Avropa Parlamentindən Ermənistana böyük zərbə - ŞƏRH

18.06.2020

10 iyun 2020-ci ildə Avropa Parlamentində (AP) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yüksək siyasi əhəmiyyətə malik olan birgə bəyannamə qəbul edilib. Qurumun Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıb.

 

Bəyanatda əsas diqqət çəkən məqam odur ki, Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub:

 

“Yaxın vaxtlarda Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı elan edilmişdi. Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistanın Qafan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək.

 

Prinsip etibarı ilə biz Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik.

 

Lakin bu magistralın inşası qərarı, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər.

Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir”.

 

Bəyanatda Minsk Qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlədikləri “Əsas prinsiplər”ə dəstək ifadə olunur:

 

“Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz  öhdəliklərini gücləndirməyə çağırırıq".

 

Politoloq Elxan Şahinoğlu bildirir ki, bu bəyanat Azərbaycan üçün olduqca önəmlidir: “Bu bəyanat bir daha onu göstərir ki, Avropa Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini anlayır və dəstəkləyir. İlk dəfə deyil ki, Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsiylə  bağlı Azərbaycana dəstək verən sənəd və ya bəyanat yayır. Bəzi sənədlərdə işğalçının ünvanı da konkret göstərilir. Bütün bunlar göstərir ki, Avropada Azərbaycana dəstək var. Bu mənada Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi də zəruridir.”

 

Politoloq vurğulayır ki, bu bəyanat ilə  Avropa Parlamenti Ermənistana bir növ xəbərdarlıq edir:

 

“Son bəyanat Ermənistanda böyük narazılıq doğurdu və özləri də anladılar ki, Avropadan dəstək qazana bilməyəcəklər. Baxmayaraq ki, onlar təxribatlarının davam etdirirlər: Şuşaya gəlib qondarma andiçmə mərasimi keçirirlər, Şuşa, Laçın, Kəlbəcərdə məskunlaşdırma prosesini davam etdirirlər, üçüncü yol çəkilir. Bütün bunlar təxribatlardır. Bunu Avropada da görürlər və belə də qiymətləndirirlər. Avropada anlayırlar ki, Ermənistan tərəfindən bu cür təxribatlar davam etdikcə bölgədə müharibə başlaya bilər. Avropa Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır. Azərbaycan Cənubi Qafqazın əsas dövlətidir. Əgər işğal faktına son qoyulmazsa, təxribatlar davam edərsə, Azərbaycanın güc istifadəsindən başqa alternativi qalmayacaq. Avropa da bunu anlayır və Ermənistana bu mənada xəbərdarlıq edirlər”.

 

Elxan Şahinoğlu qeyd edir ki, indi önəmli olan bu bəyanatın ATƏT-in Minsk Qrupunun da reaksiyasına səbəb olmasıdır: “Çox təəssüf ki,  ATƏT-in Minsk Qrupu Ermənistanın təxribatlarına seyirçi mövqedə qalır. Münaqişənin həlli bir yana,  Ermənistandan soruşmur ki, niyə Şuşada andiçmə mərasimi keçirirlər, niyə hələ də Şuşa, Kəlbəcər, Laçında məskunlaşdırma prosesini davam etdirirlər, niyə iki azərbaycanlı girovu geri qaytarmırlar, üçüncü yol nəyə lazımdır?  Bütün bu sualları Minsk Qrupu təxribatlar yaradan Ermənistana verməlidir və vermirsə, bölgədə vəziyyət gərginləşə bilər. Avropa da bunu istəmir və son bəyanat da məhz bunun göstəricisidir”.

 

Politoloq vurğulayır ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq tərəfdaşlıq sazişində də ölkəmizin ərazi bütövlüyüyün dəstəklənməsi vacibdir: “ Ukrayna, Gürcüstan və Moldovayla sazişlərdə bu, birmənalı vurğulanıb, çünki bu üç ölkədə də separatizmlə bağlı problem var. Biz istəyirik ki, Azərbaycanla sazişdə də ərazi bütövlüyü vurğulansın və inanıram ki, belə də olacaq. Avropa Parlamenti tərəfindən Ermənistana qarşı qəbul edilən son qərar-sənədlər də bunu deməyə imkan verir”.

 

Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul edilmiş Avropa Parlamentinin birgə bəyannaməsi Ermənistanın uzun illərdir ki həyata keçirdiyi qanunsuz fəaliyyətlərinə AP-nin qətiyyətli və obyektiv münasibətinin ifadəsidir. Bu sənəd işğalçı ölkənin növbəti məğlubiyyəti, Azərbaycanın isə növbəti diplomatik uğurudur. 

 

Şəfanə İbrahimova

     stm.az