Cəmiyyət ən ümumi sosial sistem kimi

12.06.2020

Cəmiyyət insanların sadəcə məcmusu deyildir, fərdlərin özünəməxsusluğunu və əlaqələrini nəzərə almayan mücərrəd bütövlük də deyildir. Cəmiyyət mürəkkəb, bütöv sosial-mədəni sistemdir, başqa sözlə, sosial sistemin xüsusi növüdür. Sosial-fəlsəfi axtarışlar cəmiyyətin tədqiqində ilkin metodoloji prinsipi üzə çıxarmışdır: bu, cəmiyyətə sistem kimi yanaşılmasıdır. Elmdə, o cümlədən sosiologiyada müxtəlif mürəkkəbliyə malik olan təşəkkülləri tədqiq etmək üçün sistem yanaşmadan uğurla istifadə olunur. «Sistem» termini hələ Qədim Yunanıstanda işlənilsə də, XVII-XVIII əsrlərdə elmi dövriyyəyə daha geniş daxil olmuşdur; onun ilkin mənası nəyinsə mürəkkəb və rəngarəng vəhdətini ifadə etmişdir (məsələn, təbiətin sistemi, biliklərin sistemi, əlamətlərin sistemi və s.). XX əsrin ortalarından etibarən «sistem» termini daha dərin elmi məzmun kəsb etmişdir. Sistemlərin ümumi və xüsusi nəzəriyyələri meydana gəlmiş, sistem yanaşma biliyin, tədqiqatını xüsusi metodologiyası kimi etiraf olunmuşdur. Hazırda sistemlilik hər bir elmin mərkəzi kateqoriyalarından biri hesab edilir. Universal anlayış olan sistem həm maddi, həm də mənəvi aləmin mühüm xassələrini əks etdirir. Onun ən mühüm əlamətləri bütövlük, diferensiallıq, elementlərin əlaqəsidir. Elmi ədəbiyyatda belə bir cəhətə xüsusi diqqət yetirilir ki, fəaliyyət baxımından hər bir sistemi üç əlamət səciyyələndirir. Birincisi, davamlılıq - bu, sistemin həyat prosesində özünü qoruyub saxlaması qabiliyyətini ifadə edir.

 

İkincisi, müvazinət - bu, sistemin saxlanılması naminə kompromis, qarşılıqlı güzəşt kimi başa düşülə bilər. Üçüncüsü, əks əlaqə - bu, fəaliyyətə olan təsirə və onun sonrakı dəyişilməsinə göstərilən reaksiyanın spesifikasını əks etdirir. Sistemin fəaliyyətinin bu əlamətləri homeostazis anlayışında birləşdirilə bilər. Həmin anlayış xarici mühitlə qarşılıqlı təsir prosesində cərəyan edən həyat fəaliyyətində sistemin özünü, öz əsas xassələrini və funksiyalarını qoruyub saxlamaq qabiliyyətini ifadə edir.

 

Sistemlərin kifayət qədər müxtəlifliyi, rəngarəngliyi şəksiz həqiqətdir. Elmi sistematologiyada onların müxtəlif təsnifatı təklif olunmuşdur. Məsələn, maddi və ideal, təbii və süni, bioloji və sosial, dinamik və statik, açıq və qapalı ifadə olunan və ifadə olunmayan, adaptiv, özünü təşkil edən, inkişaf edən və s. sistemləri fərqləndirirlər. Sistemlərin xüsusi tipi olan sosial sistemlər komponentlərinin çoxluğu, həmin komponentlər arasında, bütövlükdə sistemlə mühit arasında qarşılıqlı əlaqələrin rəngarəngliyi ilə səciyyələnir. Görkəmli sosioloq T. Parsons qeyd edirdi ki, sosial sistemlər ən əvvəl qarşılıqlı fəaliyyətdə, təsirdə olan fərdlərin sistemidir; fərdlər eyni zamanda həm canlı orqanizmlərdir, həm də şəxsiyyətlərdir və müəyyən mədəni sistemlərə mənsubdurlar.

