Cəmiyyətdə fərdi və kollektiv yaddaşı formalaşdıran sosial, mədəni və tarixi faktorlar

11.12.2019

Giriş Mədəniyyət insan mövcudluğunun təməl şərtidir. Tarix boyu fərdi və kollektiv səviyyədə varoluş insanın özünün yaratdıqları ilə sıx bağlıdır. Mədəniyyət “fikirlə əlin ortaq çalışmasının məhsuludur”. Şübhəsiz, burada yaddaşın mədəniyyətin formalaşması

Tarixi yaddaş və kollektiv fəaliyyət

 

Tarixi yaddaş kollektiv fəaliyyətin məhsulu kimi fərdlərarası ünsiyyət nəticəsində formalaşır. Lakin mahiyyətcə həm də digər sosial faktorlarla sıx bağlıdır. Bu səbəbdən hər bir etnosun tarixi təkamülündə yaddaş xüsusi rol oynayır. Bu kontekstdə deyə bilərik ki, tarixi yaddaş cəmiyyətin həyat tərzi, düşüncə mədəniyyəti və dili ilə bağlıdır. Həyat tərzi kollektiv yaddaşın qaynağıdır, düşüncə mədəniyyəti onun məzmunu və dinamikasına təsir edir, dil isə tarixi yaddaşın daşıyıcısıdır. Bu məqamlar tarixi yaddaş fenomenini kollektiv ünsiyyətin yekunu kimi mədəniyyətlə sıx bağlayır. Həmin məntiqi müstəvidə tarixi yaddaş sosial hadisədir. Burada fərdi təfəkkürlə cəmiyyətin sosial-mədəni mühiti arasında maraqlı qarşılıqlı əlaqəni görmək mümkündür. Yəni tarixi yaddaş cəmiyyətdə insanların fəaliyyəti zamanı formalaşır, lakin onun mövcudluq məkanı fərdi şüurdur. Yaddaş məhz bu anlamda tarixidir. Bu müddəadan çıxış etsək, tarixi yaddaş fenomeninin kollektiv kommunikasiyanın nəticəsi kimi mədəniyyətlə sıx bağlı olduğu nəticəsini alarıq. Mədəniyyət, tarix və dil sahələrinin uzlaşdırılması yaddaşın bərpası nəticəsində mümkündür. Bu tezisdən çıxış edərək belə bir qənaətə gəlmək mümkündür.

 

Yuxarıdakı müddəalardan belə nəticə çıxara bilərik ki, yaddaş sosial-mədəni təkamülün dinamikasında mühüm rol oynamalıdır. Buradan maraqlı bir sual meydana çıxır – mədəniyyətin hər bir tarixi növü ilə tarixi yaddaş arasındakı əlaqələrin məzmunu necədir? Bizim əsas tezisimiz belədir– mədəniyyətin hər bir tarixi növünə uyğun olan tarixi yaddaş növü mövcuddur. Fəlsəfi kontekstdə bu məsələ mürəkkəb struktura malikdir. Çünki bir tərəfdən fərdi səviyyədə şüurlarda yaddaşın saxlanması mexanizmləri, digər tərəfdən isə tarixi yaddaşın kollektiv şüurda real mövcudluğu arasında mürəkkəb əlaqələr vardır. Eyni zamanda, məhz bu mürəkkəb struktur-funksional özəlliklər vasitəsi ilə tarixi yaddaş konkret mədəniyyət növü ilə qarşılıqlı əlaqədə olur. Deməli, yuxarıda vurğuladığımız mürəkkəbliyə tarixi yaddaşın sistem olaraq mədəniyyət sistemi ilə qarşılıqlı münasibətləri də əlavə olunmalıdır. Etiraf edək ki, bu, kifayət qədər mürəkkəb prosesdir. Lakin vəziyyəti sadələşdirən bir neçə məqam vardır:

 

  • Tarixi yaddaşın fərdi və kollektiv səviyyəsi birbaşa mədəniyyətin uyğun səviyyələri ilə bağlıdır. Fərdi mədəniyyətdə fərdi yaddaşın rolu böyükdür. İnsanın kollektiv mühitdə fəaliyyətində yaddaş istiqamətverici rol oynayır;
  •  Fərdin müxtəlif ünsiyyət vasitələri və irsi keçmə sayəsində özü haqqında təsəvvürü formalaşır. Onun digər insanlarla ünsiyyəti və dünya haqqında bilikləri bu təsəvvürlər əsasında formalaşır. O cümlədən, fərdin sosiallaşmasında həmin məqam ciddi rol oynayır.

