“Peyvənd milliyyətçiliyi”ylə necə mübarizə aparmalı?

16.12.2020

Koronavirus peyvəndinin qısa vaxtda pandemiyayla mübarizə üçün istifadəyə veriləcəyi açıqlandıqdan sonra varlı ölkələr dərman firmalarıyla müqavilə imzalamağa başladılar. Peyvəndin harada və kimlər üçün istifadə ediləcəyini isə hər sahədə olduğu kimi iqtisadiyyat müəyyən edir. Kasıb ölkələrin və ya harada yaşayırlarsa yaşasınlar, kasıbların peyvəndə çatımı olduqca çətindir.

Böyük Britaniyada hazırlanan bir peyvəndin xəstəliyin ağır keçməsinə 90 faiz əngəl olması, müalicənin ilin sonuna qədər hazır olma ümidi insanların əhvalını yüksəldib. Mütəxəssislər isə daha bir neçə mərhələdən keçəcək peyvəndin satışa çıxarıldığı halda belə, qısa zamanda COVİD-19 üçün bir həll olmayacağını və mövcud qabaqlayıcı tədbirləri əldən verməmək gərək olduğunu vurğulayıb.


Almaniyanın "NeuesDeutschland" nəşrində gedən bir məqalədə yazılır: Yüksək səviyyəli siyasətçilər dəfələrlə COVİD-19 pandemiyası dövründə qlobal həmrəylik və gələcəkdəki peyvəndlərin ədalətli paylanması üçün alovlu çıxışlar ediblər. Almaniyanın səhiyyə naziri Jens Spahn may ayında bunları söyləyib: "Peyvəndlər və dərmanlar bütün insanlığın istifadəsinə verilməlidir. Koronavirusa qarşı peyvəndlər qlobal ictimai mal hesab olunmalıdır".

Bir neçə həftə əvvəl isə çıxışında bildirib ki, əgər ehtiyaclarından çox peyvəndə sahib olsalar, müqaviləylə aldıqları peyvəndlərin bir qismini dünyanın başqa ölkələrinə məmnuniyyətlə verə bilərlər.

Əslində necədir? Gələn il qlobal miqyasda istehsal oluna biləcək peyvəndlərin yarıdan çoxuyla bağlı indidən müqavilələr bağlanıb. Bu, eyni zamanda kliniki tədqiqatlarının müsbət nəticələrini açıqlayan "Biontech"in kvotası üçün də keçərlidir. Almaniya da daxil olmaqla bir çox varlı ölkələr yalnız öz insanları üçün peyvəndlər alıblar. Bu isə həmrəylikdən tamamilə uzaq bir vəziyyətdir.

Peyvəndlərin, testlərin və dərmanların hazırlanması, istehsalı, paylanmasınısürətləndirmək üçün yazda ACT-A adlı bir proqram başladılıb. Peyvəndlərin bütün ölkələr üçün bir araya gətirilmiş mərkəzi COVAX vasitəsilə satın alınıb paylanmasına qərar verilib.Bu addım "peyvənd milliyyətçiliyi"nə mane olması gərəkən yeni bir yanaşma idi. Reallıq budur ki, əvvəlcədən imzalanmış müqavilələr dünyada peyvənd kvotasını aşağı salır. COVAX kimi bir paylama mexanizminin paylayacaq heç bir şeyi yoxdursa, faydası olmayaq. Bir çox ölkə ümidlərini bu ortaq yanaşmaya bağlayıb. Onların əhalisi üçün öncədən peyvənd sifariş verəcək iqtisadi gücləri yoxdur. Bu insanlar qəbul olunmuş bir peyvənd satışa çıxarılanda gözləmək məcburiyyətində qalacaqlar.

 



Dünyada milyonlarla insan pandemiyadan təsirlənir, səhiyyə sistemləri yüklənir. Bu səbəbdən uğurlu bir peyvənd ədalətli qaydada paylanmalıdır. Pandemiya ancaq hər kəs üçün bitdiyində sona çatar. COVİD-19 peyvəndləri ən yüksək büdcəyə görə deyil, ən təcili tibbi ehtiyaca görə paylanmalıdır.