 

Sosial sistemləri genetik əlamət baxımından maddi və ideal sistemlərə ayırmaq olar. Maddi sosial sistemlərə kiçik sosial qrupları (ailə, peşə qrupları, partiya özəkləri); böyük sistemləri (dövlət, partiyalar, həmkarlar təşkilatları konfederasiyası və s.); mürəkkəb sistemləri (dövlətlər birliyi, hərbi-siyasi bloklar, iqtisadi ittifaqlar və s.) aid edilə bilər. İdeal sistemlər insanın ətraf aləmi dərk etməsi ilə bağlıdır. Bu sistemlər də kiçik (fərdi şüur, şəxsiyyətin mənəvi dünyası), orta (müəyyən fərdlər qrupunun baxışlar sistemi, etnik qrupların adət və ənənələri), böyük (iqtisadi nəzəriyyə, sosiologiya elmi və s.), habelə universal (dünyagörüşü, mifologiya, din və [s.) sistemlərə ayrıla bilər. Formasına görə sosial sistemlər kiçik, orta, böyük və mürəkkəb sistemlər kimi təsnif oluna bilər. Kiçik sistemlərə ayrı-ayrı sosial obyektlər aiddir (məsələn, ailə, fərd, kiçik qrup və s.); onların daxili strukturu və fəaliyyəti nisbətən sadədir, onları təşkil edən ünsürlərin qarşılıqlı təsiri əlaqələndirmə xarakteri daşıyır. Orta sistemlərin strukturunda ünsürlərin dəqiq ayırd edilmiş iki qrupu mövcuddur; onların arasında əlaqələr subordinasiya xarakteri daşıyır (yerli hakimiyyətin strukturu, rayonun iqtisadi strukturu və s). Böyük sistemlər onları təşkil edən ünsürlər arasında mürəkkəb strukturla səciyyələnir (məsələn, dövlət, partiyalar, ölkənin iqtisadi sistemi). Mürəkkəb sistemlərə elə sistemlər aiddir ki, onların mövcudluğu alt sistemlərin daxili tənzimi ilə yanaşı çoxsəviyyəli xarakterə malikdir (məsələn, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı və s.).  Qarşılıqlı təsirin xarakterinə görə sosial sistemlər açıq və qapalı ola bilərlər. Tam qapalı sistemlər adətən olmur, digər konkret sistemlərlə məhdud şəkildə qarşılıqlı təsirlər özünü göstərir. Məsələn, dövlətdə islah (penitensiar) müəssisələr sistemi bu qəbildəndir. Açıq sistemlər xarici şəraitin təsirinə məruz qalır, özləri də həmin şəraitə müqabil təsir göstərirlər (məsələn, beynəlxalq idman assosiasiyaları).

 

Sosial sistemləri öz qanunauyğunluqlarının xarakterinə görə ehtimal edilən və determinasiya olunan sistemlərə ayırmaq olar. Ehtimal olunan sistemlərdə onların komponentləri naməlum sayda variantların (məsələn, cəmiyyət mümkün müharibə vəziyyətində) qarşılıqlı təsirinə məruz qalır. Determinasiya olunmuş sistemlər qarşılıqlı təsirlərin (məsələn, hüquqi, qanunverici və s. sistemlər) dəqiq məlum olan nəticələrini nəzərdə tutur. Sosial sistemlərin başlıca funksiyaları nizamı və inkişafı təmin etməklə bağlıdır. Lakin elə sosioloji nəzəriyyələr vardır ki, onlar sistemin potensiyalarını, yəni imkanlarını ön plana çəkir və müvafiq anlayışları formula edirlər. Bu halda  sistemin aşağıdakı imkanları qeyd olunur: - tənzimləyici (bu, fərdlərin və qrupların davranışının tənzimlənməsini təmin edir); - ekstraktiv (bu, resursların cəlb olunmasını nəzərdə tutur); - atributiv (bu, cəmiyyətdə müdafiənin təmin olunmasını nəzərdə tutur); - distributiv (bu, status mövqelərinin və maddi nemətlərin bölgüsünü nəzərdə tutur). Beləliklə, sosial sistem çoxölçülü və çoxaspektli təşəkkül olub, mürəkkəb tərkibə, tipologiya və funksiyalara malikdir. Cəmiyyət sosial sistemlərin bütün xarakteristikalarını əks etdirir, ona görə də cəmiyyət ən mürəkkəb və ümumi sosial sistem hesab olunur.