 

Faktiki olaraq fərdin sosial-mədəni mühitdə özünü təsdiqində onun yaddaşı böyük rol oynayır. Müşahidə və təcrübələr göstərirki miqrasiya edən fərdlər öz tarixi keçmişini nə qədər yaxşı bilirsə, bir o qədər yeni mühitə tez adaptasiya olunur. Yəni, onun səviyyəli yaşamaq qabiliyyəti yüksək olur. Öz keçmişini bilmək geniş fərdi və kollektiv yaddaşa malik olmaq deməkdir. Deməli, yaddaş insanın sosial aktivliyinə birbaşa təsir edir, o, aydın yaddaşa sahib olanda daha çevik yeniləşmə qabiliyyətinə malik olur. Burada yaddaşın sosial mühit kontekstində oynadığı mühüm rol insanın tarixi yaddaşda daha çox pozitiv məqamları saxlaması ilə izah oluna bilər. Burada etnosu, xalqı, cəmiyyəti, milləti və digər insanın kollektiv birgəyaşayış formalarını da nəzərə aldıqda, bir sıra özəl qeydlərə ehtiyac vardır. Çünki insanların təşkil etdikləri istənilən kollektiv varlıq formalarında şüur adlanan fenomen aparıcı rol oynayır. Şüurlu fəaliyyət təbiət sistemləri üçün işlənən sinergetik anlayışlara metaforik məzmun çalarları verməyi tələb edir. Bu mənada tarixi yaddaş kontekstində “arxetiplər”, “mədəniyyət”, “mənəviyyat”, “kollektiv və fərdi fəaliyyət”, “sosial nizamlılıq”, “sosial xaos” və s. kimi anlayışlardan istifadə etmək lazım gəlir. Bu anlayışların sinergetik məzmun çalarları, şübhəsiz ki, məcazi məna daşıyır. Ancaq onlar yaradıcılıq kontekstində müasir elmi mərhələ üçün kifayət qədər səmərəli ola bilərlər.

 

Fərdi və kollektiv yaddaşın sosial konteksti və dil faktoru

 

Bu müddəalardan tarixi yaddaşın sosial konteksti ilə bağlı təsəvvürlər əldə edə bilərik. Çünki yaddaş fərdin şüurunda real mövcud olsa da, o yalnız sosial kontekstlə müqayisədə konkret tarixi məzmun kəsb edə bilər. Fərdi şüurun sosial aspektdə “informasiya qidalanması” da cəmiyyətdən qaynaqlanır. Yalnız o hadisələr yaddaşa çevrilir ki, kollektivin şüuri və mənəvi süzgəcindən keçib, fərd üçün məna kəsb edir. Hər hansı olay sosial səviyyədə qiymət almasa, fərd üçün tarixi yaddaş elementinə çevrilə bilməz. Burada bir özəlliyi də nəzərə almaq gərəkdir. Heç də həmişə burada söhbət bütövlükdə cəmiyyətdən getmir. Qrup və ya hər hansı birgə yaşayış forması üçün də tarixi yaddaş ola bilər. Bizim üçün də əsas olanı tarixi yaddaşı kollektiv reallıq müstəvisində tədqiq etməkdir. Ancaq burada başlıca prinsipimiz bütövlükdə cəmiyyəti, etnosu və milləti əhatə edən tarixi yaddaşın sosial-mədəni əhəmiyyəti və roludur. O cümlədən, etnosların tarixi yaddaş aspektində inkişaf hədəflərinə çatmaq potensialını araşdırmaqdır.

