Ermənistanın özünü və bəlkə də dünyanı inandırdığı miflərdən biri güclü və həmrəy erməni diasporası ideyasıdır. Erməni təbliğatına görə “erməni diasporası Ermənistanı canlandırır, Ermənistan isə erməni diasporasını”. Başqa təbliğat şüarına görə isə diaspora Ermənistanın qara qızılıdır. Ancaq həqiqətdə bu belədirmi? 2020-ci ilin iyul ayında Azərbaycan və Ermənistan sərhədində başlayan hərbi toqquşma, sentyabrın 27-də isə bilavasitə işğal olunmuş ərazilərin separatçı qüvvələr tərəfindən itirilməsi ilə səciyyələnən II Qarabağ müharibəsi gedişində diasporanın ənənəvi küçə nümayişləri və dünyanın müxtəlif yerlərində azərbaycanlılara hücumları baş alsa da, diqqətdən yayınan və əslində Ermənistan-Diaspora münasibətlərində dərin çatın olmasını göstərən başqa bir məqamlar da vardır.
Hələ 1988-ci ildə Spitak zəlzələsi zamanı bir qrup tanınmış zəngin erməni - başda Şarl Aznavur və müğənni Şer olmaqla Ermənistana gəlib külli miqdarda ianə etdilər. Ancaq bir müddətdən sonra bərpa-quruluculuq işlərinin lazımi səviyyədə olmadığı, maliyyə yardımının koordinasiyası ilə məşğul olan şəxsin isə yoxa çıxdığı (daha dəqiq desək, ölkədən qaçdığı) məlum oldu. Başqa sözlə, elə ilk ümummilli sınağın gedişində “Ermənistan-Diaspora birliyi” mifi çat verdi. Ermənilər diasporanın qüdrətində şübhələndilər, diaspor nümayəndələri isə Ermənistandakı hökümətin etimada layiq olmasında...
Onilliklərlə “Ermənistan-Diaspora” vəhdəti haqqında ideyalar erməni ideologiyasında mərkəzi yerlərdən birini tutub. Bu mifin kökləri uzaq 1964-cü ilə - Sovet Ermənistanı ilə xaricdə yaşayan ermənilər arasında əlaqələri gücləndirmək üçün xüsusi komitənin yarandığı dövrə gedir. İndi məlum olur ki, qeyd edilən “mədəni” əlaqələr əslində separatçı, terrorist siyasi strategiyanın Sovetlər birliyinə gətirilməsi məqsədini daşıyırdı. 1998-ci ildə Ermənistanın XİN-də Diasporla əlaqələr üzrə İcraçı katiblik yaradıldı. Ancaq bu da yetmədi və 2008-ci ildə əvvəlcə bu istiqamətdə Dövlət komitəsi, daha sonra isə Diaspora Nazirliyi yaradıldı. Bütün bu institusional tədbirlər Ermənistan hökümətinin xaricdə yaşayan ermənilərin resurs və imkanlarına necə böyük tələbat hiss etməsinin, bu resurslardan bəhrələnmək üçün bütün mümkün siyasi üsulları təcrübə etməsini göstərir. Eyni zamanda, diaspor təşkilatlarının rəhbərlərinin də, sözsüz ki, ölkədə və regionda maraqlarının olması danılmazdır. Ancaq bu maraqlar hazırki durumda erməni xalqının həyati tələbatları ilə uzlaşırmı? Aşağıda nəzərdən keçiriləcək məbləğlər bu suala müsbət cavab verməyə imkan vermir.
Rəsmi təbliğat maşını bu mifi qorumaq üçün çalışmaqda davam etdi. Hazırki II Qarabağ müharibəsinin başlandığı ilk günlərdən etibarən erməni tərəfə yardım məqsədilə hesablar açıldı və dünya ermənilərinə ianə tolamaq üçün çağırışlar edildi. Bir aydan sonra aparıcı ianə hesabında 150 milyon ABŞ dolları toplandığı açıqlandı. Yəni, dünyaca 10 milyonluq hesab olunan xalqın nümayəndələri (milyarderlər, iri iş adamları, tanınmış şəxslər daxil olmaqla) müharibə nəticəsində milyardlarla dollar ziyana düşmüş ölkələrinə bu ziyanın heç onda birini belə qarşılayacaq olmayan məbləğ topladılar. Bu məbləğin də 45%-i ABŞ, 33% Yunanıstan, 10,7%-i Rusiyanın payına düşür. Belə bir vəziyyət hətta Ermənistan cəmiyyətinin özündə haqlı suallar doğurur. Bu suallar bilavasitə dünya ermənilərinin doğma adlandırdıqları Ermənistan vətəndaşlarına nə dərəcə bağlı olub-olmamaları ilə əlaqədardır.