Almaniya "peyvənd milliyyətçiliyi'ndən əl çəkməlidir. Fedearal hökümət gerçək bir qlobal həmrəylik üçün çalışmalıdır. Yəni, dünyanın hər yerindəki səhiyyə işçilərinin qorunmalarını ön plana keçirməlidir. Daha əvvəl insani bir mexanizm üçün ayırdığı peyvənd dozalarının bir qismiylə böhran vəziyyətindəki insanların da peyvənd edilməsini təmin etməlidir. Əlavə olaraq, federal hökümət peyvəndlərlə bağlı yeni texnologiyaların paylaşılması üçün çalışmalıdır. İstehsalı genişləndirməyin tək yolu budur. Beləcə, dünya miqyasında bir çox insan sürətlə qoruna bilər.

Ən nəhayəti şəffaflıq üçün çalışılmalıdır. Maliyyə ayrılan şirkətlər hansı qiymətlərin tətbiq ediləcəyinin başa düşülməsi üçün istehsal qiymətlərini açıqlamalıdırlar.
Çünki önəmli olan onların qazancları deyil, insanların sağlamlığıdır.


Britaniyanın "TheGuardian" nəşri yazır:
 

Sınaqları xəstələrin 90 faizini qorumaqda uğurlu olan Pfızer/BioNtechkovid peyvəndinin istifadəyə yaxın olması elm adamlarının bu il göstərdikləri cəhdlərin nəticəsidir. Detallı bilgilər daha açıqlanmayıb. Xəstələrin immun sistemi, peyvəndin infeksiyaya əngəl olub-olmadığı, yaşlı nəsildə nə qədər effektli olacağıyla bağlı bilmədiyimiz bir çox detal var. İstehsal başlasa da, hələ də istifadə edilib-edilməyəcəyindən əmin deyilik. Bütün bunlara baxmayaraq, bu, vacib bir dönüş nöqtəsidir.

Əgər peyvənd ilin sonuna qədər hazır olarsa, onun paylanması da ixtirası qədər önəmli olacaq. Necə deyərlər, peyvəndlər deyil, peyvəndlənmə həyat qurtarır.

PfizerveBioNTech bu il 50 milyon doza istehsal etməyi planlaşdırır, hər xəstənin isə iki dozaya ehtiyacı olacaq. Erkən sifariş verən ABŞ, Avropa Birliyi və Böyük Britaniya dozaların çox az bir hissəsini əldə edə biləcəklər. İstehsal artırılası olsa da, tələb yüksək olmağa davam edəcək.

Böyük Britaniyanın planına görə, öncəlik ən yaşlılara və onların baxıcılarına veriləcək. Professor JohnBell jurnalistlərə açıqlamasında cəmiyyətin ən həssas təbəqəsinin 70-80 faizinin Pasxa bayramına qədər peyvəndə çata biləcəyini söyləyib, təbii ki, paylanmada problem olmazsa. Genişmiqyaslı peyvəndləmə çətin olacaq. Həftənin yeddi günü peyvəndləmə planlaşdırılır.

Ölkələr arasında paylaşım da ölkə içində olduğu kimi vacib olacaq. COVAX sistemi dozaların beynəlxalq səviyyədə bərabər şəkildə paylanması üçün yaradılsa da, yetərli fonda sahib deyil və bir çox mütəxəssislər illər boyu artan dünya əhalisinin çox azının qorunacağından narahatdır. Bu peyvəndin texniki tələbləri bəzi bölgələrdə böyük problemlərə səbəb ola bilər.

İkinci bir problem də peyvəndi rədd etmə faizidir. Bir çox ölkələrdə yayılan peyvənd alternativlərinə qarşı işlər aparılmalıdr. Digərləri də bu peyvəndin sürətlə və yeni istehsal edilməsindən narahatlıq duya bilər.

Açıq, tutarlı və aydın bir məlumatlandırma çox yaxşı cavab olacaq. Faydaları önə çıxarılmalı, səhv məlumatlandırmayla mübarizə aparılmalı, peyvəndin təhlükəsizliyinə inam yaradılmalıdır. Peyvənd edilən 40 min insanda bu günə qədər yan təsir müşahidə edilməyib.

Ən böyük təhlükə isə budur ki, bu çözümdən sonra insanlar qorunma tədbirlərini arxa plana ata bilərlər.

Peyvənd müjdəsi səylərimizi daha da artırmaq üçün bir səbəb olmalıdır. Qadağalar, maska, sosial məsafə kimi qaydalar bir müddət davam etməlidir. Düşünmək lazımdır ki, mövcud durum sonsuza qədər davam etməyəcək. İndi məsuliyyətli davranmağımız özümüzü və digərlərini qorumağı təmin edəcək.

 

     

Tərcümə:

 

Şəfanə İbrahimova