 

Beləliklə, insan yaddaşının fərdi və kollektiv səviyyədə həyat tərzi üçün ciddi əhəmiyyətə malik olduğunu təsdiqləyən elmi faktlar vardır. Fəlsəfi-elmi ədəbiyyatda bu iki səviyyənin qarşılıqlı əlaqəsini ifadə edən və onlar arasındakı nisbəti göstərən ideyalara rast gəlinir. Məsələn, professor V.K.Yeqorov həmin bağlılıqda yazır: “Biz subyektivik və öz subyektivliyimizdə azadıq, lakin mədəniyyətin, dəyərlər dünyasının, xalqın mentalitetinin və konkret dövrün diktə etdiklərindən azad deyilik” . Deməli, reallıqda tarixi yaddaş konkret sərhədlərə malikdir. Bu sərhədlər aşağıdakı kimi müəyyən edilir;

 

  • fərdi şüurun imkanları;
  • mövcud mədəniyyət sistemi;
  • xalqın mental xüsusiyyətləri;
  •  dəyərlər sisteminin özəllikləri.

 

Tarixi yaddaşla mədəniyyət arasındakı əlaqələrə də bu müstəvidə baxılmalıdır. Fərdin yaddaşı ilə mədəniyyəti və kollektiv səviyyədə sosial yaddaş ilə cəmiyyət olaraq mədəniyyət arasındakı əlaqə kanalları yuxarıda qeyd olunan şərtlər daxilində formalaşır. Burada dilin xüsusi rol oynadığını vurğulamalıyıq. Dil, ümumiyyətlə, mədəniyyətdə kommunikasiya vasitəsidir. Qədim zamanlardan bu günə qədər həmin kontekst dəyişməyib. Şüurun, mentalitetin və bütövlükdə dəyərlər sisteminin konkret zaman-məkan çərçivəsində aktuallaşması dil vasitəsi ilə olur. Üstəlik, dil həmin faktorlar arasında əlaqələrin formalaşmasının əsas kanalıdır. Təsadüfi deyil ki, alman alimi Vilhelm Humboldt yalnız dildə bütövlükdə milli xarakterin ifadə olunduğu haqqında yazırdı. Başqa bir yerdə isə o vurğulayırdı: “...dilin özünəməxsusluğu millətin mahiyyətinə təsir edir”. Milli xarakter özlüyündə cəmiyyətin bütün sosial-psixoloji özəlliklərinin qarşılıqlı əlaqəsi nəticəsində formalaşır. Burada  mədəniyyətlə tarixi yaddaşın sintez halında rolunu başa düşmək ehtiyacı meydana çıxır. Dil bu mənada həm həmin sahələr arasında əlaqələndirici rolunu oynamalı, həm də o proseslərin yekunu olmalıdır. Şübhəsiz ki, həmin keyfiyyətdə dil kollektiv səviyyədə kommunikasiyanın əsas təşkiledicisinə çevrilməlidir.

 

Beləliklə, dil tarixi yaddaş və mədəniyyət elementləri haqqında informasiyanın daşıyıcısı, onlar arasında əlaqələrin təşkiledicisi və qarşılıqlı təsirdə inkişaflarının istiqamətvericisidir. Konkret desək, mədəniyyətin tarixi təkamülü ilə tarixi yaddaşın dinamikası qarşılıqlı surətdə birbirindən asılıdır. Dil bu sferalar arasında kommunikasiyanın əsas təşkiledicisi və daşıyıcısı olduğuna görə, dövrün digər kommunikasiya vasitələri ilə bir yerdə onların vəhdətinin məzmununu formalaşdırmaqda həlledici rol oynayır. Həmin bağlılıqda insanın şəxs kimi ciddi dəyişikliklərə uğraması baş verir. Bu, sistem xarakterli prosesdir və şüuru, mənəviyyatı, əxlaqı, dili, davranışı və bütövlükdə həyat tərzini yeniləşdirir.

 

Mədəniyyətin tarixi növləri ilə tarixi yaddaşın qarşılıqlı əlaqəsi

Kanadalı sosioloq M.Maklüyen kommunikasiya vasitələrinin mədəniyyətin tarixi növünün formalaşdırmasındakı rolunu araşdırıb. Onun mövqeyinə görə, hər bir tarixi mərhələdə mədəniyyət sisteminin necəliyi ilk olaraq kommunikasiya növündən asılıdır. Həmin əsasda o, bütövlükdə mədəniyyəti üç növə ayırır:

 

  • şifahi yaddaş;
  • yazılı yaddaş;
  • elektron yaddaş.