Erməni təhlilçilərdən biri öz təqribi hesablamaları ilə maraqlı fərqləri göstərir. Məsələn, 2 milyondan çox erməninin yaşadığı ABŞ-da faktiki olaraq, hər erməni ortalama 50 dollar ianə verib, halbuki, həmin ölkə üçün orta maaş 2000-3000 dollar civarındadır. İki milyonluq Rusiya diasporasından isə hər erməninin ianə etdiyi məbləğ 3 mobil-sms-ə kifayət edəcək erməni dramına (3000 dram) bərabərdir. Erməni diasporunun ən güclü olduğu ölkələrdən biri- Fransada isə (orda 1 milyona yaxın erməninin olduğu iddia olunur) hər erməninin ödədiyi orta məbləğ (4 min erməni dramı) erməni təhlilçisinin acı istehza ilə göstərdiyi kimi bir ədəd sendviçə çatacaq qədər puldur. Onların gəldiyi qənaət budur ki, əslində II Qarabağ müharibəsinin əsas yükü Qarabağda yaşayan ermənilərin və onlarla bilavasitə əlaqəsi olan Ermənistan etmənilərinin üzərinə düşür. Qalan 70-80% dünya ermənisi üçün müharibənin çətinliyi məişət çətinliyi kimidir, yəni, onlar cəbhədə və cəbhəboyu ərazilərdə vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu dərk etmirlər, dərk etmək istəmirlər. Erməni təhlilçilərinin özləri də belə göstəricilərə çətinliklə inanır, onları ehtiyatla şərh edirlər və bu şərhlər bir qisim ermənilərdə faktlra,digərlərində isə təhlil edənlərin özlərinə qarşı hiddət oyadır.
Hətta ayrıca K. Kardaşyan timsalında da absurd vəziyyəti sezə bilərik. Məlum şəxsin öz instaqram səhifəsində pafoslu paylaşımı, pərəstişkarlarını hamılıqla erməni xalqına yardım etməyə səsləməsinə baxmayaraq, onun özünün ianə etdiyi 1 milyon onun ailəsinin 20 milyarddan çox sərvətinin sadəcə 1/2000 hissəsidir. Bu məbləğ ailə biznesinin bircə ayda qazandığından çox deyil. Belə çıxır ki, pafos və emosional xitablardan başqa əhəmiyyətli digər mətləblər var ki, milyarderlərin əslində “ana torpaq”, “müqəddəs torpaq”, “doğma xalq” dediklərinə nə dərəcədə dəyər verdiklərini göstərir. Sözügedən artistin həyat yoldaşı Kayne Vest isə dərhal Ermənistana gəlməyə və orda “Arsax respublikasına” dəstək üçün xeyriyyə konserti verməyə hazır olduğunu bildirib. Ancaq konsertə görə “simvolik” 1 milyon dollar qonorar da istəməyi unutmayıb. Rədd cavabı aldıqdan sonra isə “onda mənə sizin üçün dua etmək qalır” ifadəsi ilə mövzudan uzaqlaşıb. Bu kimi nümunələr bir daha göstərir ki, Ermənistan dünya erməniçiliyi üçün bir növ ofisdir. Bu ofisin filialları isə müxtəlif ölkələrdə - ABŞ-da, Fransada, Rusiyada da ola bilər. Nəticə etibarilə isə zəngin və resurslu ermənilər ölkənin rifahı deyil, məhz biznes piramidalarının yüksəldilməsində maraqlıdırlar.
Maraqlı fakt
2019-cu ildə erməni Diasporunun tədqiqi onun yaş strukturunda yaşı 35-dən yuxarı olanların əksəriyyət təşkil etdiyini üzə çıxarıb. Bu onu göstərir ki, erməni diasporu arasında 1) qocalma tendensiyası vardır, artım tempi aşağıdır; 2)müharibədə gənclərin tələf olması olduqca böyük demoqrafik zərbədir; 3) 35-dən yuxarı yaş adətən gəlirlərin yüksək olması ilə səciyyələndiyindən əslində Ermənistana potensial yardım göstərmək iqtidarında olanlar diasporanın olduqca böyük hissəsidir.
_____________________________________________________________________________
Əslində Ermənistan və erməni Diasporası arasında qarşılıqlı etimadsızlıq və kələk gəlmək cəhdləri bir sıra səbəblərdən qaynaqlanır. Ümumən onları dörd istiqamətə ayırmaq olar:
Birincisi – qeyd olunduğu kimi, Hökümət- Diaspor əlaqələri bir sıra hallarda Ermənistanın siyasi elitası və dünyaca yüksək maddi resurslara malik erməni milyarderlərinin xüsusi maraqları ətrafında cərəyan edir. Ermənistana investisiya və pul xərcləmələri də çox zaman bu maraqlarla şərtlənibdir. Əks halda, müstəqillik qazandıqdan bəri Ermənistanın dərin iqtisadi, infrastruktur və digər problemləri ötən onilliklər ərzində öz həllini tapmış olardı.