 

Cəmiyyətin sosial sistem kimi sosioloji təhlilinin səmərəli üsullarından biri ona makrososioloji yanaşmadır. Belə yanaşmanı Amerika sosioloqu E. Şilz təklif etmişdir. Onun fikrincə, cəmiyyət üç başlıca ünsürdən ibarət olan makrostruktur kimi təsəvvür oluna bilər: a) sosial birlik - fərdlər çoxluğunun qarşılıqlı əlaqəsidir; b) sosial təşkilat - məlum sistem hüdudlarında fərdlərin sosial statuslarının (mövqelərinin) və sosial rollarının (funksiyalarının) məcmusudur; c) mədəniyyət - fərdlərin davranışını və fəaliyyətini müəyyən edən dəyərlərin və sosial normaların məcmusudur. Sosial birliklər bəşəriyyətin tarixi inkişafı prosesində meydana gəlir və öz növlərinin, formalarının rəngarəngliyi ilə səciyyələnir. Ən əhəmiyyətli birliklər sırasına bunları aid etmək olar: sosial-ərazi birlikləri (şəhər, kənd, region və s.); sosial-demoqrafık birliklər (ailə, yaş qrupları və s.); sosial-etnik birliklər (millətlər, xalqlar, etnik qruplar); sosial-əmək [40 - 41] birlikləri (əmək kollektivlərinin müxtəlif tipləri). Sosial birliklərdə insanlar arasında qarşılıqlı təsir formaları da müxtəlifdir: fərd-fərd; fərd-sosial qrup; fərd-cəmiyyət. İnsanların praktik fəaliyyətində formalaşan həmin birliklər fərdin və ya fərdlər qrupunun bütövlükdə sosial birliyin inkişafı üçün əhəmiyyətli olan davranışını şərtləndirir.

 

Müxtəlif subyektlər arasındakı sosial qarşılıqlı təsir insanlar arasında, onlarla xarici mühit arasında sosial əlaqələri müəyyən edir. Həmin sosial əlaqələrin məcmusu isə cəmiyyətdə sosial münasibətlərin əsasını təşkil edir. İstənilən sosial birlik, cəmiyyətin həyat fəaliyyətinin istənilən sferası insanlar arasında münasibətlərin tənzimlənməsini nəzərdə tutur. Cəmiyyət öz tarixi təkamülü prosesində ictimai həyatın təşkilinin, tənzimlənməsinin spesifık sistemini işləyib hazırlamışdır: bu, sosial institutlardır. Sosial institutlar əhalinin müxtəlif qruplarının ümumi mənafelərini əlaqələndirmək, stabil inkişafı təmin etmək mexanizmləridir. Münaqişəli situasiyaların çoxluğu, dərinləşməsi sosial institutların səmərəli işləmədiyini göstərir, onların yeniləşməsini və ictimai tələbatlara uyğunlaşdırılmasını zərurətə çevirir. Sosial təşkilatlar cəmiyyətin çox mühüm ünsürü olub, ictimai inkişafda müəyyən məqsədlərə nail olmaq üçün fərdlərin, sosial qrupların fəaliyyətini nizamlamağın etibarlı üsulu kimi çıxış edirlər. Başqa sözlə, sosial təşkilatlar müəyyən sosial sistem hüdudlarında fərdlərin, sosial birliklərin, qrupların, təbəqələrin fəaliyyətini inteqrasiya etmək mexanizmləridir. Sosial təşkilatların çox mühüm xüsusiyyəti onların ünsürləri arasında iyerarxik əlaqələrin olmasıdır; bu təşkilatlar məqsədli təyinatı olan piramidayabənzər sosial sistemlərdir. Onların fəaliyyəti əsasında sosial məqsədlər, sosial statuslar və rollar zəminində rəhbərlik - tabelikdə olanlar arasında spesifık münasibətlər qərarlaşır. Sosial təşkilatlarda ayrı-ayn fərdlərin, qrupların spesifık xüsusiyyətlərə malik olan fəaliyyətinin sinxron, eyniistiqamətli olması müəyyən məqsəd və vəzifələrin reallaşdırılmasını təmin edir.