 

Şifahi yaddaş: Mədəniyyətin ilk növü kimi, şifahi mədəniyyətdə yaddaş xatırlama və nəql etmə vasitəsi ilə formalaşır. Yaddaşın bu növü daha sabit kontentə malikdir. Bu cür yaddaş daha statikdir. Mədəniyyətin ilk tarixi növü hesab edilən şifahi mədəniyyətdə yaddaşın rolu böyük idi. Hətta tarixlə yaddaşın identikliyi mövcuddur. Bu barədə fransız alim Pyer Nora geniş analiz verib. Tarix yaddaşdan kənarda mövcud olmur. Bu eynilik həmin dövrün mədəniyyət sisteminin məzmununa ciddi təsir göstərir. Tarixlə keçmiş eyniləşmiş olur. Biliklər nəsillərdən nəsillərə hazır informasiyalar kimi dəyişmədən ötürülür. Bu mənada tarix daim keçmişə qayıdır və onda tamamlanır. Uyğun olaraq tarixi yaddaşın mövcud olma və yeniləşmə mexanizmi formalaşır. Burada xatırlama əhəmiyyətli rol oynayır və tarixi yaddaşla şifahi mədəniyyəti birləşdirən başlıca kanal funksiyasını yerinə yetirir. Çünki xatırlama prosesində keçmiş hər şeydən əvvəl dəyişməz formada sosial-mədəni dəyərləri ilə aktuallaşır. Bununla şifahi mədəniyyət tipində xatırlama ikili funksiyanı yerinə yetirmiş olur;

 

  • Birincisi, yaddaşı möhkəmləndirir, onu formalaşdırır;
  • İkincisi, dövrün mədəniyyət elementlərini təqdim edir.

    

Şifahi mədəniyyətin bütün elementlərində – nağıllarda, mərasimlərdə, dastanlarda, folklorun komponentlərində bunu görmək mümkündür. Onu da qeyd edək ki, şifahi mədəniyyət növündə xatırlama eyni zamanda şüuri hadisə və dil prosesidir. Keçmişi xatırlama özünə qapanma halında xəyali hadisə deyil, həmişə dillə ifadəsi olan idraki aktdır. Ünsiyyət vasitəsi ilə xatırlama predmeti ictimailəşir və bu keyfiyyətdə tarixi faktora çevrilir. Yaddaşla tarixin bu cür qovuşması və ya vəhdəti konkret mərhələdə tarixi yaddaşla mədəniyyət növünün qarşılıqlı əlaqəsi dinamikasını təşkil edir. Tarixi yaddaşla mədəniyyətin bu cür qarşılıqlı əlaqəsi sonrakı mərhələlərin hər birində özünə yer tutur. Yəni yaddaşın mədəniyyətlə sıx əlaqəsi cəmiyyətin təkamülünün bütün dövrlərində özünü göstərir. Lakin burada tarix-yaddaş eyniliyindən danışmaq mümkün deyil. Çünki cəmiyyətin təkamülünün elə həddi meydana gəlir ki, tarix özünü yaddaşdan “ayırır”. Bu mərhələ əsasən mədəniyyətin yazılı növündə baş verir.

 

