P. (1998), “The Ecological Correlates of Right-Wing Extremism in Western Europe”, European Journal of Political Research, 34(2), 249-279
31) Mayda, A. M. (2006), “Who is Against Immigration? A Cross-Country Investigation of Individual Attitudes Toward Immigrants”, The Review of Economics and Statistics, 88(3), 510-530
32) Mewes, J. ve S. Mau (2013), “Globalization, Socio-economic Status and Welfare chauvinism: European Perspectives on Attitudes Toward the Exclusion of Immigrants”, International Journal of Comparative Sociology, 54(3), 228-245
33) Migration News (1996), EU: 1997, the Year Against Racism [Online, Haziran 1996] http://migration.ucdavis.edu/mn/comments.php?id=968_0_4_0 [Baxılıb: 14.01.2016]
34) Schain, M. (2009), “The State Strikes Back: Immigration Policy in the European Union”, The European Journal of International Law, 20(1), 93-109
35) Schierup, C. U., P. Hansen ve S. Castles (2006), Migration, Citizenship, and the European Welfare State, Oxford: Oxford University Press
36) Sides J. ve Citrin, J. (2007), “European Opinion About Immigration: The Role of Identities, Interests and Information”, British Journal of Political Science, 37(3), 477-504
38) The Independent (2013), EU nationals may be banned from benefits in UK under new proposals [Online, 25 Mart] http://www.theguardian.com/uk/2013/mar/25/eu-nationals-benefits-uk-proposals [Baxılıb: 11.01. 2016]
39) The Independent (2014), Nigel Farage: 'Ban immigrants from claiming benefits for five years‟ http://www.independent.co.uk/news/uk/politics/nigel-farage-ban-immigrants-from-claiming-benefits-for-five-years-9044358.html?origin=internalSearch [Baxılıb: 11.01. 2016]
40) Ugur, M. (1995), “Freedom of Movement vs. Exclusion: A Reinterpretation of the „Insider‟ – „Outsider‟ Divide in the European Union”, International Migration Reviews, 29(4), 964-999
41) Van der Waal J., W. de Koster and W. Van Oorschot (2013), “Three Worlds of Welfare Chauvinism? How Welfare Regimes Affect Supports for Distributing Welfare To Immigrants in Europe”, Journal of Comparative Policy Analysis: Research and Practice, 15(2), 164-181
43) Webber, F. (1991), “From Ethnocentrism to Euro-racism”, Race Class, 32(11), 11-17