 

Aydın məsələdir ki, sosial təşkilatlar hüdudunda müəyyən idarəedici orqan olmalıdır ki, sosial statusların və rolların bölgüsü, fərdlərin, qrupların birgə fəaliyyəti təmin edilsin. Təşkilati-hakimiyyət strukturları kollektivin daxili həyatına və əlaqələrinə dair ən müxtəlif məsələləri həll etməli olurlar. Sosial təşkilatın sosial statusları və rolları nəzərdə tutan formal strukturu rəhbərlər - tabelikdə olanlar xətti üzrə əmək bölgüsünü həyata keçirir, işçilərin fəaliyyətini optimallaşdırmağa səy göstərir. Lakin ən sərt təşkilati münasibətlər şəraitində də şəxsiyyətlərarası və qruplararası münasibətlərin müəyyən spesifikası təzahür edir; belə münasibətlərin əsasını 20 sosial-psixoloji amillər təşkil edir. Ona görə də kollektivlərdə qeyri-formal qrupların, liderlərin, spesifik submədəniyyətin meydana gəlməsi real faktlardır. Əgər bunlar formal - təşkilati amillərlə uyğun gəlmirsə, müəyyən ziddiyyətlər doğurursa, o zaman sosial təşkilatın qeyri-stabilliyi, böhranlı məqamları artır. Cəmiyyətin üçüncü mühüm ünsürü olan mədəniyyəti insanların praktik fəaliyyətində təsbit olunmuş sosial normaların və dəyərlərin sistemi kimi müəyyənləşdirmək olar. Əslində mədəniyyət bu fəaliyyətin özüdür. Normalar əsasən sosial fenomendir. Məhz normalar çox müxtəlif prosesləri nizamlayır, başlıca olaraq onların inteqrasiyası funksiyasını yerinə yetirir. İnkişaf etmiş cəmiyyətlərdə hüquqi sistem normaların bir növ fokusudur. Bu, əlbəttə, digər normaların, o cümlədən əxlaqi normaların əhənıiyyətini kiçiltməyə əsas vermir. Dəyərlər sosial və mədəni sistemlərin başlıca əlaqələndirici həlqəsidir. Cəmiyyətdə mədəniyyət maddi predmetlərdə və mənəvi sərvətlərdə öz ifadəsini tapır, insanların tələbatlarını, onların inkişaf etmək, zənginləşmək səylərini əks etdirir.

 

Sosiologiya cəmiyyətdə mədəniyyətin sosial roluna xüsusi əhəmiyyət verir: bu və ya digər sosial-mədəni sərvətlər ictimai münasibətlərin humanistləşməsinə, ahəngdar inkişaf etmiş şəxsiyyətin formalaşmasına nə dərəcədə kömək edir - bunlar çox ciddi  və düşündürücü suallardır. Mədəniyyət həmişə həm ənənələrin, həm də yeniliklərin ünsürlərini özündə birləşdirir. Ənənələrin üstün olması ənənəvi mədəniyyətin formalaşmasını və müəyyən hüdudlarda təkamülünü şərtləndirir. Yenilik əsaslarının üstünlük təşkil etməsi isə həm mütərəqqi dəyişikliklərə, həm də keçmiş mədəniyyət nümunələrinin unudulmasına səbəb ola bilər.