Bütün bunlar tarixi yaddaşla mədəniyyətin tarixi növləri arasında qarşılıqlı sıx əlaqənin mövcudluğunu təsdiq edir. Türk xalqlarının həmin aspektdə tarixi təkamülü maraq doğurur və bu günün şərtləri çərçivəsində kifayət qədər aktual görünür. Məsələ ondan ibarətdir ki, türk xalqları taleyin hökmü ilə fərqli sosial-mədəni məkanda yaşamalı olublar. Şifahi mədəniyyət dönəmində onların həyat tərzi və mənəvi-əxlaqi keyfiyyətləri bir-birinə sıx bağlı idi. Artıq yazılı mədəniyyət türkləri bir-birindən ayırdı. Onların bir qismi Asiya mədəniyyətində, digərləri ərəb-müsəlman mədəniy- yətində, başqaları isə xristian mədəniyyəti çərçivəsində təşəkkül tapdı. Milli dövlətlərin yaranması və tədricən elektron mədəniyyətin meydana gəlməsi ilə türk xalqları arasındakı əlaqələr quruldu. Onlar fərqli geosiyasi və mədəni sistemdə mövcud olsalar da, məhz elektron mədəniyyəti dövründə bir sıra türk xalqları müstəqillik əldə etdikdən sonra yenidən vəhdət halına gəlmək şansı yarandı. Siyasi, iqtisadi, sosial və mədəni əlaqələr yarandı və inkişaf etdirildi. Bu prosesdə Azərbaycan və Türkiyə aktiv mövqe tutmaqda. Ancaq artıq elə mənəvi-əxlaqi, siyasi, mədəni, psixoloji məqamlar formalaşıb ki, xüsusi yanaşma olmadan türklərin birləşməsi problemlidir. Başqa sözlə, hər hansı təsadüfi üsulla inteqrasiyadan danışmaq səmərəsizdir. Elmi dillə desək, xüsusi “inteqrasiya dəhlizi” vardır ki, onun sərhədlərini müasir elmi metodlarla müəyyənləşdirmək lazımdır [5]. “İnteqrasiya dəhlizi” tarixi yaddaşın təkamül dinamikası sayəsində formalaşa bilər. Çünki müasir elmi izahlara görə, sistem yalnız yaddaşın əsasında əmələ gələn mayakların qoyduğu sərhəd daxilində özünütəşkil edə bilir. Lakin müasir dövr üçün prinsipial əhəmiyyət kəsb edən məqam tarixi yaddaşın saxlanması və kollektivdə aktuallaşdırılmasının elmi üsullarını tapmaqdan ibarətdir. Bunun üçün hər bir etnosun tarixi dərindən öyrənilməli, onun etno-psixoloji özəllikləri müəyyənləşməlidir.

 

Yazılı yaddaş: Yazılı mədəniyyətə çıxış tarixi yaddaşın faktiki rolunu sürətləndirdi. İnformasiya rəmzlər üzrə yayılmağa başladı və daha çox qalıcı oldu (əlifba). Bu proses insan xarakterinə təsir etdi.

 

Tarixin özünüdərki yaddaşın inkarı deməkdir. O mənada ki, artıq qədim dövrlərdə (şifahi mədəniyyət mərhələsində) mövcud olan "yaddaş=tarix" nisbəti aradan qalxır. Obrazlı deyilsə, “tarixin sürətlənməsi” proseslri yaddaşın dəyişməz çərçivələrindən kənara çıxararaq idraki aspektdə tamamilə yeni situasiya yaradır. Yaddaş tarixin yalnız müəyyən “məkanları”nda özünə yer tapır. Burada tarixi proseslərin fasiləsizliyini təmin etmək üçün yeni mexanizmlər meydana gətirilməlidir. İlk olaraq dərketmə prosesinin keçmişə münasibəti dəyişməlidir. Artıq tarixi yaddaş deyil, şüur yaradır. Keçmişə şüuri (daha dəqiqi məntiqi) münasibət yaddaşa aid olanlardan seçim etmək mexanizmini aktuallaşdırır. Subyektin məqsədlərinə uyğun gələn informasiyalara üstünlük verilir və o əsasda “tarixin bütöv mənzərəsi” yazıda yaradılır. M.Maklüyen hesab edir ki, hətta əlifba bu prosesə təsir edir. Yəni əlifbanın abstarktlaşdırma üsuluna uyğun olan insan tipi formalaşır. Hərflərin rəmzlər olaraq necə formalaşdırılması konkret təfəkkür tipi əmələ gətirir. Bunlar bütövlükdə təhsilin məzmununa təsir edir və insanın sosial-psixoloji özəlliklərini formalaşdırır. Nəticədə, keçmişə ideal yanaşma edən subyekt hansı məqamları lazım bilirsə, onu tarixi fakt kimi təqdim edir. Beləliklə, yazılı mədəniyyət tarixi “sürətləndirir” və yaddaşla tarix arasında yeni münasibətlərin əsasını qoyur. 

 

Elektron yaddaş: Müasir elektron mədəniyyətdə  tarixi yaddaşın sosial funksiyası fərqli, yeni rol oynayır. Burada təkamülün dinamikası ilə dil ifadəsi arasında yeni təmas xətləri meydana gəlir. İnformasiyanın İnternet vasitəsi ilə yayılması yazılı yaddaş anlayışını arxa plana atır. Beləliklə, bizim başlıca hipotezamız: türk xalqlarının ümumi dilinin formalaşması və ortaq mədəniyyətin inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyır.