İkinci amil Ermənistanın Türkiyə və Azərbaycanla yürütdüyü xarici siyasətə baxış fərqi ilə bağlıdır. Sirr deyil ki, Erməni elitasının özündə bəzi qüvvələr bu münasibətlərin radikallaşdırılmasında maraqlıdırlar. Lakin bəziləri qonşu türk dövlətlərinə simpatiyası olmasa da, Ermənistanın öz maraqları naminə müəyyən yumşalmaların qaçılmaz olmasını hesab edirlər. Hələ 2011-ci ildə gələcəkdə erməni parlamentində yer tutacaq, o zaman isə ictimai fəal olan Ara Nranyan qeyd etmişdir ki, Yerevan və Ankara arasında münasibətlərin qismən normallaşdırılması üçün qəbul edilmiş türk-erməni protokolları diasporla münasibətlərdə soyuqluq yaratmışdır. Bunun əlehinə olanlar isə göstərilən dövr ərzində Ermənistan əhalisi arasında Türkiyə əlehinə olan meyilləri gücləndirmək üçün ardıcıl fəaliyyətlərini davam etdirmişlər.
Üçüncü amil onunla bağlıdır ki, erməni diasporlarına nəzarət edən elitalar arasında da Ermənistandakı hakimiyyətlə bağlı fikirlər birmənalı deyil. Rusiyalı siyasi xadim və jurnalist Mixail Şevçenkonun qeyd etdiyi kimi, təbii ki, coğrafi məkan olaraq, Ermənistan onların hamısı üçün əhəmiyyətlidir. Çünki bu dünyada erməni etnosuna məxsus olan yeganə dövlətdir. Bu dövlət, onun xüsusilə 30 ilə yaxın nəzarətdə saxladığı Dağlıq Qarabağın resursları erməni diaspor rəhbərlərinin maraqlarının toqquşma yeridir. Ona görə də onların konkret tarixi şəraitdə xalqın üzləşdiyi çətinliklərə verdikləri reaksiya da birmənalı deyildir. Əks halda I Qarabağ müharibəsindən sonra Ermənistanın bir qədər inkişaf etdiyini, hazırki şəraitdə isə daha adekvat siyasət yürütdüyünün bəlkə də şahidi ola bilərdik.
Dördüncü amil də əslində əvvəlki ilə əlaqəlidir. Bu Ermənistanın xaricdəki ermənilərin görmək istədikləri dövlət obrazına uyğun ola bilməməsidir. Təbii ki, xüsusilə inkişaf etmiş ölkələrdə yaşayan ermənilər onlarla etnik bağlılığa malik dövlətin illər uzunu inkişaf edə bilməməsi, müasir siyasi elitasının olmaması, özünü daim məzlum təqdim etməsini heş də hamılıqla qəbul edə bilmirlər. Elə həmin ermənilər də yığılan pullara rəğmən erməni əsgərinin səngərdə yataq kisəsi deyil, polietilen torbanın üstündə yatdığını görür, ianələrin hara getdiyini, dəyişən erməni hakimiyyətinə baxmayaraq, korrupsiyanın hətta müharibə dövründə dayanmadığını, Qərbin maraqlarına yaxın Paşinyanın belə ölkədəki ən üst səviyyəli yeyintilərin qarşısını ala bilmədiyini görür.
Dünya erməniçiliyinin onilliklərlə yürütdüyü “soyqırımı” tanıtmaq siyasəti də onların özlərini bir növ tələyə salmış, müxtəlif böyük qüvvələrin əlində alətə çevirmiş, iki qonşu dövlət ilə adekvat və konstruktiv münasibət qurmaq qarşısında sipər olmuşdur. Əslində isə bu siyasət milyonlarca sərvət sahibi olan, Ermənistana heç dincəlmək üçün belə ayaq basmayan dünya erməniçiliyi elitasının biznes strategiyasından başqa bir şey deyil. Acınacaqlısı isə odur ki, yalnış daxili və xarici siyasət, elitalar arasında hərc-mərclik nəhayətdə məhz böhran şəraitində- Ermənistanın Dağlıq Qarabağda hərbi qüvvələrinin darmadağın olunduğu vəziyyətdə özünü qabarıq formada göstərməkdədir. Odur ki, bu müharibə əslində həm erməni elitaları, həm də erməni xalqı qarşısında fundamental məsələlərə yeni baxışı tələb edir. Nə qədər ki, bu məsələlərdə (“soyqırım” ideologiyasının təftişi, Türkiyə və Azərbaycanla daha konstruktiv münasibətlərə can atmaq) Ermənistan xalqı diasporanın dəstəyinə güvənəcək, əvəzində isə özünün qonşuları ilə münasibətlərini neqativ yöndə davam etdirməkdə olacaqsa, o qədər də dövlət və xalq olaraq özünü daha da dərin uçuruma, fəlakətə yuvarlayacaqdır. Ermənistanın yeganə xilası diasporanın maraqlarına xidmət etmək, bunun naminə insani resurslarını məhvə sürükləmək olmayıb, vəziyyətinə adekvat baxaraq, qonşuları – Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün siyasi kursunu tamamilə yenidən qurmaqdır.