 

Sosial sistem olan cəmiyyətdə baş verən mürəkkəb proseslər onun dəyişilməsinə, təkamülünə səbəb olur. Bəzi cəmiyyətlər dəyişərək yeni tipli sosial struktura, mədəni təşəkküllərə, təkamül yolu ilə inkişaf meyllərinə malik olur. Bəzi cəmiyyətlər isə daxili münaqişələrə və ya digər neqativ sapmalara elə cəlb olunur ki, təkamül qabiliyyətini itirir, öz mövcudluğunu çətinliklə qoruyub saxlayır, yaxud dağılma meyllərinə məruz qalır. Sosiologiyada cəmiyyətin dəyişilməsinin və inkişafının birmənalı izahı yoxdur. Başqa sözlə, bu məsələyə münasibətdə müxtəlif mövqelər özünü göstərir. Təkamülçülük sosial inkişafın obyektiv xarakterini ön plana çəkir. Təkamülçülükdə əsas problem bütün cəmiyyətin simasını dəyişdirməyə imkan verən müəyyənedici amilin aşkar edilməsidir. Burada xatırlamaq yerinə düşər ki, təkamülçülük müxtəlif naturalist məktəblərin, cərəyanların (məsələn, mexanist, coğrafi, irqi-antropoloji, sosial-darvinist və s.) əsasını təşkil etmişdir. Sosiologiyanın banisi sayılan O. Kont biliyin inkişafını cəmiyyətin tərəqqisində həlledici amil sayırdı. Onun fikrincə, biliyin teoloji, mistik formadan pozitiv formaya doğru inkişafı insanların industrial cəmiyyətə keçməsinə səbəb olacaqdır. İnsan zəkası sayəsində baş verən bu keçid istehsalın və tələbatların ödənilməsinin keyfıyyətcə yeni, başqa səviyyəsi demək olacaqdır. 

 

H. Spenser cəmiyyətin təkamülünün mahiyyətini onun diferensiasiyasının güclənməsində görür və qeyd edirdi ki, bu, getdikcə artan inteqrasiya prosesləri ilə müşayiət olunur; həmin proseslər sosial orqanizmin hər bir yeni mərhələsində onun vəhdətini bərpa edir. Sosial tərəqqi cəmiyyətin mürəkkəbləşməsinə, fərdlərin müstəqilliyinin və azadlığının artmasına, onların maraqlarının cəmiyyət tərəfındən getdikcə daha dolğun ödənilməsinə səbəb olur. E. Dürkheym təkamülü mexaniki həmrəylikdən (bu halda fərdlər və onların ictimai funksiyaları qeyriyetkindir, oxşardır) üzvi həmrəyliyə (bu halda əmək bölgüsü və sosial diferensiasiya inkişaf etmişdir) keçid kimi nəzərdən keçirir. Üzvi həmrəylik, onun fikrincə, insanların vahid sosial orqanizmdə inteqrasiyasına doğru aparır və cəmiyyətin ali əxlaqi prinsipi kimi çıxış edir. K. Marks sosial inkişafda müəyyənedici amil kimi cəmiyyətin məhsuldar qüvvələrini ön plana çəkirdi. Onun fıkrincə, məhsuldar qüvvələrin inkişafı sosial inqilaba və istehsal üsulunun dəyişilməsinə gətirib çıxarır. İstehsal üsulunun dəyişilməsi isə öz növbəsində bütün cəmiyyətin dəyişilməsinin, yeni ictimai-iqtisadi formasiyanın qərarlaşmasının əsasıdır. Cəmiyyətin tərəqqisi ancaq istehsal üsulunun köklü, əsaslı surətdə yeniləşməsi sayəsində mümkündür; yeni iqtisadi və siyasi strukturlar ancaq sosial inqilab nəticəsində təzahür edə bilər. Ona görə də sosial inqilablar «tarixin lokomotivləridir»; onlar cəmiyyəti yeniləşdirir, onun inkişafını sürətləndirir. Təkamülçülük konsepsiyası cəmiyyət inkişafının səbəblərini və gedişini başa düşməkdə əhəmiyyətli rol oynamışdır. Belə ki, ictimai inkişafın obyektiv xarakteri etiraf olunmuş, cəmiyyətdəki proseslər geniş kontekstdə, böyük tarixi perspektivdə nəzərdən keçirilmişdir. Lakin təkamülçülük böhranların, geriyə qayıtmaların, bəzi cəmiyyətlərin dağılmasının və sivilizasiyaların məhvinin səbəblərini izah edə bilmədi. Əslində sosial prosesin obyektivliyi ideyası da müəyyən  qədər şübhə altına alınırdı: onun əsas parametrləri (bilik, şəxsiyyətin azadlığı, həmrəylik, texniki tərəqqi, məhsuldar qüvvələr) həm də neqativ meyllərin mənbəyi ola bilər. Məlum olmuşdur ki, tərəqqinin bu amilləri fəal dağıdıcı qüvvəyə də çevrilə bilər: bütün dünyanı məhv etməyə qadir olan silahların yaradılması, ekoloji fəlakətlər doğuran risqlərin artması və s. bu qəbildəndir.