 

Nəhayət, mədəniyyətin tarixi təkamülündə üçüncü mərhələdə elektron mə- dəniyyət”də daha mürəkkəb və maraqlı situasiya meydana gəlir. Belə ki, burada şifahi və yazılı mədəniyyətin sintez halında özünü göstərməsindən əlavə yeni çalarlar yaranır. Bizi maraqlandıran həmin yeni çalarların tarixi yaddaşın sosial-mədəni mühitə təsirinin yeni məqamları ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, elektron mədəniyyət informasiya üzərində tarixi nəzarət mexanizmlərinin hamısını yox edir. Cəmiyyətdə informasiyanın kommunikasiya kanalı kimi tamamilə fərqli keyfiyyətləri əmələ gəlir. İnsanın özünə, kollektivə, tarixə və yaddaşına olan münasibəti yeniləşir. Sanki subyekt əldə etdiyi informasiya sərbəstliyinin təsiri altında nəyin daha vacib olduğunu müəyyənləşdirə bilmir. Yaranmış mürəkkəb situasiyada özünü fərdi maraqları qarşısında təslim olur. Bu prosesə müxtəlif məqsədlərlə aparılan informasiya müharibəsi təkanverici təsir göstərir. Bununla insan-etnos, insan-ailə, insan-kollektiv reallıq, insan-tarix arasında fərqli münasibətlər sistemi formalaşır.

 

Kanadalı sosioloq M.Maklüyenin fikrinə görə, elektron mədəniyyət mərhələsinin əsas xüsusiyyəti “...bəşəriyyətin hazırda “qlobal kənd”də mövcud olması”ndan ibarətdir. Bunun əsas səbəbi isə XXI. əsrdə kommunikasiya vasitələrinin yeniləşməsidir. İnternetin və elektron KİV-in inkişafı birbaşa sosial-mədəni mühitin keyfiyyətcə dəyişməsinə səbəb olur.

 

Nəticə kimi qeyd edə bilərik ki, inrernet vasitəsi ilə müxtəlif mənbələrdən alınan və fərqli məqsədlərlə yayılan informasiyalar insanın şüurunu manipulyasiya etməyə geniş imkanlar yaradır. Bu vəziyyət tarixiliyə münasibətə yeni özəlliklər gətirir. Tarixi yaddaşın bu situasiyada klassik formada mövcudluğu, razılaşın ki, imkansızdır. O halda insanın öz etnosuna münasibəti, hansı informasiyaların yaddaşda saxlanması, informasyada ifadə olunan məzmuna müsbət və ya mənfi qiymət verilməsi mürəkkəb məsələyə çevrilir. Həmin kontekstdə tarixi yaddaş bütövlükdə cəmiyyət üçün yenidən aktuallıq kəsb edir.

 

Müasir elektron mədəniyyət dövrünün xaotik informasiya axınının sistemli və məntiqi dünyagörüşünün yaradılmasına xidmət etməsi məsələsi kifayət qədər mürəkkəb prosesdir. Müasir dövrdə şüuru manipulyasiya etmək geniş yayılıb. Yəni xüsusi “informasiya moda”ları vasitəsi ilə təsir edərək fərdi arzu etdikləri “informasiya burulğanına” salmağa çalışırlar. Bu sırada insanı öz tarixi yaddaşından uzaqlaşdırmaq cəhdləri xüsusi yer tutur. Belə çıxır ki, tarixi yaddaşı kollektiv reallıq səviyyəsində aktuallaşdırmaq üçün sistemli şəkildə fəaliyyət göstərilməlidir. Burada təhsil əhəmiyyətli yer tutur. Türk xalqlarının təhsil sistemi arasında sıx bağlılıq yaratmaq, bilikləri ortaq tarixi yaddaşı bərpa etmək stratejisi əsasında çatdırmaq həyati önəm kəsb edir. Bu istiqamətdə türk dövlətlərinin ortaq proqram reallaşdırması onların yararına olardı.

Əfqan Vəliyev

İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru Azərbaycada yeniləşmə və milliyyətçilik hərakatı (İstanbul-2005), Azərbaycan siyasi düşüncə tarixi, Mirzə Bala Məmmədzadə (İstanbul 2006) və Tarixdən günümüzə Azərbaycan (İstanbul 2009) adlı elmi əsərlərin müəllifi.