 

 

Təkamülçülük tarix etibarilə qısa zaman kəsiyində baş verən sosial hadisə və proseslərin də (məsələn, hökumətlərin dəyişilməsi, cinayətkarlığın, fərdlərin davranışında kənaraçıxma hallarının artması və s.) əsaslı izahını verə bilmədi. Təkamülçülük qeyd olunan məhdudluq təzahürlərini cəmiyyətə münasibətdə yeni yanaşmalarla mümkün qədər aradan qaldırmağa səy göstərmişdir. Bu baxımdan tsiklik inkişaf nəzəriyyəsi (O. Şpenqler, A. Toynbi) və sosial inkişaf nəzəriyyəsi (T. Parsons) diqqəti cəlb edir. Tsiklik inkişaf nəzəriyyəsi cəmiyyətin təkamülünə onun daha mükəmməl vəziyyətinə doğru düzxətli hərəkət kimi yanaşmır. Bu nəzəriyyəyə görə, təkamül yüksəliş, çiçəklənmə və enmənin spesifik qapalı tsikli, başa çatdıqda yenidən təkrarlanan tsikli kimi təsəvvür olunmalıdır. Cəmiyyətin dəyişilməsi mayaka bənzəyir: müəyyən amillərin fəaliyyəti və təsiri ilə bir nöqtədən başqa nöqtəyə mütərəddid hərəkətlər edən cəmiyyət ortada «soyuyur» və bununla da öz sabitliyini bərpa edir. T. Parsonsun sosial dəyişikliklər nəzəriyyəsi sistem nəzəriyyəsinə və kibernetikaya əsaslanır. Struktur və onun dəyişilməsi modelinin əsasında müxtəlif sistemlərin (orqanizm, şəxsiyyət, sosial sistem və mədəni sistem) «kibernetik iyerarxiyası» ideyası dayanır. Həmin sistemlər artan mürəkkəblik dərəcəsinin pillələri kimi nəzərdən keçirilir. O dəyişikliklər daha dərin dəyişikliklərdir ki, onlar T. Parsonsun «etimad sistemi» adlandırdığı mədəni sistemə toxunurlar. İqtisadi və siyasi çevrilişlər cəmiyyətdə mədəniyyətin səviyyəsinə toxunmursa, o, cəmiyyətin öz əsasını da dəyişdirmir. Cəmiyyət sosial sistem olmaq etibarilə davamlılığa, özünü təkraristeh-sal etmək qabiliyyətinə malik olur ki, bu da onun əsas struktur ünsürlərinin sabitliyinin təzahüründə (adaptasiyasında) öz əksini tapır. Müvazinəti qoruyub saxlayan qüvvələrin, elementlərin nisbəti pozularsa, bütövlükdə ictimai sistem, onun əsas struktur ünsürləri dəyişilməz qalır və itirilmiş müvazinət sürətlə bərpa olunur. Dəyişikliklər daxili dəyişikliklər olaraq qalır, sistem isə özündə yeni təşəkkülləri inteqrasiya edərək, bütövlükdə dəyişilməz qalır. Sosial dəyişikliyin bu növü «müvazinətin dəyişilməsi» adlanır.

 

Sosial dəyişikliyin ikinci növü - «strukturun dəyişilməsi» isə nəzərdə tutur ki, daxilən və kənardan olan güclü təzyiq sayəsində sistem öz müvazinətini bərpa edə bilmir. Sosial sistemin bütövlüyünü saxlamaq üçün sosial altsistemlərin və onların struktur ünsürlərinin (sosial rolların, institutların, təşkilatların) modifikasiyası baş verir. Cəmiyyətin təkamülü sistemin keyfiyyətcə yeni vəziyyətinin meydana çıxması ilə bağlıdır. Parsons onu «təkamül universaliləri» adlandırırdı. Sosial sistemdə əvvəlcə dörd universali təşəkkül tapır: kommunikasiyalar sistemi, qohumluq sistemi, din və texnologiya. Sonra isə həmin sistemdə struktur yenidən-qurması gedir: bürokratiya, pul, bazar kompleksi, normativ tənzimləmə və demokratik birliklər. T. Parsonsun fikrincə, cəmiyyətin tarixi inkişafı müəyyən mərhələlərdən keçir: bəsit, aralıq və müasir. Bəsit mərhələdən aralıq mərhələyə keçid yazının icad olunması sayəsində mümkün olur. Müasir mərhələyə keçid isə qanunvericiliyin inkişafı ilə bağlıdır.

 

Daha ümumiləşmiş şəkildə cəmiyyətin inkişafını aşağıdakı «təkamül mexanizmlərinə» aid etmək olar: 1. Diferensiasiya - bu, cəmiyyətin quruluşunun mürəkkəbləşməsi ilə bağlıdır; 2. Adaptasiya («adaptiv yüksəlmə») - bu, ətraf mühitlə yeni nisbət yaradılması (məsələn, yeni texnika, yeni kommunikasiya vasitələri) deməkdir; 3. Cəmiyyətdə üzvlüyün həcmcə artması («inklyuziya»); cəmiyyətdə üzvlüyün əvvəlki meyarları (sinif, etnik mənsubiyyət, cins) təkamül şəraitində öz əhəmiyyətini itirir; 4. Dəyərlərin ümumiləşdirilməsi; dəyişilən cəmiyyətdə dəyərlər və normalar müxtəlif qruplar üçün getdikcə daha az dərəcədə məqbul ola bilir, universal, sosial sistemin tipindən asılı olmayan insan hüquqları və idealları (məsələn, insan hüquqları haqqında BMT-nin Bəyannaməsi) barəsində təsəvvürlər daha geniş yayılmağa başlayır. T. Parsons belə hesab edir ki, cəmiyyətin təkamül mexanizmləri sosial sistemlərdə spesifik funksiyalarla və altsistemlərlə bağlıdır.

 

Cəmiyyətin ən mühüm altsistemlərinin əlaqələndirilməsi vasitələri pul və hakimiyyətdir. Təsadüfi deyildir ki, müasir sosial sistemlərdə həmin vasitələr sosial münasibətlərə fəal təsir göstərir (məsələn, sosial münasibətlərin siyasiləşməsi). Cəmiyyətin təkamülünə T. Parsonsun sistem yanaşması həm onun struktur yenidənqurmasına səbəb olan, həm də ikinci dərəcəli olan hadisə və prosesləri aydın görməyə imkan verir. Lakin cəmiyyətin inkişafı anlayışı ictimai sistemin normal vəziyyətindən kənara çıxması kimi şərh olunur, yəni həmin anlayışın hüdudları xeyli məhdudlaşdırılır, sistemin təbii vəziyyəti yetərincə nəzərə alınmır. Beləliklə, cəmiyyət sosial sistem olmaq etibarilə ən mürəkkəb və mübahisəli tədqiqat obyekti olaraq qalır. Ona görə də cəmiyyətin inkişafı, təkamülü barəsində. son dərəcə müxtəlif rəylərin, mövqelərin olması təbii sayılmalıdır.


(Fazil Vahidov və Tahir Ağayevin "Sosiologiya" kitabından)